Hamımız bir axında

 

Klassiklərdən biri yaxın dostuna yazırdı ki, sən hər gün mənim yanımdan ötürsən. O da cavabında dostuna irad tuturdu ki, əgər sən məni belə yaxından görürsənsə, bəs niyə Allahın bir salamını da vermirsən?

– Əzizim, bu heç zaman mümkün olmur, çünki zaman bizi sürətlə aparır. Onun gah bu sahilə, gah da o sahilə çırpılan suları sənə asan gəlməsin. Biz nəhəng dalğalar qoynunda əgər öz müvazinətimizi saxlayıb sahillərə çırpılaraq yarı yolda qalmaqdan qurtara biliriksə, bu bizim həm salamımız, həm də məhəbbətimiz deyilmi?!

Görkəmli yazıçı-publisist, qələm dostum Yusif Kərimov haqqında düşüncələrimi əbəs yerə bu sözlərlə başlamadım. Bu barədə bir qədər sonra...

Hərdən mənə elə gəlir ki, bəşəriyyət özünün mövcud olduğu uzun bir mərhələdə həmişə şirin, koloritli adamların qıtlığı ilə üzləşibdir. Üzünün təbəssümünü içindəki saflıqdan, duruluqdan götürüb, ətrafdakılara həmişə xoş ovqat bəxş edən insanlar özləri də bilmədən müsbət bir aura yaradıcıları olurlar. Yusif Kərimov kimi...

Ədəbiyyat aləmi olduqca qəribə bir fəaliyyət sahəsidir. Burada kim isə başını aşağı salıb, Əli Kərim demişkən, hər cür nəzarətdən, nəsihətdən uzaq, tənha bir buruq kimi gecə və gündüz öz işində olur, böyük ədəbiyyatın inkişafına müəyyən dərəcədə xidmət edir. Kimi də mən yazıçıyam deyib haray qoparmaqla özünü və öz simasını oxucu yaddaşına pərçimləməyə çalışır. Oxucular isə, təbiidir ki, qramofonları yox, əsl söz və sənət yaradıcılarını qəbul edirlər. Həyat və zaman göstərir ki, əsl yazıçıların yolları uzaq, mənzilləri əbədidir.

Tanıyanlar yaxşı bilirlər ki, Yusif Kərimov təbiətən sakit, səliqə-sahmanlı, olduqca təmkinli bir insandır. Deyərdim ki, onun yaradıcılığı da özünə oxşayır. Əbəs yerə deməyiblər ki, hər bir sənət adamı özünü və öz taleyini yaradır.

Yubiley yaşı sənət adamı üçün bir az da hesabat xarakteri daşıyır. Siz bu 70 yaşınızda nələri etmisiniz, Yusif Kərimov?deyə ondan soruşuram. Əlbəttə, mənim bu sualım şərti səslənir və o sual yalnız masa arxasında, bu yazı üzərində işləyərkən ürəyimdən keçir. Əgər üzbəüz dayansaq, belə bir sualı ona verməyə heç zaman cürət etmərəm. Ona görə ki, mən Yusif Kərimovu öz müəllimlərimdən biri hesab edirəm. Bəli, mən ondan çox şey öyrənmişəm. Bu auditoriyanın adı söz və sənət aləmidir. Kitablarını oxumuşam, publisistik yazılarına diqqət kəsilmişəm, uzun illər redaktoru olduğu “Azərbaycan gəncləri” qəzetindəki redaktor fəaliyyətini izləmişəm.

Etiraf edim ki, keçmişə qarşı nostalji hisslərim olmasa da, hərdən keçmiş qəzetlər üçün darıxıram. Oradakı ədəb-ərkan, səliqə və sahman, ən başlıcası yüksək yazı mədəniyyəti və jurnalist etikası üçün darıxdığım günlər olur. “Azərbaycan gəncləri” qəzeti bizim nəsillərin güvənc və məhəbbət yeri idi. Hərdən fikirləşirəm, gör bu qəzeti kimlər yaradırdılar?! Hər bir əməkdaşı Azərbaycan jurnalistikasının, publisistikasının görkəmli siması olan qəzet. Yusif Kərimov bu qəzetdə İdris Qasımovun, Cəmil Əlibəyovun, Qəşəm Aslanovun, Şamil Fərzəliyevin qoyduğu ən yaxşı ənənələri qorudu və inkişaf etdirdi. Bəlkə də bu, Yusif müəllim üçün bir tale naxışı idi və o naxış uzaqlardan və yaxınlardan həmişə görünəcəkdir.

