Yolayrıcında
qaçış
(Çaşmış insanlar haqqında
çaşqın bir roman)
(romandan parça)
(Əvvəli ötən şənbə
sayımızda)
Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) yeni “Yolayrıcında qaçış” romanı tamamlanıb və bütöv nəşri “Azərbaycan” dərgisinin sentyabr sayı üçün nəzərdə tutulub. İndilikdə isə əsərdən bəzi parçaları oxuculara təqdim edirik.
“Çaşmış insanlar haqqında çaşqın bir roman” kimi dəyərləndirilən əsərdə qloballaşan dünyanın adamlar üçün yaratdığı problemlər və onun fəsadları qabardılıb. Romanda əkiz bacılar – Fatimə və Züleyxanın timsalında şərq-qərb ziddiyyəti, şərq-qərb əxlaqının qarşıdurması öz əksini tapıb.
Dekabrın 9-da, günorta saatlarında azəri gözəli, 34 yaşlı Züleyxa Göyçək Beşiktaşda, öz malikanəsində qətlə yetirilib.
“Hürriyyət+” qəzeti, 10 dekabr 2009.
Züleyxa danışdıqca keçmişin xiffəti məni bürüyürdü. Bu xiffəti Boğaziçindən qopan külək də dağıda bilmirdi. Və indinin özündə də ətrafa qəribə ətir saçan bu xanımın cazibəsini hər an hiss edirdim. O, həyatı bütövlükdə yaşamağa alışmış adamıydı. Bu cür qadınlar haqqında ən xoşagəlməz fikirləri söyləməkdən çəkinmirlər. Bəziləri onu kişiləri bədbəxt edən cadugərə, bəzilərisə göz qamaşdıran və tez xərclənən var-dövlətə bənzədirlər. Mənsə onu xəzinəyə oxşadırdım. Çünki mənimçün yenə də cəlbedici və sirliydi.
O,
boş-boş şeylərdən danışırdı,
istanbulluların qəribə məxluq olmalarından,
addımbaşı para güdmələrindən, xəsisliklərindən
söz açırdı. Dil qəfəsə qoymurdu. Elə
ürəkdən gülürdü ki, ağzında
ağappaq dişlərini saymaq olardı. Kövrələndə
gözləri qəribə və sirli görünürdü,
seksuallığı birə beş artırdı...Amma nədənsə
o, sözünün canını deməyə, söhbətinin
məğzini anlatmağa tələsmirdi. Bizə gətirilən
yeməyə də əl vurmamışdıq. Onun fikri öz
macəraları ilə məni valeh eləməyin yanında, mənim
düşüncələrim isə Züleyxanın
ağzında, burnunda, dodaqlarında, jestlərində, əlçatmaz,
gündəyməz yerlərindəydi. O çox gözəl
idi. Qınamasalar deyərdim ki, İstanbul onun gözəlliyinin
yanında solğun görünürdü. Mən
Züleyxanın balaca, yupyumru döşlərinin arasını,
ağappaq budlarını xatırlayırdım və hələ
də özümü nakam bir növcavan kimi hiss edirdim. Biz, yəni
mən və uşaqlıq dostlarım dəfələrlə
onu xəyallarımızda soyundurmuşduq, çəhrayı
məmələrini öpmüşdük, amma sirli “zonaya” əl
vurmamışdıq, onu intim anlar üçün
saxlamışdıq. Çünki müsəlmançılıq
bizim qanımızdaydı və ən intim səhnəni zifaf
gecəsi üçün saxlayırdıq.
lll
Züleyxanın qəfil səsi
məni fikirdən ayırdı:
– O uzaqdakı qayığı görürsən?! Sanki qayığın yox günəşin yelkəni var,-deyə şıltaq qızlar kimi sevincini gizlətmədi.
Mən o, göstərən tərəfə baxdım. Günəş qürub edirdi və onun fonunda qayığın yelkəni günəşin yelkəni kimi görünürdü. Qayığın yelkəni qürub edən günəşin dalğalanan örpəyinə bənzəyirdi. “Qürub edən günəş talesiz gəlinlərə bənzəyir”. Bu Züleyxanın fikriydi və qürub edən günəşi mənə havayı yerə göstərmirdi.
Nə qayığıdı elə? Anlaya bilmədim. Sanki dəniz sularında azmış kimiydi, hara gedəcəyini bilmirdi.
