Varlığımız ağlımızın güzgüsüdür

 

Deyirəm, bu fikri dünyada ən güclü dualardan biri hesab etmək olar: “Allah, ağlımızı əlimizdən almasın”. Əgər ağıl əldən gedibsə hər şeyi itirmisən. Əslində yazı qarmaqarışıq dünyada öz məhvərindən çıxmayan, ağlını azmayan, öz milli mənəvi xəzinəsinə hörmət və qayğıyla yanaşan insanlar üçün nəzərdə tutulub. (Bu adamların xəritədə dəqiq coğrafiyası yoxdur. Yaxşı adam elə hər yerdə yaxşıdır.) Ey, dünyanın yaraşığı, nicatı olan müdrik adamlar, sizin elminiz, helminiz olmasaydı biz kimə ürəyimizi açardıq?! Qədim filosof Baltasar Qrasian gözəl deyib: “Fikirlərini sükut məbədində gizlət, ancaq ağıllı adamlar üçün üzə çıxart.” Hər əsrin öz dahiləri və sərsəmləri var. Zaman keçdikcə dahilər tarixə, xalqın milli sərvətinə dönür, dəlilər də qeyri-adi düşüncə tərzi ilə öz həqiqətinin başına fədakar pərvanə kimi dolanır, qanadlarının yanmasından qorxmur. Kosmosdan onlara gələn güclü informasiya axınına, gərginliyə adi adamın şüuru dözə bilməz. Heç kimin mavi göylərində membran təbəqə pozulmasın. Bir sözlə, Allah adamın ağlını əlindən almasın. Əsrin görünən, görünməyən “dəlixanalarının” çoxdandır qapıları, pəncərələri sındırılıb. Orda xalatlı həkimlərə ehtiyac yoxdur. Oralara giriş, çıxış azaddır, təki pulun olsun. Əxlaqsızlıq yuvalarına ayaq açmaq üçün ora açar tapmaq lazım deyil. “Açar söztapmaq kifayətdir. Bu “dəlixanalarda” hər şey pula satılır, alınır. Xarici ölkələrdə gecədən səhərə kimi işləyən kazinolarda quraşdırılan müasir texnologiyalar, gözqamaşdıran işıqlar insanları real həyatdan o qədər ayırır ki, o sehirli aləmə düşən gecəni gündüz ilə qarışdırır. Belə sərsəm həyatın gərgin ritmini yaşayanlarda bir neçə ildən sonra dəli olmaq təhlükəsi var. Məşhur psixiatr həkimin dediklərini təkrar etməli olacağam: “Tam sağlam adamlar yoxdur, yalnız müayinə olunmayanlar var”. Yazıq cəmiyyət! Yazı yayda yazıldığı üçün bu fəsilə də xüsusilə toxunmaq istəyirəm. Bütün fəsillərə hörmətim var, amma yay fəslini son illər sevmirəm. Deyəcəksiniz ki, yayda meyvə, tərəvəzin bol olduğu bir fəsli necə sevməmək olar? Abşeron bağlarının mövsümü başlanır, çimərliklər bədənlə dolur.(Sözün düzü, paltarsız insan, ancaq bədəndir. İnsanlar çimərlikdə öz ulu əcdadına daha çox oxşayır.) Nəhayət, gələk əsas mətləb üstünə. Əgər kimsə italiyalı alim Çezare LombrozonunDahilik və sərsəmlik” əsərini oxuyubsa mənim nə demək istədiyimi sonra başa düşəcək. Onun əsərini oxuyanda məlum olur ki, dahilik insan xoşbəxtliyinə, azadlığına sui-qəsddirsə, sərsəmlik özünə qarşı qapanmaq, reallıqdan məhrum olmaqdır. Bunun bir çox səbəblərini Lombrozo təcrübəli psixiatr həkim kimi açıqlamağa çalışıb. Sərsəm ilə mattoid-qrafoman yazıçılar arasında fərqə və yaxınlığa da aydınlıq gətirib. Lakin Lombrozaya bir fikri bağışlaya bilmirəm ki, Məhəmməd peyğəmbərin adını Lüter, Şopenhaur, Savonarola ilə bir yerdə hallandıraraq, onların dünya xalqlarını zehni inkişafdan qoyduğunu sübut etmək istəyir. Daha sonra Qurani-Kərimdən guya başı çıxan “şərqşünas” alim kimi surələrin bir-birini inkar etdiyini qeyd edir. (Yaxşı ki, keçən əsrin əvvəllərində 1909-cu ildə dünyasını dəyişib. Daha bəzi sərsəm ideyalarını inkişaf etdirə bilmir). Həm də onu qınamaq da olmur. Həyatının çox hissəsini dəlilər, canilər arasında keçirən psixiatr həkim, kriminalist kimi