Təbii bulaqlar muzeyi –
Naxçıvan
5,3 min kvadrat kilometr ərazisi
olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi
6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və
faunası, Yerin təkindəki təbii sərvətləri ilə
zəngindir. İqlimi quru və kontinental, relyefi əsasən
dağlıq və dağ ətəyi ərazidən ibarət
bu diyarın flora və faunası ilk baxışda yoxsul və
çılpaq görünür. Amma ərazi cəhətdən
bir o qədər böyük olmayan bu regionda ali bitkilərin
2963 növünə rast gəlinir ki, onların da 73-ü mədəni
floraya daxildir. Heyvanların növ tərkibi və miqdarı
isə siniflər üzrə Azərbayan faunasının 60-80
faizini təşkil edir. O ki qaldı bölgədə Yerin təkindəki
və üzərindəki sərvətlərin bolluğuna, Azərbaycan
elminin görkəmli nümayəndələrindən biri olan
akademik Mirəli Qaşqayın dağ- mədən
ehtiyatlarına görə Naxçıvanı “Azərbaycanın
Uralı” adlandırmasını xatırlatmaq kifayətdir.
Akademik Naxçıvanı həmçinin sərvətlərinin
zənginliyinə görə torpaqlarımızın “şah
damarı” adlandırıb.
Hər damlasında həyat nişanəsi olan bulaqlar
Geologiya-minerologiya elmləri
ilə məşğul olan alimlərimiz bu diyarı “təbii
bulaqlar muzeyi” adlandırıblar. Hələlik bu “muzeyin” 250-dən
artıq eksponatı aşkar olunub. Onların gündəlik
debiti də az deyil. Hesablamalara görə, gün ərzində
regiondakı mineral su mənbələri yer səthinə təxminən
24 milyon litr su axıdır. Onların da çox az bir hissəsindən
istifadə olunur. Onu da deyək ki, hər damlasında həyat
nümunəsi olan bu mineral bulaqlar (xüsusi ilə müalicə
əhəmiyyətli sular) adamlara qədim zamanlardan məlum
olub. Yerli əhali həmişə dirilik, şəfa suyu olan
bu bulaqlardan bəhrələnib, onların müalicə
qüdrətinə “tanrı ocağı”, –deyərək
möhkəm inam bəsləyib. Elə o vaxtlardan da həmin mənbələrin
ətraflarında yaşayış məskənləri
salınıb. Sirab kəndi yaxınlığındakı
Daşqala mağarasını buna misal göstərmək
olar. Deyilənə görə, burada ibtidai icma
dövrünün adamları yaşayıblar. Badamlı kəndi
yaxınlığındakı nekropol isə orta əsrlərə
aid arxeoloji abidədir. Naxçıvan şəhərinin
ilkin adları olan Naksuana və Naşəva sözləri də
öz mənalarını bu “tanrı ocağı”ndan
götürüblər. Sən demə, Naşəva farsca
“xoş su” mənasını verdiyi kimi, Naksuana da türk dillərində
“xeyirxah su yeri” deməkdir. Tarixən də Naxçıvan
şəhərinin ətrafı həmişə mineral su
yataqları ilə zəngin olub.
İri çay vadilərində
və onların yaxınlığında yerləşən
mineral bulaqlar heç də muxtar respublika ərazisində bərabər
səviyyədə paylanmayıblar. Bu sarıdan Şahbuz
rayonun qismətinə daha çox pay düşüb. Ərazisindəki
çay vadiləri boyu 40 kvadrat kilometrlik sahədə 50-dək
mineral su mənbəyi aşkar olunub. Culfa rayonunda isə 85
mineral su bulağı qeydə alınıb. Babəkdə isə
50 mineral-müalicə su mənbəyi öyrənilib.
