İdeya ilə idealın qovşağında...
TİMUÇİN ƏFƏNDİYEV
– 65
“... Şəriət,
təriqət yoldur gedənə, Mərifət,
həqiqət ondan içəri...”
YUNUS İMRƏ
Timuçin Əfəndiyevin
həyat və yaradıcılığı haqqında
düşünəndə gözümüzün
önündə ilkin olaraq uzun bir YOL obrazı yaranır.
İnsanların
yaranışından qədəm basdığı ulu
yollardan biri onu “MƏDƏNİYYƏT” adlanan nəhəng
bir məkana gətirib çıxartdı. Mədəniyyət
məkanının da öz yolları olduğu
üçün öz qaydaları, öz mütləq şərtləri,
öz tarixi, öz poeziyası və öz elmi var. Yer
üzündəki bütün mövcud yolların inikası
olan mədəniyyət yollarının bir çox səciyyələri
onlarla üst-üstə düşür. Yalnız bir fərq
mövcuddur – mədəniyyət yollarında təsadüfi
yolçular olmur!
Timuçin Əfəndiyevin
MƏDƏNİYYƏT YOLUnun yolçusu olması şəksizdir.
Və tariximizin görünməyən, sezilməyən
çağlarından başlayıb sonsuzluğa qədər
uzanan bu ulu yolla Timuçin müəllim tək yerimir... Elə
isə, gəlin bu şanlı yolun mürəkkəb məqamlarını
görümlü edən “yol ağacları”nı
açıqlamağa birlikdə cəhd edək...
Mədəniyyət yoluna sovet
dönəmində ayaq basan gənc Timuçin
çoxlarımız kimi ideoloji “körpülər”dən
keçməyə bilməzdi.
Sovet
ideologiyasının sərt çərçivələri
içində dünya düşüncəsinin yüksək
səviyyəli qənaətlərini özü
üçün təməl bilən Timuçin Əfəndiyev
mədəniyyət və incəsənət sahəsinin parametrlərini,
ölçülərini, daxili qanun və
qanunauyğunluqlarını, məqsəd və vəzifələrini
elmi şəkildə öyrənərək öz elmi modelini
yaratmağa müyəssər oldu.
İdeologiyanın
basqısı zəif adamları yollarından sapındıra
bilər. Timuçin Əfəndiyev isə mədəniyyət
və incəsənət haqqında mövcud olan ideyaları
ideologiyanın bəsit tələblərindən ayıra
bilmiş, onları konseptuallaşdırmış və
yalnız bunların əsasında öz elmi fəaliyyətini,
daha sonra isə praktiki işlərini qurmuş, mədəniyyət
və incəsənət sahəsində ali təhsilin
güclü təşkilatçısı kimi şöhrətlənmişdir.
Sözdə demək asan gəlir, amma bütün bu işləri
görməkdən ötrü Timuçin Əfəndiyev nə
qədər zəhmətə qatlaşıb, nə qədər
güc sərf edib – bunu bir özü bilir, bir də ulu MƏDƏNİYYƏT
YOLunu onunla çiyin-çiyinə addımlayan “yoldaş”ları,
əqidədaşları, görkəmli sənət
adamları...
İllər uzunu seçdiyi yolla əzmlə
yeriyən Timuçin Əfəndiyev az keçmədi ki,
mövcud olan elmi konsepsiyaları sintez halına gətirərək
öz yolunun başlıca yönünü, istiqamətini
müəyyənləşdirdi.
Əsrlər boyu zatən
ziyalı olan hər kəs bu işi görüb, görür
və görəcəkdir. Heç də asan olmayan bu yolun, bu
seçimin əsas meyarı isə hər zaman İDEAL olub.
Böyük rus alimi, türkoloq L.N.Qumilyovun təbirincə
“İdeal-uzaq proqnozdur, etnosun seçilmiş nümayəndələri
onu yaxınlaşdırmağı, həyata keçirməyi
özlərinə borc bilib, uğrunda mübarizəyə
girişirlər”.
Timuçin Əfəndiyevin
erkən yaşlarından müəyyənləşdirdiyi
İdeal – milli mədəniyyət və incəsənətin
milli köklərlə üzvi bağlılıqda dünya
standartlarına uyğun istiqamətdə
inkişafıdır. Aydın məsələdir ki, bu
İdealın qayəsi əbədi hərəkət
olduğuna görə ona çatmaq, yetmək mümkün
deyil, amma hərəkət, inkişaf naminə gündəlik
işlər görmək insandan işgüzarlıq, iradə,
sağlam düşüncə və bir də ki, doğma mədəniyyət
və incəsənətə sonsuz bağlılıq və
sevgi tələb edir.
