Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

MÜCAHİDLƏRƏ

 

Hökuməti-müstəbidənin ümdə əsasi ki, onun üzərində payidar oluyor, ağalıq və qulluqdur, o da bu şərtilə ki, qul mümkün dərəcə zəlil, miskin, hər bir hüquqdan məhrum, ağa isə, sahib, külli-ixtiyar və hakimi- ələləttəlaq olsun:

İştə bunun üçündür ki, hakim və hökmdari- müstəbidlər bu əsası möhkəmləşdirmək üçün təbəəsi olan milləti qulluğa ögrəşdiriyorlar, yəni öylə bir təzyiqedici şərtlər ilə buruyurlar ki, hər bir əfradi-millət qulluğa və əksərən çox da alçaq qulluğa haq-nahaq məcbur oluyor. Bu şərtləri yaratmaq üçün hökuməti-müstəbidə hər bir yaxşı və yaman vasitələr ilə istifadə etməgi bir dəm gözdən kənar qoymuyor və yaradılmış şərtləri, “qanun” adlandırıb, əli qılınclı gözliyor ki, bir kəsin haman “qanun” dairəsindən qədəm kənarə qoymağa cürəti olmasın! Bir kəlmə bir “sirq”çi, öz ixtiyarı ilə gün keçirən bir meymunu özünə fəraş (lakey), ayını qoca kişi, fili-rəqqas, pişgin aşbaz etməküçün tutub onları “təlim” (dresirovka) edən kimi, hakim müstəbid dəxi təbiətində hürr və azad yaradılmış olan insanı əbd və qulluq üçün tərbiyət ediyor, iştə bizim hamımız az-çox (dresə) lənmiş quluz!....

On illərcə, yüz illərcə davam edən istibdad tərzi-idarəsi təbiidir ki, əhaliyə təsir edib əksər insanların lap xilqətinə sirişt olur. O səbəbdəndir ki, hökuməti-müstəbidə təbəəsi olan əhalinin hər bir fərdi baxırsan ki, lazım olan yerdə hökmlü, məğrur və mütəkəbbir bir ağa və icab edərsə, bir saətdən sonra da ən alçaq bir qul vəzifəsini gözəl-göyçək ifa etməkdə layiqincə mahirdir. Hər bir fərdin “iliginədək işləmiş olan” bu adəti-səqimə getdikcə insan üçün bir sifət olub, axırda: ağalıq-qulluq idarəsi idareyi-məşrutəyə mübəddəl olduqdan sonra da o sifəti tərk etmək bir xeyli müddət hər kəs üçün müşkül oluyor. Birinci dəfə açılmış parlament də sabiqdə mənsəbdar olan bir məbus özündən kiçik digər bir məbusu özü ilə həmsöhbət görüb, bilaixtiyar ağalığını yadına salır, digər məbus isə “özündən böyük” görüb haman dəm bir qul sifətinə girməməgi müğayiri-ədəb hesab ediyor. İştə bu şəkildə olan parlament əlan İran Məclisi-Millisidir ki, oranı bilmiyən görmüş “bir İran kəndlisi” “İrşad”ın 274-ncü nömrəsində tərif edibdir. Bizim də birinci dumamız da aladinlər, anikinlər və bir çox sairləri kimi sahibi-ittila və cəri adamlar olmasa idi, dumamız indiki İran məclisindən uzaq qalmazdı. Əlan rus millətinin hökumət ilə etdigi bu mübarizənin bir bu qədər zəval çəkməsinə dəxi səbəb müstəbidiyyətin bir çox qəlblərdə kök salmasıdır. Rus ədibi-şirlərindən Menşikov kimlərinin də bu azadlıq hərəkətinə “gədaların və ərzəl kimsələrin hökumət və ixtiyaratı qəsb və zəbt etmək tame” adlandırmasını da bir bu qədər zaman hökmfərma olan müstəbidiyyətin dərin təsirindən görməlidir-zənn ediyorum....

