Qulu Ağsəs: “İndi tarixin Ədəbiyyat
dönəmi deyil”
“MƏNİM ÜÇÜN
NEÇƏNCİ İLDƏ DOĞULMAĞIM YOX, KİMNƏN
BİR SIRADA OLMAĞIM ÖNƏMLİDİR”
– Həyatın ən müxtəlif lövhələrini qənirsiz ədəbi mənzərələrə-peyzajlara çevirən Qulu Ağsəs bugünkü ədəbi durumu necə təsvir edər?
– Mən həmişə o fikirdə olmuşam ki, ilk sual ədəbiyyatın həyatla eyniliyindən, əksliyindən, vəhdətindəndirsə, cavab budur: ədəbiyyat həyatdan ya bir addım irəlidə olmalıdı, ya bir addım geri. Ona görə ki, ədəbiyyatın işi alternativ yaratmaq cəhdidi, yəni Allahın yaratdıqlarına alternativ yaratmaqdı, Ondan ya irəlidə, ya da geridə görmək istəyirəm.
– Özün irəlidə,
ya geridə duranlardansan?
– Mənim üçün
neçənci ildə doğulmağım yox, kimnən bir
sırada olmağım önəmlidi. İndi mən bir misal
deyim: iki yaşında qarğa götürək, iki
yaşında bülbül götürək – indi onlar
yaşıddı deyə, eyni mahnını
oxumalıdırlar? İki yaşında qarğa min il bundan
qabaq ölüb getmiş qarğanın səsiylə oxuyur.
İki yaşında bülbül nə vaxtsa doğulacaq
bülbülün səsiylə oxuyur. Ədəbiyyatda təsnifatı
belə aparmaq lazımdır: kim nə yazır, necə
yazır, səsi hara çatır. Eləsi var, Füzuli
dövrünün şairidi, keçmiş stildə
yazır. Məsələn, İlqar Fəhmi qəzəliyyatda
Füzuli üslubunda yazır. Tapmaq istədiyi
rıçaqlar məhz klassik üslubdadı – dili fars-ərəb
tərkiblərindən azad olmaqla. Buna mahiyyət etibarilə
demək olmaz ki, Füzulini ifadə edir. Formaca hə. Elə
bir axın da var ki, beşinin şeirini oxuyasan, imzasına
baxmasan, deyə bilməzsən kimdi. İndi hamısı
şeirin ən yeni metodologiyasından istifadə edir, “sms,
“vızov” “e-mail”ı şeir ifadələrinə, kimin harada
nə qədər araq içməyini, kimnən
görüşməyini süjetə çevirməklə
hesab edirlər ki, həyatı şeirə gətirirlər. Həyatla
ədəbiyyat guya eyniləşir. Mən elə
düşünmürəm. Bir halda ki, biz həyatı bəyənmirik,
pis, ortabab və yaxud da yaxşı sayırıqsa, ya onu
tündləşdirməliyik, ya artıq, ya da əskik deməliyik.
Məncə, poeziya iki cürdür. Bir var rəssam şairlər,
bir də var fotoqraf şairlər. Rəssamın
üstünlüyü koru görən kimi göstərə
bilməyindədir.
– İndiki durum?
– Minus beş. Əgər minusu
qabağından götürə bilsək, olar əla.
Götürmək də olar ona görə ki, ədəbi
nümunələr var. Ədəbiyyat su kimi bir şeydi.
Dünyanın yetmiş faizi sudu, onun da üç faizi
içməli. O üç faizdən ikisi Şimal buzlu
okeanında. Qalan bir faiz də aşağıda, yerin
altında. Onu da tapmaq lazımdı. Faradey
işığı tapana qədər işıq var idi də.
Necə olmağından asılı olmayaraq, söz həmişə
olur. Bir var mən on birinci əsrdə yaşayaydım, bir də
var iyirmi birinci əsrdə yaşayıram. Gör nə boyda
fərq var. O vaxt sözə təşnəydilər. Sözə
əl dəyməmişdilər. Sözlərin hamısı
bakirəydi. İndi hansı birinə üz tutursan,
görürsən ki, bunu Nizami tapdayıb, Füzuli minib suya
göndərib, Vaqif oynadıb-oynadıb atıb qırağa,
Aşıq Valeh Dərbəndə qədər
sürüyüb. Bizə indi təkrar emal olunmuş sözlərdən
fikir demək qalıb. Söz ağacı da yoxdu. Onu da kəsiblər,
gərək kökünə gedəsən. Əlimizə bir
dənə söz bayrağı veriblər,
çatdırın estafetə. Kim haracan apara bildidi. Nizami səkkiz
yüz ildi qaçır, Füzuli beş yüz ildi, Molla Pənah
Vaqif üç yüz ilə çatacaq. Əli Kərim yetmiş
ildi.