– Həmişə gün batanda Boğaz içinə baxmağı xoşlayıram. Yelkənli günəşi görmək üçün. Ağ yelkənli, – deyə əlavə elədi. Sonra nədənsə gözləri doldu və başını stolun üstünə qoyub ağladı.
Mən onun başını sığalladım. Bu, mənim çoxdankı arzum idi.
O, başını qaldırdı və qızarmış, amma gözəlliyini hələ də itirməmiş gözlərini yana döndərib dedi:
– Hər şeyə nifrət eləyirəm. Özümdən zəhləm gedir.
Bu sözləri deyən hamının həsəd apardığı Azərbaycan gözəliydi.
Mən ona uşaqlığımızı xatırlatdım. O isə:
– Olmaya mənim yanıma uşaqlıq xəyallarını gerçəkləşdirmək üçün gəlmisən?
– Yox, dedim,- o hisslər indi tamam başqalaşıb, onlar mənə xəyallarımdan daha əzizdir.
– Mən yox, mənim erkəyim var və sənə yenə də həmin uşaq kimi baxıram.
– Mən uşaq deyiləm, 32 yaşım var.
– Amma yenə də uşaq kimi qalmısan...- Bu sözlərdən sonra o üzümə zəndlə baxdı, sanki nəsə axtarırdı. Sonra, – istəsən, sənə təşkil edərəm,- dedi.
Mən də eyni qayda ilə onun üzünə baxdım və:
– Pis təklif deyil,- dedim...
Onun sonradan mənə göndərdiyi qız yaraşıqlıydı...
“Quş ağzı”ndan çıxdıq. O, sürücüsünə işarə elədi ki, bizim arxamızca gəlsin. Biz piyada Boğaziçi sahiliylə xeyli dinməzcə addımladıq. Onun əlində çörək qırıntıları vardı, bayaq restorandan çıxanda stolun üstündən götürmüşdü. O zaman onu başa düşməsəm də, indi anlayırdım. Züleyxa çörək qırıntılarını az qala başımızın üstündə uçuşan qağayılara atırdı. Onlardan ən fərasətlisi suya baş vurur və çörək qırıntılarını udurdu.
Dənizə sallanmış köhnə qalanın yanına kimi piyada gəldik və bir kəlmə də olsun kəsmədik. Qalalar mənə əzəmətli, vüqarını itirməyən cəngavərləri xatırladır. Onlarda güclü bir enerji və heç zaman ölməyən ruh var.
Bir müddət dinməz-söyləməz qalanın ətrafını fırlandıq. Züleyxa qalanın divarlarını sığallayırdı. Mən düz tapmışdım. Qalalar vüqarlı erkəklərdəndirlər və bunu gözəl qadınlar hamıdan tez duyur.
Yolumuza davam elədik. Danışmağa sözümüz yox idi. Züleyxa məni mehmanxanaya qədər ötürmək istədi, razı olmadım.
– Tək qalmaq istəyirəm, – dedim.
– Yoruldun, demək? – Züleyxa dedi və gözəl gözlərini mənə yox, Boğaziçinə tərəf süzdürdü.
– Heç səndən doymaq olarmı!?- dedim.
O güldü. Elə ürəkdən qəhqəhə çəkdi ki, sanki sonuncu dəfə gülürdü...
Ayrılanda
söz verdim ki, İstanbula hər gəlişimdə mütləq
ona baş çəkəcəm. Amma bu bizə nəsib
olmadı...
lll
Portye otağıma zəng
vurub dedi ki, yanıma gələn var. Özü də gözəl
bir bayandır. Şübhəsiz, Züleyxanın göndərdiyi
hədiyyəydi. Allah eləsin, onun kimi gözəl və
yaraşıqlı olsun. İstanbulun ortasında gözəl
bir xanım və mən. Özümüzünkülərdən
olmasa yaxşıdır.
– Buraxın gəlsin,- dedim.
Hamamdan təzə
çıxmışdım, təzə bəylərə
oxşayırdım. Çənəmin altını azca kəssəm
də, zərəri yoxuydu, əksinə, bu görkəmim mənə
“krutoy” (asıb-kəsən) oğlanları
xatırladırdı. Avqust küləyi köhnə damlara
açılan pəncərəmin ağ pərdələrini
yellədirdi.
Həyəcanımdan
mahnı oxumağa başladım. Gələn bayanla hardan
başlayıb, harda qurtaracağımı götür-qoy elədim.
Amma bir tərəfə gedib çıxa bilmədim...
