Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
Hörmətli oxucular, bu məqalədə
Təhsil Nazirliyi və Avropa İttifaqı arasında əməkdaşlıq
əlaqələri, təhsil sahəsində həyata
keçirilən birgə layihə və proqramlar çərçivəsində
görülən işlər barədə fikirlərimi diqqətinizə
çatdırmağa çalışacağam.
Azərbaycanın Avropa İttifaqı ilə təhsil sahəsində əməkdaşlığı bu təşkilatın TACİS proqramı çərçivəsində həyata keçirdiyi TEMPUS və Erazmus Mundus proqramları ilə bağlıdır.
TEMPUS proqramı Avropa İttifaqının ali təhsil sahəsində yeni müstəqil dövlətlər (keçmiş sovet respublikaları), Qərbi Balkan, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və Aralıq dənizi hövzəsi dövlətləri ilə həyata keçirdiyi əməkdaşlıq proqramıdır. Proqramın əhatə etdiyi ölkələrdə ali təhsil sisteminin inkişafının ölkənin sosial və iqtisadi tərəqqisi üçün əhəmiyyətli amil olması nəzərə alınır.
TEMPUS Proqramı 1990-cı ildə Almaniyada Berlin divarı aradan götürüldükdən sonra yaranmışdır. Onun məqsədi keçmiş sosialist düşərgəsinə daxil olmuş Mərkəzi və Şərqi Avropa ölkələrində universitetlərin modernizasiyası və ali təhsil sahəsində islahatlara yardım göstərməkdir. Proqram universitetlərlə əməkdaşlıq vasitəsilə tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda ali təhsilin inkişafına dəstək göstərməklə Avropaya inteqrasiyaya zəmin yaradır.
Fəaliyyət göstərdiyi müddətdə kifayət qədər uğur və rəğbət qazanan TEMPUS proqramı tədricən Mərkəzi və Şərqi Avropaya yayılmış, 90-cı illərin ortalarında keçmiş SSRİ-də baş verən siyasi dəyişikliklərlə bağlı yeni müstəqil dövlətlər və Monqolustanı da əhatə etmişdir. 2000-ci ildə Xorvatiya, 2001-ci ildə Yuqoslaviya Federativ Respublikası TEMPUS-a qoşulmuş, beləliklə proqram bütün Şərqi Balkanı əhatə etmişdir. 2002-ci ildə TEMPUS Aralıq dənizi hövzəsi ölkələrinə də şamil olunmuşdur. Bu genişlənmə xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın daha da yaxşılaşdırılması və gənc nəsillər arasında mübadilə və əlaqələrin genişləndirilməsinə səbəb olmuşdur.
TEMPUS proqramı Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğu tərəfindən idarə olunur. Texniki yardım Avropa Komissiyasına İtaliyanın Turin şəhərində yerləşən Avropa Təhsil Fondunun TEMPUS Departamenti tərəfindən göstərilir.
Tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsi, yaxud fərdlər tərəfindən təqdim olunan layihələrin icrası Avropa İttifaqı ölkələrinin hər hansı bir universiteti ilə yaradılan “konsorsium” çərçivəsində həyata keçirilir. Başqa sözlə, layihə Avropadakı tərəfdaş universitetlə birgə həyata keçirilir. Eyni bir layihənin icrasında bir deyil, bir neçə üzv ölkənin universitetləri iştirak edə bilərlər. Eləcə də layihə tərəfdaş ölkənin bir neçə universiteti tərəfindən təqdim oluna bilər.
TEMPUS üçün bütün tərəfdaş ölkələrin ali məktəbləri tərəfindən təqdim olunan layihələr, Avropa Komissiyasında müxtəlif ölkələrin ekspertlərindən təşkil olunmuş seçim komandası tərəfindən baxılır və qiymətləndirilir. Məhz hər hansı bir layihənin məqbul hesab olunması, qəbul edilməsi və layihənin icrası üçün müvafiq məbləğdə maliyyə vəsaitinin ayrılması bu qurumun qərarından asılıdır. Ayrı-ayrı vaxtlarda Azərbaycan ali məktəblərinin müxtəlif əməkdaşları da bu qrupun tərkibinə ekspert kimi çalışmışlar. Azərbaycanı bu qurumda təmsil edən Bakı Dövlət Universitetinin Xarici dillər kafedrasının müdiri dosent Möminət Ömərova olmuş, sonrakı illərdə Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, həmin ali məktəbin dosenti Fiala Abdullayeva və Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Bəylər Hacıyev bu qurumda Azərbaycanı təmsil etmişlər.
