Liderlik zirvəsi: Siyasətin Sosial Psixologiyası

 

PSİXOLOGİYA ELMLƏRİ NAMİZƏDİ İLHAM MİRZƏYEVİN NÖVBƏTİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

 

İlham Əlikram oğlu Mirzəyev Azərbaycan tamaşaçısına və oxucusuna yaxşı tanışdır. O, 18 iyun 1966-cı ildə Şirvan şəhərində dünyaya göz açıb. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. 1995-ci ildə həmin ali məktəbdə təhsilini başa vurub. 1996-1999-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. 1999-cu ildən etibarən isə “Space” Müstəqil Teleradio Şirkətində işləyir. İlham Mirzəyev 2006-cı ilin dekabrında “Posttravmatik stresslərin sosial-psixoloji təhlili” adlı namizədlik dissertasiyasını müdafiə edərək, psixologiya elmləri namizədi, alimlik dərəcəsini alıb. O, sosial psixologiya ilə əlaqədar 50-dən çox elmi məqalənin müəllifidir. 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə-Sosiologiya-Hüququ İnstitutunun Dinşünaslıq və Mədəniyyətin fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi, eyni zamanda institutun “Mətbuat və İnformasiyakatibi vəzifələrini icra edir. AMEA Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunan İ.Mirzəyev yaradıcılıq fəaliyyətinə görə, Azərbaycan Jurnalistlər İttifaqının üzvü seçilməklə bərabər, “Vətən”, “Humay”, “Qızıl qələm” mükafatlarının da laureatı olub. O, nəğməkar şair kimi də musiqisevərlərin rəğbətini qazanıb. Onun şeirlərinə əllidən artıq mahnı bəstələnib.

Liderlik zirvəsi: Siyasətin Sosial Psixologiyası” adlanan kitab AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Təhqiqatlar İnstitutunun Elmi Şurasının qərarı ilə təsdiqlənib. Türkiyədə nəfis tərtibatda nəşr olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor, millət vəkili Bəxtiyar Əliyevdir. Rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi, millət vəkili Nizami Cəfərov, akademik Fuad Qasımzadə, fəlsəfə elmləri doktoru, professor, millət vəkili Rəbiyyət Aslanova, AMEA-nın Fəlsəfə-Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, psixologiya elmləri namizədi, millət vəkili Gülər Əhmədova və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü, psixologiya elmləri doktoru, professor Ramiz Əliyevdir.

Girişüç fəsildən ibarət olan kitabda ümummilli lider Heydər Əliyevin siyasi irsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyəti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti sosial tarixisiyasi-psixoloji yanaşma çərçivəsində sistemli şəkildə təhlil olunub. Eyni zamanda, siyasi proseslərin kompleks siyasi-psixoloji təhlilinə geniş yer verilib. Bununla yanaşı, sosial-psixoloji yanaşma müəllifin monoqrafik xarakterliLiderlik zirvəsi: Siyasətin sosial psixologiyası” əsərində prioritet təşkil edib.

Kitabın girişində müasir dövrdə liderlik, cəmiyyət, şəxsiyyət və idarəetmə kimi məsələlərin kompleks şəkildə araşdırılmasının böyük aktuallıq kəsb etdiyi vurğulanıb. Qeyd olunub ki, bu problemlərin sosial-psixoloji yanaşma çərçivəsində öyrənilməsinin üstünlüyü problemin həm mənəvi-psixoloji, həm də sosial tərəflərinə sistemli şəkildə diqqət yetirilməsindədir. Bu mənada lider, şəxsiyyət, cəmiyyət anlayışlarının müqayisəli sosial-psixoloji təhlili kifayət qədər aktual səslənir.

