Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

BELƏDİR Kİ VAR

 

Soltan həzrətlərinin “İrşad”ı öz məmləkətində “satılmağın” qadağan etməsi müsəlmanları, heç bir kəsi təəccübə gətirməsə gərək. Çün ki, “İrşad” az- çox məşhur və nüfuzlu bir qəzetə olub İran nim mürdələrini həyatə, cünbiş və hərəkətə gətirdigi kimi, Osmanlı qafillərini daha tez oyada bilər idi. Bu isə Soltan həzrətlərinə mütləq xoş gələn hadisələrdən degil.

Yəni Soltan həzrətlərinin ən böyük qorxusu, ən dəhşətli əndişəsi- Osmanlı cəmaətinin huşyarlıq və dərrakə məqamına gəlməsidir ki, bunun qabağını almaq üçün padşah əlindən gələn tədbirləri və cəmaət qəflətini qat- qat artırmaq üçün lazım olan binagüzarlıqları heç bir an müzaiqə etmiyor.

Şairanə söyləyəlim:

Soltan, bütün Osmanlı toprağının üzərinə qalın bir istibdad pərdəsi çəkib, bütün yırtıq və deşikləri də bərk- bərk yamıyıbdır ki, hürriyyət günəşinin cüzi bir şəfəqi dəxi o pərdənin altını işıqlandıra bilməsin... Cəmaətin tərəqqi və təməddününə, səadət və rifahına başlıca səbəb olan məktəb və mətbuat sair məmləkətlərdə xəlqi haman vasitə olduğu feyzlərə sövq etdigi halda, Osmanlı toprağında əksinə əsər ediyor.

Yəni milləti əsil tərəqqi, təməddündən uzaq salıb ğəflətini, buna görə bədbəxtligini artırıyor. Ancaq fitrətində bir istedad və qabiliyyət və zəkavəti – xarüqüladəyə malik olanlar bu gunə kor- koranə və übidanə və bədbəxtanə ömür sürmədən qəti surətdə ictinab edib qiyamə qalxırlar. Və bunun nəticəsi olaraq ya tərki –vətən edib qürbətdə hürr və azad yaşamağa müvəffəq oluyorlar; Yainki qiyam deyə baş qaldırdığı zaman Soltan xəfiyyələri tərəfindən dərdəst edilib boğazlanıyorlar və ya mənfalərdə çürüyürlər...

Mütləqiyyət və istibdad nəticəsi olaraq bütün ümuri- idareyi- məmləkət qəvi və imansız bir bürokratiya əlində olduğundan məmləkətin istər daxili istər xarici işləri son dərəcə pərişan və qeyri müntəzəm bir halda olub tamahkar və özgə malına həris olan əcnəbilərdən başqa heç bir kəsi şad etmiyor.

Odur ki, əvvəllərdə getdikcə kəsb və səmtü- qüvvəti – ilə Avropanı əndişələrə salan Osmanlının əbdülhəmidlər həvaü- həvəsinə və üsuli- keyfəmayəşasına giriftar olandan bəri tamam təhdidlər içində baqi qalmaqdadır. Gör nədirsə İngilis- Fransa o yanda dursun, Serbistan, Bolqarıstan və Qaradağ kimi Osmanlı kötügündən əbdülhəmidlər rizasi və əcnəbilər baltası ilə qırılmış olan qıxmıqlar dəxi qoşun yığıb, silah hazırlamaqla, bir vəqt bütün Avropanı titrədib lərzəyə salan Bonapart Napaleondan da çəkinməyən Osmanlı əskərlərini ürküdiyor, qorxuya salırlar. Keçmişdə düvəli- müəzzəmədən biri ədd olunan Türkiyə (Osmanlı) bu gün ümumcahan siyasətində heç bir nüfuza malik degildir.