Nəhayət, həmin an gəlib
çatdı. Qapı döyüldü. “Gəlin”
sözündən sonra içəri gözəl bir xanım
girdi. Özündən öncə gözəl ətir qoxusu
burnumun pərlərini oxşadı.
Boyasız-filansız bir
gözəl. Əynində cins şalvarı, yerliyi ağ,
qabağı yazılı koftası vardı. 20-21 yaş ancaq
vermək olardı. O, heç nə demədi,
ayaqqabılarını çıxarmadan keçib, iki nəfərlik
çarpayımın qırağında oturdu. Mehmanxanada iki nəfərlik
çarpayılar kişiləri özündən
çıxardır. Ona görə də tək kişiləri
tək çarpayılı otaqlarda yerləşdirmək
lazımdır ki, səhərə kimi yuxularını
qarışdırmasınlar, subaylar sevgilərinə, evlilər
arvadlarına xəyanət eləməsinlər, ya heç
olmasa, o barədə düşünməsinlər.
Görünür, Adəmi yoldan çıxaran nə
buğda dənəsi, nə də qırmızıyanaq alma
olub. Gərək bundan sonra , ikiadamlıq çarpayı məsələsini
gündəmə gətirək...
Otağımın müvəqqəti
sahibəsi özümü itirdiyimi görüb,
ayaqqabılarını yavaş-yavaş çıxarmağa
başladı, sanki məndən nəsə bir hərəkət
gözləyirdi. Mənsə yerimdən tərpənmirdim və
ayaq üstə dayanıb boş küncə baxırdım.
Sonra gözlərimi qonağıma zillədim, nəhayətdə
pəncərədən çölə baxmağa
başladım. Çöldə maraqlı heç nə
yoxuydu. Evlərin damında göyərçinlər
dolaşırdı.
Mən geri dönəndə
o, koftasını da çıxarmışdı, ət rəngi
lifçiyi həyasız kişilər kimi məmələrini
qamarlamışdı. Mənim həyasız
baxışlarım altında şalvarını soyunmağa
başladı. Dəfələrlə demişəm axı:
qadınlar söz tapmayanda soyunurlar.
–Dayan, – dedim. – O dayandı və
təəccüblə üzümə baxdı.- Niyə belə
eliyirsən?- deyə xəbər aldım.
– Bizi heç zaman
soyundurmurlar, özümüz soyunuruq.
– Onu soruşmuram. Deyirəm
ki, səni bu yola vadar edən nədi?
Mən centlemenliyimdən belə
eləmirdim, sadəcə fahişələrin
psixologiyasını öyrənməyə
çalışırdım. Təbii, hənanın yeri
deyildi.
– İstəyirsiniz gedim?
–Qız hürkək baxışlarıyla xəbər
aldı və ayağa durdu.
– Yox, qal, – dedim, –
danışmırsan danışma, özün bilərsən,
sadəcə mənimçün maraqlıydı...
– Borcum var. Onu
qaytarmalıyam.
– Kimə?
– Deyə bilmərəm.
– Bəlkə köməyim
dəydi?
– Mənim borcum çoxdur.
Bir-iki gecəyə onu həll eləmək olmaz.
Özümün özümə
gülməyim tutdu. İstanbulun ortasında
tanımadığım bir fahişəyə kömək təklif
eləyirdim...
O dinmədi və soyunmaqda
davam elədi...
Mən onu öpürdüm,
amma Züleyxanı xatırlayırdım. Mənə elə
gəlirdi ki, bu bədən, bu dodaq yad bir qadının yox,
uzun illərdən bəri ürəyimdə həsrətini
çəkdiyim gözəl Züleyxanındır. Onun
ağappaq yumru döşlərini tumarlayırdım, məməsinin
çəhrayı gilələrindən öpürdüm, həsrətini
çəkdiyim baldırlarını
sığallayırdım.
– Ax Züleyxa!- deyə inildəyirdim.
Qız gedəndə mənə
tərəf baxmadı və dedi:
– Mənim adım Züleyxa
yox, Zeynəbdir.
– Unutmuşdum,- dedim.
