Bəstəkar İsmayıl Hacıyevin 60 illiyi qeyd olunub

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar dirijor İsmayıl Hacıyevin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbir bəstəkarın anası, xalq artisti, görkəmli rəqqasə Əminə Dilbazinin xatirəsinə ithaf edilib. Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə İ.Hacıyevin ömür yolundan, zəngin yaradıcılığından danışıb. Onun sözlərinə görə, xalq artistləri Cövdət Hacıyevlə Əminə Dilbazinin ailəsində tərbiyə alan İsmayıl Hacıyevin sənətə sevgisi tamamilə məntiqəuyğundur. Ən azı ona görə ki, belə görkəmli insanların əhatəsində olaraq sənəti sevməmək qeyri-mümkündü. Tədbirin bədii hissəsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında İsmayıl Hacıyevin dirijorluğu ilə tanınmış bəstəkarlarımızın əsərləri yüksək peşəkarlıqla səslənib və alqışlarla qarşılanıb. Sonda İsmayıl Hacıyev sənətinə göstərdikləri diqqət və qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Filarmoniyasının rəhbərlərinə minnətdarlığını bildirib. Filarmoniyanın foyesində İsmayıl Hacıyevin həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 7 iyul.- S.7.