Torpaq, su, od, səma – ömrün
qəribə məqamları
(“KEÇƏN
KEÇDİ, OLAN OLDU” ANILAR-DÜŞÜNCƏLƏR
ROMANINDAN FRAQMENT)
Bir dəfə Türkiyədə
bir jurnalist məndən müsahibə alarkən qəfil və
qəribə bir sual verdi: “Ömrünüzdə təhlükəli
anlar olubmu, yəni ölümlə üz-üzə durduğunuz,
ölümə yaxın olduğunuz məqamlar?”
Doğrusu heç bir vaxt bu
barədə düşünməmişdim və bu qəribə
suala da cavab verə bilmədim. Sonra evdə, gecə vaxtı nədənsə
bu sual yadıma düşdü və yuxusuzluq saatlarında bu
barədə düşünməyə, həyatımın
müxtəlif olaylarını xatırlamağa
başladım və gördüm ki, həqiqətən bir
neçə dəfə ölümün yaxın hənirini
duymuşam. Elə gecəykən, unutmayım deyə
bunları qeydə aldım. Bir neçə gün sonra bu tələsik
gecə qeydlərini açmağa çalışanda
gördüm ki, istər istəməz bu anlar əcaib bir sistemlə
dörd ünsürə bağlıdırlar – Torpağa,
Suya, Oda, Səmaya...
Qədim fəlsəfi və
dini təlimlərdə dünyanın bu dörd ünsürdən
ibarət olması inancı vardı və mənim də ilk
ssenarim “Torpaq, Dəniz, Od, Səma” adlanırdı.
Ölüm təhlükəsiylə
üzləşdiyim ilk epizod Əfqanıstana səfərimlə
bağlıdır. Burada torpaq bir ünsür kimi bilavasitə
iştirak etməsə də, hər halda, hadisə yerin
üstündə baş verir. Amma yeri gəlmişkən, bu səfərin
bəzi təfərrüatlarından da danışmaq istəyirəm.
Mirzə İbrahimov SSRİ Asiya və Afrika ölkələriylə
həmrəylik Komitəsinin sədri idi. Bir gün məni
yanına dəvət etdi: – “Azərbaycanda bu Komitənin sədri
rəhmətlik Rəsul idi, – dedi. Bu vəzifəyə səni
təyin etmək istəyirik”.
Atamın ölümündən
iki il keçmişdi. Mirzə müəllim davam etdi:
“Yavaş-yavaş sizin nəslin nümayəndələrini də
ictimai işlərə cəlb eləmək lazımdır”.
Razılaşdım.
Bir müddət sonra Mirzə
müəllim yenə məni çağırdı:
– Əfqanıstana gedərsən?
– deyə xəbər aldı.
Moskvada onun müavini işləyən
A.S.Dzasoxovun məktubunu göstərdi. Əfqanıstana gedən
nümayəndə heyətinə Azərbaycandan bir nəfərin
rəhbər olmasını xahiş edirdi və rəsmi
kağıza əliylə: “qorxmayan bir adam” sözlərini
yazmışdı (çelovek, kotorıy ne boitsya). O vaxt Əfqanıstanda
müharibənin şıdırğı vaxtı idi. Mirzə
müəllimin təklifinə cavab olaraq: – “Gedərəm” –
dedim.
Rəhmətlik İsi Məlikzadə
yaşlı və o vaxt nisbətən gənc olan
yazıçıların münasibətləri haqqında
cürbəcür gülməli lətifələr uydururdu.
Bu görüşdən sonra mən də Mirzə müəllimlə
bağlı belə bir lətifə uydurdum. Guya Mirzə
müəllim məni sakit edir: “Anar, bala, sən heç
nigaran olma, işdi-şayət orda başına bir iş gəlsə,
“Literaturnaya qazeta”nı boyun ola bilmərəm, amma “Ədəbiyyat
qəzeti”ndə sənin haqqında yaxşı bir nekroloq verərik”.