– Sən neçə il
qaça bilərsən, hesab edirsənmi, sözü estafetə
qaçırdanlardansan?
– Mən
qaçmağına qaçacam, ola bilsin, geri qaçım.
O sözü mənə verənə qaytarmağım da
mümkündü. Qaçmaq elədi ki, əsas hərəkətdi.
Ən böyük səhv iş görməyib
özünü səhvdən sığortalamaqdı. Elementar
bir misal: bir maşın adam qəzaya düşüb, ölən-yaralanan.
Hamını danışdırırlar, təsviri verən
yoxdu. Görürsən, qıraqda əli yüngülcə
cızılan qəzanı elə gözəl təsvir eləyir,
ürəyin qalır əlinin cızığında, amma o
birisinin qıçı yoxdu ey... Danışa, yaza bilmək,
çatdırmaq sənətidi ədəbiyyat.
– Ədəbi axını nəzərə
alıb, müsabiqə keçirib, onlardan “xalq ulduzu, yeni
ulduz” düzəltmək olmazmı?
– Mən ədəbiyyatda elə
proqramların qəti əleyhdarıyam. Televiziya ədəbiyyata
yer ayırmalıdır – “ağa-bəy yeri” amma.
– O “ağa-bəy yeri”
ayrılsa, ədəbiyyat həyatımızda nəyi dəyişəcək?
– Heç nəyi. Amma gəl
bunu da nəzərə alaq da. Həyatda xəzri var, gilavar
var, tornado var. Bir on-on beş il bundan qabaq Mexikoda hava
dayandı. Maşınların hərəkətinə
qadağa qoydular. Camaat bilirsən o havasızlıqda nə
arzulayırdı? Tornado... Qoy dağıtsın, amma olsun. Ədəbiyyat
o tornado kimi şeydi. Elə bir vəziyyət yarana bilər, mən,
biz onu tornado kimi arzulayarıq.
– Kimdi bizdə o “tornado”, “xəzri”,
“gilavar”ın təmsilçisi?
– Kifayət qədərdi.
Salam Sarvan, Etimad Başkeçid, Əlisəmid Kürü
çox sevirəm – həyatı kimi də gözlənilməz
şairdi. Seyid Ramin kitabını mənə verdi – elə qəşəng,
balaca ifadələri var.
– Qısası, “tornado” yoxdu,
hamısı “xəzri”, “gilavar”...
– Niyə ki?
Yaradıcılıq reseptnən deyil ki? Mən inanıram ki,
onlar haranı istəsələr, dağıda bilərlər.
Sadəcə, Bakıda “xəzri”-”gilavar”dırlar. Bunlar
yaxşı tərcümə olunsa, dünyaya çıxsa,
bir də nə vaxtsa burada havasızlıq olsa, onlar
dağıda bilərlər. Biz bu gün ədəbiyyat
yanğılısı deyilik. Bizə bu lazım deyil. Bizi ədəbiyyatdan
doyuzdurublar. Bunlar da üz tutublar publisistikaya. İndi
publisistika meydanıdır. Əvvəllər belə deyildi. O
dövrün publisistlərindən neçəsini saya bilərsən?
– Çox. İndikilərdən
on dəfə artıq.
– Az, yoxsa artıq?
– Artıq! Rəfael
Nağıyev, Şakir Yaqubov, İlham Rəhimli, Sabir Rüstəmxanlı,
Vaqif Bəhmənli, Seyran Səxavət... Elə təkcə
“İspaniya rəqs edir” hələ bundan otuz il sonra da yaddan
çıxmaz.
– Onda yazıçılar
publisistika ilə məşğul olurdular.
– Amma indi iki şeir, bir hekayə
müəllifləri “millətə mayaklıq” eşqindədirlər...
Niyə etiraz etmirsən, rəsmi dövlət
jurnalının baş redaktor müavini?
– Çörək yoxdu da...
– Publisistika nə vaxtdan
çörək zavodu olub?
– Yazır, qonorar alır, əzizim.
Şeirdə pul var?
– Jurnalında yaxşı
qonorar ver...
– 600 manat qonorarı 20 müəllifə
böl...
