Bir telefon zəngi
BU ZƏNG AZƏRBAYCAN
POLİSİNİN HƏYATINDA YENİ DÖVRÜN
BAŞLANMASININ SİQNALI İDİ
Bu gün Azərbaycan
polisinin 92 yaşı tamam olur. Bu illər ərzində Ramil
Usubova qədər respublika daxili işlər naziri vəzifəsini
25 nəfər tutub. Hazırkı nazirə qədər bu
yüksək postda ən çox əyləşənlər
Arif Heydərov (19.03.1970-20.07.1978) və Cəfər Vəliyev
(04.11.1978-06.04.1987) olub.
76 il ərzində 25 nəfərin
nazir olduğunu nəzərə alsaq, orta hesabla hərəyə
üç il düşür. Ramil Usubovun stajı isə orta
statistik rəqəmi təxminən 5,6 dəfə üstələyir.
Ona görə də kiminsə istəyindən asılı
olmayaraq Azərbaycan polisinin tarixindən ona rəhbərliyin
Ramil Usubov dövrü qırmızı xətlə
keçir. İllər sonra belə Azərbaycan polisinin tarixi
tədqiq olunarkən bu dövrü araşdırıb obyektiv
qiymətləndirmədən keçinmək mümkün
olmayacaq. Bu dövr həm də ümummilli lider Heydər Əliyevin
adı ilə bağlı olan müasir müstəqillik
dövrünün tərkib hissəsi olduğundan
araşdırmaçılar mütəmadi olaraq DİO-nun
müstəqilliyin qorunub saxlanmasındakı və sabitliyin bərpa
olunmasındakı rolunu qiymətləndirəcəklər. Və
əlbəttə ki, nazirin idarəetmə qabiliyyətindən,
dövlətə və dövlətçiliyə sədaqətindən,
peşəkarlığından mütləq söhbət
açılacaq. Bilirəm ki, nazir bu məsələləri
gələcək tarixin öhdəsinə
buraxılmasının qəti tərəfdarıdır. Ancaq
doğru və ya səhv düşündüm ki, bu səpkidə
yazmaq jurnalist olaraq mənəvi borcumdur. Çünki bu barədə
təzə yazmıram. Əlimin altında Azərbaycan
polisinin tarixi və fəaliyyəti ilə bağlı
çoxsaylı məxəzlər, məlumatlar, bir kitaba
sığışdırılıla bilməyəcək qədər
məqalələrim var. Bir çox təlatümlü hadisələrin
həm də şahidiyəm. Ümummilli lider Heydər Əliyevin
düz 17 il əvvəl Ramil Usubova etdiyi telefon zəngi isə
mənə bilgisayarın arxasına əyləşməyi
diktə etdi.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində
xalqın dövlətə inamı, etibarı məsələsi
həmişə strateji məqsəd kimi ön plana çəkilib.
Dövlətə inam və etibar isə, təbii ki, dövlət
orqanlarının xalqa xidmət səviyyəsindən, bu
orqanlara rəhbərlik edənlərin qabiliyyətindən, sədaqətindən,
dövlətçilik prinsiplərinə sadiqliyi əməli
işdə sübut etmələrindən asılıdır.
Bu sırada söz yox ki, hüquq-mühafizə
orqanlarının yeri və rolu müstəsnadır. Bu məsələlərin
incəliklərini hüquq-mühafizə orqanları sahəsində
də yenilməz biliyə və təcrübəyə sahib
dövlət xadimindən daha yaxşı kim bilərdi ki?
1969-cu ilin iyulunda Azərbaycan
rəhbəri seçilən Heydər Əliyev
respublikanın 10 illərlə yığılıb
qalmış problemlərini həll etmək, geniş
yayılmış və dərin kök salmış cinayətkarlığın
müxtəlif növlərinə qarşı kəskin
mübarizə aparmaq, ölkədə sağlam mənəvi-psixoloji
mühit yaratmaq, əhalinin hüquq-mühafizə orqanları
ilə bağlı qırılmış inamını bərpa
etmək üçün radikal islahatlara məhz DİN-dən
başladı. Ümummilli lider bu barədə belə deyib:
“1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən
sonra həmin ilin sonunda mənim ilk addımlarımdan biri
DİN-də yaranmış ağır vəziyyəti aradan
götürmək oldu. DİN rəhbərliyində
dözülməz bir vəziyyət yaranmışdı. Onlar
əhali arasında hörmətlərini itirmişdilər.
Alınan şikayətlər həddindən artıq çox
idi və mən DİN rəhbərliyində ciddi dəyişikliklər
etmək zəruriyyətində idim. Mən bu addımı
atarkən şübhəsiz ki, həmin vəzifəni, o sahəni
– dövlət üçün mühüm olan sahəni
etibarlı, bu işi apara biləcək, sədaqətli bir
adama tapşırmalı idim. Mən Arif Heydərova çox
inanırdım, etibar edirdim. Ona görə də mən onu
daxili işlər naziri təyin etdim. Mən o vaxt Azərbaycanda
rəhbər olarkən o, əsas dayaqlarımdan biri olub”.
