Xof
Mİİ-nin işçiləri
nə qədər qapını döyəcləsələr
də, içəridən cavab almayanda cinlənib az qala
qapını sındırmaq istəsələr də, lənət
şeytana deyib, yuxarının əmri-göstərişi
olmadan belə bir işdən çəkinmiş hirsli-hirsli
çıxıb getmişdilər. Onlar
çıxıb gedəndən sonra camaat bir şeyə
heyran qalmışdı. O, pis üfunət, leş qoxusu, quduz
siçovullar birdən-birə məhəllədən yox
olmuş, elə bil Mİİ-nin işçiləri hansı
möcüzəyləsə o qoxunu da, quduz siçovulları
da özləriylə aparmış, ya o quduz siçovullar
onlardan pişik iyi alıb qəfil dağılıb qeybə
çəkilmişdilər.
lll
Qadın son
vaxtlar qapını arxadan bağlayıb təkcə
Mİİ-nin işçilərinə yox, heç bir bəni-insana
açmırdı. Neçə illərdi burada yalquzaq tək
tək-tənha köməksiz-kimsəsiz yaşayırdı.
Nə əri vardı, nə oğlu, ailəsi-uşağı,
qohum-qardaşı. Vaxtilə əriylə
pozuluşmuşdumu, ya binədən ərə getməyib
qızmı qarımışdı? Bunu bilən yoxdu.
Çünki bu neçə ildə kimsə
qapısını açmamışdı.
Tanış-bilişdən bir nəfər də olsun evinin
astanasına belə ayaq basmamışdı. Yaxşı,
tutaq ki, qohum-qardaşı yoxuydu, atasız-anasız, bir kimsənin
himayəsi olmadan aralıqda, yetimxanada
böyümüşdü. Bəs, dost-tanışa nə deyəsən,
dost-tanışın da olmaması üçün mütləq
haradasa böyümək, tərbiyə almaqmı gərəkdi?
lll
Lap ilk
gündən qonşuların onunla arası yoxdu. Qaraqabaq, təkəbbürlü,
adama yovuşmaz, tutqulu-şübhəli, özünə
qapılan adamdı. Başında qış-yay günün
altında bozarmış, vaxtın-zamanın axarından rəngini
itirmiş ipək qaytanlı köhnə dəbli şlyapa,
üzündə zərif tor, əynində nimdaş, ancaq
bahalı, köhnə dəbli qara zolaqlı yun kostyum,
çiynindən asılmış, az qala özüylə
yaşıd olan, dərisi sürtülüb yeyilmiş,
saçaqları tiftikləşmiş, içi daim dolu,
şişkin çanta, qoltuğunda elə bil arxivdən
götürülmüş köhnə, siçan iyi verən,
saralmış qəzet, jurnal bağlaması şax,
vüqarlı görkəmiylə sanki qonşulara meydan
oxuya-oxuya ümumi dəhlizin başında görünəndə,
bir də axşamlar yorğun, əldən
düşmüş, ancaq qürurunu, ədasını itirmədən
ağır-ağır pillələri qalxanda elə bil
qonşuların başına qaynar qazan ələnir, kinli,
istehza dolu baxışlarıyla ta əlindəki iri, dəstə
açarla ciringiltiylə ağır laylı qac
bağlamış qapını açıb içəri
girincə onun hərəkətini gizlicə, düşməncəsinə
izləyir, qanlı-qanlı bir-birinə baxırdılar. Elə
bil onun bu sirli-şübhəli hərəkətlərindən
heç nə anlamamalarının günahı bir-birindəydi.
Hamı bu sirri ovcunun içi kimi bilsə də, qəsdən
bir-birindən gizlətməyində, özünü bilməməzliyə
vurmaqdaydı.
lll
Bu neçə
ildə kiməsə gözünün ucuyla belə baxıb,
sayıb salam vermədiyindən, bir qonşu kimi ürəkaçıqlığıyla
kəlmə kəsmədiyindən hamı üçün
sirli, şübhəli olan cin-şeytan, casus qiyafəli
qadın nəylə məşğul olurdu, nəylə
dolanırdı, hara gedirdi, hardan gəlirdi, bu mərkəzi
binaya necə, kimin vasitəsiylə
düşmüşdü, bütün məhəllə
üçün qaranlıq düyündü. Axı, bura hər
yetən gəlib düşəmməzdi. Bunun
üçün lap yuxarıların xeyir-duası gərəkdi.
lll
Mİİ-nin
işçilərinə də bu haqda heç nə deyəmməmiş,
eləcə sirli-şübhəli ağızlarını
sürümüş, onlar da bir də üç gündən
sonra gəlib bir-bir qonşuları təzədən
danışdırıb, əllərindəki jurnala nəysə
qol çəkdirib, yenidən qadının otağına
yaxınlaşmış, az qala qapını
sındıra-sındıra hey bərkdən döyəcləmiş,
qeyzlənib onu milis-məhkəmə ilə hədələmişdilər.
lll
Camaat
arasında şayiə gəzib dolaşırdı, guya o, elə-belə
adam olmayıb, vaxtilə adlı bir institutda elmi işçi
işləyib, belə təkəbbürlüyünə,
heç kəsi saymadığına, üstəlik
rüşvət alıb müəllimlik şərəfini
alçaltdığına görə ləkələnib
institutdan qovulub. Bəzilərininsə mülahizələrinə
görə o, uzun müddət yuxarıların ara adamı
olub, ən müşkül işi, ilişiyi olan soraqlayıb
onunla işlərini yoluna qoyurmuşlar. Görünür,
neçələrinə fırıldaq gəldiyindən,
neçə qapıları bağlı qoyduğundan indi
özü-öz qapısını qorxusundan belə arxadan
neçə qat açarla bağlayıb, Mİİ
işçilərinə də açmır, elə bilir kimlərsə
gəlib onu öldürərlər, o illərin
hayıfını alıb amansızcasına qətlə yetirərlər.