Onun ötən əsrin son ilində “İtkilər və ümidlər” adlı kitabı çapdan çıxdı. Qalın bir kitab idi, nə az nə çox – düz 704 səhifədən ibarət idi. Kitaba qələm dostumun bir jurnalist və publisist kimi müxtəlif illərdə yazdığı məqalə və esselər toplanmışdı. Əsrlərin qovuşağında işıq üzü görən həmin kitab mənə sənət dostumun özünün özünə olan hesabatını xatırlatdı. O, sanki ötən əsrlə belə bir qalın kitabla vidalaşaraq yeni əsrə yeni duyğu və arzularla, amma dəyişməyən ürək və stabil xarakterlə daxil olurdu. Onu da deyim ki, bu kitab yazıçı və publisist Yusif Kərimovun jurnalist kimi yaradıcılığının az bir hissəsindən xəbər verirdi. Haçansa da jurnalist xanımla etdiyi söhbətinin kiçik bir hissəsi kitabda proloq kimi verilibdir. Əslində o kiçik dialoq Yusif Kərimovun böyük mənliyinin düsturuna bənzəyir. Fikirləşirdim, bu düsturu aça bilənlər üçün nə indi, nə də yüz il bundan sonra Yusif Kərimov bir yazıçı, bir jurnalist, bir redaktor, bir xarakter və bir millət oğlu kimi heç zaman sual olaraq qalmayacaqdır. Uzaqdan və yaxından baxanda onun daxili şəffaflığı, vətəndaş ucalığı, qocaman Qarabağ çinarları kimi mütləq və mütləq diqqət çəkəcək, illərə meydan oxuyacaq, nəsillərə kimliyini işarə edəcəkdir:

– Ən qiymətli varidatınız?

– İtirdiklərim.

– İtirdiklərinizin ən qiymətlisi?

– Torpaq.

Əziz oxucu, sizi bilmirəm, mən burada bir azca dayanıb, nəfəsimi dərməli oluram. Siqaret çəksəydim, bu dəmdə mütləq bir siqaret yandırardım. Əvəzində gözümün dərinliyində bir damla yaş tüstüləndi. Yusif müəllimin böyük vətəndaşlığına, onda olan Torpaq və Vətən sevgisinə heyran qaldım. Açığı, buna qədər ürəyimdən keçirdi ki, itirdiklərinizin ən qiymətlisi sualına o, yəqin ki, oğlum – deyə cavab verəcəkdir. Yusif müəllimin cavan oğul itirməsindən xəbərim var. Yazıçı isə övlad sevgisini torpaq sevgisindən alt qatda tutur. Bax onda, bəstəboy Yusif müəllim gözümdə ən böyük ucalıq heykəli idi.

Dəqiq yadımda deyil, deyəsən 1980-ci illərin axırlarıydı. Yusif müəllimin əzizlərindən kimsə də dünyasını dəyişmişdi. Başsağlığına Bərdəyə getmişdim. Artıq Qarabağda ilk güllə səsləri eşidilirdi. Torpaqlarımızın nigaran taleyi sanki ona öz doğmasının ağrı-acısını da unutdurmuşdu. Özündə-sözündə deyildi. Sonralar orada etdiyimiz söhbətlərin bir çox detallarına yazıçının 2003-cü ildə çap etdirdiyi “Qarabağ şikəstəsi” romanında rast gəldim.

Asya xanım (o, əvvəllər azərbaycanlıya ərə getmiş erməni qadınıdır – T.H.).

– Moskvada bir məşuqum var, marşal rütbəsindədir. Politbüro ilə də sıx əlaqəsi var. Onun söylədiklərindən belə nəticəyə gəldim ki, dövlət səviyyəsində dəhşətli oyun hazırlanır. Görünür, hamımız bu oyunun iştirakçısı olacağıq. Amma fil qulağında yatanlar daha çox uduzacaqlar.

