Böyük nəsr ustası
Bu yazını qələmə almamışdan öncə, onun ciddi, təmkinli baxışlarını, bir qədər soyuq təsir bağışlayan gözlərini, ağayana yerişini xatırladım.Həmişə Sabir müəllimin yazıları ilə onun zahiri görkəmi arasında bir yaxınlıq hiss etmişəm. Bəli, o, ciddi və təmkinli adam idi. Amma o ciddiliyin arxasında isti bir ürək sahibinin varlığını hiss edirdin, onunla dil tapmaq, hansı məsələdəsə razılığa gəlmək bəzən çətin olurdu. Sabir Əhmədli vüqarlı insan idi, onu sındırmaq, dayandığı mərtəbədən aşağı endirmək mümkün deyildi.Bəzən bu ağırtəbiətliliyinə görə ən yaxın bildiyi adamların da ondan üz döndərdiyini görəndə təmkinini pozmurdu.
Sabir Əhmədli həyatında bir neçə itki ilə üzləşmişdi. Böyük qardaşı Cəmil Əhmədov İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmişdi, Qısaca da olsa, onun son döyüş günlərini xatırlayaq: 1944-cü ildə, Belorusiyada, Prucinişa adlı yaşayış məntəqəsində düşmən müdafiəsini yarmaq uğrunda döyüşlərdə Cəmilin atıcılar vzvodu böyük hünər göstərdi, Cəmil özü 10 hitlerçini məhv etdi. İkinci gün, Kupyatiçi yaşayış məntəqəsi uğrunda döyüşdə Cəmil üç dəfə ağır yaralandı, amma döyüş meydanını tərk etmədi. Sağaldıqdan sonra yenidən polka qayıtdı, Polşada, Narev çayı sahilində Zalupitsa yaşayış məntəqəsini azad etmək uğrunda döyüşdə yenə, bu dəfə dörd dəfə ağır yaralandı və 6 oktyabr 1944-cü ildə aldığı sonuncu, ölümcül yaradan gözlərini əbədi yumdu... Cəmil elə sağlığında, həlak olmamışdan öncə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü.
Müharibə bitdikdən sonra Cəbrayılda, Cəmilin doğulduğu rayonda çinar altında, kəhrizin üstündə Cəmilin heykəli ucaldıldı.Unudulmaz şairimiz Əli Kərim “Heykəl və heykəlin qardaşı” poemasında Cəmil Əhmədova xatırlayır:
Gördüm Cəmili
tunc geyimli,
heykəlliyində də
qayğıkeş,
cəsur,
sadə.
Sinəsini döndərmişdir,
həyatla
ölüm arasındakı səddə.
İllər keçdi və kiçik qardaş Sabir Əhmədli Varşavada, Polşanı faşistlərdən azad etmək uğrunda döyüşlərdə həlak olmuş sovet döyüşçülərinin qəbiristanlığında qardaşının məzarını tapdı. Sabir Əhmədli sonralar bu səhnəni “Dünyanın arşını” romanında təsvir edəcəkdi: “...Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! Otuz beş yaşlı kiçik qardaş, iyirmi yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan kiçikdir, onun üçün zaman yoxdur...Ona aid olan zaman iyirmi il əvvəl bir gecə səhərəcən qurşağa qədər bir çayda qalıb döyüşəndən sonra əvvəlcə qoluna, sonra başına dəyən güllə ilə dayanıb”.
İkinci itki isə 1994-cü ildə baş verdi., Sabir müəllimin oğlu Məhəmməd könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollandı,cəbhəyə getdi və döyüşlərin birində həlak oldu. Bu itkini S.Əhmədli “Axirət sevdası” romanında təsvir edir: “Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
– Y O X! Yox! Yox... Ola bilməz.
İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram! – cənazənin
ayağında çöküb, dizin-dizin onun üstünə
can atdım.
– Açın
üzünü! Götürün örtüyü! Mən
onu görmək istəyirəm!.. Mən səni haralarda
axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən!
Məndən qabaq gəlib çıxmısan evimizə”
Amma Sabir Əhmədlinin həyatındakı
bu itkilər onun ömrünün sonunacan iradəsini,
dözümünü sarsıda bilmədi. Qardaş itkisi gənc
Sabir Əhmədli üçün başıucalıq idi,
oğul itkisi isə Ata Sabir üçün
başıucalıq oldu. Öz yaratdığının cavan
ikən həlak olması onu bir ata kimi içəridən nə
qədər sarsıtsa da, o, bu dərdlə neçə il
yaşadı və dərdini əsərlərinə
payladı, Cəmil haqqında sənədli povest yazdı,
oğul itkisini isə öncə qeyd etdiyimz kimi,”Axirət
sevdası” romanında təfərrüatı ilə əks
etdirdi.
