Suzen Dark və ya məhəbbət piri
Əvvəli ötən saylarımızda
Suzen heç vaxt, heç kəsə
qiptə, xüsusilə paxıllıq etməmişdi.
İndi eşidəndə Fatma oğlunun ad gününə
gedir, elə bil içindən bir sızıltı
keçdi. Xoş günündə, bəd günündə
hər kəsin bir kəsi var. Hər kəsin bir
sığınacaq yeri var. Doğma kimi yada saldığı,
yadına düşdüyü bir adam var. Mən bu dünyada,
bu cəmiyyətdə gördüyüm,
tanıdığım insanlar arasında yad, kənar,
uyuşmayan bir qisiməm. Mən heç kəsə, heç
yerə bağlanmamışam. Heç kəs, heç bir yer
məni özününkü saymır. Hər kəs məni
bədxassəli şiş kimi kəsib atmaq istəyir. Mən
yoldan doğulmamışam. Yəqin məni bir ata əkib, bir
ana doğub. Onlar kim idi? Boyları-buxunları necə idi?
Hansı dildə danışırdılar? Hansı dinə mənsub
idilər? Ağasəfin öldüyünü biləndən
sonra yuxumda hər gün onu görürdüm. Hər gecə
gəlib qarşımda dururdu. Gülə-gülə “mən
gəldim” deyirdi. Gülürdü, amma gözündən
yaş əvəzinə qan axırdı. Barmağımla
qanı silirdim, barmağımın arxasınca yenə qan
süzülürdü. Nəhayət, eşidəndə ki,
onun baş ağacı pöhrələyib ağac olub, pir
olub- məhəbbət piri, gedib budağına niyyət eləyib,
arzu tutub ip bağlayırlar, işləri düzəlir. Sevənlər
qovuşur. Bir axşam mən də bir dəstəyə
qoşulub getdim. İp bağladım. Ağasəfə ürəyimdə
yalvardım. Dedim mənə kömək elə, sən əsl
mənada safsan, mələksən. İndi dünyada səndən
başqa məni sevən, düşünən insan yoxdu. Mənə
kömək ol. Duaçım, yardımçım ol, mənim
hardan gəldiyim, kimliyim bilinsin. Mənim ölümün,
dirimin sahibi olan insanlar cəmiyyət olsun. İnsan meteroit
deyil, başqa səyyarədən gələ düşə.
Lap hardan olsam da, Allahın cazibəsindən kənar deyiləm.
Yəni Allah da məni qəbul eləmir? Ağasəf, kömək
elə mənə, bir yerdən yapışıb dayana bilim.
Qarşıdan vahiməli ahıllıq, qocalıq gəlir.
Qorxuram Əzrayıl da məni unuda, əzrayılım da
özüm olam. İntihar etməyə məcbur olam. Ağasəf,
ey başdan-ayağa nur olan insan, mənə kömək ol. –
Ağacın budağına örpəyimdən bir parça
cırıb bağladım. Sən hər gecə yuxuma gəlirsən.
Bax, gəlmişəm. Yerində rahat yat. Rahatlıq tap, sən
nur kimi təmizsən, bunu Allah da bilir, sən də, mən də
bilirəm. Mənə kömək ol, Ağasəf. Dedim,
qayıtdım. Doğrudu, yuxuma daha az-az gəlirsən.
İllər kiçir, amma yenə insanlar mənə
yaddılar. Keçmişimdən bir xəbər yoxdu.
Keçmişi, kimliyi məlum olmayan insandan bədbəxt
canlı yoxdu. O düyada da, bu dünyada da
inandığım, güvəndiyim bir insan sən idin, sənin
də mənə köməyin dəymədi. O gün mən
ziyarətçilərin gözündən xəlvət o
ağacın bir yarpağını öpəndə hardansa
üzümə bir şeh damlası düşdü.
Bütün bədənim ürpəşdi. Kənara çəkildim.
Elə bildim göz yaşındı. Qorxdum bu da qan olar. Əllərimi
üzümə tutub bir xeyli eləcə dayandım.
İndi daha sən də
yoxsan, daha sən də yuxuma gəlmirsən. Fatmanın da mənimlə
rəfiqəliyi oğlunun, qızının, nəvəsinin
çağırdığı ana kimidi. Haqlıdı, nə
demək olar. Təbii idi, evi var, ailəsi var, yer üzündə
öz yeri var. Doğulduğu kənd, şəhər, ölkə
var. Yoxsa mənim kimi? Yoldan tapılıb. Yetim evində
böyüyüb. O ev, oxuduğum peşə məktəbi də
mənə sahib çıxmayıb. Qəribə olsa da, bir
türmədə münasibət görmüşəm.
