“Bağışlayın ki, həm rep oxuyur, həm də roman yazıram, üstəlik, mənə mükafat da verirlər...”

 

HƏRBİ XİDMƏTDƏN YENİCƏ QAYITMIŞ YAZIÇI ELXAN QARAQANLA II QİSMƏTİN SÖHBƏTİ

 

Bu şəhərdə çox az adam var ki, onunla söhbətdən, ünsiyyətdən yorulmursan, yoxluğunda darıxırsan. Elxan hərbi xidmətdə olanda evə dönmək üçün necə gün sayırdısa, mən də eyni həsrətlə onun geri dönəcəyi və bizim şəhərdə qaraladığımız hansısa sakit kafedə onunla uzun-uzun söhbətləşəcəyimiz günü gözləyirdim. Sayılı günlər, axır ki, keçdi və həmin o gün gəldi...

...“Park Bulvar”dakı Çin restoranında əyləşib ilan balığı və gürzə əti sifariş verdik. Sizin artıq oxumağa başladığınız bu söhbəti sabah harda, saat neçədə edəcəyəmizi danışmağa, eyni zamanda Çin mətbəxinin qeyri-adi təamlarını maraqla, həm də qorxa-qorxa dadmağa başladıq. Özümüzü elə aparırdıq ki, guya Çin restoranında tez-tez oluruq və bu mətbəxə çox yaxşı bələdik. Deyəsən, elə qonşu masalarda olan adamların hamısı bizimlə eyni vəziyyətdəydi. Həmin gün yox, səhəri gün baş tutan söhbətimizin səs yazısını dinləyəndə birdən ağlıma gəldi ki, diktofona yazmasaq da, əslində söhbətimiz elə Çin restoranında hesab verəndən başlayıb.

Doymasan da, boş yerə filan qədər pul verdiyini düşünsən də, sənə yad görünən görüntünün altındakı cəlbedicilik səni özündən asılı olmadan ora çəkir. Kitablar bir az Çin restoranına bənzəməlidir. Ən azı ekzotikliyinə aldanmalısan.

Səhəri gün vədələşdiyimiz kafedə görüşdük. Sifarişimizi verəndən sonra söhbətləşməyə başladıq. Hazır olun, 3,2,1... Başladıq!

Əsgər yaddaşındakılar...

 

Qaraqan: – Hardan başlayaq ?

Qismət: – Başlayaq gəldiyin yerdən. Hərbi hissəyə düşməyindən, adaptasiya prosesindən ?

Qaraqan : – Hə, olar. Deməli belə. Naxçıvanda xidmət elədim. Yola düşəndə mənə qəribə gəlirdi. Təyyarəylə yayı isti, qışı soyuq bir yerə hərbi xidmətə gedirdim. Fikirləşirdim ki, orada Bakıdan gələn uşağa münasibət birmənalı olmaya bilər.

Qismət : – Həm də sən populyarsan axı. Bu da narahatçılıq yarada bilər.

Qaraqan: – Hə, bunu da düşünürdüm. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, bir az tanınmağımın da narahatçılığı vardı. Çünki yazdıqlarımda hamıya toxuna biləcək şeylər var. Fikirləşirdim ki, yazdıqlarımı oxuyub bəyənməyənlərin neqativ reaksiyası qarşıma çıxa bilər. Amma hər şey əksinə, pozitiv oldu. Görüş saatlarında yanıma gələnlər olurdu. Bağlama gətirirdilər, məktub yazırdılar.

Qismət: – Əsgərlikdə adətən kimsə bloknotuna rəsm çəkir, kimsə təsbeh düzəldir, kimsə taxtadan nəsə yonur. Səndə oldu belə şeylər?

Qaraqan: – Yox, olmadı. Mən, bunun yerinə, deyə bilərəm ki, çoxlu insan tanıdım, çoxlu talelər gördüm. Hər yeni insan yeni bir kitabdır. Bu mənada mən əsgərlikdə çoxlu kitab oxudum. Bir də onu deyə bilərəm ki, yeni insanlar tanımaq, onlarla ünsiyyətdə olmaq gələcəkdə yazacaqlarım üçün xeyirlidir. Xidmətdə həm də fiziki parametrlərim möhkəmləndi, rəndələndim. Sonra ordunun nə demək olduğunu anladım. Obrazlı belə deyim ki, elə bil böyük bir imarət var. Sən onun içində yaşayırsan. Deyirlər ki, narahat olma, gözətçilər imarəti qoruyur. Sən öz gözünlə onları görməyincə narahat olursan, yata bilmirsən. Mən getdim, öz gözümlə, ordu nə deməkdi, ordumuzun qüvvəsi nə qədərdi, gördüm. İndi rahat yata bilirəm.

