Millətə ekrandan vurulan zərbə
... “525-ci qəzet”i mən və
başqaları həmişə “Elitar qəzet”
adlandırmışıq, belə hesab etmişik ki, qərəzsiz,
mənalı, məzmunlu yazılar verən, ətrafına
görkəmli ziyalıları, qələm sahiblərini cəlb
edən, oxunan maraqlı bir mətbuat orqanıdır.
Bu tərifli sözləri
tam səmimiyyətimlə yazıram, ona görə yox ki, kimlərinsə
xoşuna gəlsin, ona görə ki, qəzet yaranandan indiyə
kimi nə yazarlardan, nə qəzetçilərdən, nə
də oxuculardan “525-ci qəzet” haqqında heç bir mənfi
fikir söyləndiyini eşitməmişəm. Bir də
ki,qeyri-səmimi olmağa heç bir ehtiyac yoxdur,
çünki, qəzet işıq üzü görəndən
bəri saysız-hesabsız yazılarımı heç bir
xahiş-minnətsiz dərc edib.
Bir neçə aydır
“525-ci qəzet”ə yazmırdım, çünki son zamanlar
Molla Nəsrəddinsayağı (bəlkə bu mənə
belə gəlir...), dəyərli hesab etdiyim satirik hekayələrdən
ibarət kitabımın üzərində çox ciddi
işləyirəm, bu kitabın məndən oxuculara ən
yaxşı yadigar olacağına da inanıram. “525-ci qəzet”in
3 iyul 2010-cu il tarixli sayında Həmid Herisçinin “Reytinqin
qurbanları” məqaləsini oxuyandan sonra fikirlərimi
hörmətli oxucularla bölüşməyi qərara
aldım.
Məqaləyə
S.Hüseynli imzası ilə “Eybəcər ekran: bir milli
problem və bir əxlaq məsələsi” başlıqlı
ön söz də yazılıb və buradakı “Eybəcər
ekran” fikri məni xüsusilə cəlb etdi. Bəli, bəzi
ekranlarımız sözün əsl mənasında eybəcərdir!
Mən bu fikri yazarkən düşünürəm: Axı,
ekran təmizdir, eybəcər ekran ola bilməz. Eybəcər
verilişlər ola bilər, ekrana çıxarılan fikirləri
düşüncələr ola bilər, hətta ekrana
çıxarılan bəzi qonaqlar ola bilər! Amma ən eybəcərlər
həmin verilişləri hazırlayıb təmiz ekranı
“çirkləndirənlərdir”. Oxucular elə
düşünməsinlər ki, televiziyalardan hansındasa
işləmişəm, məni işdən
çıxarıblar, yaxud kimsə mənim xətrimə dəyib.
Qətiyyən belə şeylər olmayıb, əksinə,
bütün televiziyalar həmişə məni müxtəlif
verilişlərə dəvət ediblər. Mən də məmnuniyyətlə
getmişəm, başqa cür də ola bilməz. Axı,
televiziyalar təkcə ayrı-ayrı şəxslərdən
ibarət deyil. İnsanların gecə-gündüz nəzər-diqqətindən
kənarda olmayan, məişətimizə çoxdan
qaynayıb-qarışan kütləvi elektron vasitəsidir.
Televiziya çıxışlarımda da həmişə bir
məqsəd güdmüşəm: Tamaşaçılara
heç kimin demədiyi, yaxud deyə bilməyəcəyi,
özüməməxsus yeni söz demək. Deyəsən, məqsədimə
nail olmuşam və bu haqda “525-ci qəzet”də bir səhifə
yazı dərc etdirmişəm. Qısa desək, hələlik
məndən şikayət yoxdur...
Demək istəyirəm ki,
ekrana çıxıb xalqa söz deməyi bacarmaq
lazımdır. (Bax, burada özümü nəzərdə
tutmuram...) Belə insanlar isə çoxdur. Mən inanmıram
ki, Anar, Elçin... kimi şəxsiyyətlər ekranlara
çıxıb mənasız, məzmunsuz bircə söz
danışsınlar. Yeri gəlmişkən, qeyd edim,
heç kimi məcburi ekrana çıxarmırlar. Əgər
ekrana, xalq qarşısına çıxırsansa, xalqa
söz de. Deyə bilmirsənsə, ekranda görünmə!