Bir bölüyü də ağıla batmayan tamam ayrı
şey danışırdı. Guya qadın vaxtilə
tanınmış, odlu-alovlu, sinəsi el hikmətiylə dolu
adlı şairmiş. Adı qəzetlərdən, radio və
televizordan düşmürmüş. O vaxtlar
ağzını dinc qoymadığına, əllaməçiliyinə,
nə bilim dövlətə, hökumətə ağ
olduğuna, bir para ziyanlı-qadağalı şözlər,
kəlamlar danışdığına görə
yaxşıca dərsini verib üç ay DTK-nın təcridxanasında
yatızdırıblar. Sonra ağlı başına gəlib,
bütün dost-tanışıyla, guya əhdlərinə
etibarsız çıxan gizli məslək yoldaşlarıyla
birdəfəlik əlaqəni kəsib, hamıdan təcrid
olunub, beləcə tək-tənha, rahib həyatı
yaşayıb, hamıya şübhəylə, kinli-kinli
baxıb, hamını düşmən, casus, satqın, cəllad
gözündə görüb. Xain xoflu olar deyiblər. Belə
saymaz, sirli-müəmmalı, başı havalı
dolanmağının, qapıbir qonşularla kəlmə kəsməməyinin
də səbəbi, görünür, budur. Ancaq
qonşuların çoxu buna inanmır, bu görkəmdə
şair nədi, heç dəftərxana qarovulçusu da
olmaz, – deyirdilər, – yazıq deyil şair, şairlərin
adını bədnam etməyin. Onsuz da şairin,
ziyalının adına az ləkə
yapışdırmayıblar. İndi qadının bura, hələm-hələm
adama qismət olmayan şəhərin mərkəzindəki
abad, görkəmli xüsusi binaya necə
düşdüyü də sirli-müəmmalı
qaldığından bu haqda da cürbəcür şaiyələr
gəzir, haqlı-haqsız mülahizələr söylənirdi.
Bəziləri deyirdi, buranı ona Cəbhənin vaxtında
kiminsə, hansı insan adamınsa yazığı gəlib
verib. Bəziləri deyirdi, guya arıq, cansız-cələfsiz
vücuduyla döymədiyi qapı qalmadığından, idarə
müdirləriylə dik-dik əlləşib, Bakı Sovetindən
tutmuş prezidentəcən ora-bura o qədər
yalan-doğru, qərəzli ərizə-şikayət,
saysız-hesabsız anonim məktublar yazıb göndərdiyindən,
axırda cana doyub dilə-dişə düşməmək,
başlarından etmək üçün növbəsiz-filansız,
xərcsiz-xəsarətsiz bu mübahisəli evi it ağzına
atırmış kimi ona verib ağzını yumublar.
lll
Buna qədər
o guya mərkəzi kitabxananın qənşərindəki
vaxtilə Tağıyevin tikdirdiyi, qədim, möhtəşəm
məbədin üstündəki göyərçinlər
batırmış ufacıq bürcdə
yaşayırmış. Çünki son vaxtlar idmindən, ədasından,
gör-görkəmindən şübhələnib düz
yuvanın quşu hesab etmədiklərindən heç kim ona
kirayə ev vermirmiş. Bir gün qabaq-qənşər
qonşular, yoldan ötənlər binanın üstündəki
xırdaça, üstü çökmüş
bürçdən zəif işıq gəldiyini
görüb bərk təəccüblənibmişlər.
Qabaqca elə biliblərmiş binaya yanğın
düşüb. Tələsik yanğınsöndürmə
idarəsinə zəng etmək istəyəndə nəsə
fikirlərindən daşınmışlar. Sonradan hər kecə
eyni vaxtda, saat 10-dan sonra beləcə bürcdə işıq
yanıb, bir də dan yeri ağaranda söndüyünü
görüb buna alışmış, çox da fikir verməmişlər.
Bir gecə sahə müvəkkilinin də gözü bu
işığı alıb, o da bərk şübhələnmiş,
tənbəllik etməyib ağır gövdəsiylə qan-tər
içində təngənəfəs yuxarı qalxanda
bürcdə tutqun, hisli çıraq işığında
dalğın, saçı pırtdaşıb
qarışmış, keçəlləşmiş,
birçəklərinə dən düşmüş, həddindən
artıq arıq olduğundan qəbirdən xortdayıb
çıxmışa oxşayan bədheybət qadın
fiqurundan lap eymənmiş, bir müddət çaşıb
qalıb yerindən tərpənməmişdi, handan-hana
bürcə yaxınlaşıb üzünü kişi
üzü kimi seyrək, qara tük basmış
qadının güclə darısqal bürcə pərçimlənmiş
yeşiklərin üstünə sərdiyi yuxa, nimdaş
döşəyin üstündə oturub qırıq-quruq
taxtadan naşı düzəltdiyi həm kürsünü, həm
yazı, yemək masasını əvəz edən kobud
masanın üzərinə əyilib az qala çal
başı ona dəyə-dəyə, əli əsməsin
deyəmi sağ dirsəyini bərk-bərk masaya dirəyib bir
qalaq saralmış kağıza cid-cəhdlə
ilan-qurbağaya oxşayan əyri-üyrü hərflərlə
nəsə yazdığına, sonra yazdığı
kağızları əsəbi-əsəbi
xışmalayıb, cırıb bürcün küncünə
atıb, həmin cid-cəhdlə yenisini yazıb, onu da
cırıb atdığına fikir verib. Bürcün
küncünə bir koma, yalançılar sözü,
dağ qalağı kağız parçası
qalanıbmış. Qadın hər gün dükandan
neçə qovluq kağız alıb son vərəqəcən
beləcə yazıb qaralayıb cırıb atır, sonra od
vurub, titrək, buz kimi əllərini onun üstünə
tutur, qızdırırmış. Həddindən artıq
özünə qapıldığından sahə müvəkkilinin
binanın qabaq-qənşər cağına söykənib
bir müddət maraqla, təəccüb heyranlıq, mərhəmətlə
ona tamaşa etməsindən xəbəri olmayıb, bir dəfə
də olsun taqqıltıya, ayaq səslərinə namərhəm
kişi hənirtisinə başını qaldırıb
baxmayıb. Eləcə cidd-cəhdlə, üz-gözündən,
alnından süzülüb kağızın üstünə
düşən, yazını korlayıb ləkələyən
tər damlalarını da silmədən yazıb pozub
bürcün küncünə atır, yenisinə
başlayırmış, əlinin altındakı
kağız qalağı artıq nazilib qurtarmaq üzrəymiş.