Əslində heç
adını soruşmamışdım da. Onun adının
baş hərfi mənə bəs idi. Ona görə də
dinmədim. Bütün “Z” hərflərini ən
hündür ağacların başına, qıyya çəkən
qayaların sinəsinə yazın...
lll
Mən indi, yəni
Züleyxadan ayrılandan təxminən üç ay yarım
sonra İstanbula uçan təyyarədə oturub
keçmişi xatırlayırdım, onun qana bələnmiş
rəsmini və televiziya kadrlarını gözlərim
önündə canlandırırdım. Hadisə təxminən
bir həftə öncə olmuşdu. Bu dəfə
İstanbula ədəbiyyat dərgilərinin
toplantısında iştirak etmək üçün gedirdim,
amma ondan öncə Türkiyədəki dostlarımla
danışmışdım ki, bu hadisəni araşdırmaq
üçün mənə iki gün əlavə vaxt və
maşın ayırsınlar. “Yazacağım əsər sizi
də maraqlandıra bilər”- demişdim. Arxadaşlar (səhv
deyil, məhz, arxadaşlar) da mənə inanmış və
İstanbulda yardım edəcəklərinə söz
vermişdilər.
Dekabrın ikinci həftəsi,
çisginli bir havada təyyarədə uçurdum və
ölüm haqqında fikirləşirdim. Bir müddət
öncə həyatı istədiyi kimi, sevə-sevə
yaşayan Züleyxa – mənim və məhəllə
uşaqlarının ilk sevgisi, gözəllik idealı vəhşicəsinə
qətlə yetirilmişdi. Mən təkcə
özümün yox, həm də keçmişin və məhlə
uşaqlarının xətrinə bu hadisəni
araşdırmalıydım, ona qaldırılan əli kəsə
bilməsəm də tapmalıydım. Tapmalıydım ki, ona
lənətlər də yağdıra biləydik.
Çünki obyekti lənətləmək üçün
onu müəyyən eləmək lazımıydı.
Züleyxa haqqında düşüncələrimə mühərrikin
uğultusu, ön oturacaqdakı cocuğun
çığırtısı, sərnişinlərin
hırıltısı mane olurdu. Bunlardan qurtulmaq
üçün musiqi məkanını seçdim.
Qulaqcıqları taxdım və
oturacağın qoltuqluğundakı radio-düyməni
fırlamağa başladım. Öncə
qarmaqarışıq səslər gəldi, sonra cürbəcür
mahnılar eşidildi. Mən birinin üstündə
dayandım. İlk dəfə İstanbula uçanda da mən
eyni mahnını eşitmişdim. Müğənni xanım
ölümün şəninə şərqi oxuyurdu,
“ölümdən başqa, həpsi yalan”- deyirdi. Bəlkə,
Züleyxanın ölümü də yalan idi. Mən
tele-kadrları və qəzetdəki şəkilləri
gözümlə görsəm də, Züleyxanın
ölümünə inanmırdım, bəlkə də
inanmaq istəmirdim.
İlmünatordan
çölə baxdım. Buludların üstü ilə
uçurduq. Günəş ağappaq pambığa oxşar
buludları işıqlandırır və məndə
nostalji hisslərini gücləndirirdi, sanki yerdə yağan
çiskinin ona dəxli yoxuydu.
“Ölümdən başqa həpsi
yalan”. Doğrudanda ölüm yalandımı? “Ölüm nə
həyatın başlanğıcı, nə də sonudur,
ölüm həyatın davamıdır”. Bu fikirləri mən
gündəliyimdə yazmışdım. Bilmirəm
özümünküydümü, yoxsa hardansı
çırpışdırmışdım. Hər halda
yaxşıydı, ağlabatan idi. Heç kim ölmək istəmir,
ölməyə məhkum olunanlar isə əsl həyatın
o biri dünyada – axirətdə olduğuna inanır, ya da
özünü inandırır. Bu mahnını oxuyan
xanım, görəsən, ölümə
inanırdımı, yoxsa o da əbədi həyat axtaranlar
kimi axirətə bel bağlayırdı?
Styüardessalar zəif yerlərimdən
biridir. Onlar göydən enən mələklərə
oxşayır. Fikirləşdim ki, işdi-şayət ölsəm,
yəqin ki, bu styüardessalarla bir yerə düşəcəm,
olsun ki, cənnətə. İstədim onlardan biriylə
zarafat eləyəm, elə belə kefimi açmaq
üçün.
– Yanımda otura bilərsiniz?
– onlardan bir qədər yaşlısından soruşdum.
O, əvvəlcə məni
başa düşmədi:
– Anlamadım!?- dedi və
göy sürməli gözlərini döydü.