Həmid Herisçi “TV-lər
vasitəsilə psixotron müharibə aparan xarici yad qüvvələr”
haqqında yazır. Doğru yazır. Onun fikrinə qüvvət
olaraq 2002-ci ildə Akademik Milli Dram Teatrında tamaşaya
qoyulan “Hərənin öz payı...” pyesimdə
yazdıqlarımı qısaca oxucuların nəzərinə
çatdırmaq istəyirəm. Heç Azərbaycan dilini
doğru-dürüst bilməyən müğənni
Bağdagül Bağban qızı Bağçayevanın
Gülən adamla danışığına fikir verin:
– Salam mənim hörmətli
tamaşaçıları, sevimli tamaşaçıları.
Mən sizi çox sevir, mən öz dilimi də çox
sevir. Amma uzun illərdi ki, mən öz dilimdə oxumur. Mən
uzun illərdi xarici dildə oxuyur. Ona görə ki, Avropada
bizim dili anlamırlar. Ölkəmizi dünyada mən
Bağdagül Bağban qızı Bağçayeva belə
tanıdır. Məndən soruşurlar ki, Bağdagül
xanım siz muğamat oxuyursunuz? Mən onlara cavab verirəm ki,
yox, oxumur. Heç öyrənmək də istəmir.
Çünki mən muğamatı keçmişin
qalığı hesab edir. Artıq Avropanın abu-havası ilə
yaşamaq, onların çaldığına oynamaq
lazımdır. Tem boleye Avropa Şurasına daxil olmuşuq.
Doğrudur, bəziləri taxıla çəyirtkə
daraşan kimi daraşıblar musiqiyə. Amma mən
Bağdagül Avropa Ölkələr Birliyinin Ali
mükafatına layiq görülmüşəm... O ki,
qaldı repertuara mənim çox zəngin repertuarım var. Mən
Kitay, Yaponiya, Malaziya mahnılarını oxuyur. Ən çox
üstünlüyü isə ingilis, fransız, alman, italyan
mahnılarına verir. Çünki artıq bütün
dünya ingilis dilində danışır...
Gülən adam: – Ay sizə
qurban olum, adama deyərlər, sən müsəlmansan, yoxsa
moltanı? Hər ölkənin, hər millətin
mahnıları gözəldir, buna sözüm yox. Sənə
nə düşüb ki, onların mahnılarını
oxuyursan?
Bağdagül: – Bəs,
bilmirsən ki, bu da bir siyasətdir?
Gülən adam: Sən
düz deyirsən. İstəyirlər ki, millətimizə bu
tərəfdən də zərbə vursunlar!
Bəli, bu bir siyasətdir! Bizim milli
adət-ənənələrimizi, tarixi keçmişimizi,
musiqimizi, dilimizi... unutdurmaq üçün iş gedir.
Açıq desək, avropalılar bizi özlərinə
oxşatmaq istəyirlər. Amma bu mümkün deyil.
Çünki, biz avropalılardan ancaq pis vərdişləri
götürürük...
Həmid Herisçi doğru
yazır: “... bu gün efirdə erkək səsi eşidilmir”.
Bəli, ekranları, ayıb da olsa, zənənə hamama
döndəriblər! Şit, savadsız, məzmunsuz, mənasız
danışıqlardan, hırıltılardan iyrənirik daha!
Aparıcıların bəlkə
də 99 faizi (qətiyyən şişirtmirəm) dilimizi
bilmir. Şirin, axıcı Azərbaycan dilini eybəcər
hala salırlar. Tamaşaçılar, dinləyicilər də
elə bilirlər filan söz aparıcı dediyi kimi deyilməlidir.
Minlərlə misal çəkmək olar. Bircə gün
televiziyaların qarşısında oturun (səbriniz
çatsa...), görün aparıcılar nə hoqqalardan
çıxırlar! Bircə misal: Aparıcı şairin
şeirindən bir neçə misra söyləyir, sonra
“misralar” əvəzinə, “sətirlər” deyir.