Masanın küncündə, kəsif çürüntü,
qaxsımış yumurta qoxuyan yatağın baş ucunda
içərisi qat-qat kəc bağlamış qalın,
çappa stəkan, böyründəki naxışları
pozulmuş sınıq, dibini, qıraqlarını boyat
çay kəsib qaraltmış nəlbəkidə
üç-dörd tut qurusu varmış. Görünür,
imkansızlıqdanmı, vərdiş etdiyindənmi, son
vaxtlar iştahdan kəsildiyindənmi, ya görərlər deyə
tez-tez aşağı düşməyə
ehtiyatlandığındanmı gününü çox vaxt
ötən yaydan saxladığı, uşaqlıqdan görəndə
ağzının suyu axdığı tozlu-kifli o tut qurularıyla
keçirirmiş ki, heç olmasa ürəyində durumu
olsun. Sahə müvəkkili, görünür, arif, xeyirxah, rəhmdil
adam olduğundanmı, kağız qurtarandan sonra
qadının onu görüb pis vəziyyətə
düşəcəyindən ehtiyatlandığındanmı,
ya dəli-havalı zənn edib ondan ağlı bir şey kəsmədiyindənmi
aşağıda dükançı dostunun uşaqları
üçün pay verdiyi bir cüt şokolad qutusunu cibindən
çıxarıb, ehmalca masanın qırağına, lap
qaranlıq küncünə qoymuş, başını
bulaya-bulaya dinməz-söyləməz, ağır
addımlarla tənbəl-tənbəl, fikirli-fikirli
aşağı düşübmüş. Qadının
gözü arada qutunu alsa da başı həddindən
artıq yazı-pozuya qarışdığından zehni onu dərk
etməmiş, xüsusi dalğalarla beyninə ötürməmiş,
elə bil qutuya baxa-baxa, onu görə-görə görməmişdi.
Sonradan cəbhə hakimiyyətə gələndə
soraqlayıb, burda boş ev olduğunu görüb guya kimin
göstərişiyləsə həmin mübahisəli evi ona
veriblərmiş.
lll
Qadının birinci düşməni binanın nadinc, allahın bəlası uşaqlarıydı. Qəribə, sirli-müəmmalı duruşu, hərəkəti, qılınc oynadanlar sayağı qış-yay maska taxıbmış kimi üz-gözünü tor örtüklə gizlətməsi birinci uşaqların nəzərini cəlb edib şitəndirir, əyləndirir, dəhlizin küncünə qoyulmuş lazımsız köhnə şkafın, yanğına qarşı qum dolu yeşiyin dalında gizlənib, ya xarab olmasın deyə tuluqa oxşayan kapron torbalara doldurulub pəncərənin başından, dirəklərdən asılmış, qarın verib sallanmış soğan-kartof bağlamalarının arasından mısıb bəzilərinin əllərində taxta qılınc, başlarında iri köhnə dəbilqə) ipək qaytanlı, nimdaş, boz şlyapası dəhlizin başında görünən kimi uşaq marağı, diqqətiylə qorxa-qorxa onun hərəkətini izləyir, qapını əsəbi-əsəbi açıb, arxadan çalkeçiri necə cingiltiylə şaqqıldadıb bağladığına fikir verir, içərilərindəki daha ürəklisi addımlarının ucunda usdufca gəlib taxta qılıncıyla qapını döyüb qaçır, dəhlizin başında gözdən itirdi. Əvvəl-əvvəl bir küncdə toplaşıb maraqla, qorxuyla altdan-altdan ona tamaşa edən uşaqlardan xoşu gəlsə də (bircə uşaqlara qanı qaynayır, onlara düşmən, casus kimi baxmırdı) çağırıb oxşamaq, başlarını sığallamaq, ya köhnə, dərisi çıxmış çantasından konfetdən, saqqızdan çıxarıb onlara paylamaq istəsə də uşaqlar ürək edib, götürmür, qadın lap yaxınlaşanda üstlərinə qırğı şığımış sərçə ürkəkliyilə ox kimi yerlərindən götürülüb dəhlizin ayağında pərən-pərən düşür, gözdən itirdilər. Sonradan üz-gözləri öyrəşsə də, ata-analarının, qonum-qonşularının onun haqqında danışdığı xoşagəlməz, onların bilmədikləri bir para qorxunc əhvalatlar bu bədheybət, üzü kişi üzü kimi qara tük gətirmiş qadını gözlərində bir az da qorxunc, dəhşətli etmiş, indi də kindən, hikkədən, ya qadının başına açdıqları oyunlardanmı çəkinib ona tutduruq vermir, böyüklərin dediklərinə görə guya zəhər qatdığı şokoladlara yaxın durmur, şitənib yeni-yeni hoqqalardan çıxırdılar.