Göründüyü kimi, ümummilli lider Arif Heydərovun
şəxsi keyfiyyətlərindən üçünü
xüsusi vurğulayır: etibar, sədaqət, peşəkarlıq.
Aradan illər keçdi.
1988-ci ildə başladılan Dağlıq Qarabağ
münaqişəsi ilə Azərbaycanın ərazi
bütövlüyünə qəsd edildi. Respublika sürətlə
zülmət qaranlığın hakim kəsildiyi, xaos və
anarxiyanın tüğyan etdiyi sonu görünməyən məchulluğa
yuvarladıldı. Bu dəhşətli vəziyyət
ümummilli liderin xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdışınadək davam etdi. Zaman
böyük öndərin üzərinə tarixi missiya
qoymuşdu. O, Azərbaycan xalqını və dövlətçiliyini
xilas etməli idi. 1993-cü ilin iyununda hakimiyyətə
qayıdan Heydər Əliyev Bakıda ancaq onun çiyinlərinin
tab gətirəcəyi ağır, həlli müşkül,
bəzən də mümkünsüz görünən vəzifələrin
icrasına başlayarkən gözü arxada –
Naxçıvanda qalmışdı. Çünki
ümummilli liderin mərkəzi hakimiyyətə gəlişindən
çox ciddi əndişələnən destruktiv qüvvələr
muxtar respublikanı qarışdırmağa
başlamışdılar. Qanunsuz silahlı birləşmələr
və bandalar ictimai təhlükəsizliyə, asayişə
qənim kəsilmişdilər. Siyasi ambisiyaların quluna
çevrilən bu qüvvələr “havalanmış
başlar”ı ilə “dövlətlə dövlətçilik”
edə biləcəkləri qənaətinə gəlmişdilər.
Bir tərəfdən də Ermənistanın ardı-arası
kəsilməyən hücumları Naxçıvanda çox
təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət
yaratmışdı. Belə bir vəziyyətdə –
1993-cü il iyulun 2-də ölkə rəhbəri Ramil Usubova
telefonla deyir: “Ramil, mən bura gələndən sonra
Naxçıvanda vəziyyət dəyişib. Sən
1987-89-cu illərdə orada işləmisən. Şəxsi
heyət arasında hörmətin olduğu barədə məlumatım
var. Camaat da səni tanıyır. Səni ora daxili işlər
naziri göndərirəm. Təcili get, işləri yoluna
qoy”. Şübhəsiz, ölkə rəhbəri bu qərarı
qəbul edənədək Ramil Usubovu şəxsən
tanıyıb, etibarına, peşəkarlığına və
sədaqətinə güvənib. Əgər elə
olmasaydı, onu yalnız əvvəllər Naxçıvanda
nazir işlədiyi tərcümeyi-hal faktına görə təkrar
həmin vəzifəyə təyin etməzdi. Üstəlik,
zaman və vəziyyət başqa, Naxçıvanın taleyi
ortada olduğu bir vaxt, tamam ayrı vəzifələrin
icrası labüdkən.
Nazir Naxçıvana gəldiyi
ilk günlərdən əmin oldu ki, “ağır kriminogen xəstəliyin
nə ambulator, nə də stasionar kurs müalicələrlə
sağalması” ehtimalı yoxdur. Yeganə yol “cərrahi
müdaxilədir”. Bu müdaxilə özünü çox
gözlətmədi. Qarşı tərəf isə “skalper
tutan əl”ə atəş açmazdan əvvəl ultimatum
verdi: “Ramil Usubov, 2 günə Naxçıvanı tərk etməsən
özündən küs!”. İki gün keçsə də,
nazirin yol tədarükü görmədiyinə əmin olan
cinayətkar ünsürlər sui-qəsdə baş vurdular.
Avtomatdan açılan güllələr nazirin kabinetinin pəncərələrini
sındırıb, divarı “yalayıb keçdi”. Yalnız
xoşbəxt təsadüf nəticəsində nazir sağ
qaldı. Cinayətkarlar isə yanılmışdılar.
Çünki Ramil Usubov hələ DİN Cinayət
Axtarışı İdarəsinin rəisi vəzifəsində
işləyərkən 365 günün 242-ni cəbhə
bölgələrində ezamiyyətdə keçirmişdi.
Neçə dəfə həyatı təhlükədə
qalmışdı. Onu belə atəşlərlə qorxudub
yolundan çəkindirmək mümkün deyildi. Nazir
tapşırılan vəzifəni mütləq və mütləq
yerinə yetirməli idi, yerinə yetirdi də. Şəxsi
heyəti səfərbər etdi. Silahlı bandalar bir-bir zərərsizləşdirildi.