Bunların hamısının dəxi başlıca səbəbi vahid bir Soltanın həvavü- həvəsidir. Halbu ki, əgər Midhət Paşa kimi ümuri- idarədə dahi olan bir zatın əlilə bərpa edilmiş məşrutiyyət öz hökmündə baqi qalsa idi, Allah bilir ki, Osmanlı məmləkəti nə dərəcə qəvi və əzim və mütəməddin və mütərəqqi olub bütün aləmi- islamı dəxi bu yolda irəlilərə sövq edərdi və öz döşündə kəmali- azadi və asudagi ilə böyüdüb bəslədigi ülum və fünun dahiləri vasitəsilə ümumbəşəriyyətə dəxi bir çox böyük xidmətlər göstərərdi.

Lakin heyhat! Soltan həzrətləri bunların heç birini istəmədi və istəməyib də. Qüvvəti-səmt aləmi- islam üçün xəlifə ruyi- zəmin, ümumbəşəriyyət üçün xahan degil- bunların cümləsinə düşmən olduğunu hər bir aqil üçün göstərdi!

 

Üzeyir

“İrşad”, 28 fevral 1907, ¹ 35

xahan-istəyən, arzulayan

Ordan – burdan

Köçürtmək məsələsi

 

Hökumət (İvanın qolundan tutub girir içəri və diyor): Kərbəlayi Bədəl, dur burdan:

Kərbəlayi Bədəl – : Niyə balam, öz yerimdən niyə durum?

Hökumət – : Heç artıq söz danışma! Dur diyoram, dur! Bəri gəl İvan!

Kərbəlayi Bədəl – : Ağa, bəs mən yerimdən durum hara gedim? Hara var ki, başımı hara soxum?

Hökumət – : Təvaqqe eliyoram ki, artıq zümzümiyəsən! Özün də keçən il soldata bir güllə atmısan, yadımdadır, amma keçər gedər, dur yerindən bu kişi otursun, tez ol.

Kərbəlayi Bədəl – : Ay ağa ...

Hökumət (bir şapalaq vurur) – : Yəni gərək baş ağrısı da verəsən? Dur bu saət rədd ol burdan!

Kərbəlayi Bədəl üzü qızarmış durur və ayaq üstə qalır.

Hökumət – : Ha belə: indi otur burada İvan: heç kəsin cürəti yoxdur ki, sənə bir söz desin! Bərk otur (gedir).

Kərbəlayi Bədəl – : Bəli, biz də qaldıq mal damında!

Bir qədər vəqt keçir. Hökumət bu səfər də Vasilinin qolundan tutub girir.

Hökumət – : Məşədi Əhəd, dur burdan, zəhmət çək oyana!

Məşədi Əhəd – : Ağa, hayana?

Hökumət – : Cəhənnəmin təkinə! Nə bilim hayana! Hələ bir soruşur da!

Məşədi Əhəd – : Ağa, niyə bizi dərbədər eliyirsən?

Hökumət – : Adə, 1867 sənədə fevralın 6 – da axşam çağı Yasavul Dmitrinin atasının goruna söyən sən degil idinmi? İndi qorxmursan ki, hələ durub söz də danışırsan! Bax bu saət burdan elə itilərsən ki, iyin – tozun da tapılmaz, tatarin!

(Məşədi Əhəd durub gedir Kərbəlayi Bədəlin yanına. İkisi də boyun – boyuna verib dururlar və öz yerlərinə yazıq – yazıq baxırlar. Hökumət burada da öz Vasilisini oturdub çıxır).

Bir vəqtdən sonra hökumət bu səfər də Stepanın qolundan tutub içəri girir və üzünü cəmaətə tutub diyor:

Hökumət – : Bilirsiniz nə var? Bax bu urusu qoyuram Binnətəli kişinin yerinə, deyin hə!

Binnətəli kişi – : Ağa, bəs məni hara qoyursan?

Hökumət – : Təvəqqe edirəm ki, mənə elə sözlər deməyəsiniz. Və budur deyirəm, əgər biriniz bu urusa bir şey eləsə, deyin hə, onda sizin dərinizə saman təpəcəm! Binnətəli kişi, dur belə ordan!

Binnətəli kişi – : Ağa...