Bu, əlbəttə, zarafat
idi və Mirzə müəllim, təbii ki, mənə belə
söz deməmişdi. Amma bir anekdot da mən Əfqanıstandan
sağ-salamat qayıdandan sonra yarandı. Mirzə müəllimə
səfərimiz haqqında məlumat verəndə, “Orda
Yazıçılar İttifaqında da oldum – dedim –
İttifaqın qabağında tank dayanıb. Bəlkə biz
də burda bir tank saxlayaq ki, qrafomanların hücumunun
qabağını alsın”. Mirzə müəllim ürəkdən
güldü.
O vaxt nə biləydik ki, bir
neçə il keçəcək, 90-cı ilin qanlı yanvar
hadisələrindən sonra Bakıda Yazıçılar
İttifaqının qarşısında doğrudan da tank
dayanacaq. Nə isə... Əfqanıstana gedən nümayəndə
heyətinə moskvalı məşhur politoloq Aleksey Kivi,
Türkmənistandan gözəl rəsam İzzət
Qılıçev, Moskvada Asiya-Afrikayla həmrəylik komitəsinin
əməkdaşı və tərcüməçi daxil idi.
Kabildə Xilton hotelində qalırdıq. Çoxmərtəbəli
hoteldə yalnız biz – beş nəfər sovet nümayəndəsi
yaşayırdı, qalan otaqların pəncərələrindən
gecələr işıq gəlmirdi. Hər gecə hotelin ətrafında
atışma səsləri gəlirdi. Bilmirəm, hotelə
hücum etmək istəyirdilər, ya buranı hücumdan
qoruyurdular. Ya da elə belə məşq edirdilər, amma hər
halda səhərə qədər güllə səslərindən
yata bilmirdik.
Aleksey Kivinin qəribə pəhriz
sistemi vardı, hesablayırdı, naharda neçə faiz
zülallı qida qəbul edibsə, axşam onun
balansını tənzimləmək üçün ancaq
zülalsız yeməklər yeyirdi. Bir də nəylə nəyin
uyuşduğunu daim nəzərdə saxlayırdı.
Günlərin bir günü Aleksey zəhərləndi. Bilmirəm,
onu qəsdən zəhərləmişdilər (özü
belə hesab edirdi) ya bu qəribə dietasının fəsadları
idi. Onunla da, rəhmətlik İzzət Qılıçovla
da orda dostlaşdıq. Moskvaya qayıdanda Aleksey məni evlərinə
dəvət etdi. Arvadı şərqli idi – Zarema. Mən dedim
ki, Alekseyin pəhriz sistemi əfqanları sovet
qoşunlarının müdaxiləsindən sonra ən
çox sarsıdan hadisə idi. Xeyli gülüşdülər.
O təhlükəli hadisə isə Əfqan
inqilabının, bilmirəm, neçənci ilisə qeyd edilərkən
stadionda baş verdi. Nümayəndə heyətimiz tribunada Əfqanıstan
hökumətinin üzvlərinin yanında
dayanmışdı. Əfqanıstanın o vaxtkı rəhbəri
Babrak Karmalı lap yaxından müşahidə edirdim. Sifətində
çox gərgin bir ifadə vardı, elə bir hər an nə
isə baş verəcəyindən qorxurdu, onunla tam kontrast isə
baş nazir Keştmand idi. Zahirən bir az bizim bəstəkar
Soltan Hacıbəyova bənzəyən dolu bədənli,
ağ-çağ bir kişi idi. Üzündə çox
rahat və sakit bir ifadə vardı. Axşam rəsmi qəbulda
da Babrak belə gərgin, Keştmand isə əmin-arxayın
idi. Qəbulda ölkənin çalmalı, cübbəli dini
rəhbəri də iştirak edirdi. Tacikistan rəqs
ansamblının qızları oynadıqca bu dini rəhbər
elə ləzzətlə çırtıq
çalırdı ki, gəl görəsən... Demə, bu rəqs
ansamblı Əfqan hökumətinin ən çox sevdikləri
kollektiv imiş, tez-tez onları Kabilə dəvət edirlərmiş,
səfərlərinin birində təyyarə qəzası nəticəsində
hamısı həlak oldu. İndi bu uzaq hadisələri yada
saldıqca xatirələr bir-birini çəkib gətirir.