İndi bu yaşımda ora qayıdım? Yox. Əlac intihara
qalıb. İndi bunu eləməsə m, sonra intihara da
gücüm çatmayacaq. Daha rəzil vəziyyətə
düşəcəyəm.
– Suzen, nə fikrə getdin?
Qanın qaraldı. Tez qayıdacağam, bəlkə elə bu
gecə, gec olmasa. Amerikada gündüz olanda burda çox gec
olur. Aslanımla danışım. Səsini eşidim.
– Yox, yox, get, oğlunun ad
günüdü. Təbrik elə. Yaxşı yol.
– Suzen. Mən soruşanlara
köhnə rəfiqələrik deyirəm. Sən mənim
bacımsan, bacım. Mən səni tək qoymaram, gələcəm.
Mənim bacım, qardaşım, heç kəsim yoxdu.
Suzen kövrəlib
üzünü yana çevirdi, Fatmanı qucaqladı, əli
ilə Fatmanın kürəyinə vurdu.
– Get, get, Fatma, burdan nigaran
qalma.
Fatma qapıdan
çıxanda dönüb əl elədi:
– Uzaqbaşı sabah səhər
gələcəm. Sabah tədbir var axı, şairlə
görüş var.
– Yaxşı yol. Bilirəm.
Qoca bülbüllər şeirlər əzbərləyib cəh-cəh
vuracaqlar.
– Nə olar, biz də qulaq
asarıq, hələlik. Fatma getdi. Suzen onun arxasınca
örtülü qapıya bir zaman eləcə dayanıb
baxdı “yorulmuşam yaşamaqdan. Vaxtı keçmiş ərzaq
kimiyəm. Hamı məndən kənar keçir. Sanki mənimlə
ünsiyyətdən zəhərlənə bilərlər. Zəhərlənə...zəhər...”-düşündü.
Öləndə də elə ölmək lazımdır ki, səni
görənlər meyidindən iyrənməsinlər. Bu həyatda
gördüyüm sonuncu iş olacaq, səliqəli
olmalıdı. Qadına yaraşan olmalıdı. Qadın ərdən
də, dünyadan da boşananda yaddaşlarda gözəl
qalmalıdı”.
lll
Əşrəf şair
Azadla görüşün sonunda Suzen DaArk haqqında
kitabı da təqdim etməyi fikirləşmişdi. Şair
Azad ərki çatan ən yaxın adamları bu
görüş üçün səfərbər
etmişdi. Bir nəfər ayrıca öz maşını ilə
Gülzar xanımın qulluğunda olmalı idi. Azad elə
belə də demişdi.
– Müslüm, yetimlər
evinin köhnə müdiri var, ünvanı da bu
kağızdı. Əşrəf müəlllim onunla
danışıb. Bu gün saat onikiyə Gülzar
xanımı gətirərsən Qocalar Evinə. Sonra da gətirdiyin
kimi, hörmətlə ha...apararsan evinə.
– Baş üstə, rəis!
Qəfər kişi bir
gün əvvəl gəlmişdi. Gecəni Əşrəf
onu özü qaldığı evdə saxladı. O da Əşrəfin
kitabını oxudu, sonra səhərə kimi yata bilmədi.
Fatma xanıma darıxmaq gəlmişdi.
Lap səhər tezdən oyanmışdı. Pəncərədən
həyətə baxırdı. Ələsgər gələn
kimi həyətə endi. Gəlib maşina oturdu.
– Hə! Gedək.
Ələsgər az qala
pıçıltı ilə ona dedi:
– Fatma xanım, bosu işə
qoyaq, ordan naxoy səni aparıram Bilgəyə.
– Mən on ikidə orda
olmalıyam.
– Olacaq. Lələşin
ölməyib, olacaq.
Fatma xanım əlini
atdı ki, qapını açsın, maşının
qapısı özü açıldı. Müdirin əli
Fatma xanımın əlindən tutdu.
– Xoş gəldiz, Fatma
xanım. Ehtiyatdı, yavaş, hə, bax belə. Sizi gözləyirik.
Suzen xanım hələ otağından çıxmayıb.
