Məni sevənlərdən ötrü...
Bir dəfə BSU-da yaradıcılıq dərslərindən
birində poeziya haqqında çox maraqlı və qızğın söhbət
gedirdi. Və birdən mənə
qarşı gözlənilməz, ittihamvari
bir fikir səsləndi.
Ən maraqlısı isə bu fikri söyləyən mənim parta yoldaşım idi.
Söhbət mənim bir neçə ay əvvəl “Kredo” qəzetində
şair Ramiz
Rövşənlə bağlı çap
olunan yazımdan gedirdi.
Mən həmin yazıda Ramiz Rövşənin
bəzi şeirlərindən misallar gətirib
həmin misalları müəllifi özüm
olduğum bir neçə
şeirlə üz-üzə qoymuşdum.
Amma fikrim nə özümü Ramiz
Rövşənlə, nə də bu
misraları bir-birilə müqayisə etmək deyildi, əsla. Lakin mənə təsir edən o idi ki, mənim
yoldaşım aşkarcasına bəyan etdi
ki, Elnaz öz yazısında açıq-aşkar özünü Ramiz
Rövşənlə müqayisə edir
və bildirir ki, mən
Ramiz Rövşəni təkrar edirəm.
Bu söhbətin üstündən bir ilə yaxın vaxt keçir. Lakin mən hələ
də narahatam. Çünki
mənim üçün həyatda ən
böyük narahatlıq kimliyindən
asılı olmayaraq, kiminsə məni
yanlış anlamasıdır. Bu
yazını da mən çox
böyük sevgi ilə
yazmışdım. Ramiz Rövşənlə
bu yazının çapına qədər
bircə dəfə, o da
ki uzaqdan-uzağa görüşmüşdük. Buna heç
tanışlıq da demək olmazdı. Lakin bu il
Rəşad Məcidin təşəbbüsü ilə Gənc
Ədiblər Məktəbinin məclislərindən birində
onunla görüşmək ikinci dəfə mənə nəsib oldu. Keçən dəfəki
görüşdən bu görüşün
fərqi onda idi ki, biz Ramiz
müəllimlə köhnə tanışlar kimi
görüşdük. Və mən
özlüyümdə sözü gedən
məqaləni xatırladım. Heç nəyə
peşman olmadım. Mən demək istədiyimi
demişdim. Və düşünürəm
ki, Onun haqqında
ürəyimdən keçənlərin hamısını
deyə bilməsəm də, dediklərim tam
səmimi idi. Bir daha Ramiz müəllimin
sadəliyinə əmin olduqdan sonra bu yazını bir də çap etdirmək
qərarına gəldim. Lakin bir qədər tərəddüd etdiyimdən
bir az zaman
itirəsi oldum. Amma eybi yox, insanlar
kimi yazılan yazının, deyilən sözün də qisməti, taleyi
var. Bu yazının da qisməti belə imiş...
Mən onun yaradıcılığına
1997-ci ildən bələdəm. O zamanlar
da Dövlət Radiosunun
Ədəbiyyat şöbəsilə əməkdaşlıq
edirdim. Bir dəfə mənimlə bir
şöbədə çalışan əməkdaşlardan
biri radiodan
ayrılıb televiziyaya keçdi.
Özünə yəqin ki, daha çox lazım bildiyi əşyalarını da
yığıb özü ilə
apardı. Bir müddət keçəndən
sonra otaqda səliqə-səhman
etmək məqsədilə kitabları töküb-töküşdürdüm. Bu zaman keçmiş
əməkdaşımızın şkafından balaca bir şeir
kitabı tapdım. Kitaba baxanda
səhifələrində olunan bir çox qeydlərdən
hiss olunurdu ki, bu kitab
azı bir on dəfə
oxunub. Bir qədər
də səliqsiz idi. Elə atüstü vərəqləyib bir-neçə
şeir oxudum. Və başa düşdüm ki, bu kitabı oxumaq ayaqüstü məsələ
deyil. Bunu rahat-rahat, arxayınlıqla oxumaq
lazımdır. Kitabı çantama qoydum. Buna oğurluq
demək olar, ya olmaz, bilmirəm, mən bunu
etdim. Bir halda ki, yiyəsi onu özü ilə
aparmamışdı, yəqin oğurluq
sayılmır. Nə isə...