Naxçıvan sərhədlərini erməni
hücumlarından qorumaq üçün də təsirli tədbirlər
görüldü. Az müddət sonra Naxçıvanda
kriminogen durum tam nəzarətə alındı. Təbii ki, hər
gün Naxçıvanın müdafiəsi, əhalinin vəziyyəti,
sabitliyin və asayişin qorunması haqqında məlumat alan
rəhbər nazirlə bağlı seçimində
yanılmadığına bir daha əmin oldu.
Kəsişən və bir daha ayrılmayan yollar
Ümummilli lider Azərbaycana
birinci dəfə rəhbər seçiləndən xeyli əvvəl
çox yaxşı bilirdi ki, vətəninin üstündə
dolmuş qara buludlar uçur və onlar Dağlıq
Qarabağın başı üzərində
toplaşıblar. Ona məlum idi ki, Dağlıq Qarabağda
dövlət və qeyri-dövlət strukturlarına millətçi-daşnak,
şovunist ermənilər daraşıb. 1970-ci illərin əvvəllərində
Dağlıq Qarabağın taleyini ermənilərin xeyrinə
həll etmək istəyənlərin qarşısını
Heydər Əliyev şəxsiyyəti kəsdi. Qısa zamanda
şovunist-daşnak tör-töküntülərinin muxtar
vilayətdəki başbilənləri zərərsizləşdirildi.
Onların Moskvadakı və İrəvandakı dəstəkçilərinin
yolları bağlanaraq yerləri çox qətiyyətlə
göstərildi. Eyni zamanda, görülən çox ciddi təsirli
tədbirlər nəticəsində Dağlıq Qarabağda
ermənilər tərəfindən azərbaycanlı əhalinin
qısnanıb küncə
sıxışdırılmasına son qoyuldu.
Yavaş-yavaş milli köklərinə qırılmaz tellərlə
bağlı, milli ruhlu, cəsarətli və peşəkar azərbaycanlı
kadrlar yüksək vəzifələrə irəli çəkildilər.
1980-ci ildə DQMV Daxili İşlər İradəsi rəisinin
müavini təyin edilən Ramil Usubov da belə kadrlardan biri
idi. Muxtar Vilayətdə yüksək vəzifələrə
irəli çəkilən digər azərbaycanlı kadrlarla
birlikdə rəis müavinin əsas vəzifəsi də məhz
muxtar vilayətdə azərbaycanlıların
hüquqlarının pozulmasına yol verməmək,
onları hüquq-mühafizə orqanlarında
çalışan vilayətin erməni məmurlarının
basqınlarından qorumaq, habelə millətçi-şovunsit
ruhlu təşkilatların və onların rəhbərlərinin
yenidən boy göstərmələrinə imkan verməmək
olub. Bunun üçün isə 3 keyfiyyət əsas rol
oynamalı idi: qətiyyət, sədaqət və peşəkarlıq.
Nəhayət, ümummilli
liderlə Ramil Usubovun yolları bir gün kəsişir. Kəsişir
bir daha ayrılmamaq üçün. Bir daha ayrılmır da.
1982-ci ilin yanvarında Azərbaycan rəhbəri Şuşada
Vaqifin məqbərəsinin açılışında
iştirak etmək üçün Dağlıq Qarabağa səfər
edir. Şübhəsiz, Heydər Əliyev hara səfər
etdiyini, habelə ermənilərin məkrli niyyətlərini
yaxşı bildiyindən yerdə onun təhlükəsizliyinə
kimin məsul olduğunu da yaxşı bilib. O vaxt müstəsna
əhəmiyyət kəsb edən bu məsələyə
Ramil Usubov cavabdeh olub. Məqbərənin
açılış törəni zamanı güclü qar
yağıb və rəhbərin əyləşdiyi
maşın hərəkət edə bilməyib. Belə olan
halda qarabağlı gənclər maşını əlləri
üstə alaraq bir də Şuşa Qaz İdarəsinin
yanında yerə qoyublar. Sonralar bu hadisəni xatırlayan
nazir belə deyir: “Bu həm də qətiyyəti ilə erməni
separatizmi və şovunizmini durduran, onu əzişdirən rəhbərə
qarabağlıların ehtiram ifadəsi idi”.
Dönüş nöqtəsi
Sabiq iqtidarlardan Heydər Əliyevə
nə miras qalmışdı? Xaos və anarxiya, Azərbaycan
torpaqlarının bir qisminin işğal olunması və
işğal ərazilərini genişləndirmək
üçün erməni təcavüzkarların əldə
etdikləri əlverişli şərait, hakimiyyəti
anti-demokratik, silahlı yolla zəbt etmə cəhdləri,
qeyri-qanuni və mütəşəkkil cinayətkar dəstələrin
meydan sulamaları, separatizm, vətəndaş müharibəsi
reallığı, darmadağın edilmiş bir Azərbaycan.
