Dünya şöhrətli elm fədaisi
Bəzən
insanları dağlara bənzədirəm.
Bəmbəyaz saçlarını zirvəsindəki qarla, əmək, elm və
həyat fəaliyyətini yamaclardakı meşələr, çaylarla, zaman-zaman yetişdirdiyi elm
adamlarını isə qol-budaq
atmış ağaclarla müqayisə
edirəm. İnsanlarla dağlar
arasında bircə fərq görmüşəm. Ulu dağlar illərlə olduğu
yerdə qalır, ta ki,
güclü bir təbii
fəlakət baş verməyənə qədər.
İnsanlar isə adi bir sözdən də sınır, nadan əməlindən də. İş
həyatı da onu dəyişir,
zəhmətsevərliyi, elm yolunda fədakarlığı da.
Yaş ötdükcə dəyişən
insan bir də onu görür ki, illəri yola sala-sala ömrün
ahıl çağını haqlayıb. Haqqında
söhbət açacağım 70 yaşlı elm fədaisi, zəhmətkeş insan və bioqrafiyasına görə ömrünün böyük
bir hissəsini elmi
araşdırmalara həsr etmiş Namiq müəllim kimi. Əməkdar
elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Tibb Elmləri
Akademiyasının akademiki, professor Namiq Nəriman oğlu Əliyev 1940-ci il iyulun 28-də Bakı şəhərində anadan olub. Böyük həvəslə
təhsil aldığı və 1968-ci ildə bitirdiyi
Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyarkən uzun
müddət tələbə elmi cəmiyyətinin
sədri, dəfələrlə beynəlxalq konfrans
və simpoziumların təşkilatçısı və
iştirakçısı olub. Həmin illərdə onun 30-dan
artıq elmi məqalə və tezisləri
çap edilib. 1968-1970-ci
illərdə elmə olan böyük
həvəsi və inadkarlığı sayəsində mikrobiologiya kafedrasının aspirantı olur. 1970-ci ildə aspiranturanı vaxtından əvvəl
bitirərək SSRİ-nin
Kosmonavtikanın Tibbi-Bioloji Problemləri İnstitutunun direktor müavini, professor Y.Q.Qriqoryev və professor R.Ə.Bayramovanın rəhbərliyi
altında “Maqnit sahəsinin bəzi
mikroorqanizmlərin morfogenetik və
genetik-biokimyəvi xüsusiyyətlərinə təsiri” mövzusunda namizədlik dissertasiyasını
müdafiə edir. Doktorluq dissertasiyası
üzərində işi SSRİ
TEA-nın immunoloji laboratoriyasında akademik N.Jukov Verejnikov, Kosmonavtikanın Tibbi-Bioloji
Problemləri İnstitutunun direktoru, akademik, general-leytenant O.Qazenko və
SSRİ EA-nın Ali Sinir
Fəaliyyətinin Neyrofiziologiyası İnstitutunun
maqnitobiologiya laboratoriyasında aparıcı
maqnitobioloq, professor Y.Xolodovun rəhbərliyi altında
aparılıb. N.Əliyevin SSRİ
TEA-nın Mərkəzi ET Epidemiologiya İnstitutunun direktoru, TEA-nın
prezidenti, akademik V.Pokrovskinin tələbəsi olması, Moskva və Leninqrad şəhərlərinin
müxtəlif müəssisə və institutlarında
akademiklər V.Bunin, E.Şuvalova,
N.Yuşuk, B.Çerkaski,
M.Turyanov, professorlar V.Maşilov, A.Zmizqova kimi alimlərlə və Nobel
mükafatı laureatları A.Sendiyerdi və
A.Byerqlə əməkdaşlıq etməsi onun
mükəmməl alim kimi
formalaşmasında mühüm rol oynayıb. Professorun elmi fəaliyyəti stafilokoklar, streptokoklar,
bağırsaq çöpləri, qarın yatalağı
çöpləri, serrasiyaların morfogenetik
və genetik-biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi,
bir sıra patogen və
şərti-patogen mikroorqanizmlərin böyüməsi və
çoxalmasına dair məsələlərin
bəzi elmi-nəzəri aspektlərini əhatə edir. Onun rəhbərliyi
altında sakit, zəif pulsasiya
edən və güclü maqnit
sahəsinin təsiri ilə infeksion prosesin, plazmodium vivaks, toksoplazma qondi, proteus vilqaris, proteus mirabilisin bioloji xüsusiyyətlərinin
öyrənilməsinə yönəlmiş tədqiqatlar
aparılıb. Yüksək prinsipiallıq, dərin təhliletmə
qabiliyyəti və tədqiqatın
planlaşdırılmasında hərtərəflilik Namiq Əliyevin xarakter cəhətlərindəndir.