Sovet qoşunları Əfqanıstana girməzdən əvvəl
bu sakit, dinc, yuxulu bir ölkə idi, hələ də orta əsrlərdə
yaşayırdı. Zakir şahın vaxtında Sovet
İttifaqıyla normal, dost münasibətləri vardı, hətta
SSRİ-ylə qarşılıqlı hücum etməmək
haqqında müqavilə də imzalamışdı. Zakir
şahın qohumu (gərək ki, əmisi oğlu) Davud onu
devirdi, şah Avropaya qaçmalı oldu, Əfqanıstan
respublika elan edildi, az sonra isə Tərakinin
başçılığı ilə İnqilab
Şurası Davudu da devirdi. Sonra Tərakinin özünü
H.Əmin devirdi. O vaxtkı sovet versiyasına görə, Sovet
qoşunlarını Əfqanıstana da məhz elə Əmin
dəvət etmişdi, amma qəribədir ki, Əminin dəvətiylə
Kabilə girən sovet AMON-u – Alfa, onun bütün ailəsini
də – uşaqdan böyüyə elə öz sarayındaca
qırmışdı. Bu qanlı olayın
iştirakçılarından bir OMON-çu sonralar mətbuatda
bu qətldən qürurla söhbət
açmışdı.
Bu yerdə ağlıma gələn
bir fikri haşiyə olaraq burada vermək istəyirəm. Məncə,
Stalinin ən böyük cinayəti milyonlarla insanı məhv
etmək, bütöv xalqları yerindən-yurdundan didərgin
salmaq, dünyanın yarısını hədələmək
və qorxu içində saxlamaqla bərabər, həm də
cəmiyyətə əxlaqsızlıq, əxlaq
aşınmasını təlqin və tətbiq etməsi idi.
Bu “əxlaq”, daha doğrusu əxlaqsızlığa görə
hansısa yalan-gerçək amal yolunda hər cür
alçaqlıq və əclaflıq məqbuldur – xəyanət,
satqınlıq, yalan, qəddarlıq... Uzun illər
çiyin-çiyinə mübarizə apardığı məsləkdaşlarını
gözünü qırpmadan güllələdən, öz
ailəsinə belə rəhmi gəlməyən, hətta
doğma oğlunu belə ölümə məhkum edən
Stalin öz şəxsi örnəyilə bəşəriyyətin
əsrlər boyu riayət etdiyi bütün əxlaq
qanunlarını alt-üst etdi. Mən öz qulağımla
“xalqın vicdanı” sayılan rus
yazıçısının imperator Nikolayın bütün
ailəsinin – arvadı, gənc qızları, xəstə
oğluya birlikdə məhv edilməsini tarixi zərurət
saydığını eşitmişəm. Və bu sayaq “əxlaqla”
yetişən nəsillər üçün örnək –
öz atasını satıb ölümə göndərən
Pavlik Morozov idi. Ona görə də sovet siyasəti və
sovet təbliğatı Əmin ailəsini – məmə yeyəndən
pəpə deyənə qədər – məhv edilməsini də
labüd hesab edirdi. Yalnız indi etiraf edirlər ki,
bütün bu Əfqanıstan avantürası amansız səhv
imiş, amma indinin özündə də Əmin ailəsinin
qətl icraçıları bu hərəkətləriylə
qürur duyduqlarını mətbuat səhifələrində
bəyan edirlər.
