Lahıcda Qarabağ şikəstəsi

 

(“Duyğular” silsiləsindən)

 

Eşitdim Ağdamdan təzəcə qaçqın düşmüş yaxın qohumum Qurban (Ağdamda ona misgər Qurban deyirdilər) böyük oğlu Eyvaza toy eləyir. Nə yaxşı ki, dünyanın hələ eycahan vədələrində Lahıcda yalnız xarabalıqları qalmış ata-baba yurdlarında bir dam qaralaya bilmişdilər. Yaydan-yaya gəlib dincəlirdilər. Dünya qarışandasa lövbərlərini buraya saldılar. Sonralar neçə-neçə qaçqın ailəsinin öz evi bilib ərklə qapısını döydüyü, dosta, qohum-qardaşa daim simsar olmuşdu bu ocaq.

Qurbanla yeniyetməlik illərindən bir yerdə böyümüşük. Əslən, kökən sarıdan lahıclı olsa da körpəliyindən Qarabağda, Ağdamda ərsəyə gəlib, şirin qarabağlı ləhcəsində danışır. Özü də, Ağdamda dünyaya gəlmiş övladları da. Ana nəslimdə ən çox hörmət olunan kişilərdən biridi Qurban. İllər boyu yar-yoldaşımla Ağdama yolum düşəndə əldən-ayaqdan gedər, özünü oda-közə vurub günlərimizin bəy-xan kimi ötüşməsini təşkil edər, üstəlik bu həyanlığından zövq alardı. İndi bunun Bakıya gəlməyi də var axı, ha istərdik biz də özümüzü göstərək, yox e, Qurban olan yerdə kimin nə haqqı olardı əlini cibinə sala.

Hələ uşaq yaşlarından atasız böyüdüyündən zəhmətə qatlaşmış, misgərlik kimi ağır fiziki güc tələb edən bir sənətə baş qoşmuşdu. Zahiri görünüşü ilə əlləri arasında kəskin fərq vardı. Özü sakit, gözəl, yaraşıqlı, əlləri iri, çat-çat, cadar-cadar. Misgərlikdə tez-tez işlədilən kimyəvi dərmanlardan yaman günə düşmüş bu əllərə toxunanda onları əldən savayı nəyə desən oxşatmaq olardı. Ömrü boyu hər işimizə yarayan olmuşdu Qurban. Bir xeyir-şərimiz onsuz ötüşməzdi. Qəlbi geniş, səxavət mücəssəməsi, açıq süfrəli, indilərdəsə adına “qaçqın” yarlığı yapışdırılmış didərgin qardaşım. Ona görə “didərgin” deyirəm ki, dost-doğmaca baba yurdu Lahıcda özünə layiqli şərait yaradıb ulu misgərlik sənətini davam etdirsə də Ağdamsız, Qarabağsız günlərini ömürdən saymır, bir gözü dəli-dolu Girdman çayının cənub axarından arana, oradan da Qarabağa uzanan yollardan çəkilmir.

