Əbədi dəyərlər rəmzi
XEYBƏR GÖYYALLININ UNUDULMAZ
ŞƏXSİYYƏT KAMRAN HÜSEYNOVUN ÖMÜR YOLUNDAN BƏHS
EDƏN KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Bu gün bəzilərinin
xiffətini çəkdiyi, bəzilərininsə
söyüb-pislədiyi sovet dövrü 20-ci əsr Azərbaycan
tarixinin uzun sürən bir mərhələsi, neçə-neçə
nəsillərin yaşadığı ziddiyyətli bir dönəm
olub. Qara və ağ səhifələrin bir-birini izlədiyi
bu kəşməkeşli tarixin arxasından hələ də
milli ruhun məhvinə yönəli qorxunc sədalar
eşidilməkdədir, bu tarixdən kütləvi insan
qırğınları, repressiya və sürgünlərin
ağır zəhmilə yanaşı, izləri bu gün də
qalmış elmin, mədəniyyətin, maarifçiliyin də
ilıq şüaları boylanır. Bu dövr mənim
üçün həm də çətin şəraitdə
vəzifə borcunu yerinə yetirərək şəxsi ləyaqətini,
ictimai düşüncəsini, millət qarşısında
məsuliyyətini yaddan çıxarmayan, mənəviyyatını
qoruyub saxlaya bilən şəxsiyyətlər tarixidir. Bu
mövzuda danışarkən, adətən ziyalıları
nümunə göstərirlər, amma tarix bu adamlar
siyahısına yüksək vəzifə tutan bəzi
dövlət xadimlərinin də adını yazıb. Həqiqətən,
30-cu illərin represiyyalarından keçib gələn və
50-ci illərdə üzə çıxaraq yüksək
dövlət və hökumət vəzifələri tutanlar
arasında belə şəxsiyyətlər az olmayıb.
Onlardan biri də hələ sağlığında az qala
haqqında əfsanələr danışılan görkəmli
dövlət xadimi Kamran Hüseynov idi.
Haqqında əvvəllər
də eşitmişdim, amma adı yaddaşıma 30 il əvvəl
həkk olunub. Moskvada qarlı bir qış günündə
məni “Domodedovo” təyyarə limanından mərkəzə
aparan taksinin sürücüsü Bakıdan olduğumu biləndə
çiçəyi çartladı. Üzünə oynaq bir
təbəssüm qondu, əlini mənə uzadıb
özünü şəstlə təqdim etdi: Vladimir, siz eləcə
Vova deyin. Sən demə, Vova vaxtilə Ümumittifaq Həmkarlar
İttifaqı Mərkəzi Şurasının katibi işləmiş
həmyerlimiz Kamran Hüseynovun sürücüsü
olubmuş. “Mən bu yaşıma qədər hələ Kamran
Əsədoviç kimi nadir şəxsiyyət görməmişəm”
– sürücü yolboyu uzanan söhbətini bu cümlə
ilə başladı. İlahi, insan başqası haqqında
necə böyük vurğunluqla danışarmış,
başqasının şəxsi keyfiyyətlərini,
ağlını, zəkasını, iş
bacarığını, insanlarla nəzakətli
davranışını nə qədər öyərmiş.
Məni xeyli qürurlandıran bu səmimi söhbət təkcə
rus dilinin ən şirin kəlmələrini işlədən
adi bir sürücünü deyil, həm də onun ürəyinə
bu qədər sevgi toxumu səpmiş soydaşım Kamran
Hüseynovu gözümdə çox böyütdü.