İllər boyu
Timuçin Əfəndiyevlə mədəniyyət yolunu gedənlərə,
sıx təmasda olanlara onun sadalanan keyfiyyətlərə
sahib olması bəllidir və hamıya o da aydındır ki,
bu İdealın formalaşmasında böyük sənətkar,
Azərbaycan milli sənət düşüncəsinin qoruyucusu,
milli mədəniyyət və incəsənətimizin təəssübkeşi
İlyas Əfəndiyevin rolu və əhəmiyyəti
misilsizdir...
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti təyininə
görə sintetik xarakterli ali təhsil ocağıdır. Bədii,
yaradıcı və elmi düşüncələrin üzvi
sintezi bu təhsil ocağının gözə çarpan
özəlliyini müəyyənləşdirir. Universitetin rəhbərliyini
və bütün məsuliyyətini üzərinə
götürmüş Timuçin Əfəndiyev elə ilk
gündən öz fəaliyyətinin konseptual
proqramını hamıya bəyan etdi və onun həyata
keçirilməsi uğrunda yorulmadan çalışmağa
başladı.
Qısaca olaraq Timuçin Əfəndiyevin
uzun müddətli inkişaf proqramını belə göstərmək
olar. Bəllidir ki, iki düşüncə növü
mövcuddur: yaradıcı və reproduktiv. Yaradıcı
düşüncə subyektiv yeni dəyərlər
yaratmağa meyllidir və daha çox sənətkarlara
xasdır. Reproduktiv düşüncə mövcud olan dəyərləri
sistemli şəkildə təhrifsiz təkrarlamağa yönəlir
və daha çox müəllimlik peşəsinə
uyğundur. Universitetdə olan nəzəri və
yaradıcı kafedralarda müvafiq olaraq nəzəriyyəçi
alimlər və fəal bədii yaradıcılıqla məşğul
olan sənətkarlar təsdiqlənmiş proqramlar üzrə
dərs deyir. Əvvəllər tədris prosesinin bu iki qolu –
elmi-nəzəri və bədii, yaradıcı istiqamətləri
paralel gedirdi və buna görə də kəsişmə
nöqtələri demək olar ki, yox idi. Universitetdə
çalışdığı ilk illərdən bu
uyğunsuzluğu aşkarlayan Timuçin Əfəndiyev onun
həlli yolları üzərində ciddi
düşünmüşdü. Səlahiyyət sahibi
olduğu gündən isə Timuçin müəllim zahiri
çox sadə, amma gerçəkləşdirilməsi uzun
illər tələb edən yeni modelini açıqladı.
Bu modelin
səciyyələri aydın
və konkret idi:
–nəzəriyyəçilər tədris
proqramlarını bədii yaradıcı məqsəd və
vəzifələrə uyğunlaşdırmalıdırlar;
–yaradıcı kafedraların müəllimləri
tədris prosesini elmi-nəzəri əsaslarla zənginləşdirilməlidirlər;
–Universitetin inzibati strukturunun fəaliyyəti
göstərilən vəzifələrin təmin olmasına
yönəlməlidir.
Etiraf etmək
lazımdır ki, üçüncü səciyyə tez bir
zamanda praktiki təzahürünü tapdığı halda
birinci və ikinci bəndlərin gerçəkləşdirilməsi
xeyli zaman və zəhmət tələb etdi. Bunun səbəbi
əski təcrübədən qaynaqlandığından,
Timuçin Əfəndiyev demək olar ki, sıfırdan
başlamalı oldu. İllər lazım oldu ki, universitein
istedadlı məzunları professor-müəllim heyətinin
aparıcı qüvvəsinə çevrilərək
Timuçin Əfəndiyevin konsepsiyası üzərində
qurulmuş tədris prosesinin əsas istiqamətlərini
müəyyənləşdirməyə qadir olsunlar. İllər
lazım oldu ki, yaradıcı kafedralarda dərs deməyə
dəvət olunmuş görkəmli sənətkarlar
yaradıcı peşələrinin nəzəri əsaslarını
da tələbələrə öyrətməyə
başlasınlar. Timuçin Əfəndiyevin illərcə əvvəl
tərtib etdiyi nəzəri modelin konkret təzahürünü
bu gün Universitein Elmi Şurasının tərkibində
görmək olar: çiyin-çiyinə çalışan
nəzəriyyəçilər və praktiklər,
sanballı alimlər və görkəmli sənətkarlar, təcrübəli
pedaqoqlar və gənc müəllimlər rektor Timuçin Əfəndiyevin
rəhbərliyi ilə üç başlıca məqsəd
uğrunda çalışırlar – elm və sənət
sintezi, novatorluq və keyfiyyətli tədris prosesinin
dinamikası bu günkü ADMİU-nun “siması”nı müəyyənləşdirir.
