PROFESSOR NİZAMİ CƏFƏROVA
AÇIQ MƏKTUB
Hörmətli Nizami müəllim!
Mən keçən əsrin 80-ci illərinin sonlarından mətbuatda sizin müxtəlif mövzuda çap olunmuş məqalələrinizi maraqla oxumuşam. Sonralar sizinlə şəxsi tanışlığımız mənim sizin haqqınızda təsəvvürlərimi daha da genişləndirdi. Sizin simanızda filologiya elmimizə, ümumiyyətlə ədəbi-ictimai mühitimizə istedadlı gənc alimin gəlişindən məmnunluq hissi keçirirdim.
Bu yaxınlarda göndərdiyiniz 5 cildlik “Seçilmiş əsərləri”nizi (Bakı, “Elm” nəşriyyatı, 2007) çətinliklə olsa da (yaşım və səhhətimdəki problemlərlə bağlı) sona qədər oxudum və fikirlərimi ətraflı yazmaq qərarına gəldim. Lakin iş prosesində hiss etdim ki, bu işə fiziki cəhətdən gücüm çatmır. Ona görə də heç olmasa, fikirlərimin, düşüncələrimin bir qismini qısa şəkildə yazmalı oldum. Yəqin ki, gənc mütəxəssislər bu əsərləri diqqətlə oxuyub layiqincə qiymətləndirəcəklər.
Sizin əsərləriniz həmişə ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.
Mövzu dairəsinin genişliyi ilə seçilən bu əsərlər də dilimiz, ədəbiyyatımız, tariximiz, mədəniyyətimiz, taleyimizlə bağlı çox ciddi problemlərə vətəndaş ehtirası, alim cəsarəti ilə toxunmağınız yaradıcılığınızın başlıca xəttini təşkil edir.
Mənim ilk təəssüratım belədir ki, bu əsərlərdə həcmcə, kiçik və ya böyüklüyündən asılı olmayaraq, mövzuya yeni münasibət, axtarış həvəsi, polemik ruhu əsas məziyyətdir.
Sizin doğru qeyd etdiyiniz kimi, dilimizin tarixi əsasən sovet dövründə-30-cu illərdən öyrənilməyə başlansa da, sovet ideologiyası bu tarixin obyektiv öyrənilməsinə hər vəchlə maneçilik törədirdi. “30-cu illərdən başlayaraq, Azərbaycan tarixinin qədim dövrü barədə hər cür miflər uyduruldu ki, həmin miflərin əsas ideoloji məqsədi Azərbaycanı türk dünyasından ayırmaqdan ibarət idi (seçmələr mənimdir-Y.A). Heç şübhəsiz, Azərbaycan tarixinin qədim dövrünün mürəkkəb etnolinqvistik mənzərəsi, haqqında söhbət gedən miflərin müəyyən elmi əsaslara malik olmasına, elmi-ictimai təfəkkürdə geniş intişar tapmasına imkan verir, şərait yaradırdı” (I. s. 6). Buna baxmayaraq, bu sahədə, müəyyən qüsurlarına baxmayaraq, sanballı tədqiqatlar yaranmışdır. Təbiidir ki, tariximiz, dilimiz, ədəbiyyatımız, müstəqillik dövründə tam obyektivliklə öyrənmək imkanı qazanmışdır. Bu cəhətdən sizin məqalələrinizdə çox ciddi məsələlərə toxunulmuşdur.
“Seçilmiş əsərləri”n I cildi dilimizin tarixinə və qramatikasına həsr olunmuşdur.
“Ön söz, yaxud Azərbaycan dili tarixinin metodoloji problemləri” adlı ilk məqalədə sovet dövründə Azərbaycan dili tarixinin ümumtürk kontekstindən ayrı öyrənilməsi meylinin yanlışlığı xüsusilə diqqət mərkəzinə çəkilmiş, bu sahədəki qüsurlar aydınlaşdırılmış və müstəqillik dövründə yaranmış, yeni şəraitdə bu qüsurların aradan qaldırılmasının vacibliyi irəli sürülmüşdür.
Daha sonra “Azərbaycan türkcəsinin təşəkkül tarixinə dair” məqalədə oxuyuruq: “Qədim (ümum) türk dili təxminən e.ə I minilliyin ortalarında Altay dilinin bölünməsi ilə əlaqədar olaraq təşəkkül tapıb formalaşmışdır. Həmin bölünmə prosesi isə, görünür, bir neçə min il davam etmişdir... Ona görə də eramızdan əvvəlki minilliklərdə prototürkcədən, yaxud Altay dilinin türk, monqol və tungus-mancür “dialekt”lərindən danışmaq mümkündür” (I. s. 12).