Mineral bulaqların müalicəvi sirləri
Tədqiqatçıların
fiktrincə, mineral bulaqların formalaşmasında relyefin,
çay şəbəkəsinin, yarandıqları geoloji
mühitin, iqlimin böyük əhəmiyyəti olub. Alimlər
həm də bu qənaətdədirlər ki, bu suların
yüksək kimyəvi-balneoloji xüsusiyyətlərə
malik olmalarında onların müxtəlif tərkibli və
yaşlı çöküntülərdən
çıxması önəmli rol oynayır. Bu halda bulaq
suları yeraltı süxurların bütün müsbət
keyfiyyətlərini özləri ilə bərabər yerin səthinə
çıxarırlar. Nəzərə alsaq ki, ərazidə ən
qədim su süxurların yaşı 400 milyon illə 500-700
min arasında dəyişir, onda dediklərimizi
xırdalamağa da bir o qədər ehtiyac olmur.
AMEA-nın Naxçıvan
bölməsinin əməkdaşı, kimya elmləri namizədi
Fizzə Məmmədova deyir ki, mineral suların müalicəvi
xüsusiyyətləri onların tərkibindəki 6 əsas
ionla müəyyən edilir: natrium, kalsium, maqnezium, xlor, sulfat
və hidrokarbonat. Bu suların tərkibinin müxtəlifliyi
isə bu altı elementin müxtəlif nisbətlərdə
birləşməsindən asılıdır. Əgər
hidrokarbonat və natrium ionu suda üstünlük təşkil
edirsə, təbii ki, bu halda onlar hidrokarbonatlı-natriumlu, yəni
məhşur “Barjomi” tipli suları təşkil edir.
Naxçıvandakı “Sirab”la yanaşı, “Gülüstan”
(Culfa), “Nəvi” (Ordubad), “Biçənək” (Şahbuz)
mineral suları dı bu tipə aiddir. “Narzan” tipli sularda isə
maqnezium, kalsium, və sulfat ionlarının birləşməsindən
əmələ gəlir. Şahbuz rayonun “Badamlı”, “Gicdəsər”,
“Karvansara”, “Sələsüz”, Culfanın “Dingə”, “Nəsirvaz”,
Babək rayonundakı “Qızılburun” bulaqları da onun
anoloqudur.
“Əshabi-kəhf mineral suyu
da artıq öz sirrini açıb. O, radonla zəngindir. Bu
su məhşur Pyatiqorsk (Şimali Qafqaz) suyunun analoqu olmaqla
yanaşı sinir, ürək-damar və revmatizm xəstəliklərinin
müalicəsində səmərəlidir. Ötən ildən
onun mənbəyində adamların bu sərvətdən
normal istifadəsi üşün köşk və kiçik
hovuzlar düzəldilib. İndi hər on beş dəqiqədən
bir qaynayaraq qazlı halda yerin səthinə çıxan su
hovuzlara yığılaraq adamların istifadəsinə
verilir, burada bolneoloji məqsədlə istifadə olunur.
Onu da qeyd edək ki, muxtar
respublikada mineral su bulaqlarının və onların
formalaşdığı mühitin – geologiyası və
tektonikasının öyrənilməsinə, hələ
çarizm dövründən, daha doğrusu X1X əsrin
ortalarından başlanılıb. Su mənbələrində
planlı kəşfiyyat işləri isə 20-cü
yüzillikdən aparılır. Ötən müddət ərzində
də müəyyən edilib ki, bölgədə mineral
suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü
mövcud olub. Onların isə 98 faizi karbonqazlı olub,
hidrokarbonat tipli sulara aid edilirər. Azərbaycan ərazisində
mövcud olan karbon qazlı suların üçdə bir hissəsi
də bu regionun payına düşüb.
Bölgə iqtisadiyyatında gərəkli sahə
Sənaye üsulu ilə
bölgədə mineral su istehsalına isə altmış il
bundan əvvəl başlanılıb. İlk əvvəl
Badamlı mineral sular zavodu fəaliyyətə başlayıb.
Uzun illər boyu “Azərbaycan Mineral Suları” İstehsalat
Birliyi də Naxçıvanda fəaliyyət göstərib.