TEMPUS proqramı ali təhsil sektorunun inkişafına aşağıdakı mexanizmlər vasitəsilə yardım edir:
–yeni kursların/fənlərin tədris olunmasına, yaxud mövcud olanların təkmilləşdirilməsinə kömək edir. Məsələn, TEMPUS hüquq, yaxud tibb ixtisasları tədris olunan universitetlərdə yeni tədris planının hazırlanması və yeni kursların tədrisinə başlanmasına kömək göstərir. Bu yolla müasir tədris metodologiyalarının tətbiqinə şərait yaradılır.
–ali təhsil müəssisələrində tədrisin yenidən qurulmasına kömək etməklə, universitetlərə mühəndislik fakültəsini yenidən qurmaq, yaxud universitetin idarə olunması və akademik planlaşdırma üçün müasir texniki vasitələr təqdim edir. Ali məktəblərdə kredit sisteminin tətbiqində, yaxud universitet – istehsalat əməkdaşlığı strategiyasının hazırlanmasına yardım göstərir.
–ayrı-ayrı ali təhsil müəssisələrini xüsusi ixtisaslar üzrə kadr hazırlığında birgə işləməyə həvəsləndirir. Məsələn, qaz və neft mühəndisliyi texnologiyası şəbəkəsinin yaradılmasında kömək edir.
–ali təhsil müəssisələrinə sosial, iqtisadi və qeyri-akademik fəaliyyət sahələrində yardım göstərməklə, təlimlər təşkil edir.
–TEMPUS layihələrinin məqsədlərinə çatmaq üçün zəruri olan maddi köməyi təmin edir. Məsələn, akademik jurnallara abunə yazılışına, kompüter və tədris materiallarının alınması da daxil olmaqla, kitabxanaların yenidən qurulmasına kömək edir.
Göründüyü kimi, TEMPUS layihələri ali təhsildə, demək olar ki, bütün sahələri əhatə edir və bu proqramdan bəhrələnmək üçün həlledici rol ali məktəblərin, yaxud onların struktur bölmələrinin, bir çox hallarda isə ayrı-ayrı professor və müəllimlərin təşəbbüskarlığından çox asılıdır.
TEMPUS proqramı üç istiqamətdə təqdim edilən layihələri maliyyələşdirir:
1.Birgə Avropa layihələri – 2-3 il müddətində müəyyən konkret məqsədə çatmaq üçün universitetlər tərəfindən təqdim olunmuş layihələrdir. Bu layihələrin maksimum məbləği 300 mindən 500 min avroya qədərdir (müddətindən asılı olaraq).
2.Struktur və əlavə tədbirlər – milli islahatları və xüsusi ehtiyaclara yönəlmiş fəaliyyəti dəstəkləmək üçün həyata keçirilən qısamüddətli layihələrdir. Bu layihələrin müddəti bir neçə həftədən bir ilədəkdir, maksimum büdcə 150 min avroya qədərdir.
3.Fərdi səfər qrantları – fərdlərin, yəni professorların, mühazirəçilərin, təhsili idarəetmə orqanları əməkdaşlarının səfərlərini maliyyələşdirir. Bu qrantlar bir həftədən səkkiz həftəyə qədər müddəti əhatə edir.
Azərbaycan TEMPUS
proqramına 1995-ci ildə qoşulmuşdur. 1998-ci ildən
Bakıda proqramın nümayəndəliyi fəaliyyətə
başlamışdır. TEMPUS proqramının Azərbaycanda
fəaliyyətini şərti olaraq 4 mərhələyə
ayırmaq olar:
1. 1990-1994-cü illər –
TEMPUS I.
2. 1994-2000-ci illər – TEMPUS
II.
3. 2000-2006-cı illər –
TEMPUS III.
4. 2007-2013-cü illər –
TEMPUS IV.
Təhsil Nazirliyi TEMPUS-un Azərbaycandakı
milli ofisi ilə yaxından əməkdaşlıq edir. Hər
il payızda yeni TEMPUS layihələrinin təqdim olunması ərəfəsində
Təhsil Nazirliyi proqramın Milli ofisində Avropa
Komissiyasının Təhsil və Mədəniyyət
Departamentinin ekspertlərinin iştirakı ilə “TEMPUS
günü” adlı xüsusi təqdimat keçirir. Həm
Bakıda, həm də regionlarda yerləşən ali məktəblərin
beynəlxalq əlaqələr üzrə qurumlarının rəhbərlərinin,
eləcə də bu sahə ilə maraqlanan professor və
müəllimlərin iştirak etdikləri bu tədbirlər
maarifləndirmə məqsədi daşıyır. Bu təqdimatlarda
hər növbəti ildə Azərbaycan üçün
müəyyən olunmuş prioritetlər, layihələrin
hazırlanma qaydaları, seçim prosedurları və sair məsələlər
müzakirə olunur.