Sabir Əhmədli sabit adam
idi, ömrü boyu xasiyyəti, xarakteri dəyişmədi,
deyirlər. Bu onun tərcümeyi-halında da öz əksini
tapır. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra
beş il Cəbrayıl rayonunda, orta məktəblərdə
müəllim işlədi, 1956-cı ildən ta 1996-cı ilə
qədər “Ədəbiyyat qəzeti”ndə işlədi, ədəbi
işçi kimi fəaliyyətə başladı, baş
redaktor kimi isə işdən çıxdı. Düz 40 il
bir qəzetdə işləmək onun necə sabit adam
olduğuna əyani sübut deyilmi?
Sabir Əhmədlinin
yaradıcılıq yoluna nəzər yetirdikdə bir
neçə məqama diqqəti cəlb etmək istəyirəm.
Birincisi; son əlli ilin Azərbaycan
nəsrini Sabir Əhmədlinin hekayə, povest və
romanları olmadan təsəvvür etmək
qeyri-mümkündür. Ədəbiyyat aləminə
“Arabaçı” hekayəsi ilə gələn S.Əhmədli,
mərhum tənqidçi Qulu Xəlilovun ifadəsiylə desək,
bu ARABANI ZİRVƏYƏ QALDIRDI. Azərbaycan xalqının
son altmış-yetmiş ildə keçdiyi yol onun əsərlərində
öz parlaq ifadəsini tapır. Doğrudan da “Yamacda
nişanı”, “Qanköçürmə stansiyası”, “Aran”,
“Görünməz dalğa”, “Dünyanın
arşını”, “Yaşıl teatr”, “Yasamal gölündə
qayıqlar üzürdü”, “Toğana”, “Azıxa doğru”,
“Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət
sevdası”, “Ömür urası”, “Kef” roman və povestləri
olmasaydı, nəsrimizdə bir boşluq yaranardı.
İkincisi; Sabir Əhmədli
Azərbaycan kəndinin son altmış illik sosial və mənəvi
mənzərəsini əks etdirən bir yazıçı
kimi diqqəti cəlb edir: “S.Əhmədov əlinə qələm
aldığı ilk gündən kotanlı-belli,
oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el
adamı, torpaq oğlu kimi bu aləmdən bütün
varlığı ilə yapışmış, xalqın
sevinc və kədərini, yeni həyat tərzini,
düşüncələrini, yaşamaq uğrunda mübarizəsini
yaradıcılığına hopdurmuşdur. O, bu aləmi dərindən
duyan, sevən və parlaq bir ağılla əks etdirən
yazıçıdır” (Qulu Xəlilov).
Neçə il öncə,
S.Əhmədlinin yaradıcılığına həsr
etdiyim bir yazıda qeyd etmişdim ki, S.Əhmədli kəndi,
onun problemlərini çox gözəl bilir, bəlkə də
“gözəl bilir” demək azdır, o, bu problemlərlə
yaşayır. Elə oradaca yazmışdım ki, “kənd qəsri”
ifadəsi şərtidir, çünki S.Əhmədlinin əsərlərində
hadisələrin hansı məkanda cərəyan etməsindən
asılı olmayaraq insan, xalq və cəmiyyət, ziyalı
problemləri öz bədii ifadəsini tapır.
Üçüncüsü;
S.Əhmədov xarakter ustası idi. O, hansı obrazı təqdim
edirdisə, həmin obraz həyati və inandırıcı təsir
bağışlayırdı. Altmışıncı illərin
sonlarında (1969) yazılan “Yamacda nişanə” povestinin qəhrəmanı
Laçın “tragik bir ömrün və taleyin acı
tarixçəsi”ni (Yaşar Qarayev) yaşayır. Əsgərlikdən
evinə dönən, amma
çılğınlığına, həqiqəti
hamının üzünə çəkinmədən
söyləyən, dəli-dolu xasiyyətli Laçına
iş vermirlər. Çox götür-qoydan sonra onu
yanğınsöndürmə idarəsində
sürücülüyə götürürlər. Bu idarənin
başçısı Həsənxan isə xasiyyətinə
görə soyuqdur, buz adamı xatırladır. Ancaq
Laçın bu buz adamın yanında işləməklə
xasiyyətini dəyişmir və günlərin birində
sürdüyü maşınla qəzaya uğrayır.
