ORALARDA KİMLƏR VAR:
FİRİDUN RÜSTƏMLİ
Firidun Rüstəmli kimdir :
Firidun Rüstəmli Ermənistanın Vedi rayonunun Avşar kəndində anadan olmuşdur.Körpəlikdən el mahnıları ilə böyümüşdür.
Firidungilin ailəsi 1951-ci ildə Azərbaycanın Ağcabədi rayonuna köçürülmüşdür.1959-cu ildə orta məktəbi bitirdikdən sonra ADU-nin filologiya fakültəsində təhsil almış və oradan məzun olmuşdur.
Həmin ildən Bakı şəhəri Xətai rayonu 165 saylı orta məktəbdə müəllim işləmişdir.
1992-2000-ci illərdə bu məktəbin direktoru olmuşdur.Onun şagirdlərinin səsi keçmiş Sovet məkanının bir çox guşələrindən gəlir. ( Nə az, nə çox 44 il bu məktəbdə çalışıb.)
Gənclik illərindən ədəbi fəaliyyətlə məşğul olub.İndiyə kimi bir neçə kitabı çıxıb.
YAXIN KEÇMİŞİN
AĞRILARI
Bu söz adamının və yüzlərlə insana söz öyrədən bu müəllimin keçdiyimiz günlərdə 70 yaşı tamam oldu.Ev-eşiyindədir indi Firidun müəllim.Təbriklər və bu yazı onun 70 yaşına kiçik bir hədiyyə olsun.Bəzi etiraflarla birlikdə.
Bu etiraf nədir:
Yaxın bir dostum inadla
xahiş eləyir və onun
bu inadı məni də məğlub edir. Ona görə ki, həmin adam öz dostu üçün
bu qədər ağız açır və
rica eləyir ki, onun haqqında bir şeylər
yazım. Doğrudur mənim bu rubrikamın tam ortasına düşməsə də, amma nə olsun ki, məhz mənim dostumun
inadı üzərinə bu müəllim,
şair haqqında bir
neçə kəlmə yazmaq, onun son kitabını
tanıtmaq heç də günah
olmaz.Mən bunu bilirəm ki,
bu dünyalar qədər
poeziya məkanında onun
yaddaşlarda qalacağı çox çətin məsələdi. Amma söz yadigardır, söz məncə yağışdan sonra torpağı yarıb çıxan
göbələklər kimi və ya Rəsul Rzanın sözü
olmasın,asfaltı deşib
çıxan novruzgülü kimi bir şeydir.
Bir də
görərsən vurdu çıxdı
üzə.Yəni kiminsə yaddaşında özünə yer elədi və günlərin birində
xatırlandı.Mənim dostum da öz dostunun
xatırlanmasını istəyir və məncə o da başa
düşür ki, hər
yazan bu dünyada qalmaq
iddiasından qırağa, həm də
xatırlanmaq istəyir və bu anlamda dostumun
çabasını nəzərə alıb, bir
vaxtlar çox kiçik köməkliyim olsa
da, işıq üzü
görən bu müəllim,şairin bir kitabını tanıtmaqdan çəkinmirəm.Xeyirxah
bir insan, uzun illər müəllim,sonralar məktəb
direktoru olan bu ziyalı onsuz da öz şagirdləri tərəfindən
hələ də xatırlanır.
lll
Məsələnin qəliz yeri burdan başlayır: Yuxarıda adını yazmadığım Bəxtiyar bəy mənim çox sevdiyim bir ziyalı və onun mənə verdiyi şeirlər də pis şeirlər deyil. Bu şeirlərin müəllifinin imzasını görən kimi yaddaşımın alt qatında bir canlanma olur,bu yazıların müəllifinin imzası mənə həmən tanış gəlir.Güman ki, bir vaxtlar yəqin ki, dərnəklərdə olmuş, bir sıra dərnəkləri olan o vaxtkı Bakının həmin illərindən çıxıb gəlmiş bir müəllifdir bu adam və buna görə də mənim Bəxtiyar müəllimə rus demişkən, “otkaz” eləmək imkanım yox.Ən azından bu günkü şeir məkanında bu şeirlərin və onun müəllifinin heç bir mükafat və ya təbliğat iddiası olmasa da,bu şeirlər onun bioqrafiyasına şairlik mərtəbəsini gətirməsə də,bəlkə də tarix üçün bir fakt olaraq qalmağa ümidi var onun.