Qismət: – Yeni insanlar, müxtəlif talelər dedin. Ən yadda qalanları kimləriydi?

Qaraqan: – Çoxuydu. Hamısını indi xatırlamıram. Yəqin, nə vaxtsa, hansısa formada üzə çıxacaqlar. Birini deyə bilərəm ki, orda bir oğlan vardı, hər gecə çarpayıdan yıxılırdı. Bu, təxminən bir il çəkdi.

Qismət: – Niyə? Səbəb nəydi ki?

Qaraqan: – Çünki o oğlan 18 yaşınacan çarpayıda yatmamışdı. Kənddə, yerdə salınan yataqda yatmışdı.

Qismət: – Nə demək lazım olduğunu bilmirəm. Yəqin hələ uzun müddət kimsə əlindən nəyisə yerə salanda eşitdiyin səsi, o oğlan hər gecə yıxılanda eşitdiyin səslə qarışdıracaqsan...

Qaraqan: – Yəqin ki, hə. Əsgərlikdən yeni gəldiyim günlər, oyanıb tavandakı çilçırağı görəndə nəyin yuxu, nəyin reallıq olduğunu anlaya bilmirdim.

Qismət: – Çin fəlsəfəsindəki məşhut pritça yadıma düşdü. Yuxuda kəpənək olduğunu görən adam oyananda bilmir ki, yuxuda insan olduğunu görən kəpənəkdi, ya kəpənək olduğunu görən insan...

Qaraqan: – Düz deyirsən, adam həmin pritçadakı anlaşılmaz vəziyyətə düşür. “Avatar” filmindəki şikəst əsgəri xatırla, eyni situasiyadı.

 

KÖHNƏ BAKI, TƏZƏ MÜKAFAT

 

Qismət: – İndi kəpənək kimi uça-uça keçək ayrı söhbətin “çəmənliyinə”. Əsgərlikdən qayıdanda qoyub getdiyin Bakını necə gördün? Dəyişib Bakı?

Qaraqan: – Adamların rəftarında elə bil daha çox sərbəstlik gördüm. Daha sərbəst olublar insanlar. Bulvar bir xeyli dəyişib. Əvvəllər ora bulaq başını xatırladırdı. İndi çox modern bir yer olub. Bilmirəm insanlarının cibindəki vəziyyət də dəyişib ya yox, amma şəhər xeyli varlı görünür.

Qismət: – Vizual gözəlləşən, təmir olunan Bakının bu halının sakinlərə də təsiri olub, səncə? Yəni insanların içi necə, “təmir olunub”, ya elə düzələn təkcə Bakının sifətidi?

Qaraqan: – Şərait dəyişdikcə adamlar da istər-istəməz dəyişirlər. Bir yer palçıqdırsa, bu orda yaşayan adamların xasiyyətinə, xarakterinə də sirayət edir. Palçıq ümumiyyətlə olmayan yerdə, nə qədər pinti olsan da, ona bulaşa bilmirsən. Əvvəllər mən Avropaya getmək barədə çox düşünürdüm. İndi görürəm ki, deyəsən Avropa bura gəlir. Bir də ki, mən hələ təzə qayıtmışam, adamların daxilən dəyişməyi barədə tam bir fikir deyə bilmərəm. Sən bilərsən, dəyişimi görmüsən. Necədi adamların vəziyyəti?

Qismət: – Adamlar barədə mən sənin qədər ümidli deyiləm. Deyəsən bizdə hələ uzun müddət binalar adamlardan mədəni olacaq. Gərək “A”nın davamını yazasan, HOST-la damğalanmalı adamlar çoxdur.

Sən hərbi xidmətdə olanda Nigar xanım Köçərlinin təsisçiliyi ilə Milli Kitab Mükafatı yaradıldı. Sənin romanın həmin müsabiqənin qalibi oldu. “A” romanı qalib olanda bəziləri səsli, bəziləri səssiz şəkildə hər satılan kitabın adındakı “A”ları yan-yana düzüb, təəccüb ifadə edən, uzun-uzun “aaaa” elədilər. Necə oldu romanı müsabiqəyə təqdim etdin? Qalib gəldiyini eşidəndə reaksiyan necə oldu?