O ki, qaldı biz qafqazlılara və ələlxüsus, biz Qafqaz müsəlmanlarına istibdadın Asiya və Avropa istibdadının atəşi-cansuzinə yanan və kəsif zülmətinə giriftar olan hamıdan artıq biz olmuşuq. Ona görə də hamıdan artıq qul olan da bizik. İran və Osmanlı istibdadi biz Qafqaz müsəlmanlarını özlərinə qul edib, sairləri üstündə ağa olmağı öyrətdi. Rus istibdadı isə bizi ağalıq adətini tərkə məcbur edib, qulluq sifətimizi daha da artırdı və bundan masəva mədəniyyət və məarifi-həqiqi kimi qul-ağalığın bütün murdar və millət üçün aqibəti möhlik nəticələrini aşkar edən vasitələrdən bizi kəmali-ədalət ilə məhrum edib, bununla qulluğumuzun üstünə cəhaləti dəxi əlavə etdi. Qonşularımızın mədəniyyət və maarif tərəfinə az-çox müsaid yolları var idi, onlar bu yollar ilə istifadə etdilər və bunun sayəsində öz əhvali-mövsifələrindən xəbərdar oldular. O səbəbdəndir ki, qulluq və əsarət iplərinin biri qırıldıqca, onlar sərvərə gəlib digərlərini dəxi qırmaq üçün dartınırlar. Biz isək-heç bir qırılan ip ilə istifadə etmək xəyalında belə olmuyoruz. Çünki, cahılız, nadan olduğumuzu anlamıyoruz. Biz bu əhəmiyyətli zamanda dəxi öz-özümüzdən xəbərdar degiliz. Halbu ki, bu gün-sabah idareyi-milliyyədə iştirakə qədəm qoymalıyız....

“Millət oyanıbdır”, “millət öz xeyir və şərrini anliyor”, “millət dəxi qoyun sürüsü degil”: iştə bu sözlərdir ki, gah mətbuatda, gah aramızda hər dəm bir məmnuniyyət ilə istemal olunur. Bu sözlər əlbəttə xoş söz olub, öz-özlügündə şayani-məsərrət və məmuniyyətdir. Lakin şayani-məmnuniyyət olan bu sözlər müvafiq həqiqətdirmi, yoxsa quru təskinlik və ya moda kəsb etmiş təbirlərdirmi? Məncə bu sözlər hələ həqiqətə heç müvafiq degildir. Moda və ya təskinlik də olmasa, adamın öz-özünü aldadan sözlərdir. Və illa səbəb nədir ki, biz Qafqaz müsəlmanları iki-üç ildir davam edən bu inqilabat, bu hərəkati-hürriyyətcüyanənin ağzı açıq tamaşaçısı olmuşuq. Əhəm olan bu hadisati-əziməyə dair öz münasibat və mərbutimizi hələ indiyə qədər təyin etməmişik?! Bu fəqərəi-mövsifəni nə ilə bəyan etmək olar ki, Rusiyanın, dövlət mətbuəmizin aləmcə böylə əhəmiyyətli bir zamanda ki, bütün millətlər yeni bir həyat və məişəti-həqiqiyə girmək üçün ikinci dumaya sürətlə hazırlanırlar və bunun üçün təmadi-əfkar və şərri-əxbar vasitə olan qəzetələrin hər bir sözünə kəmali-huş və guş ilə qulaq veriyorlar. Və lazım olan yerdə öz rəy və təsəvvürlərini haman qəzetələr üzərində ifadə və izhar edib həqiqəti arayırlar.

Bizim altı milyonlu millətimizin cəridəyi-vahidəsi olan “İrşad” bu zamanda dumanın ertəsi günündə müştəri azlığından bağlanmağa məcbur olacağını bildiriyor...!

Bu nədir? Naqabil rəddi- bir dəlil degilmidir. Ki, bizim millətimiz hələ quldur, cəhalət və qəflət xabinə aludədir! Doğrudur əlan millətimiz içində cüzi bir hərəkət müşahidə olunur.

Və erməni-müsəlman ixtişaşatı da millətimiz üçün böyük bir zərbə olub onun göz açmasına səbəb oldu. Lakin bu açılmış gözlər o qədər yuxulu, o qədər kəsalətli görünüyor ki, bir də təkrar yumulmağına şübhə qalmıyor.