Yeyinti sənayesi məqsədi ilə burada fəaliyyət
göstərən 3 mineral sular zavodu da onun tabeliyində fəaliyyət
göstərib. Planlı sovet iqtisadiyyatının
hökmranlıq etdiyi illərdə Naxçıvanda istehsal
olunan mineral sular dəmiryol nəqliyyatı vasitəsi ilə
keçmiş ittifaqın uzaq ünvanlarına yola
salınırdı. 1979-cu ildə tikilib istifadəyə verilən,
istehsal gücü ildə 60 milyon ədəd 0,5 litrlik
şüşə butulka olan Naxçıvan şüşə-qablar
zavodu isə bu müəssisələri fasiləsiz olaraq
tara-qablarla təmin edirdi. Amma nə gizlədək, köhnə
iqtisadi mexanizmin qırılması ucbatından bu müəssisələr
də öz fəaliyyətlərini dayandırası olublar.
Ağır iqtisadi durum və bölgənin düçar
olduğu blokada şəraiti bu zavodların fəaliyyətini
iflic halına salsa da, sonrakı illərdə regionların
sosial iqtisadi inkişafının Dövlət Proqramı
şərçivəsində həyata keçirilən tədbirlər
nəticəsində müasirtipli müəssisələr
qurulub.
Muxtar Respublika Dövlət
Statistika Komitəsindən aldığımız məlumata
görə, cari ilin birinci yarısı ərzində 2159 min
dekalitr mineral su qablaşdırılaraq satışa göndərilib.
Halbuki ötən il ərzində bu rəqəm cəmi 1826,5
dekalitri təşkil edib. Başlıcası isə muxtar
respublika mineral su istehsalı sahəsində də artıq
ixracatçıya çevrilir.
Adı və tamı olan su – “Badamlı”
Adı dillər əzbəri
olan, şəninə mahnılar bəstənilən
“Badamlı” mineral su bulaqları füsunkar Şahbuz
dağlarında, dəniz səviyyəsindən 1274 metr
hündürlükdə çağlayır. Şəffaf və
iysiz xüsusiyyətlərə malik olan bu su kimyəvi tərkibinə
görə karbon qazlı,
hidrokarbonatlı-xlorlu-natriumlu-kalsiumlu sular qrupuna aid olub. Elə
o vaxtdan da bu sular adı və tamı ilə seçiliblər.
5 saylı quyudan çıxan suyun tərkibi isə
Rusiyanın məşhur “Arşan” bulağının suyuna
yaxın olub, “Narzan” tipli sular qrupuna aid edilib. Mineral suyun
müalicə əhəmiyyəti tədqiq olunaraq müəyyən
edilib ki, onu mədə-bağırsaq, sidik yolları və
qaraciyərin bəzi xəstəlikləri zamanı içmək
faydalıdır. Buruq quyularının bəzilərində isə
suyun minerallaşma dərəcəsi az olduğundan süfrə
suyu sayılır. Bu səbəbdən də “Badamlı”
mineral suyundan süfrə və müalicə məqsədilə
istifadə edilir.
Onu da qeyd edək ki,
“Badamlı” mineral su yatağından Naxçıvan şəhərinə
su xətti çəkib gətirmək heç də asan
iş olmayıb. Bunun üçün 25 kilometr məsafədən
iki su xətti çəkilib. Su süzgəcdən
keçirilərək ionlaşdırıldıqdan sonra
avtomatik üsulla butulkalara doldurulur. Burada suyun keyfiyyət
göstəriciləri laboratoriya analizlərindən
keçdikdən sonra yüksək ixtisaslı mütəxəssislərin
nəzarəti altında tam avtomatlaşdırılmış
avadanlıqlarla, əl dəymədən, gigeynik qaydalara əməl
olunmaqla butulkalara doldurulur. Zavodun Almaniya avadanlığı ilə
təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətli
olmasına tam zəmanət verir.