Hökumət – : Kəs səsini qurbağa! Adə, Stepan, get otur, özün də qorxma, gözüm üstündə olacaq (hökumət çıxır. Binnətəli kişi də gedir əvvəlkilərin yanında ayaq üstə durur. Bir qədərdən sonra tez içəri bir urus daxil olub dalınca da hökumət girir).

Hökumət – : Göstər görüm hansı müsəlman idi?

Urus – (baxır görsün hansının yeri yaxşıdır): – Bax, bu müsəlman idi!

Hökumət – : Deyirsən səni vurdu, elə degilmi?

Urus – : “Kakraz” elədir, vurdu.

Müsəlman – (təəccüb ilə): Mən, mən bunu vurdum?!

Hökumət – : Dur bu saət itil burdan. Səni gözüm görməsin!

Müsəlman – : Ağa, axı yalan diyor, mən onu harda gördüm ki, harda da vureydim!

Hökumət – : Sənə diyoram ki, dur bu saət yerini boşla!

Müsəlman – : Hə yerimi boşlamaq o özgə məsələdir, ancaq vurmağa mən heç kəsi vurmamışam (Durur və gedir əvvəlkilərin yanına. Hökumət haman urusu haman yerdə oturdur, sonra bu müsəlmanların ədədi getdikcə artır. Bunlar bilmirlər ki, nə qayırsınlar. Hara getsinlər, biri diyor mən Osmanlıya gedirəm, biri diyor mən İrana köçürəm, yerdə qalanları da deyirlər, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu! Və başlıyorlar quldurçuluq eləməgə. Bu vəqti hökumət bir dəstə kazak ilə içəri girib bunların hamısını tutub diyor: Gəlin sizə yaxşı yer hazırlamışam, gedək ora. Və aparır.... Sibirə......

Atalar sözü: Yersiz gəldi, yerli qaç!

Filankəs

“İrşad”, 9 aprel 1907, ¹ 64

 

Ordan – burdan

Cınqılı felyeton

Mənim özümə “Ordan – burdan”a gələn teleqramlar və xəbərlər və məktublar

Peterburq – Hamınıza məlumdur ki, dumanın müsəlman üzvləri bir – birindən ayrılmışdılar və burası da məlumdur ki, bir şey ki, o birisindən ayrıldı, hamandan aralarında bir yırtıq əmələ gəlir. Bəs bu yırtığı yamamaq üçün bir yamaq lazım olduğuna görə, Allah dadlarına yetmiş Topçubaşov, Algin və Akçurin cənabları gəlib bu yırtıq yerə yamaq olublar. İndi dumanın müsəlman partiyası hər çəndi yamaqlıdır, amma ta yırtıq degil. Allah eləsin ki, bizim hər bir yırtıqlarımız bir yamaq tapsın, öz birligi xatirinə!

 

Lll

 

Tehran – gəldi ... oturubdur. ... hələ görək ....

Bu teleqram çox uzun idi, amma İrana dair olduğuna görə senzor əlimdən dartıb yoluq – yoluq elədi və bizdə qalanı da elə bu oldu .... nə bilim, deyirlər guya İrana sataşmaq olmaz!

 

* * *

 

Tiflis – Urusiyetdə verilən və “Veçe” adında olan “əsil rus” qəzetəsini burada oxuyub gördülər, yazılıbdır ki, gərək Qafqazda nə ki müsəlman var, erməni var, gürcü var – hamısını tutub, qırıb əvəzinə urus doldurasan ki, ursiyetdə sakitlik olsun. Bu xəbərdən gürcülər, ermənilər və müsəlmanlar çox müstərib olub onlardan gürcü dedi: meytinizi görüm elədir!

Erməni dedi: yavaşca ud, boğazında qalar!

Müsəlman dedi: Allah sən saxla! Allah sən saxla! Pərvərdigara bizə yazığın gəlsin!!