Qadın
hövüllü-hövüllü qapını aralayıb
bütün bədəni, uzun, arıq çənəsi əsə-əsə,
ağzı köpüklənə-köpüklənə
uşaqlardan xoşluqla çıxıb getmələrini
xahiş edir, ya televizordan, radiodan adam gətirib
hamısının şəklini çəkdirib bütün
el içində biabır edəcəyilə hədələyir,
axırda hirslənib, hövsələdən
çıxıb, onlara olmazın qarğışlar
yağdırır, “bicdən əmələ gəlmişlər,
görüm tramvay altında qalasınız, sizi maşın
vursun, heç tikəniz də tapılmasın, ananız
ağlar qalsın, deyir, ancaq bu onları qorxutmaq, az da olsa
çəkindirmək əvəzinə daha da şitəndirir,
pilləkənin ayağında, dəhlizin girəcəyində
ağız-ağıza verib qaqqıldaşıb
gülüşür, uzaqdan qaraltısı görünən
kimi daşlayır, daldan gəlib ətəyindən
yapışıb qaçır, pəncərəsinə,
qapısına əcaib, nalayiq sözlər yazır, iki
gündən bir usta gətirib düzəltdirsə də
quşatanla pəncərəsinin şüşəsini vurub
sındırır, qapısının qulpuna ölü
pişik bağlayırdılar. Uşaqlarına belə bəd
qarğış yağdırdığına görə
qonşuların əlacı olsa onu uşaqları kimi
daşlamaq, ətəyindən çəkib qaçmaq yox,
boğazından yapışıb boğub təpəsi
üstə pillələrdən aşağı buraxar, uf da
deməzdilər. “Axmaq köpək qızının
barmağı boyda uşaqlara qoşulmağına bax”, yaxud,
“səni gətirib bura calayanın, başımıza bəla
eləyənin ata-babası gorbagor olsun, düz yuvanın
quşu olsan, niyə bir adam qapını açmır,
öldün-qaldınla maraqlanmır, özünü də elə
dartır, dağın başına qoyur, elə bil alçaq
dağları bu yaradıb, partdamış” – deyib-söylənib
ürəklərini bununla da olsa soyutmağı ona görəydi,
kimi abırına qısılır, sərt ərindən
çəkinir, kimi heç nədən özünü nahaq
qana salmaq istəmir, kimi də, doğrudan da, onu dəli,
havalı hesab edib bu pisniyyət qadının sözünə,
qarğışına o qədər də məhəl qoymur,
ehtiyat edir, bəlkə haradasa rəhmləri gəlib
uşaqların üstünə təpinənlər də
tapılırdı.
lll
Son vaxtlar bayıra çox
az-az çıxırdı. Qoltuğunda siçan iyi verən
bir qalaq arxiv materiallarından belini əyə-əyə
ağır-ağır pillələri qalxmırdı.
Uşaqlardanmı ehtiyatlanırdı, axır vaxtlar
düşmənlərindən daha çox qorxurdumu, ya səhhəti
yavaş-yavaş pisləşməyə
başlamışdı. Hərdən elə olurdu, günlərlə
qapını arxadan bağlayıb evdə qalır, təkcə
uşaqlar səs-küy salanda, onun adını
çağırıb cürbəcür ayamalar qoşub əylənəndə,
ya qapını bərkdən vurub qaçanda titrək,
qansız əlləriylə yavaşca qapını
aralayıb, bu neçə gündə ağappaq
ağarmış dağınıq, pırtlaşıq
saçlı başını bayıra çıxarıb,
quyuya düşmüş kimi dərinə enmiş dəlixay,
ölü qoyun gözləriylə o üzə, bu üzə
boylanır, dinməzcə qapını örtürdü. Daha
uşaqlara amansız qarğışlar yağdırmır,
eləcə solğun, arıq üzündə ərkyana
inciklik, əzab, giley-güzar, yalvarış dolu
baxışlarında bədbinlik, küskünlük ürkək-ürkək
uşaqların gizləndiyi künc-bucağı arayır, qəmli
kipriklərinin ucunda iri yaş damlaları gilələnirdi.
Aralı qapıdan vuran pis üfunət, leş qoxusu
bütün dəhlizə yayılıb dalğa-dalğa evlərə
dağılır, ailə-uşağı təəccüblə,
ikrahla, qanlı-qanlı, sirli şübhəli bir-birinə
baxmağa vadar edir, qapılar, pəncərələr
bir-birinin ardınca şaraqqıltıyla açılır,
şarapıltıyla bağlanır, giley, hədə-qorxu, əsəbi
yanama, qışrırıq bir-birinə
qarışırdı.
Get-gedə heç bayıra
çıxmadı, uşaqlar qapını döyəndə əvvəlki
kimi qapını aralayıb onların ardınca boylanmadı.
