ORALARDA KİMLƏR VAR: Joze Saramaqo-2
Öncə qısa bir xəbər
:Ədəbiyyat sahəsində Nobel mükafatına layiq
görülmüş məşhur portuqal yazıçı
Joze Saramaqo 87 yaşında vəfat edib. “Reuters” agentliyinin
verdiyi məlumata görə yazıçı Kanarya
adalarındakı Lanzarote qəsəbəsindəki evində
gözlərini əbədi yumub. Joze Saramaqo son vaxtlar
ağır xəstəlikdən əziyyət çəkirmiş.
JOZE SARAMAQO KİMDİR :
Lissabon
yaxınlığındakı Azinhaga kəndində yoxsul kəndli
ailəsindən anadan olan Joze Saramaqo sonradan ailəsi ilə
birgə köçdüyü Lissabon şəhərində
təhsil alıb, kasıbçılıq üzündən
təhsilini yarımçıq qoyub. Makinaçı
ixtisasına yiyələnib. Diaro və Lisboa qəzetlərində
texniki rəssam, redaktor, tərcüməçi işləyib.
İlk əsəri olan “Günah ölkəsi” romanı 1947-ci
ildə işıq üzü görüb.
Yazıçının ən məşhur əsəri olan
“Korluq” əsasında bədii film də çəkilib.
1998-ci ildə Nobel
mükafatına layiq görülən Joze Saramaqo 2009-cu ildə
Avropa Parlamentinə seçilmək istəsə də,
seçkilərdə uğur qazanmayıb.
Yuxarı-aşağı 15
kitabı türkcəyə çevrilən Saramaqo dünyada
tanınan bir yazar. Son olaraq “Ölüm Bir Varmış, Bir
Yoxmuş” adlı kitabı türk dilində çap edilən
Saramaqo ilə bir gəmidə gəzə-gəzə
görüşdük. Usta romançı dünyanın
pisliyə doğru gedişindən Pessoaya, demokratiyadan Avropa
Birliyinə qədər bir çox məsələdə suallarımıza
cavab verdi. Oxucuların çox azaldığını
söyləyən bu dünyəvi yazarı daha nələr
narahat edir?
–Bu korluq fikrinin ortaya
çıxması çox bəsit olmuşdur əslində.(
birinci yazımıza baxın.T.A.). Bir yeməkxanada
oturmuşdum. Sifarişimi verib gözləyirdim. Bir anda qafamda
bir sual məni narahat etdi: Ya hamımız kor olsaydıq, –
düşündüm. Həmən öz-özümə
cavabı da tapdım, zatən onsuz da koruq, – dedim. O roman belə
doğuldu. Hamımız kormuşuq, insafımız
qalmamış kimi yaşayırıq. İnsanlar zəki
olanları görməyə dözmürlər.
İnsanlığın ilk dönəmlərində zəki
olmaq kəşf edildiyində belə zəkalı olanlara
dözməyiblər. Onun üçün də dəli
oldular. Hələ də o dəlilik davam edir. İnsan dediyimiz
o xaliq ağıl xəstəsidir. Əgər elə
olmasaydı, dünya bu ankı vəziyyətdə
olmazdı.Bu dünya düzənini bu vəziyyətə gətirən,
hər halda, ağlı başında bir ruh işi deyil. Məsələn,
eqoizmi düşünək, hirsi, dini inancları
düşünək. Baxın, bütün bunları
düşündüyümdə insan oğlu ağıl xəstəsi
bir varlıqdır, – deyə bilərik. Bir də belə bir
şey var: Biz məntiqimizi məntiqli olan insanların
qarşısında göstərə bilərik. Əslində
bizim yaşamağa haqqımız yox kimi. Sonuc fəlakət,
fəlakətə sürüklənər bu iş.
Yaxşılığa doğru heç bir şey
görmürəm. Orada-burada bəzi sevindirici şeylər
ola bilər. Amma həyata yeni bir anlam qazandırma məsələsində
heç bir irəliləyiş yox. Bir də elə qəribə
təzadlar var ki, insanın gələcəyə heç bir
ümidi qalmır. Mən hələ Türkiyəni tam gəzə
bilməmişəm, amma hiss edirəm ki, Türkiyədə
bir-biriylə dil tapa bilməyən, bir-birinin əksinə
kürək çəkən güclər var ki, bunu anlaya
bilmədiyimi deyə bilərəm. Böyük topluluqlar
halında yaşayan insanların heç bir ortaq dərdləri-sərləri
yoxmuş kimi görünürlər...
–Sizcə səbəbi nədir
bu yabançılaşmanın? İnsanlar getdikcə daha
çox yalqızlaşırmı?
–Yalqızlıq və yabançılaşma
artır. Biz başqasını özümüz kimi tanıya
bilsəydik, məsuliyyətləri, haqları olan biri kimi
görsəydik, mən başqasına hörmətlə
yanaşsaydım,o da məni saysaydı, hər kəs öz
inancını, düşüncəsini yaşaya bilsəydi...