 

lll

 

Lənkərandan yazıyorlar: burada şkol uşaqlarının bir yerə yığılıb uçitel Martınovu “nə yemisən turşulu aş” – deyib xubunca mitilləməkləri Lənkəran müsəlmanlarına çox pis təsir eliyibdir. Haman müsəlmanlar “balam, əyyam xarab olubdur” – deyib, məsləhət gördülər ki, lap əvvəl öz uşaqlarına evdə bir qulaq burması versinlər. Və sonra palıd ağacından bir fələqqə qayıtdırıb üç – dörd kəllə qənd ilə getsinlər Martınovun yanına və ona yalvarıb – yaxarıb desinlər ki, sən xatirimiz səbəb bizi bağışla, məyus geri qaytarma. Biz müsəlmanıq, özümüz də sən demişkən vəhşiyik, bizi vur da, sög də, öldür də, kazamata da “türk deməli” sox, Sibirə də göndər, ancaq bizi bağışla. Və bundan sonra duma üzvü Məhəmmədova bir teleqram göndərib deyəcəklər dumada desin ki, biz müsəlmanıq, özümüz də vəhşiyik: qoy hökumət öz Martınovu ilə bir yerdə bizim başımızda lap tənbəki oyunu açsın, təki bizi bağışlasınlar.

 

Filankəs

“İrşad”, 20 aprel 1907, ¹ 73

B.T.

 

Bəyani – etizar

 

“İrşad”ın bu keçən nömrələrinin birində “Siyah” imzalı məktubdan iqtibas edərək Ə.Əliəkbəroğlu adlı müsəlmanə sataşmışdım. Sonra müşarülileyhə Əliəkbəroğlunun cavabını oxuyub və burada onun barəsində əhval pərsan olub, onun həqiqətdə millətpərvər və ğəyyur bir zat olduğunu və millət yolunda böyük xidmətlər etdigini bilib və “Siyah”ın yazdığını məhz qərəz ucundan olduğunu anlayıb sataşmağıma peşiman oldum. Ona görə haman Ə.Əliəkbər cənablarından üzr istiyoram.

 

Filankəs

“İrşad”, 20 aprel 1907, ¹ 73

 

Ordan – burdan

“Qəşəngcə qəzet”

 

İdarədən:

 

Əşi, qəzet yazmağın təhrini bilən yoxdur ha! Hərə bir əlinə bir qələm alıb götürüb əqlinə gələni yazır, onu pisliyor, bunu pisliyor, elə bilir ki, bu da bir qəzet oldu. Qəzet deyəndə, budur ki, burada nümunəsini sizə göstərim. İndi özünüz haqlıyın, görün ta bundan da yaxşı qəzet nə ola bilər!

Teleqraf xəbərləri

Peterburq – Allah cəmi böyüklərin ömürünu uzun eləsin, biz də onların içində. Yaranal Draçevski əmr buyurubdur ki, şəhərdə, küçədə durub ora – bura baxmağa heç kəsin cürət və cəsarəti olmasın. Yaranal həzrətlərinin bu əmrinə itaət vacib olduğuna görə bu hökmü pozmağa cürət edən bir nakəs yoxdur.

 

lll

 

Tehran – həzineyi – iltifat və əmirəlmərhəmət və padvaləl – şəfaət və əmirəlgədəyan və ağayi – qarın – gödənha və hakiməlfəraş ....

mabədi var

 

Məqalə

 

Adamlıq nədir və nədən ibarətdir

 

Bir kəs bu gün durub bir söz danışanda və sən də onun sözünü tənqid etmək istəyəndə lap əvvəl gərək adamlıq şərtini yerinə yetirəsən. Bunun üçün əvvəlcə lazımdır ki, bütün huşi – guşini işin bu surətinə cəlb edəsən ki, görək, aya bu sözü deyən və bu kəlami söyləyən şəxs necə şəxsdir, yəni o kimdir, və onun maddi və iqtisadi əhvalı necədir və xəlq arasında etibarı dəxi nə dərəcədədir. Əgər baxıb gördün ki, bu sözü söyləyən şəxs özü çox böyükdür və yain ki, əli böyüklər ətəgindədir, o surətdə gərək adamlıq şərtini yerinə yetirib o böyük şəxsin və ya əli böyüklər ətəgində olan kəsin sözünü təsdiq edəsən və bundan əlavə də itaətini bildirmək üçün də bir izhari – sədaqət göstərəsən. Necə ki, Sədi özü deyibdir ki, “əgər Soltan günün günorta çağı deyə ki, bu gecədir, gərək sən də hamandan təsdiq edib deyəsən ki, doğrudur, o da müştəri yıldızıdır”. Çün ki, böyük adamdan həmişə böyük söz də çıxar. Yox, baxıb gördün ki, o sözü söyləyən məsəla bu gün bir hambalın birisidir, hansının cəmi mədaxili ildə onbeş manat beş şahıdır, onda gərək o saət onun ağzından vurub deyəsən ki, qələt eləyirsən və sən nəsən ki, bu cürə sözlər danışa biləsən. Halbu ki, gündə cəmi – cümlətanı üç danə şahı qazana bilirsən və cındırından da cin ürkür, pəs əsil insaniyyət şərti budur, vəssəlam.

