İki şair haqqında
üç söz
Təzə səslər, nəfəslər
Lənkəranda yaşayan, demək olar ki, qaynar ədəbi mühitidən çox uzaq düşən, heç Yazıçılar Birliyinin üzvü də olmayan, amma İlahidən gələn şairlik istedadı hər hansı bir şeirinin ilk misrasındaca görünən Anar Həbiboğlu... İlk şeirlərindən onu izləyirəm və hər dəfə Lənkərandan Bakıya gəlib çox utancaq, hətta qorxa-qorxa təzə şeirlərini “Azərbaycan” jurnalı redaksiyasına təqdim edəndə düşünürəm ki, kaş bu utancaqlıq, bu çəkinməklik onun bəzi yaşıdlarının və ondan yaşlıların da təvazösünə çevriləydi.
Onun bir kitabı da
çıxmayıb. Bəlkə buna maddi cəhət mane
olur, bəlkə də Anar bu barədə düşünmək
istəmir. Görünür, o, ədəbiyyata kitabla yox,
özünü, istedadının fərdiliyini təsdiq edən
şeirlərlə gəlmək istəyir. Və artıq bu gəliş
baş tutub.
Anar Həbiboğlunun
şeirləri onun öz taleyindən gələn, öz
ömür ağacının budaqlarında günəşə
can atan yaşıl-yaşıl yarpaqlardır. Bu yarpaqlar sevgi,
təbiət, yaşamaq duyğularıyla köklənib. Onun
şeirlərinin tematikası bir çox
yaşıdlarında olduğu kimi o qədər də rəngarəng
deyil. Amma bu şeirlərin taleyini müəyyən
mövzular deyil, hisslərin zənginliyi,
çoxçalarlığı təyin edir. Yəni otuz illik
bir ömrün bütün görüntüləri bu
şeirlərdə əks olunmur, heç buna ehtiyac da duyulmur.
Axı, şeir hər görüntüdən yarana bilməz.
Şeirə gələn nə varsa, onlar hisslərdən,
duyğulardan cilalana-cilalana, zərifləşə-zərifləşə
gəlir. Şair demişkən:
Gərək yaşayasan
çiçəksayağı,
Bircə yaz ətrinə
bürünüb yaşa.
Nəğmə oxuyasan
çox yox, bircə yaz,
Üzündən,
gözündən nur daşa-daşa.
Arıya bir şirin
öpüş verəsən,
Ağlını itirə, dəyişə
halı.
Xallı kəpənəyə
görüş verəsən,
Saçını daraya
günün sığalı.
Anar Həbiboğlunun
şeirlərində özünəməxsusluq onun sözə
münasibətindəki oricinal yanaşmadan başlayır. O,
dəfələrlə işlənən bədii təsvir vasitələrinə,
təşbihlərə yenidən müraciət edəndə
deyilənləri təkrar eləmir, yenisini yaradır. Həm
də obyekti, nəsnəni mənalandırarkən onda yeni
çalarları görməyi və bunları şeirə gətirməyi
bacarır. Məsələn, şeirimizdə Ana ilə Ocaq
arasındakı oxşarlığı, bənzəyişi
belə mənalandırmaq olar: Anam da ocaq kimi
alışır. Anar isə bu bənzərliyin o biri
yönünü (Ocaq anama oxşayır) şeirinin leytmotivinə
çevirir:
Bu ocaq anama oxşayır,
Allah,
Deyinsə ovutmaq, saxlamaq
olmur.
İslaq kəlmələri
elə hıçqırır,
Dediyi sözləri anlamaq
olmur.
Kişi işlərindən
yapışdı anam,
Daş kimi bərkidi gəlin
əlləri.
Elə bu ocaqtək
alışdı anam,
Bəmbəyaz buludtək
ağarmadı ki,
Tüstütək
ağardı uzun telləri.