O gündən sonra həmin
kitab mənim stolüstü kitabım oldu. Mən bu kitabdan
mütləq hər gün nəsə oxuyurdum. Lakin sonralar bu
kitabı məndən də oxumaq üçün alıb,
geri qaytarmadılar. Mən də səsə salmadım,
oğrudan oğruya halaldır, deyiblər. Elə o vaxtdan da bu
sirli-sehrli poeziyanın eşqinə düşdüm. Heç
yerdə tapa bilmədiyim özümü bu bənzərsiz
söz aləmində tapdım. İçimdəki dəhşətli
söz yanğısını söndürmək
üçün onun poeziyasını bir bardaq bulaq suyu kimi
başıma çəkdim.
Şeirlərinin
arasında ən çox sevdiyim misraları özüm
üçün qeyd etmişdim:
Daha çoxlarıyla aram sərinlər,
Çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər,
33 yaşımda sevəmməz daha.
Mən axı nə çöləm,
nə Yol, nə Küçə.
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən
ötrü, ölüncə
23 yaşımda qala bilmərəm.
Artıq söhbətin kimdən
getdiyini başa düşdünüz, yəqin.
Ramiz Rövşən, sözünə,
qələminə vurğun olduğum şairdir. Onun şeirlərini
oxuyanda özümü qamçıladığımız
dünyadan müəyyən müddət təcrid olunmuş
kimi hiss edirdim. Həmişə xəyallarımda
yaşatdığım, lakin gerçəkləşməyəcəyini
dərk etdiyim arzular, fikirlər fır-fıra kimi
başıma fırlanırdı. Beynimdə götür-qoy
etdiyim, yazmaq istəyib, ən azı yazmaqla qisasımı
almaq istədiyim həyat həqiqətlərini bu poeziyada
tapırdım. Və hər dəfə də
düşünürdüm ki, daha yazmağa nə qaldı
ki? Bir dəfə tənqidçi Vaqif Yusiflidən soruşdum
ki, siz poeziyanı belə gözəl duyursunuz, bilirsiniz, ola
bilməz ki şeir yazamayasınız. Vaqif müəllim dedi
ki, gəncliyimdə yazırdım, lakin Füzulini oxuyandan
sonra şairliyi qoydum yerə. Ramiz Rövşənin şeirlərini
oxuyanda düşünürəm ki, yaxşı ki o da Vaqif
müəllim kimi etməyib. 1999-cu ildə gözəl insan və
şair Nəbi Xəzri söhbətlərinin birində bir
zamanlar gələcəyinə çox böyük ümidlə
baxdığı şairlərdən birinin Ramiz Rövşən
olduğunu, yanılmadığını qürurla söyləmişdi.
Və onu da qeyd etmişdi ki, neçə illərdir Ramiz
Rövşənin yeni kitabı çıxmır, lakin onun
kimi şair üçün bu göstərici deyil. Çünki o, söz aləmində möhrünü
vurub.
Bu sözdən sonra
kitab çap etdirmək haqqında düşünməyə
belə utanırdım. Bu barədə soruşanlara da: “Ramiz
Rövşəndən ayıbdır,” – deyirdim. Nəhayət,
Ramiz Rövşənin “Nəfəs” adlı kitabı
işıq üzü gördü. Bəlkə də, yalan
olmasın, Ramiz Rövşən bu kitabın nəşrinə
mənim qədər sevinmədi. Mənim sevincim ikiqat idi. Əvvəla
çox sevdiyim bir şairin həsrətində olduğum
kitabı çıxmışdı. İkincisi, yolum
açılmışdı. Çünki müsahibələrimdən
birində də demişdim ki, Ramiz Rövşənin təzə
kitabı çıxmayınca, mən ilk kitabım
haqqında düşünmürəm.
Səslər içrə
səsin gəldi,
Səsini içəsim
gəldi.
Eşitdim “Nəfəs”in
gəldi,
Gözüm aydın,
Ramiz Rövşən.
Heç özüm də
gözləmədiyim enerji və həvəslə ilk
kitabımı hazırlamağa başladım.
