Varlı kişinin portmanatı

 

– Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Hazırda həmin universitetdə “Etnologiya” ixtisası üzrə magistr təhsili alır. İlk hekayəsi “Şirlə Sahilin nağılı” 8 yaşında “168 saat” qəzetində çap olunub. 2006-cı ildən ədəbi yaradıcılıqla məşğul olsa da, son bir ildir ki, daha tez-tez yazır. “Azərbaycanda demokratiyanın perspektivləri” esse müsabiqəsində essesi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Yeni adlar” müsabiqəsində “Qorxu” adlı hekayəsi birinci yerə layiq görülüb. “Azadlıq” radiosu tərəfindən elan olunan “Ədəbi azadlıq” müsabiqəsində 130 müəllifin 150 əsəri içərisindən gizli səsvermə nəticəsində iki hekayəsi onluğa düşüb. Yaxında “Əziz Zemi” adlı kitabı çapdan çıxacaq.

 

Esse

 

Nitsşenin “Fəzilət kafedrası”nın qoca professoru şirin yuxu yatmaq üçün mütləq on-on nə isə etməlisən, əsası on həqiqət öyrənməlisən deyirdi. Düzgün seçim etsən, ədəbiyyat on həqiqəti sənə bir kitabda, bəzən bir abzasda, hətta bir cümlədə öyrədə bilər. Bundan sərfəli nə ola bilər? Maddi-mənəvi informasiya bolluğunda itib-batanlar, yanılanlar, qərarsızlaşanlar mütləq bir gün ədəbiyyata üz tutacaqlar. On həqiqəti vaxta və enerjiyə qənaət etməklə başqa heç yerdən əldə edə bilməzsiz. Kitab marketoloqları bu şüarı əsas tutmalıdırlar, məncə. Mütləq alıcı tapılacaq. Yetər ki, düzgün ədəbi ünvan tapa biləsən. Ədəbiyyat həm güclülərin, həm də gücsüzlərin yolgöstərənidir. Eyni zamanda şəxsən mən daima özünü yolgöstəricisi, daha ağıllı göstərənləri də sevmirəm. Yazıçılara bu dünyanı düzəltmək kimi ağır yükü yükləyənləri də qəbul eləmirəm. Hər şeyi fəlsəfiləşdirəndə həyatı yaşamaq daha çətin olur. Nəticədə yazıçı da başqa bir yazıçının oxucusudur. Ədəbiyyat bütün çirkinlikləri qabarıq, amma bacardıqca gözəl şəkildə göstərməlidir. Dünyamız çox böyükdü. Hətta məncə olmalı olduğundan çox daha böyük. Çox sözünün olduğu cümlələrin məğzinə daha diqqətlə, ehtiyatla yanaşmaq lazımdır. Burda nizamın pozulmasına olan meyllərə daha tez-tez rast gəlinir. Yazıçı böyük dünyanı hamıya olduğu kimi və ya olmalı olduğu kimi göstərmək üçün qırıq-qırıq sujetləri toplamaqla bütövləşdirməli, çox böyük dünyanı balacalaşdıraraq kiçik-kiçik modellər düzəltməlidir.Hər kəsin böyük dünyaya əli çatsın deyə. Hərdən hətta Allahın yaratdığında köklü səhvlər axtarmaq, kafir olmaq bahasına da olsa, fövqəl cəsarət göstərməlidir yazıçı. Eyni zamanda bəzən üsyankarlığı görünməyənlərin də içində mütləq müxaliflik var deyə düşünürəm. Adını xatırlamadığım müəllif yazıçıya belə tərif vermişdi: çirkin olmalıdır çirkab içində, bütün insanların günah yükünü daşımalıdır zəif cismində. Üsyankar olmayan yazıçılar bəlkə də günah yükü daşıyırlar gizli-gizli, fədakarcasına...

