Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
NƏ HALDAYIZ
Əlan bütün Rusiyada
bilümum və bizim Qafqazda bilxüsus hər bir millət
Dövlət dumasına hazırlaşır. Hər millətin
içində törəmiş firqələr bu saət
böyük bir təlaş içindədirlər. Onlar
ciddi-cəhd ediyorlar ki, öz içlərindən birisini
dumaya üzv təyin etdirə bilsinlər. Bunun
üçün öz tərəflərinə bir çox
adam cəlb etməklə, yaxud digər bir mütabiq məsləkli
firqə ilə birləşməklə kəsbi-qüvvət
etmək istiyorlar ki, məsləklərinə müğayir və
müxalif olan firqələrə qələbə edib,
onların adamlarını üzvlük mənsəbindən məhrum
etsinlər.
Qərəz bu gün
hamı çalışıyor. Yalnız bir
çalışmayanlar-biz Qafqaz müsəlmanlarıyız.
Biz çalışmıyoruz və görünür ki,
dumaya-filana bir o qədər əhəmiyyət vermiyoruz. Bizim
firqələrimiz doğrudan da varsa, özlərini oraya-buraya
atıb millət üçün “nicat yolu” arıyorlar. Amma
qarıxıb başdan çıxdıqlarına görə
Dövlət dumasının güşadından ibarət olan
böylə bir ziyadə əzimi görmüyorlar. Və o
caddəyə qədəm basıb irəliləməgə
şitab edən qomşuların və əğyarın səs
və sədalarını eşitmiyorlar. Və onların fikir
və qəsdlərini bilmiyorlar. Və guya dumanın nə
olub, nə olmadığını da anlamıyorlar.
Amma bununla belə millət
üçün “Nicat yolu” arıyorlar. Millət dəxi təbii
olaraq o ləvazimatdan bixəbər qalıb xoruz mirvarid danəsinə
baxan kimi o da Dövlət dumasına öyləcə
baxıyor.
Kənd əhalilərindən
ibarət olan “aşağı sinfin” bir tərəfdən
cahili-mütləq olduğuna görə və digər tərəfdən
də aclıq, yoxsulluq və quldurluq hökmü-bəlalara
başı qatışıq olduğuna binaən və o biri
tərəfdən də millət üçün “nicat yolu”
arayan firqələrin həmiyyətsizligi sayəsində
Dövlət duması xüsusunda heç bir məlumatı
yoxdur və ola bilsin ki, indiyə qədər Dövlət
dumasının adını da eşitməyiblər. Halbuki, kənd
və yer (ağrar yasa) məsələsi Dövlət
dumasının ən mühüm və hamıdan artıq
diqqət və bir tez zamanda həll edilməgə şayan
olan məsələdən biridir.
Əksəri şəhər
əhalilərindən ibarət olan “orta sinif” və ya ticarət
və sənət ilə məşğul olan “əsnaflarımız”
Dövlət dumasının mənasını, əhəmiyyətini
anlamaqda kəndlilərdən qoçaq degildirlər. Onlar
öz sövdələrinə, alış-verişlərinə
məşğuldurlar. Və Dövlət dumasına layiqli
üzv seçmək qeydində olmağı və böylə
“obrazovanni” işləri öz “böyüklərinə və
rus işlərindən başı çıxanlara” həvalə
edib özlərini bu cürə işlərə qatmağa
layiqli bilmiyorlar.
“Yuxarı sinifimiz” isə
bilaşəkk və şübhə hər bir siyasi işlərdən
müttəle və bixəbər adamlardan ibarətdir. Amma
bunlar dəxi bu zəmanəyə heç bir əhəmiyyət
vermiyib ətalət və kəsalət ilə iş
görürlər. Öz aralarından Dövlət
dumasına layiqli bir adam hazırlamaq əvəzində bunlar
bu xüsusda əllərini ağdan –qaraya vurmuyub Allah bilir ki,
nəyə müntəzirdirlər və nəyə
arxayındırlar.
Bain həmə vəqtin
yavuqlaşdığını və sair təbəqələrin
sürətlə işləmələrini hamıdan
yaxşı bunlar görürlər. Əgər işləri
bu gunə ətalət üzrə getsə və bununla belə
Qafqazdan dumaya müsəlman vəkili göndərmək bizə
də qismət olsa, o surətdə ancaq öz ədədimizin
artıqlığına şükür etməliyiz.