Çoxları elə fikirləşir
ki, indi “yeni şeir” axtarışlarında poeziyamızda əsrlər
boyu yaranan bir çox yaşarı ənənələrdən
üzülüşmək vaxtıdır. Onların fikrincə,
“yeni şeir” mütləq dərəcədə “modern”
olmalıdır, bu tipli şeir isə müasir dövrün
qloballaşma səviyyəsinə
uyğunlaşdırılmalıdır. Yəni Azərbaycan
şeiri dünya şeirinin dəbdə olan “izmləri” ilə
“zənginləşməlidir”. Təbii ki, hər hansı
milli poeziya dünya poeziyasında gedən yeniliklərə
biganə olmamalıdır, lakin əsas özül milli
şeirin yaşarı ənənələri və ən
başlıcası, özünün novatorluq, yenilikçilik
meylləridir. Kənardan, dəb xatirinə Azərbaycan poeziyasının
ərazisində əkilən hər hansı “izm” ağacı
bar verməz və biz bunu poeziyamızın tarixi boyu
müşahidə etmişik.
Anar Həbiboğlu da yeni
söz deməyə can atan cavan şairlərdəndir. Və
onun şeirlərindəki təzəliklər ənənəyə
yaradıcı münasibətdən irəli gəlir. Bu şeirləri
oxuyursan, 60-cı illərin, daha sonrakı onilliklərin ən
yaxşı şairlərinin ən yaxşı şeirlərini
xatırlayırsan. İstəyirsən deyəsən ki, bu
şeirlərdə Əli Kərimin, Ramiz Rövşənin,
Vaqif Səmədoğlunun təsiri duyulur, amma şeir başa
çatandan sonra yanıldığını hiss edirsən.
Formal mənada bir misrada yaxınlıq yoxdur, amma ruh etibarilə
Anar Həbiboğlunun şeirlərində adını çəkdiyim
şairlərin sanki yazmadıqları şeirlərlə
görüşürsən.
Bəmbəyaz qar
yağdı, bürüdü kəndi,
Ac quşlar torpaqda qaraltı
gəzir.
Hardasa Quşbeyin qızlara
indi,
Dən səpir hansısa
xırman yiyəsi.
Ac quşlar, qar sizi sevindirmədi,
Mən də sevinmirəm
builki qara.
Gözümün nurunu
taxıl eylədim,
Əkdim buğda-buğda
ağ varaqlara.
Bu, sırf Azərbaycan
şeiridir, misralara bir zərrəcik də yad nəfəs
qatılmayıb.Həm də obrazlı şeirdir, fikrin poetik
ifadəsini reallaşdıran bir şeir.
II
İntihar eləyən qar dənəciyi
görmüsünüzmü? Əvvəla, bunun özü
obrazlı bir ifadədir. Lakin indi gəlin bu adda bir şeirə
diqqət yetirək. Şeirin müəllifi yaşca heç
də cavan olmayan, amma hər şeirində CAVAN GÖRÜNƏN
Gülnarə Cəmaləddindir. Gülnarənin şeirində
bir qar dənəciyi yer üzünə özünü
atır ki, onu çirkabdan təmizləsin, dünyaya bir
saflıq yaysın. Amma:qar dənəciyinin ömrü nə
qədərmiş? Doğrudanmı onun
ölümü-”intiharı” insanları müdhiş ölüm
barədə düşünməyə sövq edir. Əlbəttə,
burada şeirin assosiativ çalarını hiss edirsən.
Sənin
ağlığından adam üşüyür,
Sənin təmizliyin
çoxuna yaddı.
Sənin səssizliyin, sənin
sükutun,
Sənin soyuqluğun adam
öldürür.
Allahdan yuxarı getməyə
yol yox,
Allahdan aşağı
ölməyə yer var.
Hər kəsin dilində
sevdiyi dua,
Hər kəsin içində
ilahi sirr var.
İntihar eləyən qar dənəciyi,
Çırpırsan
özünü torpağa, daşa.