Qaraqan: – Mənim heç xəbərim yox idi ki, “A” müsabiqəyə təqdim olunub. Romanı müsabiqəyə qardaşım təqdim edib. Bunu sonradan hərbi xidmətdə mənim yanıma gələndə dedi. Açığı, Bakıdan kənarda, xüsusən sərt iqlimi olan Naxçıvanda hərbi xidmətdə olarkən yarışma barədə düşünmək bir az gülüncdür. Ayağının altında ilan, əqrəb, o biri tərəfdə silahlar-filan. Orda hər şeyin miqyası, əhəmiyyəti dəyişir. Bir də, tutaq ki, mənim əsgər yoldaşımın övladı olurdu, ya da birinin yaxını vəfat edirdi, amma o özü bunlardan çox uzaqdaydı, belə vəziyyətdə müsabiqə, mənim qalib olmağım, bunlar xırda məsələlər kimi görünür.

Qismət: – Başa düşdüm. Bu, “A”nın aldığı ilk mükafatdı?

Qaraqan: – Belə deyim də, mənim bəlkə də aldığım ilk və ən böyük mükafat qardaşımın kitabı oxuyanda “yaxşı əsərdi” deməyiydi. Ya da, tutalım, kitabın 52-ci səhifəsi var. Bax “A”nı o səhifəyə qədər kimsə oxuyubsa, bu artıq mənim mükafatımdı.

Qismət: – Yəni ki, kitabların satılmağı, adamların evində sənin kitabının olmağı mükafatdı...

Qaraqan: – Hə. Hansısa uşaq kitabımı partanın altında gizlədirsə, ya da gecə yorğanın altında gizlicə fanarla oxuyursa, bu elə mükafatdı.

Qismət: – Hə, Azərbaycan kimi ədəbiyyata analoqu olmayan münasibətin hökm sürdüyü ölkədə sənin dediklərin doğrudan çox önəmli məqamlardır.

 

“A”NIN DOĞUM GÜNÜ

 

Qismət: – Mənə “A”nın yazılma tarixçəsi maraqlıdı. Necə oldu, birdən-birə Elxan qərara gəldi ki, roman yazmalıdı və məhz belə bir mövzuda? Prosesin inkişaf xətti maraqlıdı. Səninlə əvvəllər çox mövzularda danışmışıq, bunu soruşmağı həmişə unutmuşam.

Qaraqan: – Məxsusi bir hal olmadı. Yəni “Qız qalası”nın başına çıxıb qışqırmadım ki, ”Ana vətən, artıq yaşım çatıb, icazə ver, roman yazım...” Sadəcə içimdə adamlarla bölüşmək istədiklərim vardı. Onları yazmağa başladım. Məktub kimi, gündəlik kimi. Mən yazmağa başlayanda nəşriyyat nədir, kitab necə çap olunur, kitab çap etdirmək üçün yaş həddi varmı, bunlar haqqında qəti anlayışım yoxuydu, indi özümə də gülməli gəlir.. Mən bu romanı “roman yazım” deyə yazmadım. Nəsə yazdım və o, roman oldu.

Qismət: – Sən yazan stilistika dünya nəsrində indi dəbdə olsa da, bizim nəsrdə o qədər geniş yayılmayıb. Bu cür sosial yükü olan mövzunu belə bir stilistikada yazmaq bilərəkdən edilmiş aktdı ya sadəcə düşündün ki, Qərb ədəbiyyatında var, niyə bizdə olmasın? Yaxud heç nə düşünmədən yazmısan?

Qaraqan: – Yox, heç nə düşünmədən yazdım. Sevə-sevə yazdım. Mən romanı yazanda Facebook indiki qədər dəbdə deyil. Bəlkə də o vaxt Facebook bu qədər dəbdə olsa, heç mən kitab çap etdirməzdim. Sadəcə Face-də dostlarla paylaşardım. İçimdəki ədaləti demək hissi, dostların söhbəti, mənə gələn sms-lər, içdiyim “Koka-Kola” və başqa bir çox şeyin bu romanın yazılmasına təsiri olub. Həm də ilk və son bu cür yazı kimi düşünüb yazmışam “A”nı.

Qismət: – “A” romanının titul vərəqində belə bir cümlə var: “Məktəblilərin sinifdənxaric oxusu üçün”. Cümlədən sonra isə gülüş işarəsi. Niyə belə?

