Sovet dövlətinin qadağan etdiyi Azərbaycan mətbuat orqanları

 

 (Azərbaycan mətbuatının 135 illiyinə həsr edilir)

 

“İstiqlal” qəzetinin nəşri

 

1932-ci il yanvarın 10-da Azərbaycanlılar Berlində “İstiqlal” qəzetinin nəşrinə başladılar.

 Milli Azərbaycan istiqlal mübarizəsini təbliğ edən, siyasi qəzet olan “İstiqlal” qəzeti 10 gündən bir nəşr edilirdi. Qəzetin ilk sayında M. Ə. Rəsulzadənin “Kəsilməyən səs” məqaləsi çap olunur: “Mətbuatımıza təqdim olunan bu qəzet müqəddəs bir mübarizənin müdafiəsi üçün yüksələn bir səsin mədəniyyət dünyasını əks etdirmək üzrə nəşr olunur. Milli Azərbaycan istiqlal davasının səsi! – iştə bizə həyəcan verən bir nida!

Bu gün Berlindən eşitdiyimiz bu səs on ilə yaxın bir müddətdən bəri İstanbuldan gəlirdi və nə qədər təbii idi. Gənc bir türk vətəninin istilaya uğramış bir türk millətinin qəsb edilmiş haqqını və layiq olduğu istiqlalını müdafiə etmək üzrə türkcə olaraq, intişar edən bir nəşriyyata, iltica üçün qardaş Türkiyədən daha münasib bir yer təsəvvür oluna bilərdimi? Bu gündən etibarən burada nəşrinə başladığımız bu qəzetə iştə bu kəsilməyən səsin ifadəsidir. Berlində çıxan bu qəzetə, İstanbulda bağlanan qəzetlərin gördükləri vəziyyəti davam etdirməklə mükəlləfdir. Onun nə kimi bir məqsəd və proqram tərtib edəcəyini ifadə üçün cümlə kafidir: – kəsilməyən bir səs!” Qeyd edək ki, “İstiqlal” qəzetinin Baş redaktoru M. Ə. Rəsulzadə, redaktoru isə alman Herbert Volf idi. Lakin qəzet Herbert Volfun müdaxiləsi olmadan çıxırdı.

 “İstiqlal”da çap edilən əsasən bu rubrikalar altında verilirdi: 1) “Son poçta”; 2) “İstiqlalçılar cəbhəsində”; 3) “Məlumatlar”; 4) “Azərbaycanda” və s. Bu rubrikalar altında verilən yazılarda aşağıdakı problemlər açıqlanırdı: 1) “Azərbaycanda “ruslaşdırma”nın aparılması”; 2) “Pambıq planının baş tutmaması, xalqın toplanmış pambığı hökumətə təhvil verməməsi; 3) Sovet sənayesinin pis vəziyyətdə olması; 4) “Azərbaycanda fəhlə həyatının, onların təhsilinin aşağı səviyyədə olması; 5) Ölkədə insanların həbsi, sürgün edilməsi və qətlləri. “İstiqlal” qəzetində M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, Miryaqub Mehdiyevin daha çox Azərbaycanın istiqlalı, daxili vəziyyəti və beynəlmiləl həyatla bağlı yazılar nəşr edilirdi. “İstiqlal” qəzetinin aparıcı müəlliflərindən olan M. B. Məmmədzadənin də milli istiqlala dəyərli yazıları çap edilirdi. “İstiqlal” qəzetinin 33-cü sayında (1933-cü il, 27 Aprel) nəşr olunan məqaləsində müəllif yazırdı: “Azərbaycanın istila tarixinə nə rəng verirlərsə-versinlər, həqiqət, həqiqət olaraq qalacaqdır. Azərbaycan istila edilmişdir. Azərbaycan rus istilası altındadır”. Müəllif məqaləsində Azərbaycan istiqlalını məhv edib ona “proletar inqilabı” rəngini verənləri kəskin tənqid edirdi.