Mən sürücü ilə
bağlı bu emosional epizodu bir neçə ay sonra Kamran
müəllimin özünə danışası oldum, 80-ci
illərin əvvəllərində. Onda K.Hüseynov Nazirlər
Soveti sədrinin müavini vəzifəsindən ayrılıb
respublika Ticarət və Sənaye palatasına rəhbərlik
edirdi. O dövrdə həmin qurum respublikanın xarici əlaqələrini
gerçəkləşdirən, xarici ölkələrdə
sərgilər təşkil edən, tanıtma işi aparan
işlək strukturlardan biri idi və televiziyada yeni
açdığımız “Azərbaycan dünya
meridianlarında” adlı verilişilə bağlı Kamran
müəllimlə görüşməli oldum. Onda palata
metronun “Baksovet” stansiyası ilə üzbəüz binanın
ikinci mərtəbəsinə təzəcə
köçmüşdü. Şıdırğı təmir
aparılırdı, hiss olunurdu ki, hər şey yenidən
qurulur. Kamran müəllim məni bütün mərtəbəni
gəzdirdi, hər otağa girəndə də təmirçilərə
zarafatla “müxbir gəlib görsün ki, necə işləyirsiniz”
deyirdi. Hiss olunurdu ki, dağ boyda adam hər xırda şeyə
görə narahat olur, görülən hər işin incə,
zərif, zövqoxşayan alınmasına
çalışır, “burda hər şey gələn xarici
qonaqlarda yaxşı təəssürat yaratmalıdır”
sözləri dilindən düşmürdü. O, adamlara
iradlarını incə və ərkyana deyirdi, təkəbbürlü
və özünüdartan, qarşısındakını əda
ilə əzən vəzifəlilərdən deyildi. Heç
deməzdin ki, bu adam ömür boyu yüksək vəzifələrdə,
mühüm dövlət işlərində
çalışıb.
Kamran müəllim elə
ilk baxışda danışığı, ağır və
ləngərli davranışı ilə mənə çox
sadə, müdrik bir adam təsiri bağışladı. Onun
sadəliyinin arxasında sirli bir hikmət dayanırdı və
əcdadlardan gəlmə bu hikməti duymaq çətin
deyildi. Allahın bir istedad kimi verdiyi işıqlı zəka,
intellektual dərinlik, iti ağıl, yüksək duyum, iliyinə
qədər səmimilik – bunlar Kamran müəllimin
obrazının əsas cizgiləri idi. Amma bütün hallarda
onun, sanki bir az da mistik görünən gücü və
cazibəsi sadəliyində idi.
Əslində “Kamran
Hüseynov kimdir, niyə bu dərəcədə sevilir, nəyə
görə yaddaşlarda yeri bu qədər möhkəmdir?”
suallarının cavabı təkcə onun yüksək vəzifələrdə
çalışıb xeyli faydalı işlər görməsi
ilə bağlı deyil. Adamlar var ki, onların adı
yalnız hansısa vəzifənin
daşıyıcısı kimi çəkilir və sonra da
yaddan çıxıb gedir. K.Hüseynov isə yaddaşlarda
ona görə qalır, haqqında ona görə kitablar
yazılır və xatırlanır ki, o, millətə xas
olan, onu keçmişdən gələcəyə apararaq
yaşada bilən dəyərlərin
daşıyıcısı idi.
Nəcib bir ailədə
dünyaya göz açmış K.Hüseynovun parlaq
ömür bioqrafiyası, sözün həqiqi mənasında
bir universitetdir, həyatını oğurluq və dələduzluqla
deyil, namusla, dürüstlüklə mövqe tutmaq istəyənlər
üçün bir örnəkdir. O, həyatda
atdığı ilk addımı ilə halallığa
könül verib, 9-10 yaşından əkin-biçində
çalışıb, atasını erkən itirdiyindən və
evin böyük oğlu olduğundan çox çətinliklərə
sinə gərməli olub. Ailəyə kömək
üçün Bakıya gəlib neft sənayesində fəhləlik
edib, burada təhsil alıb, istehsalatda fərqlənə bilib.
Tədricən tale üzünə gülüb, vicdanlı
adamların əhatəsinə düşüb, qabiliyyətini
dəyərləndirib irəli çəkiblər, vəzifə
pillələri ilə irəliləyib, amma heç vaxt mənsəb
və şöhrət işığı onun gözlərini
qamaşdırmayıb, vəzifə borcuna, duz-çörək
kəsdiyi dostlarına, xalqına, el-oba adamlarına arxa
çevirməyib.