Əsərin birinci fəsli “Heydər Əliyev zirvəsi” adlanır. Burada “Dəyərli ömür yolu”, “Müstəqil Azərbaycanın qurucusu”, “Yeni tarixi yaradan lider”, “Milli tərəqqinin banisi”, “Milyonların qəlbində yaşayan lider”, “Azərbaycanın əbədi müstəqilliyi naminə”, “Milli həmrəyliyin təntənəsi” kimi başlıqlar altında müstəqil dövlətçiliyimizin qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs olunub. Onun mütərəqqi ideyalarının bu gün Azərbaycan dövlətinin inkişafına, möhkəmlənməsinə, xalqın sosial-iqtisadi rifahının yüksəlməsinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi xəttini yüksək səviyyədə davaminkişaf etdirməsi müasir şəraitdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amildir.

Müəllif dahi şəxsiyyət Heydər Əliyevin ümumilikdə dövlət rəhbəri və nüfuzlu ictimai-siyasi xadim kimi 30 ildən artıq fəaliyyəti dövründə Azərbaycanın tərəqqisi, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində gördüyü işləri əvəzolunmaz addım kimi qiymətləndirib. Məhz Heydər Əliyev dühası sayəsində müasir Azərbaycan dövlətçiliyinin real məzmun və məna kəsb etdiyini önə çəkib. Qeyd edib ki, yalnız əsl dövlət xadimi başçısı olduğu ölkənin, xalqın mənafeyini qoruya bilir, bununla bağlı ölçülüb-biçilmiş, tarazlaşdırılmış, məsuliyyətli qərarlar qəbul edir. Bu mənada, siyasət elmi digər elm sahələrindən daha mürəkkəb olduğu üçün, nüfuzlu siyasətçinin uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə fitri istedada malik olması başlıca şərtdir. İlham Mirzəyevin qənaətinə görə, yüksək səviyyəli peşəkar siyasətçi, nüfuzlu dövlət başçısı üçün vacib olan bu keyfiyyətlər ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsiyyətində cəmləşib.

Kitabın ikinci fəsli “Lider. Şəxsiyyət. Cəmiyyət” adlanır. Bu fəsildə “Cəmiyyətdə sosiallaşma və təsisatlaşma”, “Şəxsiyyətin sosial statusu”, “Şəxsiyyət-sosial münasibətlərin subyekti kimi”, “Şəxsiyyətin siyasi-psixoloji tədqiqinin aktual məsələləri”, “Lider, şəxsiyyət nəzəriyyələri”, “İrsi amillərin şəxsiyyətin formalaşmasında rolu”, “Liderin, şəxsiyyətin formalaşmasında mühitin rolu”, “Şəxsiyyətin təşəkkülünün aktual məsələləri”, “Şəxsiyyət psixologiyasının metodları haqqında”, “Şəxsiyyət və idarəetmə: İdarəetmənin ümumi məsələləri”, “Müasir idarəetmə sistemlərinin nəzəri tipologiyası” və “İdarəetmənin sosial-psixoloji metodları” kimi aktual məsələlər müəllif tərəfindən geniş tədqiq olunub.

Prezident İlham Əliyevin Sosial-Siyasi İnkişaf Strategiyası” adlanan üçüncü fəsildə isə dövlət başçısının siyasi fəaliyyətinə nəzər salınıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin dövlətçilik və idarəçilik fəaliyyəti bütün cəhətlərinə görə pozitiv meyarlarla şərtlənir. Bu fəaliyyət bir çox cəhətdən orijinallığı və özünəməxsusluğu ilə seçilir. Bu mənada, Azərbaycanın dövlət başçısının rəhbərlik üslubu yüksək səviyyədə müasirlik, novatorluq, təşəbbüskarlıq, qətiyyətlilik, mübarizliklə, elmiintellektual yanaşma ilə tamamlanır. Odur ki, İlham Əliyevin prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən etibarən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Prezident İlham Əliyev hökumətin mütəmadi və davamlı şəkildə xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab edir. O, bütün sahələrdə mövcud olan nöqsanların, çatışmazlıqların obyektiv müzakirələr yolu ilə optimal səviyyədə aradan qaldırılmasının tərəfdarıdır. Dövlət başçısı verdiyi bütün vədləri əməli işi ilə doğrultmaq üçün əzmlə çalışır. Bu səbəbdən İlham Əliyev xalq tərəfindən birmənalı olaraq, alternativsiz siyasi lidernüfuzlu dövlət xadimi kimi yüksək dəyərləndirilir. Bu gün Prezident İlham Əliyev həm dövlət başçısı, həm də ictimai-siyasi xadim kimi çox yüksək reytinq göstəricilərinə malikdir.