Doğrudan da, bizi dar yerdən çıxaran, dəstrəst
olan çox vəqt bizim ədədimizin
artıqlığı olur. Sair xırda taifələr ciddi
işləmək, çalışmaq ilə özlərinə
haqq qazandıqda, biz çox vəqt öz ədədimizin
artıqlığı ilə haman həqqə malik oluruz.
Böylə ki, əgər əhyanən ədədimiz sairlərinkindən
əskik olsa idi, biz çoxdan ayaq altında itib
batmışdıq. Çünki, hər bir surətdə
görünür ki, ümummillət yolunda
çalışmaq və mənafei-ümumiyyəni
mühafizə etmək kimi ümumi el işlərində
heç bir sinfimizin bacardığı yoxdur. Sairlər qan
töküb, can vermək ilə öz millətləri
üçün həqq qazandığı halda, biz bizə
verilmiş həqq və müsaidələr ilə də nəfbərdar
olmaq istəmiyoruz...
Halbuki, indiyə qədər
bizim cəmaətimiz bu azadlıq hərəkatının
bilümum və Dövlət dumasının bilxüsus mənasını,
həmiyyət və lüzumini bilməli idi. İndi də
Dövlət dumasına layiqli və etibarlı üzv
hazırlamaq və indidən haman üzvləri təyin etmək
işləri qurtarmış olmalı idi. Və o üzvlərin
bilaşəkk və şübhə, üzv seçilib
Peterburğa getməkləri təmin edilməli idi. Və
haman üzvlər dəxi öz məbusluqlarından
arxayın olub, bu aralıq vəqtilə də istifadə etmək
üçün məramnamələrini xəlqə bəyan
etmək və xəlq tərəfindən lazım
görülən dəstürəməllərə qulaq asmaq
işlərilə məşğul olmalı idilər.
Təsəlli
üçün demək olar ki, bu gündən
başlanıb sürətlə iş görülsə, indi
dəxi bu o qədər gec degildir. Bu bir ayın və ya
ayyarımın ərzində cəmaəti bir qədər
başa salmaq və layiqli üzv seçib dəstürüləməllər
hazırlamağa təhrik və təşviq etmək hər
bir firqə üçün mümkündür. Lakin bizim firqələrin
bu işə qeyrətlə qədəm qoyacaqlarına zamin
olmaq çətindir və dərd də orasıdır. Hər
halda görüyoruz ki, axır ki
peşimançılığın acı səmərələrini
dadmaq məcburiyyəti bizim üçün uzaq degildir.
Hər nə isə, indi dəxi
əcələ ilə işə şüru etmək
lazımdır. Dövlət duması intixabatına
şüru etməgə Bakıda beş-altı gün
qalıb, bu günlərdə yatsaq əsil binanı əldən
buraxıb, sonra dəxi işə qarışmaqdan bilmərrə
məhrum olarıq.
Üzeyir
“İrşad”, 14 yanvar 1907,
¹10
müttəle-məlumatı
olan
TƏƏSSÜF
Bu məndən ötrü təcrübə
olmuş bir həqiqətdir ki, biz müsəlmanlar hər nə
bir böyük, ya balaca iş görürüz, həmişə
axırda natamam və nöqsanlı bir şey
çıxır. İndiyə qədər biz müsəlmanlardan
öylə bir iş çıxmıyıbdır ki, ona
mükəmməl deməgə həqqimiz olsun. Doğrudur,
bir işi birdən-birə ikmaliyyət dərəcəsinə
yetirmək çətindir. Bunun üçün vəqt və
zaman lazımdır. Amma bizim işlərimiz nə qədər
vəqt sərf olunacaq olunsun, iləri getməyib haman bir halda
qalan işlərdəndir. Bunun dəxi səbəbi vardır
ki, burada söyləməgi özümə fərz biliyoram.
Biz müsəlmanların hər bir bədbəxtligimizə
bais olan ümumi bir halımız vardır ki, onu
özümüz iqrar edərək “ətalət və bətalət”
namilə təsmiyə etmişik. Bu hal, doğrudan da bizim qismətimizdir.