Əhməd bəy Ağayev cənabları millətin müşahidə olunan bu cüzi və əsasən boş hərəkəti bir ilanın, yaxud bir yırtıcının yatdığı yerdə kənardan narahat olub baş qovzamasına və narahatlığ rəf olduqdan sonra təkrar başını yerə qoyub arxayın yatmasına təşbiyə ediyor. Əhməd bəy cənablarının bu təşbihi millətimizin halını çox gözəl təsvir ediyor. Şübhəsizdir ki, bu cüzi hərəkət əsassız və müvəqqəti bir vaqeədir ki, davamına səy olunmasa bu gün-sabah sönüb yatacaqdır. Əgər bu hərəkət, bari heç olmazsa bir beş il bundan əqdəm başlanmış olsa idi, bu bizim üçün vaqeən bir təsəllibəxş bir ümid qəvi olardı. Lakin imdi nə zamandır? Sabah idareyi-milliyyə təsis olunur. Millət üçün meydan açılır. Burada uşaq kimi addım atmaq zamanı degildir, qəhrəman kimi yürüməgə amadə olmaq vaxtıdır. Sairlərindən geri qalmaq dəxi yaramaz.

Bunun üçün, ay millət mücahidləri, ay cəmiyyətlər, ittifaqlar! Əvvəlcə bir özünüz tərpəniniz ki, kəsalət rəf olsun, ondan sonra da yatmış millətin yaxasından yapışıb silkələyin ki, ayılsın. Əgər ayılmağına etiqad ediyor isəniz çalışınız ki, təkrar yatmasın. Ona təqyin ediniz ki, imdi, bu əsrdə kral və ağalıq zamanı yaraşmıyor. İmdi mübarizəyi-həyatiyyə zamanıdır. Qəsb edilmiş hüquqları geri almaq zamanıdır ki, o hüquqlar sayəsində insan kimi imrari-həyat etmək mümkün olsun! Əgər əfradi-millət öz cəhaləti bərəkətindən sizi dinləmək istəməzsə, siz ondan əl çəkməyiniz, onu sizin sözünüzü virdi-zəban etməgə və o sözlərə müvafiq dolanmağa məcbur ediniz. Sonra onun özü sizə minnətdar olacaqdır. Lakin şitab ediniz böhranlı zaman əsl imdidir!

 

Üzeyir

“İrşad”, 3 dekabr 1906, ¹ 277

ələləttəlaq- mütləq

fəraş-döşək, yataq

əbd-kölə

sirişən-xilqət, təbiət

şir-məcazi: qorxmaz

ərzəl-rəzil

tame-tamahkar

təmadi-davam edən

 

Ordan-burdan

 

Türkdə bir məsəl var ki: “Eşşəyə gücü çatmaz, palanını toqqaşlar!”

Bu çox yaxşı məsəldir və hər bir bisəmərə və bivec vicudi bir qara citə dəgmiyən adamların tərifnaməsidir.

Bu cür adamlar çoxdur və hər bir yerdə onları tapmaq çətin əməl degildir. Çünki, öz-özlərini haman dəm bildirirlər. Bunların içində “sahibi-mənsəb” adamlar da olur ki, özündən bir mərtəbə böyük adamın hər bir qapazını qəbul eləyib, özündən “balaca”sını görən kimi acığını ondan çıxır. Bunların içində sayə adamlar da olur ki, evdən çölə çıxan kimi, onu hər yerdə qapazlıyorlar, yada ki, qumar oynıyorsa, tutub min biclik ilə onun olub-qalan pullarını udurlar, o da acığından evə qayıdıb, tutub arvadını dögür və deyir ki: sənin ayağın mənə düşmür!...

Rusiyanın vəzir-vüzürəsi dəxi bu saət haman “eşşəyə gücü çatmayıb, palanını toqqaşlayan” adamlardandırlar. Buna yaxşı dəlillərin biri odur ki, Lidval adlı bir dələduz, daxiliyyə vəzəratını tovlayıb bir milyon pulunu alıbdır, daxiliyyə vəzarəti də gəlib ac Qarabağı tutubdur ki, gərək bizə on iki min manat pul verəsiniz!...

Amma mən sənə deyim, onları qınamaq yoxdur.... Çün ki, kişilər qarıxıbdırlar....

 

***

 

Mən belə güman eliyoram ki, bizim millət üçün çalışan adamlarımız dəxi qarıxıbdırlar. Çün ki, bunlar özləri diyorlar ki, bizim müsəlman milləti bərk yatıbdır, amma bununla belə yatmışı oyatmaq üçün heç bir şey qayırmıyorlar, məgər-inke, kənarda oturub, öz-özlərinə zaylanıyorlar. Amma sairlər və əzin cümlə erməni çalışanları o vəqti ki, öz millətini oyatmaq istədilər, haman saət durub milləti qıdıqlamağa başladılar və bununla da kifayət etməyib başına bir vedrə də “soyuq su” tökdülər. ......... Məzəli burasıdır ki, bəzilərimiz, millətdə bir qədər hərəkət görüb əl çalırlar ki, bəli, millət oyanır, daha bunu anlamıyorlar ki, millətin bu hərəkəti oyanmaq degil, bəlkə odur ki, indiyə qədər millət sağ tərəfi üstündə yatmışdı, indi də qımzanır ki, çevrilib sol tərəfi üstündə yatsın ...