Bu fikir müəllifin ciddi axtarışları nəticəsində gəldiyi mühüm qənaətdir ki, onun elmi cəsarətini göstərir. Siz davam edərək bu ideyanı qətiləşdirərək yazırsınız: “Elə ona görə də eramızın ilk əsrlərindən başlayaraq türkcənin dialektləri müxtəlif inkişaf səviyyələri ilə diqqəti cəlb edir” (I. s. 12). Bu olduqca əhəmiyyətli elmi müddəaları belə tamamlayırsınız: “Qədim türkcəni yekunlaşdıraraq orta türkcənin (artıq müxtəlif türk dialektləri-dillərindən ibarət olan türkcənin) perspektivlərini nümayiş etdirən M. Kaşğari “Divan”ı ümumtürkcənin yalnız ifadə imkanlarının genişliyini, yüksək normativlik səviyyəsini deyil, həm də müsəlman dünyasında get-gedə artan mədəni, siyasi nüfuzunu təsdiq edir, “türk dili ilə ərəb dilinin atbaşı bərabər yürüdüklərini” göstərir” (I. s. 13).
Alim burada bir cəhəti də qabarıqlaşdırır: “Yüksək dil mədəniyyəti olan M.Kaşğari “türk dili” əvəzinə “türk dilləri” deyərdi” (I. s. 13). Yəni geniş coğrafiyada yaşayan türklər “müxtəlif tayfalardan, boylardan” ibarət olsalar da, ruhən (o sıradan da “dil ruhu” baxımından) bütöv hadisədir.
Siz daha sonra qədim türk dilinin zaman keçdikcə bölünmə prosesinə toxunursunuz. Belə ki, I minilliyin sonu II minilliyin əvvəllərində bu bölünmənin üç türk dilinin (qıpçaq, oğuz, karluq dilləri) və bir sıra aralıq dialektlərinin formalaşması ilə başa çatdığını qeyd edirsiniz (I. s. 14).
Siz onu da əlavə etməyi lazım bilmisiniz ki, “qıpçaq, oğuz, karluq dilləri bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin (ümumtürkcənin) dialektləri təsəvvürlərini yaradırlar”.
“...Azərbaycan dilinin tarixində qıpçaq təsiri özünü V-IX, oğuz təsiri IX-XIII, karluq təsiri isə XIII-XVI əsrlərdə daha çox hiss etdirir” (I. s. 14).
Sizin “Azərbaycan dilində cümlənin struktur-semantik təkamülü”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycan ədəbi dili: funksional üslubların təşəkkülü”, “Azərbaycan ədəbi dili: Şimalda və Cənubda” və s. məqalələriniz dilimizin tarixinin öyrənilməsi sahəsində mühüm tədqiqatlardır. Xüsusən Cənubda ədəbi dilin vəziyyəti, onun inkişafı, bu prosesdə görkəmli qələm sahiblərinin fikirləri diqqəti cəlb edir. Siz bu prosesi belə yekunlaşdırırsınız: “Şimala gedən milli-mədəni tərəqqi Cənuba güclü təsir edir, Cənub öz növbəsində etnik-mədəni potensiyası ilə Şimala təsirsiz qalmır və diqqəti çəkən cəhət ondan ibarətdir ki, bu proseslərin hər ikisi universal bir tarixi prosesdə, onun tərkib hissələri kimi ehtiva olunur: həmin universal proses ümumtürk miqyasına malik olub türk xalqlarının getdikcə güclənən milli-mədəni intibahından irəli gəlir” (I. s. 313).
“Seçilmiş əsərləri”n ədəbiyyatşünaslıq məsələlərinə həsr olunmuş II cildində siz ədəbiyyatımızın tarixi, inkişafı, ədəbi proseslə bağlı məqalələrinizlə çıxış edirsiniz.
Burada ilk öncə Azərbaycan ədəbiyyatının mənşəyi məsələsi aydınlaşdırılmışdır. Sizin ciddi araşdırmalar nəticəsində gəldiyiniz qənaət budur ki, “Kitabi Dədə Qorqud” israrla göstərir ki, o ideya məzmunca tədricən sıxılmış, Azərbaycanın coğrafiyasına, ictimai-siyasi, mənəvi-ideoloji maraqlarına uyğunlaşdırılmışdır. Və biz Azərbaycan ədəbiyyatının tarixini bir də ona görə Dədə Qorqud eposundan başlamalıyıq ki, həmin abidə Azərbaycan ədəbiyyatının bünövrəsində çox möhkəm dayanır, onun “tarixəqədərki” dövrünə düzgün işıq salır. Dədə Qorqud eposu I minilliyin II yarısında-təxminən beş əsr öz şifahi ömrünü yaşamış, II minilliyin I yarısında isə-yenə təxminən beş əsr ərzində yazıya alınmış, dövrün redaktəsinə məruz qalmış, Eposdan Kitaba çevrilmişdir” (II. s. 6). Bu məsələni siz “Eposdan Kitaba” məqalənizdə bir daha ətraflı şərh edərək olduqca mühüm bir nəticəyə gəlirsiniz: “...Beləliklə Azərbaycan ədəbiyyatı I minilliyin ortalarından (qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən) başlayaraq qədim (ümum) türk ədəbiyyatının differensiyası nəticəsində formalaşır” (II. s. 7).
Daha sonra isə siz Azərbaycan ədəbiyyatını dövrləşdirilmək kimi olduqca aktual problemlə bağlı mülahizələrini şərh etmisiniz.
“Dədə Qorqud”, “Koroğlu” dastanlarının yaranması, ideyası, surətlər aləmi, ümumiyyətlə poetikası haqqında məqalələriniz də yeni ruhu ilə diqqəti cəlb edir.