Xeybər Goyyallının
“Görkəmli adamların həyatı” silsiləsindən
çap etdirdiyi “Kamran Hüseynov” kitabında qəhrəmanın
ömür yolundan, ictimai-siyasi fəaliyyətindən bəhs
edilərkən, məhz bu cəhətlər oxucuya qabarıq
boyalarla çatdırılır, onun şəxsiyyətinin
parlaq cəhətləri konkret detallarla açılır.
Müəllif çox haqlı olaraq göstərir ki,
K.Hüseynov uzun illər Azərbaycanın bir ölkə kimi
qurulmasına, dirçəlib ayağa qalxmasına, möhkəmlənməsinə
gərgin əmək sərf etmiş insanlardandır. Əslində
də bütün ömrü boyu köksündə xalqa, vətənə
bağlı bir ürək gəzdirmiş Kamran müəllim
təbiətcə daha çox qurub-tikən, yaradan adam idi.
Onun adı çəkilən kitabın sətirlərinə
hopmuş zəngin bioqrafiyası göstərir ki, yaratmaq, tikmək,
qurmaq bu nadir insanın həyat amalı olub.
Müəllif kitabda
K.Hüseynovun halal əməkdən keçən ömür
salnaməsini az qala günbəgün, aybaay vərəqləyərək
oxucuya təqdim edir. Əmək fəaliyyətinə fəhləlikdən
başlamış K.Hüseynov bacarığı,
ağlı, zəkası sayəsində vəzifə pillələrində
addım-addım irəliləyərək respublika Nazirlər
Soveti sədrinin müavini kimi mötəbər bir
kürsüyə yüksəlmişdi. Özü də
hökumətin ideal dərəcədə təmiz, namuslu və
işgüzar üzvlərindən biri idi. Bu vəzifədə
işləməmişdən çox-çox əvvəl isə
bir müddət neft sənayesində, sonralar – 1940-cı illərdə
mühüm partiya-hökumət işlərində
çalışıb. O, ötən əsrin 40-50-ci illərində
Mingəçevir və Sumqayıt kimi iri şəhərlərin
salınmasında misilsiz zəhmət sərf edib. Kamran
Hüseynovun Azərbaycan tarixində qalması
üçün təkcə bu faktlar – Mingəçevir və
Sumqayıt şəhərlərinin qurucularından biri
olması artıqlaması ilə kifayət edir. Halbuki,
bugünkü Aəzrbaycanın xəritəsində onun təşəbbüsü
və ciddi səyi ilə tikilmiş neçə-neçə
faydalı ünvanlar var.
Təbii ki, K.Hüseynovu
şəxsiyyət zirvəsinə ucaldan təkcə onun
tikib-qurması, misilsiz idarəçiliyi və öhdəsinə
düşən bütün işləri yüksək səviyyədə
yarıdan əla istehsalçı olması deyildi. Onun
populyarlığı həm də parlaq şəxsi keyfiyyətlərində,
genişürəkliyində, mərdliyində,
böyüklüyündə, müdrükliyində idi. Bu mənada
K.Hüseynov həqiqi mənəviyyat adamı kimi
yaddaşlarda qalıb. Kitaba böyük sevgi ilə ön
söz yazmış akademik Vasim Məmmədəliyevin qeyd
etdiyi kimi, həmişə şəxsi nümunəsi ilə
seçilən Kamran müəllim tək-tək şəxsiyyətlərdən
idi ki, həyatdan “insana gərək olan, insanlığa xidmət
edən şeyləri seçib götürmüşdü.
Aydın fikri, iti düşüncəsi, pak əxlaqı olan
və bir müdrik ömrü yaşamış Kamran müəllim
bu mənəvi statusunu ömrünün sonuna kimi qoruyub
saxladı. Bu mənəvi ucalıq hamıya qismət olmur.
Tanrı yalnız yaxşı əməllər sahibi olan,
xeyirxah işlərə imza atan insanlara belə yüksək məqam
bəxş edir. Bəndələrinə kömək edən,
darda qalanlara yardım əli uzadanlara da Tanrı özü
kömək olur. Yəqin, uca Yaradan elə xeyirxah və savab
işlərinin müqabilində onu bir çox insani keyfiyyətlər
və üstünlüklərlə
mükafatlandırmışdı. O, saf niyyətli, təmiz əməllər
sahibi olduğundan işləri həmişə düz gətirib.