– “Ulduz”dan hərəsi 30
manat alacaq, 30 manat da “Azərbaycan”dan alsın, 20 manat “525-ci qəzet”dən,
50 manat Seymur Baycanın alternativ yazıçılar
ocağından...
– İndi onlar AYB-də
çap olunmurlar, çap olunanlar alır. Hər gün
şeir yazmırlar axı. İldə iki dəfə şeir
yazmaqnan bala saxlamaq olmaz ki...
– Getsinlər işləsinlər.
Ədəbiyyat nə vaxtdan iş yeri olub axı?
İxtisasları yoxdu, dilənsinlər. Demirsən, Yaponiyada
şairlər-yazıçılar düşür dilənir?
Bəs onlar necə yaşayır? Şeir-hekayə yazırlar
deyə, millət bunlara borclu çıxır?
– Bəs necə
dolansınlar?
– Ayrı işlə məşğul
olsunlar. Elə sən də...
– (bir xeyli güləndən
sonra) Elə bilirsən, sən qədər də ağlım
yoxdu? İmkanım olsa, cavanlara sponsorluq eləyərəm.
Alınmır.
– Yaponların
yazdığından istifadə eləyirsiniz, elədiklərini
niyə eləmirsiniz?
– Onlara dədələri hər
şeyi verib. Onlar kefindən dilənir...
– Dünya ədəbiyyatında
nə yazıb Nobel alıblar? Fərqli fikir meyarı nədir?
– Nobel mükafatı
heç də ədəbi-bədii məziyyətlərə
görə verilmir. Ölkəyə və alternativ
düşüncəyə görə verilir. Orxan Pamuk yüz
illərlə davası aparılan “ermənilər, kürdlər
türkləri qırıb” davasının astarını
yazdı: “Türklər erməni də qırıb, kürd də”.
Əgər on iki kəndin əhatəsində olan sırf türk
kəndim haqqında yazsam ki, dədə-baba erməni kəndidi,
mənə də verərlər. Amma yazmaram axı... Nobel
mükafatı bu gün avrogöstəridi, “yevrovijn” kimi.
Allahın verdiyi mükafatla – istedadın təşkilatın
təltif etdiyi ödülün – ordenin fərqi çoxdu. Dəyər
baxımından da, daşımaq, sahib olmaq prizmasından
yanaşanda da. Məndən olsa, “xalq şairi” adını da
yığışdırsalar, yaxşı olar.
Aşıqlara düşür bu ad – “Xalq
aşığı”. Aşıq Ədalətə
düşür – bütün ölkə öz
ocağında görmək istəyir. Aşığın Dərbənddən
ta Kərkükəcən sorağı gedir. Şairi kim
tanıyır bütün Azərbaycan boyu? Kitabım
çıxıb. “Ən çox satılanlar”
sırasında birinci yerdədi “Bayatı” kitab
mağazasında. Bilirsən tirajı nə qədərdir –
250 nüsxə. Alanların da çoxu dostlarımdı... Sən
götürən kimi üz qabığındakı peyzaja
fikir verdin, onlar heç qatını açmayıb.
– Qulu, bu ədəbi mənzərə
səni üşütmür?
– Hərdən
üşüdür də, hərdən titrədir də...
Arada qızdırır da. Ədəbiyyatda amacım bilirsən
nədi? Ölümsüzlük. İnsanlar daha çox
yaşasın. Yaxşılar yorulsun yaxşı olmaqdan, arada
pislik eləsin, əclaflar o qədər yaşasın ki,
axırda yaxşı olsun. Bir sözlə,
ölümsüzlük iksirini tapmaq. Ən
biabırçı ölüm onu sayıram ki, ayrı planetdə
yaşayanları görməyim. Gedib onları görmək
istərdim. Yaşayışlarını, düşüncələrini
bilmək istərdim. “OVİR”-in qabağında məni
ayrı planetə viza almaqda görəsən. Görməsəm
onları, ölsəm, özüm üçün
biabırçı ölüm sayaram. Doğrudan da, mən
paralel xətlərin məmnuniyyətlə kəsişib
öpüşdüyünü görürəm. Müdriklər
öləndə heç biri ağlamır – sanki bu otaqdan o
biri otağa keçirlər. İnsan ölə bilməz –
enerji itmirsə, ruh nə təhər itir ki?
– Səni nə sakitləşdirir?