Qaraqan: – Ona görə ki, həddindən artıq ciddi mövzuları həddindən artıq ciddiliklə yazan peşəkar yazıçıların içində roman yazmağım, hətta buna cəhd eləməyim özümə qəribə gəlirdi. Nə bilim, Savalan dağından, Bazardüzü zirvəsindən yazanların içində düşündüm ki, mən sadə, məktəblilərin oxuya biləcək bir şey yazmalıyam. Bu, roman olar, ümumiyyətlə alınar-alınmaz, bu barədə özümə hansısa sədd qoymadım. Qrammatikadan, fizikadan 2 alan şagirdlər üçün mən əgər çox bəzəkli, boyalı, güclə içinə bənzətmələr yüklənmiş bir əsər yazsaydım, bunu o şagirdlər başa düşməzdi. Həmin cümlədən sonrakı gülüş işarəsində isə bir az özümə, bir az da orta məktəb şagirdinə Füzulinin metafizikasını başa salmağa çalışan müəllimlərə ironiya var.

Qismət: – Romanın ilk cümləsi belədir: “Hər şey mənim səyahətə çıxmağımla başladı”. Sonuncu cümləsi isə budur: “Yeni dünyanı görməyə hazırsan? Gəl gedək...” Portfelini götürüb birinci cümlədən səyahətə çıxan qəhrəman, bu, ya A-dı, ya Anar, ya elə Elxanın özü, fərq etməz, hara getdiyini və onu nələrin gözləyəcəyini bilmir. Amma sonuncu cümlədə qəhrəman artıq ünvanı bilən müdrik kimi danışır. Sonuncu cümləyə çatanda nəyi anladın?

Qaraqan: – Birinci cümlədən sonra hansı cümləni yazacağımı, yazını harda bitirəcəyimi bilmirdim. Buna görə, ola bilsin, roman bir az dağınıqdır. Yazı prosesində başa düşdüm ki, roman heç vaxt bitmir. Yol heç vaxt tükənmir. Qapandığını düşündüyümüz çevrə əslində yenicə cızılmağa başlayan daha böyük bir çevrənin içindədi. Bu proses sonsuza qədər uzanır.

 

“A”NIN QAN QOHUMLARI: Koroğlu, Robin Qud, Zorro, Əlkimyagər...

 

Qismət: – Səlim Babullaoğlunun yaxşı bir sözü var. Səlim bəy deyir ki, bizim hamımızı əlifba kitabından oğurluqda ittiham etmək olar. Hamımız hərfləri ordan “oğurlamışıq”. Sənin romanın haqqında, xüsusilə sən “Milli Kitab Mükafatı”nın qalibi olandan sonra mətbuatda müxtəlif yazılar peyda oldu ki, bəs, bu roman plagiatdı. Bu yazıları oxuyanda mənim yadıma, avtomatik olaraq, Səlim bəyin sözü düşdü və fikirləşdim ki, yəqin sən romanın adı olan “A”nı əlifbanın birinci hərfindən, adını Elxanı dəyərli şair dostumuz Elxan Zal Qaraxanlıdan, romanın qəhrəmanlarından olan Ayselin adını isə Aysel Teymurzadədən oğurlamısan.

Qaraqan: – ( gülür) Bu boyda oğruya hələ mükafat da verirlər...

Qismət: – Zarafat bir yana, səni əsasən Çak Palanyakın “Döyüş klubu” romanından plagiatda günahlandırırlar. Niyə Palanyakın “evinə girmisən”?

Qaraqan: – “İsgəndərnamə”də Nizaminin yazdığı utopik cəmiyyət var. Orda bütün adamların evinin qapısı açıqdır. Ədəbiyyat ölkəsində də belədi: bütün qapılar açıqdı. Bütün evlər əslində bir evdir. Bir-birinə bənzəyə bilər. Məndə Palanyakdan təsirlənmə var. Təkcə Palanyakdan deyil, Koelyodan, Verberdən, Den Broundan, Anxel de Kuatyedən. Siyahını uzatmaq olar. Hamının hamıya təsiri var. Plagiat isə başqa anlayışdı. Mənim özümə “A” barədə çox adam deyib ki, filan əsərə oxşayır. “Koroğlu” dastanına oxşadan olub. Koroğlu Çənlibeldə dəliləri başına yığıb cəmiyyət təsir edən qruplaşma yaradır, Nigar xanımı qaçırıb gətirir, Anar “A”da Ayseli qaçırır. Robin Quda oxşadan olub. Robin Qud Şervud meşəsində təxminən Koroğlunun və mənim romanımdakı HOST təşkilatının gördüyü işləri görür. Robin Qudun sevgilisi də, “A” dakı Aysel kimi, bir oliqarxın qalasında olur. Palanyakın “Döyüş klubuna” bənzədənlər olub. “Amerika tarixi X” romanına və filminə bənzədənlər olub. Bu romanda qəhrəman qaralara qarşı mübarizə aparır və sonda başa düşür ki, səhv edibmiş. Yeni çıxan bir film var: “İnto the wild”. Ona da bənzədənlər olub. Filmin qəhrəmanı bir gün portfelini götürüb gedir meşədə yaşamağa. Fikirləri cəmiyyətlə tərs düşür. Sonra, “A” işarəsiylə damğalamaq məsələsini Zorronun cızdığı Z hərfinə bənzədənlər olub. Zorro da ədalətsizliyə qarşı döyüşürdü.