Klassik Azərbaycan ədəbiyyatının Nizami, Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Xətayi, Kişvəri, Füzuli, Vidadi, Vaqif, Aşıq Ələsgər kimi qüdrətli nümayəndələri haqqında məqalələrinizdə bir sıra ciddi problemlərə münasibətiniz də maraq doğurur. Məsələn, Nizami tədqiqatçılarının toxunmadığı mühüm bir cəhət sizin diqqətinizdən kənarda qalmamışdır. Siz yazırsınız: “Nizami “Xəmsə”sinin fəlsəfi əsaslarını Əl-Fərabi (IX-X əsrlər) müəyyən etmişdir. Və dahi türk şairinin yaratdığı, demək olar ki, bütün poetik obrazların fəlsəfi sxemi dahi türk filosofunda mövcuddur –“hökmdarın qeyri-adi kamilliyi”, “ideal idarə sistemi”, “etik intellektualizm”, “qneseoloji optimizm” və s. məsələlər Nizamiyə Əl-Fərabidən gəlir” (II. s. 21).
“Bu cilddə müasir ədəbiyyatımızın S. Vurğun, Bəxtiyar Vahabzadə, İsa Muğanna, V. Babanlı, N. Həsənzadə, F. Kərimzadə, N. Kəsəmənli, Z. Yaqub və b. haqqında məqalələriniz də məndə ciddi maraq doğurdu. Bu baxımdan “Azərbaycan” şeirini Səməd Vurğun yaradıcılığının üverturası saymaq daha düzgün olardı” (II. s. 149).
“Bəxtiyar Vahabzadənin şairliyi də, filosofluğu da, ictimai xadimliyi də mənsub olduğu xalqa məxsusdur. O, bütünlükdə “Azərbaycan məktəbi”nin yetişdirməsi olub, bu məktəbin müasir təfəkkür imkanlarını nümayiş etdirir. Ona görə də, hər necə olursa-olsun, Bəxtiyar Vahabzadənin yaradıcılığı dünya miqyasına öz “Azərbaycan qeydiyyatı” ilə çıxır” (II. s. 171).
“Şairlik N. Həsənzadənin stixiyasıdır-o, təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətdə də şairdir, yazanda da, yazmayanda da şairdir...” (II. s. 215) və s. nümunələri qeyd edə bilərik.
Sizin “XX əsr Azərbaycan ədəbiyyatı” məqaləsində bir tezis də mənim diqqətimi cəlb etdi. 50-ci illərdə ədəbiyyatda azərbaycançılıq ideyası geniş təbliğ olunmuşdur. “Əlbəttə, azərbaycançılıq təbliğatının əsasında Azərbaycanı türk dünyasından ayırmaq ideyası (seçmələr mənimdir-Y.A) dururdu” (II. s. 144).
Sovet ideologiyasının güclü təyziqi Azərbaycan xalqının mənşəyini, dilini ümumtürk kökündən ayırmaq olduğu kimi, azərbaycançılıq ideyasına da buna görə rəvac verilirdi.
Siz Sovet-alman
müharibəsi dövrü yaranmış “Azərbaycan legion
ədəbiyyatı” (Məmməd Cəfərli) haqqında
da öz qiymətinizi vermisiniz. “O, (legion ədəbiyyatı)
kommunizmlə faşizmin XX əsrin ortalarına təsadüf
edən döyüşündə nə qədər
siyasi-ideoloji müdaxilələrə məruz qalsa da, öz
milli mənliyindən, türkçü-azərbaycançı
məfkurəsindən, ana dilindən nəinki imtina etmiş, əksinə,
son nəfəsinə qədər “Müstəqil Azərbaycan
uğrunda mücadilə aparmaqdan mənəvi zövq
almışdır:
...Bizim
Fikirlərimizin
Üfiqləri deyildir dar,
Bizdə
Sönmək bilməyən
Bir istiqlal var!..
(II. s. 156-157).
Sizin
toxunduğunuz ən mühüm məsələlərdən
biri bəzi “alimlərin” Azərbaycan ədəbiyyatı,
ümumən mədəniyyətinin mənşəyini bir
yox, bir neçə kökə bağlamağın
qeyri-elmiliyini, hətta zərərini göstərməkdir. Bu yanlış ideyanın əsas
tərəfdarı akademik İqrar Əliyev yazır:
“Hazırda türk dillərindən birində danışan azərbaycanlılar
madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə
Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə,
germanlarla, slavyanlarla və başqa xalqlarla qohumluğa yetirlər.
Azərbaycanlılar məhz madalılar vasitəsilə
İran mədəniyyətinin də varislərinə
çevrilir, İrandilli xalqlarla birgə bu zəngin aləmə,
eposa, Avestaya, zərdüştlük təliminə və bir
çox digər tarixi-mədəni dəyərlərə
sahiblik hüququ qazanırlar” (II. s. 310).
Burada məqsəd
əslində Azərbaycan xalqının tarixini, dilini, mədəniyyətini,
ədəbiyyatını türk kökündən
ayırmaqdır.