Bəxtiyar müəllim çox gözəl bir ziyalı, həqiqətən gözəl bir nəsildən gəlmiş və gözəl bir ziyalı, kimə desən tanıyar, onun qardaşları da Azərbaycan və sovet məkanında tanınmış ziyalı alimlər idilər və məhz bu bağlantılar onu məcbur edib ki, bütün ağırlığı boynuna götürərək bu kitabı ərsəyə gətirsin və üstəlik də bunu eləmək üçün başqa iki dostunu da rahatsız etmişdir.Amma mən yüzdə yüz əminəm ki,burada onlarlıq bir iş az olub.Hər şeyi Bəxtiyar müəllim özü eləyib, mən onun xasiyyətinə az-çox bələdəm.Az vaxt deyil bizim Bakı güzaranımız, az vaxt deyil və bütün bunların dışında Bəxtiyar müəllim mənə əl yazmasında bir yazı da verir, deyir: bu da mənim Firidun Rüstəmli haqqında, yəni həmin kitabda gedəcək şeirlərin və onun müəllifi haqqında qeydlərimdir, baxarsan və yarasa istifadə edərik.
Həmin qeydlərə göz atıram və ilk tanışlıq üçün çox gözəl bir başlanğıc olduğunu görürəm həmin qeydlərdə və buna görə də həmin qeydləri eynən oxuculara təqdim edirəm:
“Əziz oxucular! Əlinizə aldığınız və yenicə başladığınız Firidun Rüstəmlinin “Könül nəğmələri” adlı şeirlər və poemalar toplusunun müəyyən bir hissəsini oxuduqdan sonra özünü bir qədər də cəmləşdirib, yığışdırıb, səfərbər edərək, kitabı bir nəfəsə, böyük şövqlə, sevinc və fərəh hissi ilə oxuyacağınızı, gah sevinəcəyinizi, gah kədərlənəcəyinizi və gah da heyrətlə, “Biz bu şairi, indiyə qədər niyə tanımamışıq, bu ki, əsl poeziyadır”, deyə vəcdə gələcəyinizi və bir çox şeirlərin musiqisi elə onun özündədir deyə bəstəkarlarımızın bu sözlərə mahnı yazmağa sövq edəcəyinizi əvvəlcədən duyuruq və bundan sevinc dolu qürur hissi keçiririk.
Firidun Rüstəmli hələ orta məktəb illərində çılğın və ötkəm xasiyyətli olan, poeziyanı ürəkdən sevən, ədəbiyyatdan saatlarla danışmaqdan doymadığı, hələ o vaxtlar, gələcəkdə gözəl bir şair olacağı haqqında ümidlər verən şeirlər yazmaqla öz şagird yoldaşlarından fərqlənir, sonra oxuduğu Xanlarda 3 saylı orta məktəb kollektivinin sevimlisinə çevrilmişdir. Biz, onun dostları buna görə onu daha çox sevir, onunla fəxr edirik.
...Oxuculara təqdim olunan bu kitab da həmin dostluğun şirin bir töhvəsi və bütün şeir sevərlərə, kitabsevənlərə xoş bir ərmağandır.
Firidun müəllim əsl öz vətənini, xalqını, millətini ana yurdunu ürəkdən sevən poeziya vurğunu, gözəl bir istedadlı bir şair olmaqdan əlavə, həm də dostluqda son dərəcə sədaqətli, dost yolunda misilsiz fədakarlıq göstərən əsl qardaş və sirdaşdır.
Müvəqqəti olaraq səhhətində yaranmış problemlər, hesab edirik ki, bu gözəl şeirlər toplusu işıq üzü görməsi ilə və onun ağrılarına bir məlhəm olacaq və o çox tezliklə ayağa qalxacaq və həmişə olduğu kimi yeni şeirləri ilə və böyük bir ehtirasla, şövqlə onları oxuyaraq bizi sevindirəcəkdir. Ümid edirik ki, Firidun müəllimin bu şeirlər toplusu özünə çoxsaylı pərəstişkarlar tapacaq və bizi ürəkdən sevindirəcəkdir”.
