Azərbaycan aliminin Avropada növbəti uğuru
Müasir ədəbiyyat başlanğıcını
miflərdən və
əsatirlərdən götürüb. Hətta ən
son ədəbiyyat nümunələrinin
bəzilərində folklorun
izlərinə rast gəlmək mümkündür.
Tarixin müəyyən məqamlarında
bu miflər millətlər arasında
münasibətlərin yaxınlaşmasına
xidmət etsə də, bəzən ortaya çıxan təzadlar müəyyən
stereotiplərin yaranmasına
səbəb olub.
Ədəbiyyatın “azad
söz “ olduğu
əsas gətirilərək
bədii əsərlərdə
digər xalqların tarixi təhrif edilir, bəzi özünəməxsusluqlar mənfi
cəhət kimi təqdim olunur. Bu isə müasir
şəraitdə – inteqrasiyanın,
qloballaşmanın aktual
olduğu dövrdə
stereotipləri daha da dərinləşdirir, mədəniyyətlər arasında
uçurumlar yaranır.
Dünya
alimləri isə bu halların qarşısını almaq
üçün müxtəlif
səylər göstərirlər.
Azərbaycan da bu prosesdən kənarda deyil. Ədəbiyyat
nəzəriyyəsi üzrə
professor Rəhilə Qeybullayevanın
bu sahədə müstəsna xidmətləri
var. Bu yaxınlarda Almaniyanın
“Peter Lang” akademik nəşriyyatında
professor R.Qeybullayevanın alman
dilində “Ədəbiyyatlarda
və mədəniyyətlərdə
stereotiplər” kitabı
nəşr olunub. Kitab Bakı Slavyan Universitetində
(BSU) 2006-cı ilin sentyabrında
keçirilmiş “Müqayisəli
ədəbiyyat: ədəbiyyatlarda
və mədəniyyətlərdə
stereotiplər” konfransının
mövzusu əsasında
çap edilib. Azərbaycan, Yaponiya, Braziliya, Fransa, ABŞ, Cənubi Koreya, Böyük Britaniya, Çexiya, Rusiya, Gürcüstan, Qazaxıstan,
Türkiyə daxil olmaqla müxtəlif ölkələrdən təxminən
100 iştirakçının qatıldığı konfransın
məqsədi stereotiplərə
son qoymağa çağırış
idi. Konfransın mövzusunun geniş
layihə kimi kitab şəklində Avropa oxucusuna çatdırmaq isə böyük zəhmət və işgüzarlıq
tələb edirdi.
Lakin Rəhilə xanım bu işin də
öhdəsindən layiqincə
gəlib. Kitabdakı məqalələrdə
stereotiplərin gender tarix,
din və sairədə
oynadığı rollardan
bəhs edilir. Müəlliflər arasında
fransız türkoloqu
professor Pol Duman, Amerika tədqiqatları üzrə Koreya mütəxəssisi professor Kun Lee, müqayisəli və rus ədəbiyyatı üzrə yapon professoru Takayaku-Yakata
Murakami, Qazaxıstandan tarixşünas
alim Ənvər Qaliyev, fransız musiqişünas professor Didier Frankfor,
türk mənşəli
fransız alim Gül Mətə – Yuva, Çində işləyən macar mənşəli amerikalı
folklorist İzabella Harvath,
hind mənşəli, braziliyalı
prof. Sudha Swarknakar və s. alimlər bir araya gələrək stereotipləri millət,
din, ölkə, tarix,
gender kimi müxtəlif
bucaqlardan araşdırıblar.