Ramiz Rövşəni
şəxsən tanımırdım. Ümumiyyətlə, mən
bir neçə yazımda bunu qeyd etmişəm ki,
yaradıcılığına, sənətinə pərəstiş
etdiyim sənətkarları insan kimi tanımaqdan çox vaxt
qaçıram. Çünki yanılmaqdan qorxuram. Mənim aləmimdə
sənət o zaman tam və bitkin olur ki, onun sahibinin şəxsiyyəti
də bu sənəti tamamlayır.
Biz onunla ilk dəfə
Yazıçılar Birliyində N.Şəmsizadənin
“Tüstü” adlı kitabının təqdimat mərasimində
tanış olduq. Tanış olduq deyəndə ki, tədbirin
sonunda sadəcə kitabımı ona təqdim etdim, vəssalam.
Fikirləşirdim, görəsən, kitabım ona hansı təsir
bağışlayacaq, oxuyacaqmı, yoxsa... amma bir küncə
atacağını, düzü fikirləşmirdim. Şeirlərindən
tanıdığım, iç dünyasına qismən bələd
olduğum şair bunu sözə qıymazdı.
Bir müddət keçdi, təxminən
bir həftə. Bir gün kimsə məni telefona
çağırdı. Özünü təqdim etdi.
İnanın ki, kitabım çıxanda bu qədər sevinməmişdim.
O, həqiqətən, şeirlərində özünü
yazır, şəxsiyyətinin canlı portretini
yaradırmış. Özü də şeirləri qədər
sadə, səmimi imiş. Ramiz müəllim kitabımı
sözbəsöz oxuduğunu dedi. “Onu deyə bilərəm ki,
sən, doğrudan da,
yaxşı ki, yaza
bilirsən (“Yaxşı ki yaza bilirəm...” kitabımın adıdır.-
E.E) “ Bu
tanışlıqdan sonra mənə elə
gəlir ki, yaşca məndən
xeyli böyük və
təcrübəli birinin söhbətinə
ehtiyacım olan anlarda
Ramiz Rövşənin şeirlərini oxuyuramsa, sanki, onu dinləyirəm, onunla
söhbət edirəm. Çünki bu vaxta qədər mən
onu “dinləyirdimsə”, indi
o da məni eşidir. R.Rövşən:
Mən ölsəm deməyin təkəm,
Ağlayın, bizə
ağlayın.
Məni deyib haray çəkən,
O yetim səsə ağlayın.
Mən: Ölsəm,
məni ağlamayın,
Ağlayın, bizə
ağlayın.
İki ovuc torpaq tökün,
İki cüt gözə
ağlayın.
R.Rövşən:
Şair olmaq istəmirəm,
Bu sözləri çırpın məndən.
Mən: Şair olmaq istəmirəm,
Öz dərdim bəsdi özümə.
R.Rövşən:
Gedirəm, izim böyüyür,
Susuram, sözüm
böyüyür.
Baxıram, gözüm
böyüyür,
Dünya mənə
tanış gəlir.
Mən: Baxıram, yadıma gəlmir,
Soruşuram, kimsə bilmir.
Düşünür, ruhum, dincəlmir,
Üzlər mənə
tanış gəlir.
R.Rövşən:
...kəfən yox məni
bükməyə,
Bir yaşıl yarpaq gətirin.
Mən:
Məni bir yarpağa
bükün,
Yaşıl gedim o
dünyaya...
Fikrim, qətiyyən
özümü onunla müqayisə etmək deyil, min kərə
əstəğfürullah! Həzrət Əli deyib ki, ruhu
doğma olanlar babasından daha yaxın qohumdur. Nə möhtəşəm
həqiqət var bu kəlamda. Ayrı-ayrı zamanda və məkanda
yaranan bu misralardakı ruhi doğmalığı hansı əqrəbalıq,
hansı qan qohumluğu əvəz edə bilər?! (Bir də
axı mən bu şeirləri “Nəfəs”dən oxuyub diksinəndə
öz şerilərimi çoxdan yazmışdım.)
Bir quş var göy üzündə,
Ulduzların qohumu.
Hər gecə qanadıyla,
Yelpikləyir yuxumu.
