Vaxt vardı ki, bizim sənətkarlar gedib, Türkiyə musiqisinin inkişafına kömək edirdilər”

 

“İNDİ İSƏ VƏZİYYƏT DƏYİŞİB VƏ GƏRGİNLƏŞİB: İKİ-ÜÇ İLDƏN SONRA ARTIQ BİZ BƏZİ ALƏTLƏRİN İFAÇILARINI TÜRKİYƏDƏN ÇAĞIRMALI OLACAĞIQ”

 

Azərbaycanın xalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, dirijor Teymur Göyçayevin APA-ya müsahibəsi 

 

– Bu gün klassik musiqiyə olan marağın səviyyəsi Sizi qane edirmi? Bilirik ki, bu musiqinin təbliği üçün maddi imkanlar çatışmır... 

– Bu, bizim ən ağrılı problemlərimizdəndir. Çox təəssüf ki, bu həqiqətdir. Bunun bariz nümunəsi kimi Şəkidə keçirilənİpək Yolubeynəlxalq festivalını göstərmək olar. Bu festivalın keçirilməsi üçün heç bir maddi yardım olmayıb. Halbuki belə tədbirlər Azərbaycanın bölgələri üçün çox böyük əhəmiyyət kəsb edir. İnkişaf etmiş mədəniyyəti klassik musiqi olmadan təsəvvür etmək mümkün deyil. Bizim imkanlı şəxslərimiz klassik musiqinin inkişafına təbliğinə kömək etsəydilər, daha yaxşı olardı. Əlbəttə ki, bununla onların adı tarixdə qalardı. Məsələn, hansısa imkanlı şəxs orkestrə lazımlı musiqi alətləri alsın, kimsə klassik musiqi konsertinin keçirilməsini təşkil etsin. Bu halda onlar mədəniyyətə xidmət etmiş olardılar. 

Üç il bundan əvvəl bizə müsahibənizdə bildirmişdiniz ki, orkestrlərdə müəyyən musiqi alətlərinin ifaçıları çatışmır. Bu illər ərzində müsbətə doğru dəyişikliklər olubmu? 

Müsbət tərəfə heç bir dəyişiklik yoxdur, əksinə vəziyyət daha da pisləşib. Violonçel, kontrabas ifaçılarının sayı daha da azalıb. Mən bunu həmişə deyirəm, elə alətlər var ki, artıq onlar bizdə qırmızı kitaba yazılır. Məsələn, qaboy, valtorna, violonçel. Bu hal artıq Azərbaycan klassik musiqisi üçün faciədir. Vaxt vardı ki, bizim sənətkarlar gedib orada Türkiyə musiqisinin inkişafına kömək edirdilər. İndi isə vəziyyət dəyişib gərginləşib. İki-üç ildən sonra artıq biz bəzi musiqi alətlərinin ifaçılarını Türkiyədən çağırmalı olacağıq. Amma, təbii ki, bu yola əl atmaq bizim üçün ağırdır.

 Bəlkə bu sahədə maddi çatışmazlıq, qazancın olmaması gənclərin həvəsini öldürür? 

Məncə, bu dövlət siyasəti ilə olmalıdır. İfaçıları azlıq təşkil edən musiqi alətlərində ifa etməyi bacaran gənclərə stimullaşdırıcı təqaüd, mükafatlar verilməlidir. O uşaqları, gəncləri maraqlandırmaq lazımdır ki, gedib həmin alətdə ifa etməyi öyrənsinlər. Musiqi məktəbləri gərək fəaliyyətlərini elə qursun ki, çatışmayan musiqi alətlərinin ifaçıları azalmasın. Bütün bunlar proqramlaşdırılmış şəkildə həyata keçirilməlidir. 

– Bu problemlərin həlli üçün hansı addımları atmaq lazımdır? 

– Bu, bizim hamımızdan asılıdır, hər kəs öz əlindən gələni etməlidir. Məsələn, mən Uşaq Gənclər Orkestrinə cavabdeh şəxs kimi deyə bilərəm ki, bu problemi onlarda görürəm. Mən görürəm ki, burada vəziyyət necədir. Deyərdim ki, bizim böyük simfonik orkestrlərdə vəziyyət daha pisdir, alətlər çatışmır. İstərdim ki, indidən bu problemin həlli üçün işlər görülsün, çünki sonra çox gec olacaq. Musiqiçilərimiz çatmır, alətlər sonradan da alına bilər. 

Sadaladığınız musiqi alətlərinin ifası Bakı Musiqi Akademiyasında tədris olunur, ancaq gənclər ali təhsil seçəndə daha asan yola baş vururlar... 

– Biz gərək elə edək ki, onlar bu musiqini çox eşitsinlər. Əgər bu musiqi ilə böyüsələr, o zaman onlar meyllərini bu istiqamətə bağlayacaqlar. 

Ümumiyyətlə, bu gün Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin rəhbəri olaraq klassik musiqinin tamaşaçı auditoriyasından razısınızmı? 

Bizim çox gözəl auditoriyamız var, özü mən deyərdim ki, onların əksəriyyətini uşaqlar təşkil edir. Musiqi məktəblərinin uşaqları arasında hər il mart, aprel may aylarında müsabiqə keçirirəm, bacarıqlı uşaqları götürürəm onlarla konsertlər təşkil edirik. Bu elə-belə deyil. Mən istəyirəm ki, bizim uşaqlarımız kiçik yaşlarından bu tərbiyədə olsun mədəni böyüsünlər. 

Sizin yolunuzu davam etdirmək istəyən gənclər varmı? Gənclər arasında hansı dirijorların adını çəkə bilərsiniz? 

Əlbəttə ki, çox gözəl dirijorlar yetişir. Mən Fuad İbrahimovun, Əyyub Quliyevin adını çəkə bilərəm. Doğrudur, onlar daha çox xaricdə fəaliyyət göstərirlər, ancaq güman edirəm ki, vaxt gələndə onlar burada da işlər görəcəklər. 

Bir neçə müddət əvvəl Sizin, şou-biznes nümayəndələrindən biri ilə səhnəni bölüşmənizi rəhbəri olduğunuz orkestrin bu konsertdə həmin sənətçini müşayiət etdiyinizi izlədik. Bu addımınızla şou-biznesə dəstək verdiyinizi nümayiş etdirirsiniz? 

– Bu addımı atmaqda məqsədim bu idi ki, gənc ifaçılar bizim klassik musiqilərə meyl etsinlər, onların repertuarlarının ara musiqilərindən xilas olmağını istəyirəm. Məsələn, Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev kimi bəstəkarların repertuarına müraciət etsinlər, bu səpkili musiqilərə meyl etsinlər. Bir tərəfdən onların auditoriyasını da özümə cəlb etmək istəyirəm. 

Şou-biznes nümayəndələri ilə maddiyyat qarşılığında əməkdaşlıq edirsiniz? 

Sözsüz ki, maddiyyat qarşılığında işbirliyi qururam. Əgər bu olmasa, ümumiyyətlə təklifi qəbul etmərəm. 

Siz özünüz klassik musiqi ifaçıları ilə şou-biznes nümayəndələri arasında fərq qoyursunuzmu? 

Yox, mənim üçün yaxşı ifaçının heç bir fərqi yoxdur ki, şou-biznes, ya da klassik musiqi ifaçısıdır, yaxşı sənətkar elə yaxşı sənətkardır. Konkret olaraq öz sənətini gözəl səviyyədə bilməlidir. Əsas odur ki, sənətində peşəkar olsun. 

 

 

525-ci qəzet.- 2010.- 1 iyul.- S.7.