Uşaqlar da get-gedə həvəsdən düşüb,
bütün şitənmələrinin, əylənmələrinin
cavabsız qaldığını görüb artıq onun
qapısını döyüb qaçmırdı, eyni bir əyləncədən
bezib, yorulub özlərinə yeni, daha maraqlı ayrı oyun, əyləncə
axtarmağa başlayırdılar. Ancaq həmin pis qoxu çəkilmək
bilmir, əksinə, getdikcə şiddətlənir,
bağlı qapıdan da bütün dəhliz boyu
yayılıb qonşuların evinə dolur, adamların ağ
öfkəsi ağzına gəlir, çörəkləri
qabaqlarında qalıb nə yeyib-içdiklərini bilmir, daha
bir-birinə yox, onun mənzilinə səmt
qanlı-şübhəli baxırdılar. Həmişəki
kimi kimsə qapısını açmırdı,
öldüsü-qaldısıyla maraqlanmırdı. Təkcə
qıraqdakı mənzildəki
qatlı-qırışlı, sallaq üzlü,
qıcqırıb qalxmış. balatı kimi qat-qat axıb əti
aşağılara tökülən, çənəsinin
altında ikinci buxaq əmələ gətirən, lırt,
kök bədənli sınsır qonşunun rəhmi gəldiyindənmi
iki gündən bir, günaşırı ona bir qab yemək,
yar-yavanlıq gətirir, yavaşca qapını döyüb
ayağının altından sivişib qaçan iri, porsuq
boyda pərmuda qıyıqgöz siçovulların ətürpədici
çiyiltisindən, əl qalınlığında toz
basmış stolun, şifonerin, kitab rəfinin üstündən,
yatağın ayaq ucundan ox kimi sıçrayıb küncdə-bucaqdakı
nəhəng qara dəliklərə, neçə yerdən
oyuq açdıqları, dolabdan, şkafdan çox
siçovul yuvasına oxşayan dolaba, şkafa soxulub indi də
xarta-xart çürük taxtanı, döşəməni,
şkafı gəmirib (göy gurultusuna oxşayan) adamı
saymadan gurultu qopara-qopara tavanda cıdıra
çıxmağından dəhşətə gəlir, təlaşla
didilib cırılmış, nimdaş pərdələrə,
örtüklərə; divana yığılıb,
üstünə salınmış örtüyə oxşar
nəyinsə arasından lopa-lopa pambığı, yunu
çıxmış yuxa döşək-yorğan
qalağına, şifonerdən qalanıb
tökülmüş, tikə-tikə doğranıb
bütün döşəməyə səpələnmiş
pal-paltara (əslində onda paltarlığ
qalmamışdı, tikə-tikə doğranıb
cır-cındır qırığına çevrilmişdi.
Vaxtilə donmu, köynəkmi, kostyummu olduğu bilinmirdi)
siçovulların ovub ovuntuya çevirdiyi, rəflə bir
etdiyi kitab, dəftər, kağız
qırıntılarına, vaxtilə ağzı güclə
bağlansa da indi yatıxıb bir kardonu qalmış iri
qovluqların arasından mısıb qıyıq gözünə
oxşayan soyuq, parıltılı gözləriylə onu
pusan qorxunc, əcaib varlıqlara, tavandan, küncdən-bucaqdan
torbalanıb sallanan, iri balıqçı toruna oxşayan (elə
bil balıqçılar tor atmışdılar)
hörümçək torlarına, paraşütçü
kimi bu torlardan sallanıb enən qara, toxucu-sənətkar bədheybət
hörümçəklərə, toz-torpaqda, qurd
düşmüş çirkli qab-qacaqda eşələnən,
qaçışan iyrənc dozanqurdlara baxır, beyin gicəllədən
pis üfunət, leş qoxusundan, otağı doldurmuş
siçovul nəcisi iyindən başı gicəllənib,
özünü öyüməkdən güclə
saxlayıb tələsik bayıra atılırdı. Kök
qonşunun bu hərəkəti qonşuların nəzərindən
qaçmır, hər dəfə onu şübhəylə
süzüb: “Bah, bu boyda adamın içində bircə bu
canıynan çıxdı, elə bil camaat çörəyi
qulağının dibinə yeyir, bunun nəyə görə
yarınıb yaltaqlanmağından xəbəri yoxdu,
hamısı o evin tələsidi, indidən özünə
yer edir, dəli başını yerə qoyan kimi evi öz
adına keçirsin. Gör, camaat nəyə tamah salır
e,” – deyib öz aralarında sözlü-sözlü
pıçıldaşır, hər dəfə yanbayan
qonşunun arvadı əti çimçəşirmiş
kimi üz-gözünü turşudub hikkəli-hikkəli:
“Vallah, onu müftə, içi dolu qızıl da versələr,
bir gün də orda qalmaram. Ordakı daşa-divara
çökmüş leş qoxusunu bir dəryanın suyu da
yuyub aparammaz”, – az qala övkəsi ağzına gələ-gələ
dillənirdi. Qadın artıq yataqdan qalxammırdı.
Görünür, vaxtilə təmizkar, vasvası
olduğundan yanına qoydurduğu bir vedrə marqanslı suda
heysiz-gücsüz əllərini yaxalayıb nəfisi çəkməsə
də qonşunun gətirdiyi yeməkdən bir loxma
ağzına qoyur, heç bir dad-ləzzət duymadan
könülsüz-könülsüz çeynəyir, ancaq
udammırdı. Elə bil hansı qüvvəsə inadla onu
geri itələyir, dişləri sözünə baxmayıb
kilidlənir, çeynəməkdən, əzməkdən
imtina edirdi. Ya tez-tez huşu onu tərk etdiyindən nəinki
özünü, dünyanı, özüylə, dünyayla
birgə ağzındakı loxmanı da çeynəməyi
unudurdu.
lll
Kök qonşunun
qulağı nəsə çalmışdımı,
qonşuların dediyi kimi doğrudanmı niyyəti
başqaydı, ancaq bir gün onun da ayağı ordan kəsildi,
daha doğrusu, qadın qapını arxadan bağlayıb
artıq onu da içəri buraxmırdı. Pis üfunət,
leş qoxusu həmişəki kimi bağlı qapıdan da dəhlizə
vurub dalğa-dalğa bütün evlərə yayılır,
uşaqlar öyüyüb qusur, burunlarını tutub bu bəd,
kanalizasiya qoxulu havadan boğulmamaq üçün
qaçıb həyətə dağılışsalar da,
bayırın təmiz havasından ürəkdolusu udmaq istəsələr
də, bayır içəridən də pis leş qoxuyurdu.