İndi Qurbanın həmin ocağıydı, böyük oğlunun toyuna hazırlaşırdı. Xəbəri eşidəndə təccüblənmişdim. Qurbandan çıxmayan iş, nə əcəb məni dəvət eləməyib. Amma sonra xasiyyətinə bələd olduğumdan vaz keçdim. Başa düşdüm ki, istəməyib ilin-günün bu çağında kimsəyə əziyyət verə. Durub yol aldım düz Lahıca. Evlərinə yaxınlaşdıqca qulağım darı dənləyirdi. Öz-özümə deyirdim görən çalğılı toydurmu? Axı, bu toya Qurban çoxdan hazırlaşırdı. Bəlkə də bütün ömrü boyu. Axı, ilk övladının – Eyvazının toyu idi. Amma heç bir çalğıdan-filandan əsər-əlamət yox idi. Həyətdəsə əsl qələbəlik hökm sürürdü. Arvadlar, uşaqlar qaynaşır, həzin, sakit bir sevinc arada valey vururdu. Kişilər məclisinə qədəm qoyanda ürəyim dağa döndü. Mənə elə gəldi bütün Ağdam, Qarabağ burdadır. Gözlərində, çöhrələrində dünyanın minbir ağrı-acısı, dərdi-ələmi yeyib-içir, içlərində boy göstərməyə çalışan qəmi, kədəri bir təhər ovudub səngidirlər. Qurban düz iş görmüşdü. Burda çalğı qəti olmazdı. Çünki məclis qarabağlıların məclisiydi, eşidən, bilən tanış-biliş Azərbaycanın hər bucağından tökülüşüb gəlmişdi Lahıca. Bakıdan, Şəkidən, Masallıdan, Ağsudan, Kürdəmirdən. Tarın bircə siminə bənd idilər, bir boğaz qaynatması, bir zəngulə yetərdi ki, göz yaşlarının qabağı açıla, qaçqın ahı ərşə dirənə. Qurban düz eləmişdi. Bu toyun mağarı xəyallarda qurulmuşdu. Ağdamda, İslam Hacıyev küçəsinin bu başından o başınacan. Bu toyun çalğısı qulaqlarda səslənirdi. Burada əyləşənlərin çoxu mənə tanışdı. Məhərrəmin, Rəşidin, Cəfərin, Vahidin, Niyazinin, Məhəmmədin, Vahidin Ağdamda yaxşı gün-güzəranları, ev-eşikləri vardı. Qonaq gedərdin, başından gedib ayağından gələrdilər. Çox vaxt da məclislərin sonu Şuşada-İsa bulağında tamamlanardı. Eləsi vardı iki-üç yerdə ev tikmişdi özünə, balalarına. İndilərdəsə bu böyük qəlbli insanlar evsiz-evsiz, yurdsuz-yurdsuz dolaşırlar Azərbaycanın bizə qalan əraziləri boyunca. Adlarının da yanında çəkilməz “qaçqın” yükü. Təəssüflər ki, elə yurddaşlarımız var bu yükün ağırlığından xəbərsizdi, kimisi hətta məzəmmət edir, acılayır onları. Onlarsa bir şey deyirlər: Allah biz görəni heç kəsə göstərməsin. Təzə bəyə yaxınlaşdım, qucaqlayıb öpdüm onu. Gözümün qabağında böyümüşdü. Qaradinməz, sakit, ağır bir uşaq idi. Evləri Ağdam bazarının yaxınlığındaydı, atasının da misgər dükanı o bazarın içində. Tez-tez ora gedər, atasıyla bir çəkic vurar, misgərliyin incəliklərini öyrənərdi. İndilərsə yekə cayıl olmuş, sərtləşmiş, kobudlaşmışdı. Çünki bu yaşında qan-qada görmüş, yurd itirmiş, birgə böyüyüb boya-başa çatdığı dostlarından ayrı düşmüşdü. Yağış döymüşdü onu, gün qaraltmışdı. Və ona baxdıqca mənə elə gəlirdi evlənməyinə görə də xəcalət çəkir, sanki kimdənsə, nədənsə üzr istəyirdi. Bilirdim ki, müharibə başlayandan gecəsi-gündüzü olmayıb Eyvazın. Öz maşınlarında bir ayağı daim döyüş bölgələrində olub, döyüşçülərə silah-sursat daşıyıb, yeri gələndə əldə silah döyüşürmüş.

Məclis getdikcə isnişir, dillərin qıfılı açılır, köhnə tanışlar biri-birindən hal-əhval tutur, iş-gücləri barədə məlumatlanırdılar. Bu da Məhərrəm dostumuz. Vaxtilə toyumuzda, şənliyimizdə birdənbirə peyda olan, əsas sənəti misgərlik olsa da məclislərin şirin yerindəcə əsl qarabağlılar sayağı, amma lahıclılar kimi “g”, “c” səslərinin yerini dəyişik sala-sala çox gözəl avazla, çalğısız-filansız muğam parçaları oxuyan kövrək qəlbli sənətkar. Böyük muğam ustamız Arif Babayev istər Ağdamda, istərsə də Bakıda hansı məclisdə onu görərdisə həmən yanına çağırar, qoşalaşıb oxuyar, aralığa bir ayrı hüsn-tərəvət bağışlardılar. Amma o Məhərrəmdən əsər-əalmət qalmamışdı. Başının üstündən əsən nagahan küləklər onun da şaxın sındırıb, qəddini əyib. Daha az-az oxuyur. Özü də bütün qarabağlılar kimi söz verib ki, “Qarabağ şikəstəsi”ni o yerlər azad olmayınca oxumayacaq.

Bu da Məhərrəmin balaca qardaşı Rəşid. Məclislər bəzəyi. Daim deyib-gülən, duzlu-məzəli, zarafatcıl, xoşsurət, səxavətli. Baxanda deyərdin dünyanın heç bir qəmi-qüssəsi bu adamın qəlbinə yol tapammaz. Elə bu məclisdə də kefindən qalmırdı. Çatana bir söz atır, bir şəbədə qoşur, lətifələrinin sayı-hesabı bilinmirdi. Amma hər Ağdam adı çəkiləndə sanki səksənir, köpü alınır, Rəşidliyindən çıxır, olur bir kövrək, ürəyi quş ürəyi təki çırpınan vətəndaş, vətən daşı.