– Bilirsiniz, mən təyyarədə
uçmaqdan qorxuram, siz mənim yanımda otursanız, qorxum
keçər.
– Yaxşı zarafatdır, –
styüardessa dedi, gülə-gülə məndən
uzaqlaşdı və su istəyən sərnişinə tərəf
getdi. Onun yerişində arxasınca baxan bir kişinin gözləri
vardı. O bunu hiss elədiyindən elə nazla yeriyirdi ki,
sanki gözlərimin inciyəcəyindən və başqa səmtə
baxacağından qorxurdu.
Bir azdan sonra həmin
styüardessa yenidən yanımdan keçdi və mənə
tərəf baxmadan, az eşidəcək səslə, intim
münasibətlərə işarə edən ədayla:
– Qorxunuz keçdimi? – deyə
soruşdu.
– Onsuz da ikimiz də cənnətə
düşəcəyik, – dedim.
Mənim sözlərimi
eşidib-eşitmədiyini bilmirəm, ancaq gülümsədiyi
şəksiziydi...
Təyyarə
Boğaziçinə yaxınlaşanda yenə də məni
nostalji hissləri bürüdü. Boğaziçi qara
keçə kimi qırçınlanırdı, sular parket
döşəməyə oxşayırdı...
lll
Səhər açılan
kimi “Bahar çiçəkləri” gözəllik salonuna gəldim.
İndi buranı Züleyxanın ən yaxın rəfiqəsi
Əslihan xanım idarə edirdi. Gözəlliyinə söz
ola bilməzdi. Amma ətiacı və eqoist qadınlara bənzəyirdi.
Bu cür qadınların dodaqları nazik, döşləri
xırda olur, amma bədən quruluşuna söz ola bilməz:
90-60-90. Züleyxa, bəlkə də acıdil qızları qəsdən
seçirmiş, onu üstələməsinlər deyə.
O:
– Züleyxadan sizə
yalnız bu qalıb,- dedi və mənə bir şəkil
uzatdı.
Bu, üç yaşlı Məhəmmədlə
Züleyxanın şəkiliydi. Balaca Məhəmməd
Züleyxanı qucaqlamışdı, sanki onu iyləyirdi.
Züleyxa bu şəkli mənə Boğaziçində
göstərmişdi və onu portmanatında gəzdirirdi...
– Zinət əşyalarını
heç sevməzdi, bir dəfə taxan kimi rəfiqələrinə
paylayardı, – deyə Əslihan xanım əlavə elədi.
Bununla da o demək istəyirdi
ki, Züleyxanın nə mülkünə, nə də
var-dövlətinə iddia eləməyə dəyər. Evlərində
də bu fikrə düşənlər varsa, onu
başlarından çıxarsınlar. Amma Bakıda kimsə
Züleyxanın mal-mülkünə göz dikə bilməzdi,
çünki ondan xəbərləri də yoxuydu. Təbii, mənim
də belə bir fikir ağlıma gəlməzdi. Məni
ancaq Züleyxanı kimin və nəyin üstündə
öldürməsi maraqlandırırdı. Bəlkə də
bu, Züleyxanın taleyinə acımaqdan çox, onun ruhu ilə
birgə keçmişə qayıtmaq və olanları,
olacaqları qələmə köçürmək
iddiasıydı. Bəzən keçmişlə yaşamaq (həmin
keçmiş acı olsa da belə) gerçək həyatda
vurnuxmaqdan qat-qat sərfəli və cəlbedicidir...
Olanlar olmuşdu, amma necə?
Malikanəyə Sərdar bəyin
maşınında getdik. Hökumət məmuru da bizimləydi.
Sərdar bəy dedi ki, Züleyxanın əmlakı reyestr
xidmətinə verilib və onların icazəsi olmadan malikanəyə
baxış keçirmək olmaz.
Yolda istanbullu rəssamdan
soruşdum ki, Züleyxanın öldürülməsində
kimdən şübhələnir. O isə cavabında
“Heç kimdən”- dedi, – “Züleyxa xanımı bir kimsə
izləmirdi, hər halda mən bunun şahidi olmamışam,
özü də mənə bu barədə bir söz deməyib”.
Mən Züleyxayla Sərdar
bəyin hansı münasibətdə olduğunu bilmirdim. Bəlkə
də Sərdar bəy bir zamanlar Züleyxanı sevmişdi, ya
bəlkə Züleyxa ona vurulmuşdu. Üzündə az nəzərə
çarpan çopurlar olsa da, Sərdar bəy
yaraşıqlı kişiydi. Bu cür kişi tiplərini mən
Mopassanın “sevimli dost”una oxşadıram. Nüfuzedici
baxış, çəkmə sifət, qalın bığ.