Sən demə o elə belə adam deyilmiş. Bugünkü
görüş də ona sürprizdi. Amma özünə bir
söz demə. Gətir tədbirə. Qoy sürpriz olsun.
– Bəyəm şair gəlməyib?
– Gəlib, şair də gəlib,
başqaları da, hamısı heç demə Suzen xanıma
görə gəlib ey...
– Heç nə başa
düşmədim.
Valla mən də əvvəl
heç nə başa düşməmişdim. Dünən Əşrəf
müəllim mənə Suzen xanım haqqında
yazdığı kitabı verdi, bütün gecəni oxudum.
Oxudum, başa düşdüm, sən get onu gətir –
kitabı oxuyub özümə söymüşəm.
Fatma xanım otağa getdi. Ələsgər
müdirə yanaşdı. Müdir ona tələsdiyini əl
cesti ilə işarə etdi. Sonra başını yuxarı elədi.
– Qonağım var!
– Başa düşdüm.
Qatıq məsələsi qalsın sonraya.
Belələri bir-birini tez
başa düşür. Tələm-tələsik
maşına əyləşib həyətdən
çıxdı.
Fatma xanımın ürəyinə
darıxma gəldi. Az qala otağa qaça-qaça getdi. “Səhər
yeməyinə gəlməyib, dünən dalımca baxanda
gözləri xoşuma gəlmədi. Başqa söz tapa bilmədim,
sən mənim bacımsan dedim. Allah təvdirini
çaşdırmasın”. Otağa girdi. Süsən
yorğanı başına çəkmişdi. Əli
yorğanın altından çıxıb
çarpayının yanından yerə sallanırdı.
Yanında stulun üstündə bir xeyli dərman vardı. Sinəsində
yığılıb tıxanıb qalmış səs
boğazını cırıb partladı.
– Suzen!!! bacım vay!!!
–qışqırıb iki əllləri ilə dizinə vurdu.
Suzen sakitilklə
yorğanı üzündən qaldırdı. Dumduru gözləriylə
Fatmaya baxdı. Pıçıltı ilə soruşdu:
– Nə bağırırsan?
– Zəhrimar nə bağırırsan,
çor nə bağırırsan. Ödüm ağzıma gəldi.
Bu nədi belə –dərmanları göstərdi.
Suzen durub çarpayıda
oturdu.
– Hə, helə bir fikrim
vardı. Elə indi də özümü haqlı sayıram.
Amma sənin dünən gedəndə dönüb “sən mənim
bacımsan” deməyin ixtiyarımı əlimdən aldı.
Başa düşdüm, mən təkcə özümün
deyiləm, həm də səninəm. İndi gördüm
haqlıyammış.
İllərlə
ayrılıqdan sonra görüşən doğma bacılar
kimi qucaqlaşıb kövrəldilər. Tez özlərini ələ
aldılar.
– Yaman qorxuzdun məni. Dur gedək.
– Hara!
– Necə yəni hara? Yeməkxanaya
səhər də yeməyə getməmisən.
– Fiquramı qoruyuram.
– Eh, sənin fiqurana nə
deyim, dur, tədbir var.
– Bircə şairim
çatışmır.
– Ay qız dur, məni sənin
dalınca göndəriblər.
– Kim?
– Hamı! Qonaqlar da, müdir
də, kişili-arvadlı burdakılar hamsı. –
– Allah xeyir eləsin. Bir gecədə
dünya dağılıb, təzədən
yığılıb deyəsən. Ağasəf də yuxuma
girmişdi. Təzə sağılmış süd kimi
buğlanırdı, baxıb gülürdü.
– O kimdi?
– Gedək. Bu uzun əhvalatdı.
Yeməkxana bayram paltarı
geymişdi. Hamı öz yerində oturmuşdu. Amma Fatma ilə
onun oturduğu balaca stolu çəkib irəli
açıqlıqda qoymuşdular. Stolun üstündə bir
topa qırmızı qərənfil vardı. Onların stolu
ilə üz-üzə dörd nəfər qonaq əyləşmişdi.
Onlardan biri nisbətən gənc idi. Suzen xanıma
tanış gəlirdi. Qalanlar yaşlı insanlar idi.
Onların gəlişini alqışladılar. Suzen gecikdiyinə
görə bu alqışlarla onu danlayırlar kimi başa
düşdü, pərt olmuş halda Fatmaya baxdı.