Bu da Cəfər. Bəyin əmisi. Bütün Ağdamda “Şofer Cəfər” kimi ad çıxarmışdı. Əsl ağdamlı təbiətli bir zat. Sözü düz adamın gözünün içinə deyən, haqqı nahaqqa satmayan. Ağdamda bir evi vardı, birinin də bünövrəsini təzəcə qoymuşdu. Özünü oda-közə vururdu ki, yaraşıqlı Ağdam mülklərindən geri qalmayan bir dirlik yaratsın ailəsinə, balalarına. Dünya dəyişdi, işlər baş-ayaq çevrildi. Dədə-baba yurdu olsa da qaçqın düşəndən sonra nə Lahıca uyuşa bildi, nə də lahıclılarla onunku tutmadı, Kürdəmirdə binə saldı. Ağdama qayıdacağına bəlkə də dünyada hamıdan çox inanan odur. Söz düşəndə deyir ki, mən bilirəm ağdam camaatının canındakını. Bir haya bəndirlər, Allaha and olsun, bir də görəssiniz düz İrəvanın ortasındadırlar.

Nəhayət bu da... yenə Məhərrəmdi. Məclisi bürüyən səsin-küyün içindən lapdan bulaq misallı bir səs, bir avaz süzülür. Ağdam oxuma məktəbidi eyzən. Arif boğazı, Şahmalı yanğısı, Qədir nəfəsidi. Bir də misgər Məhərrəmin sınıq qəlbi. Bircə saniyənin içində məclisin üstünə elə bil buzlu su çilənir, hər şey rəngini, tamını dəyişir. Kişilər əyləşən evin uzun dəhlizinin Girdiman çayına açılan pəncərəsindən içəri dolan Lahıc dağlarının küləyi də dayanır elə bil. Məhərrəm gözlərini yumub oxuyur. Yox, oxumur, “Segah”ın diliylə inləyir, can verir, hönkürür. Bayaqdan məclis əhlinin keyfini duruldan, adamları güldürən Rəşid də ondan beşbətər. Və gözlərindən sel kimi yaş axıda-axıda əllərini ağzı üstündə cütləşdirib qeyri-adi ustalıqla yastı balaban səsi çıxara-çıxara qardaşını müşayiət eləyir. Məhərrəmsə gərək ki, bu sözləri oxuyur:

 

Ey könül müşkülü

uzaq getmə dayan, dur

Hər dərdin dəvası

Qarabağdadır.

 

Gözlər dolur, ürəklər uçunur, xəyallar qarışır, nəzərlər Lahıc dağlarından o taya – Qarabağa zillənir. Gedirlər, o yerləri dolaşırlar, doğma yurd yerlərinin daşını,torpağını öpüb qayıdırlar. Qadınlar məclisindən hıçqırıqlar eşidilir.Bir daha başa düşürəm ki, Qurban öz ilkinin toyunu çalğısız keçirməkdə haqlı iş görüb. Yoxsa burdan havalanan qüssənin qənşərində nəinki insanlar, heç Lahıcın rəmzi sayılan Niyal dağı da duruş gətirəmməzdi. Üstəlik bu yerdə Məhərrəm vədinə də xilaf çıxır, andını da pozur. Sanki məclisi qəmləndirdiyini birdən dərk eləyib “valı” dəyişir, “Qarabağ şikəstəsi”ni havalandırır:

 

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi

Qarabağın şikəstəsi...

 

Yox, bu oxumaq deyildi, hayqırtıydı, çağırışdı, təsəlli idi.