O, bizdən ötrü bir “rutina” çəlpəşik bir zəncir
olub əl və ayağımıza dolaşıyor və bizi
tərpənməgə qoymuyor. Bizim ətraf və ehzaməmizdə
hərəkətlər, cünbişlər, cuşlar vüqu
bulub qiyamətlər qoparıldığı vəqt biz
qalıb biruh olub məst qalıyoruz, heç tərpənmiyoruz.
Lakin hələ bu azdır. Ətalət və bətalətdən
savay, bizim özgə bir xasiyyətimiz dəxi vardır ki, o
da bizim bədbəxtligimizi iki qat ediyor.
O da ətalət və bətaətə
bilkülliyyə zidd olan müvəqqəti əsəbi bir hərəkət,
mərəz bir cünbüş və cuşdır ki, onu
dürüst ifadə etmək üçün münasib bir söz
bilmiyorum. Bu hərəkət və bu cünbüşün səmərəsizligi
və hətta zərəri ondan dolayı olur ki, onları icra
etmədən qabaq ətraflıca fikir və mülahizədən
qaçıb, bu zəhməti özümüz
üçün artıq biliriz. Yəni icrasını birdən-birə
lazım gördügümüz işin tərzi-icrasını
və ondan təvəllüd edə biləcək nəticələrini
pişəzvəqt nəzəri-etibarə almıyıb,
bundan fikir və mülahizə işə soxuluruz və bədihidir
ki, bu tərz ilə icra edilmiş işdən əksər
ovqat peşimançılıqdan savayı heç bir səmərə
hasil edəmmiyoruz. Və hər bir işimizin nəticəsində
bu zərbül-məsəl münasib məqam olur ki: “dəvə
durdu dam yıxdı”. Bundan sonra buyur, yıxılmış
damı yenidən təmir edə bil!
Ayrı-ayrı hər bir
müsəlmanlarımızın tərzi-hərəkəti
böylə olan kimi bu son vaqtlar təşəkkül və tərtib
etmiş firqələrimizin əməlləri dəxi bu gunədir.
Və o səbəbdəndir ki, biz bu üç-dörd ilin ərzində
islahat cəhətincə demək olur ki, heç bir təbdil
və təğyirata uğramıyıb “əski hamam, əski
tas” hökmünə tabe olmuşuq. Bizim
axırıncısı bisəmərə
qalan-nümayişli hərəkətimizi müşahidə
edən əcnəbilərin mədh və təhsinləri əbəs
yerə başımızı gicələndirib, əqlimizi
zay etməsə gərək. Zahirdə tərəqqicuyanə
görünən hərəkat və əfalımız batində
zəhmət bisəmərədir, çünki, təkrar
ediyoruz ki, bu hərəkat və əhvalımız ətraflı
və dərin fikir və mülahizələrin məhsulu
degil, müvəqqəti bir cuşdur və bəlkə
(çox ola bilər ki) şan və heysiyyət qazanmaq məqsədilə
icra olunan bir təşəbbüsdür....
Çox ola bilsin ki, mənim
bu sözlərimdə xəta vardır və bəlkə mən
gözlərim önündə vüqu bulan bu hadisələri
yanlış anlıyoram və mənim bu ifadə etdigim fikir
məhz zəlalətdir.
Əlbəttə, zəlalətimi
və xətamı mənə anladan olsa, kəmali-ehtiram ilə
mütəşəkkir olub təshihinə
çalışaram. Lakin əlan fikrimi də izhar etməkdə
mən özümü sərbəst biliyorum. Və mənim
sözlərim və mənim bu fikrim hələlikdə məndən
ötrü eyni həqiqətdir. Və necə də həqiqət
olmasın ki, indiyə qədər millət naminə və
millət nicati üçün təşkil olunmuş firqələrin,
cəmiyyətlərin, ittifaqların təsis və təşkilini
naqis görmüşəm və bu zamana qədər onlardan
millət üçün bir mənfəət müşahidə
etməmişəm və indi də ki, dumanın yavuqluğu
münasibətilə ən əhəmiyyətli bir
zamandır, onları bu aralıq gözüm seçmiyor və
ya seçiyorsa da ləbbəstə və biduni – hərəkət
görüyorum...