Amma nə eləmək, qoy yatsın. Əlbət bir vəqt olar ki, oyanıb görərlər ki, el köçüb heç yurdu da qalmıyıbdır!...

 

lll

 

Yuxarıda erməni sözü dedim yadıma “Mışaq” ilə “Yerkir” qəzetəsinin çırpışması düşdü. Bəli, bir vəqt vardı ki, dünyanın o üzündə də, bu üzündə də biz müsəlmanlara lənət oxuyub diyordular ki, a flan flan şödələr, neçün bu məzlum erməniləri qırırsınız!... Biz də and içirdik ki, aman eliyirdik ki, bəs bizim xəbərimiz yoxdur, filandır. ... Qərəz mətləb uzundur. Amma indi şükür olsun Allaha ki, paxırın üstü açılıbdır və hər nə biclik var idi, hamısı meydandadır və bundan savayı qırğın salanların özləri də, yəni “mışaqlılar” və “yerkirlilər” öz-özlərini lap soyundurub lüt-üryan eliyirlər ki, ta heç kəsdə şəkk və şübhə qalmasın!

“Mışaq” “Yerkir”ə diyor ki, siz daşnaksütyunlar hamınız quldursunuz, qatilsiniz. “Yerkir” də “Mışaq”a cavab verir ki, siz də danosçusınız, provakatorsunuz! Bunların ikisi də doğru deyir. Adam gərək insafdan keçməsin, daşnaksütyunların quldurluğuna, qan içiciliginə, arvadbazlığına və həmçinin “Mışaq”ın da danosçuluğuna, böhtançılığına, fitnəçiliyinə heç kəsin sözü ola bilməz. “Kişilər” indiyə kimi öz əməllərini yerinə yetirməgdə qabil durmuşdular. İndi ola bilsin ki, bir qədər yorulubdurlar. Amma bəlkə də genə “mabədi var” hə, onu deyəcək idim ki, görəsən Əmirxanyans kirvə nə qayırır, əhvali necədir. Gənədəmi erməni qəzeti oxuyurmu, oxuduqca utanıyormu, utandıqca qızarırmı, qızardıqca bozarırmı, bozardıqca nə qayırır? ... Yoxsa heç vecinə degil? ...

 

Filankəs

“İrşad”, 6 dekabr 1906, ¹ 279

 

 

KİM NƏ HAYDADIR?

 

Vətənimiz olan Qafqaz Rusiyaya ilhaq olandan bəridir ki, “ruslaşdırılmaq” amali-nifrətəngizi üçün bir meydan olub get-gedə öz-özlügünü itirməkdə idi. Ölkənin tərəqqi və təməddün üçün təbii olan yolları kəmali-ehtimam ilə bağlanıb, əvəzində süni və saxta bir yol çəkilmişdi ki, onun axırı da “rusluq” adlanan kəsif bir yerə çıxırdı. Hər kəs ki, tərəqqi və təməddün arzusu ilə bu yol ilə gediyordu, axırda baxıb görürdü ki, lap “rus” olubdur. Keçmişdə onu əhatə edən şeylər və qəlbində oyanan hisslər imdi ondan ötrü yad və biganə görünürdü. Qul təbiətində olanlar, əlbəttə, özlərinin bu nəhvilə dəgişilmələrinə qarşı heç bir təəccüb və ya ənduruni bir etiraz etmək fikrində olmuyub, bəlkə də minnət çəkirdilər ki, imdi “prosveşşonni” (sahibi-mərifət) adam olubdurlar. Lakin obirilər, yəni hürriyyət və azadi-əfkara mayil olanlar isə bu kibi qaidələrə təəccüb və heyrət ilə baxıb xoşlanmıyordular və bu əhvalatı təhti-intiqada alıb nəticədə mərifət və mədəniyyət əvəzində şübhəli bir şey görürdülər ki, bu da “rusluq”dan ibarət idi. Ruslandıranlar ruslaşdırılmışlar ilə bir yerdə bəzilərinin bu fikrini duyub və tərəddüdlərini müşahidə edib, haman dəm onları şaşırtmaq və gələcək əfkar və hərəkati-hürriyyətpərvəranənin qabağını kəsmək üçün hər bir növ vasitələr ilə inandırmaq istəyirdilər ki, bu rusluğun əhali üçün böyük nəfi vardır. Çün ki, bunun adına “kultura” və “prosveşşeniyə” (yəni mədəniyyət və maarif) deyirlər. Lakin bu sözlər əqlə batan olmadığına görə biəsər qalıb şəkk və şübhəni bir qat daha artırırdı. Çün ki, mədəni olmaq ilə “rus” olmağın arasında asimani-zəmin təfavüt olduğu aşikardır. Vəhşi bir zulusu rus etmək olar, amma o genə öz vəhşiligində qalar. Həmçinin haman vəhşi zulusu öz dili, öz ayini vasitəsilə mədəni etmək olar və onun rus olmağına heç bir zərrə qədər də ehtiyac qalmaz. Rusiya hökuməti isə təhti-təbiyyətinə aldığı özgə millətləri və əzoncümlə biz qafqazlıları “kulturni” etmək üçün mütləq rusluğa məcbur ediyordu və indi də bu rəftarına qarşı təşkil olunmaq istənilən məmaniəti hər bir yaxşı-yaman vasitə ilə basıb məhv etmək amalındadır.

