Xalq şairi Fikrət Qocanın yubileyi Filarmoniyada qeyd olunub

 

Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr olunan ədəbi-bədii gecə keçirilib. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxuyub. Daha sonra yubilyara həsr olunan şeir səsləndirib. Gecədə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar F.Qocanın mənalı ömür yolundan və zəngin ədəbi-bədii yaradıcılığından danışaraq, şairin şeirlərində Vətənə məhəbbətin, vətənpərvərlik duyğularının saf təcəssümünün öz əksini tapdığını bildirib. Yubilyar çıxışında hay-küylü məclislərdən xoşlanmadığını, lakin dost-tanışların xahişini yerə salmayıb bu tədbirin keçirilməsinə razılıq verdiyini deyib: “İnanıram ki, bugünkü yubileyim çox sakit keçəcək. Onu da deyim ki, yubileyin proqramı məndə olmayıb. Olacaq hər bir şeydən bir azdan tamaşaçılar kimi xəbər tutacağam. Xahiş eləmişəm ki, uzun-uzadı nitqlər, çıxışlar çox olmasın. Ancaq mənim sözlərimə yazılan mahnılar, şeirlərim oxunacaq. Mənim özüm də səhnədə olmayacam”. Xalq şairi Nəriman Həsənzadə yubilyarı təbrik edərək deyib: “Hesab edirəm ki, bu gün Azərbaycan ziyalılarının bayramıdır. Fikrət Qoca çox geniş yaradıcılığa malik şairdir. Xalqımızın tarixini gözəl bilən, dövlətimizi layiqincə təmsil edən ziyalılardan biridir. Fikrət Qoca o şairlərdəndir ki, onu həm şairlər, həm də oxucular çox sevir”. Tədbirdə tanınmış sənətçilər Fikrət Qocanın şeirlərinə yazılmış mahnıları ifa edibonun şeirlərindən parçalar səsləndiriblər. Xatırladaq ki, bugünlərdə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Fikrət Qoca “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 20 iyul.- S.4.