hamıdan şübhələnməyə, diaqnoz qoymağa adət edib. Hörmətli mərhum Lombrozo, sənə bu dünyadan o dünyaya mesaj göndərib demək istəyirəm ki, adam bilmədiyi şey haqında böyük-böyük danışmaz. Məhəmməd peyğəmbərimizin ən böyük möcüzələrindən biri olan Quran özü elə dərin elmdir, əxlaqdır, mədəniyyətdir, hikmət, sülh kitabıdır. Əgər o, Quranın surələrinin düzgün tərcüməsini vaxtında oxusaydı yanlış fikirlərdən uzaq olardı. Neyləsin ki, avropalı dəlilərlə ciddi məşğul olduğu üçün mütaliəyə çox vaxt ayıra bilməyib. Quranda bir çox elmi sahələrə işıq salan surələri Avropa alimləri neçə əsr sonra təsdiq etmişlər.(Əziz oxucu, bağışlayın, adam ədalətsizlik görəndə əsəbiləşir, qabağında kimin olduğunun fərqinə varmır. Bizə tolerantlıq dərsləri keçənlər özləri çox vaxt buna riayət etmirlər.) Bəşəriyyətin xoşbəxt gələcəyi naminə islam dininin müqəddəs qanunları, izahları Qurani-Kərimdə verilib. Sevindirici hal odur ki, əsərində lipemanyaklıqlarını sübut etdiyi Şopenhaur, Amper, Şuman, Svift, Nyuton, Russos. adların arasında türk adlarına rast gəlinmir. Dəliləri çox olan xalqların statistik göstəriciləri, təhlili ilə tanış olmaq istəyən “Dahilik və sərsəmlik” kitabını tapıb təcili oxusun. (Əgər mən özüm kitabdan çıxarışlar etsəm başqa xalqların nümayəndələri Lombrozonu bir qırağa qoyub məni qınaq hədəfinə çevirəcəklər. Elə zənn edəcəklər ki, dəlilər arasında ayrı-seçkilik salıram. Allah bizi beynəlxalq səviyyəli dəlilərdən qorusun.) Sizlərin diqqətinə onu da çatdırım ki, müəllif Blez Paskaldan da sitat gətirməyi unutmayıb: “Xristianlıq şəxsiyyəti məhv edir.” Ona görə orta əsrlərdə Bibliyada bəzi fikirlərlə razılaşmayan Martin LüterKelvin (keçmiş rahib) X Leviyə qarşı çıxıb. Lüter istəməyib ki, təmtəraqlı ayinlər keçirilsin, rahiblər dünyadan təcrid olunsunlar. Onların da hamı kimi evlənmələrini tələb edib. Bir sözlə, Allahın insana verdiyi bütün nemətlərdən istifadə olunmasına, maddi, mənəvi yüksəlişinə çağırıb. Bunun nəyi pisdir? İnsanları xoşbəxtliyə, azadlığa aparan yollar hansı məntiqlə onu zehni inkişafdan qoya bilər? Gülməli görünsə də adama deməzlər ki, yayın bu cırhacırında Çezare Lombrozo hardan sənin yadına düşüb? Düzü bilmirəm. Amma onun əsərində dahilərin aciz tərəflərini, həyatın acı səhnələrini oxuyanda məşhur adamların psixopatologiyadan əziyyət çəkməsinə insan kimi təəssüf edirsən. Əslində lipomaniya kimi dəlilik dərəcəsinə çatan bəzi dahilərin xəstəliklərini geniş oxucu kütləsinə çatdırmaqla nəyə nail oluruq? Əgər bilsək ki, bəstəkar Şumanın bir çox əsərləri necə yazılıb, ona qulaq asmayacağıq?! Ona elə gəlib ki, musiqi notlarını BethovenMendelson öz qəbirlərindən diqtə edirlər, bu da onda vahimə oyadırmış. Conatan Svift ağıllı doğulsa da dəli kimi ölüb, Van Qoq da sərxoş vəziyyətdə dəlilik dərəcəsinə çatanda hirsini boğmaq üçün qulağının birini kəsib. Yadigar qoyub getdiyi rəsm əsərləri ki, təkqulaq görünmür. Motsarta həmişə elə gəlib ki, hamı onu zəhərləmək istəyir. Jan Jak Russo ölənə yaxın yazıq günə düşür, sərsəm yazıları artıq onun xəstəliyini büruzə verirdi. Nitsşe ömrünün son günlərini Veymar psixiatriya xəstəxanasında bitiribs. Lombrozo vaxtı ikən öz işlədiyi klinikada xəstə təxəyyüllü adamlar arasında rəsm əsərlərinin müsabiqəsini təsvir edir. Hərə həyatı necə görürsə onu eləcə də çəkir. Biri generalı oturan