Siz davam edirsiniz: “Ümumiyyətlə,
ədəbi mədəniyyətdə, yaxud söz sənəti
mədəniyyətində dil faktoru əsasdır. Və əgər Azərbaycan şifahi xalq ədəbiyyatı
əsrlər boyu yalnız türk mənşəli Azərbaycan
dilində yaranmışdırsa, milli ədəbi mədəniyyətin
genezisində qeyri-türk başlanğıcı axtarmaq
absurddur” (II. s. 311).
Sizin “Azərbaycan
intibahı: problemlər, mülahizələr” məqalənizi
də ayrıca qeyd etmək istəyirəm. Tədqiqatçılar
Azərbaycan intibahını XI-XII əsrlərə aid edirlər.
Lakin sizin fikrinizcə intibah əsasən ana
dilində yazılan bədii və elmi əsərlər əsasında
yaradılır. “İntibah milli özünüdərketmə
faktıdır, milli mədəniyyətin təşəkkül
ərəfəsidir,-bu baxımdan yanaşdıqda XI-XII əsrlər
Azərbaycan mədəniyyəti intibah mədəniyyəti
olmaqdan uzaqdır” (II. s. 51).
Sizin
“Seçilmiş əsərlər”inizin III cildi əsasən
türkologiya məsələlərinə həsr
olunmuşdur.
Burada göstərilir ki, türkologiyanın
tarixi e. ə. I minilliyin ortalarından
başlayır. Müxtəlif xalqlara, millətlərə,
dillərə mənsub olan araşdırıcıların
elmi obyektivliklə bərabər, çox zaman əsas məqsədləri
türkləri dünya tarixindən sıxışdırmaq
olmuşdur.
Siz də bu
münasibətlə islamiyyət dövründə
türkologiya sahəsində ən sanballı mənbə
olaraq Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərini
göstərir və bu möhtəşəm əsərin məziyyətlərini
şərh edirsiniz.
Sizin
türkologiya tarixinin mərhələlərini müəyyən
etməyiniz xüsusilə maraq doğurur. Sizin təsnifatınıza əsasən
türkologiya aşağıdakı mərhələlərdən
keçmişdi:
1. E. ə. I
minilliyin ortalarından I minilliyin sonu, II minilliyin əvvəllərinə
qədər.
2. I minilliyin sonu, II minilliyin əvvəllərindən
orta əsrlərin sonu, yeni dövrün əvvəllərinə
qədər.
Türk
fütahatının sona çatmasından sonra Qərbin
Şərqə qarşı artan marağı ilk növbədə
türk dünyasını ehtiva edir.
Türklərin
tarixən Şərqdə böyük nüfuza malik
olması Rusiyanın Şərq siyasətində mühüm
yer tutur. “Qərb öz Şərq siyasətini” Rusiya vasitəsilə
həyata keçirməyə üstünlük verir.I Pyotrun
dövründən başlayaraq Rusiyanın imperiya siyasətinin
güclənməsi Rusiyada türkologiyanın
inkişafına təkan verir.
XIX əsrin
birinci yarısında Rusiyada türkoloji mərkəz kimi əsasən
Moskva, Sankt-Peterburq və Kazan universitetləri mühüm rol
oynamışlar. Bu sahədə Mirzə Kazımbəy,
Radlov, Bartold və başqalarının xidmətləri qeyd
olunmalıdır.
XIX əsrin sonu, XX əsrin əvvəllərindən
etibarən türk xalqlarının C. Əfqani, Ə.
Hüseynzadə, İ. Qaspıralı, Z. Gökalp və b.
mütəfəkkirləri türkologiya ilə ciddi məşğul
olmuşdur. Onlar “Türklər kimdir və kimlərdən
ibarətdir” (Ə. Hüseynzadə),
“Türkçülüyün əsasları” (Z. Gökalp)
kimi sanballı əsərlərində türkologiyanın
mahiyyətini müəyyənləşdirmişlər.
XX əsrin əvvəllərində
Rusiyada Qordlevski, Samoyloviç, Krımski, Aşmarin, Malov və
b. görkəmli türkoloqlar fəaliyyət göstərsələr
də, kommunizm ideologiyası türkçülük
düşüncəsinin qarşısını aldı.
III cilddə
verilmiş “Ümumtürk ədəbi dili (türki) təşəkkülü,
təkamülü, tənəzzülü” məqaləsində
müəllif türkini qədim türk dilinin varisi hesab edərək
onun təşəkkül dövrünün IX-XII əsrləri,
təkamül dövrünün XIII-XVI əsrləri tənəzzül
(süqut) dövrünün XVII-XVIII əsrləri əhatə
etdiyini müəyyənləşdirmişdir.
Bu cilddə
sizin “Tanrıçılıqdan islama” məqaləniz də
maraq doğurur.