Ona çox yüksək
dərəcədə uzaqgörənlik məxsusdur. Belə ki, o,
ilk dəfə olaraq elektromaqnit sahəsinin kosmik
faktor kimi insan orqanizminin normal mikroflorasına təsiri və orqanizmdə
autoinfeksiyanın baş verməsi mümkünlüyü barədə hipotezi sübut edib və yenə ilk dəfə
olaraq elektromaqnit sahəsinin
bakteriya, ibtidailər və biohelmintlərin
bioloji xüsusiyyətlərinə təsiri
xarakteri və dərəcəsini
təyin edib. İntensiv
və müvəffəqiyyətli elmi
axtarışların nəticəsi olaraq
o, 1988-ci ildə SSRİ TEA-nın Mərkəzi
ET Epidemiologiya İnstitutunun
bazasında “Maqnit sahəsinin bir sıra infeksion xəstəliklərin
kompleks müalicəsində tətbiqinin klinik-eksperimental əsaslandırılması” mövzusunda doktorluq
dissertasiyasını müdafiə edərək 1989-cu ildə
yoluxucu xəstəliklər ixtisası
üzrə professor elmi
adını alıb. Həkimlik və elmi fəaliyyəti ilə yanaşı,
ayrı-ayrı illərdə o, Səhiyyə
Nazirliyində müfəttiş(1981), Elmi-Tibbi
Şuranın sədr müavini (1982-1991),
Elm İdarəsinin rəisi(1993-1994) olub. 1990-cı ildə professor
N. Əliyev Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər
kafedrasının müdiri vəzifəsinə
seçilir. 2 il
sonra ona Azərbaycanın
əməkdar həkimi fəxri adı verilir.
N.Əliyev infeksion patologiya,
mikrobiologiya, epidemiologiya,
immunologiya və maqnitobiologiya
sahəsində yüksək erudisiyaya malik mütəxəssisdir. Onun elmi
tədqiqatlarının əsas istiqaməti fiziki
və kimyəvi faktorların-maqnit sahəsi, lazer
və ultrabənövşəyi şüaların müxtəlif
yoluxucu xəstəliklər zamanı orqanizmin immunobioloji
davamlığına təsirinin öyrənilməsi, bir sıra yoluxucu xəstəliklər,
əsas etibarı ilə salmonelyoz, dizenteriya, qarın yatalağı, yersinioz, viruslu
hepatitlər, bruselyoz, meningit,
enterovirus infeksiyası, herpes,
toksoplazmoz, xlamidioz, malyariya, amöbimazların diaqnostika
və müalicəsinin yeni
üsullarının işlənib hazırlanması və elmə
məlum olan üsulların təkmilləşdirilməsidir.
O, həmişə elmi nailiyyətlərin
təcrübi tətbiqinə çalışaraq, özü və tələbələri ilə
birlikdə maqnitoterapiya, lazerterapiya,
sensor indikasiya, aerozol proktoinhalyasiya kimi diaqnostika və
müalicə üsullarından istifadə edir.
N.Əliyev 200-dən artıq elmi işin, 1 dərslik, 4 tədris vəsaiti, 4
elmi-kütləvi kitabça, 3 monoqrafiya, 40 metodik
tövsiyə, 18 səmərələşdirici təklif, 8 patentin müəllifidir. O, həmçinin gənc
kadrların hazırlanmasına da böyük qayğı göstərir. Belə
ki, onun rəhbərliyi
altında 16 namizədlik və 3 doktorluq
dissertasiyası müdafiə edilib. O,
hazırda 10 namizədlik və doktorluq
işlərinin elmi rəhbəri və məsləhətçisidir.