– ...

– Qarabağı sizdən alıb Ermənistana qatacaqlar. Möhnət xanım bayaqkı sözlərdən səksənmişdisə də, indi bütün əzaları gərildi, gözləri hədəqəsindən çıxdı.

Bəli, sən demə biz fil qulağında yatanda, xain qonşular işlərini görüb, kimlərsə ən yuxarı səviyyədə torpağımızın və millətimizin taleyini həll ediblərmiş. Yazıçının həm “Qarabağ şikəstəsi” romanı, həm də “Qu nəğməsi” povesti Vətən və Torpaq sevgimizin intizarı və məhəbbəti ilə yoğrulubdur. Elə buradaca Yusif Kərimovun “Qırmızı sahil” romanını xatırlamaya bilmirəm. Zəngin həyat materialı, milli koloriti, el-oba sevgisi olduqca güclü olan qələm dostum uzaq və yaxın keçmişimizin problemlərini, o taylı-bu taylı xalqımızın tarixini elə bir ustalıqla qələmə alıbdır ki, oxucu əsərin müşahidəçisinə yox, az qala hadisələrin iştirakçısına çevrilir! Bu əsərlər təkcə bir yazıçı duyumundan və təhkiyəsindən yox, dünyanın geniş yaşamından, sənətkar təxəyyülünün geniş və əhatəli olmasından xəbər verir. 1988-ci ildə kitab şəklində çap edilən “Qırmızı sahil” ədəbiyyat tariximizin ən uğurlu romanlarından sayıla bilər. İnsanlar kimi bəzən əsərlər də vaxtında doğulmayanda müəyyən çətinliklər onlardan yan keçmir.

Zamanın ziddiyyətli dövrünə təsadüf edən “Qırmızı sahil” təəssüflər olsun ki, ədəbi tənqidin diqqətindən bir qədər kənarda qaldı. “Qırmızı sahil”in qırmızı xətti diqqəti o qədər də cəlb edib, ədəbi hadisəyə çevrilə bilmədi. İnanıram ki, bu əsər zaman-zaman oxunacaq, özünün həqiqi bədii dəyərini və qiymətini alacaqdır. Eləcə də yazıçının “Üçbucaq”, “Gün ötər, geri dönməz”, “Çardaq”, “Qərənfil” povestləri, mən buraya onun fərqlənən publisistikasını da əlavə edirəm, ədəbiyyat tariximizin layiqli əsərlərindəndir.

Yusif Kərimovun istər nəsr əsərləri, istər də publisistikası ədəbi-bədii dilimizin zənginliklərini özündə yaşadır. Ömrün gənc çağlarında rayon qəzetində çalışan, sadə insanlarla ünsiyyətdə olan yazıçı və publisist bütün yaradıcılığı boyu nə xalq dilindən, nə də xalq həyatından bir an belə uzaq düşmədi. Hər bir sənət adamı üçün xalqına söykənmək, xalqının tarixi və taleyi ilə yaşamaq, onun məişətinə, adət-ənənələrinə yaxından bələd olmaq böyüklük və ucalıq sayılır. Yusif Kərimov bu ucalığı fəth edən sənət adamları sırasında dayanır.

İnanıram ki, yazıçının masası üzərində və yaddaşında hələ neçə-neçə əsərlərin, publisist yazıların eskizləri fırlanmaqdadır. Yaşının və yaradıcılığının müdrik çağlarına qədəm qoyan qələm dostuma, tanınmış yazıçıya uğurlar diləyirəm.

Son söz əvəzi olaraq:

İyun ayının 22-də Azərbaycan Yazıçılar Birliyində Yusif Kərimovun yubiley tədbiri keçirilirdi. Çox çalışsam da, özümü ora çatdıra bilmədim. Başım qayğılara elə qarışdı ki, gözümü açanda gördüm ki, saat 14.00-dan xeyli ötübdür. Əzizim Yusif müəllim, mən Sizi həmişə görürəm dedim. Amma xahiş edirəm, onda niyə salam vermirsən – deyə məndən soruşma.

 

 

Taleh HƏMİD

 

525-ci qəzet.- 2010.- 10 iyul.- S.22.