vəziyyətdə çəksə də altındakı stulu çəkməyi unudur. Yaxud toyuqla at eyni ölçüdə çəkilir. Həyatın əksi, lövhələri onların şüurunda yarımçıqdır, inkişafsızdır. Allah adamın ağlını əlindən almasın. Sən demə, düşüncə sürəti pozulanda danışıqda da cümlələr arasında zəncir qırılırmış. Bütün bunlarla yanaşı “psixopatologiyaya məruz qalan bir çox dahi adamlarvaxtsa bəşəriyyətin mənəvi tərəqqisinə fermentativ təsir göstəriblər” (Ernst Kreçmer). Hər şey özəlləşib, xüsusiləşib.Təkcə dəlixanalardan savayı. Orda məskunlaşan dəlilər də müxtəlif səbəblərdən ora düşüblər. Dəli var anadangəlmə, dəli də var ki, həyatdangəlmə. Dəli var ağlayır, dəli də var gülür. Dəlilərdə gülən daha çoxdur, nəinki ağlayan. Deyilənə görə gülən dəliyə çarə yoxdur. Yazıya yeni ovqat vermək üçün bir lətifə yadıma düşdü. “Bir otaqda qalan iki dəlidən biri qonşusundan soruşur: “Dünən sənə verdiyim romanı oxudun?” “Hə, oxudum, amma o qədər cansıxıcı idi ki, həm süjeti başa düşmədim, həm də əsərdə iştirakçı çox idi. Bu vaxt xəstəxananın baş həkimi otağa daxil olub dəlilərdən soruşur: hə, psixlər, boynunuza alın ki, mənim telefon kitabımı kim oğurlayıb?” Heç yadımdan çıxmaz, on il əvvəl psixatriya xəstəxanasında baş həkimdən müsahibə götürdüm. (Sonra o yazı “Ekspress” qəzetində çıxmışdı.) O ərəfədə də dəlixana haqqında “Azərbaycanfilm”in istehsalı olan film çəkilmişdi. “Nizami” kinoteatrında ona ilk baxış keçiriləndə mən də iştirak edirdim. Baş həkimlə orda görüşəndə o, yanındakı adama məni göstərib dedi: “Bizim xəstəxanadan yazan xanımla tanış olun. Yadındadır, onun haqqında sənə demişdim. Bu sahəni dini baxımdan yaxşı təhlil etmişdi.” Sözün düzü, o ziyalı ilə xəstəxanadakı söhbətim, apardığım qeydlər mənim üçün unudulmaz bir xatirəyə çevrilmişdi.Yadımdadır, statistik məlumatlara əsaslanıb bir faktı qeyd etmişdi ki, müsəlmanlar arasında psixi pozuntu halları daha azlıq təşkil edir. Maraqlısı o idi ki, başqa həkimlər kimiZiqmundFreyd haqqında bir kəlmə də danışmadı. (Adətən bualimin xəstə xülyaları ilə birlikdə üstəlik şəkili də xəstəxana divarlarından asılır.) Biz nümunə üçün əvvəldə bir neçə dahinin həyatının son illərində sərsəmliyini qeyd etsək də, alim, yaradıcı insan kimi onların məhsuldar əməyindən bəşəriyyət yaxşı mənada bəhrələnib. Birvar ki, əlinə qələm alan gündən mənəvi pozğunluqları cəmiyyətə sırımaqla, sərsəm fikirlərə haqq qazandırmaqla məşğul olasan. (Əslində Ziqmundun saqqallı, bığlı şəkilləri onun müdrik olduğundan xəbər vermir. Başındakı şlyapa, gözündəki eynək onun intelligentliyinə dəlalət etmir.)İnsanları heyvani instinktlərdən asılı, bioloji varlığa çevirmək iddiasında buluşanalim” dinə, mədəniyyətə, sağlam cəmiyyətə “freydizmi” aşılayıb. O, insanları inandırmaq istəyib ki, dinə qədər insan daha azad olub, öz tələbatlarını həyata keçirmək üçün maneələr, qadağalar nədir bilməyib. Bir sözlə, fiziki bədənə xidmət onun sayıqlamalarının məğzini təşkil edib. Onun fikirlərindən bəhrələnənlər xüsusilə, Avropada ailə kimi dəyərlərdən, övlad məhəbbətindən məhrum olmaqdadırlar. Bircinsli nikahlar baş alıb getməkdədir. (Lüt peyğəmbər dövründəki belə əxlaqsızlıqların ucbatından Allah tərəfindən onların başlarına öz adları həkk olunan odlu daşlar yağdırıldı. Yəqin Freyd də şlyapasından heç vaxt ona görə ayrılmayıb ki, günahları üzündən başına hardansa