Biz rus millətinə düşmən degiliz və “rusluğu” və kəza “ruslaşdırmağı” pisləməgə bizi vadar edən təəssübü milli degildir. Rus olmaq, erməni olmaq, yəhudi olmaq əsasən iqtizai və cəddaniyyədən asılı bir şeydir. Özümüz də Allahülhəmd, hürriyyəti-vicdan tələb edənlərdəniz. Lakin “ruslaşdırmaq”a qarşı qəlbimizdə mövcud olan bu nifrət əsasən hökumətin bizə nisbət rəva gördügü əməl və rəftari-cəbriyyəsinə qarşıdır. Hökumət öz əsil rus millətinə vermiş olduğu bəzi hüquqdan bizi məhrum edib, yəni insana layiq olan heysiyyat və məişət təriqini bizdən ötrü daha artıq müşkül və çətin bir hala salır. İndiyə qədər felən və qövlən bunu təkrar ediyordu. “Din və milliyyət və adətini tərk edib rus olsan həyat və məişətini bir qədər yüngül edərəm”. Və bu “yüngüllügə” cəmaəti cəlb etmək üçün öz murdar politikasını get-gedə şiddətləndirib tab və təhəmmülə sığmaz bir dərəcəyə yetirmişdi....

İndiyə qədər dəvam edən rus inqilabi-kəbiri Qafqaz millətlərinin dərrakəli və gözü açıq adamlar üçün böyük bir dəstavüz və rəhbər olub onları bu ruslaşdırılmağa qarşı qiyama təhrik etdi. Hökumətin bütün Rusiya qiyam və inqilabı ilə etdiyi mübarizəsi Rusiyada anarxiya törədən kimi, Qafqazda dəxi öylə bir nizamsızlığın davamına səbəb oldu. Əlan istər bütün Rusiyada, istər bizim Qafqazda nizamsızlıq hökmfərma olub getdikcə şiddətlənməkdədir. Bu nizamsızlıq nə qədər təbiidirsə, genə də “əsil rus” adamlarına, yəni sair millətləri boyunduruğa salıb hüquqlarını ayaq altında tapdalamaq arzusunda olan firqeyi-zülmətpəsəndlərə xoş gəlmiyor. Hamısından yaman olanları dilxor və dilgir edən Qafqaz hərəkati-inqilabcuyanəsidir. Bu axır vaxtda hər yerdə və əzoncümlə bizim Qafqazda “ekspropriyator” adlanan quldurların kilitli bir surətdə icra etdikləri qətl və qarət “əsil rus” adamları üçün bar-bar bağırıb divani hərb-ürfi, diktatura və sairə bu kimi tədabiri- cəbriyyə tələb etməgə böyük bir bəhanə olubdur. Haman “əsil rus” adamlarının cümləsinə iki-üç üzlü “Novoye vremya” qəzetəsinin Qafqaz müxbiri olan Zateryanni adlı bir şəxs dəxi daxildir. Bu adam “əsil rus” olduğuna görə istəmiyor ki, Qafqaz Rusiya inqilabatına iştirak edib qəsb edilmiş hüquqlarını geri ala bilsin.