Siz “Dədə
Qorqud” dastanını ətraflı təhlilini yeni təfəkkür
işığında apardığınız
üçün burada yeni münasibət, yeni ruh
üstünlük təşkil edir. Burada mənim diqqətimi çəkən
sizin aşağıdakı fikirlərinizdir: “E. ə.
minilliyin ortalarına doğru formalaşmış qədim
türk eposunun əsas nümunələri müxtəlif
qaynaqlarda (və müxtəlif mükəmməllikdə) zəmanəmizə
qədər qorunmuşdur: “Yaradılış” dastanı, “Alp
Ər Tonqa” dastanı, “Oğuz Kağan” dastanı, “Göy
türk” dastanı, “Köç” dastanı və s. Həmin
dastanların min ildən artıq bir tarixi olduğunu söyləmək
o qədər də doğru olmazdı. Və
bizim fikrimizcə, qədim türk eposunun klassik təzahür
formaları e.ə. I minilliyin
ortalarından b.e-nın I minilliyin ortalarına qədər
yaşamış, lakin bu minillik dövrün ilk
yarısı, haqqında söhbət gedən dastanların
daha geniş yayılması, ümumiyyətlə, qədim
türk epos təfəkkürünün daha məhsuldar
olması baxımından diqqəti daha çox çəkir”
(III. s. 123).
Burada bir
mühüm məsələyə də münasibət maraq
doğurur.
“Azərbaycanın qədim, erkən orta əsrlər tarixinin
tarixşünaslığı” kitabında “Azərbaycan
xalqının şah əsəri-“Kitabi-Dədə Qorqud”un
tarixşünaslığına geniş yer ayırmış
Y. H. Səfərov yazır: “Qeyd etmək lazımdır ki,
boylarda oğuzların qonşu məmləkətlərə qəsdən
basqın edib onların torpaqlarını zəbt etmək, əhalisini
əsir almaq, qarət etmək və s. kimi neqativ hallar əsla
yoxdur” (III. s. 159).
Biz müəllifin
məşhur “tarix üzü keçmişə doğru siyasətdir”
tezisinə uyğun olaraq mənsub olduğumuz xalqı tərifləmək
üçün belə dediyini başa düşürük. Lakin məsələnin
mahiyyəti o cür deyil-axına, qəzaya getmək, din
uğrunda döyüşmək, kafirləri ya dinə gətirmək,
ya məhv etmək orta əsrlərin qazilərinin, artıq
qeyd olunduğu kimi, əsas vəzifəsidir. Və
bu, xalqın tarixi üçün “neqativ hal” deyil, məhz
“yüksək əxlaqi keyfiyyət”dir” (III. s. 159).
“Dədə
Qorqud”la bağlı “Xanım hey” məqaləsi də yeni
baxışla aparılan təhlillə diqqəti cəlb edir.
“Türk
müsəlman mədəniyyəti” məqaləniz də bu
baxımdan maraq doğurur.
Bu cilddə “Ümumtürk ədəbiyyatı
tarixi: problemlər, mülahizələr” məqaləsi olduqca
aktual bir mövzuya həsr olunmuşdur. Ümumtürk
ədəbiyyatı tarixinin dövrləşdirilməsi
türkologiyada mühüm məsələlərdən
biridir. Ona görə də müəllif fikirlərini
belə ümumiləşdirir: “Ümumtürk ədəbiyyatı
tarixinin sistemli tədqiqi müasir türk xalqları ədəbiyyatşünaslarının
qarşısında duran mühüm məsələdir-bu, o
dərəcədə mühüm məsələdir ki, həll
olunmadan normal türk filoloji təfəkkürünün
formalaşması mümkün deyil” (III. s. 217).
Müəllif
daha sonra “Ümumtürk ədəbiyyatı tarixinin etüdləri”
adlı irihəcmli məqaləsində türk
xalqlarının ən qədim dövrlərdən müasir
günlərimizə qədər yaratdıqları şifahi və
yazılı ədəbi nümunələrin qısa
xülasəsini vermişdir.
“Qədim
türklərin vətəni ilk orta əsrlərdən bəri
Türküstan kimi tanınan geniş çöllərdir. Şimalda Köqmən
(Sayan) dağlarına, Sibir meşələrinə; Cənubda
Tibetə; Şərqdə Sakit okeana, Sarı dənizə, Qərbdə
isə Aral gölünə, Xəzər dənizinə,
sonralar isə Qərbi Avropaya qədər uzanan bu
çöllərdə türk atlarının ayaq səslərini
qədim dövrlərin tarixçiləri hələ də
eşidirlər. Arxeoloji araşdırmalar
göstərir ki, haqqında söhbət gedən geniş
coğrafiyada türklərdən öncə hər hansı
bir etnos-xalq tərəfindən ardıcıl şəkildə
yaradılmış maddi mədəniyyətin izlərinə
təsadüf edilmir. Və həmin
coğrafiyanın ilk dastanlarını türklər söylədikləri
kimi, ilk nəğmələrini də türklər
oxumuş, ilk yazılarını da məhz türklər
yazmışlar” (III. s. 219-220).
“Qədim
türk mifologiyasının ən çox maraq doğuran
mövzularından biri etnosun öz genezisinə münasibəti,
daha doğrusu, etnik mənşəyinə verdiyi ilkin bədii-fəlsəfi
interpretasiyadır. Ümumiyyətlə, qədim türklər
inanmışlar ki, onlar Qurddan törəmişlər, əcdadları
məhz Boz Qurddur. Bununla yanaşı,
Dağdan (Qayadan), Ağacdan törənmə təsəvvürləri
də vardır ki, bu cür interpretasiya rəngarəngliyi qədim
türk mifologiyasının dinamikliyini, qədim türk
insanının idrak imkanının genişliyini göstərir”
(III. s. 227).