Eyni prinsiplər əsasında fəaliyyət göstərən
Tələbə Elmi Cəmiyyəti, magistratura və
aspirantura şöbələri, xarici tələbələrlə
iş şöbəsi, tədris teatrı və s. milli mədəniyyət
və incəsənətimizin elmi və bədii
yaradıcı potensialının ən dolğun və tam
şəkildə realizəsini təyin edərək prosesin
qırılmazlığına zəmanət verir.
Timuçin Əfəndiyevin
nəzəri modeli öz praktiki realizəsini tapdı. Nəticələri
də göz qabağındadır!... Rektor vəzifəsinə
təyin ediləndən sonra Timuçin Əfəndiyev hər
şeydən öncə yeni statusunun səviyyəsini və məsuliyyətinin
masştabını dərk etdi. Özü üçün
müəyyənləşdirdi ki, mədəniyyət və
incəsənət qarşısında borc bildiyi işləri
görməlidir. Bu gün onun gördüyü işlərin
praktiki nəticəsini asanlıqla göstərmək olar. Belə
ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində rektor vəzifəsində çalışan
Timuçin Əfəndiyev vaxtilə yalnız 9 ixtisasda kadr
yetişdirən, dövlət ali məktəbləri
sırasında nüfuzu o qədər də yüksək
olmayan İncəsənət İnstitutunu mədəniyyət
və incəsənət üçün 30 (!) ixtisasdan
çox kadr hazırlayan, xarici ölkələrdən öyrəncilər
qəbul edən, beynəlxalq aləmdə diplomu tanınan
özünün aspiranturası, doktoranturası, müdafiə
şurası, muzeyi, nəşriyyatı, elmi-nəzəri
jurnalı, müstəqil “tədris teatrı”, müasir tədris
korpusları və s. olan yüksək statuslu Universitet səviyyəsinə
yüksəldib. Mədəniyyət və incəsənətimizin
aktual tələb və ehtiyaclarını ödəmək məqsədilə
Azərbaycanda bu vaxta qədər olmayan “Balet sənəti”,
“Kino rejissorluğu”, “Televiziya rejissorluğu”, “Kinooperatorluq”,
“Xalçaçılıq”, “Modaçı rəsam”, “Reklam
işləri üzrə rəssam”, “Teatr və kino rəssamı”,
“Estrada rejissorluğu” və bir çox başqa ixtisasları
tədris edən fakültələri açıb. Elmi
iddialarını “Cavidin ideyalar aləmi” namizədlik
dissertasiyasında bəyan edərək onları “Azərbaycan
dramaturgiyasında tarixilik və bədiilik” mövzusunda
yazdığı doktorluq işində yüksək səviyyədə
təsdiqləyən Timuçin Əfəndiyev bir
çoxları kimi bununla kifayətlənə bilərdi. Amma
o, yeni elmi sahələrlə maraqlanır,
aşkarladığı yeni problemləri öyrənir,
araşdırır və 30-a yaxın kitabında, 300-dən
artıq məqalədə əldə etdiyi qənaətləri
oxucuları – öyrənciləri ilə səxavətlə
bölüşür. Öyrəndiyi bilgilər artdıqca
üzərində düşündüyü mətləblər
də çoxalır. T.Əfəndiyevin elmi düşüncəsinin
məhsulu olan “Azərbaycan mədəniyyəti və incəsənəti”,
“Azərbaycan dramaturgiyasında metodlar”, “Böyük dramaturq”,
“XVIII əsr Rus teatrı”, “Ukrayna və Belorusiya teatrı”,
“Antik ədəbiyyat”, “Rus teatrı”, “Cəfər Cabbarlı
və romantik dramları”, “Romantik dramaturgiyada tarixilik və bədiilik”,
“Azərbaycan kino tarixi oçerkləri” və s. monoqrafiyalar
onun öyrəndiklərinin parlaq əksi olaraq öyrənmək
istəyənlər üçün əvəzsiz elmi qaynaq
kimi dəyərləndirilib. Bu gün, ömrünün 65