Laçın obrazı nəsrdə
təzə idi. Bundan sonra Əkrəm Əylislinin “Kür
qırağının meşələri” yarandı və həmin
əsərdə də Qədir obrazı belə bir fikri təsdiqlədi
ki, sosializm cəmiyyətində bu tipli insanlara yer yoxdur,
çünki onlar hansı ölgün, sısqa mühitə
düşsələr, orada bir çaxnaşma yaradacaqlar. Həmin
sısqa və ölgün mühitdə isə həyat
qaynamır, daşmır, beyinlər kütləşib.Laçın
və Qədir obrazları ədəbiyyatda qəhrəman
probleminə də bir yenilik gətirdi. “Müstəsna”,
“müsbət” qəhrəman problemi deformasiyaya uğradı.
Məlum oldu ki, ədəbiyyatın əsas qəhrəmanları
təkcə müsbət keyfiyyətlərinə görə
deyil, bir insan kimi bütün ziddiyyətlərinə, həm
mənfi, həm də müsbət təsir
bağışlayan cəhətlərinə görə təsvir
edilməlidir.
Sabir Əhmədlinin qəhrəmanlarını
səciyyələndirən xüsusiyyətlər
sırasında biz dövrün eybəcərliklərinə
qarşı etirazı, Şərə qarşı mübarizədə
ardıcıl mövqe tutmalarını xüsusi qeyd etməliyik.
“Dünyanın arşını”ndakı filosof Arif,
“Yaşıl teatr”dakı Kainat, “Qanköçürmə
stansiyası”ndakı Hüsən, “Yasamal gölündə
qayıqlar üzür”dəki Hikmət müəllim keçən
əsrin 60-80-ci illərinin ədəbi qəhrəmanları
idi və deyim ki, bu obrazlar daha çox “əməl” qəhrəmanları
kimi deyil, “düşünən” qəhrəmanlar kimi diqqəti
cəlb edirdilər. Onların Şərə qarşı
mübarizəsi fikir çarpışmaları, bir-birinə
zidd dünyagörüşlərinin
qarşılaşması kimi təsvir olunurdu və əlbəttə,
burada Şəri təmsil edən qüvvələr də
aciz və passiv göstərilməyib. Onların da öz “fəlsəfəsi”,
öz mübarizə üsulları vardı.
Dördüncüsü;
Sabir Əhmədlinin Azərbaycan nəsrində bir roman
ustası kimi dəyərləndirilməsi məsələsidir.
Məlumdur ki, həmişə roman janrı ilə
bağlı mübahisələr gedir və bəziləri
iddia edirlər ki, Azərbaycan romanı hələ dünya
romanı səviyyəsinə gəlib çatmayıb və
olsa-olsa, yaranan bir sıra yaxşı nümunələr də
povest adlandırıla bilər. Bu, kökündən
yanlış bir fikirdir. Azərbaycan romanının da öz məxsusi
özəllikləri var və əgər dünya romanı səviyyəsi
məsələsi ortalığa qoyulursa, mən
“Qılınc və qələm” kimi klassik nümunədən
tutmuş ən azı on-on beş romanın (“Gələcək
gün”, “Şamo”, “Geriyə baxma, qoca”, “Dəli Kür”,
“Qarlı aşırım”, “Qətl günü”, “Mahmud və
Məryəm”, “Fətəli fəthi”, “Dünyanın
arşını” və s.) adını çəkə bilərəm
ki, bu əsərlər Azərbaycan romanını dünyada
tanıtdırmağa kifayət edər. Bu sırada Sabir Əhmədovun
da uğurları az deyil. Doğrudur, onun iyirmiyə yaxın
romanları içərisində hamısı uğurlu deyil,
amma o, roman ustası idi. Xüsusilə “Axirət sevdası”,
“Kef”, “Ömür urası” kimi ömrünün son on ilində
yazdığı romanları onu sübut edir ki, S.Əhmədli
artıq janrın bir sıra ənənəvi,
daşlaşmış stereotiplərindən imtina edir, roman
poetikasına yeniliklər gətirir.Azərbaycan romanında
müxtəlif elementlər (folklora, mifə istinad, fəlsəfi
çalarlar, retrospektiv təsvirlər və s.) daxil olur,
janr-üslub xüsusiyyətləri yeni meyllərlə zənginləşir
( roman-dialoq, roman-reportaj, neo roman və s.) və S.Əhmədlinin
sonuncu romanlarında da bunu görməmək insafsızlıq
olardı.