Siz burada bir cəhəti də
qeyd edirsiniz: “Qədim türk ədəbiyyatına hiss ediləcək
qədər təsir göstərmiş gəlmə dini
dünyagörüşlərindən birincisi, yəqin ki,
manilikdir. Əslən iranlı olan Nəqqaş
Maninin III əsrdə Şərq ölkələrində
yaymağa başladığı maniliyin əsasında zərdüştlük-xeyirlə
şərin, işıqla qaranlığın mübarizəsi
dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən
(zərdüştlük, buddizm, xristianlıq və s.) əxz
olunmuş ideyalar komplektəşdirilmişdir” (III. s. 227-228).
“Maninin təlimində
qədim türk mifologiyası, xüsusilə Dünyanın
yaranması haqqındakı təsəvvürlərlə səsləşən
məqamlar kifayət qədərdir” (III. s. 228).
Siz davam edirsiniz: “Qədim türk ədəbiyyatına əhəmiyyətli
təsir göstərmiş gəlmə dinlərdən biri də
buddizmdir” (III. s. 228).
“Buddizmin mahiyyətini
onun dörd həqiqət barədəki kanonları aydın
göstərir. 1. İztirab mövcuddur. 2. Hər bir iztirabın səbəbi
var. 3. İztiraba son qoymaq olur. 4.
İztirabların qarşısını almaq
mümkündür. İnsanın xilas yolu isə
məhz “Buddizmin yolu”dur (III. s. 229).
Qədim
türk ədəbiyyatının son mərhələsi
İslamın türklər arasında yayılması ilə
başlayır. Müəllif burada “Kitabi-Dədə
Qorqud”, Y. Balasaqunlunun “Qutadqu-bilik”i, Ə. Yüqnəklinin
“Atibətül-həqaiq”i, Nizaminin “Xəmsə”si
tanrıçılıqdan İslama keçid dövründə
türk bədii-fəlsəfi təfəkkürünün əhəmiyyətini
göstərir.
Sonra müəllif
qədim türk epos təfəkkürünü ətraflı
təhlil edir.
Dünyanın yaranışı isə bu
eposların ana xəttini təşkil edir. Bozqurd,
Oğuz Kağan, Alpər Tonqa, Ərgənəkon
dastanlarının ideyası türk mədəniyyətinin
yüksək zirvəsi kimi qiymətləndirilmişdir.
Bunlardan sonra isə yazır:
“Qədim türk şeirinin əsasını ruhu, məzmun-mündəricəsi
etibarilə qədim türklərin özlərinəməxsus
mənəvi ovqatını, sosial-psixoloji maraqlarını əks
etdirən lirika təşkil etsə də, müxtəlif
dini-ruhani görüşlərin təsiri ilə
yaranmış, lakin türk dilinin poetik imkanlarını təzahür
etdirən nümunələr də kifayət qədər
geniş yayılmışdır” (III. s. 237).
Qədim
türk xalqlarının poeziyası zənginliyilə və
mövzu rəngarəngliyilə seçilir. Müəllif
burada “Qutadqu-bilik”, M. Kaşğarinin divanından gətirilən
nümunələrə öz fikirlərini əsaslandırır.
Qədim türk nəsri isə I minilliyin
ortalarından sonra meydana çıxmışdır.
Daha sonra Y.
Balasaqunlunun “Qutadqu bilik”, Əhməd Yüqnəklinin “Atibətül-həqaiq”,
Əhməd Yəsəvinin “Divani Hikmət” kimi məşhur əsərləri
təhlil olunur və qiymətləndirilir.
Qədim
türk ədəbiyyatı tarixinin ən böyük hadisəsi
isə Nizaminin “Xəmsə”sidir.
Daha sonra 40 min misralıq
“Manas” dastanı, Yunus Əmrənin məşhur “Divan”ı, təsəvvüf
poeziyası-Nəsimi, XV əsrdə Ə. Nəvai, XVI əsrdə
Xətai, M. Füzuli və Mahmud Əbdülbaqi, XVII əsrdə
Əbdülqazı xan Xivəli və onun “Şəcəreyi
tərakimə” əsəri, “Koroğlu” dastanı, XVIII əsrdə
Məhtumqulu Fəraqi, XIX əsrdə M.F. Axundzadə, Abay,
Namiq Kamal, Əbdülhəq Hamid, Tofiq Fikrət, XX əsrdə
Azərbaycanda M.Ə.Sabir, “Molla Nəsrəddin” jurnalı, son
dövrdə Cambul, S. Vurğun, Rəşad Nuri Güntəkin,
Nazim Hikmət, Mustay Kərim (başqrd), Musa Cəlil (tatar),
Qafur Qulam (özbək), Qaysın Quliyev (balkar), Əziz Nesin
(Türkiyə), M. Şəhriyar, Ç. Aytmatov, O.