İmza: Böyükbaz.

Şəhər xəbərləri

Şəhər idarəsinin qabağında həmişə kəmali – cərgə ilə durub, gəlib – gedənlərə dəsti – rəzalətini uzadan sail və yolçuların halı şayani – məsərrəndir. Çün ki, bunun özü, ona dəlildir ki, bizim şəhərdə böyük və tavanlı adam çoxdur ki, onlara baş əyib nəzəri – mərhəmətlərinə illərcə müntəzir qalmaqdan ötrü dünyanın hər yerindən cürəbəcürə yolçu və dilənçilər sel kimi axıb gəlib məqami – rəzalətdə səf – səf dururlar. Allah bütün böyüklərin ömrünü uzun və gərdənlərini yoğun eləsin, amin.

 

Qafqaz xəbərləri

 

Zəngəzurda bu il çox aclıq peyda olmağı bizim böyüklərdən ötrü şərəf artıran bir hadisə oldu. Çünki, bu axır vəqtlərdə zəmanə bir qədər xarab olduğuna görə ki, bunun özü böyüklər üzünə ağ olmaqdan əmələ gələn bir afəti – zaman idi – böyük, kiçik tanıyan yox idi. Amma Allahdan olan kimi Zəngəzur və cəmi Gəncə quberniyası aclığa giriftar olduğuna görə yolçu və dilənçilərin sayı artdı və bununla bizim böyüklərin də şan və şərafəti həft – asimanə bülənd oldu.

 

lll

 

Xüsusi müxbirimizdən

Şamaxıdan

Biz müsəlman millətinin nicati böyüklərə itaət etməkdədir və həmişə onların quyruğu dibini kəsdirib iltifat və mərhəmətlərinə göz tikməkdədir. Mən cəmi aləmi – islam tərəfindən vəkil olub kəmali – cürət ilə diyoram ki, hər kəs böyük adamların ciblərinə girməgi özü üçün böyük bir şan bilməsə, onun etiqadı – filanı süstdir, özü də çox pis və müzürr adamdır.

Əli böyüklər ətəgində olan

 

lll

 

Xarici xəbərlər

 

Hindistanın Lahor şəhərində əvvəlcə müsəlmanlar azqın düşüb rahi – zəlalətdə olduqlarına görə öz böyükləri olan ingilis dövləti – aliyəsinə ağ olmaq istəmişdilər ki, neçün bizi söyub acından qırırsan. Bu xəbər bütün əli böyüklər ətəgində olan müsəlmanları yas və qəmə düçar etmişdi, amma bu gün aldığımız xəbər fərəh əsərə görə haman Lahor müsəlmanlarından bir çoxu itaət məqamına gəlib tövbə edibdirlər və böyükləri olan ingilis hökuməti – aliyəsinə yalvarıbdırlar ki, onların günahından vaz keçsin.

İdarədən: Bizə qalırsa gənə də o azğın müsəlmanlara bir az tənbeh lazım idi ki, sair müsəlmanlara da ibrət olsun və bir də qələt edib böyügün əmrindən çıxmasınlar.