Qorxuram hamını çəkə
intihar,
Dünyada bir təmiz adam
qalmaya.
Gülnarə Cəmaləddin
də Anar Həbiboğlu kimi qaynar ədəbi mühitdə
deyil, bir mikro ədəbi mühitdə –Sumqayıtda
yazıb-yaradır. Amma nə dəxli, beş ildən-altı
ildən bir beş-on şeirilə hansısa qəzet və
jurnal səhifələrində görünür, “Populyar”
deyil,təbii ki, bu barədə heç fikirləşmir də.
Çünki “populyar” olmaq üçün gərək indiyə
kimi on-onbeş kitabı çıxaydı, harda desən,
orada ağac kimi bitəydi. Amma Gülnarə ŞEİR
yazır. “Azərbaycan” jurnalının bu ilki 4-cü
sayında təzə şeirləri çap olunub və o
şeirlər göstərir ki, şair və onun
“havadarları”nın təbliğatı, reklamı olmadan da
ŞAİR olmaq mümkündür.
Gülnarənin bir başqa
şeirinə müraciət edək. “Anamın üzü
kimi”. Bəlkə də çoxlarına bu şeir adi
görünəcək. Amma bu şeirdə qəribə bir
assosiasiya var. Gülnarə Allahla Ana üzü arasında bir
oxşarlıq, bir bənzəyiş görür. Bu assosiasiyanı
doğuran nədir?
Uşaqkən
Mən hər gecə səni
yuxumda görürdüm,
ALLAH,
Bir də anamın
üzünü.
Süd rəngiydəndi YER,
GÖY
Və hər dəfə
Sənə uzatdıqca əllərimi
qeyb olurdun uzaqlarda.
Körpə tabutumu alıb
tutduqca günahlar,
Dövrəmdə rəqs
edirdi şeytanlar.
Ağlayırdım
Mələklərin göz
yaşı
Axırdı yuxularıma
Anamın südü kimi.
Uyuyurdum
Və hər gecə
səni yuxumda
görürdüm
ANAMIN ÜZÜ KİMİ.
III
Dahi Belinski məqalələrinin
birində yazırdı: “Şeirin poetik olması
üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq
azdır, hətta hiss özü də təklikdə hələ
kifayət eləməz: burada fikir lazımdır ki, hər
cür poeziyanın da elə əsl məzmununu təşkil
edən budur. Bu fikir poeziyada həyatın müəyyən
bir tərəfinə müəyyən baxış kimi
özünü göstərir, şairin əsərlərini
ilhamlandıran və yaşadan bir başlanğıc...kimi
meydana çıxır..”
Belinski “fikir” deyəndə,
heç şübhəsiz, “poetik fikir” deyilən və
şeirin mayasını təşkil edən ən vacib bir məsələni
nəzərdə tuturdu. Çünki məlum məsələdir
ki, şeiri elmdən fərqləndirən məhz bu cəhətdir
ki, şeirdə fikir quru, soyuq, məntiqi mühakimələr
deyil, məhz poetik fikirdir.Mən hər iki şairin şeirlərini
bu nöqteyi-nəzərdən gözdən keçirdim. Anar
Həbiboğlunun şeir stili bənzətmələr,
metaforalar üzərində qurulub və bu şeirlərdə
poetik fikir ilk baxışda o qədər də diqqəti
çəkmir. Uçursan bu şeirlərdəki təzə,
təravətli bədii təsvir vasitələrinə...və
birdən ayılırsan, ya poetik fikrin bütöv və tam
şəkildə şeirin ilk misrasından sonunadək “irəlilədiyini”
görürşən, ya da şeiri oxuyub qurtarandan sonra bir
natamamlıq hiss edirsən. Məsələn, onun “Vətən”
şeirində poetik fikir natamamdır: Dabanımdan beyniməcən
yeriyən qan kükrəyən dəli bir çay. Təxminən
eynidi O TAY, BU TAY-bir cüt ağappaq bədən. Solumda
zorlanmış Sağımda siğəolunmuş VƏTƏN..”
