Tolerantlıq – İslamın
önəmli prinsipi kimi
Qloballaşma ikiqütblü dünyamızı birqütblü kənd halına gətirdi. Bu kənddə yaşayan əhali də fərqli fikirli, müxtəlif mədəniyyətli insanlardır. Belə yerdə yaşayanlar üçün “başqaları” olaraq ifadə edilənlərin özünüifadə formalarına hörmətlə yanaşmaları zərurəti yaranır. Bu ehtiyac tolerantlıqdır. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Tolerantlıq din və vicdan azadlığıdır.
Tolerantlıq sözü Latın dilindəki “tolerare” feilindən törəyib. Bu söz “dözmək, tab gətirmək, fikir verməmək, səbirli olmaq, göz yummaq” kimi mənalara gəlir.
İnsanların olduğu hər yerdə həmişə fikir müxtəlifliyi olub və olacaq. Əsas bu fərqliliyə münasibətdir. Bu ayrılığa yanaşmadır. Tolerant olmaqdır. Tolerantlıq başqalarının haqqlarına və hüquqlarına hörmətdir. Tolerantlıq müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə qarşı insanın mədəniyyət səviyyəsinin ölçüsüdür. İnsanı təəssübkeşlikdən uzaqlaşdıran, radikallıqdan xilas edən ictimai amildir.
Tolerantlıq nədir?
Bizim üçün qəbuledilməz olan, başqası üçün dəyər ola bilər. Bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Bu məsələdə doqmatizmə yol vermək yolverilməzdir. Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək prinsipidir. Tolerantlıq qarşı tərəfin konsepsiyasını anlamağı bacarmaqdır.
Tolerantlıq mənim kimi düşünməyənə qarşı özümü cilovlamağı bacarmaq, aqressiyadan çəkinmək, mənfəətlərim üçün susmaq deyil. Çünki bu insanla manipulyasiyadır. İnsanın özünə qarşı mənəvi zorakılıqdır. İnsanı insandan uzaqlaşdıran amildir. Tolerantlıq qarşısındakına insan olduğu üçün dəyər verməkdir. Tolerantlıq başqasına mənəvi hisslərinə, öz mənəvi duyğularına hörmət gözlədiyi üçün hörmətlə yanaşmaqdır. Tolerantlıq birtərəfli deyil, çoxtərəfli münasibətləri həlqəsinin təzahürüdür.
Tolerantlıq ideyası
Bu ideya XVI-XVII əsrlərdə Avropada baş verən dinlə əlaqəli münaqişələrin nəticəsində aktuallaşmağa başlayıb. Bunun ortaya çıxmasındakı məqsəd dini etiqadla bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Lakin həmin müqavilədən sonra baş vern 30 illik müharibə ərəfəsində nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmadığını göstərdi. Tolerantlıq Qərb dünyasında yumşaq ifadə ilə qeyd etsək, dini təəssübkeşliyin at oynatdığı ölkələrdə əsrlər boyunca tədricən formalaşaraq ortaya çıxıb. Qərbdə tolerantlıq Leonard Binderin ifadə etdiyi kimi bir qrup xristianın başqa qruplara mənsub olan digər xristianları qəbul etmələri nəticəsində meydana gəlib (Leonard Binder, “Liberal İslam”, (tərc. Yusuf Kaplan), Rey yay., Kayseri 1996, səh. 4).
1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO Baş Konfransının 28-ci sessiyasında, 50-ci ildönümü münasibətilə Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu və beynəlxalq dözümlülük günü elan edildi. Tolerantlıq günü hər il noyabr ayının 16-da qeyd edilir.
Hər bir məsələdə olduğu kimi tolerantlıq məsələsində də ifrata və təfritə yol verilməməlidir. Tolerantlıq dəyərlərin ayaqlar altına atılması deyil. Tolerantlıq alçaltmaq, yaxud alçaldılmaq heç deyil. Tolerantlığı aradan qaldıracaq dözümsüzlüyə qarşı tolerant olunmaz. Tolerantlıq gül uzadılandan güllə ilə qarşılıq alana qarşı göstərilən davranışın adı deyil.