Əmindən sonra Moskva
hakimiyyətə Babrak Karmalı gətirdi. İllər boyu
orta əsr yuxusuna dalmış ölkədə bir-birindən
qanlı toqquşmalar başladı, sonra məlum oldu ki,
bütün bunlar əbəs imiş, amma bu əbəs siyasi
addımın nəticəsində hər iki tərəfdən
on minlərlə cavan insan və dinc əhali
qırıldı və mürgülü Əfqanıstan bu
günə qədər davam edən xaosa qərq oldu. Sovet
hökuməti bu feodal dövrdən çıxmamış
ölkədə öz modelini qurmaq istəyirdi – sovet tipli Həmkarlar
İttifaqı, sovet tipli Yazıçılar İttifaqı,
sovet tipli pioner və qadın təşkilatları. Biz orda
olan müddətdə bu işlərə sovet səfiri, daha əvvəl
Tatarıstanın Birinci katibi vəzifəsində işləmiş
Fikrət Tabeyev rəhbərlik edirdi. Yadımdadır bizi
öz iş otağında qəbul edən Tabeyev qəribə
bir yekəxanalıqla qarşısındakı siyahını
göstərib: “Həmkarlar İttifaqının heyətidir,-
deyirdi, – gərək baxıb təsdiq edəm”.
Mən bir neçə dəfə
Sovet səfirlərinin müxtəlif ölkələrdə
özlərini beləcə – diplomatik etiketdən çox uzaq
olan kobud yekəxanalıqla aparmalarının şahidi
olmuşam. K.Simonovun başçılığı ilə
Türkiyədə olduğumuz zaman o vaxtkı Sovet səfiri
Rodionov bizə ziyafət verdi (sonralar Azərbaycanda səfir
olmuş Şoniya da o vaxt sovet səfirliyinin əməkdaşlarından
idi). Ziyafətdə Türkiyə Xarici İşlər
Nazirliyinin məsul işçisi Günvər də
iştirak edirdi. Söhbət İstanbulda metro tikilməsindən
və bu layihədə Sovet İttifaqının
iştirakından düşdü, metro tikintisi xərclərinin
Türkiyədən ixrac olunacaq meyvələrlə ödənməsi
məsələsindən danışırdılar. Birdən
səfir, nə sənə-nə mənə, çox sərt
bir şəkildə Günvərə: “Nə qədər ki,
sizin hökumətin Baş nazir müavini Nəcməddin
Erbakandır, Sovet İttifaqı heç bir layihədə
iştirak etməyəcək” – dedi. Bu sözlərdən hətta
mən də pərt oldum, bu başqa bir dövlətin siyasi həyatına
açıqdan-açıq müdaxilə idi. Günvər
bir diplomat nəzakətiylə: “Erbakan barədə bir şey
deyə bilmərəm – dedi, – amma layihənin xərclərini
meyvəylə ödəsək, Türkiyə gərək
otuz il meyvə üzü görməyə”.
Sonra Simonovla söhbətdə
gördüm ki, o da səfirin belə davranışından
narazıdır: “Nə istəyirsiniz, Anar, – dedi mənə, –
bunlar hamısı ulduzlu məmurlardır (yəni KQB
kadrlarıdır)”. Sovet səfirlərinin özlərini belə
harın və azqın aparmaqlarının səbəbi təmsil
etdikləri ölkənin hərbi gücünə əsaslanırdı.
Xaricdə Sovet İttifaqına hörmət etmirdilər, Sovet
hökumətindən qorxurdular.
Turist kimi gəmiylə Mərakeşə
gəlmişdik. Sovet səfiri Palamarçuk gəmiyə gəldi,
turistlərlə görüşdü: “Kral mənə dedi
ki, – deyə söhbətə başladı, – nə məsələniz
olsa, Baş nazir vasitəsilə mənə
çatdırın, amma məxfi bir sözünüz olsa, Əli
Yatanın vasitəsilə mənə bildirin.
Əli Yata Mərakeş
Kommunist Partiyasının rəhbəri idi. Bunu üç
yüzdən artıq turistin qarşısında söyləməkdən
çəkinmirdi səfir.
Bəli, belə səfirlərimiz
və belə sovet siyasəti vardı – harın, yekəxana,
başqa dövlətlərin, xaqların heysiyyəti ilə
hesablaşmayan...