Bunlar sadəcə rəqəm deyil, hər birinin
arxasında canlı insan, onun
apardığı elmi araşdırmalar,
qarşılaşdığı çətinliklərin aradan qaldırılması yolunda
çəkilən zəhmət durur. Professorun
apardığı elmi tədqiqatların
nəticələri beynəlxalq konfransların material və jurnallarında dərc olunub, Bolqarıstan, Macarıstan, Türkiyə,
İsrail, İran, İspaniya, Meksika,
İsveçrə, ABŞ, MDB dövlətləri və bir sıra ölkələrdə keçirilən
beynəlxalq konqres və simpoziumlarda
dinlənilib və qəbul olunub.
Şəxsən mən fəxr edirəm ki,
Azərbaycanımın belə bir
övladı var və o,
2000-ci ildə Nyu-York Elmlər
Akademiyasının həqiqi üzvü seçilib. O,
immunoreabilitoloqların Amerika
assosiasiyasının üzvü, Beynəlxalq
İmmunoreabilitasiya cəmiyyəti, Rusiya İnfeksionistlər və Rusiya İmmunoloqlar və İmmunoreabilitoloqlar cəmiyyətlərinin üzvü, Azərbaycan İnfeksionistlər Elmi-Praktik cəmiyyətinin sədri, Azərbaycan
İmmunoloqlar və Allerqoloqlar
cəmiyyətinin İdarə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 2 noyabr
2000-ci il tarixli Fərmanı
ilə Namiq Əliyev Əməkdar elm xadimi fəxri adına layiq görülüb,
2001-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, 2002-ci ildə isə Rusiya TEA-nın həqiqi üzvü
seçilib. Elmdəki fasiləsiz və
fədakar xidmətlərinə görə dəfələrlə
Səhiyyə Nazirliyinin Fəxri Fərmanı
ilə təltif olunan professor
1984-cü ildən nazirliyin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi və 1994-cü
ildən beynəlxalq ekspert-ekoloqdur. O,
1994-cü ildən Milli ET Tibbi
Profilaktika İnstitutunun
direktoru vəzifəsindədir və rəhbərliyi
altında institutun əməkdaşları
respublikada yoluxucu xəstəliklərlə
mübarizənin elmi-təcrübi əsaslarını işləyib
hazırlayaraq onlarla aktiv
mübarizə aparırlar. Ulu öndər
Heydər Əliyev tərəfindən səhiyyəyə
göstərilən diqqət və qayğının bu gün ölkə prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi onu qane edir. Müəllim olaraq tələbələrin dünyaya
baxışında qüsur axtarmır, amma onların öz fikirlərini
səlis ifadə edə bilməmələri, dərslikləri,
elmi məqalələri mütaliə kimi oxumaları onu çox narahat edir. Gənclərdə məsuliyyətin və
peşəkarlığın vacibliyini
yüksək qiymətləndirir. N.Əliyev həm də
gözəl həkimlər ailəsinin
başçısıdır. Həyat yoldaşı Tamilla Şahbazova ET Pediatriya İnstitunun baş həkimidir. Övladlarının hər
ikisi— Kamal və Nərgiz
tibb elmləri üzrə namizədlik
dissertasiyalarını müvəffəqiyyətlə
müdafiə ediblər. Namiq müəllim
çox az sayda olan
ziyalılarımızdandır ki, istər
elm sahəsində, istərsə də həyat
təcrübəsində əldə etdiklərini gənclərdən
əsirgəmir, bundan qürur
duyur. Bu xarakterinə
görə də rəhbərlik etdiyi institutun kollektivi ciddi nizam-intizam tələb
etməsinə rəğmən onunla fəxr
edir, 70 illik yubileyini böyük minnətdarlıq
hissi ilə təbrik edirlər. Allah amanında, professor!
Zərifə BƏŞİRQIZI
525-ci qəzet.-
2010.- 16 iyul.- S.4.