Böyük öndər bu çətin vəzifələrin
öhdəsindən ona görə gələ bildi ki, ölkədə
ictimai-siyasi sabitliyi bərpa etməyi vəzifələrin vəzifəsi
olaraq ön plana çəkdi və həll etdi. Bir
anlığa Milli Qurtuluş Gününə qədərki
ağır dövrü və ondan sonra sabitliyin çox
kövrək vaxtlarını göz önünə gətirin.
Hətta böyük öndərin hakimiyyətə
qayıdışından sonra belə ölkədə
asayişin qorunmasına, cinayətkarlığa qarşı
barışmaz mübarizə aparmağa, qanunsuz silahlı birləşmələri
tərkisilah etməyə məsul olan güc strukturları
ikili oyunların iştirakçıları idilər.
Onların rəhbərlərinin qətiyyət və peşəkarlıqlarını,
sədaqətlərini mənfi çalarlarla xarakterizə edən
istənilən qədər fakt söyləmək olar. Bəs
niyə həmin kadrların elə yüksək vəzifələrə
irəli çəkilmələrinə Heydər Əliyev
kimi nəhəng dövlət xadimi razı olmuşdu? Bu suala
cavab üçün həmin dövrü obyektiv formada təhlil
etmək, ölkədaxili ictimai-siyasi şəraiti və həmin
dövrdəki qüvvələr nisbətini nəzərə
almaq, bəzi xarici ölkələrin respublikanın daxili
işlərinə müdaxilə riskinin yüksək
olduğunu qiymətləndirmək lazımdır.
Böyük öndər ölkənin taleyi naminə
ambisiyalı qüvvələri cilovlamaq üçün
onlarla müvəqqəti “atəşkəs”ə getməli
idi. Ona görə də Vaqif Novruzov daxili işlər, Nəriman
İmranov milli təhlükəsizlik naziri, Əli Ömərov
isə baş prokuror vəzifələrinə təyin
olunmuşdular. Bu o dövr idi ki, Surət Hüseynov baş
nazir vəzifəsini tuturdu. XTPD komandiri, daxili işlər
nazirinin birinci müavini Rövşən Cavadov isə
heç kəslə hesablaşmır və silahlı yolla
hakimiyyətə gələcəyini də gizlətmirdi.
Respublika rəhbəri üçün sabitliyi bərpa etmək
və möhkəmlətmək şərtlərin şərti
idi. Bu məsələdə həlledici güc strukturu kimi prezident
ön sırada yenə də Daxili İşlər Nazirliyini
görürdü. Artıq gecikmək olmazdı. Zaman
çatmış, həlledici gün müəyyənləşdirilmişdi.
1994-cü il aprelin 29-da
Prezident Aparatında ölkə başçısının
sədrliyi ilə DİN-in rəhbər işçilərinin
müşavirəsi keçirilir. Prezident deyir:
“Respublikamızın hazırkı ağır vəziyyətində
qarşımızda duran vəzifələrin yerinə yetirilməsi
Daxili İşlər Nazirliyinin, onun orqanlarının fəaliyyətindən
çox asılıdır. Məni şəxsən bir
prezident kimi narahat edən odur ki, DİN böyük qüvvəyə
malik olsa da, qarşısında qoyulan vəzifəni yerinə
yetirə bilmir. Cinayətkarlıq həddən çox
artıb. İnsanların hüquqları tapdanır. Daxili
İşlər Nazirliyinin, onun orqanlarının ətrafında
qeyri-sağlam mühit var”. Daha sonra prezident konkret soruşur:
“Nə üçün belə vəziyyət
yaranmışdır? DİN niyə öz
qarşısında duran vəzifələri layiqincə yerinə
yetirə bilmir? Bu nazirliyin ətrafında nə
üçün belə qeyri-sağlam mühit mövcuddur? Nə
üçün siz əl-ələ verib işləyə
bilmirsiniz? Bu orqanın bəzi idarələri nazirliyin rəhbərliyi
tərəfindən nə üçün idarə oluna
bilmir?”
Diqqət edilərsə
aydınca görünür ki, prezident hakimiyyətinin birinci
dönəmində DİN-in fəaliyyətində
gördüyü ciddi nöqsanlarla bir də 25 il sonra – ikinci
dəfə hakimiyyətə gələndə
rastlaşır. Ölkə rəhbəri 1969-cu ildə həmin
nöqsanları aradan qaldırmaq və respublikada görüləcək
işlərdə ona yaxından kömək edə biləcək
layiqli bir şəxsiyyəti özünə dayaq seçdiyi
kimi, 1994-cü ildə də eyni problemi həll etməli idi.