Mətləbdən və
ölüm təhlükəsindən xeyli uzaq
düşdüm. Kabildə o gün stadionda tribunada
bütün hökumət üzvləri dayanmışdı –
o cümlədən bizimlə də ayrıca
görüşmüş Baryalay və Ratebzad. Baryalay nə
üzrəsə nazir və Babrak Karmalın qardaşı idi.
Siyasi büro üzvü, qadın hərəkatının rəhbəri
Ratebzad, deyilənə görə, Babrakın məşuqəsiydi.
Rəsmi keçidlə ordu
hissələri keçdi, sonra sovet dəblərinə
uyğun zəhmətkeşlərin nümayişi oldu, nəhayət,
mərasim bitdi və rəhbərlər maşınlarına
minib getdilər, biz də maşınlarımıza tərəf
gedəndə dəhşətli partlayış baş verdi,
indicə dayandığımız tribuna alt-üst oldu.
Sonra yalan-gerçək bizə
belə izah etdilər ki, partladanların məqsədi bizi
öldürmək deyildi, ancaq sovet nümayəndələrini
qorxutmaq idi. Qorxduqmu? Deyə bilmərəm. Hər halda o anlar
yalnız zədəsiz xilas olmağımızın sevincini
yaşayırdıq.
Keçək başqa bir təhlükəyə
– suyla bağlı hadisəyə. Zaqatalada gənclər
seminarı keçirilirdi. Bizim Akif Rəfiyev o vaxt rayonda
prokuror işləyirdi. Elçinlə mən onun evində
qalmışdıq. Bir gün milis rəisi Kamandar (rəhmətə
gedib, Allah rəhmət eləsin) Elçini, məni və bəstəkar
Xəyyam Mirzəzadəni məşhur Zaqatala şəlaləsinə
baxmağa apardı. Akifin nə isə vacib işi vardı,
bizimlə getməmişdi. Qaz maşınıyla getmişdik.
Qayıdanda çayı keçərkən qəflətən
sel gəldi, özü də elə ani, elə sürətlə
gəldi ki, biz ancaq çayın ortasında maşından
düşüb özümüzü birtəhər sahilə
çatdıra bildik. Kamandarmı, ya təcrübəli
sürücümü dərhal maşının bütün
qapılarını açdı və su maşının
içindən keçib axdı. Sonralar bizə izah etdilər
ki, qapılar bağlı qalsaydı və biz də tez
maşından düşməsəydik, sel
maşınqarışıq hamımızı aparacaqdı.
Yamyaş sahilə çıxdıq. Şər qarışırdı,
Kamandar da, bizi belə təhlükəylə üz-üzə
qoyduğuna görə peşmançılıq hissi
keçirirdi, onu pərtlikdən çıxarmaq
üçün zarafata başladıq. Elçin mənə
göz vurub üzünü Xəyyama tutdu: “Bu ağaclardan
bir-iki iri budaq qoparıb götürək əlimizə, –
dedi, – ətraf meşədi, ayıya-zada rast gələrik”.
Gözləri bərəlmiş
Xəyyam: “Ciddi deyirsən?” – deyə təlaşla xəbər
aldı. Nə isə birtəhər gəlib Akifgilə
çatdıq. İndi yenə düşünürəm, bu
həqiqətən təhlükəli hadisədən
qorxmuşduqmu? Yox. Amma ona görə ki, təhlükənin
doğrudan da böyük olduğunu yalnız evə gələndən
sonra söhbətlərdən anladıq, maşından dərhal
çıxmağımızla, qapıları taybatay
açmaqla xilas olduğumuzu iş işdən keçəndən
sonra başa düşdük.
Keçək od məsələsinə.
Bir gecə Günel bizdə qalmışdı. O biri otaqda
yatırdı. Demə, bu təsadüf bizi xilas edəcəkmiş.
Gecənin bir
çağında hamımız yuxudaykən Günel məni
çağırdı: “Ata, tez bura gəl”.