O zaman anlaşa bilərdik! Bu bir-birini anlamaq şəraitində
ola bilər, amma ortalıqda cəmiyyət və kütlə
var, o zaman bu çox zor. Yenə də ən başlıca səbəb
bu: kütlələri idarə etmək asandır, onlarla dil
tapmaq olar. O zaman o kütlənin içindəki fərdlər
də fərd olaraq təkbaşına
çalışmağa çox meyl etməz. Neyçün
başqası mənim düşmənim olsun ki? Nədən
bunu qəbul etməliyik? “Bizdən olmayanlara ölüm”- deyərək
yaşaya bilmərik ki! İndi bəziləri “kafirlərə
ölüm”- deyir. Niyə ölsün kafirlər? Heç bir
çocuk, bəbək anadan dindar doğulmur. Məsələn,
heç boynunda xaç doğulan uşaq
görmüsünüzmü? Yeni doğulmuş uşaqlar
azad doğulur. Bir bəbək doğular, amma vicdanı və
mənliyi hələ bitkin olmaz, bax, əsl azadlıq odur.
Böyüdüyü zaman ətraf mühit onu
başqalaşmağa məcbur edər. Yəhudi isə
sinaqoqa, xristiandırsa kilsəyə, müsəlmansa camiyə
götürürlər. Yaxşı bunun anlamı nədir?
Tanrının varlığına inanırsınızsa, bir
olmasına da inanmalısınız. Tanrı birdir. Onun
Tanrısı, bunun Tanrısı deyə bir şey yoxdur.
Tanrı varsa, məncə bir dənədir. Hər kəsin
qafasında fərqli Tanrı olduğunda bizdən
olmayanları başqası elan edirik.
–Bu cür bir-birinə
düşmən olan insanların yaşadığı
dünyada ədəbiyyatın vəzifəsi nə olacaq?
–Yox, yox, ədəbiyyat
dünyanı dəyişdirməz.Tərsinə, dünya ədəbiyyatı
dəyişdirər. Çox şükür ki, belə olur,
çünki bu, ədəbiyyatın canlı bir varlıq
olduğunu göstərir. Yazarların da digər bütün
insanlar kimi həyat haqqında fərqli görüşləri
vardır. Fərq budur: yazarların istedadı var və bunu
yazıya çevirirlər. Oxucular da onlara ya qatılar, ya da
qatılmaz.Amma dünyanı dərdlərdən qurtara bilmərik.
–Portuqaliyada bir kitabxana
toplantısında elədiyiniz çıxışda “Oxumaq hər
zaman xüsusi seçilmiş adamlar üçündür, hər
zaman da elə olacaq. Hər kəsdən oxuma tələbində
ola bilmərik”- dediniz. İnsanları zorla oxumağa təlqin
etməyin dəyəri olmadığı və
yararsızlığını söyləyərək
çoxlarını çaş-baş saldınız. Bu
fikrinizin əsasında hansı düşüncə var?
–Yəni burada doğru olmayan
nədir ki? Mən olanı anlatdım. Əsl oxucu azdır.Məsələn,
Türkiyədə kitablar hansı tirajla çıxır?
Son kitabım iki min çıxmış.Türkiyədə
təxminən 70 milyon insan var. İstanbulda 17 milyon insan var. 17
milyon insan üçün bir kitab iki min çap olunur.
İndi qalxıb da kimsə deyə bilərmi ki,oxumaq fərdi
iş deyil.İndi bir kitabı 20 min, 2 milyon çap edə
bilərsiniz,bu olmaz demirəm. Mən bunun əleyhinə getmək
fikrində deyiləm,bu olar özümə qarşı
çıxmaq.Oxumanın daha geniş anlam alması
üçün milyonların xərclənməsi
lazım.Amma bu cür olanda baxarsanız,heç bir uğur əldə
edilmir.Məncə, əsas məsələ məktəbdən
başlayır, ibtidai sinifdən. Hər şeyə ordan başlamaq
lazımdır.Universiteti bitirən insanların çoxunun
dünyadan xəbəri olmur.Amma bu günah heç
universitetin də deyil. Məktəb təhsili bütün bəlaların
başında gəlir və ordan başlanır hər
şey.İnsanın bütün gələcəyi orda həll
olunur.
–İroniya və xəyal
hardasa bütün əsərlərinizdə qabarıqdır.
Bunun əsasında həyata baxışınızmı
durur?
–Tam kəlləmdən, tam kəlləmin
içindən gəlir bütün bunlar; ironiya və xəyal.
Dünyaya baxıram, beynimdə götür-qoy edirəm. Həyat
təcrübəm var, bir şeylər öyrəndim bu həyatdan.
Gələcəklə bağlı arzularım da qafamın
içində. Bu qafa elə bir qafa ki,onunla rəsm də
çəkə bilirsən,musiqi də bəstələyə
bilirsən, roman da yaza bilirsən.