Hələ bunlar dursun.
Bu bir-iki ilin ərzində
bütün Rusiya müsəlmanlarından ötrü son dərəcə
mühüm və zəruri olan biri-birini mütabiq
üç hadisə vüqu buldu. Bu hadisələr:
Ümumrusiya müsəlmanlarının birinci, ikinci və
üçüncü ictimailərindən ibarət idi.
Bu ictimailərin yalnız bir
adı o qədər sensasiyalıdır, calibi-diqqət edin
ki, tək bir Rusiyada olan sair millətlərin degil, hətta əcnəbilərin
dəxi diqqət və nəzərini cəlb edib, bəzilərini
məmnun etdisə də, bəzilərini də əndişələrə
saldı. Bəziləri müsəlmanların “əjdaha
addımı” ilə iləriləməsindən bəhs etməgə
başladı. Bəziləri “panislamizm” məsələsini
meydana çıxartdı və “sarı təhlükə” məsələsini
dəxi buraya qatışdırdı. Qərəz, bu ictimalar
sair vətəndaşların və əcnəbilərin
arasına bir həyəcan saldı.
Amma yaman burasıdır ki,
sairlərin baisi-həyəcan və mənbeyi-mübahisə
və müzakirəsi olan bu ictimalar müsəlman əvam cəmaəti
üçün tük qədər də şayani-əhəmiyyət
degil idi.
Və hətta müsəlmanların
bir çox əfradi bu ictimalardan bixəbər idi, baxüsus
üçüncü ictimadan-kəmali-cəsarət ilə qətiyyən
diyoram ki, bütün Qafqaz müsəlmanları xəbərsiz
idi. Neçün??... Çün ki, bu “Ümumrusiya müsəlmanları”
ictimaində cəmaətin (Qafqaz müsəlman cəmaətinin)
heç bir iştirakı yox idi. Və əvvəl zaman Qafqaz
müsəlmanlarının başı Şuşa faciəsinə
qatışıq olub sair hadisələrə məhəlgüzar
olan yox idi. Bu xüsusda mən o zaman “İrşad” nömrələrinin
birində bir neçə söz qaralamışdım.
İmdi dəxi bu sözləri bir qədər müfəssəl
surətdə söyləməgə məni məcbur edən
Kazan şəhərində nəşr olunan “Yulduz” qəzetəsinin
və “Kazan müxbiri”nin bu axırki nömrələrinin
birində “İrşad”a dair yazdıqları məzəmmət
və tənbihnamələr oldu.
Bu qəzetələr
“İrşad”ı o səbəbə töhmətləndirlər
ki, “İrşad” Ümumrusiya müsəlmanlarının
üçüncü ictimaində tərtib edilmiş qərarnaməsi
xüsusunda bir söz dəxi hələ
yazmıyıbdır.
Burada mənim mənzurum
“İrşad”ı təsvibə çalışmaq degildir.
Bunu “İrşad” müdiri özü bilər. Ancaq mən
öz təsəvvürumu söyliyirəm. Və ən
başdan bunu izhar ediyoram ki, məzkur ictimaın qərarnaməsi
–gözəl də olsa, fəna da olsa, Ümumrusiya müsəlmanlarının
məhsuli-müzakirəsi degildir. Çün ki, bu ictimada
altı-yeddi milyonlu Qafqaz iştirak etmiyordu. Yəni bu ictimada
Qafqaz müsəlmanları tərəfindən təvəkkil
olunmuş bir mürəxxəs yox idi. Orada qafqazlı var idi.
Amma vəkil yox idi. Vəkil olsa idi, məlumdur ki, öz cəmaətinin
diqqətini bu ictimaə cəlb edərdi. Gedəndə məramnaməsini
bildirərdi. Yaxud cəmaət tərəfindən təlimat
və dəstürüləməl alıb aparar idi. Bunun
heç biri olmamışdı və Qafqaz müsəlmanları,
ümumiyyət etibarı ilə ictima filan barəsində bir
şey bilmiyordular.