R.Rövşənin şeirlərindəki
güclü bədiilik, dərin məcazlar onu dərk edib-etməməsindən
asılı olmayaraq, oxucunu ovsunlayır. Belə deyirəm, ona
görə ki, onun şeirlərini oxuyan kimi dərk edib,
başa düşmək bir o qədər də asan deyil. Bəzilərinin
fikrincə o, qəliz və ağır yazır. Məncə,
onun başqalarından fərqi və fərdiliyi, özünəməxsusluğu
da elə bundadır. Ramiz Rövşən dərin, mənalı
düşünənlərin, həyatın görünməyən
tərəflərini görməyə
çalışanların, bu dünyanın yükünü
leş kimi çiyninə atıb sürüyə-sürüyə
daşıyanların şairidir. Müxtəlif insanlar
müxtəlif insanlar haqqında müxtəlif fərdi fikirlərə
malikdir. Dahi və klassik şairlərimizin birini digərindən,
məsələn, Füzulini Nizamidən, Sabiri Seyid Əzimdən,
Xaqanini Nəsimidən çox sevmək, üstün tutmaq
zalımlıqdır, lakin bu dahilərin arasında Nəsimi mənim
üçün tükürpədici bir əfsanədir. Bəlkə,
onun faciəli taleyinə, tərkidünyalığına
görə belə fikirləşirəm. Hətta qəlbimin
dərinliyində ona qarşı yumşaq bir
yazığı gəlmək hissi də var. İnsanlar talelərinə,
yaşamlarına, ölümlərinə görə müxtəlif
olurlar. Lakin düşüncə və amalları,
dünyagörüşü baxımından eyni olmasalar da,
oxşar ola bilirlər. Bu gün cahil və savadsız ruhanilərin
fitnəsilə insanı diri-diri soymaq cəzası olmasa da, Nəsimi
kimi azad düşüncəli, ölümündən
qorxmayıb sözünü deyə bilən, ruhən o
dünyanın saflığını, havasını
daşıyan insanlar nə yaxşı ki var. Belə
adamları başa düşməyənlər ən
azından: “bu dünyanın adamı deyil,” – deyirlər. Ramiz
Rövşən kimi. Bu dünyanın bədbəxtliyi
ondandır ki, çox saf və təmiz insanlara bu
dünyanın deyil, o dünyanın adamı kimi baxırlar.
Belə adamları nə yazıq ki, barmaqla saymaq olar.
Mənim aləmimdə Ramiz
Rövşən Nəsiminin qohumudur. Axı şair olmaqdan
ötrü:
Bir az dünən, bir az bu gün,
bir az sabah olmalı.
Bir az
kafir, bir az mömin,
Bir az Allah olmalı.
İnanmıram ki, Ramiz Rövşən
Allahlıq iddiasındadır. Çünki həmişə qabı boş olanlar Allahlıq iddiasında olublar. Bunun ona aidiyyəti
yoxdur. Allaha yaxın insanlar
Onunla bağlı düşüncələrini izah
edəndə ətrafdakılara
Allahsız təsiri bağışlayır. Nəsimidə də belə olmuşdu... bu da kamilliyin bir
göstəricisidir yəqin.
Allahı dünyayla barışdırmısan,
Qıraqda gəzməsin gözün
Allahı.
Dünyanı Allahla bölüşdürmüsən,
Allahın qulusan,
SÖZÜN ALLAHI...
HAŞİYƏ:
Sözün düzü, Ramiz Rövşənlə ikinci
görüşümüzdən əvvəl onun dini baxışları və düşüncələri
haqqında bir qədər şübhəli
idim. Çünki onun şeirlərində
Allahla bağlı məqamların heç də hamısını bir istiqamətə yozmaq olmur. İkinci görüşümüz zamanı
hətta ona bununla bağlı sual vermək, ittiham etmək istəyənlər də
vardı. Lakin Ramazan
ayında baş tutan görüşə gələn şairin oruc olduğunu biləndən və özünün toxunduğu
bəzi məqamları
dinlədikdən sonra
hər şey məlum oldu. Axı Allah- təala ədalətsiz deyil ki, ən
qiymətli varlığı
– SÖZÜ onu dananlara
versin, özü də bu hikmətdə.
O, öz yaratdığının
kim olduğunu,
nələr düşündüyünü
ən yaxşı biləndir. Bir də ki, insan Allaha yaxınlaşdıqca
kamilləşir və
sözünün də
hikməti artır.
Elə Ramiz Rövşən kimi...
Elnaz EYVAZLI
525-ci qəzet.-
2010.- 17 iyul.- S.26.