Buna binaən Qafqazın hər bir inqilab və qiyam asari onu narahat ediyor, onun qəzəbi hamıdan çox Qafqaz ərbabi-hökumətinə tutur. Odur ki, yazdıqları məqalələrində onlardan və ələlxüsus canişini Qafqaz qraf Voronsov-Daşkov cənablarından şikayət edib, dəyişilməsini səlah görür. Məzkur Zateryanni cənabları istiyor ki, Qafqaza öylə bir “ləyaqətli” hakim göndərilsin ki, bu asari-inqilabati məhv və nabud etməgə qadir olsun. Yəni əhaliyə hər nə gunə zülm və sitəmi rəva görəgəksə-görsün, təki Qafqazdan inqilab və qiyam iyi, tozunu yox etsin. Cənab diyor ki: qafqazlılar əvvəldən vəhşi olub indi də hökumətin gücsüzligini duyduqda daha artıq vəhşi olubdurlar. Ona görə əli qırmanclı bir hakim lazımdır ki, gəlib bu vəhşiləri ram etsin!

Cənab bunu da diyor ki: Qafqaz “əsil rus” adamlarının məxsusi evidir. Amma imdi iş ora çatıbdır ki, Qafqazda “əsil rus” adamları qonaq kimi dolanırlar! Mən-diyor-budur məlum ediyoram: əgər Qafqaza heybətli bir amir, bacarıqlı bir hakim gəlib buranı sakit etməsə ol vəqt Rusiya Qafqazı ikinci dəfə təsxir etməgə məcbur olacaqdır.

İmdi bir fikir edin: kim nə hayındadır. Biz nə hayındayız!... Onlar, yəni “əsil rus” adamları bizim hər bir hüquqdan məhrum olmağımıza iktifa etməyib tələb ediyorlar ki, səs çıxartmağa da ixtiyarımız olmasın. Halbu ki, bizim arzumuz zənciri-əsarətdən xilas olub, insan kimi yaşamağa başlamaqdır.

Əlbəttə, onların nahaq yerə çıxırıb bağırmaqları özlərinə qalacaqdır.

İmdi zaman o zamandır ki, tədbiri-cəbriyyə ilə cana doymuş əhalini sakit etmək imkan xaricində bir şeydir. Həqiqətdə əgər “əsil rus” adamları Qafqazın sakitliyini arzu ediyorlarsa, o halda qoy tədabiri-cəbriyyə xəyalını mümkün qədər uzaqlaşdırıb həqiqi və təbii olan vasitələr xüsusunda fikir etsinlər. Bu vasitələr isə-millət arzularının hüsulə gətirilməsidir.

 

Üzeyir

“İrşad”, 12 dekabr 1906, ¹ 283

 

 

ORDAN-BURDAN

 

Direktor Qatilivski....! Adam gərək insafdan keçməsin, bu “kişi” çox zirək adamdır: bu zamanda Bakı kimi müsəlman şəhərində müsəlman uşağını rus eləmək hər bir misyonerin hünəri degildir. Diyorlar ki, bu işi əmələ gətirməkdən ötrü adam gərək qurd ürəyi yemiş olsun.

İndi bilmirəm Qatilivski də müsəlman uşağını qurd ürəyi yeyib rus eləyibdir, yoxsa ac qarına eləyibdir-hər nə isə qərəz eləyibdir. Özü də bu gün sabah zirəklik nişanı gözliyor. Hələ ola bilsin ki, axırdan-axıra Qafqazda papuçitel də olsun.

Belə rəvayət edirlər ki, direktor Qatilivskinin bu hünəri sair direktorlara və ələlxüsus seminariya direktorlarına çox bərk təsir eləyibdir, bilsə ki, onlar çox bikeyf olub öz-özlərinə diyorlar:

“Sən Allah gör təmiz igirmi il zəhmət çək, müsəlmanları öz evlərindən çıxarıb sal rusların içinə, xəzinə pulunu xərcləyib kəlisa tik, məvacib verib keşiş tut, həm gün aşırı bir praznik qurub müsəlmanları doldur kəlisayə “barişna”ları da oraya çağır ki, müsəlman uşaqlarına “skuçni” olmasın,-genə də bir müsəlmanı rus eləyə bilmə. Amma müsəlmanın lap mərkəzində ki, orada müsəlmanlara hətta qəzetə oxumağı da kafir hesab edirlər,-Qatilivski müsəlman uşağını rus eləsin? Və bu gün-sabah da özünə nişan gözləsin?