TEMPUS proqramının hər
bir tərəfdaş ölkə üçün müəyyən
etdiyi prioritet istiqamətləri bir-birindən fərqlənir.
Azərbaycan üçün müəyyən olunan prioritetlər
proqramın hər dəfə yeni mərhələsi
başlandıqda ali məktəblərin təklifləri əsasında
Təhsil Nazirliyi tərəfindən Avropa Komissiyasının
TEMPUS Departamentinə təqdim olunur.
Avropa İttifaqı
1995-2008-ci illər ərzində Azərbaycanda 18 TEMPUS layihəsi
və 20-yə yaxın fərdi səfərlər maliyyələşdirilmişdir.
Azərbaycanın ali təhsil müəssisələri hər
il TEMPUS proqramı çərçivəsində 7-13 layihə
təqdim edir. TEMPUS III-ün sonunadək həyata keçirilən
layihələrə sərf olunan vəsaitin ümumi məbləği
6 milyon avrodan artıq olmuşdur.
1995-ci ildən Azərbaycanda
icra olunan TEMPUS layihələrində Avropa İttifaqına
üzv ölkələrin universitetləri iştirak etmişlər.
Belə ki, Almaniya 5, İtaliya, Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı və
Niderlandın hər biri 6, Fransa və Yunanıstanın hər
biri 11, Belçika 2, İspaniya, Portuqaliya və
Polşanın hər biri 1 layihənin icrasında iştirak
etmişdir.
Azərbaycanda TEMPUS layihələrinə
ümumilikdə 15 ali təhsil müəssisəsi və Təhsil
Nazirliyi cəlb olunmuşdur. Ötən müddət ərzində
Beynəlxalq əlaqələrin inkişafı (Bakı
Dövlət Universiteti), Etimologiyanın tədris
proqramlarının modernləşdirilməsi (Bakı Dövlət
Universiteti), Universitet səviyyəsində turizmi idarəetmə
üzrə mərkəzin yaradılması (Qərb
Universiteti), Bazar iqtisadiyyatı şəraitində şəhər
memarlığı (Azərbaycan Memarlıq və
İnşaat Universiteti), Turizm və mehmanxana biznesini idarəetmə
mərkəzinin yaradılması (Qərb Universiteti), Avropa – Xəzər
dənizi beynəlxalq əlaqələr üzrə tədrisin
inkişafı (Bakı Dövlət Universiteti), Akademik
proqramların keyfiyyətini yüksəltmək üzrə mərkəzin
yaradılması (Xəzər Universiteti), Ətraf mühit və
neft sənayesi (Azərbaycan Dövlət Neft Akademiyası),
İdarəetmənin modernləşdirilməsi (Azərbaycan
Dövlət İdarəçilik Akademiyası), Beynəlxalq
əlaqələr şöbəsinin yaradılması
(Naxçıvan Dövlət Universiteti), Ətraf mühit sahəsində
mütəxəssislərin hazırlanması (Təfəkkür
Universiteti), Elektrotexnika fakültəsində tədrisin modernləşdirilməsi
(Azərbaycan Texniki Universiteti), Bank sahəsində beynəlxalq
əlaqələr (Azərbaycan Dövlət İqtisad
Universiteti), İdarəetmənin modernləşdirilməsi
(Bakı Dövlət Universiteti), Tələbə xidmətlərinin
yaradılması (Xəzər Universiteti), Binanın
iqtisadiyyatı: inşaat və saxlanma (Azərbaycan Memarlıq
və İnşaat Univıersiteti), Azərbaycan universitetlərində
mühəndislik Ixtisasları üzrə təhsilin təkmilləşdirilməsi
(Mingəçevir Politexnik İnstitutu, Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan
Texniki Universiteti), Cənubi Qafqazda biotibbi və baytarlıq təhsili
üzrə milli mərkəzlərin qurulması (Bakı
Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti), Cənubi
Qafqaz regionunda ətraf mühitlə əlaqədar təlimin
təşkili (Azərbaycan Dövlət Aqrar Universiteti), Azərbaycanda
energetikanın idarə edilməsi üzrə magistr kursu (Azərbaycan
Texniki Universiteti), Ekologiyanın idarə edilməsi (Azərbaycan
Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti),
Azərbaycan universitetlərində keyfiyyətin təmin
olunması sisteminin hazırlanması (Bakı Dövlət
Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər
Universiteti), Azərbaycanda dövlət akkreditasiyası və
lisenziya qaydaları (Təhsil Nazirliyi, Azərbaycan Dillər
Universiteti) və digər sahələrdə layihələr
reallaşdırılmışdır.