İmdi məni təəccüb
və yasə düçar edən odur ki, neçün bizim
rəislərimiz və baş bilənlərimiz millət naminə
iş görməgə başlıyıb da, millətin
özünə heç bir etina etmiyib gördükləri
işlər də avam milləti dəxi iştiraka sövq etməyirlər?
Məgər onların fikrincə cəmaət işində cəmaətin
iştiraki lüzumsuzdur? Öylə isə bəs Rusiyada
törənən bu zərbi-zəng neçündür? Millətin
iştiraki olmayaraq tərtib edilib də millət həyatına
tətbiq edilməsi tələb olunan qərardadlara binəva
millət nə nəzər ilə baxsın, əcəba?
“Yulduz” və “Kazan
müxbiri” qəzetələri “İrşad”a töhmət
yazmadan qabaq bu nöqsanımıza diqqət yetirsə idilər,
artıq nəf götürərdilər və ancaq o halda
vicdan töhməti gözləməyib “millət”
sözünü arxayınca yaza bilər idilər.
Məzkur qəzetələr
çox gözəlcə bilirdilər ki, bu ictimaın
vüqu bulunacağı Ümumrusiya müsəlmanlarına məlum
degil idi. Olsa idi də vəqt müsaidə edəmədigindən
xəlqi bu ictimaə hazırlatmaq mümkün degil idi.
Haman qəzetələr bunu
dəxi çox yaxşı bilirdilər (hərçəndi
qulax ardına vururdular) ki, o vəqt Qafqaz müsəlmanları
bəlayi-nagəhanə düçar olub, bütün səylərini
o bəlanın atəşini söndürməgə sərf
edirdilər. Haman qəzetələr bunu dəxi yaxşı
bilirdilər ki, əsnai ictimada Qafqaz cəmaəti tərəfindən
təvəkkül edilmiş bir vücud da yox idi. O surətdə
onlar bunu dəxi anlamalı idilər ki, bu gunə böyük
bir əmrə bütün müsəlmanların diqqət və
nəzərini cəlb etməmiş, şüru etmək
yaramaz. Və “ictimai-kəbiri-külli-müslimin Rusiya” namilə
calibi-diqqət icab olan böylə mühüm və zəruri
bir əmri-əzimi naqis və natamam bir tərzdə icra etmək
ilə naili-məram olmaq müşküldür.
Üzeyir
“İrşad”, 17 yanvar 1907,
¹12
ləbbəstə-dodağı
bağlı, ağzı bağlı
biduni-hərəkət-hərəkətsizlik
MÜSƏLMANLAR SOLDAN DA SOLDURLAR
Biz müsəlmanların bu
Rusiya azadlıq hərəkatına qarşı bilümün
və Dövlət dumasına dair bilxüsus ümumiyyət
etibarilə ibraz etdigi bietinalığı bir çoxunun əql
və həqiqət halından bixəbər adamlar və firqələr
üçün bir dəstavüz olubdur ki, bunun vasitəsilə
onlar səs çıxardıb “müsəlmanlar
xuliqandırlar, sağ tərəfdəndirlər” deməgə
cürət ediyorlar.
Müsəlman taifəsinin
qanacaqlı və dərrakəli əfradından ötrü
bu sözlər nə qədər gülməli olsa da, yenə
də bir qədər ağır və dəgərlidir.
Çünki bu sözləri söyliyənlər özlərinə
heç bir vəqt axmaq adı uydurmuyub həmişə cəmaət
pişrovu adlandırıbdırlar və bunu felə də dəxi
göstərmək üçün polisdən, jandarmdan
qorxmuyub adlarını “sol” qoyubdurlar.
“Sol” adlananların, müsəlmanlara
dair bu günə sui-zənn izhar etmələri iki şeydən
xali degildir. Ya budur ki, bu “sol” adlananlar filhəqiqə cahil və
nadan bir firqədir ki, ancaq “üzə düşüb” ifrat dərəcə
hürriyyəttələban olubdurlar və öz vəzifələrini
də olsun ki, heç başa düşmiyorlar. Və ya budur
ki, bunların bu nalayiq sözləri buraxmaqda ümdə qəsdləri
hiylə və təzvirdir. Yəni Bakı kimi əzim bir
müsəlman şəhərini Aşqabad və Krasnavodski
halına salıb müsəlman məbusundan məhrum etməkdir.