Yanbayan qonşunun boylu gəlini artıq iyrəncəm xəstəliyinə
tutulub xəstəxanaya düşmüşdü. Camaat
neçə dəfə Mİİ-yə, sanepidemiya
stansiyasına şikayət etmişdi. Mİİ-nin
işçiləri də hər dəfə tələsik
küncdəki uzun, ləkəli masanın üstündəki
qəzeti divar hörgüsünə oxşayan domino
daşlarının üstünə atıb səliqəsiz,
necə gəldi yığılmış qalaq-qalaq jurnallardan
birini götürüb vərəqləyə-vərəqləyə
soyuq, laqeyd səslə, – “yadımızdadı, gələcəyik,
imkan tapan kimi mütləq gələcəyik” – desələr
də, iş-gücün çoxluğundanmı, ya o məhəllənin
demaqoqluğuna, qaraçılığına bələd
olduqlarındanmı bunu ləngidir, başları hərisliklə
nərdə, dominoya qarışıb heç cür gəlib
çıxa bilmirdilər. Bu azmış kimi bir gün
bütün evlərdə iri, bədheybət siçovullar
peyda olmağa başladı. Gecələr xarta-xart döşəməni,
tavanı, mebeli gəmirir, qiymətli pal-paltarı
doğrayıb istahatdan çıxarır, hamama, mətbəxə
hücum edir, radio, televizor, elektrik cihazlarını sıradan
çıxarır, telefon, işıq xətlərini kəsib
çeynəyir, elə bil insanlara müharibə elan edib ilk
anda onların xarici mühitlə əlaqəsini qırıb
bütün binadan qovub çıxarmaq, bütün binanı
işğal edib, öz əbədi məskənlərinə
çevirmək istəyirdilər. (Siçovullardan biri bir məktəbli
oğlanın əlini necə dişləmişdisə
sağ əlinin barmaqları quruyub məktəbdə yazı
yazammamış, müəllim təcili həkimə göndərib,
həkim iynə vurandan sonra əli
açılmışdı). (Bu həmin uşaq idi,
qadının qapısına ölü pişik
bağlamışdı). Ancaq qanıqaralıq, dərd-bəla
bununla bitmirdi. Gecədən keçmiş qadının
otağından qopan vəhşi gurultu tappıltı, qab-qacaq
cingiltisi, qulaqbatıran uğultu, xışıltı,
danqıltı qonşuları dəli edir, elə bil qadın
onun xəstəliyinə bais olan qonşuların yuxusuna haram
qatmaq, onlardan hayıf çıxmaq, daim vəsvəsədə
saxlamaq üçün qəsdən gündüzlər yuxusunu
alıb gecələri səhərəcən əsəbi-əsəbi
divarı, döşəməni döyəcləyir, tavanda nəyisə
danqıldadıb gurultu qoparır, evdəki ağır
şeyləri birdən-birə gecələr heysiz vücuduna
gələn pəhlivan gücü, qüvvəsiylə top
kimi yüngülcə götürüb, ya sürütdəyib
cırıltı sala-sala belədən-belə
aparırdı, belədən-belə. Bir şey vardı,
qadının sağlığından nişan verən yeganə
əlamətlər də elə bu əcaib, sinirləri yerindən
oynadan dözülməz səsləriydi və bu əlamətlər,
qadının sağ olmağı qonşulara nə qədər
əzab versə də, kinlərini, hiddətlərini
artırsa da, azca da olsa, onları toxdadır, həyatın,
özlərinin qədrini bilməyə
çağırırdı.
Camaat dözməyib,
yandakı qonşunun başçılığıyla ellikcə
yığışıb Mİİ-yə getdilər,
qışqırıb dava, qalmaqal qoparandan, nazirliyə, şəxsən
prezidentin qəbuluna gedəcəkləriylə onları
qorxudandan sonra Mİİ-nin həmin iki nümayəndəsi də
o vaxt gəlmiş, nə qədər qapını döyəcləsələr
də, hədə-qorxu gəlsələr də açan
olmadığından hirslənib qapını sındırmaq
istəsələr də, lənət şeytana deyib şikayət
dolu zəif, iniltili səsin haradan gəldiyinin fərqinə
varmadan, ya qulaqlarının səsə
düşdüyünü zənn etdiyindən, yoxsa, bu səsi
heç eşitmədən hirsli-həyəcanlı
çıxıb getmişdilər. Aradan üç gün
keçmiş uzun dava-dalaşdan sonra könülsüz, candərdi
gələn həmin nümayəndələr bu dəfə
öz xoşlarıyla gəlmiş, yanlarıyla cavan,
şeşə bığlı, qırmızısifət,
yöndəmsiz bir milis zabiti də gətirmişdilər.
Zabitin bığının bir tərəfi o birindən
yuxarı dayandığından elə bil sifətinin o tərəfi
də yuxarı dartılmış, ona görə sağ
gözü bərəlmiş kimi görünür, elə
bil nəyəsə iztehza ilə gülümsünür, təəccüblənirdi.
Nümayəndələrin birinin əlində nazik, qara
meşin qovluq, o birinin əlində mismar çıxarana
oxşar nəsə qaralırdı. Yanbayan qonşu onların
gəlişini qabaqcadan bildiyindənmi, ya sırf təsadüf
üzündənmi üçünü də dəhlizin
başında qarşılayıb hörmətlə
qadının qapısınacan ötürmüş, gələnlərlə
birkə bir-bir qonşuları danışdırıb,
nümayəndənin əlindəki dəftərə nəyəsə
qol çəkdirib, bu dəfə inamla, qəti addımlarla
yenidən qadının mənzilinin qabağına gəlmişdilər.