Müəssisədə
mineral suların qablaşdırılması xətlərinin
dünyada bir nömrəli istehsalçısı olan
Fransanın məşhur “SİDEL” şirkətinin
avadanlıqları quraşdırılıb. İstehsal sahəsinin
həcmi 3 min 600 kvadratmetrdir. İki axın xəttindən
ibarət olan müəssisənin gündəlik istehsal
gücü 300 min ədəd qabdır. Hələlik isə
daxili bazarın tələbatına uyğun olaraq gün ərzində
15 min ədəd su buraxılır. İstehsal olunan məhsullar
da polietilen və şüşə qablarda alıcılara
göndərilir. İstehsal olunan məhsulların xeyli hissəsi
“Mersedes” markalı avtorefrijeratorlar vasitəsilə İran ərazisi
ilə Bakı şəhərindəki satış
şöbəsinə göndərilir. Həmin satış
şöbəsi məhsulun xidmət obyektlərinə
çatdırılması, paylanması üçün
lazımi sayda örtülü yük maşını ilə
də təmin olunub. Muxtar respublika daxilində də 5 ədəd
bu cür maşının xidmətindən istifadə olunur.
Hələlik müəssisədə
60 nəfər işlə təmin olunub. Orta aylıq əməkhaqqı
250-300 manat arasındadır. Tələbat artdıqca burada
iş üç növbədə aparılacaq,
işçilərin sayı 200-ə çatacaqdır.
Sirli və sehrli su – “Sirab”
“Sirab” – sirli, sehrli su mənasındadır.
O qədim zamanlardan yerli əhali tərəfindən müalicə
və süfrə suyu kimi istifadə olunub. Sonrakı illərdə
isə respublikamızda çıxan karbon qazlı müalicə
sularının ən yaxşı nümunəsi hesab olunub. Təbiblərin
fikrincə, o güclü şirəqovma təsirinə malik
olduğundan hiperassit qastritlərin müalicəsində
yüksək səmərə verir. Onun mədəaltı vəzinin
funksional vəziyyətinə təsiri də təcrübə
və kliniki üsullarla öyrənilib. Aydın olub ki, karbon
qazlı suyun təsiri ilə pankreoduodenal sekresiyanın
müddəti uzanır, mədəaltı vəzinin fəallığı
artır. Bu suyun köməyi ilə öd kisəsinin
ödqovma qabiliyyətini artırmaq, öd əmələ gətirmə
funksiyasını da yaxşılaşdırmaq olur. O, həm
də mədə və bağırsaqların fəaliyyətinin
aktivləşməsində əhəmiyyətli rol
oynayır.
Sirabdakı mineral su
yatağında əsasən üç mənbə var. Həmin
mənbələr Kəlbəağıl, Şorsudərə
və Kutandağ adlanan mineral su hövzələridir. Bu mənbələrdəki
sular kimyəvi tərkiblərinə görə də bir-birlərindən
fərqlənirlər. Kəlbəağıl hövzəsindəki
su yerin 250 metr dərinliyindən çıxarılır. O
kimyəvi tərkibinə görə az
minerallaşmış, karbon qazlı,
hidrokarbonatlı-kalsiumlu-natriumludur, məhşur “Borjomi” tipli
sular qrupuna aid edilir.
1999-cu uldən müstəqil
zavod kimi fəaliyyətə başlayan müəssisə
2003-cü ildə açıq səhmdar cəmiyyətinə
çevrilib. Ölkəmizdə sahibkarlığın
inkişafına yaradılan şərait burada müasir
istehsal texnologiyalarına əsaslanan yeni tipli müəssisənin
yaradılmasına imkan verib. Əsas sexdə Rusiya və
Türkiyə mənşəli olan avadanlıqlar hesabına
iki axın xətti quraşdırılıb. Konveyr üsulu
ilə işləyən avadanlıqların istehsal
gücü də az deyil. Hər iki axın xəttində
saatda 7500 ədəd butulka doldurulur. Şüşə
butulkalarla işləyən sexdə isə üç
axın xətti quraşdırılıb. 0.33 və 0.5 litrlik
qablar üçün nəzərdə tutulan bu axın xətlərinin
hər birində saatda 4 min ədəd butulka doldurularaq
satışa göndərilir.
Onu da qeyd edək ki, müəssisənin
yarıməsrlik fəaliyyəti dövründə
qazandığı ən böyük mükafat 2005-ci ildə
onun İsveçrənin Cenevrə şəhərində
yerləşən “İş təcrübəsində
yüksək keyfiyyət uğrunda” Beynəlxalq Fondun
Qızıl prizinə layiq görülməsi olub.