Süleymenovun yaradıcılığının dərin elmi
təhlili verilir. Müəllif “Oljasın
şeirləri ümumtürk poeziyası məktəbidir”
(III. s. 286)-deyərək fikrini tamamlayır.
Siz Azərbaycan
türkcəsinin təşəkkülü məsələsinə
də aydınlıq gətirmisiniz. “1. Azərbaycan
türkcəsi miladın ilk illərindən başlayaraq
türk dilinin differensiasiyasının (bölünməsinin)
nəticəsi olaraq ilk orta əsrlərdən təşəkkül
tapmışdır.
2. Azərbaycan türkcəsinin
təşəkkülü müxtəlif dövrlərdə
(əsasən, V-XII əsrlərdə) Azərbaycana gələn
türk tayfalarının təmərküzləşməsi,
yəni daxili inteqrasiyası ilə getmişdir.
3. Azərbaycanda
yaşayan qeyri-türk mənşəli etnosların dilləri
Azərbaycan türkcəsinin təşəkkülü
prosesindən əvvəl kənarda qalmış, son orta əsrlərdən
başlayaraq həmin qeyri-türk etnosları Azərbaycan
türkcəsini beynəlxalq dil kimi mənimsəmişlər”
(III. s. 290).
Sizi Azərbaycanşünaslıq
problemləri daha çox maraqlandırır. Ona görə
də bu mövzuda qələmə aldığınız məqalələr
elmi dərinliyilə diqqəti cəlb edir. XX əsrin 20-ci, xüsusən 30-cu illərindən
azərbaycançılıq dünyagörüşünə
emosionallıq, romantik vüsət gəlir ki, burada S.
Vurğunun yaradıcılığını, xüsusən məşhur
“Azərbaycan” şeirini nümunə gətirirsiniz. Bununla bərabər bu problemlə bağlı
müxtəlif mövqelərə də öz münasibətinizi
bildirirsiniz. “Azərbaycanşünaslığın” ən
mühüm problemi, heç şübhəsiz, Azərbaycan
xalqının mənşəyi (etnogenezi) problemidir ki, 30-cu
illərdən başlayaraq o, müxtəlif şəkillərdə
“həll edilmişdir”-türkoloqlar türk, iranşünaslar
İran, qafqazşünaslar, bu və ya digər qeyd-şərtlə
də olsa, Qafqaz (Alban) başlanğıcını əsas
götürmüş, nəticə etibarilə mürəkkəb
bir “metodoloji mənzərə” yaranmışdır. Odur ki, bu
gün Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin
təşəkkül tarixi barədə əsaslı (əksəriyyətin
qəbul edəcəyi) bir fikir söyləmək olduqca
çətindir; artıq mövqeyini möhkəmlətmiş
“konsepsiyalar” mövcuddur ki, hər biri yeganə düzgün
fikir sayılmaq iddiasındadır. Azərbaycan
akademik tarixşünaslığı bu cür konsepsiya
bolluğuna geniş şərait yaratmışdır” (IV. s.
7).
Siz burada
türklərə məxsus olduqca humanist bir keyfiyyəti yada
salırsınız. Avropada olduğu kimi, burada da (Qafqazda)
türklər yerli kiçik xalqları assimilyasiya etməyə
meyl göstərməmiş, onları
sıxışdırmamışlar. “Azərbaycanşünaslıq
yalnız elmi-nəzəri, yaxud akademik bir sistem deyil, həm də
get-gedə daha geniş yayılmaqda, Azərbaycan
Respublikasının dövlət siyasətinə,
dünyanın müxtəlif ölkələrində, təxminən
500 min kv2-lik ərazisi olan tarixi Azərbaycanda məskunlaşmış
azərbaycanlıların dünyagörüşünə
çevrilməkdə olan azərbaycançılıq
ideologiyasının elmi-metodoloji əsasıdır” (IV. s. 13).
Sizin “Azərbaycan (tarixi
kulturoloji mülahizələr), “Azərbaycanın etnik tarixi:
problemlər, mülahizələr” məqalələriniz də
bu problemə həsr olunmuşdur.
Sizin
xalqımızın mənşəyi ilə bağlı
yanlış metodologiya ilə çıxış edən
İqrar Əliyevə məktubunuz da qeyd olunmalıdır. Siz İqrar Əliyevin “Azərbaycan
xalqının etnik tarixinin bəzi məsələləri
haqqında” kitabındakı metodoloji cəhətdən səhv
müddəaları tutarlı faktlarla təkzib edərək
yazırsınız: “Siz türklərin Azərbaycanda məskunlaşmasını
II minilliyin əvvəllərinə aid edir-mötəbər
iranşünasların (özünün də daxil olmaqla)
araşdırmalarına əsaslanıb deyirsiniz ki, oğuzlar
Azərbaycana və həmhüdud regionlara gələnə qədər
ölkənin Şimalında Qafqaz, Cənubunda İran dilləri
(və təbii ki, eyni zamanda etnosları) hakim idilər” (IV. s.
64).
Burada sizin
opponentinizə qarşı etik normaları gözləmək,
nəzakət maneranız da mənim diqqətimi cəlb etdi
ki, bu da sizin əsl alim səviyyənizin bir göstəricisidir.