Məncə, yazıçılar əsərlərə hədsiz ikibaşlı mənalar verməklə yaşamlara daha böyük anlaşmazlıq qatmamalı, bacardıqca mənaları dolaşdırmamalıdırlar. Ən azından hələlik. Azərbaycan oxucusunun indiki qavrama səviyyəsində. Əlbəttə, bu mənim şəxsi fikrimdir, amma mən məni az da olsa nəyəsə həvəsləndirən əsərləri oxumağa üstünlük verirəm. Çirkinliklərə və haqsızlıqlara bir az yazıçı sadəlövhlüyü ilə yanaşan əsərləri sevirəm. Belə əsərlər sənə həqiqəti və haqsızlığı göstərir, haqsızlığa uğrayan qəhrəmana özünü oxşatsan da daha çarəsiz görünmürsən.

Qeyd: Kimsə ədəbiyyat haqqında danışmaq istəyirsə, bu yerdə artıq dayanmaq lazımdır. O insanın içində mütləq haqsızlığa müxaliflik, əsası ədalətdən bir parça tapılacaqdır!

Qadın yalvarırdı. On dəqiqəlik görüş üçün ilan dili çıxarırdı. İri cüssəli gözətçi qadının yalvarışlarına öyrəncəli adamlar kimi “olmaz, olmaz” deyərək laqeyd-laqeyd ətrafına boylanırdı. İri, naxışlı darvazanın açılması ilə qara rəngli “Mersedes”in içəri girməsi o qədər sürətlə baş verdi ki, qadın bu fürsətdən istifadə edib sivişib içəri keçməyə macal tapmadı. O üzünü dəmir barmaqlıqlara söykəyərək bağırmağa başladı.

– Əziz müəllim, bu sizin portmanatınızdı. Mən onu dünən “Avropa” otelinin qabağından tapdım.

Əziz müəllim bir anlıq ayaq saxlayaraq geri çevrildi. Az qala unutduğu portmanatına laqeyd nəzər salaraq “Buraxın gəlsin” dedi.

İyirmi beş dəqiqədən sonra o Əziz müəllimlə görüşdü.

– Əyləşin, xanım.

Qadın ona oturmaq üçün təklif edilən hündür kresloda oturdu. O heç vaxt belə kresloda oturmamışdı və belə zəngin, yaraşıqlı evi yalnız kinolarda görmüşdü. Əlində bərk-bərk tutduğu qara rəngli portmanatı sahibinə təqdim etməyi belə unutmuşdu.

– Portmanatı hardan tapdız, xanım?

Qadın yerindən dik qalxıb Əziz müəllimin kreslosuna yaxınlaşdı və portmanatı ona uzadaraq:

– Mən portmanatı “Avropa” otelinin qabağında yerə düşmüş gördüm. Nə yaxşı ki, vizit kartınız orda idi. Yoxsa sizi tapmaq bu qədər asan olmazdı.

Əziz müəllim portmanatını eşələyə-eşələyə arabir gözucu ona da nəzər salırdı. Qadın gözəl idi, lakin bu gözəllik öz məsumluğunu itirərək adamda ikrah hissi oyadırdı. Qalın dodaqlarına çəkdiyi qıpqırmızı pomada ilə sapsarı, cod saçları, qara rəngli corabları ilə dikdaban ayaqqabıları və nəhayət qara rəngli sinəsi açıq paltarı ilə kresloya sığal çəkdiyi barmaqlarındakı qırmızı boya onu çox yöndəmsiz göstərirdi. Onun məsum gözəlliyi əlavə parıltılar içərisində it-bat olmuşdu.

– Siz portmanatı qaytarmaya da bilərdiz.

– Mən portmanatı qaytarmaya bilməzdim.

Qadın bu sözləri Əziz müəllimin yaraşıqlı, gülər gözlərinə baxaraq qətiyyətlə dedi.

– Niyə?

– Çünki bu pullar mənim zəhmətimin bəhrəsi deyil.

– Siz ki onları oğurlamamısız, tapmısız.

– Doğrudu. Amma ünvanınız ordaydı.

– Burdakı məbləğdən xəbəriniz var?

– On iki min dollar-qadın bu məbləği sanki qorxa-qorxa dedi.