Başqa sözlə, ona Arif Heydərov kimi peşəkar, sədaqətli
və etibarlı bir daxili işlər naziri lazım idi.
Sözsüz, prezident müşavirəyə qədər
öz qərarını vermişdi, qalırdı onu
açıqlamaq. Bu açıqlama isə belə oldu: “Daxili
işlər naziri vəzifəsinə Ramil Usubovu təyin edirəm.
Ramil Usubova tam inanıram, prezident kimi ona etimad göstərirəm.
Mən naziri daim müdafiə edəcəm. Nazirə səlahiyyət
verirəm ki, orada vəziyyəti dəyişdirmək
üçün lazımi tədbirlər görsün. Ancaq xəbərdarlıq
edirəm, kim ona mane olarsa, bu işləri pozmağa cəhd
göstərərsə, onlara qarşı çox ciddi tədbirlər
görüləcək və mən heç kəsi
bağışlamayacağam”.
Nazirə qalan miras
1988-ci ilin fevralından
1993-cü il iyunun ortalarınadək Ermənistanın təcavüzü
fonunda Azərbaycanda baş verən dəhşətli hadisələr
polisin həyat və fəaliyyətinə
dağıdıcı təsir göstərmişdi. Nazirliyin
yeni rəhbərliyi qarşısında acınacaqlı,
başıpozuq, yarıkrminal vəziyyətə
salınmış, ictimaiyyət arasında nüfuzunu tamamilə
itirmiş, iflic edilmiş böyük bir strukturu tamamilə
yenidən qurmaq vəzifəsi dururdu. Bununçünsə
öncə aşağıdakı vəzifələr həll
edilməli idi:
– sadədən mürəkkəbə
qədər bütün problemlərin həlli
üçün strateji xətti müəyyənləşdirmək;
– məsuliyyəti üzərinə
götürməyi bacaran peşəkar bir komanda
formalaşdırmaq;
– DİN-in tərkibində fəaliyyət
göstərən XTPD-ni mübtəla olduğu hakimi mütləqlik,
üstqurum orqana çevrilmək mərəzindən xilas etmək;
– DİN və onun
strukturlarını çox qaranlıq və krimonegen
keçmişi olanlardan təmizləmək (İlk təmizləmə
zamanı aydın oldu ki, saxta diplomlar təqdim etməklə
yalnız zabit vəzifələrinə irəli çəkilənlərin
sayı 110 nəfərdən çoxdur);
– bir çox hallarda “mundirli
polis”lərin də müdafiə etdiyi, bəzən də zorən
göz yumduqları yüzlərlə silahlı mütəşəkkil
cinayətkar dəstəni, mafioz qrupları, qeyri-qanuni
silahlı birləşmələri zərərsizləşdirmək;
– əvvəllər
hüquqları kütləvi surətdə pozulmuş yüzlərlə
polis əməkdaşının hüquqlarını bərpa
və peşəkar özəyi reabilitasiya etmək;
– polisi öz qanuni vəzifələrinin,
müstəsna səlahiyyətlərinin icrasına yönəltmək,
vətəndaşların hüquq və
azadlıqlarını qorumağı ön plana çəkmək,
bağlı qalmış və bilərəkdən arxivə
göndərilmiş cinayət işlərinin (İlkin
araşdırmalar nəticəsində aydın oldu ki,
onların sayı 6000-dən çoxdur)
açılmasını təmin etmək.
Nazirliyin yeni rəhbəri bu
vəzifələri yerinə yerirmək üçün
çətin bir yola çıxmışdı. Bu yolun
üstündə kiçik daş-kəssək də,
çoxlarının keçilməz hesab etdikləri
böyük qayalar da var idi. Nazir isə irili-xırdalı həmin
maneələri dəf edə bilirdi ona görə ki, onun
arxasında Heydər Əliyev kimi sərkərdə dururdu.
Nazir gücü həmin sərkərdədən
alırdı və bunu açıq söyləyirdi. Ramil
Usubov nazir təyin olunandan sonra DİN-in rəhbər
işçiləri ilə keçirdiyi toplantıda deyir: “Mənim
üçün, eləcə də DİO əməkdaşları
üçün ən üstün qərar xalqın rəyi,
dövlətin hüquq prinsipləri, ədalət məhkəməsinin
hökmü, ən nəhayət möhtərəm prezidentimizin,
Ali Baş Komandanımızın tapşırıq və
göstərişləridir. Fəaliyyətim kimlərisə
qane etməyəcək, kimlərsə narahatlıq keçirəcəksə,
bu, onların problemidir. Nə qədər ki, ölkə
prezidenti bu vəzifədə mənə etimad göstərəcək,
fəaliyyət prinsiplərim dəyişməyəcək”.