Savadsızlıqdır! Yaxşı, o deyir, bəs redaktorlar,
verilişi hazırlayanlar hara baxırlar? Musiqidən
başı çıxmayan adam necə musiqi verilişi apara
bilər, axı? Bəzi aparıcılar üzr istəyirəm,
lotu-qədeşlər kimi danışırlar. Hır-hır
hırıldayırlar. Adamın əti tökülür! Bu o
deməkdir ki, mədəniyyətsizdirlər, təcrübəsizdirlər,
hazırlıqsızdırlar. Bəs, televiziyalara rəhbərlik
edənlər bunları görmürlər? Yoxsa, adam
tapılmır ekrana çıxarmağa?
Elə müğənnilər
var ki, mən televiziya rəhbəri olsam, işdən
çıxarsalar da, onları ekrana buraxmaram.
Televiziya, radio o demək
deyildir ki, ağlına nə gəldi danışasan,
düşünəsən ki, “onsuz da havaya uçur”. Bu
yaxınlarda cavan bir oğlandan (müğənni hesab edilir)
müsahibə götürürlər, dişlərini
ağarda-ağarda deyir ki, “kişi ağlamaz”. Aparıcı
olsaydım ondan soruşardım: “Atan, anan, qardaşın,
balan, başqa əzizlərin ölsə, ağlamazsan?
Kişinin ürəyi, hissi yoxdur?”
Ümumiyyətlə, bəzi
televiziyalarda insanlara “yol göstərirlər”, “ağıl
verirlər”, məsləhət görürlər!
Aparıcılar “sən” deyə az qalır barmaqlarını
gözümüzə soxsunlar. Təzə reklam
çıxıb: “Leyla anadan olanda ərə getmək arzusu
ilə yaşayırdı”... Sonra “Tutqu” peçenyesini yedi, ərə
getmək arzusundan əl çəkdi...”
Bu reklam hazırlayanlar
düşünmürlər ki, anadan olan uşaq ərə
getmək arzusunda ola bilməz? Peçenye nədir axı, ona
görə Leyla sonralar ərə getməkdən vaz
keçir? Və yaxud “Həyatına fanta qat” belə mənasız
reklamlar tamaşaçıları artıq bezdirib!
Gərək televiziya elə
olsun ki, tamaşaçıları öz arxasınca
aparsın, düşük tamaşaçıların
arxasınca gedib reytinq toplamağa çalışmasın!
Həmid Herisçiyə bir
fikrimi də bildirmək istyirəm. O, yazır ki, “TV MR AZ”
işbazarı mənim “Yüzüncü baxış”
proqramımı elə bəribaşdan əsla qəbul etmədilər”.
Həmid, ağzında “işbazlar” deyirsən, onlar insanı
düşündürən, ağıl-kamalla
hazırlanmış verilişləri necə qəbul edə
bilərlər? Qəbul etmək üçün axı,
anlamaq lazımdır. Hörmətli, Anar müəllim
demişkən, bizimkilərin elə ən böyük dərdi
budur: “Anlamaq dərdi”.
Görün, televiziyalarda
şou-biznes, əyləncə verilişləri nə gündədir
ki, əlinə qələm alan onların
bayağılığından, necə deyərlər, hər
şeyin şitini-şorunu çıxarmalarından yazır.
Deməli, budur səviyyə! Mən bir dəfə mətbuatda
yazmışam, fikirlərimi təzədən
xatırladıram: Şou, əyləncə verilişləri
bütün dünya televiziyalarında var və bu verilişlər
heç də lazımsız deyil. Həmin verilişlərdə
xalqa söz demək mümkündür və
ağıllı adamlar bunu edirlər. Lakin bizdəki kimi
heç kim şou “çıxarmır” . Mən xarici ölkələrin
şou verilişlərinidə görmüşəm ki,
akademiklər danışırlar, insanlar bu verilişlərdən,
yeni elmi biliklər öyrənirlər. Yoxsa kim ərindən
boşandı, kim ərə getdi, kim arvadını
aldatdı, kim hansı sanatoriyaya dincəlməyə getdi,
kimin atasız uşağı oldu... Bircə adam
çıxıb bizi “başa salsın” ki, bu düşük
söhbətlər tamaşaçıya nə verir? Onsuz da o
adamlardan arvad saxlayan, ailə başçısı, xanım,
arvad olmaz! “Filankəs Türkiyəyə yaşamağa gedir”
Hə, noolsun? “Molla Nəsrəddin” jurnalındakı bir hekayədə
deyildiyi kimi, “Əşi, cəhənnəmə gedir, gora
gedir, bizə nə?”