 

Elan

 

Böyük yanında hər cür sifətə girmək istəyən adamlardan ötrü bir dəlləkxanə açmışam. Hər kəs istəsə, gəlib orada ucuz qiymətlə istədigi sifətə girə bilər. Məlum olsun ki, bu dükanı açandan bəri hələ heç bir kəsi allatmamışam və heç bir kəsin köpügünə haram göz ilə baxmamışam.

Adres: Tülki yoxuşunda, ilan – qurbağa evi. Müdiri – cibgüdən

Oturub yazanı: Filankəs

“İrşad”, 25 aprel 1907, ¹ 76

 

Ordan – burden

 

Bizi “xəta”yə salıb qəzetəmizə müştəri olan yevlaxlı Mahmudbəyova “İrşad” kontorunun tövqilə bir neçə söz:

Qoçaq Mahmudqulubəyov! Əvvəl götürüb kontorumuza bir məzəmmətnamə yazıb kəmali – kəbir və qürur ilə buyurmusunuz ki, idarəmizə 4 manat pul göndəribsiz.

Amma burada məlum oldu ki, xeyir, yalan buyurubsunuz, kontor sizdən cəmi – cümlətani 3 manat 25 qəpik alıbdır.

İkinci məktubunuzda siz haman yalanınızı quzu kimi boynunuza alıb, genə buyurursunuz ki, baxıb gördünüz ki, bizim qəzetənin altı aylığı 4 manatdır.

Hüzurunuza ərz eliyoram ki, sizin bu buyruğunuz dəxi yalandır. Çünki bizim qəzetənin altı aylığı beş manatdır.

Bununla belə genə yazırsınız ki, kontora on bir danə yeddi qəpiklik marka göndəribsiniz ki, əvvəlki pulun kəsiri hesab edib sizə altı aylıq qəzetə göndərsin.

Baxıb görürük ki, sizin bu sözləriniz də yalandır. Çünki, 6 aylıq qəzetə yazdırmaq istəyən doğruçu oğlan 11 marka xeyr, 27 danə marka göndərərdi və bir də buyrursunuz ki, bizim kontorda “veyl quyu”si var.

Mən bunu bilmirəm ki, siz Yevlaxda oturub da Bakı şəhərində “İrşad” kontorunda “veyl quyusu” olduğunu nə tövr gördünüz ki, onu da xəlqə elan ediyorsunuz. Çünki, hələ Firəngistanda da o cürə mükəmməl durbin yoxdur ki, onunla Yevlaxdan baxıb Bakıda “İrşad” kontorunda onu görə biləsən. Pəs aşkardır ki, sizin o buyruğunuz dəxi yalandır.

Bunların hamısından məlum olur ki, siz çox yalançı oğlansınız və özünüz də yaxşılıq qanmazsınız. Halbuki, “İrşad” kontoru tamam 20 gün sizə müftə – müsəlləm qəzetə göndəribdir.

İndi sənə nəsihətim budur ki, yalançılığı mövquf elə, quzum, yoxsa axırın xarab olar və saqqalın çıxsa da, sözünə etibar eləyən olmaz və bir də burasını bilin ki, qəzetəmiz xeyrat aşı olsa idi, müftəxorluğun eybi olmazdı.

 

Filankəs

“İrşad”, 31 may 1907, ¹ 101

 

Ordan-burdan

 

Lap əvvəl dümanı açanda Stolıpin gəlib düma əhlinə mərdi – mərdanə dedi ki: bizi qorxuza bilməyəcəksiniz! Doğrudan da, Stolıpin qorxmadı və qorxmadığına görə də dümanı buraxdı. Ancaq mənim işim bunda degil. Nə eləmək – buraxdı – buraxdı. Onun yerinə tazəsin qurar. Ah, türkdə bir məsəl var deyərlər ki: “aralıqda kasıbın beli sınar”. Biz hamımız bilirik ki, dümanın buraxılmasına səbəb inqilab və ixtişaşçılar oldular. Və bu inqilab və ixtişaşçılar da hamı bilir ki, rusların özüdür. Yaxşı, bəs burada Türkistan müsəlmanlarının təqsiri nədir ki, dumdan məhrum oldular? Belə diyorlar ki, Türkistan müsəlmanları hələ qanmazdılar, nə vəqt ki, qanan oldular, onda onlara da dümadan pay düşər. Çox gözəl, çox yaxşı, Türkistan müsəlmanları – bəli qanmazdırlar. Ancaq bəs nə oldu ki, elə hamı qanan oldu, tək bircə Türkistan müsəlmanları qanmaz oldular.