2004-cü ildə Avropa
Komissiyasının Təhsil və Mədəniyyət üzrə
Baş Direktorluğu TEMPUS III mərhələsinin prioritetlərini
müəyyənləşdirmək üçün hər
bir tərəfdaş ölkənin nümayəndələrini
Brüsselə dəvət etmişdir. 25 mart 2004-cü il
tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nümayəndəsinin iştirakı ilə Azərbaycanla
bağlı danışıqlar aparılmışdır. Proqramın
2004-2006-cı illərdə (TEMPUS III) Azərbaycan
üçün prioritet istiqamətlər
aşağıdakılar olmuşdur:
1.Fənlərin tədris
planının qurulması.
– mühəndislik, neft və
qaz sənayesi;
– ətraf mühit elmləri;
– iqtisadiyyat;
– informasiya texnologiyaları,
telekommunikasiyalar;
– Avropaşünaslıq;
– hüquq (beynəlxalq
hüquq, mülki hüquq, ticarət hüququ).
2.Ali təhsil müəssisələrinin
idarə edilməsi.
– Keyfiyyətə zəmanət
və özünüqiymətləndirmə sistemləri;
– Xarici əlaqələr
şöbəsinin yaradılması;
3.İnstitusional inkişaf mərhələsində
təlim kursları.
– Dövlət
qulluqçuları üçün dövlət idarəçiliyi.
4.Struktur və əlavə tədbirlər.
– keyfiyyətə zəmanət
və qiymətləndirmə sistemlərinin yaradılması.
Təhlil göstərir ki,
hazırda Azərbaycanın ali təhsil sistemində həyata
keçirilən layihələr kifayət qədər aktual
sahələri əhatə edir. Hər bir layihənin konkret məqsədi,
icra mexanizmi və icraçıları mövcuddur. Bu layihələrin
hər biri haqqında geniş və ətraflı məlumat
verməyə ehtiyac olmasa da, həyata keçirilən layihələrin
aktuallığını diqqətə çatdırmaq
üçün yalnız bir layihə üzərində
dayanmaq istərdim:
Layihənin adı: Azərbaycan
Respublikası Təhsil Nazirliyində və ali təhsil müəssisələrində
akkreditasiya, lisenziya verilməsi və kredit sisteminin tətbiqi
sahəsində çalışan mütəxəssislər
üçün treninqlərin keçirilməsi.
Layihədə iştirak edən
qurumlar:
1. Təhsil qanunvericiliyi və
siyasəti üzrə Mərkəz (Niderland).
2. Azərbaycan Respublikası
Təhsil Nazirliyi.
3. Azərbaycan Dillər
Universiteti.
4. Tilburq Universiteti (Niderland).
5. Belçika Universitetlər
Şurası (Belçika).
Layihənin məqsədi:
1.Avropanın qabaqcıl
ekspertləri tərəfindən keçiriləcək
xüsusi treninq vasitəsilə Azərbaycan mütəxəssislərinə
(15 nəfər) akkreditasiya, lisenziya verilməsi və kredit
sisteminin tətbiqi sahəsində Avropa standartları və
Avropa ölkələri təcrübəsi haqqında ətraflı
məlumatın verilməsi və bu prosesin Azərbaycanda həyata
keçirilməsi ilə bağlı tövsiyələrin
hazırlanması.
2.Azərbaycanda akkreditasiya və
lisenziya verilməsi prosedurunun Avropa standartlarına və tələblərinə
uyğunlaşdırılması.
3.2007-ci ilin aprel ayında
Bakıda beynəlxalq konfransın keçirilməsi.
4.Təhsilin keyfiyyətinin təmin
edilməsi, ali təhsil sahəsində kvalifikasiyaların
qarşılıqlı tanınması, akkreditasiya barədə
ümumavropa standartları üzrə sənədlərin Azərbaycan
dilinə tərcüməsi.
Layihənin müddəti: 8
ay.
Layihənin ümumi maliyyə
dəyəri: 120.370 avro.
Layihə çərçivəsində
görülən tədbirlər:
1. 15 nəfər mütəxəssis
üçün Belçikada treninq kursu keçirilmişdir
(sentyabr, 2006-cı il).
2.Treninq materialları və
Avropa Şurasının müvafiq sənədləri Azərbaycan
dilinə tərcümə edilmişdir (sentyabr, 2006 – aprel,
2007-ci il).
3.Bakıda Beynəlxalq
konfrans keçirilmişdir (35 azərbaycanlı və 15 xarici
ekspertin iştirakı ilə).
