“Səhnədə ləçərlik
eləməyi özümə rəva bilmərəm”
MEHRİBAN ZƏKİ: “BƏZƏN MƏNƏ “MƏSLƏHƏT
GÖRÜRLƏR” Kİ, BİRİNƏ GET, UŞAQ
DOĞ, SONRA AYRILARSAN, ANCAQ MƏN BU MƏNTİQİ HEÇ
CÜR ANLAMIRAM”
– Gəlin söhbətimizə
yaradıcılığınızdakı yeniliklərdən
başlayaq.
– Bir müddət öncə,
rus yazarı Anton Çexovun “Vanya dayı” əsəri üzərində
işləyirdik. Ancaq bir sıra məişət problemləri,
həm də istilərin düşməsi səbəbindən
məşqləri müvəqqəti
dayandırmışıq. Əslində həmin əsəri
tam yox, ondan parçaları məşq edirik, sanki yubileyə
hazırlaşırıq. Hadisələrə görə,
dörd aktyor əsərdən göstərəcəkləri
parçanı seçirlər. Məşq zamanı
aktyorların öz həyatlarında, yaşamlarında,
gündəmlərində olan hadisələrin “Vanya
dayı”dakı hadisələrlə səsləşməsi
göstərilir. Yəni, əsərdəki əyalət
insanının, əyalət ziyalısının taleyi ilə
əyalət aktyorlarının taleyi, qədəri
uzlaşır. “O və Onlar” adlanacaq bu tamaşanın həm
pyes, həm də səhnə müəllifi Rüstəm
İbrahimbəyovdur. Məndən başqa daha üç
aktyor məşğuldur bu tamaşada – Fəxrəddin Manafov,
Yuri Baliyev, Mələk Abbaszadə.
– Bu tamaşa, çox
güman ki, noyabr ayında Bakıda keçiriləcək
Çexov festivalına hazırlıqdır...
– Birbaşa olaraq. Ciddi
hazırlaşırıq bu tamaşaya. “Vanya dayı” əsərilə
bağlı çox sayda materiallar toplamağa
çalışıram, internetdə olan tamaşaları,
filmləri yükləyib həm özüm baxmışam, həm
də akytor yoldaşlarıma göstərməyə cəhd
eləmişəm.
– Sizdən fərqli olaraq, əksər
aktyorlar, rejissorlar özlərindən əvvəlki
quruluşlara, oyunlara baxmaqdan çəkinirlər. Hansısa
aktyorun ifası və ya rejissorun quruluşunun təsiri
altına düşməkdən, nəticədə öz fərdi
oyun tərzini, daxili imkanlarını üzə
çıxarmamaqdan ehtiyat edirlər. Siz özünüz, istəmədən
də olsa, belə plagiatlığa yol verməkdən
qorxmursunuz ki?
– Yox, mən
plagiatlığa yol verə bilmərəm. Bəlkə gənc,
püxtələşməmiş zamanımda ola bilərdi.
Ancaq 20 ildən çoxdur ki, teatr səhnəsindəyəm.
Və bu illər ərzində artıq özümün “məni”im
formalaşıb. Digər tərəfdən mənim çox
güclü Vaqif İbrahimoğlu məktəbim var. Vaqif
müəllimdən aldığım sənət tərbiyəsinə
görə, aktyor beynilə düşünməyi
bacarmalıdır. Qeyri-təvazökarlıq olsa da, mən,
beyinlə düşünən, beyinlə işləyən
aktyorlardanam. Digər tərəfdən, konkret quruluşa, bir
ifaya baxmıram ki, kiminsə təsiri altına
düşüm. Mən peşəkar nöqteyi-nəzərindən
yanaşıram, ifa tərzlərinə baxıb analiz edirəm.
“Əsəri hansı aktyor, hansı rejissor daha dəqiq duya
bilib” sualına cavab axtarıram. Bu mənim üçün
bir növ maraq, idman azarıdır. Yəni, bu məqamda mən
aktyor-araşdırıcı mövqeyində dayanıram.