Gəldim, gördüm ki,
elektrik sayğacı alışıb yanır və alov hər
an güclənir, bir neçə saniyədən sonra pərdələr,
sonra taxta mebel və kitablar alışacaqdı. Tez bir vedrəni
suyla doldurub alovun üstünə atdım. Alov söndü.
O vaxt heç nə
düşünmədən ani hərəkətlər edirdim.
Sonra başa düşdüm ki, əgər kənardan,
aralıdan atdığım suyla, alışıb yanan
elektrik sayğacı, mənim vasitəmlə, təmasa girsəydi,
dərhal yanıb kül olacaqdım.
Amerika Birləşmiş
Ştatlarında səfərdəykən bir gün təklif
etdilər: nümayəndə heyətinin üzvləri
universitetdə görüşə də gedə bilərlər,
helikopterlə (dikuçarla) dənizdəki neft
platformasında da uça bilərlər. O vaxt Bakıda
Özüllər Zavodunun direktoru Faiq Sultanov: “Mən
özüllərə uçmaq istəyirəm” – dedi. “Mən
də səninlə uçacam” – dedim. Dördümüz –
pilot, Faiq, mən və tərcüməçi qız
dikuçara mindik. Meksika körfəzindəki platformaların
birinə amerikalılar “Pivə”, o birinə “Konyak” deyirlər.
Niyəsini soruşanda “Biri ucuz başa gəlib, o biri baha” –
dedilər. Nə isə, göyə təzə
qalxmışdıq ki, hava birdən-birə tutuldu,
ildırım, şimşək, çaxmağa
başladı, şimşəklər dikuçarın hər
tərəfindən parlayırdı. Faiqdən: “Belə
havalarda siz də uçursunuz?” – deyə xəbər
aldım.
Bir qədər tərəddüdlə:
“Hə” – dedi. Gəlib platformaya çıxdıq, yenə də
o şimşəkli, ildırımlı səmayla geriyə
qayıtdıq və yalnız yerə enəndə Faiq: “Allaha
dua edirdim ki, salamat qurtaraq, biz heç belə havada
uçardıq? Fikirləşirdim ki, yaxşı, mən
mütəxəssisəm, mənim peşəmdir, bu
yazığın (yəni mənim) təqsiri nədir?”
Səma təhlükələrindən
başqa bir epizod: İtaliyadan qayıdırdıq, noyabr
ayı idi. Moskvaya çathaçatda elan etdilər ki, Moskva qəbul
etmir, Leninqrada uçacağıq. Təxminən bir saatdan
sonra yenə elan verdilər ki, Moskvaya qayıdırıq. Demə,
şassilər donub açılmırmış və bu səfər
də belə bir xətadan qurtardıq.
Səmayla bağlı daha
bir epizod – mənimçün həm xilasedici, həm də kədərli,
amma bir çox dostum üçün faciəylə nəticələnmiş
epizod...
Tofiq İsmayılov təzəcə
Dövlət katibi təyin olunmuşdu. Eyni günlərdə
hansısa qohumu rəhmətə getmişdi. Yasa gəlmişdim.
Çıxanda Tofiq məni qapıyacan ötürdü:
“Sabah Qarabağa uçuruq” – dedi, – biri gün qayıdan kimi
görüşək, səninlə vacib söhbətim var”.
İndi fikirləşirəm
ki, əgər Tofiq mənə onunla getməyi təklif eləsəydi,
şübhəsiz, gedəcəkdim və faciənin
qurbanlarından biri də mən olacaqdım. Sanki Allah
özü məni nəyə görəsə bu xətadan
qurtarmışdı.