Qismət: – Bu mənada Koelyonun “Əlkimyagər”inə də bənzətmək olar. Orda da Santiyaqo bir gün evdən çıxır ki, xəzinə tapsın. Xəzinə simvolikdi, təbii ki. Sənin qəhrəmanın Anar da əslində evdən ona görə çıxır ki, həqiqəti- xəzinəni tapsın. Görünür, bu oxşarlıqları sonsuzacan uzatmaq olar.

Qaraqan: – Hə, olar. Mən bu oxşarlıqlara sevinirəm. Çünki dünya qloballaşır və qloballaşan dünyada misal çəkdiyimiz əsərlərin əsas ideyası ədalət axtarışıdı. Sevinirəm ki, mən də bu ideyaya xidmət etməyə çalışıram.

Qismət: – Müqayisəli ədəbiyyat kontekstində danışsaq, bütün mətnlər bir-biriylə qohumdur. Bunu obrazlı belə demək olar ki, içində çoxlu otaqları olan böyük bir qəsr var. Bir otaq Argentinadı, orda Borxes oturub, biri Kolumbiyadı, orda Markes əyləşib və sairə. Bütün bu otaqlardan bir-birinə keçid var. Markesin “mətbəxində” duz qurtaranda qapı qonşusundan, qaytarmaq şərtiylə, duz istəməsi normaldı,,.

Qaraqan: – Əlbəttə, normaldı. Bütün dünyadakı dastanların, miflərin, romanların, mətnlərin “qanını” analizə versək, görəcəyik ki, hamısı qohumdur. Bəzən mən elə gəlir ki, hər şey Adəm və Həvva əhvalatının interpretasiyasıdı. Onlar qadağan olunmuşu etdilər: almanı yedilər. Cənnətdən qovulandan sonra acı həqiqəti anladılar. Baxaq “Leyli və Məcnun”a. Məktəb, orta əsrlər, Leyli-Məcnun. Neylədilər? Cəmiyyətə görə qadağan olunanı elədilər, aşiq oldular. Adəm və Həvva da qadağan olunmuş alma burda eşqdir. Nə baş verdi? Onlar eşqi “dərdilər” və Məcnun “cənnətindən”, Leylisinin yanından səhraya “qovuldu”.

Qismət: – Bu məsələ təkcə sənin romanınla bağlı deyil. Dünyada da bir çox romanlar var ki, onları oxuyan ürəyində deyirsən, bağışlayın, siz mənə tanış gəlirsiz... Götürək, adını çox çəkdiyimiz Koelyonu. “Əlkimyagər”in mövzusu Ruminin “Məsnəvi”sində var. Təkcə Rumidən yox, Rumidən əvvəlki müəlliflərin bir çoxunda var. Ən çox bilinəni Rumidir. “Dəfinə axtaran adam” adlı məsnəvisində Rumi bağdadlı bir nəfərdən danışır. Bu adam əvvəllər çox varlı olub, sonra isə bütün var-dövlətini eyş-işrətə xərcləyib. Tanrıya yalvarıb günahlarının bağışlanmasını diləyən bu adam bir gecə yuxuda görür ki, Misirdə xəzinə var və gedib onu tapmalıdı. Sonrası isə məlumdur...