Təhqir, hücum kimi davranışlar dözümlülüyün çərçivələrindən kənardır. Tolerantlıq onun kimi düşünməyənlərin mövcudluğunu qəbul etməkdir. Həddindən artıq tolerantlıq fərdlərdə dəyərsizləşməyə, məsuliyyətsizliyə səbəb ola bilər. Tolerantlıq qarşılıqlıdır.
İslamda tolerantlıq
İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən də insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. Hətta başqa bir ayədə qarşı tərəfin “tanrı” olaraq qəbul etdiyi, tanrılaşdırdıqlarına qarşı necə davranılmalı olduğu əmr edilir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...” (“Ənam” surəsi, 108).
Ayədən də aydın olur ki, insanlar müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola bilərlər. Ayəyə görə bunlar səhv olsalar da, varlıqları inkar edilə bilməz. Amma bir məsələni də yaddan çıxarmayaq ki, insanlar fikirləri ilə doğulmurlar, sonradan aldıqları təlim-tərbiyə ilə müəyyən əqidəyə yiyələnirlər.
Allah Qurani-Kərimdə Peyğəmbərinə belə buyurur: “Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən! Sənin vəzifən ancaq təbliğ etməkdir” (“Ənam” surəsi, 107; “Ali-İmran” surəsi, 20), “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz” (“Ənam” surəsi, 164) ayələrində birlikdə yaşamaq və hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər insanı öz inamında, dinində və fikrində qəbul etmək tolerantlıqdır.
İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (“Hucurat” surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir.
Allah həmişə dözümlülüyü, tolerant olmağı əmr edir. Bu əmr güclü, yaxud zəif olan dövrlərə deyil, bütün vaxtlara şamil olan bir qaydadır. Allah Hz.Musanı (ə) və qardaşı Hz.Harunu Onu inkar edən, özünü tanrı hesab edən, zalım və azğın Misir hökmdarı Fironun yanına göndərərkən necə hərəkət etməli olduqlarını belə buyurur: “Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşıb. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud çəkinsin!” (“Taha” surəsi, 43-44). Hz.Muhəmmədin (s) də dözümlü olmasının nəticəsi haqqında Quranda belə buyurulur: “Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...” (“Ali-İmran” surəsi, 159).
Tolerantlıq güclü qarşısında dözümlülük nümayiş etdirmək deyil. Tolerantlıq özündən zəifə, yaxud bərabərə olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. İslamın gəldiyi ilkin dövrlərdə müsəlmanlar tolerantlıq göstərdikləri kimi, güclü olduqları dövrlərdə bu qaydadan heç vaxt uzaqlaşmayıblar. İslam hələ “əhli-kitab” sayılan dinlər bir tərəfə qalsın, hətta Allaha şərik qoşan müşriklərlə, bütpərəstlərlə münasibətlər haqqında görün necə tövsiyə edir: “Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır...” (“Tövbə” surəsi, 6).
İnsanlar eyni cür yaradılmayıb. İnsanlar eyni yaradılmadığı üçün tolerantlıq qaçılmaz dəyər olaraq qarşımıza çıxır. Hətta eyni hüceyrədən doğulan ekizlər arasında da fərqlər özünü açıq-aşkar büruzə verir. İslam müsəlmanların müxtəlif dinlərin mənsublarına, hətta inanmayanlara qarşı necə tolerant olmalı olduqlarını insanların müxtəlif yaradılış prinsipi ilə izah edir. İslama görə müxtəliflik dünya imtahanın bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac qalmazdı.
Allah belə buyurur: “...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinzlə yarışın. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!” (“Maidə” surəsi, 48).