Professor R.Qeybullayevanın bu təşəbbüsü
artıq Avropa oxcusunun ixiyarına verilmişdir. Tezliklə, kitabın
ikinci hissəsinin nəşri də gözlənilir. Bu Rəhilə
xanımın gördüyü
ilk iş deyil. 2002-ci ildə UNESCO-nun “Qeyri-maddi
dəyərlərin şah
əsərləri və
onların qorunması”
layihəsi çərçivəsində
“Azərbaycan muğamı”
layihəsinin koordinatoru
olması, elə həmin ildə AMEA-da “Ənənə və qloballaşma” konfransının, 2004-cü ildə
Harvard universitetinin professoru
Branda Şeyferin “Sərhədlər və qardaşlar : İran və Azərbaycan identifikasiyası” kitabının
prezentasiyasının təşkilindən
əlavə bir sıra ingilisdilli elmi məqalələrin azərbaycancaya tərcümə
edilərək Bakıda
nəşri və başqa işlər Rəhilə Qeybullayevanın
ölkə daxilində
gördüyü çoxsaylı
işlərdəndir. Beynəlxalq
aləmdə Rəhilə
xanım Azərbaycanla
bağlı bir sira diskussiyalarda, o cümlədən, C.F. Kennedi
adına Harvard Dövlətçilik fakültəsində
(aprel, 2002), Böyük
Britaniyanin Lordlar Palatasında (Mart, 2003); London universitetinin
SOAS və LSE fakültələrində
(Yanvar-May, 2003) çıxış
edib. “Mədəniyyətlər
Tarixi” beynəlxalq cəmiyyətinin yaradıcılarından
biri və üzvü, “Kyoto Prize” və
“Nobel Prize”ın rəsmi
nominatoru, ABŞ–da fəaliyyət göstərən
SJİ ( Beynəlxalq Elmi
Jurnal)-in “Communication & Media” seriyası üzrə Redaksiya Şurasının
eksperti və digər layihələrdə
də adı hallanan Rəhilə Qeybullayevanın işlədiyi
Bakı Slavyan Universiteti ona daha doğmadır. BSU-nun qərb universitetləri ilə əməkdaşlıq
etməsi, Avropa universitetləri ilə müəllim və tələbə mübadiləsi
aparması, qısa zaman ərzində universitetin adının ölkə hüdudlarından
kənarda tanınmasında
ali təhsil
ocağının rektoru,
professor Kamal Abdullanın
rolu böyükdür.
Rəhilə xanım da universitetin adının tanınması yolunda çoxlu işlər görür. Bunun sübutu kimi, 2007-ci ildə ABŞ-ın Corcstaun Universitetindən
professor Anjela Şteyn,
Denver Universitetindən ABŞ-da və Kanadada
islam dinindən mühazirələr oxuyan
professor Lyaqat Takim, Xocalı hadisələrinin
şahidi və bu soyqırımı dünyaya məlumat verən ilk xarici jurnalist, ABŞ-ın
Montana Universitetindən professor Tomas Qolts, 2008 –ci ildə Almaniyanın Hamburq Universitetindən
Jens Natten ( jurnalistikanın
siyasi ölçüləri
mövzusunda mühazirə)
və onlarla digər alim və jurnalist BSU tələbələrinə mühazirə
oxumasını misal çəkmək olar. Elmi əsərlərində milli
ədəbiyyat konsepsiyası,
ədəbiyyatda təhlil
metodları, mədəni
dəyərlər mövzularına
toxunan professor R. Qeybullayeva
70-dən çox elmi
əsərin müəllifidir.
Müqayisəli ədəbiyyat üzrə
professor Rəhilə Qeybullayevanın
əsas xidmətlərindən
biri də Azərbaycanda ilk dəfə
konvergensiya mədəniyyəti
anlayışını tədqiq
etməsidir. AzCLA (Azərbaycan
Komparativ Ədəbiyyatşünaslıq
Assosoasiyasinin) təşəbbüskarı
və sədri olan professor Vyana şəhərində keçirilən
ənənəvi elmi
konfransda konvergensiya mədəniyyəti mövzusunda
məruzə edib.
Ədəbiyyat nəzəriyyəsi sahəsində yenilikləri
və maraqlı təşəbbüsləri ilə
seçilən professor R.Qeybullayevanın
insan kimi səmimiyyəti və təvazökarlığı onun
Azərbaycan hüdudlarından
kənarda da tədqiq olunmuş uğurlarını tamamlayır.
Pərviz SADIQOV
525-ci qəzet.-
2010.- 10 iyul.- S.19.