Dünən gecə Sevinc müştəri tapmaq üçün “Avropa” otelinin qarşısında var-gəl edirdi. Qəfil ayağına ilişən qara rəngli portmanat əlvan işıqların altında par-par parıldayırdı. Sevinc ətrafa boylanıb heç kəsin diqqətini cəlb etmədiyini görərək portmanatı götürdü və sürətlə evinə tərəf getməyə başladı. Tərlanla Ləman artıq yatmışdılar. Qadın heç zaman bu qədər pul görməmişdi. Bu pullar onun üçün həyat idi, bu həyatı yaşamaq idi. Bu pullar onun üçün hər şey idi. Amma çox təəssüf ki, onun deyildi. Yaraşıqlı portmanat onun kasıb evində yol azmış qonağa bənzəyirdi.

“Görünür bunu Allah özü göndərib mənə. Allah məni sınağa çəkir. Mən sabah soraqlayıb portmanatı sahibinə qaytarmalıyam, əks halda Allah məni cəhənnəmin qır qazanında yandırar” deyə Sevinc nimdaş süfrəyə səpələnmiş dollarlara dəhşətlə baxmağa başladı. Onlardan qorxdu. Halbuki, o bu dollarlardan ötrü saatlarla soyuqda müştəri gözləyir, uşaqlarını dolandırmaq üçün hər cür təhqirə dözürdü. Ona görə bu dollarları sakitcə xərcləmək onun özünə müştəri axtarmasından daha iyrənc idi. Lakin qadının bir ümidi vardı. Portmanatın sahibi ona nədəsə kömək edə, heç olmasa portmanatı tapıb qaytardığı üçün yüz dollar verə bilərdi. Cəmisi yüz dollar Sevinc üçün bir neçə günlük istirahət idi, soyuqda küçələrdə müştəri gözləməmək, özünü məcburu satmamaq idi.

– Əziz müəllim pulları sayıb yenidən portmanata qoyaraq kənara tulladı.

– Ailəlisiz?

– Yoldaşım ölüb, iki övladım var.

Bayaqdan bəri böyük malikanədə Əziz müəllim ilə özündən savayı bir kimsə görməyən qadın onu bürüyən maraqdan irəli gələn sualını verməyə imkan tapdı.

– Siz necə, burada təkmi yaşayırsız?

– Yox, qızım Fransada yaşayır. Hal-hazırda həyat yoldaşım ona baş çəkməyə gedib. İndi mən Cimlə qalıram. O bayaqdan böyründə oturaraq ləhləyən itin başına sığal çəkdi.

– Gözəl itdi – qadın mehribanlıqla Cimə tərəf boylandı.

Sanki Əziz müəllim iti haqqında deyilmiş xoş sözdən fərəhləndi. Sadə insanlarla, ictimaiyyətlə çoxdan ünsiyyətdə olmayan Əziz müəllimdə qadına qarşı qəribə bir maraq oyanmışdı. Hətta ilk baxışdan onda ikrah hissi doğurmuş sifətində bir məsumluq əmələ gəlmişdi.

– Siz niyə mənim iş yerimə deyil, məhz evimə gətirdiz portmanatı?

– Mən iki dəfə cəhd elədim, amma qəbulunuza düşə bilmədim.

Qadın tələsirdi. Yarı canı evdə qalmış uşaqlarının yanında idi. “Heç olmasa əlli dollar versəydi” – deyə düşünür və bu gün balaca qızının ən çox sevdiyi şirniyyatdan alacağını, qızının nə qədər sevinəcəyini təsəvvür etdikcə Əziz müəllimin aramla verdiyi suallara səbrlə cavab verirdi.

– Anamdı. İki ildi ki, dünyasını dəyişib.

Əziz müəllim qadının divardakı iri portretə diqqətlə baxdığını görərək izahat

verdi.