Sizin “Azərbaycanda
milli mədəniyyətinin təşəkkül mərhələləri”,
“XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin
folklor tipologiyası” məqalələriniz də
xalqımızın mədəni inkişafının
ayrı-ayrı mərhələlərinə həsr
olunmuşdur.
Sonrakı
prosesdə Rusiyanın Şimali Azərbaycanı işğal
etməsi həm də türk-Azərbaycan
qardaşlığını pozmaq məqsədi
daşıyırdı. Lakin bu iki qardaş xalq arasındakı əlaqələrə
müəyyən maneçilik törədilsə də onu
pozmaq mümkün olmamışdır. Siz
bu birliyi həm də “siyasi birlik” kimi mənalandırmısınız.
Siz “Füyuzat” jurnalı və Ə. Hüseynzadənin fəaliyyətini
yüksək qiymətləndirərək
“Füyuzatçılıq azad Azərbaycan idealının əsasıdır.
“Azərbaycançılıq-Azərbaycan xalq
Cümhuriyyətinin ideoloji əsasıdır”-deyə fikrinizi
tamamlayırsınız.
Kitabda N. Nərimanovun
fəaliyyəti də müsbət qiymətləndirilmişdir.
“Azərbaycan:
I türkoloji qurultaydan Atatürk mərkəzinə” məqaləsində
Sovet dövründə dilimizə qarşı müxtəlif
təxribatlar qeyd olunmuşdur.
Beşcildlikdə Sizin dil, ədəbiyyat,
mədəniyyət haqqında başqa məqalələriniz,
Mir Cəlal, İ. Şıxlı, S. Rüstəmxanlı, Z.
Yaqub kimi görkəmli yazıçılar, M. Cəfər,
F. Maqsudov, B. Nəbiyev, C. Əliyev, R. Əliyev, Y. Qarayev,
Türkiyə Atatürk yüksək Qurumunun başqanı
prof. Sadıq Tural və b. alimlər haqqında məqalələriniz,
N. Əhmədli, Manaf Süleymanov, Həsən Əlizoğlu,
filosof H. İmanov və A. Əhmədov və b. kitablarına
ön sözləriniz, Q. Təbrizi, Cahangir Əsəd, Dəyanət
Osmanlı və b. müsahibələriniz mövzu rəngarəngliyi,
polemik ruhu, elmi səviyyəsi ilə diqqəti cəlb edir. Bu məqalələrin, ön sözlərin,
müsahibələrin hər biri ayrıca təhlil
olunmağa, qiymətləndirilməyə layiq əsərlərdir.
“Xilaskar
Türk ordusunun Bakı zəfəri” və Qarabağ hadisələrilə
bağlı məqalələriniz isə məndə
xüsusi maraq və sizə dərin ehtiram oyatdı.
Kitabda Atatürk və H. Əliyev
haqqında məqalələrdə hər iki öndərin
müstəqil Türkiyə və Azərbaycan
Respublikasının qurucusu kimi əvəzsiz xidmətləri,
xüsusən H. Əliyevin dil, ədəbiyyat, mədəniyyət
məsələlərinə dair fikirlərinin ətraflı
şərh olunması və dəyərləndirilməsini
ayrıca qeyd etmək istəyirəm.
“Yeni zaman...
yeni lider... və millətin təbəssümü” məqaləsində
İlham Əliyevin ictimai-siyasi fəaliyyəti və şəxsi
keyfiyyətləri barədə xoş sözləriniz də
oxucuları sevindirir.
Bütövlükdə
5 cildlik sizin istedadınızın, elmi
yaradıcılığınızın uğurudur.
Bütün
bunlarla bərabər kitabda mənim üçün tam
aydın olmayan bir-iki məqam da vardır. Onlardan birini nəzərinizə
çatdırmaq istəyirəm.
Azərbaycan
xalqının mənşəyi ilə bağlı müxtəlif
mənbələrdə türk mənşəli Azərbaycan
xalqının bu ərazinin ilkin sakinləri olması faktı
da göstərilir (qafqazdilli və irandilli tayfalarla bərabər). Böyük
Atatürk haqqında oxuduğum kitablardan birində ulu öndərin
belə bir sözü yadımdadır ki, türklər burada
(Anadoluda) 7 min ildən bəri yaşamaqdadır. Azərbaycanda türklərin yaşaması da tarixin
ulu çağlarından hesablanır. Tarixin
ən qədim dövrlərində xalqların Şərqdən
Qərbə, Qərbdən Şərqə axını
faktını da təsadüfi hesab etmək olmaz.
Nədənsə
mən sizin məqalələrinizdə bu faktı görmədim. Mənə
belə gəlir ki, bizim əzəli və əbədi
düşmənlərimizin ərazi iddialarına bu fakt ən
tutarlı cavablardan biridir.
Lakin mənim
bu qeydim sizin çox sanballı 5 cildliyinizin dəyərini və
əhəmiyyətini qətiyyən azaltmır.
Sizə gələcək
elmi yaradıcılığınızda daha yüksək zirvələr
arzusu ilə.
Yavuz AXUNDLU
Naxçıvan,
mart-iyul 2010
525-ci qəzet.- 2010.- 17 iyul.- S.18-19.