Bunun səbəbi odur ki, hökumət onların ehtiyaclarından xəbərdar olmuyub onlara şkol sarıdan, məktəb sarıdan heç bir məhəlgüzar olmamışdır.

İndi də hökumət onlara məhəlgüzar olmuyub dümadan məhrum eliyor, pəs görünür ki, bu yazıqlar elə – belə qanmaz da qalacaqlar.

Bəs, yaxşı, onda bunlar havəqt qanan olub düma paylarını alacaqlar??

Cavab birdir: heç vəqt.

 

Filankəs

“İrşad”, 15 iyun 1907, ¹ 112

 

Ordan-burdan

 

Nağıl

 

Biri var imiş, biri yox imiş, bir Cunbul var imiş, bir də İvan var imiş, genə bir Mikado var imiş və əlavə bir Məhəmmədəli var imiş. Bunların sənəti bu imiş ki, Cunbul İvanı tovluyormuş, İvan da Cunbul ilə Məhəmmədəlini tovluyormuş, Məhəmmədəli də cunbullara tovlanırmış. Mikadonun da heç kəs ilə işi yox imiş. Ancaq İvandan zəhləsi gedirmiş və İvanın da bundan zəhləsi gedərmiş, Cunbulun da bu ikisindən zəhləsi gedirmiş. Məhəmmədəli də bunların hamısından qorxurmuş və elə bilirmiş ki, dünyada İvandan güclü adam yoxdur.

Günlərin bir günü İvan yıxılıb uzanır və elə uzanır ki, bir ayağı gedib Məhəmmədəlinin boynunun ardına dirənir və o biri ayağı da uzanır, uzanır və azca qalır ki, gedib Mikadonun gözünü töksün. Məhəmmədəli qorxusundan dinmiyor, amma Mikado səbr eləyə bilmiyib İvana diyor ki, ayağını bir az o yana çək! Amma İvanın acığı tutub diyor ki, çəkmirəm.

Mikado diyor, çək! İvan diyor, çəkmirəm, o diyor çək, bu diyor çəkmirəm. Qərəz iş o məqama çatır ki, İvan Mikodaya yumruq göstərir, onda Mikoda çuxasını çıxardıb əlinə dolayır və İvana diyor ki: Tfu! di gəl.

Bunlar tutuşurlar. Cunbul elə bunu Allahdan istiyormuş. Dırnaq-dırnağa sürtür ki, bunlar bərk dalaşsınlar. Bunlar da bərk dalaşırlar. Yazıq Məhəmmədəli qorxur və təəccüb eliyor ki, gör necə Mikado balacalığında adam İvan kimi canavar ilə dava eliyor və Sədinin sözünü yadına salıb oxuyor:

 

Hər an kuhtər ke ba mehtər sitizəd

Canan əftəd ke hərgiz bər nixizəd

 

Yəni, hər balaca ki, böyük ilə dalaşa, elə yıxılar ki, heç yerindən dura bilməz və bunu oxuyub gözliyor ki, indi Mikado elə yığılacaqdır ki, heç yerindən dura bilməyəcəkdir.

Amma bir də baxır görür nə? Mikado İvanı başına alıb istiyor yerə çırpsın, Məhəmmədəli mat qalır, Cunbul da gözlərini bərəldib baxır. Hamı Mikadonun bu zəfərinə təəccüb eliyor.

İvan görür ki, iş fırıqdır, Mikadoya diyor ki, ta bəsdir, yoruldum. Mikado soruşur ki, ayağını çəkirsənmi, diyor hələ əlimi də çəkərəm! Mikado diyor, di yaxşı çıx get və İvan da gedir.