– “İbrus” teatrında
tamaşalar nə qədər maraqlıdırsa, repertuar
baxımından bir o qədər kasıbdır. 2001-ci ildən
– yarandığı dövrdən bu yana teatrda cəmi 5
tamaşa səhnələşdirilib. Belə olan halda illərlə
eyni tamaşada, eyni rolu oynayan sənətçi
üçün “Aktyor daima öz üzərində işləməlidir”
deyimi öz qüvvəsini itirmiş olmur ki?
– Düzdür, başqa
işlərlə məşğul olmaq, yeni obrazlar yaratmaq
ehtiyacım var. Ancaq bunu həll etmək mənim əlimdə,
ixtiyarımda deyil. Rüstəm müəllimin işləri
yalnız bu teatrla, bu məmləkətdə məhdudlaşmır.
Başqa ölkələrdə, başqa işləri də
olur. O üzdən bir aktrisa kimi bacardığım qədər
öz üzərimdə işləyirəm.
– Eyni rolda fərqli tərəf
müqabillərilə oynamaq sizin öz oyununuza təsir
göstərirmi? “İvan Buninin sonuncu döyüşü”
tamaşasında Bunin rolunun ifaçıları Fuad Poladov və
Yuri Baliyevlə duetinizdəki fərqləri buna misal göstərmək
olar.
– Bəli, tərəf
müqabillərindən çox şey asılıdır. Məsələn,
tamaşa haqda yazdığınız resenziyada
öpüş səhnəsinin Fuad Poladovla canlı, səmimi,
Yuri Baliyevlə isə imitasiya, süni xarakter
aldığını vurğulamışdınız. Bəlkə
də belədir, ancaq hər şey məndən asılı
deyildi. Mən həmin parçanın səmimiyyətinin
itirilməməsi üçün Yuri Baliyevə fərqli,
maraqlı gedişlər təklif etdim. Onlardan biri də bu
oldu ki, tutaq ki, məni öpməsi üçün
dodağımı uzadıram, o isə mənim alnımdan
öpür. Zənnimcə, bu, üzümüzü yana
çevirib öpüşürmüşük kimi imitasiya
etməkdən daha səmimi alınardı. Ancaq Yuri Baliyev bu
parçada, görünür, “özünü tapa bilmədi”.
– 2006- ci ildə Akademik Milli
Dram Teatrına dəvət olundunuz. Ancaq ilk
oynadığınız “Füzuli və Əsmər” mənzum
məhəbbət dramından sonra həmin teatrdan
sözün birbaşa mənasında qaçdınız...
– Hə, qaçdım. Zənnimcə,
hər bir insanın özünün məkanı
olmalıdır. Akademik Milli Dram Teatrı isə mənim məkanım
deyildi. Orada özümü rahat, “öz qabımda” hiss eləmədim.
Ümumiyyətlə, az öncə də qeyd elədim ki, mən
başqa teatr məktəbində tərbiyə almış
aktyoram. “Yuğ” teatrının yetirməsiyəm, Vaqif
İbrahimoğlu məktəbindən çıxmış
aktyoram. “Yuğ”un aktyor məktəbi fərqli poetikada,
qeyri-psixoloji teatr estetikasında qurulub. Akademik Milli Dram
Teatrınınn poetikası, estetikası isə “Yuğ”
teatrının metodologiya olaraq teatr poetikasından tam fərqlənir.
Konkret “Füzuli və Əsmər”ə gəlincə, rejissor
Mərahim Fərzəlibəyov tamaşanı sırf
“Yuğ” teatr poetikasında qurmuşdu. Baletmeyster Rəfiqə
Axundova tamaşanın plastik həllini poeziya dililə və
ya poeziyanı plastika dilində həll etmişdi. Lakin nə
rejissorun, nə də baletmeystrin verdiyi quruluşun
poetikasını tamaşada rol alan əksər aktyorlar duya
bilmədilər. Çünki, bu poetika onlar üçün
yad idi, onlar bunu bilmir, buna hazır deyildilər. Mərahim Fərzəlibəyov
isə aktyora hər detalı başa salan,
xırdalıqlarına qədər işləyən rejissor
deyil. O, sadəcə olaraq səhnəqrafiyanı,
tamaşanın ümumi fakturasını çox gözəl
şəkildə qurmuşdu.