M. B. Məmmədzadənin “İstiqlal”ın 35-ci sayında çap olunan (1933-cü il, 28 may) “İstiqlal mücadiləsi” ciddi əhəmiyyət daşıyırdı. Bu məqaləsində o, Göyçayda, Kürdəmirdə xalqın istila rejiminə və bolşeviklərə qarşı olan qiyamlarını təqdir edirdi. “İstiqlal” qəzetinin Azərbaycan xalqının apardığı istiqlal mübarizəsinin təbliği baxımından əhəmiyyəti böyük idi. Qeyd edək ki, “İstiqlal” qəzeti Azərbaycanın bolşeviklər tərəfindən işğalının, xalqımızın istila rejiminə qarşı apardığı şərəfli mücadiləni Avropa ictimaiyyətinə çatdıran yeganə mətbuat orqanı idi.

 

“Qurtuluş” jurnalının nəşri

 

Azərbaycanlıların Avropada nəşr etdikləri mühüm mətbu orqanlarından biri də “Qurtuluş” jurnalıdır. Azərbaycan Milli Qurtuluş Hərəkatının məcmuəsi Berlində, Çarlottenburq-2 ünvanında çap olunurdu. Məcmuənin ilk sayı 1934-cü ilin noyabrında nəşr edilmişdir. Məcmuənin sonuncu, 51-ci sayı 1939-cu ilin yanvar tarixli sayıdır. Ayda bir dəfə çıxan “Qurtuluş” məcmuəsi,sovet imperiyası əsarətində əzilən Azərbaycanın həyatını əks etdirirdi. Məcmuənin məqsəd, məramını “Yazı Heyəti tərəfindən” adlı yazıda daha aydın görmək olar: “Kimə xitab etdiyimiz bəllidir. Hər şeydən əvvəl Azərbaycanlılara, Azərbaycanlı mühərrirlərə, yəni yabançı istilası altında əzilən əsir bir millətə və bu istila üzündən Vətən ayrısı insanlara xitab edirik. Bu mühətəplərə siz qurtuluşdan söhbət açın! Bu, onların gecə-gündüz gözlədikləri şeydir. Qızıl Rus istilasından xilas olmaq üçün can atanlara qurtuluşdan bəhs etmək, istiqlaldan bəhs etməkdir. Çünki bir millət yalnız müstəqil olduğu zamandır ki, özünü qurtulmuş sayar. İkinci sırada Türkcə oxuyan qardaş və qonşu mühitlərə xitab edirik. Bu mühətəplərdən bir qismi bizim kimi qurtuluş davası aparır, eyni düşmənə qarşı bizimlə çiyin-çiyinə vuruşur”. Bundan başqa eyni yazıda bunlar da qeyd olunur: “Məcmuəmiz hər şeydən əvvəl 28 May 1918-ci ildə istiqlalı elan olunan Azərbaycan Cumhuriyyətinin qurtuluşunu nəzərə alır. Azərbaycan Cumhuriyyəti 27 Aprel 1920-ci ildən etibarən istila altındadır. Qızıl Rusiya tərəfindən cəbrən istila edilmişdir. “Qurtuluş” məmləkəti bu istiladan qurtarmaq istəyən milli qurtuluş qüvvətlərini təşvik və onların fikirlərini yayar”. “Qurtuluş” məcmuəsi azərbaycanlı mühacirlərin mühacirətdə nəşr etdikləri dəyərli bir mətbu orqan idi. “Qurtuluş”un almancada əlavəsi çıxırdı ki, bu da Alman ictimaiyyətini milli istiqlal mübarizəsilə tanış edirdi. Qeyd edək ki, “Qurtuluş” jurnalındakı yazılar maraqlı başlıqlar altında verilirdi. Bu başlıqlar jurnalın zəngin materiallarla, məqalələr və yazılarla oxuculara çatdırılmasını sübut edirdi. Jurnalda verilən əsas başlıq “Son xəbərlər” adlanırdı. Bu başlıqda əsasən Azərbaycanda, Sovet İttifaqında baş verən hadisələr haqqında oxuculara məlumatlar verilirdi. Jurnalın “Məktublar” rubrikasında verilən yazılar belə sistemləşdirilirdi: a) 28 May İstiqlalı ilə bağlı məktub (“İdarəyə məktub”, “Təbrik yazıları”, Parisdən, Berlindən, Təbrizdən, Varşavadan gələn təbriklər), 27 Nisan (Aprel) faciəsi ilə bağlı məktublar (“İstanbulda 27 Nisan”, “27 Nisan milli matəm günü”, Jurnalın maraqlı rubrikalarından biri belə adlanır: “Azərbaycan mətbuatı ilə polemika”. Bu rubrikada əsasən sovet mətbuatında – “Pravda”, “Kommunist”, “Bakinski raboçi”, “İzvestiya” qəzetlərindəki yazılar tənqid edilir, faktlara kəskin münasibətlər bildirilir, polemika aparılır (məsələn, “Memarlıqda müsavatizm”, “Qafqasya misaqi (istiqlalı) və bolşeviklər”, “Səddi-Çin yarılırmı”, “Milli dil və milli kültür”, “Yenə maarif cəbhəsində”, “Baş döndürücü müvəffəqiyyətlər” və s.). Qeyd edək ki, sovet mətbuatında belə polemika yazıların daha çox M. Ə. Rəsulzadə və Mirzə Bala Məmmədzadə hazırlayırdılar.

