“Tanrı qulağıma pıçıldayıb ki...”

 

İSTƏKLİ MÜƏLLİMİM VƏ DƏYƏRLİ ŞAİRİMİZ, UNUDULMAZ MƏTLƏB NAĞINI BİR DAHA XATIRLARKƏN... 

 

O, dünyaya iyul ayında gəlmişdi, iyulun 10-da...

Bizim üçün sadəcə bir müəllim idi. Yox, yox, adicə yox, sadəcə bir müəllim. Amma adi deyildi. Biz hamımız onu çox istəyirdik. Bilirsiniz niyə? Çünki onun dərsləri o qədər maraqlı keçirdi ki... Dərsin ən darıxdırıcı məqamında elə bir ifadə işlədərdi ki, hamının yorğunluğu çıxar, yuxusu qaçardı. Tələbə yoldaşlarımızla xatirələr danışanda, ən çox onun dərsləri ilə bağlı xatirələr düşür yadımıza, həm də ən şən xatirələr.

Bir dəfə yenə onun dərslərindən birində qollarımı partanın üstündə çarpazlayıb başımı da qollarımın üstünə qoymuşdum. Gecə gec yatmışdım, özümü heç yaxşı hiss etmirdim. Amma gözümü yummamışdım, dərs danışan yoldaşıma qulaq asırdım. Müəllim yəqin elə bilib ki, mürgüləyirəm. Hiss edirdim ki, bir gözü məndədir. Birdən: “Min dəfə deyirəm ki, üstüaçıq yatmayın, belə edirsiz, sonra da başlayırsız səbir gətirməyə,” – dedi. Ox hədəfə necə dəydi... Mən sözü tutdum, tez başımı qaldırdım, pərt oldum, lakin uşaqların da, müəllimin də gülüşlərinə qoşulub güldüm. Elə bil bütün yorğunluğum, yuxusuzluğum yoxa çıxdı.

Tələbələr həm də onu ona görə sevirdilər ki, deyirdilər o, bütün tələbələrin müəllimidir, heç kimin qəlbini qırmazdı... Həəə... Bax, belə müəllim idi bizim Mətləb müəllim...

Biz heç vaxt Mətləb müəllimə yaş verə bilməzdik. Çünki nə qədər zarafatcıl, baməzə adam olsa da, dərslərində bir dənə də artıq hərəkətə, yersiz sözə yol verməzdi. Gənclərlə gənc, yaşlılarla yaşlı idi O.

Mətləb müəllim o zamanlar mənim üçün gözəl müəllim, pedaqoq idi, vəssalam. Onun Mətləb Nağı olduğunu bilmirdim. Yox, bu təkcə mənim və yoldaşlarımın günahı deyildi. O qədər təvazökar adam idi ki, heç vaxt şair olduğunu bizə bildirməmişdi. İndi yadıma düşür ki, hərdən dərsdə bəzi məqamlarda ara-sıra şeir deyərdi, amma heç vaxt müəllifinin kimliyini deməzdi, heç soruşanda da.

Günlərin bir günü qəzetlərin birindən şairpedaqoq Mətləb Nağının dünyasını dəyişdiyini oxudum. Şəkil onun şəkli idi, bu bizim Mətləb müəllim idi. Bir anlıq sevimli müəllimimin üzünü xatırlamağa, onu gözlərimin önünə gətirməyə çalışdım, gözlərim dumanlandı. İnana bilmədim, ola bilməz, yəni bu, doğrudanmı, O idi? Və yazını oxudum, oxudumbaşa düşdüm ki, ola bilər, niyə də ola bilməsin ki? Məgər ölüm kimin kimliyini bilir ki? Onun üçün nə fərqi var, apardığı kimdir.

Bu yazıdan mənim üçün yeni bir dünyaya qapı açıldı. Bir şairin dərin, lakin bu vaxta qədər tanımadığım dünyasına baş vurmaq arzusu kədərimi üstələdi. Bu qapının açarını tapmaq üçün ilk ağlıma gələn ümid yeri Pedaqoji Universitet oldu.

Yanılmadım. Bir zaman məni adi bir tələbə kimi tanıyan müəllimlərim indi məni xüsusi sevgi ilə qarşıladılar. Yazılarımı oxuduqlarını, imzamı tanıdıqlarını dedilər. Mənsə düşünürdüm: “Görəsən, O da oxumuşdumu bu yazıları? Bilirdimi ki, bəyənib-bəyənmədiyi yazıların müəllifi onun da tələbəsidir?” Bu düşüncələr içində boğula-boğula hara baxırdımsa, Onu görürdüm. Qəhər fikirlərimi alt-üst edirdi.

Sağ olsun Əzizxan müəllim, məni boş qaytarmadı. Mən öz kədərli duyğularımı ona çatdıra bilmədim, lakin görünür, o, özü bunu duydu. Mətləb müəllim dünyasını dəyişdikdən sonra yaxşı dostların sayəsində çap olunanYaşamaq istəyirdim...” adlı kitabını Əzizxan müəllim mənə bağışladı. Gözlərimi ilk yandıran kitabın adı və onun üzərindəki şəkil oldu. Mətləb müəllimin kitabın üz qabığından boylanan söz dolu baxışları deyirdi tüstüsündən boğulduğum bu iki kəlmə sözü: “Yaşamaq istəyirdim...”