Beşincisi; Sabir Əhmədlinin
əsərlərinin dili, ifadə tərzi çox zəngindir
və onun yaradıcılığından söz açan
müəlliflər bəzən bu faktın üstündən
yan keçmişlər.Bəlkə də, bu, ondan irəli gəlib
ki, onun təhkiyə tərzi bəzilərinin iddia etdiyi kimi
“dinamik” və “axar-baxarlı” deyil, bir qədər
ağırdır, hətta Amma diqqətlə nəzər
yetirdikdə, görürük ki, bu, sırf epik təhkiyə
üslubudur, müqayisə nöqsanlı olsa da, deməliyəm
ki, bir az da Süleyman Rəhimovun təhkiyə tərzinə
oxşayır. Amma oxşarlıq zahiridir. Sabir Əhmədlini
öz ustadlarından (S.Rəhimovdan, M.Hüseyndən,
M.İbrahimovdan, İ.Əfəndiyevdən) fərqləndirən
cəhət təsvirdə özünəməxsus
olmasıdır. Bu özünəməxsusluq isə detallarda,
cümlə quruluşunda, nəsrin sintaksisində
özünü göstərir. Məsələn,S.Əhmədli
“Yamacda nişanə” povestində Laçının xarakterini
bir neçə detalda elə ümumiləşdirir ki, sonra əlavə
təfsilata heç bir ehtiyac qalmır. “Qorxsalar da, qorxmasalar
da, sevsələr də, sevməsələr də,
Laçın kiçik şəhərin bir ərköyün,
dəlisov balası idi. Ərsəyə yetib, qənşərə
çıxdığı gündən adamların
üz-gözü ona elə öyrəşmişdi ki,
buranı Laçınsız ağıllarına gətirə
bilməzlər. Küçədə, dükanlarda, bazarda
Laçın görünməsə, nə dükan
dükandı, nə bazar bazar. Əlləri gah dalında, gah əsgərsayağı
yanlarında yellənə-yellənə girirdi bazara.
...Yerişində, hərəkətində
elə od, hərarət vardı ki, guya keçib havaya kibrit
çəksən alovlanacaqdı”.
İnsan münasibətlərinin
mənalandırılması, obrazların daxili aləminin
çoxçalarlı ifadəsi də S.Əhmədlinin bədii
dilində sənətkarlıqla çatdırılır.
“Dünyanın arşını” romanı bu mənada S.Əhmədlinin
ən maraq doğuran əsərlərindən biridir. Əsərin
qəhrəmanı filosof Arif Arazın o tayına həsrətlə
boylanır və bu həsrəti görün müəllif
necə ustalıqla canlandırır: “Mən bir üzü
qırmızı, bir üzü sarı körpü
daşlarını göz yaşlarımla yumaq istərdim.
Alaq basmış nəhəng qəbirə bənzəyən
torpaq körpüyə döşənib, o torpağı
qucaqlamaq istərdim. Mən qan-qırmızı tuman-qofta
geymiş elat qızlarını doğma bacımtək
bağrıma basıb öpmək istərdim. Köçəri-tərəkəmə
gözəllərini lap yaxından görüb, onların bizə
necə bənzədiklərinə baxmaq..istərdim. Mən...heç
bir zaman, ömrümdə heç bir vaxt doğma
bacımın, yeganə əziz Bənövşənin həsrətini
bunlar qədər çəkməmişdim.
Könlümü, qəlbimi heç bir zaman həmin dəqiqələrdə,
saatlarda olduğu kimi acı hicran zəhəri
parçalamamışdı. Mən müəllimdim, müəllim
olmaq arzusunda idim. Ömrümü son dəqiqəsinədək
bax orada, o alaçıqlarda, o obalarda maarifə həsr edərdim”.
Sabir Əhmədlinin şəxsində
gözəl bir Azərbaycan ziyalısını, görkəmli
bir nasiri itirdik. Onu çox sevən atasının,
anasının, qardaşlarının və oğlu Məhəmmədin
əbədi məkan tutduğu bir dünyaya getsə də, əsərləri
yaşayır, xatirəsi də yaşayacaq. Nə qədər
ki, ədəbiyyatımız yaşayır...
Vaqif Yusifli
525-ci qəzet.- 2010.- 10 iyul.- S.28.