Hələ mənim
yadıma gəlmir ki, hər hansı televiziyanın mətbəx
verilişlərinə baxım. Hansı ki, bir dəfə
keçmişdə mən də həmin verilişlərdən
birinin qonağı olmuşam, amma xörək bişirən
kimi yox, yazıçı kimi. Yəni başqaları xörək
bişirib qurtarandan sonra (əlbəttə, mən onda ekranda
görünmürdüm) mənimlə
yaradıcılığım barədə sorğu-sual olub.
Böyük-böyük sənətkarlar çıxırlar
ki, ekrana ki, bacardıqları xörəklərdən
bişirsinlər. Bunların işi-gücü qurtarıb-nədir?
İndi nə deyirsiniz, mən də yumurta
qayğanağı, kartof qızartması, suda sosiska bişirməyi,
kolbasa qızartmağı... bacarıram, mən də ekranda,
hamının bacardığı bu işləri
nümayiş etdirim? Yadıma düşdü, hələ
yumurtaları soyutma bişirməyi də bacarıram.
Yaxşı, tutaq ki,
çoxları bişirməyi bilmir, ekran vasitəsilə
öyrədirlər, deyirlər ki, bu bütün dünya
televiziyalarında var (yenə dünya televiziyaları!..). Bəs,
masa arxasında deyişmələr, şit gülüşlər,
yeməkdən sonra əyləncə adı ilə
tullanıb-düşmək, zövqsüz musiqilərə
oynamaq, bir-birini təhqir etmək, bir-birinə nalayiq sözlər
demək, könüllərə dəymək, tüklü, əlcəksiz
əllərlə ərzaq mallarına toxunmaq, dağdan
düşən ac həriflər kimi yeməyə girişmək,
eybəcər yemək “mədəniyyəti” nümayiş
etdirmək nə deməkdir? Axı, bizim televiziyalara başqa,
ölkələrdə də baxırlar? Ayıb deyil?!
Jurnalist Sevil Nuriyevanın
verilişi haqqında danışırsınız. Sevil
xanımın hazırlıqsız aparıcı olması barədə
bir söz demirik, amma o niyə təmiz Azərbaycan dilində
danışmır, başa düşmək olmur. O, hər dəfə
“Fəthin mübarək, Azərbaycan!” deyəndə elə
bilirik torpaqlarımız geri alınıb, bizim xəbərimiz
yoxdur.
Rəhmətlik Bəxtiyar
Vahabzadənin ömrünü bu televiziyalar qısaltdı desəm,
səhv etmərəm. O aparıcıların
danışıqlarını dinləyəndə əsəbindən
bilmirdi nə etsin! Mən ondan beş-betər! Bəzən elə
danışırlar ki, az qalır adamı infarkt vursun! Siz
camaatı nə hesab edirsiniz, axı? Heç bilirsiniz ekran
qarşısında kimlər olur? Ağzınıza və
ağlınıza gələnləri necə
danışırsınız? Bu nə cəsarət?
Şəxsən mən
televiziyalarda canlı verilişlərdə iştirak etməyə
üstünlük verirəm. Niyə? Çünki, canlı
verilişlərdə montaj olmur, iştirakçılar fikirlərini
olduğu kimi tamaşaçılara çatdıra bilirlər.
Əlbəttə, söhbət ağıllı
iştirakçılardan gedir. Verilişlərin birində məni
çoxdan düşündürən “xoşbəxtlik” məsələsinə
aydınlıq gətirirəm: Deyirəm ki, tam xoşbəxtlik
olmur, xoşbəxt anlar, sevincli dəqiqələr olur. Kim ki,
deyir “mən xoşbəxtəm” bilin ki, onda nə isə
çatmır. Axı, insan necə xoşbəxt ola bilər?