Tfu sənə ay bəxt!!

Yazıq direktorlar! Görünür ki, sizin bu “müsəlman mərkəzi”nin içindən heç xəbəriniz yoxdur ki, burada hərçəndi müsəlman çoxdur, amma......

Ta dalısını demək istəmirəm.

 

lll

 

Qatilivski özü rusdur və bu zirəklikdə ki, ondan çıxıbdır, buna dəlildir ki, rusların içində çox zirək adamlar vardır. Məsəla: hamıya məlumdur ki, keçən il yaponlar rusları dögdülər və bu ildə istiyorlar ki, tazədən dögsünlər, amma bununla belə genə zirək ruslar yapondan qorxmuyub diyorlar ki, zərər yoxdur, qoy yapon gəlsin, onu “papaq tulamazdısı” ilə qovarıq!

Əlbəttə keçən il kimi, bir-iki vaqonda şəkil göndərilsə, yaponun işi lap bitər!

Filankəs

“İrşad”, 13 dekabr 1906, ¹ 288

 

 

“QAÇAQLAR”, YAXUD “ƏŞQİYA”

 

Bu gün qurban bayramında axşam müsəlman teatr dəstəsi Mehdibəy Hacınski tərcümə etmiş alman ədibi- faciənəvisi Şillerin “Əşqiya” (qaçaqlar) nam faciəsini oynayacaq. O cəhətdən lazım gəlirdi ki, bir neçə kəlmə “Qaçaqlar”ın nə olduğunu müxtəsərən bəyan edək.

Qaçaqlar yüz il bundan əqdəm yazılmış bir faciədir ki, onda böyük mülkədar bir qrafın ailəsində ata ilə oğulun, qardaş ilə qardaşın əlaqəsi göstərilir. Faciənin bəhadırı olan Frans kiçik qardaş olduqda ki, məbada mənim böyük qardaşım Karl atam öləndən sonra sahibi-ixtiyar olsun-deyə öz qardaşı tələbə Karlın dilindən növbənöv yalanlar deyib, onu atasından bəri eliyor və sonra atasını dərdə salıb boğur. Sahibi-ixtiyar böyük mülkədar qoca qraf ölmüyorsa da, onu oğlu Frans zindana salır.

Atasından bəri olmuş biçarə tələbə Karl gedib qaçaqlıq edir və dəstənin əmiri olur. Bu ad ilə necə ki, faciə diyor “qanuni tapdalayıb” həqqi peyda edir. İttifaqən atasının zindanının qabağına gəlib atasını xilas edir və öz dəstəsindən onun intiqamını almaq üçün qraflığa adam göndərir ki, qardaşı Fransı diri tutub gətirsinlər.

Frans isə yuxuda qiyamət əhvalatını görüb ki, neçə adam öldürən, fəsad salıb qan tökən məluni Allah dərgahında müqəsir edib ona tənbiyə edirlər. Birdən ayılıb dad-fəryad ilə öz otağına gəlir və orada vicdan ona əziyyət verdikdə davam etməyib ah və zar ilə bir halda Karl öz dəstəsindən göndərmiş qaçaqlar imarəti əhatə edib, od vururlar və içəri daxil olmaq istəyirlər. Frans bu haləti gördükdə laəlac qalıb özünü diri vermək istəmiyor və öz-özünü boğub öldürür. Bu qərar ilə günahkar Frans bu dünyada qisasən öz cəzasına çatır.

Qaçaq əmiri- Karl Fransın cəzasına çatdığını bildikdə özünün oğulluğunu bildirir, qraf əssal ölür. Məhrum Karl öz məşuqəsini də öldürüb sonra özünü bir fəqirin əli ilə ki, ta dövlət o fəqirə pul bağışlasın-deyə divanə verir.

Bunun ilə faciə tamam olur.

Hər bir müsəlman bu faciəni görüb, ondan ibrət götürməgini lazım bilib, bu gün teatra bu faciənin tamaşasına gəlməyə dəvət edirik.

Musiqar

“İrşad”, 12 yanvar 1907, ¹9

əssal – o dəqiqə, dərhal

məhrum – bədbəxt

Üzeyir HACIBƏYOV

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2010.- 3 iyul.- S.20-21.