Sonuncu fəsildə “Liderlik zirvəsinə doğru inamlı addımlar”, “Milli Olimpiya Hərəkatinin lideri”, “Böyük siyasətə doğru”, “Hər bir azərbaycanlının prezidenti”, “İlham Əliyev diplomatiyası milli dövlətçilik mənafeləri kontekstində”, “İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası”, “İnsan kapitalının inkişafı strategiyası və Heydər Əliyev Fondu”, “Nəticə əvəzi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və dəyişən reallıqlar” kimi başlıqlar altında maraqlı mövzulara toxunulub.

İnsan kapitalının inkişafı strategiyası və Heydər Əliyev Fonduadlanan bölümdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan naminə gördüyü işlərdən söhbət açılıb. Bildirilib ki, millət vəkilinin xarici ölkələrə mötəbər səfərləri çərçivəsində keçirdiyi görüşlər birinci ledinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını dəqiqliyi ilə bir daha göz önündə canlandırır. Müəllifin fikrinə görə, Mehriban xanımın hər bir xarici səfəri Azərbaycan həqiqətlərinin dünya ictimai rəyinə təqdim olunması, ölkəmizin beynəlxalq imicinin formalaşması baxımından, müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımının xarici səfərləri, birmənalı olaraq ölkəmizin zəngin tarixinin, mədəni irsinin təbliğinə əsaslanır. Bu səfərlərin nəticəsi olaraq, xarici ölkələrin ictimaiyyəti Azərbaycan haqqında daha bitkin və əhatəli məlumatlar əldə edir. Bununla da, Mehriban xanım Azərbaycan haqqında dolğun rəyin formalaşmasında fəal iştirakını, daha dəqiq desək, əsl vətəndaşlıq mövqeyini nümayiş etdirir. Ümumiyyətlə, Mehriban xanım Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri kimi bütün istiqamətlərdə uğurlu fəaliyyət göstərir. Onun adıçəkilən vəzifələri tutmasında isə nəticə etibarilə qazanan yalnız və yalnız Azərbaycan xalqıdır.

Müəllif kitabında Rusiyada Heydər Əliyev Fondunun nümayəndəliyinin yaradılmasına diqqət çəkərək, Fondun tərkibindəki gənclər təşkilatının gördüyü işlərə də toxunub. Qeyd edib ki, nümayəndəliyin yaradılması Heydər Əliyevin uzaqgörən siyasətinin, strateji fəaliyyətinin davamıdır və onun tövsiyələrindən doğan işləri bu gün Leyla xanım Əliyeva uğurla davam etdirir. Müəllifin fikrinə görə, bu gün həmin gənclər təşkilatı artıq Rusiyanın bütün bölgələrində gənclərlə görüşlər keçirir, orada yaşayan gənclərin problemləri ilə maraqlanır və ən başlıcası gənclərin həmin cəmiyyətə inteqrasiyasına güclü dəstək verir. Bu, lobbiçilk hərəkatında böyük bir inqilabdır. Leyla xanım bu işi aparır və Rusiyada yaşayan soydaşlarımız da ona dəstək verirlər. Bu bütövlükdə Rusiyadakı azərbaycanlılar üçün strateji əhəmiyyəti olan bir işdir, həm də Azərbaycan dövlətinin daha yaxından tanıdılması üçün aparılan bir siyasətdir.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2010.- 10 iyul.- S.26.