Elə İvan gəlib evinə çatan kimi adamları tutur ki, bu saət bizə məşrutə halvası ver. İvan diyor: məşrutə halvası nədir? Adamları diyor ki, o haman halvadır ki, yapon onu yiyib güclənib səni basdı. İvan diyor, əşi, itilin o yana. Onlar diyor: xeyr, elə iş yoxdur, gərək bu saət verəsən. İvanın acığı tutur, başlıyor sağ tərəfə, sol tərəfə yumruq çəkməgə, biri yıxılır, biri əzilir, biri ağlayır və biri diyor ki, sən ki belə güclü idin niyə Mikadoya basıldın. Gücün elə bizə çatır. Qərəz çox ora- bura çəkişirlər, axırda İvan götürüb bunlara bir qədər məşrutə halvası verir və bir qədər özünü toxdadır.

İş belə olanda Məhəmmədəlinin də adamları baxıb görürlər ki, adə, hamı məşrutə halvası yeyib güclənir, amma bunlar elə getdikcə arıqlayırlar. Diyorlar belə iş olmaz, bizə də gərək məşrutə halvası verilsin!

Məhəmmədəli bir az fikir eliyor, sonra diyor yaxşı, verərəm. Diyorlar, di ver. Məhəmmədəli də götürüb adamlarına bir qədər məşrutə halvası verir.

Bir də Cunbul baxıb görür nə? Məhəmmədəlinin adamları məşrutə halvası yeyib güclənirlər. O saət yügürür İvanın yanına. Diyor lotu, bilirsən nə var? Diyor yox, bilmirəm. Diyor: elə heç zaddan xəbərin olmadı ki, Mikado səni basdı da! İndi bil ki, Məhəmmədəlinin adamları məşrutə halvası yeyib güclənirlər. Sən öləsən bu gün sabah onlar da Mikoda kimi güclü olub sənin qol və qıçını sındıracaqlar!

İvan diyor, bəs nə qayıraq? Cunbul diyor, get Məhəmmədəliyə de ki, məşrutə halvasını adamlarının əlindən alsın. İvan diyor, gəl sən də gedək. Cunbul razı olur və gedirlər.

Məhəmmədəli diyor, niyə gəlibsiniz? Diyorlar ki, bəs sən gəl öz adamlarına məşrutə halvası vermə! Soruşur ki, nə üçün? Diyorlar ki, adamların güclənib səni axırda udarlar. Məhəmmədəli qorxur – əşi, nə diyorsunuz – deyib İvandan soruşur ki, bəs niyə sənin adamların güclənib səni udmadılar? İvan diyor ki, mən onlara məşrutə halvası verməmişəm, məşrubə halvası vermişəm ki, özlərindən xəbərləri yoxdur.

Bu əhvalatdan Məhəmmədəli çox əndişəyə düşüb diyor ki, balam, mən məşrutə halvasını geri ala bilmərəm və siz də məni qorxuya saldınız, qoyun qaçım gəlim sizin yanınıza. Diyorlar, qaç!

Məhəmmədəli papağını qoltuğuna vurub qaçım dedikdə adamları daldan çuxasından tutub saxlıyorlar ki, hara qaçırsan, otur yerində. Məhəmmədəli lap qorxur, İvana diyor: mən nə tövr edim?

Cunbul diyor: dava elə. Məhəmmədəli diyor: nə ilə dava eləyim, heç zadım yoxdur.

İvan diyor: mən sənə kömək verərəm.

İşi bu yerə qoyub Məhəmmədəli İvanın köməgilə və Cunbulun arxası ilə birdən soxulub adamların qabağından məşrutə halvasını götürür. Adamlar bunun üstünə yügürdükdə başlıyor İvan ilə bir yerdə adamlar ilə dalaşmağa.

Və habelə məşrutə halvası adamlara həram olur...

 

 

Filankəs

“İrşad”, 17 iyun 1908, ¹ 89

məşrubə – şərab

Üzeyir HACIBƏYLİ

 

 

Hüseynov Şirməmməd

 

525-ci qəzet.- 2010.- 17 iyul.- S.20-21.