cəza daşı düşə bilər). Düz deyiblər, həyat sualdırsa, yaşamaq onun cavabıdır. Yer üzündə elə qəbilələr var ki, onlar sərsəm insanlara daha böyük ehtiramla yanaşır, onları cəmiyyətdən ayırmırlar. Psixopata, hipomanikal depressiyaya düşənə və s. xəstələrə bəzən ruhi xəstə deyilir. YaxudSağlam bədəndə sağlam ruh olardevizi ilə adamları çaşdırırlar. Ruhlar xəstələnsəydi indi ruhların toplaşdığı bərzəx qatında və ya yaxınlığında “dəlixana”lar mövcud olardı. Sağlam düşüncəli adam bunu necə təsəvvür edir? Amma axirət günündə qara əməllərinə görə cəhənnəmə düşənlər qır qazanlarının qaynadığını görəndə qorxu və əzabdan mütləq dəli olacaqlar. (Narkotik vasitələrdən istifadə edənlərə, xəstə xülyalarında həzz, “cənnət” gəzənlərə bu, xüsusilə aiddir).Allah adamın ağlını əlindən almasın. Allahın insana bəxş etdiyi ruh həmişə pakdır. İnsanın şüurunda, sağlamlığında pozuntular ola bilər, amma heç bir vəchlə onu ruhla əlaqələndirməyə ehtiyac yoxdur. XIX əsrdə yaşayan keçmiş general Male dəlixanada müalicə alan müddətdə mühafizəçisi və keşişin köməyi ilə Napoleonu taxtdan salmaq xülyasına düşür. Saxta əmrlər yazdırır, hətta Napoleonun öldüyünü elan etdirir. 1808-ci ildə saxta dekretlə senat adından qiyam qaldırmaq istəyir.General Malenin xəstə arzuları ürəyində qalır. Atalar yaxşı deyib ki, yalan ayaq açar, amma yeriməz. Vallah dəli qonşu məni məcbur edir ki, dünya həkimlərinə müraciət edim. Əslində son söz beynəlmiləl psixiatr həkimlər qrupuna verilməlidir. Bəlkə bundan sonra dünyada dəli ilə sağlam adama düzgün qiymət qoyulsun. Atalar sözüdür, dəli çaya bir daş atdı, yüz ağıllı fikirləşib onu çaydan çıxara bilmədi. Hamı xeyirxahlığı, mərhəməti, yaxşılığı tərifləyir, amma bu müqəddəs yükü öz üzərinə götürməyə hazır deyil. Eqoizm, alturuzmi, mənəviyyatsızlıq əxlaqi dəyərləri, müharibə sülhü yüz bəhanəylə meydandan sıxışdırıb yox etməyə çalışır. Necə deyərlər, toxun acdan nə xəbəri. Dəlilər bu ədalətsizlikləri görə bilsəydi Vallah bizlərə yazığı gəlib deyərdi: “Ey, məndən ağıllılar, sizözünüzü dəli kimi aparanda mənimlə sizin aranızda nə fərq olacaq? Mən dəliyəm nə etsəm qınamazlar, bəs sizin insafınıza nə gəlib? İstedadlı, yaxşı, xeyirxah adamları xoşbəxt gələcəyimiz naminə məhz bu gün o sağ ikən milli sərvət kimi qoruyun. Onları ədalət naminə pislərə qurban verməyin. Oturduğunuz stulun ayaqlarını niyə kəsirsiniz? Sonda yıxılan özünüz olacaqsınız.” Allah adamın ağlını əlindən almasın. Bizimbir tarixi dəlimiz var, adına Dəli Domrul deyərlər.(Fikir vermisinizsə “dəli” sözü böyük hərflə yazılır.) İgid hətta Əzrayıldan da qorxmayıb. Tanrı Dəli Domrulun ömrünə ömür calayıb ki, faydalı adam, qəhrəman kimi daha çox yaşasın. Belə igid Dəli Domrulların sayı artsın, mərdlik namərdliyə qalib gəlsin. Dədəmiz Qorqud demişkən, Allah bizi ağılsızların şərindən qorusun. Belə yerdə dəli də xoşbəxt olar, dahilər də çoxalar. Bəşəriyyətə öz məhəbbətini, səxavətini təmənnasız paylayanlara tərcüməçi lazım deyil. Xeyirxahlıq üçün uzanan əlin məqsədi lüğətsiz də aydındır. Təkcə pislik, şər özünə bəraət qazandırmağa çalışır, neçə dildə tərcüməçi axtarır. Qoy yeni həyatın musiqisi və sözləri xoşbəxtlik və məhəbbət olsun. Nazim Hikmət demişkən: “Cocuqlara kıymayın efendilər, Bulutlar adam öldürmesin”.

 

 

Əsgərova Zöhrə

 

525-ci qəzet.- 2010.- 10 iyul.- S.24.