Yenə inadla qapını döyüb səs eşitməyəndə
bu dəfə həqiqətən qapını
sındırmağa cəhd etmiş, bu baş tutmayanda yekəpər
milis zabiti gendən gəlib nəhəng qaya tək
özünü ona çırpanda qapı azacıq
aralanmış içəridə nəsə
şaqqıltıyla yerə tökülüb küt,
yumşaq səs çıxarmış, bu gələnləri
açıq-aşkar təəccübləndirmişdi.
Çünki şeylər elə bil döşəməyə
yox, səsudan yumşaq, nəyinsə üstünə
düşmüşdü. Birtəhər eymənə-eymənə
qapının dalına yığılmış stol, stul,
divanı çətinliklə geri itələyib
burunlarını, ağızlarını tuta-tuta bir-birinin
ardınca ehtiyatla içəri keçəndə lap
çaşıb qalmış, bir anlıq özlərini
itirmişdilər. Tavanı-divarı, bütün
otağı sıx hörümçək toru tutduğundan
elə bil otağa qatı duman çökmüş, hər
şey, şifoner, kitab rəfi, televizor, divan, dolab
ölçüsünü, formasını itirib, qatı
dumanın içində itib, ya tutqun, qəribə xəyal,
qaraltı kimi güclə seçilib bayırdan düşən
işıqla ölçülü qara xətt, cizgi, siluetlər
şəklini alır, nə olduğu bilinmirdi. Otağın
lap baş tərəfində, taxtda, üstünə narın
toz qatı çökmüş, boz, ətürpədici nəsə
sısqa çubuq kimi içərisində şişmiş
siçovul meyidi qaralan marqanslı su qoyulmuş vedrənin
qırağına əyili qalmış, tutqun, boz,
sarı-qırmızımtıl ləkələr
düşmüş, aşmalanmış balıncdan,
yorğan, döşəkdən toyuq tükü, pambıq,
yun kilkələri, tikə-tikə doğranmış
cır-cındır qırıqları yataq boyu səpələnmiş,
elə bil külək vurub tən ortada təpə kimi
topalanıb qalaqlanmışdı. Ayaqlarını ustufca
xışıldayan yumşaq, qalın, narın toz qatına,
paltar cırığının, döşəməyə səpələnib
toz-torpağa qarışmış kağız
qırıntılarının, ovuntularının
üstünə basa-basa, elə bil hörümçək
paraşütlərindən qəribə bir aləmə, yad
planetə enmiş kosmonavtlar tək sanki çəkisizlik
şəraitində ehtiyatla yeriyir, bu dəqiqə müvazinətlərini
itirib uçuruma, kosmik boşluğa yuvarlanacaqlarından
qorxub əsəbi-əsəbi əllərinin dalıyla
üz-gözlərini tutan, qollarına, bədənlərinə
sarmaşıb-dolaşıb elə bil onları sıxan, nəfəslərini
təngidən, vaxtilə xilaskarları, indisə həyatları
üçün təhlükə mənbəyi olan bu ipək
paraşüt iplərini – sıx hörümçək
torlarını qırıb, sıyırıb atmaq, tora
düşmüş balıq kimi, sərhədi keçmək
istəyən casus təki ümidsiz bir cəhdlə kələf
kimi bədənlərinə ilişib qalmış bu cərəyanlı
torlardan qurtarmağa, azadlığa, asudəliyə can
atırdılar. Qonşular dəhlizin ayağında
baş-başa verib, kimisi yaylığının ucuyla
ağız-burnunu tutub, üz-gözünü
qırışdırıb qorxu, heyrət dolu dərin maraqla
yarıaçıq qapıdan tozlu-dumanlı alaqaranlıq
otağa boylanır, əlləri üzlərində
ayaqlarının birini götürüb, birini qoyurdular. Təkcə
qıraqdakı kök, lırt bədəninin, qolunun əti
qat-qat axıb tökülən, yenicə, püskürən
palçıq vulkanları xatırladan qonşu onların
arasında yoxdu. Kök bədəniylə balaca
otağında, pəncərənin qabağında kətildə
yayxanıb oturub, bütün çərçivəni tutub tər-su
içində güllü yaylığıyla
qızarmış nəmli gözlərini silirdi.
Aradan üç-dörd
gün keçmiş, yanbayan qonşu qadının yeddisi
çıxmamış (daha doğrusu, onun üçün məclis
qurub üç-yeddi keçirmirdilər. Çünki nə
rəhmətə gedən kimi rəhmətə gedən idi,
qüsl verib, üstündə Quran oxutdurub dəfn edəydilər,
molla camaata üç-dörd-yeddisi, qırxı haqqında xəbər
verəydi, nə qəzaya düşənə
oxşayırdı, heç olmasa bir əzasını
tapıb ondan nişanə kimi bu əzaya əsaslanıb yas
keçirəydilər, ehsan verəydilər. Bir də
dostu-tanışı, qohum-qardaşı, simsarı olmayan,
keçmişi şübhəli, əsəb-nəsəbi
bilinməyən bir adama kimin ürəyi yanacaqdı yas
keçirsin, ehsan versin) onun otağını təmizlətdirib,
köhnə mebellərindən tutmuş, nəyi var
maşınla şəhərin qırağındakı
zibilliyə daşıtdırıb, orada od vurdurub,
yandırıb aradakı divardan qapı açıb öz
otağına qatanda, yaxşıca təmir etdirib düzəltdirəndə
heç kim buna təəccüblənmədi, elə bil bu,
belə olmalıydı, hələ qonşu kecikmişdi. Təəccüblü,
müəmmalı qalan qadının həyatı kimi
ölümüydü. Qadın o ağır şeyləri
ölüm ayağında niyə qapının dalına
yığmışdı. Doğrudanmı, kimlərdənsə
şübhələnir, kimlərləsə düşmənçiliyi
varmış, kimlərinsə gəlib qapını
sındırıb gec-tez onu öldürəcəyindən
qorxurmuş. Ya havalanıb gecəylə
qaçacağındanmı ehtiyatlanıb qabaqcadan özü
öz tədbirini görmüş, böyük bir təhlükənin
qabağını öncədən almaq istəmişdi. Bir
boşqabı götürməyə heyi olmayan bir adam pəhlivan
gücü çatmayan o ağır şeyləri necə
sürütdəyib qapının dalına yığa bilərdi.