Kim sübut edə bilər ki, ötən illər ərzində
nazir fəaliyyət prinsiplərindən heç olmasa birinə
kiçik bir redaktə edib? Əsla, yox! O, fəaliyyət
prinsiplərini qətiyyən dəyişmir. Dövlətə,
dövlətçiliyə, Ali Baş Komandanına sədaqətlə
xidmət edən nazirin bir məmur mənəviyyatı var. Mənəviyyat
sahibi məmur isə heç vaxt öz
başçısına, rəhbərinə xəyanət
etmir. Onun fəaliyyətində nöqsanlar və səhvlər
ola bilər. Lakin etibarsızlıq və sədaqətsizlikdən
söhbət gedə bilməz. Azərbaycan polisinin 80 illik
yubileyində çıxış edən ümummilli liderin
dedikləri: “İşinizdə səhvlər ola bilər.
İşinizdə səhvlər var, çoxdur. Ancaq bir məsələdə
səhv ola bilməz. Dövlətə sədaqət andına
xəyanət etmək olmaz, vətənə sədaqət
andına xəyanət etmək olmaz, xalqa sədaqət
andına xəyanət etmək olmaz”. Nazir tabeliyində olanlar
qarşısında bu tələbi qoyur: “Prezident İlham Əliyevin
xalqa xidmətlə bağlı tələbləri, şəxsi
nümunəsi hər bir dövlət məmurunun fəaliyyətində
başlıca prinsip olmalıdır”. Bəs DİN-in dövlətə
və dövlətçiliyə sədaqətlə xidmətinin
nəticəsi nədir? Bu yazını statistik rəqəmlərlə
ağırlaşdırmayım deyə bir neçə
ümumiləşdirilmiş rəqəmi qeyd etməklə
kifayətlənəcəyəm. Zənnimcə, onlar fəaliyyət
və xidmət tendensiyasını xarakterizə etməyə
yetərlidir. Son 15 ildə əllərdə olan 35 mindən
çox qeyri-qanuni odlu silah müsadirə olunub. Qrup halında
15 mindən çox cinayət törətmiş 35 min nəfər
tutulub cinayət məsuliyyətinə cəlb edilmişdir.
Ümumilikdə isə son 15 ildə 70 mindən artıq təqsirləndirilən
şəxs tutulmuşdur. Hər il orta hesabla qrup halında fəaliyyət
göstərən 1000-dən çox dəstə zərərsizləşdirilir.
Xidməti fəaliyyətin önəmli məqamlarından
olan, prokurorluq və milli təhlükəsizlik orqanları ilə
birgə həyata keçirilən tədbirlər nəticəsində
son 15 il ərzində bağlı qalmış 367 cinayətin
üstü açılıb. Təkcə 2009-cu ildə həyata
keçirilən kompleks əməliyyat-axtarış tədbirləri
nəticəsində ağır və xüsusilə
ağır cinayətlər törətmiş 955 nəfəri
birləşdirən 436 qrup və mütəşəkkil dəstə
zərərsizləşdirilib. Yalnız insan alveri ilə məşğul
olan 25 cinayətkar qrup ifşa olunub. Son illərdə bir
sıra ağır cinayətlərin davamlı şəkildə
azalma tendensiyası müşahidə olunur. Ayrı-ayrı
qanun pozuntularının baş verməsi isə
proqnozlaşdırılan çərçivədən kənara
çıxmır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə
düşən cinayətlərin sayı MDB və Şərqi
Avropa ölkələri ilə müqayisədə
öncül yerlərdən birini tutur (100 min nəfərə
münasibətdə orta hesabla 200 cinayət hadisəsi).
Sabitliyin tam bərpa
olunmasına qədər ölkədə baş verən bir
neçə taleyüklü hadisəni qeyd etməklə
yaddaşları təzələmək faydalı olar. Onlar
1994-95-ci illərdə dövlət çevrilişinə edilən
cəhdlər və 1994, 1995, 1996-cı illərdə
prezidentin fiziki cəhətdən aradan götürülməsinə
yönəlik terror aktlarıdır. Şübhəsiz, o dəhşətli
hadisələrin qarşısının alınmasında
“Xalq-Heydər Əliyev birliyi” və Heydər Əliyev şəxsiyyətinin
gücü həlledici oldu. Eyni zamanda, bütün hallarda
DİN Konstitusiya ilə üzərlərinə düşən
vəzifələri layiqincə yerinə yetirməklə sədaqətlə
xidmət nümunəsi göstərib. Məsələn,
1995-ci ilin martında Kopenhagendən səfərdən dönən
prezident təyyarəsinin vurulmasının və Sabunçu
körpüsünün partladılmasına cəhd kimi terror
aktlarının qarşısının alınması
xüsusilə DİO-nun xidmətləri sayəsində
mümkün olub. Sonralar cinayətkarların tutulub istintaqa cəlb
edilməsində də DİN-in müstəsna rolunu qeyd etmək
lazımdır. Müxtəlif zamanlarda ölkədə daxili
sabitliyi pozmağa və dövlətlə zor dilində
danışmağa yönəlik cəhdlərin
qarşısının alınmasında da DİO öz vəzifələrini
lazımınca yerinə yetirib. Qeyd olunanlardan
çıxış edərək belə bir fikir söyləmək
olar: 1988-ci ildən 1994-cü ilədək Azərbaycan
Respublikasının daxili işlər naziri vəzifəsini
tutanların fəaliyyətini Ramil Usubov qətiyyətlə rədd
etdi. Çünki sələfləri ilə müqayisədə
nazirin şəxsi keyfiyyətləri tərs mütənasib
olduğu kimi, dövlət, dövlətçilik, Ali Baş
Komandanın əmr və göstərişlərini sədaqətlə
yerinə yetirməklə bağlı anlayış və
prinsipləri də tamamilə antaqonistdir.
