Soyqırım qurbanları Xalça Muzeyində də anılıb
Ötən gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş “Tariximizin unudulmaz səhifəsi” adlı tədbir təşkil edilib. İlk öncə Xocalı şəhidlərinin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Yaqub Hüseynov yeni nəsli tariximizə qanlı hərflərlə yazılan bu faciə haqqında ətraflı məlumatlandırmağın zəruriliyindən danışıb: “Azərbaycan dövlətinin əbədi mövcudluğu və davamlı inkişafı Xocalı şəhidlərinin ruhuna ən böyük təsəlli ola bilər. Bu soyqırımı barədə həqiqətlərin dünyada təbliği yönündə həyata keçirilən tədbirlər bizə ümid verir ki, qətliamı törədənlər, cinayətkar ermənilər mütləq öz cəzalarına çatacaqlar”.
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədr müavini Şamil Sabiroğlu bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət olduğunu bildirdi, gənc nəsli bu faciəni unutmamağa, qələbə çalmaq üçün hər kəsi mətin olmağa səsləyib: “Unutmayın bu faciələri! Unutqanlığımıza görə tarixən başımıza çox müsibətlər gətirilib”.
Tədbirdə Təhsil Nazirliyi Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin
245 saylı orta məktəbdə fəaliyyət
göstərən dərnəyinin
üzvləri ədəbi-bədii
kompozisiya ilə çıxış ediblər.
“Yeni istedadlar” təşkilatının nümayəndələri,
7 saylı orta məktəbin şagirdləri
şeirlər səsləndiriblər.
AYTƏN
525-ci qəzet.- 2010.- 27 fevral.- S. 19.