Züleyxayla zövqləri də
üst-üstə düşürdü, hər ikisi
Boğaziçini sevirdi. “Bahar çiçəkləri”
gözəllik salonunun divarından asılmış
“Boğaziçində günəş” rəsmi də Sərdar
bəyin Züleyxaya hədiyyəsiydi. Mən onu Züleyxaya
qısqanmırdım, əksinə
düşünürdüm ki, azəri gözəli istanbullu
rəssamın yanında olsaydı onu qoruya bilərdi.
Biz malikanəyə
çatdıq. Malikanə Beşiktaşda, Yıldız
parkına yaxın, Boğazın lap sahilindəydi.
Hökumət məmuru
malikanənin iri dəmir darvazasını dəstə
açarla açdı. Malikanənin böyük həyəti
vardı. Hasarların dibinə mənim indiyə kimi görmədiyim,
yaxud indiyə kimi fikir vermədiyim və adını bilmədiyim
gül kolları basdırılmışdı. Qəribəydi.
Bir kolun üstündə rəngbərəng çiçəklər
vardı. Payızın bu çisginli havasında
çiçəklər öz rənglərini itirməmişdilər.
Mobil telefonumu çıxarıb, üstündə
yağış damcıları mürgüləyən
çiçəkləri çəkdim. Sərdar bəy
malikanəni və gül kollarını diqqətlə
süzdüyümü, onlara vurğunluqla
baxdığımı görüb:
– Züleyxa xanım hər səhər
özü bu güllərə quluq edərdi, onları Orhun bəy
Afrikadan gətirmişdi,- dedi.
Və mən indi başa
düşdüm ki, bu çiçəklər niyə
gözəldilər. Çünki onlarda Züleyxanın nəfəsi
vardı.
Biz üçmərtəbəli
malikanəyə girdik. İçəridən kimsəsizlik
qoxusu gəlirdi. Sanki hissiyyatım yoxa
çıxmışdı. Mən Züleyxanın hənirtisini
duya bilmirdim. Yuxarı qalxa-qalxa düşünürdüm ki,
bir zamanlar Züleyxa da bu taxta pillələrlə
addımlayıb. Daha doğrusu bütün bunları
düşünməkdən çox, təsəvvür
edirdim...
Hökumət məmuru dəstə
açarla elə addımlayırdı ki, mən onu türmə
nəzarətçilərinə bənzədirdim. O bizdən
irəlidə addımlayır, hər qapının
ağzına çatanda dayanır, açarları
şaqqıldada-şaqqıldada, cəld bir hərəkətlə
qapını açır, kənara çəkilir və
bizim otaqları seyr eləməyimizdən zövq
alırdı. Onun baxışlarında bir soyuqluq vardı.
Otaqlarda qəribə və
maraqlı heç nə yox idi. Hər mərtəbədə
demək olar ki, eyni əşyalar vardı: stol, stul, kreslo,
divan, televizorlar...Onları toz basmışdı. Kimsəsizlik
bu əşyaları gözdən salmışdı.
– Bunların
üstünü örtmək olardı, – deyə mən nədənsə
dilləndim, bəlkə də cansıxıcı pauzanı
aradan qaldırmaq üçün belə dedim.
Sərdar bəy:
– Dostları Züleyxa
xanımın əlləri dəyən əşyaları
çılpaq saxlamağı üstün tuturlar, – dedi, –
özü də bunlar müvəqqətidir, yəqin, malikanənin
təzə sahibi buranı alanda əşyaları da
saxlamayacaq.
Mənə elə gəldi
ki, “çılpaq” sözünü Sərdar bəy qəsdən
işlətdi. Bu, Züleyxanın
açıq-saçıqlığına işarəydi. Ona
görə də bir qədər incik və kinayəli tonda:
– Bəlkə
özünüz alasınız? – dedim və çiçək
xəstəliyinin izləri qalmış üzünə
baxdım.
Sərdar bəy köhnə
kişilərə məxsus ədayla, bir az da ərklə
çiynimə vurdu:
– Param çatsa da, cəsarətim
çatmaz, – dedi.
Üçüncü mərtəbədə
qapısı bağlı iri bir otaq da vardı.