Ətürpədici o yataq onunkuydumu? Əgər onundursa, bəs
qadın hanı? Əgər onun deyildisə, bəs qadın nə
vaxt, necə otağı tərk etmişdi? Qulaqları şəklənmiş
qonşuların bundan xəbəri olmamışdı!
Ayağa durmağa belə heyi olmayan ağır yataq xəstəsi
bu halında, soyuqda, qiyamətdə hara gedə bilərdi, necə
gedərdi ümid yeri kimi kimə üz tutardı. Köhnə
bürcmü birdən-birə öləziyən
yaddaşında gün kimi aydınlaşmış, dərdini,
çarəsini ilk gündən əlini üzdüyü həkimdə,
dava-dərmanda yox, şirin, kövrək xatirələrinin
yatdığı o mərhəm bürcdə tapacağına
inandığından o bürcmü hansı qeyri-adi qüvvəyləsə
bütün bədəniylə ona dartılan o qadını
uzaqdan-uzağa özünə çəkmiş, bir-biriylə
birləşib qovuşmuşdular. Ya artıq ölümün
başının üstünü kəsdirdiyini duyduğundan
kimsəyə bel bağlamayaraq ölüm ayağında
özünü ruh kimi səssiz-çəkisiz, kimsənin
gözünə görünmədən qaranlıq döngə
dalanlarla köhnə qəbiristanlığa üz tutmuş,
özü özünümü dəfn etmişdi. Qadın əgər,
doğrudan da, otaqdan getmişdisə, o ağır şeyləri
necə qapının dalına qoymuşdu. Bunun
üçün gərək o iki adam olaydı. Biri
çıxaydı, o biri həmin şeyləri yenidən
sürütləyib qapının dalına yığaydı.
Onda səs-küyə, tarap-turupa qonşular dəli olub
hövüllü-hövüllü bayıra
daşdanmazdılarmı. Ya bunu ancaq gözəgörünməz
ruh mələk edər, sehrkar, tilsimkar bacarardı. O pis
üfunət qoxusu, quduz siçovullar necə olmuşdu birdən-birə
yoxa çıxmışdılar. Onu sinirib axırına
çıxan, vaxtilə sümüklərinə də yerikləyən
o siçovullardamı yaşayırdı, indi o,
siçovullarlamı getmişdi, öz otağından
çağdaş, vəhşi yüzilliyin açı faciəsi
kimi. Elə bil qonşuları qorxuzub çaş-baş
salmaq, ömürlük xofda, vahimədə saxlamaq, son anda həyatın
puçluğunu, faniliyini bütün əyaniliyilə
göstərmək üçün görk kimi
yatağına bir qalaq əcaib, tükürpədici
cır-cındır yığını qalayıb, sanki ruh
olub uçub-gedən, cəsədisə əzəli
varlığına, toz-torpağa, heçliyə
çevrilmiş o qadın sağlığında nə əməlin
yiyəsiydi. Doğrudanmı, vaxtilə saf,
çılğın qəlbli, yerlə-göylə əlləşən,
qanun-qadağa, ölçü-çərçivə bilməyən
qızğın, ehtiraslı bir şairmiş o talesiz, bədbəxt,
havalı insan. İsa kimi aramsız, əzab, işgəncə,
təhqir, tənədən sonra müqəddəsləşib
göylərə uçmuş, görk kimi o toz-torpaqdan,
heçlikdən savayı özündən heç bir nişanə
qoymayıb getmişdi.
Qonşuları indi
keçmişin qanqaraldan, ürək bulandıran hadisəsi,
inciklik, giley-güzar, pis üfunət, leş qoxusu, quduz
siçovullar yox, bu qəribə, macəra
düşündürür, xofdan-vahimədən bütün
bədənləri tir-tir əsə-əsə özləri də
gözləmədikləri təəssüf, xəcalət,
peşmançılıq hissi, acı üzüntü
ağır daş kimi ürəklərinin başından
basıb əzir, elə bil bu neçə ildə nə qədər
əlindən dad çəksələr də, haradasa
üz-gözləri öyrəşdiyi doğma bir adamın,
ya vərdiş etdikləri, bəlkə də əyləndikləri
xoşagəlməz bir tamaşanın müəmmalı
yoxluğuna ürəkdən ağrınıb, eymənib bu
neçə gündə özlərinə gələ bilmir,
elə bil o müəmmalı, havalı qadın onları
onsuz da bildikləri bir şeyə də, talenin hökmünə,
ölümün çox da uzaqda yox, qaşla göz
arasında olduğuna bir daha inandırdığından əl-ayağa
düşüb sağkən ölümdən sonrakı həyatlarını
yaşayırdılar. Elə bil qadın
sağlığında onların həyata çevirdiyi
üzlərini indi güzgüdəki əksi kimi yoxluğa,
heçliyə çevirmişdi.
Əli HƏSƏNLİ
525-ci qəzet.- 2010.- 3 iyul.- S.28.