– Akademik Milli Teatrının
fərqli məktəb olması sizin üçün kəşf
olmadı axı. O sənət ocağının fərqli
poetik, estetik göstəriciyə malik olduğandan zatən xəbərdar
idiniz.
– Mərahim müəllim bu
tamaşaya, bu rola məni dəvət eləyəndə təbii
ki, bildiklərimi, kobud desəm, qabımda olanları bilirdi. Və
o özü də sanki bunlara köklənməyə cəhd
elədi. Hətta dedi “sazı da götür, Füzulidən
bir qəzəl oxu”. Amma mən imtina elədim, çünki
onsuz da tamaşa sonunda seyrçilər anlayır,
düşünürdülər ki, “Mehriban gəlib burda
“Yuğ”çuluq eləyir”. Bu birbaşa belə
anlaşılmasın deyə, mən çox şeylərdən
imtina etdim. Buna rəğmən o zaman bir çox tənqidçilər
də dəqiqliklə vurğuladılar ki, “tamaşanın
yükünü Mehriban daşıyır”. Bayaq da qeyd elədim
ki, mənim və “Azdrama”nın aktyorlarının keçdiyi
fərqli teatr məktəbi tamaşada vəhdət yarada bilmədi.
Digər tərəfdən
Mirmehdi Seyidzadənin bu əsəri Füzuli dühasına
uyğun ovqatda yazılmış bir əsər də deyildi
axı. Bu, daha çox məktəbli yaşında
qavrayışa ünvanlanmışdı.
– Tamaşanı oynadıqdan
sonra anladınız bunu?
– Yox, əsərlə ilk tanışlıqdan
anladım.
– Ancaq yenə də bu
tamaşadan, bu rolda oynamaqdan imtina etmədiniz...
– Mən hansı əsasla, nə
haqla imtina edə bilərdim? Dövlət teatrında
çalışan aktyorun roldan imtina eləməyə
ixtiyarı yoxdur.
– Dövlət teatrında
çalışan və dəfələrlə roldan imtina edən
çox sayda aktyor adı sadalaya bilərəm.
– Roldan o aktyor imtina eləyə bilər ki, uzun illər həmin teatrda işləsin, artıq müəyyən avtoritet qazanmış olsun. Akademik Teatra mənim kimi yeni gəlmiş bir aktrisanın elə ilk dəfədən roldan imtina eləməsi etik baxımdan doğru olmazdı. Mənim qətiyyət göstərdiyim sadəcə bir məqam oldu: heç bir tamaşaya “vvod” olunmayacağam (hazır tamaşaya aktyorun sonradan əlavə olunması –S.B.). Çünki mən heç bir tamaşada yamaq olmaq istəmirəm. Tamaşanın ilk hazırlıq mərhələsindən mənim payıma düşən rolu, obrazı öz içimdə yetişdirmək istəyirəm. Sağ olsun teatr rəhbərliyi də mənim bu istəyimi anlayışla qarşıladı.
– Deməli, əsas gediş səbəbiniz özünüzü yad məkanda hiss etməyiniz oldu...
– Yox, bəlkə də qalardım. Əgər “Azdrama”dakı ürəkbulandırıcı konfliktlər, intriqalar olmasaydı. Bunların yonunda yaradıcılıq son plana keçmişdi. Nə qədər uzaq qalmağa çalışırsansa, olmur, zamanla bu, bilavasitə sənə də toxunmağa başlayır. Ona görə artıq dözə bilmədim, başımı götürüb qaçdım.
– “Yuğ” Teatrının yetirməsi olduğunu dediniz. Ancaq orda da qalmadınız. Düşünmürəm ki, bu teatrdan da gedişinizə səbəb konfliktlər, intriqalar olsun. Çünki, bildiyim qədərilə “Yuğ”da belə şeylər yolverilməzdir...