–Həqiqətlərdən
yuxarıda duran “xüsusi” bir marağınız olduğunu
söyləyə bilərikmi?
–Xeyr, həqiqətdən
üstün heç bir marağım yoxdur. “Rikardo Rəisin
Öldüyü İl” romanında məsələn. Mən
buradakı obrazın gerçək bir insan olduğunu deyə
bilərəm. Adam ölüb, əslində, mən onu
dirildirəm. Dirilib geri gəldiyində bizlərdən biri
olur. Mən onu canlı bir obraz olaraq
danışdırıram. Yeni olmayan bir şeylər kimi yox, həqiqi
insanlar kimi, əli-ayağı olan adamlar kimi. Türkcəyə
çevrilən son kitabım “Ölüm Bir Varmış, Bir
Yoxmuş” son dərəcə ironik bir kitabdır.
İçində yumoristik ünsürlər var. Ölüm
və yaşlılıq haqqında yazılmış bir
romandır. Başınıza gələcək ən pis
şey ölümün yox olmasıdır.
–Sizinlə bağlı məlumat
toplarkən 5 cildlik bir gündəliyiniz olduğunu öyrəndik.
Heyf ki, bu gündəlik hələ Türkiyədə
çap olunmayıb. Bu işinizi hələ də davam
etdirirsinizmi? Siz bu işə başlayanda onu bir ədəbi
janr olaraqmı görürdünüz, yoxsa sadəcə bir
gündəlik yazdınız?
–1993-dən 1997-yə qədər
gündəlik qeydlərimi yazırdım. Bəli, bu gündəlikləri
bir yazarın gündəliyi olaraq yazdım. Amma bir insanın
şəxsi şeylərini və hisslərini
yazdığı kimi bir şey deyil bu.
–Türk oxucuları və
yazarları tərəfindən ən çox tanınan
portuqaliyalı şair Fernando Pessoa. Sizin də Pessoaya
bağlı “Rikardo Rəisin Öldüyü İl” adlı
bir romanınız var. Bir lissabonlu olaraq dilinizin böyük
ustası Pessoa ilə hansı bir münasibət var aranızda?
–Çox önəmli bir
şair. Mən onu çox yaxşı oxuyuram. Amma onunla
başqa bir yaxınlığımız daha var: Mənim ilk
tanıdığım Pessoa soyadlı şair Fernando Pessoa
deyil, Rikardo Rəisdi. Mən də gəncdim o zamanlar, həqiqətən
Rikardo Rəis deyə bir şair var zənn edərdim.
Oxuduğum şeirlərin ona aid olduğunu
düşünürdüm. Bir neçə il sonra Rikardo Rəis
deyə birinin olmadığını, bu şeirlərin
Fernando Pessoaya aid olduğunu öyrəndim. Fernando Pessoanın
əsərlərindən biri məni çox təsirləndirmişdi.
O zaman 18-19 yaşlarındaydım. Beləydi: alim adam həyatın
ona bəxş etdikləri ilə xoşbəxt olan
insandır. Bambaşqa fikirlər vardı qafamda və o zaman
başa düşdüm ki, həqiqi alimlik olanları izləməkdən
keçmir. Aradan çox sənələr keçdi.
Dünyada olanları seyretmənin kifayət etmədiyini ortaya
qoymaq üçün “Rikardo Rəisin Öldüyü
İl” kitabını yazdım. Mən bax, o zaman Rikardo Rəisə
soruşmağa qərar verdim. Həqiqətən dünyada
olanları seyretmənin alimliklə bir əlaqəsi varmı?
Eh, bax indi cavabını görürsünüz. Buyurun baxaq,
dünyada nələr baş verir? Bu nə cür bir
alimlikdir?
–“Korreria Della Sera”dakı
yazınızda “Orhan Pamuk kimi bir yazar ölüm təhdidləri
nədəniylə Türkiyəni tərk etməyə məcbur
edilir, ortada nəsə var demək. Asiyanı içimizəmi
soxacağıq? Hər kəs Avropalıdırmı?
Türkiyə necə Avropa ola bilir?”- demişdiniz. Hələ
eyni fikirdəmisiniz?
–Bəli, eyni fikirdəyəm.
Buna inanıram, həm də çox adi bir səbəbdən:
Türkiyənin Avropa olması lazım deyildir ki! Türkiyənin
Avropa olmağa heç ehtiyacı yox. Türkiyə
böyük bir ölkə. Hər şey burada doğdu zatən,
böyük bir mədəniyyətiniz,
kültürünüz var. Avropa ilə qeyri-adi əlaqələriniz,
münasibətləriniz ola bilər. Ticari, mədəni, hər
cür münasibət yarada bilərsiniz. AB-yə girmək sizə
heç bir şey qazandırmayacaq ki! Buraya hər kəsin
xoşuna gələcək şeylər söyləməyə
gəlmədim. Söylədiklərim bəzilərinin
xoşuna gəlməyə də bilər. Amma mən
düşündüyüm şeyləri deyirəm.
Son
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 3 iyul.- S.27.