Qaraqan: – Müasir romançıların çoxunda bu var. Çoxvariantlılıqdır bu. Türkiyə mətbuatında yazıldı ki, Orxan Pamuk “Bəyaz qala” romanının mövzusunu, indi adını xatırlamadığım bir müəllifin venesiyalı bir əsgərin xatirələrini qələmə aldığı kitabdan oğurlayıb. Sonra yenə Orxan Pamukun ilk romanı “Cevdet bəy və oğulları”nın Tomas Mannın “Brandenbruklar ailəsi” romanıyla aşkar mövzu struktur və oxşarlığında olduğu və başqa bu kimi fikirlər gündəmə gəldi.

Qismət: – Dediyin kimi, söhbət çoxvariantlılıqdan gedir. Qloballaşan dünya böyük bir kitabxanadı, informasiya fəzasıdı. İnternet sonsuz informasiya mənbəyidir. Hamı burdan bəhrələnir. Filmlərlə bağlı belə söz-söhbətlər olur. Ceyms Kameronun “Avatar” filmiylə bağlı əhvalatı bilirik. Hətta videooyunlardan da təsirlənən yazıçılar olur.

Qaraqan: – Qloballaşmanı dəqiq dedin. Qloballaşan dünyada ideyalar qovuşmağa, bərabərləşməyə başlayır. Qədimlərdə dünyanın bir yerində Roma imperiyası idi, o biri yanda, tutaq ki, Çin. Bir tərəfdə qadınlara münasibət ayrıydı, o biri tərəfdə ayrı. Məsələn, Çində qadınların barmağını kəsirdilər ki, gözəl görünsün. İndisə dünyada əsas ideya budur ki, qadın təhsil almalıdı, qadınla kişi bərabərdi. Düzdür, hələ bu ideya bütünlüklə reallaşmayıb, amma dünyada böyük çoxluq belə düşünür. Mənim fikrimcə, əslində əsas yazılmalı olanlar daha dərinlərdə, qədimlərdədi. Onlara qayıtmaq, onları yazmaq lazımdı. İmkan olsa, “Məlikməmməd” nağılı üzərində lazımi səviyyədə işləyər, bəlkə altından Qaraqan imzası da qoyub çap etdirərdim. Çünki orda daha çox gərəkli həqiqət var, nəinki mənim, ya da başqa kiminsə, məsələn, “metro ilə avtobusun sevgisi”ndən yazacağı bir romanda.

 

ROMANÇILIQ VƏ REPERLİK

 

Qismət: – Sənin yaralı yerin olan bir mövzuya toxunmaq istəyirəm. Əslində elə mənim də yaralı yerimdi. Azərbaycanda bizdən başqa heç yerdə olmayan unikal bir tendensiya var. Deyirlər ki, reperə mükafat verdilər. Elə düşünənlər var ki, guya sənə mükafatı romanına görə yox, rep albomlarına görə veriblər.

Qaraqan: – Bunların hər ikisi məndə alınırsa, burda pis nə var axı?! Belə hallar çox normaldı. Den Brounun iki rok albomu var, netdən yükləyə bilərsiz, amma roman da yazır. Koelyonun DJ-lik fəaliyyəti var.

Qismət: – Stiven Kinq yazıçı dostlarıyla rok qrupu yaradıb...

Qaraqan: – Bunu bilmirdim. Görürsən, burda nə var ki... Sonra lap qədimlərə qayıtsaq, Da Vinçi həm rəssamıydı, həm ixtiraçı, həm yazıçı. Bizim məmləkətdə çox zaman kimisə aşağılamaq üçün “çobandı” deyirlər. Halbuki peyğəmbərlərin böyük əksəriyyəti elə çoban olublar. Allah peyğəmbərliyi çobanlara verməklə, görünür, bunu deyir ki, sizin yuxarı və ya aşağı saydıqlarınıza mənim münasibətim tamam ayrıdı, onlar mənim məqamımda bərabərdi.

Qismət: – Qəribədir ki, bizdə, məsələn, həm rəsm çəkib, həm roman yazsan, pis qarşılanmaz, amma həm roman yazıb, həm reper olanda yaxşı qarşılanmır. Görünür, insanlarımız hələ repi sindirə bilmirlər.

Qaraqan: – Vallah, mən hamını sevgiylə qucaqlayıram, öpürəm. Deyirəm, hamınız sağ olun, neçə-neçə rep konsertlərində görüşənədək (gülür). Ancaq bağışlayın ki, həm rep oxuyur, həm də roman yazıram, üstəlik, mənə mükafat da verirlər...

 

 

(Ardı olacaq)

 

525-ci qəzet.- 2010.- 17 iyul.- S.22-23.