Arzu-istək pak, niyyət təmiz olanda, insan Tanrının
köməkliyi ilə çətinlikləri aşıb
keçir”. Tanıyanlar bilirdi ki, Kamran müəllimin həyat
kredosu, əxlaqı prinsipi bu olub: halallıq, mərdlik,
kişilik, ədalətli olmaq, imkansızlara əl tutmaq, zəifə
arxa durmaq. Onu sevdirən bu həyat prinsipləri idi!
Kamran müəllim əsl el
ağsaqqalı idi. Ağayana yerişi, duruşu, bənzərsiz
ədəbi vardı, böyük düşüncənin
sahibi idi. İçində Azərbaycan adlı bütöv
bir məmləkət gəzdirirdi. Ömrünün sonuna kimi
bu məmləkətin, eləcə də bu məmləkətin
ona bir köynək yaxın olduğu Çərəli kəndinin,
Qubadlının dərdlərini qəlbində
yaşadırdı. Çox istiqanlı, yanımcıl, iliyinə
qədər səmimi bir insan idi Kamran müəllim. Kitabda
onun bu keyfiyyətlərindən məftunluqla söhbət
açan müəllif müdrik Qrasianın “su öz keyfiyyətini
sızıb gəldiyi torpaqdan götürdüyü kimi,
insan da pis və yaxşı cəhətlərini torpaqdan
götürür” misalını əbəs yerə çəkmir.
O,
özündə elini-obasını yaşadırdı,
canında-qanında bu xalqa məxsus ən gözəl keyfiyyətləri
daşıyırdı. Kamran müəllimlə
görüşlərimi, onun ibrətamiz söhbətlərini,
ərkyana məsləhətlərini xatırlayanda həmişə
bir fikir keçir beynimdən: kim nə deyir desin, hər
elin-obanın bir səs obrazı var və mənim
üçün Kamran müəllimin danışıq səsi,
bu səsin qeyri-adi tembri Zəngilanın, Qubadlının,
bütövlükdə Zəngəzurun obrazı idi. Onun hər
kəsə doğma olan şirin danışıq səsi, bir
anlığa beyinlərdə sanki Hərtiz dağının əzəmətini,
Şeyx Mirhəmzə əfəndinin müqəddəs
dualarını, Çərəlinin taxıl zəmilərinin
xəfif mehini, geniş vadi boyunca qıvrılaraq axıb gedən
Həkəri-Bərgüşad çaylarının həzin
şırıltısını, Süsən meşəsinin
uğultusunu, Zəngilan-Qubadlının yol boyunca uzanıb gedən
boz yamaclarının ilahi nəğməsini
canlandırırdı. Onu
bir elin-obanın simvolu kimi qəbul etmələrinin səbəbi
bu idi.
İndi tanınan və ya
tanınmayan ayrı-ayrı şəxslər haqqında
çox kitablar yazılır. Xüsusən imkanı olanlar
öz valideynləri haqqında (hətta ictimai fəaliyyətləri
olmasa belə) kitablar buraxırlar. Təbii ki, övlad istəyinə
qarşı dayanmaq olmaz, amma bir həqiqət var ki, belə
kitablar ailə çərçivəsindən kənara
çıxmır, yayılmır, oxunmur. Zəngin bioqrafiya,
geniş ictimai fəaliyyət və insanı müxtəlif
situasiyalarda səciyyələndirən dramatik hadisələr
olmayanda ən istedadlı müəllifin yazdığı əsər
də adamı cəlb etmir. Bu mənada X.Göyyallının
təqdim etdiyi kitab istisnadır. Təkcə ona görə
yox ki, bu kitabın qəhrəmanı görkəmli tarixi
şəxsiyyətdir, zəngin həyat materialına əsaslanır
və maraqla oxunur. Həm də ona görə ki, müəllif
ictimai əhəmiyyət daşıyan bu materialları məharətlə
publisistik süzgəcdən keçirərək bir inci kimi
sapa düzüb və K.Hüseynovun çox maraqlı, cazibədar
həyat hekayətini yarada bilib.