O da pis-bu da fəna, özgə
bir şey yoxdur. Hər bir halda bu sözləri söyləyən
firqəyə doğruçu hürriyyətpərvər demək
xətadır. Çün ki birinci ittifaq doğrudursa, bunlar
adam aldadandırlar. Yox ikinci doğrudursa- bunlar ədalət əsasını
qəbul etmiyorlar. Bunsuz da hürriyyətpərəstiyə məsrəf
olan degildir.
Burada bəhs etdigimiz sol firqədən
murad Bakıda həftəlik “Dosuq” qəzetəsində ruyi-
nüma olan “Yer və ixtiyar” firqəsidir ki, bu firqə
“xuliqan” müsəlmanları dumaya tərəf qoymamaq
üçün erməni “daşnaksütyun” firqəsilə
bir evli olubdur və bu gün kəmali- cəhdilə
çalışmaqdadır.
Əgər məzkur “yer və
ixtiyar” firqəsinin fikri hiylə və təzvir degilsə, o
surətdə onun zəlaləti bizdən ötrü dərin
bir təəccübə mövcibdir. Çün ki heç əqlə
gələn degil ki, “sol” adlanmağa cürət edən bir
firqə “kəmetinalıq”la “xuliqanlığın və
“sağ”lığın təfavütünü anlamasın!
Müsəlmanların dumaya qarşı göstərdikləri
kəmetinalığını biz inkar etmiyoruz və bu babda
müsəlmanlara töhmət ediyoruz və mütənbe
olmaqlarına çalışırız- lakin məgər kəmetinalığı
dəstaviz edib də “müsəlmanlar xuliqandırlar”- demək
məntiqə müvafiqdirmi?
Müsəlmanların
günahı bircə ondamıdır ki, dumaya və bilümum
bu azadlıq hərəkatına bir o qədər əhəmiyyət
vermiyib kəmetina baxırlar və bu da ondan naşıdır
ki, müsəlmanlar ümumiyyət etibarı ilə siyasət
cəhətincə cahildirlər. Lakin zəhmət çəkib
onları qandırmaq və başa salmaq lazımdır ki,
onlar həqiqətkardan baxəbər olub bütün sollardan
da sol olsunlar. Və həqiqətdə də böylədir.
Müsəlmanlar
bürokratizmin fənalığını anlayandan sonra təbiidir
ki, hürriyyəti- tammənin və millətin xeyri
üçün lazım olan bütün tələblərin
alınmasına qarşı izhari- məsərrətdən
başqa bir şeyi ibraz etməzlər. Çün ki qana-
qana və anlaya- anlaya hürriyyətə zidd getməgə
ancaq bürokratların haqqı vardır, nəinki hər bir
hüquqdan və ələlxüsus bürokratlıqdan məhrum
olan müsəlmanların. Və bir də ümummillət tərəfindən
ibraz olunan ümumi tələblərdən savayı müsəlmanlar
öz xüsusi tələblərini dəxi ibraz edib
alınmasına çalışırlar və habelə
bütün sol firqələri keçib onlardan da sol olan bir məqam
işğal edərlər. Məgər “Yer və ixtiyar” firqəsi
bunu anlamıyor?
Hətta müsəlmanlar əlan
hökumət zurnasına oynasalar da onların “sağ” və
xuliqanlardan hesab etməgə “Yer və ixtiyar”ların həqqi
yoxdur. Çün ki təkrar ediyoruz ki, bu saət müsəlmanların
ümdə bədbəxtligi onların cəhalətidir. Lakin
baisi- təsəlli odur ki, müsəlman cəmaəti
qanacaqlı və dərrakəli üzvlərdən
bilkülliyyə məhrum degildir. Onlar öz cəmaətini
qoymazlar ki, kor- koranə təhlükəyə
düşsün. Və bir də göz qabağında cərəyan
edən bu vaqeələr hamının gözünü
açmaqda və həqiqəti örtmüş olan pərdəni
yırtmaqdadır. Yavuqdur o zaman ki, müsəlman külliyyəti
gözünü açıb arzu olunan şeyi özü
görər və onun istehsalına da özü
çalışar. Və onda açıq və aydın məlum
olar ki, müsəlmanlar soldan da soldurlar!