– Evdə uşağın
üzünə baxmaq. Fikirləşirəm ki, gör mənim
sifətim nə qədər dəyişib. Uşağın
sifətində mənim dilədiyim, hikkəsində
olduğum nə qədər şey yoxdu. Uşaqla təbiətin
sifəti həmahəngdir. Heç bir daş demir ki, bilirsən,
mən kimin başına düşən daşam? Uşaqda
daş, ağac xisləti var – biz də doğulanda o xislətdə
olmuşuq. Uşağın ən maraqlı işi nədi –
özüylə oynamaq. Şair onda uşaq olur ki,
özüylə oynayır.Başqalarına
qarışmır – başqası fəlakətdi. Başqa yer
cəhənnəmdi. İnsanın getdiyi yer öz yeri
olmalıdı, danışdığı adam özü
olmalıdı. Poeziya monoloqdu. Dialoqda ikisi danışır,
birin o, birin bu deyir, aləm dəyir bir-birinə, narahatlıq
yaranır. Şairlər özgələşə bilmir,
nasirlər cilddən-cildə düşür.
– Nə təhər olur,
özgələşə bilməyən Qulu Ağsəs həm
də cilddən-cildə düşür?
– Bu “Nabran novellası” elə
mənəm.
– İndi demədin şair
özgələşmir?
– Qadan alım, deyirəm də
– “Nabran novellası” da mənəm, kamança da, tar da mənəm.
Mən bu yazıları yazanda giriş yazmaq istədim: əziz
oxucu, oxuduqlarını yazanda janr axtarmaq istəmədim. Sən
də, sən Allah, janr axtarma. Bu, bir quyudu. Atalar da deyib ki,
quyunu qazma, qazırsan, dərin qaz. İstəsən,
Aydın, sən də düşə bilərsən.
– Niyə
düşünmürsən ki, mən səni quyudan
çıxara bilərəm...
– Həzrəti-Əli
başını quyuya dirəyib deyirmiş ki, ya Allah, yeganə
padşaham ki, sənə rəiyyətdən şikayət
edirəm.
– Xoşuna gələn
mövzu?
– Nəyi ki, yaza bilirəm,
xoşum gəlir. Vətənpərvərlikdən, müharibə
mövzusundan xoşum gəlmir. Demirəm yaza bilmərəm,
yaza bilmirəm. Mövzu orijinal olmalıdı. Xudu Məmmədov
deyirdi ki, səhər durub ayağına corab geyinirsən e,
ondan üç yüz əlli səhifə roman yazmaq olar. Mənim
nəzərimcə, yataqdan qalxıb corabı əlinə
almağacan olan o “gömrük aralığı” mərhələsində
ondan bir iki dəfə çox yazmaq olar: görəsən, səni
bu həyata boşlayacaqlar bu gün, ya yox. Bir yarpağın
düşümündən də eləcə. Yarpağın
tərkibindən minlərlə kitab yazılıb, akademik
olublar, yarpaq düşür e, lələ, akademik də
batdı...
– Sənin
başdaşındakı epitafiyan?...
– Gedib tövbə eləməyə
Mənə yer ver, İlahi.
Elə yer ki, baxım görüm,
Sənsən hər yer, İlahi.
Günahımı nəylə desən,
Razıyam, yuyum orda.
Əgər gücün çatsa, məni
Özündən doyur orda.
– Son vaxtlar aldığın
kitablar...
– Mənə kitabların
çoxunu müəlliflər özləri verir...
Özüm isə Əjdər Olun, İlqar Fəhminin, Seyid
Raminin mənə verdiyi kitabını, Namiq Hacıheydərlini,
Məmməd İlqarın dastanını... oxumuşam,
oxuyuram.
– Kimin üçün
yazırsan – xalq, tarix, dövlət, oxucu, yoxsa...
– Adam özünü
dağdan tullayır e, yarıyolda vertolyotla
yaxınlaşıb soruşursan ki, niyə özünü
atdın...
– Vertolyotla
yaxınlaşıb deyirlər: Qulu Ağsəs, kimin
üçün yazırdın?
– Yazıram da... Hərədə
bir çatışmazlıq var, xislət var. Xalq, dövlət,
tarix üçün yazmıram, hər halda...
– Kitab mağazaları şəbəkəsi,
ədəbi lektorlar institutu bərpa olunsa, millət
oxuyacaqmı?
– Yox! Bax, tarixin tunc
dövrü var, daş dövrü var, sovet dövrü var...
indi də İnternet dövrüdü də. Ədəbiyyat
dönəmi deyil.
(“Lent.az”)
525-ci qəzet.- 2010.- 27
fevral.- S. 25