Ömür yolu” – ilğım

 

K.BÜNYADZADƏNİN “ÖMÜR YOLU”NUN DAVAMI

 

Ömür deyilən yolda hər kəs bir tərəfə üz tutub getməyə məhkumdur – körpəlik, uşaqlıq, gənclik, yetkinlik... Bu yol birtərəflidir. Bu yolda yeganə istisnayolu yarımçıq başa vurmaqdır. Bu həyatın hamı üçün eyni olan tərəfidir. Həyat yalnız bundan ibarət olsaydı, deyiləsi sözlər də bir qədər az, bir qədər çox, yalnız bunlardan ibarət ola bilərdi. Və bu yolu getmək insan üçün çox sadə görünür. Bəs nədən çoxlarımız azırıq, mənzil başına çata bilmirik əvvəli və axırı bəlli olan bu yolda. Hətta “Mən qorxmuram uzaq yola çıxmaqdan, Bu yolun ağrısından, acısından, Ölüm adlı yuxusundan Mən qorxmuram” Deyə bilənlərimiz də sonunda bu yolun ağrısından, acısından yamanca qorxur. Hələ ölüm adlı yuxusunu demirəm. Çox azımız birləşdirə bilirik bu yolun əvvəlini axırı ilə. Çoxlamız üçün bu yol elə qırıq-qırıq hissələr – məqsədi məramı olmayan yaşantılar olur. Bioloji ömrü Allahın qismət etdiyi qədər hamımız yaşayırıq. Əksəriyyətimiz üçün həyatın düşüncəli, dərkə can atma hissəsi elə gənclikdə qalır. Burdan o yanı sürət çıxarma maşınından çıxarılmış sürətlərdir. Hamı üçün eyni olan məhdud hisslər, məhdud düşüncələr. Düşünürsən, öz düşüncəsinin, hisslərinin sonsuzluğuna doğru can atan insan, nədən yolun ortasından məhdudluğa doğru yürüməyə başlayır. Gəncliyin mütləqlik axtarışında “yetkinliknisbilik tapır. Nisbi həqiqətlərdən, nisbi sevgilərdən mütləq həqiqətə, mütləq sevgiyə gedən yolu tapmayanyetkinliköz nisbi tapıntısında boğulmağa məhkum olur. Həqiqəti, sevgini nisbiyə çevirən nəfs beləcə ömür yolunda üstünlüyü öz əlinə almış olur. Bəzilərinə nisbi sevgilər, nisbi həqiqətlər əbədi yol yoldaşı olur. Və bu əbədi gənclik yetkinliyə doğru gedib çıxa bilməyən, gənclikdə azıb qalmış ömürdən xəbər verir. Gənclikdən keçib, yetkinlikdə azan ömürlər də var bu ömürdə. Bu ömürdə nisbi sevgilər öncə gündəlik həyatın bataqlığında boğulur, məişət qapısının astanasından keçə bilmir. Nisbiliklərdən qaçan insan öz içində yalquzağa çevrilir. Gündəlik qayğılar isə əbədi olanların axtarışı yolunda keçilməz səddə çevrilir. İllər keçir və sənə düşüncələrindən bir həqiqəti anlamaq qalır ki, o da həyatının düşüncələrin əsasında deyil, nəfsinin formalaşdırdığı vərdişlər sayəsində yönlənməsidir. Hərdən sənə səni andıran düşüncələrlə rastlaşanda sanki öz itirilmiş yerini görürsən və “mən də varam” deyə səslənmək keçir ürəyindən. Ancaq “mən”inin hər şeyi içinə almaq gücündə olan sonsuz sevgidə əridiyinin deyil, bütün duyğularını, düşüncələrini özünə tabe etdirərək, sonsuzluğu kiçildərək udduğun nəfəsə çevrildiyinin şahidi olursan. Keçmişi, bu günü, gələcəyi vəhdət yaradan insanların ömür yolu istər-istəməz səndə tarixilik düşüncəsini yaradır. Keçmişinlə bağlı olmayan fəlsəfi düşüncələr ilğımı xatırladır sənə. Anlayırsan ki, tarixi düşüncəsiz fəlsəfi fikir sənə yol göstərmək, dünənin bu günə, bu gününü sabaha calamaq gücündə deyil. Özünün və millətinin keçmişinə, bu gününə düşüncələrə sirayət edə biləcək həqiqət işığında baxmaq, onu sonsuzluğa doğru gedən yolun yolçusu etmək arzusu keçir ürəyindən... Və sanki birdən ayılırsan: bu bir ilğımdır. Keçmişə, bu günə və gələcəyə işıq saçmaq gücündə olmayan ilğım.

 

 

Ruhiyyə MƏMMƏDOVA,

AMEA Fəlsəfə,

Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı

 

525-ci qəzet.- 2010.- 1 iyul.- S.7.