Torpaq, su, od, səma söhbətini
sona yetirərkən bir hadisədən də danışmaq
istəyirəm. Əlbəttə, bu hadisə nə dörd
ünsürlə bağlıdır, nə ölüm
qorxusuyla. Amma öz-özlüyündə o da müəyyən
qədər təhlükəli əhvalat idi. İrana
getmişdik, Bakıda, ad günümdə mənə
videokamera bağışlamışdılar və ilk dəfə
onu İranda sınaqdan keçirmək üçün
özümlə götürmüşdüm. Urmiyada bir
iranlı tanışımız mehmanxanaya gəldi, Zemfirayla məni
şəhəri gəzməyə apardı. Maşını
özü sürürdü. Şəhərin görməli
yerlərində maşından düşürdük,
kameranı işə salırdım. Bir yerdə də beləcə
çəkdiyim zaman bir əsgər bizə yanaşdı,
farsca tanışımıza nəsə dedi və o, rəngi
qaçmış halda kameranı məndən alıb:
“Bağışlayın, indi gəlirəm” – deyə əsgərlə
getdi. Onu xeyli gözləyəndən sonra ardınca biz də
girdikləri qapıya tərəf getdik. Qapını
döydük, açdılar, bizi içəri buraxdılar.
Yalnız bu vaxt məsələdən agah olduq. Demə, bura əmniyyət
idarəsi imiş və kamerayla çəkdiyim kadrlara bu
binanın bir qırağı düşübmüş. Elə
buna görə də tanışımızı
sorğu-suala tutmuşdular.
Kameranı istəyib, binadan
çıxmağa cəhd edəndə məlum oldu ki, bu
mümkün deyil, qapıları bağlamış və bizi
İran əmniyyətinin təcridxanasında az qala dustaq kimi
saxlamışdılar. Rəisləriylə görüşməyi
tələb etdim. Bizi rəisin otağına apardılar.
Otaqda başqa bir məmur da vardı. İkisi də azərbaycanlı
idi... Tanışımız çox pərişan
görünürdü...
Ayaq üstə ölüb
getmişdi, axı bizdən fərqli olaraq, o, İran vətəndaşı
idi.
– Bizi niyə
saxlayırsınız? – deyə soruşdum.
– Əmniyyət idarəsinin
(bilmirəm idarənin adını necə dedi, amma məsələni
başa düşdük) videoya çəkdiyinə görə.
– Biz nə biləydik ki, bu nə
binadır?
– Gərək sizi müsafir
edən biləydi.
İranlı
tanışımız:
– Mən də bilmirdim – dedi.
Məni hirs boğurdu,
özümü güclə saxlayaraq:
– Axı kadra binanın bir
parçası düşübsə, bunun nə əhəmiyyəti
var – dedim – indi kosmosdan haranı desən çəkirlər.
– Buranı çəkmək
yasaqdır.
– Mən bu kamerayla Amerikada
Pentaqonu çəkmişəm – dedim. Əlbəttə,
düz demirdim, Pentaqonu–zadı çəkməmişdim,
acıqca belə deyirdim.
– Pentaqonu çəkib neylədin?
– mənimlə “sənlə” danışırdı.
– Ruslara satdım – dedim.
Zemfira pencəyimin ətəyini
çəkir, pıçıltıyla:
– Heç zarafatın yeridir
– deyirdi – görmürsən, yumor-zad qanmırlar.
Əl qərəz xeyli
çənə-boğaz olduq.
Sonralar Zemfirayla müzakirə
edirdik ki, mehmanxanadan çıxanda heç kəsə hara və
kiminlə getdiyimizi deməmişdik, sabah vətənə
dönməliydik.
Bunlar bizi casusluqda ittiham etməsələr
də, hər halda üç- beş gün burada saxlaya bilərdi
və bizimkilərdən heç kəsin də bundan xəbəri
olmazdı. Amma görünür, mənim ötkəm
danışmağımın və deputat nişanımın
təsiri oldu. Axır ki, kameranı saxlamaqla bizi buraxdılar.
Gündüzdən
danışmışdıq ki, urmiyalı dostumuz şəhər
gəzintisindən sonra bizi evinə, nahara aparacaq, amma o indi elə
halda idi ki, heç üstünü vurmadı, bizi mehmanxanaya
çatdırıb tələsik xudahafizləşdi. Səhər
tezdən kameranı gətirdilər, binaya aid kadrları pozmuşdular.
ANAR
525-ci qəzet.- 2010.- 3 iyul.- S.14-15.