Şeyx Şamil
şəxsiyyətinə və mübarizəsinə örnək
münasibət
Naxçıvan şəhərinin
mərkəzində Qafqazda
analoqu olmayan Heydər Əliyev Muzeyi yerləşir. Bu muzeydə olan zəngin kitabxana həmişə üz tutduğumuz mənəvi xəzinədir. Çünki
tarixin bir çox qaranlıq məsələlərini dərindən
öyrənmək, təhlil
etmək, araşdırmaq
və sistemləşdirmək
üçün hökmən
ümummilli liderimiz Heydər Əliyevin tarixlə və tarixi yaradan məşhur şəxsiyyətlərlə
bağlı etdiyi nitqlərin, onunla aparılan müsahibələrin
toplandığı cildləri
oxumalıyıq, öyrənməliyik.
Onda nəinki Azərbaycan tarixi, hətta ümumdünya tarixi önümüzdə
səhifə-səhifə açılır,
qaranlıq, dolaşıq
məsələlər aydınlaşır.Dünya
tarixinin maraqlı və döyüşlər
dolu səhifələrindən
biri də Qafqaz tarixidir. Qafqaz tarixi, burada yaşayan yerli xalqların milli azadlıq mübarizələri haqqında,
xüsusilə böyük
sərkərdə Şeyx
Şamil haqqında yazmaq həmişə arzum olub. Hətta
iki dəfə, hələ çox gənc ikən 1977, 1979-cu
illərdə onun döyüşdüyü yerləri
və aulları (kəndləri) bir-bir gəzmişəm. Çoxlu
materiallar toplanıb, gündəlik qeydləri aparsam da, nədənsə
yazmağa ürək
etməmişəm. Amma
Heydər Əliyev Muzeyində toplanmış
kitabların xeyli hissəsini oxuyub öyrəndikdən sonra
hiss etdim ki, ürəyimi boşalda bilərəm. Ümummilli
liderimizin 4 noyabr
1997-ci ildə Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrında Şeyx Şamilin 200 illik yubileyinə həsr edilmiş təntənəli
gecədə söylədiyi
məşhur nitqi bu istiqamətdə mənim üçün təkan mənbəyi oldu.
Bütün yüzilliklərdə
Qafqazın dünyanın
aparıcı dövlətlərinin
diqqət mərkəzində
olduğunu bildiyimizdən,
azacıq da olsa tarixə ekskurs etməyimiz yerinə düşər.
Qafqaz haqqında olan əfsanələrin, əsatirlərin və miflərin sayı-hesabı
yoxdur. Bizə gəlib çatan mənbələrin çoxu
yunan müdriklərinin
kitablarında təsvir
olunub.
Təbii ilahi bir qalanı xatırladan Qafqaz dağları Avropa və Asiyanı da Xəzər və Qara dənizləri
arasında yarıya bölür. Qədim yunan mütəfəkkiri Esxil Qafqazı “ulduzların qonşusu” adlandırır. Hələ
çox qədim zamanlardan nəhəng sərkərdələr öz
taclarını Qafqazı
fəth etməklə
başlarına qoymaq istəmişlər. İşğalçıların
arxalandıqları əsas
arqument öz gücləri olub. Qafqazın tarixində ən maraqlı məsələlərdən biri
işğalçıların arxalandıqları güclərini
tar-mar edən yerli xalqların mübarizəsi
və apardıqları
döyüşləri olub.
Bu işğalçıların
siyahısı genişdir.
Məqsədimiz onları
sadalamaq deyildir. Çar Rusiyası Qafqazı işğal məsələsinə hələ
IV Ivan Qroznının vaxtından
başlayıb. Əvvəlcə
onlar qohumluq diplomatiyası yaradıblar.
IV Ivan çərkəz knyazının
qızı Mariyaya evlənmiş və ilk dəfə Terek çayı sahilində rusların mühafizə qalasını tikdirmişdir.
1594-cü ilin
yazında boyar A. Xvorostinin
rəhbərlik etdiyi qoşunlar Xəzər dənizi sahilində yerləşən Tarki şamxallığını işğal
etdi. Amma dağlı xalqları rus qoşunlarını qovaraq Terekin o biri sahilinə qaytardılar. Sonralar Boris Qodunovun göndərdiyi qoşunların aqibəti
də belə oldu. Bundan sonra
Qafqaz xalqları üç əsrə yaxın bir müddətdə Türkiyə
və İranla müttəfiqlik edirdilər.
Ancaq I Pyotr Rusiyanın çarı olandan Qafqaza hücumları yenidən başlandı. Və bu işdə ona köməkliyi Qafqazda yaşayan gürcülər, gəlmə
ermənilər etməyə
başladılar.
Qafqazda siyasi hadisələrin qızğın bir vaxtında 1797-ci il iyunun 26-da dəmirçi Denqav Məhəmmədin ailəsində bir oğlan dünyaya gəldi. Müsəlman təqviminə görə 1212-ci il, məhərrəm ayının 1-i idi. Avarların yaşadığı Gimri aulunda (kəndində) hamı sevinirdi. Təzə doğulan körpənin babası adətə görə onun sağ qulağına azan oxudu. Sol qulağına isə onun adını çağırdı: Əli.