Dünyanın nadir mineral sularından biri –
“Darıdağ”
Təbiətin
Naxçıvana bəxş etdiyi nemətlər içərisində
Darıdağ arsenli mineral suyu xüsusi çəkiyə
malikdir. O, çox komponentli mürəkkəb duzlu məhluldur,
dünyada çox nadir təsadüf olunan mərgümüşlü
sular qrupuna daxildir. Qədim zamanlardan da müalicə vasitəsi
kimi istifadə edilib. Akademik A.Qarayev də suyun tərkibi
haqqında danışarkən belə fikir söyləyib ki,
təbiət bu suyun komponent tərkibini elə dəqiq
hesablama ilə tərtib edib ki, onun adi şəraitdə
hazırlanması bəlkə də mümkün olmazdı.
1978-ci ildə mineral su yatağının əsasında
balneoloji müalicəxana yaradılıb.
Darıdağ mineral suyu
karbon qazlı, mərgümüşlü, yüksək
minerallaşmış xlorlu- hidrokorbonatlı- natriumlu sular
tipinə aid edilir. O, dəniz səviyyəsindən 800-900 metr
hündürlükdə yerləşən 5 bulaq və 32 kəşfiyyat
quyusundan ibarətdir. Yerin təkindən suyun 53-57 dərəcə
C temperatura malik qaynar halda çıxması onu termal sular
qrupuna daxil edir. O, maddələr mübadiləsini
yaxşılaşdırdığından ilk növbədə
müxtəlif mənşəli nevrologiya
ağrılarında yaxşı təsir göstərir. Bu
cür balneoloji vannalar bel-oma radikuliti, revmatizm, poliatrit,
ostoxandroz, dəri xəstəliklərində, eləcə də
bir çox qadın xəstəliklərinin müalicəsində
yüksək səmərə verir.
Bir qədər də
Darıdağ mineral suyunun dünyada şöhrəti
yayılan digər arsenli sularla müqayisəsi barədə.
Mütəxəssislərin fikrincə, “Darıdağ” mərgümüşlü
suyu isə bu qəbildən dünyada məşhur olan
İtaliyadakı “Cənubi Tirol”, “Ronçenyo”, Fransadakı
“Lya-Bulbul” arsenli sularından həm keyfiyyətinə, həm
də gündəlik debitinə görə xeyli üstündür.
Bütün bunlar isə Naxçıvandakı mineral suyu
Avropada olan mərgümüşlü sular içərisində
ilk yerə çıxarır.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq muxtar
respublikada həyata keçirilən genişmiqyaslı
quruculuq tədbirlərindən Darıdağ arsenli su
müalicəxanasına da pay düşüb, burada yeni
müalicəxana obyekti tikilib istifadəyə verilib. Hər
gün onlarla xəstə bu balneoloji müalicəxanadan istifadə
edir.
lll
Bir sözlə, Uca
Yaradanın Naxçıvan torpağına bəxş etdiyi
nemətlər, sərvətlər çoxdur. Onların
sırasında müalicəvi əhəmiyyətli mineral
sular xüsusi yer tutur. Bu sular ölkəyə valyuta gətirmək
qabiliyyətinə malikdir. Son illər Azərbaycanda, o cümlədən
muxtar respublikada həyata keçirilən məqsədyönlü
tədbirlər bunun üçün münbit şərait yaradıb.
Qalır bu şəraitdən doğru-düzgün istifadə
etmək. Düzdür, bölgənin blokada şəraitində
yaşaması bu arzunu həyata keçirməyə mane olur.
Hələ də bir çox yüklər İran ərazisi
vasitəsi ilə avtomaşınlarla daşınır ki, onun
da özünəməxsus çətinlikləri var. Amma
bununla belə Naxçıvanda istehsal olunan mineral sular bir
çox xarici ölkələrə ixrac olunur. Bu istiqamətdə
aparılan tədbirlər davam etdirilir. Keyfiyyətli məhsulun
isə hər yerdə alıcısı var.
Məmməd MƏMMƏDOV
525-ci qəzet.- 2010.- 14 iyul.- S.2.