TEMPUS proqramının təsdiq
olunmuş III mərhələsi 2006-cı ilin sonunda başa
çatmış, IV mərhələ 2007-ci ildə
başlanmışdır. 2008-ci ildə Azərbaycanda 3 layihə
maliyyələşdirilmişdir. Həmin ildə “Avropa
İttifaqı – Azərbaycan Fəaliyyət Planı”
hazırlanmış, aşağıdakı istiqamətlərdə
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur:
–Azərbaycanda təhsil
sisteminin təkmilləşdirilməsi.
–kifayət qədər maliyyə
vəsaiti ayrılmaqla, təhsil üçün hüquqi
bazanı hazırlamaqla, gender məsələlərinə yer
ayırmaqla, təhsil sektorunda şəffaflığı təmin
etməklə, peşə təhsili də daxil olmaqla təhsil
islahatlarını aparmaqla, davamlı təhsili təşviq
etməklə, 2003-2013- cü illər üzrə milli təhsil
islahatı strategiyasının həyata keçirilməsi
vasitəsilə sahə üzrə Minilliyin İnkişaf Məqsədlərinə
uyğun olaraq hamı üçün yüksək keyfiyyətli
təhsilalma imkanının təmin edilməsi.
–TEMPUS proqramının təklif
etdiyi vasitələrdən istifadə etməklə
akkreditasiya sisteminin və ali təhsil müəssisələrində
idarəetmənin təkmilləşdirilməsi, keyfiyyətin
təmin edilməsi;
–Boloniya prosesinin prinsiplərinə
uyğun olaraq ali təhsil sektorunda islahatların
aparılması, eləcə də siyasətin
hazırlanması və həyata keçirilməsi
üçün yerli imkanların yaradılması, TEMPUS
proqramı vasitəsilə ali təhsildə islahatların təşviq
edilməsi;
–vətəndaş cəmiyyətindən
tərəfdaşların və maraqlı tərəflərin
cəlb edilməsi vasitəsilə ali və texniki peşə
təhsilinin əmək bazarı və iqtisadiyyatın tələblərinə
uyğunlaşdırılması;
–Erazmus Mundus, TEMPUS, eləcə
də yeni təqaüd proqramlarında iştirak vasitəsilə
tələbələrin mobilliyinin təşviq edilməsi;
–Jan Mone Fəaliyyəti
(proqramı) vasitəsilə Avropa elmləri və Avropa
hüququ üzrə kafedraların yaradılması və gənc
tədqiqatçılar üçün tədris
imkanlarının genişləndirilməsi;
–Avropa İttifaqı və
Azərbaycan hökuməti arasında təhsil siyasəti sahəsində
əməkdaşlığın davam etdirilməsi və
genişləndirilməsi;
–gənclər
üçün mübadilə və əməkdaşlığın
gücləndirilməsi, mədəniyyətlərarası
dialoqun təşviq edilməsi.
Hazırda əsas diqqət
Azərbaycanın regionlarında yerləşən ali təhsil
müəssisələrinə, o cümlədən mühəndislik
(neft və qaz), ətraf mühit, iqtisadiyyat, telekommunikasiya,
informasiya texnologiyaları və s. kimi sahələrə
yönəldilir.
2009-cu ildə Azərbaycanın
ali təhsil müəssisələri tərəfindən
TEMPUS proqramı çərçivəsində təqdim
olunmuş aşağıdakı iki layihə maliyyələşdirilmişdir:
1.Cənubi Qafqazda biotibbi elmlər
sahəsində elektron və distant təhsilin, qiymətləndirmənin
inkişafı layihəsi. Bu layihə Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti tərəfindən
həyata keçirilir.
2.Müəssisələrlə
əməkdaşlığın inkişafı məqsədilə
universitetlərarası şəbəkənin innovasiyası
layihəsi. Layihə Azərbaycan D?vlət Neft Akademiyası və
Sumqayıt D?vlət Universiteti tərəfindən həyata
ke?irilir.
Göründüyü kimi,
Azərbaycanın bir sıra ali təhsil müəssisələri
Avropa Birliyinin TEMPUS proqramından bəhrələnə
bilmişlər. Lakin burada bir məsələni qeyd etmək
yerinə düşərdi ki, ali məktəb rəhbərlərinin
təşəbbüskarlığı və beynəlxalq əlaqələr
üzrə strukturların işgüzarlığı,
fakültə – kafedra səviyyəsində xarici dilləri,
xüsusilə Avropa dillərini bilən təşəbbüskar
əməkdaşların olması belə layihələrin cəlb
olunması, ali məktəblərin daha çox layihələrdə
iştirakını təmin etmək üçün
mühüm şərtdir. Təəssüflə qeyd etmək
lazımdır ki, bəzi ali məktəblərimizdə TEMPUS
layihələrində iştirakla bağlı inkişaf və
dinamika azruolunmaz səviyyədədir. Bu gün ali məktəblərimizdə
TEMPUS layihələrində iştirakla bağlı səriştəli
komandanın formalaşdırılması, rəqabətqabiliyyətli
layihələrin hazırlanıb təqdim olunması və əldə
olunan qrantlar vasitəsilə müəssisənin
inkişafı, Avropa təhsil məkanına inteqrasiyası
universitetlərin əsas vəzifələrindən biri olmalıdır.