Təzə doğulan uşağın zəifliyi valideynlərini çox narahat edirdi. Onlar ümidlərini itirmişdilər. Molla dua oxumağa başladığı vaxt qəribə bir hadisə baş verdi. Aulun üzərində ağ bir qartal göründü. O, Gimri üzərində bir neçə dəfə dövrə vurdu, birdən aşağı şığıyıb yerdən ilanı caynağına alaraq uçub getdi. Aulun başbilən qocaları bunu ilahi xəbər bildilər. Və məsləhət gördülər ki, uşağa yeni bir ad da versinlər. Gənc ata-ana öz oğullarını xilas etmək üçün ona Şamil adı verdilər. Hələ ki, yazılan kitabların heç birində nəyə görə bu adın verildiyi araşdırılmayıb. Şamilin yeniyetməlik, gənclik illərindən və hərbi fəaliyyətindən çox yazılıb, söhbət açılıb. Təxminən 100-ə qədər elmi monoqrafiyalarda, akademik nəşrlərdə onun tərcümeyi-halı və hərbi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bu deyilənləri təkrarlamırıq, çünki bizim yazının məqsədi başqadır.
Çar hökuməti Cənubi Qafqazı işğal edəndən, guya könüllü birləşdirəndən sonra Qafqazın dağlıq hissəsində yerləşən rayonlarda öz hakimiyyətini bərqərar etməyə başladı. Hələ itaət altına alınmamış tayfaların və xalqların yaşadıqları bu ərazi Cənubi Qafqazı Şimali Qafqazdan ayırırdı. Bu ərazini tutmadan Cənubi Qafqaza möhkəm sahib olmaq mümkün deyildi. Bunun üçün Rusiya qoşunları hərəkətə başladılar. Meşələrdə yollar çəkir, dağlarda cığırlar açır və qalalar tikirdilər. Dağıstan, Çeçen və Adıgey dağlıları işğalçı rus qoşunlarına qarşı qızğın mübarizəyə başladılar. Rusiya üçün çox ağır olan müharibə başlandı. 1830-cu ildən başlayan bu müharibə 1860-cı ilədək davam etdi.
Məğrur, azadlıqsevər xalqların önündə gedən böyük sərkərdə, 25 il ərzində (1834-1859) işğalçılara qarşı döyüşən Şeyx Şamil haqqında çox deyilib yazılsa da, məncə, Şamilə və onun apardığı azadlıq müharibəsinə əsl doğru-düzgün qiyməti ümummilli liderimiz Heydər Əliyev verdi. O, müstəqil Azərbaycan dövlətinin prezidenti olduğu illərdə, 1997-ci ildə Şamilin anadan olmasının 200 illiyinin təntənəli keçirilməsi üçün sərəncam imzaladı. 4 noyabr 1997-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən təntənəli yubiley gecəsində ümummilli liderimizin söylədiyi nitq ilk dəfə olaraq ümumən Qafqazda gedən azadlıq mübarizəsinin çox böyük hünərli bir tarix olduğunu önə çəkdi: “Şamil öz böyük həyat yolu ilə, qəhrəmanlığı ilə, Qafqaz xalqları qarşısında əvəzsiz xidmət edibdir. Dünyanın məşhur şəxsiyyətlərindən birinə çevrilibdir”.
Ümummilli liderimiz Şeyx Şamili böyük sərkərdə, alim, filosof, dövlət xadimi və xalq qəhrəmanı kimi səciyyələndirmişdir. Çox maraqlıdır ki, o, Qafqazı cəhətlərə bölməyib. Şeyx Şamili küllən Qafqazın xalq qəhrəmanı kimi tarixə daxil etmişdir. Biz öz araşdırmalarımızda bunu həmişə əsas götürməliyik. Qafqaz birdir, bütövdür. Və ilk dəfə Qafqaz ittifaqını məhz Heydər Əliyev bu gecədə bir daha qətiyyətlə vurğulamışdır: “İstəyirik ki, Qafqazın hər yerində əmin-amanlıq bərqərar olsun, sülh bərqərar olsun, dostluq bərqərar olsun, xalqlar arasında səmimi münasibətlər yaransın. Bunların hamısı mümkündür. İnanıram ki, biz birgə səylərimizlə onlara nail ola biləcəyik. Ona görə də burada Ümumqafqaz haqqında səslənən ifadələr, sözlər tam əsaslıdır”.