Doğurdan da qəribə toy idi bu toy. Bir süfrə arxasında fəhlə də əyləşmişdi, sürücü də, ziyalı da, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin sabiq sədri Müslüm Məmmədov da, Milli Məclisin üzvü də. Qaçqın da vardı, qaçqınlıq anlayışına biganə olan da. Danışır, bəzən mübahisə edir, siyasətdən dəm vurur, bəzən hətta ortaq məxrəcə gələ bilməsələr də aradakı xətir-hörməti uca tutur, pərdəni gözləyirdilər. Arada sağlıq demək üçün mənə də söz verdilər. Qayıtdım ki, bu gün burada tək Lahıc əhli, Ağdam camaatı, Qarabağ elatı yox, sanki bütün Azərbaycan təmsil olunur. Özünün problemləri, siyasi, elmi, iqtisadi dairələrdə gedən söz-söhbətləriylə. Bəlkə də kənardan baxanda bu ziyafət kiməsə mənfi təsir bağışlaya, kimsə fikirləşə ki, dünyanın bu vaxtında, el-günün dərd-sərinin başdan aşdığı bu vədələrdə bu nə toy, nə yeyib-içməkdir belə. Amma nahaq. Dünyanın ən ədalətli, ən əbədi hadisəsi elə budur ki, var. Çünki dünyaya təzə ailə gəlir, deməli kimlərçünsə həyat öz axarından qalmayıb, dünyanın sonu yetişməyib. Bu gün Ağdam da Qarabağın digər bölgələri də dünyaya gələn hər təzə ailəsi, doğulan hər körpəsiylə yenidən yaranmalıdır. Ağdamın, Qarabağın sınırlarından kənarda daha böyük, möhtəşəm bir Ağdam, bir Qarabağ intişar tapmalı, dünyadan köçən şəhidlərin intiqamı zamanı yetişəndə alınmalı və o böyük Ağdam, o möhtəşəm Qarabağ nəhəng bir axınla öz yer-yurdlarına qayıtmağa hazır olmalıdır. Yetər ki, ürəklərdəki Qarabağ odunu sönüb-səngiməyə qoymayalar.

P.S. Bu yazıda təsvir olunanlar 16 il bundan əvvələ aiddir. Hələ ağdamlıların ərkəsöyün, onlara xas olan ədalarının, şaxlıq-şuxluqlarının öz axarıyla getdiyi dəmlər idi. Hələ başlarına gələni, gətiriləni bütün incəlikləriylə dərk edə bilmirdilər. Erməniyə görə ağdamı qoyub çıxmaları gülməli gəlirdi onlara. Və elə bilirdilər bu gün-sabah başları ayazıyan kimi, bir hovur nəfəslərin dərib yenidən dönəcəklər o yerlərə, erməninin aşının suyun verməyə. Amma...

İndi budur, o toyun baş tutduğu vaxtdan 16 ildən çox müddət ötüşsə də o igidlər məskəni, comərdlər oylağı Ağdam hələ də düşmən tapdağındadır. Bu illər ərzində çox küləklər əsib, sellər-sular axıb. Qurban qardaşımın da Lahıcdakı ata-baba yurdunda ötüşən günləri, illəri üzə gülən olmayıb. 1997-ci ildə Eyvazdan kiçik oğlu, xoş simalı, hamıya özünü istədən Elşad balası əlindən uçub getdi. Onun faciəsi lap nağllardakı kimi oldu. Ailədə Ağdamsızlığın xiffətini ən çox ürəyinə salan, gecələr sübhəcən yatmayıb Ayla, ulduzlarla danışan da o olubmuş. Ağdamı ən sonda tərk eləyənlərdən biriydi Elşad. Gördüyü qan-qadalar, böyür-başında partlayan mərmilər bir növ havalandırmışdı onu. Lahıca heç uyuşa bilmirmiş. Axır ki, saxlamaq mümkün olmur, ordan çıxıb əvvəlcə Bakıya gəlir. Dənizkənarı parkda ağdamlı uşaqlıq dostlarını tapır. Oradakı çayxanalardan birində işləyən dostuna- Fred Asifin yaxın qohumu Elməddinə deyir ki, belə yaşamaq kişilikdən deyil, gəlin yığışıb bir iş görək. Dostu məsləhət görür ki, hələ vaxtı deyil, səbr elə, gün gələr dığalardan hayıfımızı çıxarıq. Elşad deyir onda siz qalın, mən gedirəm. Elməddin soruşur hara gedirsən, cavab verir ki, uzaq bir yola çıxıram...

O yolsa sən demə çox qısaymış – dəniz kənarı parkdan Bakı soveti metrosuna, vaqonların təkərləri altınacan...

Sonra da Qurban qardaşım bu yazıda toyundan söbət açdığımız böyük oğlu Eyvazını itirdi. Ağdamsızlığa, bir də balaca qardaşı Elşadın faciəli həlakına dözmədi Eyvaz. 2001-ci ildə ürək tutmasından dünyasını dəyişdi. Lahıcdakı ata-baba yurdunda, qədim misgər dükanında başını aşağı salıb əlindəki durnaboğaz çəkicin ritmik sədaları altında günlərini başa vuran Qurbansa hələ də yaşamaqda davam edir – əlində – ovucunda qalmış övladları Elgizlə, İlqarla, birdə hələ körpəykən atadan məhrum olmuş nəvələri Fəridə və balaca Elşadıyla. Yaşayır. Əgər buna yaşamaq demək olarsa.

30 iyun 2010 Yazı müsabiqə üçün təqdim olunur

 

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.- 2010.- 10 iyul.- S.25.