yaşlı zirvəsində tələbələrlə
canlı ünsiyyətdən yorulmayan Timuçin Əfəndiyev
gələcək teatrşünaslara dərs deyir, öyrədir
və adətinə görə öyrənir. Bəlkə
bundadır Timuçin Əfəndiyev düşüncəsinin
mütəhərrik olmasının sirri?! İllərcə
Timuçin Əfəndiyevlə çiyin-çiyinə
çalışdığımdan onun necə tələbkar
rəhbər olmasına yaxşı bələdəm. Bunu söyləməklə
nə isə fövqəladə bir rəy
söyləmiş deyiləm, bu aksiomdur: nəhəng bir təsisatın
saat kimi dəqiq
işləməsini istəyirsənsə, tələbkarlığının
istirahət günləri və məzuniyyəti
olmamalıdır. Bir də ki, Timuçin
Əfəndiyevin iradəsi, işgüzarlığı və
işin bütün səciyyələrini
– irili-xırdalı tərəflərinə ayırmadan,
önəmli və önəmsiz qradasiyasını qəbul
etmədən vurma cədvəli kimi əzbər bilməsi keyfiyyətləri onun məhz müasir, çevik düşüncəli ali məktəb rəhbəri kimi
yetkinləşməsinə zəmin yaratdı.
Timuçin Əfəndiyevin
tələbkarlıq prinsiplərini, üsul və
üslublarını öyrənməyə başlayanda
aşkarladığım bunlar oldu: tələbkarlığı
özündən başlamaq, dəqiq tapşırıq vermək
və dəqiq icrasını təmin etmək, etibar et, amma
vaxtında yoxla, töhmət və cəza görülən
qüsurlu işə adekvat olmalı, tələbkarlıq
nisbi və ya şərti olmamalı, tələbkarlıq
güzəşti istisna etmir və ən başlıcası –
tələbkarlıq tələbkarlıq naminə deyil, tələbkarlıq
işin xeyrinədir! Timuçin Əfəndiyevin şəxsiyyəti
haqqında düşünəndə birinci ağla gələn
tərif “enerji” olur. Bu adamın yaşayıb-yaratmaq
şövqü, hər şeyə səngimək bilməyən
marağı, bu günün nailiyyətlərinə qane
olmayıb sabaha – daha uzaq gələcəyə yönəlmiş
yeni planlar qurmaq həvəsi, həyatın amansız zərbələrinə
dözümü, insana müsbət təsir göstərən
nikbinliyi keçdiyi uzun yolun mükafatları kimi dəyərləndirilə
bilər. Halbuki, qədirbilən həmkarları da
Timuçin Əfəndiyevi mükafatlandırmağı
özlərinə borc və şərəf bilərək
onun qiymətini zamanında vermişlər. Əməkdar incəsənət
xadimi, “Akademik Yusif Məmmədəliyev adına mükafat”,
“Humay” mükafatı, “Qızıl Dərviş”
mükafatı, “Azərbaycan Teatr Xadimləri
İttifaqının “Qızıl medal”ı, xarici səfərləri
zamanı qarşılıqlı mədəni münasibətlər
zəminində gördüyü möhtəşəm
işlər üçün aldığı mötəbər
mükafatlar, saysız-hesabsız diplom və fəxri fərmanlar
Timuçin Əfəndiyevin yol ağaclarını bəzəməkdədir.
Yunis İmrənin təbirincə, Timuçin Əfəndiyevin
bu yolda əldə etdiyi əsl dəyərlər, əsl
mükafat və şərəfləndirmələr isə
“ondan içəri”də – milli mədəniyyət və incəsənətimizin
qutlu tərkibindədir. Başqa bir türk ozanının
sözlərini Timuçin Əfəndiyevə şamil etsək,
o, “uzun incə bir yoldadır” – mədəniyyət yolunda, əvvəli
və sonu olmayan yolun yolçusu isə, atalar demişkən,
yolda gərək... 65 yaşlı zirvənizdən Sizə
görünən yolunuz açıq olsun, Timuçin müəllim!
Sizinlə bu yolda yoldaşlıq edənlərin adından
MƏRYƏM ƏLİZADƏ
Sənətşünaslıq doktoru,
professor
525-ci qəzet.- 2010.- 17 iyul.-
S.15.