2007-ci ildən Avropa
İttifaqının Erazmus Mundus “Xarici əməkdaşlıq
təşəbbüsü” proqramı Azərbaycanda fəaliyyətə
başlamışdır. Bu proqramın məqsədi Avropa
İttifaqı və üçüncü ölkələr
arasında tələbələrin və akademik heyətin fərdi
səfərləri vasitəsilə ali təhsil sahəsində
əməkdaşlığı inkişaf etdirməkdir.
Mövcud biliklərin sürətlə
köhnəlməsi, bu səbəbdən onun çevik yenilənməsi
zərurəti təhsil sektorunun iqtisadiyyatın və cəmiyyətin
tələblərinə cavab verə bilməsi
üçün yüksək adaptasiya qabiliyyətinə malik
olmasını tələb edir. Qlobal bilik dünyasına zəif
inteqrasiya olunan ölkələr özlərini əlverişsiz
şəraitdə hiss edir və əhali üçün
müvafiq sosial – iqtisadi şəraiti təmin edə bilmirlər.
Qloballaşma kontekstində biliklərdə olan fərqlər
ölkələr arasında ahəngdar münasibətlərin
yaranmasına və insanlar arasında qarşılıqlı
anlaşmanın təmin olunmasılna mane olur ki, bu da siyasi
sabitliyə mənfi təsir göstərir. Məhz Avropa
İttifaqının Erazmus Mundus “Xarici əməkdaşlıq
təşəbbüsü” proqramı bu prinsipə əsaslanır.
Belə şəraitdə Avropa İttifaqı
üçüncü ölkələrin ali təhsil müəssisələri
arasında beynəlxalq əməkdaşlığın,
xüsusilə universitetlərarası mübadilənin
stimullaşdırılmasına, ölkələrin
qarşılıqlı inkişafına və insanlar
arasında daha yaxşı anlaşmanın təmin
olunmasına potensial yardım baxımından əhəmiyyətli
proqram həyata keçirir və bu proqram
iştirakçı ölkələr tərəfindən
yüksək qiymətləndirilir.
Erazmus Mundus “Xarici əməkdaşlıq
təşəbbüsü” proqramının məqsədi ali
təhsil müəssisələri səviyyəsində bilik
və bacarıqların mübadiləsi vasitəsilə Avropa
İttifaqı və üçüncü ölkələr
arasında faydalı əməkdaşlığı təmin
etməkdir. Proqramın əsas məqsədləri
aşağıdakılardır:
– tələbələrin və
akademik heyətin fərdi səfərləri vasitəsilə
qabaqcıl biliklər və müsbət təcrübə
mübadiləsini stimullaşdırmaqla üçüncü
ölkələrin ali təhsil müəssisələrinin
beynəlxalq əməkdaşlıq potensialını gücləndirmək;
– tələbələri və
akademik heyəti göndərən və qəbul edən ali təhsil
müəssisələri arasında əməkdaşlığı
inkişaf etdirərək Avropa və üçüncü
ölkələrdə bu müəssisələrin tədris
mühitini təkmilləşdirmək;
– tələbələrin
başqa ölkələdə aldıqları təhsil təcrübəsi
çərçivəsində onların dil, mədəniyyət
və təhsil baxımından faydalanmasını təmin
etmək, yüksək ixtisaslı, geniş
dünyagörüşlü və beynəlxalq təcrübəyə
malik peşəkarlar və liderlər bazası yaratmaqla cəmiyyətin
qarşılıqlı təkmilləşməsinə nail
olmaq.
– Boloniya prosesinə uyğun
olaraq yaradılan Vahid Ali Təhsil Məkanı
konsepsiyasının praktik icrasını dəstəkləyərək
bilik və ixtisasların
uyğunlaşdırılmasını və tanınmasını
sürətləndirmək;
– əhalinin zəif təbəqələrindən
(məsələn qaçqın, məcburi
köçkün, əlil tələbələr və sair)
olan tələbələrin təhsil səviyyəsinin daha da
artırılmasına, peşəkar inkişafına
yardım edərək Avropa İttifaqının sosial və
demokratik dəyərlərinin yayılmasını dəstəkləmək;
– müəllim mübadiləsi
vasitəsilə ali təhsil müəssisələri heyətinin
bacarıq və səriştələrini artırmaq;
– dövlət və özəl
ali təhsil müəssisələri arasında keçirilən
fərdi səfərlər prosesində (xüsusilə
doktorantura, postdoktorantura proqramlarında) iştirakını təmin
etməklə bu sektorların potensialını gücləndirmək;
– Avropa İttifaqı və
üçüncü ölkələr arasında mədəni,
təhsil və iqtisadi əlaqələri gücləndirmək.