Çox çətindir,Firidun Rüstəmlinin şeirlərinə indinin ovqatından baxsaq, çox şeylər dəyişmiş,amma bu şeirlər yazıldığı vaxt Bakının çox hərəkətli və bərəkətli bir şeir dünyası vardı. İndiki dildə desək: ottepel deyə bir ortam hakim idi bütün yaşamda və həyatda.İnsanlar artıq öz düşüncələrini ortalığa qoya bilir və istədikləri kimi də yaza bilirdilər.Qısqac qaldırılmış, amma yenə də bir çox şeylərdə sıxıntılar yaşanmaqdaydı. Məhz belə bir zaman məkanında Firidun Rüstəmli da həmin o Bakının ədəbi mühitindən yaxasını qurtara bilməmiş, bir az da həmin illərin şairlərinin poetik şeir gücünün içində çırpınaraq,vaxtından çıxmaq üçün özünə yollar axtarmış və çıxmaq istəsə də təsir gücü böyük olan şairlərin aksenti onun da yardacılığında öz izini qoymuşdur.Amma bu aksent heç də tam o illərin ab-havasını təkrar etməmişdir.
Firidun Rüstəmlinin öz poetik dünyası və özünün mövzuları olmuşdur ki,bu da həmin şairin yaşam dünyası ilə üst-üstə düşür.Dövrün poetikası içindən öz səsini ucaldan Firidun Rüstəmli hətta iri həcmli şeir növündə poemalar yazmağı da sınamış,Əliağa Kürçaylının poemalarının epik gücü onu da sehirləmiş və yazdığı “ONLAR GÖRÜŞMƏDİ”, “TALESİZ QADIN”, “YUXU” poemalarında bu sehir açıq-aydın duyulmaqdadır.
Heç güman ki,o zaman bir sıra qəzet və redaksiyaların qapısını çalan Firidun Rüstəmli bir sıra şeirlərini çap etdirmiş və bu şeirlər qaynar Bakı ədəbi mühitinin içində o illər üçün söz-söhbət yaratsa da, daha uzaqlara gedə bilməmişdir.Buna baxmayaraq Firidun Rüstəmli hövsələ ilə dözmüş və yazdıqlarını səliqə ilə saxlamış, bir kitab halında indi oxuculara təqdim etməyi daha uyğun bilmişdir.
Mən bunu da bilirəm ki, Firidun Rüstəmli bu vaxta qədər namuslu və mütəvazi bir ömür yaşamış və bu gün onun dostlarının təşəbbüsü ilə çap olunan şeir kitabı da bunun bariz nümunəsidir.Demək ömür boşuna əsən rüzgarlara verilməmiş,bu ömrün faydası yalnız Firidun Rüstəmlinin olmadığı üçün yaşadığı günləri amansız rüzgarlara verməyərək, həmin şeirlərin sandıqda qalmasına dözməmiş, geniş oxucu kütləsinin malı etməyi qərarlaşdırmışdır.
Firidun Rüstəmlinin şeirləri öz poetik gücü ilə çağının damğasını daşıdığından, bu şeirləri oxuyarkən bir az insaflı olmalı və həmin şeirlərə o zamankı Bakı mühitinin gözü ilə baxmalı.
Bu bir danılmaz həqiqətdir ki,Firidun Rüstəmli yaşadığı illər ərzində sevimli peşəsi müəllimliklə yanaşı poeziyaya bağlılığını da davam etdirmiş və buna keçəri bir həvəs kimi baxmamış,içindəki yaşantıları poeziya diliylə ifadə etmək yolunu tutmuşdur.
Təbii, şeir zaman
sərhəddini aşmalıdır,bunu danmayaq
və Firidun Rüstəmlinin şeir kitabında bu tip şeirlər də az
deyil.Yalnız bunu seçmək haqqı oxuculara aiddir.Biz isə sonunda Firidun Rüstəmlinin
kitabından bir neçə şeiri təqdim edirik.Bu duyğular bəlkə sizə də tanış
gəldi.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 10 iyul.- S.27.