Kitabın dilinin sadəliyi və
obrazlılığı haqqında ayrıca danışmaq
lazım gəlir. Çünki hər hansı əsəri
oxudan, mətləbi anladan, oxucunu hadisələrin ardınca
aparan məhz müəllifin təhkiyəsi, onun yazı
üslubudur. Bu mənada X.Göyyallının dilinin səlisliyi,
axıcılığı, oxucunu sehrliyə bilməsi, bəzən
gərgin situasiyalardan doğan məqamların ekspressiv təsviri,
bəzən psixoloji ovqat yaradan lirik ricətlərə yer
verilməsi kitabı xeyli oxunaqlı edir. Məsələn,
müəllif bir parça çörək pulu qazanmaq
üçün doğma kəndi Çərəlidən
Bakıya gəlməyə hazırlaşan yeniyetmə
Kamranın ata ocağındakı son gecəsini belə təsvir
edir: “Payız gecəsi idi. Bədirlənmiş ay gecəni
gündüz etmişdi. Pəncərədən çölə
baxdı. Elə bildi ki, hava işıqlanıb. Hövlank
yerindən sıçrayıb həyətə
çıxdı, ancaq gecə hələ yarı idi. Kənd
yatmışdı. İns-cins yox idi. İtlərin də səsi
gəlmirdi. Hələ səhərin
açılmağına çox qalmışdı. Otağa
keçdi, yenidən yatağına uzandı. Yatağı pəncərənin
qabağında idi. Pəncərədən göy
üzü-ay, ulduzlar əl içi kimi
görünürdü. Fikrində tutmuşdu ki, ulduzları
sayacaq. Əgər sayları cüt gəlsə, işləri
də yaxşı olacaq O, hər işdə cüt rəqəmləri
xoşlayardı. Tək rəqəmi və təkliyi sevməzdi.
Həmişə tənhalıqdan qaçardı... Bədirlənmiş
ay yerini dəyişdi, ulduzlar isə yerində qaldı. Əlli
cüt ulduz saymışdı. Düşər-düşməzi
olar, deyə daha saymadı. Yuxusu ərşə çəkilmişdi.
Yatağından qalxdı. Dan üzünün
açılmağına hələ qalırdı.
Axşamdan anasının hazırladığı dörd
büküm yuxa çörəyini götürdü. Hənirtiyə
anası da oyanmışdı. Oğlunun
hazırlaşdığını görüb kövrəldi.
Ürəyi çırpınırdı. Ancaq
özünü ələ aldı, ağlamadı.
Eşitmişdi ki, səfərə çıxanın
arxasınca ağlamazlar. Lalə xanım üzünü Hərtiz
dağına tutdu. Salavat çevirdi”. Məhz belə
axıcı dil, şirin və cazibədar təhkiyə
oxucunu öz ardınca apara bilir, məhz belə təmiz və
aydın üslub mürəkkəb həyat yolu
keçmiş K.Hüseynovun yaşadığı anları,
dərin pisxoloji məqamları əks etdirərək hadisələrin
mahiyyətini açır, haqqında danışılan qəhrəmanı
və onun ideallarını oxucuya sevdirə bilir.
“Kamran Hüseynov” kitabında müəllif
hər hansı sənədli hekayət ustasını heyrətdə
qoyacaq zəngin həyat materialından bəhrələnib Əvvəla,
K.Hüseynovla şəxsi tanışlıq və uzun illər
ünsiyyətdə olması, ikincisi isə Kamran müəllimin
öz əlilə yazdığı memuarlar müəllifin
dadına yetib. Yeri gəlmişkən deyim ki, Kamran
Hüseynovun hələ sağlığında yazıb çap
etdirdiyi “Bir ömrün salnaməsi” və “Quruculuğa həsr
olunmuş ömür” kitabları son illər yazılıb
ortaya çıxarılmış xatirə ədəbiyyatımızın
ən yaxşı nümunələrindəndir.