Erazmus Mundus “Xarici əməkdaşlıq
təşəbbüsü” birtərəfli inkişafa
yardım proqramı deyildir. Bu əməkdaşlıq
proqramında hər iki tərəf, yəni həm
Avropanın, həm də üçüncü ölkələrin
ali təhsil müəssisələri tələbə və
müəllim heyətinin mübadilə proqramının
hazırlanması və həyata keçirilməsi istiqamətində
bərabərlik prinsipləri əsasında fəaliyyət
göstərməlidirlər. Proqramda Avropa İttifaqına 27
üzv ölkə, İslandiya, Lixtenşteyn, Norveç, habelə
İttifaqa daxil olmaq üçün namizəd ölkələr
olan Xorvatiya və Türkiyə vardır.
III ölkələr isə
Azərbaycan da daxil olmaqla MDB-yə üzv ölkələri,
habelə Yaxın Şərq və Aralıq dənizi hövzəsi
ölkələrindən ibarət 24 ölkəni əhatə
edir. Bu ölkələr də öz növbəsində 9
coğrafi bölgədə təmsil olunmuşlar. Azərbaycan
Gürcüstan və Ermənistanla birlikdə qeyd olunan doqquz
bölgədən birini təşkil edir.
Avropa İttifaqı bu proqram
çərçivəsində Avropa ali təhsil müəssisələri
ilə üçüncü ölkələrin ali təhsil
müəssisələri arasında mübadilə
proqramlarının maliyyələşdirilməsini təmin
edir.
Maliyyələşdirilən
mübadilə proqramları aşağıdakılardır:
– Təhsil alanlar
üçün – bakalavrlar, magistrlər, doktorantlar və
doktoranturadan sonra elmi işlə məşğul olmaq istəyən
şəxslər üçün mübadilə
proqramları.
– Professor-müəllim heyəti
üçün – tədris, praktik məşğələlər
və tədqiqat işləri ilə məşğul olmaq istəyənlər
üçün mübadilə proqramları.
Avropa İttifaqının
Avropa və üçüncü ölkələrin ali təhsil
müəssisələrindən ibarət qarışıq
konsorsiumların layihələrinin maliyyələşdirilməsini
dəstəkləmək məqsədilə
ayırdığı qrantlar ali təhsil müəssisələrinin
tələbələri və professor-müəllim heyətinin
mübadiləsinə, fərdi səfərlərin həyata
keçirilməsinə çəkilən xərclərin
kompensasiyası üçün nəzərdə tutulur. Təmin
olunan maksimum qrant məbləği 6 milyon avro təşkil
edir.
“Konsorsium”
anlayışına aydınlıq gətirək. Bu tender təkliflərinin
əhatə etdiyi bir və ya bir neçə coğrafi
bölgə daxilində mübadilə proqramını həyata
keçirmək niyyətində olan ali təhsil müəssisələri
(Avropa və üçüncü ölkələr) və
Avropanın ali təhsil müəssisələrinin təşkil
etdiyi qrupdur. Maliyyələşdirmə tələblərinə
cavab verə bilmək üçün konsorsium ən azı
üç Avropa İttifaqı ölkəsini təmsil edən
minimum beş Avropa ali təhsil müəssisəsi, coğrafi
bölgəyə daxil olan, mübadilə təklifi ilə
çıxış edən üçüncü ölkələrin
hər birindən ən azı bir ali təhsil müəssisəsindən
ibarət olmalıdır. Belə ki, Azərbaycanın hər
hansı bir ali məktəbi, yaxud ali məktəbləri
Erazmus Mundus proqramında iştirak etmək istəyirsə,
onda Avropa İttifaqının üç ölkəsini təmsil
edən beş universitetin, eləcə də bölgəyə
daxil olan Gürcüstan və Ermənistanın hər birindən
ən azı bir universitetin təmsil olunduğu konsorsium
yaratmalıdırlar. Yalnız bu konsorsium qrant almaq
üçün layihə təqdim edə bilər. Lakin burada
bir məsələni də nəzərə almaq
lazımdır ki, hər ölkəyə mübadilə
proqramları üçün müəyyən kvota
ayrılır. Üçüncü ölkədən
neçə ali məktəbin konsorsiumda iştirak etməsindən
asılı olmayaraq, həmin ölkədən mübadilə
proqramlarında iştirak edənlərin sayı bu kvotanı
aşa bilməz.