İlk səhifədən Mətləb müəllim Mətləb Nağıya çevrildi. Kitabın elə ilk səhifəsindən nəzəri çəkən bir bənd şeiri oxuyanda onun kim olduğunu anladım.:

 

Qış günü ağaclar puçurlayıb ki...

Bu qərib sevinci kimlə böləcəm?

Tanrım qulağıma pıçıldayıb ki,

Mən cavan öləcəm, mən tez öləcəm.

 

Kim deyir ki, “peyğəmbərlərdən sonra şairlər gəlir” deyimi yalandır? Bu misralardan sonra bu deyimi danmaqmı olar? Əsla!

Mətləb Nağı yaradıcılığında diqqətimi çəkən nüanslardan ən başlıcası da odur ki, özü təbiətən bədbin insan olmasa da, (bəlkə də özünü elə göstərirdi ki, sevdikləri üzülməsin ondan sonra. Axı o, hamını sevirdi) şeirlərində çox həzin bir kədər, sevdiklərindən nigaranlıq, dərindən ötürülmüş köksün nisgili var.

 

Mən bir cür bəzirganam,

Qalsam da karvandan belə...

 

yaxud:

 

Məni sevən qadın,

Sevdiyim qadın!

qızlarımı al yanına

qoyma onlara

qəm toxunsun...

 

Bu, nəzmlə yazılmış vəsiyyətnamə deyilmi?! Bu şeiri oxuyanda bir anlıq gözlərimin önündə canlanan səhnə məni tələbəlik illərinə apardı. Dərsdən çıxıb Fəvvarələr meydanı ilə evə gedirdim. Məndən bir az qabaqda bir qadın bir kişi gedirdi. Kişi aradabir uşaq arabasındakı uşağa sarı əyilir, ona nəvazişlə nəsə deyir, sonra yoluna davam edirdi. Qolundan məhəbbətlə tutan qadın da onlara tamaşa edirdi. Yaxınlaşanda həmin kişinin Mətləb müəllim olduğunu gördüm. onun ölüm xəbərini eşidəndə ilk xatırladığım səhnə bu oldu.

 

Dünya sənin gülüşündü,

Gülüşündə yaşayıram.

Gözlərinin sevincini,

Bölüşəndə yaşayıram.

 

deyən şair, elə həmin gördüyüm şəxs, Mətləb Nağı imiş, sevincini qızı ilə bölüşürmüş.

Mətləb Nağının yaradıcılıq aləminə, Söz dünyasına baş vuranda adama elə gəlir ki, güllü-çiçəkli bir bağçadasan. bu bağçada bütün ətirli çiçəklərdən var. Sən bu çiçəklər arasında başını itirir, bihuş olursan. Onun şeir bağçasının növbənöv çiçəkləri ifadə olunan poetik duyğularıdır. Hamısı da bir-birindən təsirli, duyğulu.

 

Yaz sevinci qış görməsin,

Bəla nədirbaş görməsin.

Qardaşdeyən boş görməsin,

Qardaş yerini, yerini.

 

Bu sözləri deyən qardaşın bacısı nələr çəkir, bunu duymamaq mümkün deyil.

Mətləb Nağı payına düşən ömrü yaşadı, getdi. Demək istədiklərinin, düşündüklərinin bir qismini dedi getdi(inanıram ki, hamısını deyə bilmədi).

 

İki günün qonağı tək,

Gəldim, yoluxdum, qayıtdım.

Göz gördü, ağrıdı ürək,

Doldum, doluxdum, qayıtdım.

 

Sanki Tanrı Onu bu dünyanın hal-əhvalını öyrənməyə göndərmişdi. Lakin bu halı sakit-sakit seyr etmək, heç olmamış kimi yaşamaq, görünür onun işi deyilmiş. gücü özünə çatan şair başını götürüb getdi bu dünyadan: nahaqdan haqqa, əyridən düzə, ən gözəli hamımızın gedəcəyi yerə getdi. Bu fani dünyaya qalib gəlib əbədilik qazandı.

 

Mən adi bir insan idim,

Hamı kimi yaşamaq

istəyirdim ölüncə.

Yeri, əcəlim, yeri,

Mən gəlirəm dalınca.

 

Sən yaşamaq istəyirdin, yaşayırsan, yaşayacaqsan da: ailənin, sevdiyinin, sevdiklərinin, tələbələrinin, dostlarının...Səni tanıyanların qəlbində. Səni tanıyan ən son adam bu dünyadan köçənəcən yaşayacaqsan. Bütün dediklərinlə razıyam: ölümü çağıra-çağıra gətirdin, əcəli qova-qova özünü ona çatdırdın. Ancaq bu iki misranla razı deyiləm:

Məni sevən az idi,

Mən hamını sevirdim...

Hamı da Səni sevirdi, biz Səni sevirdik, bizim unudulmaz Mətləb müəllimimiz!

 

 

Elnaz EYVAZLI

 

525-ci qəzet.- 2010.- 14 iyul.- S.7.