Böyük sərkərdə Şeyx Şamil haqqında hələ onun sağlığında maraqlı kitablar yazılıb. Hətta Rusiyanın özündə rus şairləri Şeyx Şamilə mədhiyyələr ithaf etmişlər. Amma istər çar Rusiyasında, istərsə də keçmiş Sovet İttifaqında, hətta müstəqil dövlətlər yarandıqdan sonra da bu cəsur sərkərdə haqqında şər, böhtan yazanlar da olub. Elə müəmmalı yazılara rast gəlmişik ki, təəssüf hissi tərk etməyib bizi. Ancaq inanmayıb oxucu. Əgər Şeyx Şamil könüllü təslim olubsa, burada açılmayan məsələlər var. Yaxud da bu, uzun sürən Qafqaz müharibəsində dağlıların tamamilə məhv edilməsinin qarşısını alıb. Tarixi araşdırmalara yalnız Heydər Əliyevin dediyi müdrik fikirlərin işığında düzgün cavab tapmaq mümkündür: “Mən hesab edirəm ki, Şeyx Şamil haqqında tarixin müəyyən dövrlərində bəzi qadağalar qoyulmasına baxmayaraq, xalqımız Şeyx Şamili heç vaxt unutmayıb. Şeyx Şamil Qafqaz xalqlarının qəlbində daim yaşayıbdır. Onun obrazı həmişə bir qəhrəmanlıq simvolu kimi və müstəqillik, milli azadlıq mübarizəsinin simvolu kimi insanların qəlbində yaşayıbdır. Doğrudur, onun həyatı bir tərəfdən ziddiyyətli olubdur, bir tərəfdən də çox parlaq olubdur, çox nümunəvi olubdur. Amma o, həyatdan gedəndən sonra onun haqqında yazılan tarixi kitablar da ziddiyyətli olubdur, ayrı-ayrı siyasi, subyektiv fikirlər nəticəsində onun həyat yolu bəzən Şamil şəxsiyyətini, onun adını tarixdən silə bilməyibdir”.
Şeyx Şamil haqqında yazılan kitabların ən dolğunu A.Runovskinin yazdığı “Zapiski o Şamile” (“Şamil haqqında qeydlər” SPb., 1860) kitabıdır. Ancaq heç bir yerdə Azərbaycanda olduğu kimi, Şamilin fəaliyyəti dərindən və məhəbbətlə tədqiq edilməyib. Hətta azərbaycanlı alim Heydər Hüseynovu məhz Şeyx Şamil haqqında yazdığına görə məhv ediblər. Yubiley gecəsində ümummilli liderimiz Heydər Əliyevin böyük alim və filosof Heydər Hüseynov haqqında dedikləri Şeyx Şamilin Azərbaycanda nə qədər əziz olduğunu önə çəkir: “Bilirsiniz, bu gün, yubiley gecəsində bir daha demək istəyirəm ki, Şeyx Şamilin həyatını təhlil edənlərin də çoxu Azərbaycan alimləri olublar, onun yolunda çətinliklərlə üzləşənlər də Azərbaycan alimləri və yazıçıları olublar, Şeyx Şamilin yolunda qurban gedən də Azərbaycanın böyük alimi, filosofu Heydər Hüseynov olubdur. Bu onu göstərir ki, Şeyx Şamil Azərbaycan xalqı, Azərbaycan üçün nə qədər qiymətli, nə qədər əziz olubdur ki, onun yolunda, yəni, onun ideyaları yolunda, onun haqqında doğru-düzgün, ədalətli sözlər deməyə görə böyük insanlar hətta canını qurban veriblər”.
Burada bir məsələni demək çox yerinə düşərdi. Tarixən Qafqazı qana boyayan, böyük dövlətləri burada müharibələrə cəlb edən ermənilər olub. Çünki Qafqazda marağı olan dövlətlərin üçündə də ermənilər əziz xələf olublar. Ermənilər isə bundan xəyanətkarcasına istifadə edərək Qafqazın xoşbəxtliyinə son qoymaq istəmişlər. Hətta onlar XX əsrdə də bu məqsədlərindən əl çəkməmişlər. Elə bu səbəbdən də Şeyx Şamilin yubiley gecəsində Heydər Əliyev Ermənistanın işğalçı niyyətlərini və Azərbaycanın ərazisinin 20 faizinin onlar tərəfindən işğal olunmasını da Qafqaz xalqlarının bir daha yadına saldı: “Bunların hamısı Qafqazın birliyinə vurulan zərbələrdir”.Öz müttəfiqləri tərəfindən aldadılan Şeyx Şamilin onlar haqqında qəzəblə dediyi fikirlərin bir qismi bu gün də arxiv sənədlərində qalmaqdadır: “...əgər əlimə düşsələr, onları 24 hissəyə böləcəyəm...” Şeyx Şamilin Qafqazda apardığı milli-azadlıq mübarizəsi tarixin hər bir zamanında Qafqazın yerli xalqları üçün nümunədir. Bu milli azadlıq mübarizəsinə yüksək siyasi qiymət verən və bir daha cəsur sərkərdənin həyatının, fəaliyyətinin dərindən araşdırılmasını tövsiyə edən ümummilli liderimiz Heydər Əliyev tarixi nitqi ilə Qafqaz xalqlarının azadlıq mübarizəsinin istiqamətini müəyyənləşdirdi. Bu tarixi nitq bütün yüzilliklərdə qafqazşünaslara Qafqaz tarixini tədqiq etmək üçün əvəzsiz mənbədir.
Musa QULİYEV,
AMEA Naxçıvan
Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi
işçisi
525-ci qəzet.- 2010.- 7 iyul.- S.7.