Ata, ana dünyalarını dəyişir, yaxınların bu
dünyadan gedir, ailə üzvlərindən əbədi
ayrılırsan, özün də yavaş-yavaş
ömrünün axırına yaxınlaşırsan,
gündə ömründən bir “kərpic” düşür.
Nəhayət elin-obanın ümumi dərdi var,
torpaqlarımız düşmən əlindədir... Bu
sözlərimi montaj edirlər, tamaşaçılara
çatmır. Televiziyaya çıxanlar da “mən xoşbəxtəm”
deməkdə davam edirlər. Bəs necə edək ki, bu
sözləri təkrar etməsinlər?
Televiziyalarda xarici filmlər
nümayiş etdirilir. Tərcümələr
savadsızdır. Küçə sözlərini ekranda səsləndirirlər:
Məsələn, “kül sənin başına!” İngilis
ingilisə “kül sənin başına” deyər? Və yaxud
“filankəs mənə atıb”. “Atıb” yerinə
“aldadıb” demək olmaz? “Atıb” nədir?. “Cındır”
paltara deyərlər, adama da “cındır” deyərlər?
Görünür, tərcüməçinin özü
cındırdır (Biz də bu sözü işlətdik...)
Yüzlərlə belə sözlər eşidirik. Filmin dublyajı
kollektiv əməyin nəticəsidir. Yəni kollektivin
hamısı savadsızdır?”
Məcbur olub
tanınmış aktyorların birindən soruşdum ki,
bunları görmürsünüz? Dublyaj zamanı
özünüz düzəliş aparın də. O dedi ki,
belə etsək, bir də bizi dublyaja çağırmazlar,
aldığımız qəpik-quruşdan da məhrum
olarıq.
Bizə belə gəlir ki,
televiziyaların rəhbərlərindən çox şeylər
asılıdır. Daha dəqiq desək, hər bir televiziya
onun rəhbəri haqqında çox şey deyir. Bir
veriliş hazırlaya bilməyən, heç latın hərflərindən
başı çıxmayan, danışığını,
oturuşunu-duruşunu bilməyən, şəxsiyyətsiz,
yaltaq, simasız adamdan televiziya rəhbəri olmaz! Tərs
kimi, ölkəmiz kiçik olduğundan hamı bir-birini
yaxşı tanıyır...
Bir də, həmişə
yazmışam, demişəm: Vəzifədə olanda
sözünüzü deməyi bacarmırsınızsa, vəzifədən
çıxandan sonra yerinə düşmür. Həmid
Herisçi də, təəssüf ki, məqaləsini ANS-dən
işdən çıxandan sonra yazıb. Mən isə
ümumiyyətlə, televiziyalar haqqında fikirlərimi həmişə
bildirmişəm və bu barədə 20 ildən çoxdur
ki, yazıram. Hətta, 2008-ci ildə çıxan “Bu da belə
həyatdır...” adlı kitabımın çox hissəsi
televiziyalara həsr olunub.
Həmid Herisçi məqaləsinin
axırında yazır: “... Azərbaycan TV-lərində ciddi
sənətlə məşğul olmaq, vallah, billah, qəti
mümkün deyil. Bu, yasaq edilib. Reytinq şirkəti tərəfindən”.
Həmid, yuxarıda qeyd etdim
axı, Reytinq şirkəti nəinki sənət nədir,
bilmir, bu şirkət insanların beynini avropasayağı
düşünməyə vadar etməklə məşğuldur...Biz
isə azərbaycansayağı düşünmək istəyirik.
Amma Avropadan da müsbət nə varsa, götürməliyik!
Bir tamaşada deyildiyi kimi, “Xoruz banlamırdı, səhər
açılmırdı”? Hələ Avropaya
qaynayıb-qarışmamışdan biz varıydıq,
axı! Həm də adam kimi yaşayırdıq!...
Xeyrəddin QOCA
525-ci qəzet.- 2010.- 17 iyul.- S.25.