 Beş ilə yaxın müddətdə Almaniyada nəşr edilən “Qurtuluş” jurnalı özünün fəaliyyət praktikasında açıqladığı kimi Azərbaycan Cümhuriyyətinin quruluşu ideyasını təbliğ edir, milləti istila rejimindən xilasa çalışan insanların fikrilərini yayırdı.

 

 “Azərbaycan” jurnalı

 

1949-cu ilin fevralında Azərbaycan Kültür Dərnəyinin yaradılmasından sonra ayrıca bir mətbuat orqanının da fəaliyyətə başlamasına ciddi ehtiyac vardı. M. Ə. Rəsulzadə “Azərbaycanın səsini duyuracaq, kommunizmin dünyaya gətirəcəyi fəlakəti anladacaq bir yayım orqanına ehtiyac duyulduğunu” bildirmiş və bu işin reallaşması üçün bütün fəaliyyətini ortalığa qoymuşdu. 1952-ci ilin aprelin 1-də “Azərbaycan” jurnalı “Birlik-Dirilikdir” başlığı ilə nəşr edilməyə başladı. Jurnalın Başyazarı Feyzi Aküzüm, məsul müdiri isə Əhməd Yaşad olmuşdu “Azərbaycan” jurnalının aparıcı müəllifləri aşağıdakılar idi: Məhəmməd Əmin Rəsulzadə, Kərim Yaycılı, Əhməd Qaraca, Əbdülvahab Yurdsevər, Mirzə Bala Məmmədzadə, Həmid Dönməz, Rəhim Zeynaloğlu, Əhməd Cəfəroğlu və s.

“Azərbaycan” jurnalının fəaliyyəti tarixini üç dövrə bölmək mümkündür: 1) Birinci dövr – M.Ə.Rəsulzadənin sağlığında jurnalın fəaliyyəti (1952-1955-ci illər); 2) İkinci dövr – M.Ə.Rəsulzadənin ölümündən sonra 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktını qəbul etməsinə qədər jurnalın fəaliyyəti (1955-1991-ci illər); 3) Üçüncü dövr – Azərbaycanın Müstəqillik Aktını qəbul etdikdən sonra çağdaş dövrümüzə qədər jurnalın fəaliyyəti (1991- çağdaş dövrümüz). Birinci mərhələdə jurnalın tərtibatı çox sadə idi və əsas fərqləndirən bütün saylarında Azərbaycanın xəritəsinin verilməsi idi. 1918-1920-ci illərdəki Azərbaycan ərazisinin xəritəsi belə təqdim edilirdi: “Milli Azərbaycan Cümhuriyyəti xəritəsi”.