Məncə, fikir tamamlanmayıb, bənzətmənin
özü də sıyıqdır. Amma Anarın “Avqust həqiqəti”
adlı başqa bir şeiri də var. Bu şeirdə poetik
fikir tənhalıqdan əzab çəkən bir insanın
ruhi-psixoloji haləti üzərində qurulub. Şeirdə bu
fikir misra-misra, bənd-bənd “irəliləyir” və sonda məntiqi
şəkildə belə tamamlanır: “Hər şey sona
çatır dünyada, demə, Mənim əzabımdan
savayı hər şey”. Eyni fikri bu cavan müəllifin “Exo”,
“Tramvay” şeirləri barədə də söyləmək
olar.
Şeirdə fikirlə hiss vəhdət
təşkil edir və, şeirin ŞEİR olması
üçün birinci şərtdir. Anarın ən yaxşı
şeirləri məhz bu vəhdəti əks etdirir. Oxuyursan
bu şeirləri və bəlkə heç fikirləşmirsən
ki, burada hisslər, duyğular üstündü, yoxsa fikir?
Misralar, bəndlər həm hisslə, həyəcanla doludu, həm
də bunlar şairin ifadə etmək istədiyi fikrin
tabeçiliyindədi. Ayırmaq olmur bir-birindən. “Nəğmə”
şeirində olduğu kimi:
Sənli xatirələr
danışdırmadı
Ağzına su alıb susan
dənizi.
Bir “Ölü dənizə”
dönəcək Xəzər,
Gözümün
yaşıyla yusam dənizi.
Gedirəm sahilə
yağışda, qarda,
Ləpə tellərini sinəm
üstə sər.
Mən bir qız sevirdim
“Kiçik bazarda”,
Onun da gözləri maviydi, Xəzər...
Gəlirəm sahilə
yağışda, qarda,
Gələrəm sağ
qalsam gələrəm ölsəm,
Bir ağ gəmi batıb
mavi sularda,
Onu gözlərimdən
hönkürə bilsəm.
Gülnarə Cəmaləddinin
şeirlərinə gəldikdə isə burada fikrin
ardıcıllığı xüsusilə diqqəti cəlb
edir, oxucu bu prosesin şahidinə çevrilir. Yəni onun ifadə
etmək istədiyi poetik fikir addım-addım, pillə-pillə
sonluğa baş alır. Gülnarənin adsız bir
şeirində bir saırı çiçəkdən bir pəncərəyə
özünü çırpıb həkdən düşən
sərçədən danışılır. Sarı
çiçək açılır və solur. Yaşıl
ağac lal-dinməz dayanıb. Pəncərəyə
özünü çırpan sərçə “dünyaya
meydan oxuyan körpə”dir. Bunlar “zalım dünya” ilə
qarşılaşdırılır.
Hələ ana laylası kimi
şirindi,
oynat
hələ sənindi, sənindi
bu zalım dünya.
Oynamağa həvəs nə
gəzəcək səndə.
dərddən qol
götürüb oynayacağın gün.
Qarşında
atılıb-düşəcək bu lal olmuş dünya,
Sən heyrətdən lal
olacağın gün.
Amma Gülnarənin elə
şeirləri də var ki, fikir orada yalnız kiçik cizgi
şəklindədir, bu cizgilər böyümür,
tamlaşmır. “Könlümün köləsi” adlı
qısa şeirlərdə olduğu kimi.. Fikrin tutumu şeirin
həcminə
sığışdırıldığından yarıdaca
öz ömrünü başa vurur.
...İki müəllifin
şeirlərindən söz açdım. Onların
istedadlı olduqları bəlli. Onlara uğurlar arzulayaq....
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.-3 iyul.- S.19.