Anasını həmişə çox sevmişdi. Ona görə anası dünyanın ən ağıllı, ən qabiliyyətli qadını idi. Bu fikirləri atası öləndən sonra tamamilə dəyişdi. Son illər o anasını hətta sevmirdi. Atası öləndə Əziz müəllimə elə gəldi ki, anası bu ayrılığa dözməyəcək. Çünki onlar həmişə mehriban dolanmış, atası evə gələrkən anası qulluqçuya belə imkan vermədən özü ona xüsusi qulluq eləyirdi. Onların əsas mövzuları pul idi. Anası atasına bu pulları israfçılığa yol vermədən xərcləməyi məsləhət görürdü. Anası bütün günü danışır, evlərindəki qulluqçu qıza nəsihətlər verir, namuslu-tərbiyyəli olmağı tövsiyə edərək hamını nizam-intizama çağırırdı.

Lakin atasının ölümündən sonra o anasının çox qəddar, zəhmli olduğunun şahidi oldu. Bir gün təsadüfən eşitdiyi söhbət isə anasını onun gözündən büs-bütün salsa da, bunu heç vaxt onun üzünə vurmadı və öz övladlıq borcunu layiqincə yerinə yetirdi.

Yaşlı bağban heç kəsin curət edib keçə bilmədiyi kabinetdə anası ilə çox sərt danışırdı.

– Allahından qorx. Keçmişini nə tez unutdun? Mənim qadınla tanışlığım elə səninlə başlamamışdımı? Mən sənin həyatında kim bilir neçənci gənc idim. Dünən axşam Fəridəni qapıdan qovanda gördüm. Biz həmişə bir yerdə olardıq. Tale sənin üzünə güldü. Nadirin ailəsini dağıdıb özünə yeni həyat qura bildin. Amma ərin səni çirkablıqdan qurtara bilmədi, çirkin əməllərinin üstünü ört-basdır eləmədi. Yalnız ərinin pulları hesabına ətrafdakıların süni hörmətini qazana bildin. Bu sözləri məndən başqa heç kəs sənin üzünə deməyəcək. Çünki sənin kimilərin çirkinliyini örtən bir vasitə var. PUL! Amma onu da bil ki, bütün şəhər sizin pullarınıza da, sizə də gülür. Sizin ailəniz öz əxlaqı ilə heç kəsə nümunə ola bilməz.

Anası susdu.

Qoca bağban o gündən onlara gəlmədi.

– Çox minnətdaram, xanım. Siz etibarlı insansız.

Əziz müəllim əlini portmanatına sarı apardı.

Sevinc sevindi.

– Portmanata görə çox sağ olun. Gözətçi sizi yola salar.

Ağır-ağır ayağa qalxdı. Son ümidi gözətçi idi. Yəqin Əziz müəllim onu “yola salmağı” gözətçiyə tapşırıb.

Gözətçi əlini pencəyinin sağ cibinə apardı. Sevinc sevindi.

Gözətçi sağ cibindən çıxartdığı dəsmalla burnunu sildi, nəzakətlə darvazadan kənara çəkilərək qadının çıxmasına əli ilə göstəriş verdi.

Əziz müəllim gözlərini anasının iri portretinə dikmişdi. Valideynlərindən ona miras qalmış, onu ən ali hisslərdən məhrum edən iki şey vardı. Dollarlar və xəsislik. Baxışları ilə pəncərədən qadının uzaqlaşdığını sona qədər müşayiət etdi. Sonra axşamkı iclasda edəcəyi çıxışın üzərində çalışmağa başladı. Əziz müəllim uzun illərdir ki, beynəlxalq səviyyəli insan hüquqları institutunun aparıcı siması idi. İctimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış institut məşhur layihələri ilə tanınırdı.

Sevinc narın-narın yağan yağışın müşayiəti ilə içinə hopmuş kədərdən ağırlaşmış özünü küçələrdən güclə sürüyüb aparırdı.

Əziz müəllim axşamkı tədbirə hazırladığı məruzə, Tərlanla Ləman analarının gətirəcəyi şirniyyatı gözləyə-gözləyə ümidlə, narın-narın yağan yağış damlaları Sevincin sinəsinə tökülən aramsız göz yaşları ilə oynayırdılar...

 

 

Sahilə İBRAHİMOVA

 

525-ci qəzet.- 2010.- 10 iyul.- S.28.