İlkin məlumatlara görə,
Erazmus Mundus “Xarici əməkdaşlıq təşəbbüsü”
çərçivəsində 2007-2008-ci dərs ili
üçün Azərbaycanda müxtəlif pillələr
üzrə təhsil almaq və tədqiqat aparmaq məqsədilə
30 mübadilə proqramının maliyyələşdirilməsi
üçün yerlər ayrılmışdır.
Azərbaycan Respublikaı
Prezidentinin 1 iyun 2005-ci il tarixli, 834 nömrəli Sərəncamı
ilə “Azərbaycan Respublikasının Avropaya inteqrasiyası
üzrə Dövlət Komissiyası”
yaradılmışdır. Azərbaycan Respublikasının təhsil
naziri həmin komissiyanın üzvüdür. Bu komissiya Azərbaycan
Respublikasının Avropa İttifaqının “Avropa
qonşuluq siyasəti”nə daxil olması və Azərbaycan
üzrə fəaliyyət planının işlənib
hazırlanılmasına dair Avropa İttifaqının
müsbət qərarının qəbul edilməsi istiqamətində
səmərəli fəaliyyət göstərmiş, nəticədə
Avropaya inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına, Avropa İttifaqı ilə əlaqələrin
inkişafına zəmin yaranmışdır.
1999-cu ildə Avropa
İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişinin imzalanmasından sonra həyata keçirilən
ardıcıl tədbirlərin nəticəsi olaraq, 2006-cı
ilin noyabrnda “Avropa qonşuluq siyasəti” üzrə Azərbaycanın
tədbirlər planı Avropa İttifaqı tərəfindən
təsdiq olunmuşdur. Tədbirlər planı Azərbaycanla
Avropa İttifaqı arasında bütün sahələrdə,
o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq
üçün geniş imkanlar açmışdır.
Azərbaycanın Avropa
İttifaqı ilə təhsil əlaqələrinin başqa
bir istiqaməti Boloniya prosesi ilə bağlıdır. Həm
Avropa Şurası, həm də Avropa İttifaqının
müvafiq qurumları Boloniya prosesinin uğurla həyata
keçirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının
yaradılması üçün çox ciddi səy göstərirlər.
Məhz Azərbaycanın 2005-ci ilin mayında Boloniya prosesinə
qoşulması və Azərbaycanda ali təhsilin məzmununda
Boloniya prinsiplərinə uyğun islahatların
başlanması gələcəkdə Avropa İttifaqı ilə
əməkdaşlığın daha məhsuldar və səmərəli
olmasına zəmin yaradır.
Avropa İttifaqı ilə təhsil
sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi və bu qurumun imkanlarından lazımınca bəhrələnmək
məqsədi ilə Təhsil Nazirliyi tərəfindən
“Avropa İttifaqı ilə Azərbaycan Respublikasının
Hökuməti arasında təhsil, elm və tədqiqat sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsi
aidiyyəti dövlət qurumlarının rəy və təklifləri
nəzərə alınmaqla hazırlanmış,
imzalanmasına səlahiyyət verilməsi üçün
müvafiq prosedurların aparılması ilə bağlı
Nazirlər Kabinetinə və qarşı tərəflə
razılaşdırılması üçün Xarici
İşlər Nazirliyinə təqdim edilmişdir.
Memorandumun əsas məqsədi
Tərəflər arasında təhsil, elm və tədqiqat
sahələrində ümumi maraq kəsb edən sahələr
üzrə birgə fəaliyyətin dəstəklənməsi
və inkişaf etdirilməsi, vəzifəsi isə Avropa
İttifaqı və Azərbaycan Respublikasının
xalqları arasında dili və mədəniyyətlər
üzrə qarşılıqlı anlaşmanı inkişaf
etdirmək, insan resurslarının inkişaf səviyyəsini
yüksəltmək, Avropa İttifaqının üzv dövlətləri
ilə Azərbaycan Respublikası arasında təhsil, elm və
tədqiqat sahələrində əməkdaşlıq fəaliyyətlərini
stimullaşdırmaq, tələbə mobilliyinin keyfiyyətini
yüksəltmək, təhsil, elm və tədqiqat sahələrində
baş verən yeniliklər üzrə təcrübə
mübadiləsini təmin etmək, Avropaİttifaqı və
Azərbaycan Respublikasında fəaliyyət göstərən
ali təhsil, elm və tədqiqat institutları, peşə
assosiasiyaları, dövlət orqanları, biznes və digər
assosiasiyalar arasında müvafiq qaydada tərəfdaşlığı
inkişaf etdirməkdir.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 27 fevral.- S. 10-11.