Qazanılan uğurların nəticəsidir
ki, Ali Baş Komandan cənab İlham Əliyev DİO-nun fəaliyyətini
belə xarakterizə edir: “Bu gün Azərbaycan polisi öz vəzifə
borcunu ləyaqətlə icra edir. Azərbaycanın hərtərəfli
inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai
asayişin qorunmasında, sabitliyin saxlanılmasında
çox önəmli rol oynayır”.
DİN mətbuatın güzgüsündə
DİN-in dövlətin
çox mühüm dayaqlarından olan güc strukturu kimi mətbuatın
diqqət mərkəzində olması təbii və həm də
olduqca vacibdir. Görünən odur ki, nazirliyin rəhbərliyi
DİO-nun fəaliyyətindən qərəzsiz yazan, onu
obyektiv tənqid edən, nöqsanları göstərən
KİV-lərlə sıx əməkdaşlıqda çox
maraqlıdır. Nazirliyin rəhbərliyi həm də bu vasitə
ilə DİO haqqında ictimai rəyi öyrənir, mənfi
və müsbət saldonun nisbətini müəyyənləşdirərək
müvafiq tədbirlər görür. Yəqin “DİN və
onun strukturları mətbuata tam açıqdır” fikrini qərəzsiz
jurnalistlər bölüşərlər. Fakt həm də
odur ki, istənilən məsələ, problemlə
bağlı DİN-in ən barışmaz və qatı
opponentləri olan KİV-lər ya nazirliyin yüksək
rütbəli vəzifəli şəxslərinin, yaxud da mətbuat
xidməti əməkdaşlarının cavablarını
almaqda çətinlik çəkmirlər. Ancaq reallıq həm
də odur ki, şəxsən nazir və DİN-in bəzi rəhbər
işçiləri illərlə bir neçə mətbu
orqanının əbədi nişangahı olub. Qara piar
kampaniyası həmişə aparılıb. Sadəcə, bəzən
özünün kuliminasiya nöqtəsinə çatıb,
bəzən də qara piarın hərəkətverici qüvvələri
və icraçıları yorulub əldən
düşdüklərindən “nəfəslərini dərmək”
üçün çöməlmək məcburiyyətində
qalıblar. Bu barədə zaman-zaman çox
yazdığımdan yenidən detalları xırdalamaq fikrim
yoxdur. Yalnız onu qeyd edim ki, qara piarın ana xətti heç
vaxt dəyişməyib: guya “polis asayişi qorumur”, “polislər
özlərini əxlaq jandarmı kimi aparırlar”, “polisdə
xaosdur, anarxiyadır” və s.
Ötən 15 ilə nəzər
salsaq, aydınca görünər ki, DİN və onun rəhbərliyi
haqqında böhtan, təxribat, şantaj xarakterli yazılar
onlarla deyil, yüzlərlədir. İndi onlar tarixin arxivinə
gömülsələr də, hələ üstlərini
çox da qalın toz basmayıb. Onların müəllifləri
arxada hansı “külliyatı” qoyub gəldiklərinə bir
dönüb baxsalar, heç də pis olmaz. Demokratiya pərdəsinə
bürünməyə çalışan, lakin böhtan,
şantaj, qarayaxma ilə məşğul olan bəzi jurnalistlər,
habelə sifarişçilər haqqında bənzər qara
piar kampaniyası aparılsa, görəsən, onlar hansı
hala qalarlar? Qüdrətli Azərbaycanın əsas
dayaqlarından biri olan DİO ölkənin rifahına qənim
kəsilmiş qüvvələrin qeyri-qanuni əməllərinə
qarşı barışmaz mövqe tutur və bundan sonra da belə
olacağı şəksizdir.