Fatmanın keyfi yaxşı olduğundan o da ruhlandı,
keçib yerlərində oturdular. Nisbətən cavan
oğlan ayağa qalxdı.
– Sizi qonaqlar adından
salamlayıram – dedi. Əl çaldılar – Mən “İrəli”
qəzetinin şöbə müdiriyəm. Məqalələr,
esselər, hərdən bədii əsərlərlə də
çıxış edirəm. Sizin burda tale
yoldaşınız Suzen DaArk xanımla da qəzetmiz
üçün neçə il əvvəl söhbət
aparmışam. Yadınızda olar. Suzen başı ilə təsdiq
etdi. Hamı əl çaldı.
–Görüşümüzün ana xəttini şeirimizin
ağsaqqalı Azad müəllimlə görüş təşkil
edir. Həştadı keçmiş bu el ağsaqqalı bir
zamanlar Bakı şəhərinin milis rəisi, o zaman milis
polkovniki Azad Quliyev kimi tanınırdı. Fransanın xalq qəhrəmanı
Canna Darkdan götürdüyü famili Suzen xanıma Azad
müəllim verib, demək, Azad müəllimin qızı
sayılır Suzen xanım.
Gurultulu alqışlar qopdu.
Suzen əllərilə üzünü gizlədib ayağa
qalxdı, baş əydi, əyləşdi.
– Qəfər müəllim
Ağdaş rayonunun Sarıqayalılar kəndində tarix
müəllimi işləyib. Bu görüşün təşkilində
– əlindəki kitabı havaya qaldırıb hamıya
göstərdi – və Suzen xanım haqqında bu kitabı
yazmağımda mühüm rol oynayıb –Yenə gurultulu
alqışlar qopdu – Görüşün sonunda Azad müəllimin
yeni şeirlər kitabından da, bu kitabdan da sizə paylanacaq.
Nəhayət, sizə təqdim edəcəyim bu xanım Azərbaycanda
ən çoxuşaqlı anadır. 48 il bir nömrəli
uşaq evinin – müdiri deməyə dilim gəlmir, müdir
soyuq sözdü – anası olub Gülzar xanım.
Elə bu sözü demişdi
ki, Gülzar xanım qollarını açıb istədi
ayağa qalxsın, qalxa bilmədi. Xırıltılı səslə
Suzenə:
– Qucu, qucu, qucu,
cubpılı balam, qucuma gəl-gəl!
Elə bil Suzenin beyninin
içində nə isə partladı. Bütün
ötüb keçən illər, hadisələrlə
bağlı yaddaşı, hətta o illərdən bəri
artan yaşı da yoxa çıxdı. Oldu balaca Süsən.
Kim isə ağladanda Gülzar ananın üstünə
qaçan Süsən. Bu açılmış qucaqdan əziz
dünyada heç nə yox idi. Bu, ana qucağı idi. Süsən
yaşına, boyuna yaraşmayan uşaq qaçışı
ilə Gülzarın üstünə qaçdı. Onu qucaqlayıb
başını onun sinəsinə sıxdı. Nəfəsinə
qəribə bir isti, isti yox, mehriban xatirələrlə dolu
bir hərarət hopdu, ana hərarəti. Döyüldükcə,
qovulduqca, təhqir olunduqca ana qucağına
sığınmaq, qızınmaq istəmişdi. Bu qucaq
olmadığından kini, nifrəti, qəzəbi
daşlaşıb sinəsində qalıb. Bu hərarət
Süsənin canındakı o daşı-buzu bahar günəşi
kimi əridirdi. Süsən uşaq kimi
hıçqıra-hıçqıra ağlayırdı.
Gülzar xanım da onun başını tumarlaya-tumarlaya nə
isə pıçıldayırdı. Xəyalında isə
yüzlərlə, minlərlə ağlayan uşağın
başını sığallayırdı. Bu sığal
altında indi Gülzar xanımın özünün də gəncliyi,
həyatı ağlayırdı. Zala elə bil su səpmişdilər.
Sükutu pozmamaq üçün hamı nəfsini də
içinə çəkmişdi. Kimsə əl
çaldı. Bu, bəndi-bərəni aşmış bir
selin ilk damlası idi. Sonra elə bil ildırım
çaxdı, divarlar titrədi, ağlayanlar da əl
çalır, əl çalanlar da ağlayırdılar.
Buradakıların hamısının uzaq illərdə qoyub
qaçdığı keçmişi qayıdıb gəlmişdi.
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 3 iyul.- S.29.