Burada hər kəsi
peşiman edən o ədalətsizlik və o sitizəlikdir ki,
“Yer və ixtiyar” firqəsi müsəlmanların güzəran
və məişətlərinə və rəfi lazım olan
ehtiyaclarına zərrə qədər də bələd
olmaya- olmaya müsəlmanlara xələl yetirib öz məbusunu
göndərmək üçün irəli soxulur. Yetmiş
min nəfərdən ibarət olan bir cəmaətin həqqini
qarpmaq istiyor. Fəqət biz ümidvarız ki, müsəlman
cəmaətinin baş bilənləri özlərini o məqamə
qoymazlar ki, hər yetən onların həqqinə təmah
gözünü qıjaltsın.
Müsəlman bölügi
hümmət edib iki dilli “Yer və ixtiyar”lara qalib olar, olub da
öz canı yanan və baş bilənlərdən birisini
seçib duma üçün məbus göndərər,
inşaallah!
Üzeyir
“İrşad”, 23 yanvar 1907, ¹
15
ruynüma- üz göstərən
Ordan – burden
Bu ayın 28-ndə Bakıda
Dövlət dumasına vəkil nişanlıyacaqdırlar.
Olsun ki, bunu müsəlmanlar bilirlər. Amma bain həmə
yerlərində rahət oturub bu xüsusda heç bir iş
görmək istəmirlər. Və nəyə də
lazımdır? Qoy ayın iyirmi səkkizi gəlsin, baxaq
görək bizim böyüklərimiz nə qayırır. Əgər
onlar bir iş görsələr, biz də görərik, yox
görməsələr, ta bizə nə
düşübdür!
lll
Bizə heç zad
düşmiyibdir. Amma bilmirəm Qarabağ müsəlmanlarına
nə düşübdür ki, öz vətənlərindən
qaçıb Aşqabaq şəhərində partiyabazlıq
qurubdurlar? Mənim əqlim belə kəsir ki, Aşqabad
qarabağlıları bilibdirlər ki, müsəlman şəhri
olan Aşqabaddan Dövlət dumasına bir müsəlman da
getmiyəcəkdir. Və bu barədə fikir-fikir edib
görübdürlər ki, əslinə baxsan bu
dünyanın Dövlət duması fani bir şeydir ki,
bugün var, sabah yox olacaqdır. Və ona binaən məsləhəti
bir yerə qoyub iki partiya olubdurlar və haman dəm öz
aralarından duma “vəkil seçib” haman guni axirət
dumasına göndəribdirlər ki, ta bir də keçən
vəkillər kimi, gedib geri qayıtmasınlar.... mərhəba
bu zirəkliyə.
lll
Və genə mərhəba o
zirəkligə ki, Cəbrail kəndinin uçiteli
“İrşad” qəzetəsini bir söz ilə Bakıdan
Tiflisə köçürüb, özü də
ağlıyormuş ki, neçün Cəbrayılda da bir
“İrşad” yoxdur ki, haman “qospodin uçitel” onu kənd əhlinə
oxuyub özünü də və kənd əhlini də
feyziyab etsin!..
lll
Necə ki, Zəngəzur
uyezd naçalniki Mitkeviç oranın müsəlmanlarını
tutub, qırdırıb erməni quldurlarını feyziyab edəndən
sonra Bakı müsəlmanlarına
başsağlığı yazıb deyirdi ki: istərsiniz sizə
kömək edim bu müsəlman meytlərini bir yerdə
basdıraq ki, erməni kəndlərinə azar düşməsin!
PRİSTAV VƏ ARVADI
Pristav- (arvadına) – : Sonya,
bu gün Kərbəlayi Sicimqulu məni görməgə gəlmişdi.
Sonya- :Sən ki onu kazaklara
dögdürmüşdün. Bir də neçün gəlmişdi?
Pristav- : Bu səfər
dögülməgə gəlməmişdi, mənim
üçün yüz manat peşkəş gətirmişdi.
Sonya-: Sən də
aldınmı?
Pristav-: Almaya bilməzdim.