Keçmişin acı dərslərindən
biriləri nəticə çıxarmaq, ən azından
“imanı bir daha yandırmamaq” naminə obyektivliyə, qərəzsizliyə,
doğru tənqidə tərəf üz tutmaq əvəzinə,
bilərəkdən tənqidlə təhqirin yerini səhv
saldılar, böhtan atmaqda, təhqir etməkdə, şantaj
elementlərini fırlatmaqda davam etdilər. Bu da tarixdir. 92
illik tarixin bəzi məqamları. DİN rəhbərliyinə
və bütövlükdə DİO-ya qarşı irəli
sürülən elə ittihamlar, təhqirlər, böhtanlar
olub ki, onları “bir put balla” da həzm etmək olmaz. Axı bəziləri
hansı haqla, hansı demokratik prinsiplərə söykənərək
sıralarından 1695 şəhid vermiş, 1710 əməkdaşı
və hərbi qulluqçusu yaralanmış, təkcə son
illərdə vəzifə borcunu yerinə yetirərkən 71
nəfəri həlak olmuş, 1340 əməkdaşı
müxtəlif dərəcədə bədən xəsarəti
almış, göstərdikləri igidliyə və xidməti
borca sədaqətə görə 2208 əməkdaşı
və hərbi qulluqçusu yüksək dövləti
mükafata, 76 nəfəri isə “Milli Qəhrəman” adına
layiq görülmüş bir struktura davamlı olaraq
böhtan atıb, şantaj kampaniyasına ara verməyiblər?
Belə fəaliyyət doğrudanmı ədalət
uğrunda “qələm çalmaq”dır? Doğrudanmı belə
adamların niyyəti safdır? Mən şəxsən
inanmıram və ona görə də bir daha belə bir suala
cavab tapmaq lazım gəlir: nədən qaynaqlanır belə
mövqe və fəaliyyət? Demokratik haqlardan, söz və
fikir azadlığından, yoxsa xüsusi imtiyazlara sahib olmaq
kimi düşüncələrdən? Az-çox savadlı qələmi
olan hər kəs bilir ki, qanunlar hamı
üçündür və heç kəs onun
fövqündə dura bilməz. Nə üçün
DİO əməkdaşları ünvanlarına
yağdırılan böhtanlara və qarayaxmalara davamlı
olaraq dözməlidir? DİO əməkdaşları istəmədikləri
halda polis-jurnalist münaqişəsinə nə
üçün cəlb edilirlər? Sirr deyil ki, bəzi
KİV-lər, məzhəbləri bəlli olmayan hüquq
müdafiəçiləri üçün DİO tərəfindən
məhkəməyə verilmək xəyalların gerçəkləşməsi,
əlçatmaz arzuların çin olmasıdır.
Daha bir məsələ
haqqında. Nazir özü də demir ki, DİO-da hər
şey idealdır, o, nöqsanlardan xali bir strukturdur. Əsla!
Nazir tabeliyində olanlara deyir ki, işinizə tənqidi
yanaşın, öz nöqsanlarınızı görün,
onu mətbuata da açıq deməkdən, etiraf etməkdən
çəkinməyin. Nöqsanlar isə var. Təkcə
ötən 15 ilə ərzində xidmətdə qəbahətə
yol verən, polis adına ləkə gətirən, andına
xəyanət edən, cinayət törədən, vəzifə
səlahiyyətlərini aşan 6000-dən çox əməkdaş
DİO sıralarından xaric edilib. Vətəndaşlarla
kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə
cəlb etmə və digər hüquqpozmalara görə 614 əməkdaş
cəzalandırılıb. Onlardan 16-sı cinayət məsuliyyətinə
cəlb edilib, 85-i xidmətdən xaric edilib, 66-sı
tutduğu vəzifədən azad olunub, 442 nəfər barədə
digər intizam tədbirləri görülüb. Bu faktlar
narahatlıq doğurur və tənqid olunmalıdır,
özü də qədərincə. Azərbaycan dövlətinin
başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin
tələbi belədir: “Polis həm qətiyyətli
olmalıdır, cinayətkarlığa qarşı
barışmaz, sərt olmalıdır, eyni zamanda, insanlara
qarşı çox mədəni, mülayim olmalıdır,
kobudluğa yol verməməlidir, çox böyük peşəkar
olmalıdır”.
Son söz əvəzi
Mən 17 illik tarixi olan bir
telefon zəngindən çıxış edərək bu
yazını Azərbaycan polisinin ad gününə
ünvanlanmış bir təbrik kimi qələmə
aldım. Şübhə yoxdur ki, Azərbaycan polisi
özünün 100 illik yubileyinə doğru daha böyük
uğurla addımlayacaqdır. Ölkə vətəndaşları
gələcəkdə daha zəngin, daha qüdrətli, daha
gözəl Azərbaycanı görəcəkləri kimi, ona
layiq polisin də fəaliyyətinin şahidi olacaqlar.
Bayramınız mübarək
olsun!
Səyyad AĞBABALI
525-ci qəzet.- 2010.- 1 iyul.- S.4.