 1952-1955-ci illərdə jurnalın nəşr edilən saylarında mədəni, tarixi, ədəbi yazılara daha çox yer ayrılırdı. Siyasi mövzuda olan yazılar jurnalda çap edilmirdi. Bu da Türkiyənin o zamankı şərtləri daxilində mühacirlərin siyasi fəaliyyətlərinin məhdudluğu ilə bağlı idi. Siyasi yazılara biz daha çox jurnalın fəaliyyətinin ikinci dövründə – 1955-1991-ci illərdə rast gəlirik. Bu da Qərb dövlətləri sırasında həm də hərbi mövqe tutan, artıq NATO-nun üzvü olan Türkiyənin də SSRİ-yə qarşı aparılan ideoloji mübarizədə fəallığı ilə bağlı idi. 60-cı illərdə azərbaycanlılar kommunizmlə mücadilədə ideoloji mübarizəyə daha çox üstünlük verirlər. Onların təsiri altında “Azərbaycan” dərgisində bu yönümdə çoxlu yazılar çap olunur.

Jurnalın 1966-cı ilin 1-ci sayında çap olunan “Kommunizmlə mücadilədə Yeni Əsaslar nəşr olmalıdır!” məqaləsində yalnız Sovetlər Birliyində deyil, eləcə də başqa məmləkətləri bürümüş “kommunizm taunu” ilə mücadilə yolları araşdırılır. “Kommunist kimdir?” yazısında isə kommunizmin mahiyyəti açılıb aşkarlanır. “30 ildə 30 rübdə” yazısında isə Sovetlər Birliyində çalışan insanların amansız istismarından danışılır. Jurnalda Azərbaycanın istiqlal tarixi ilə bağlı M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.B.Yurdsevərin, Kərim Odərin və başqalarının məqalələri, H.Cavidin, M.Ə.Sabirin, C.Cabbarlının, mühacir şairlərdən Kərim Yaycılının, Rəsul Budağın, Həmid Dönməzin, Teymur Atəşlinin əsərləri, şerləri nəşr edilirdi. 70-ci illərdə mühacirlər istiqlal mücadiləmizi maddi çətinliklər içərisində aparır, bəzi hallarda isə imkansızlıqdan “Azərbaycan” jurnalını vaxtında nəşr etdirə bilmirdilər. Odur ki, “Azərbaycan” jurnalında belə müraciətlər verilirdi: “Bu gün dünyada azad və müstəqil Azərbaycan davasının tək müdafiəsində dayanan dərgi, 1952-ci ildən bəri minbir maddi çətinliklərə qatlanaraq öz işini görməkdədir. Vətənin tək səsi olan bu hürriyyət məşəlini yaşatmaq və dəstəkləmək hamımızın yurd və vicdan borcudur. Lütfən bu yolda maddi və mənəvi yardım və dəstəklərinizi bizdən əsirgəməyiniz!” Azərbaycanlılar sovet mətbuatında çap olunan belə məzmunlu yazıların saxtakar mahiyyətini dərhal ifşa edirdilər.

Qeyd edək ki, mətbuat tariximizdə “Azərbaycan” jurnalı çox əhəmiyyətli rol oynamışdır. 50 ildən çoxdur ki, Ankarada nəşr edilən bu jurnal bu gün də çap olunur, oxucular tərəfindən maraqla qarşılanır.

 

 

Nəsiman Yaqublu,

tarix elmləri namizədi

 

525-ci qəzet.- 2010.- 17 iyul.- S.24.