Çün ki, müsəlmanların bir xasiyyətləri
vardır ki, başlarına min dəfə qapaz vursan, inciməzlər.
Amma peşkeşlərini almasan, inciyərlər!
lll
Bakıda “Yer və ixtiyar”
firqəsi “daşnakstyun” partiyasına evlənib əl – ələ
veribdirlər ki, bu səfər Bakıdan Dövlət
dumasına bir müsəlman da qoymasınlar. Onun
üçün hər yerə səs salıbdırlar ki,
müsəlmanlar “sağ”dırlar, yəni xuliqandırlar.
İndi müsəlmanlar
xuliqan olub-olmadıqlarını duma açılanda göstərərlər.
Amma burada “Yer və ixtiyar” firqəsində təqsir yoxdur. Onu
axmaq ələ salıb yoldan çıxardanlara həzar lənət
başəd!
lll
Əslinə baxsan “Yer və
ixtiyar” gərək müsəlman firqəsinin adı
olaydı. Çün ki Rusiyada yer və ixtiyardan məhrum
olan elə müsəlmanlar degilmi? Amma nə fayda ki, indiyə
kimi yazıq müsəlmanlar yer və ixtiyarın əsl mənasını
anlamıyıb elə bilirlər ki, “yer”- buruqdan düşməgə
deyirlər və “ixtiyar” da nə bilim qoçuluğa, medal
taxmağa, “işto- mişto” bilməgə, nə bilim pullu
olmağa, nökər saxlamağa və iki arvad almağa, nə
bilim – həmişə fayton minməgə, salamat gözə
çeşmək taxmağa, yayda qaloş geyməyə,
papağı əgri qoymağa......
Filankəs
“İrşad”, 24 yanvar 1907, ¹
16
Ordan-burdan
Nəşri-müqəffa
“İki gündən sonra”..
İki gündən sonra, yəni
sabah yox, birisi gün Rusiyada Dövlət duması
açılacaqdır.
Yəni:
İki gündən sonra
Rusiyada bir belə iş vaqe olacaqdır:
Azadlıq sübhi
açılacaq, hürriyyət xoruzları banlayacaq və
istibdad çalağanları ilə dögüşməgə
başlayacaq ...
– Ayə, nə olacaq?
Elə məndə onu fikir
ediyoram ki, görəsən ta nə olacaq!
lll
Amma Zəngəzurda Kərbəlayi
Mehdi adlı bir müsəlman ermənilərdən yüz
manat borc alanda heç fikir eləmirdi ki, görək bunun
axırı nə olacaq.
Axırı o oldu ki, müsəlmanların
Meğri adlı kəndini dağıtdılar və Kərbəlayi
Mehdi də yüz manatı xırdalayıb yavaş- yavaş
xərclədi.
“Zəngəzurlu” adlı bir
adam bu əhvalatı “İrşad”a yazıb diyor ki, Kərbəlayi
Mehdi çox binamus adamdır və o adam özü də
çox bərk ümid bağlıyıbdır ki, haman
yüz manat bir tövqi- lənət olub Kərbəlayi
Mehdinin boynuna keçəcək və məhşər
günündə onu şeytan sifətinə salacaq.
İndi məzkur adamın
ümidi hasil olacaqmı, olmuyacaqmı- biz bunu məşhər
günü bilərik- amma Kərbəlayi Mehdi doğrudan da
binamus adamıdır.
lll
“İrşad”ın
müxbiri Narinin söylədiginə görə Nuxa rus-
müsəlman məktəbində bir müsəlman
uçitel var- o da çox binamusdur.
“Türk” qazetəsinin
yazmağına görə Afrikada bir müsəlman
hökmdarı var: Fas soltanı- o da binamusdur.
“Vətən xadimi” qəzetəsinin
sözü doğrudursa, müsəlman böyüklərindən
bir “Şeyxülislam” Çələbi var- o da binamusdur.
Qərəz, bu adamları
bir- bir saysan, görərsən ki bir qoşun oldu.
Filankəs
“İrşad”, 17 fevral 1907, ¹
28
müqəffa-qafiyəli
tövq-boyunbağı,
boyunduruq
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2010.- 10 iyul.- S.20-21.