– “Yuğ”dan
gedişim sırf məişət problemlərindən
dolayı oldu. Paralel
olaraq “İbrus”da da işləyirdim. Elə bir məqam
çatmışdı ki, “Yuğ” teatrının məşqlərindən
yayınmalı oldum. Təbii ki, “İbrus”dakı işimdən
dolayı. Ancaq buna məcbur idim. Həmin ərəfədə
həqiqətən də çox çətin anlar
yaşayırdım. Təsəvvür edin ki, qalmağa,
yaşamağa bir küncüm yox idi. Təbii ki, Vaqif müəllim
bütün bunlardan xəbərdar deyildi. Mənsə
utandım dərdimi onunla bölüşməyə, problemlərimin
həlli üçün növbəti dəfə ondan
möhlət istəməyə. Vaqif müəllim isə elə
insandır ki, uzağı iki dəfə xəbərdarlıq
edə bilər. Üçüncü dəfə dedi ki, “ərizəni
yaz, çıx”. Gözümün yaşı axa-axa teatrdan
getməyə məcbur oldum.
– Səhnədə, rolda
sizin üçün hər hansı bir senzura varmı?
– Var. Səhnədə ləçərlik
eləməyi özümə rəva bilmərəm. Məsələn,
“Ağəz, cıraram ee, səni” və s. bu kimi vulqar ifadələri
heç vaxt işlətmərəm.
– Heç vaxt şəxsi həyatınız
haqda danışmırsınız. Özünüzlə
bağlı sirliliyi qorumağı
çalışırsınız, yoxsa ...
– Düşünmürəm
ki, mənim şəxsi həyatım kiməsə maraqlı
olsun. Siz niyə öz şəxsi həyatınız haqda
yazmırsınız?
– Çünki, sənət
adamından fərqli olaraq jurnalistin şəxsi həyatı
heç kimə maraqlı deyil.
– Şəxsi həyatım
haqda nəyi bilmək istəyirsiniz?
– İndiyədək
danışmadıqlarınızı...
– İllər öncə, dəfələrlə
ailə qurmaq imkanım olub. Ancaq o vaxt düşündüm
ki, hələ vaxtı deyil, bütün gücümü,
diqqətimi sənətimə ayırdım. Ancaq buna rəğmən
karyerist deyiləm. İndi də imkanım var ki, məni sevən,
mənə dəyər verən insanı həyatıma daxil
edim. Əqlim buna razı olsa da, hisslərim qarşı
çıxır. Mənsə, həmişə hisslərimin
səsini dinləmişəm və belə də
yaşamışam. Bəzən mənə “məsləhət
görürlər” ki, birinə get, uşaq doğ, sonra
ayrılarsan, ancaq mən bu məntiqi heç cür
anlamıram. Ümumiyyətlə, bu cür stereotiplər mənim
düşüncəmə ziddir. Uşaq axı oyuncaq deyil ki,
onun taleyini öz kaprizinə qurban verəsən. Sabah
böyüyəndə atasını soruşacaq, ona nə
cavab verim? Deyim, “kefim ayrılmaq istədi, mən də
ayrıldım?!”.
– Hər ailə quran
cütlük mütləq xoşbəxt olacaq, heç vaxt
ayrılmayacaq deyə bir qayda da yoxdur...
– Təbii ki. Ancaq sırf
uşaq xatirinə ailə qurmaq, bunu öncədən planlamaq
mənlik deyil. Uşaqları hədsiz dərəcədə
çox sevirəm. Mənə canımdan da əziz olan
bacımın övladlarını hər gördüyümdə
duz kimi yalayıram, hədiyyələrlə, nəvazişimlə
onlara sevgimi göstərirəm. Ancaq hər şeyə rəğmən
ailənin stereotiplər, qınaqlardan qurtulmaq xatirinə
qurulmasının əleyhinəyəm.
Sevda BABAYEVA
525-ci qəzet.- 2010.- 3 iyul.- S.18.