Əgər insanlar din və vicdan azadlığı məsələsində azad olmasaydılar, ya hamısı dini inkar etməyə məcbur edilərək haqsızlığa məruz qalacaq, ya da bütün bəşər Allaha inanmağa məcbur edilərək müxtəlif yaradılan ruhlar, qabiliyyətlər, cəhdlər bərabər sayılaraq ədalətsizliyə səbəb olacaqdı. Və imtahanın da bir mənası qalmayacaqdı. Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: “Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun...” (“Ənam” surəsi, 152).
Allahın Hz.Musanın timsalında hətta zalımları belə Allaha dəvət edərkən necə davranmalı olduqlarını qeyd etmişdik. İslam eyni zamanda müsəlman olmayan müqəddəs kitabı olanlarla da necə dialoq qurulmasını belə əmr edir: “Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman onlara deyin: “İndi şahid olun ki, biz, həqiqətən, Allaha təslim olanlarıq!” (“Ali-İmran” surəsi, 64).
Allahın
“De: “İstər inanın, istərsə də inanmayın...”
(“İsra” surəsi,
107). “De: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də
istəyir inanmasın...” (“Kəhf” surəsi, 29) sözləri
İslamın dini etiqad azadlığına verdiyi dəyəri
göstərir.
Quran “Dində məcburiyyət
(zorakılıq) yoxdur” (“Bəqərə” surəsi, 256) ayəsi
ilə inanmaq azadlığının prinsipini
formalaşdırıb. “Nə qədər istəsən də
insanların əksəriyyəti iman gətirməzlər”, “Sən
istədiyinə hidayət verə bilmərsən, ancaq Allah
istədiyinə hidayət verər”, “Onlar iman gətirməyəcəklər
deyə, bəlkə, özünü həlakmı edəcəksən?”
(“Şuəra” surəsi, 3) kimi ayələr
tolerantlığı anlamaq üçün ən gözəl
sözlərdir.
İslamda dini etiqad azadlığı
Bu anlayış İslamda o
dərəcədə qətidir ki, hətta peyğəmbərlərin
iman mövzusunda məcbur etmək səlahiyyətləri
olmayıb. Hz.Muhəmməd (s) peyğəmbərin kafirlərin,
müşriklərin, yaxud ümumi olaraq bütün
insanların iman gətirmələrini ehtirasla istəməsinə,
insanların inkar etmələrinə kədərlənməsinə
baxmayaraq Allah onun vəzifəsinin ancaq haqqı insanlara
çatdırmaq, təbliğ etmək olduğunu dəfələrlə
bildirib. Bununla bağlı Quranda belə buyurulur: “Peyğəmbərin
öhdəsinə düşən yalnız
açıq-aşkar təbliğ etməkdir” (“Nur” surəsi,
54). “Hər kəs doğru yolda olsa, yalnız özü
üçün doğru yolda olmuş olar. Hər kəs
doğru yoldan çıxsa, de: “Mən yalnız çəkindirən
peyğəmbərlərdənəm!” (“Nəml” surəsi,
92). “Peyğəmbərin vəzifəsi ancaq
açıq-aşkar təbliğ etməkdir!” (“Ənkəbut”
surəsi, 18). “Bizim vəzifəmiz yalnız
açıq-aşkar təbliğ etməkdir!” (“Yasin” surəsi,
17). “Əgər (bu müşriklər sənin dəvətindən)
üz döndərsələr (əsla ürəyini
qısma). Biz səni onlara gözətçi göndərməmişik.
Sənin öhdənə düşən ancaq təbliğ
etməkdir...” (“Şura” surəsi, 48). “Əgər Rəbbin
istəsəydi, yer, üzündə olanların hamısı
iman gətirərdi. İnsanları iman gətirməyə sənmi
məcbur edəcəksən?!” (“Yunus” surəsi, 99).
Elşad MİRİ
525-ci qəzet.- 2010.- 7 iyul.- S.4.