Memuar yazmaq, keçmişə
bir nəzər salmaq, olanları zamanın öz rəngi ilə
boyayıb üzə çıxarmaq hər adamın işi
deyil. Xatirə-memuar yaddaş və təcrübənin təsdiqidir.
Məncə, memuar həm də zamanın, tarixin bir saxlanc
yeri, ehtiyat faylıdır. Tarix yalnız memuar səhifələrində
tarix “qocalıb saralmaq” və sonradan arxivlərdə
yarımcan bir vəziyyətdə dəyərli mənbə
kimi əbədi yaşamaq hüququ qazanır. Amma
olub-keçənləri qələmə almaq, memuar yazmaq
üçün yaddaşla yanaşı yüksək
dünyagörüş, bilik, cəsarət və bir az da təxəyyül
gərəkdir. Bu mənada Kamran müəllim Tanrının
ona bəxş etdiyi iti ağıl, güclü müşahidə
qabiliyyəti, yaddaş, dərin bilik və fəhm sayəsində
yaşadığı ömrün bir çox dəyərli
anlarını qələmə ala bildi. Özü də bir
yox, iki kitab yazdı.
O, yaddaşının və
elminin, geniş dünyagörüşünün, dərin
biliyi və erudissiyasının köməkliyi ilə
ömrü boyu öyrəndiyi və mənimsədiyi həyat
qanunlarını insanların nəfinə necə gerçəkləşdirməyin
düsturunu bu memuarlarda əks etdirib. Əslində Kamran
müəllim gündəlik yox, memuar yazıb. O.
ömrünün hər anının yox, lazım bildiyi məqamları
fakt və hadisələri ictimailəşdirib.
Yaşadığı zamanın mühüm cizgilərini və
əsas hadisələrini özündə qoruyub saxlayan bu
xatirə – memuarlar uzun və şərəfli bir ömür
yaşamış müdrikin qələminin, düşüncəsinin
məhsuludur. Nə gizlədək, dövlət
adamlarının çoxu müxtəlif səbəblərdən
memuar yazmır və ya yaza bilmir. Buna səriştələri,
bəzən də cəsarətləri çatmır. “Birdən
bu söz başqa cür qiymətləndirilər” xofu hələ
çoxlarının ağzını bağlı saxlayacaq. Hələ
çox mənsəb sahibləri şahidi və
iştirakçısı olduğu hadisələri dilə gətirmədən,
qələmə alıb qiymətləndirmədən bildiklərini
özləri ilə yük edib aparacaqlar. Kamran müəllimsə
insanların qarşısında alnıaçıq,
üzüağ olduğundan memuarlarını da heç bir tərəddüd
etmədən, mənəvi sıxıntı çəkmədən
qələmə aldı. X.Göyyallı da öz kitabında
birbaşa K.Hüseynovun özünə-memuarlarına
müraciət edərək faktik materiallardan faydalanıb. Sənədli
publisitika üçün fakt bolluğu xüsusi önəm
daşıdığından müəllifin bu addımı təqdirəlayiqdir.
X.Göyyallının “Kamran
Hüseynov” kitabı bu müdrik insanın – həyatı bir
epoxa olan görkəmli dövlət xadiminin və əsl el
ağsaqqalının keçdiyi şərəfli
ömür yolunun bədii-publisistik əksidir. Burada heç nə
şişirdilməyib, heç nə artırılmayıb, hər
şey reallığa və real faktlara əsaslanır. Bu kitab
həm də bizim 20-ci əsr tariximizin bir parçası, Azərbaycan
xalqının dərsliklərdə əks etdirilməyən
ibrətamiz bir səhifəsidir.
Deyirlər, hər kitab bir
abidədir, yaxşı kitab daha gözəl abidədir.
Haqqında danışdığımız kitab da hələ
sağlığında özünə mənəvi heykəl
qoymuş, həmişə kamillik və müdriklik rəmzi
olan, bu gün də yaddaşlarda əbədi dəyərlərin
daşıyıcısı və bu dəyərlərin rəmzi
kimi qalmış Kamran Hüseynova ucaldılan layiqli bir abidədir.
Qulu MƏHƏRRƏMLİ,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 1 iyul.- S.7.