Hökumət məmuru:
– Mərhumun şəxsi əşyaları
yığılan otaqdır. Yaxınlarından kimsə
onları apara bilər, – dedi və üzümə baxdı.
O demək istəyirdi ki,
özümü mərhuma yaxın bilirəmsə, həmin əşyaları
götürə bilərəm.
Mən əşyaların nədən
ibarət olduğunu soruşdum. Məmur cavab verdi ki, orada
Züleyxa xanımın qanlı paltarlarından, köhnə
geyincəklərdən, dodaq boyalarından, parfümdən və
bər-bəzək əşyalarından savayı bir şey
yoxdur.
– O əşyaları
Bakıya atasıgilin ünvanına göndərsəniz,
yaxşı olar. Mən Bakıya qayıdan kimi onların yeni
ünvanını öyrənib sizə xəbər verərəm,
bir müddətdir ki, başqa yerə köçüblər,
– dedim, sonra əlavə elədim, – qanlı paltarlarından
başqa.
Qan iyindən və qanlı
paltarlardan zəhləm getdiyinə görə o otağa girməkdən
imtina elədim.
Biz geriyə qayıtdıq.
Qəlbimdə və canımda sıxıcı bir ovqat
vardı. Mən burdan getmək istəmirdim, hansısa bir
qüvvə, sanki ayaqlarımdan tutub geri dartırdı.
Züleyxanı öldürən adamın kimliyini, bəlkə
də burda öyrənmək olardı, meditasiya vasitəsiylə.
Amma buna halım qalmamışdı. Mən indi heç nə
istəmirdim, bir küncə çəkilib, Züleyxanı,
onun gəncliyini, “Quş ağzı” restoranındakı
şaqraq gülüşlərini, bəyaz dişlərini,
ala gözlərini xatırlamaq istəyirdim. Mən arzuma
çatdım, amma tək yox. Sərdar bəy ovqatımı
duydu və:
– Bəlkə, “Quş
ağzı” restoranında bir nahar eləyək,- deyə təklif
elədi,- istəsən rus vodkası da içərik.
Mən imtina eləmədim.
Şərab içməyin və Züleyxalı günləri
xatırlamağın əsl məqamıydı.
Üz-üzə
oturmuşduq və hərdən mənə elə gəlirdi
ki, qarşımdakı Sərdar bəy yox, Züleyxadır.
Onun sifəti tez-tez dəyişirdi. Boğaziçindən əsən
külək dəniz sularını çiskinli
yağış kimi hərdən üzümüzə vururdu
və mən ayılırdım. Dənizdə yelkənli
qayıqlar yoxa çıxmışdı. Görünür,
onlar günəş olanda dənizə çıxırlar. Bəlkə
Züleyxa olmadığına görə
görünmürdülər?
– Cansıxıcı bir mənzərədir,
– dedim.
– Cansıxıcı və
ürəküzücüdür,- deyə Sərdar bəy
sözümə qüvvət verdi.
Biz Züleyxa barədə
bir kəlmə də kəsmədik. Bəlkə də onu
xatırlamaqdan qorxurduq, amma dəqiq bilirəm ki, həmin vaxt
o, bizim ürəyimizdəydi. Yəqin ki, mən onu gözəl
“Malena” kimi, o isə “Göyçək” xanım kimi
xatırlayırdı...
Biz ayrılanda Sərdar bəy:
– Mən demək istəmirdim,
bəlkə də bunun Züleyxa xanımla əlaqəsi
yoxdur. Amma son zamanlar onun yanına bir oğlan gəlirmiş, Məhəmməd
adında, – dedi, – Göytəpə universitetinin tələbəsiymiş,
Göyçək xanımın qohumuymuş. Züleyxa
xanım öləndən sonra həmin oğlan da yoxa
çıxıb. Bəziləri ondan şübhələnir.
Çünki bir PKK terrorçusunun gündəliyindən
onun adı tapılıb. Lap təzəlikcə olub bu. Qəzetlər
belə yazır.
Mən, sanki indi
ayıldım, birdən yadıma düşdü ki,
Züleyxanın bacısı oğlu Məhəmməd
İstanbulda oxuyur və onların əlaqəsi olmamış
deyil. Ürəyimdə sevindim, amma büruzə vermədim.
Araşdırma üçün gözəl mövzu
vardı. Bəlkə də ipin ucunu tapmışdım...
Otağıma qayıdan kimi
yatdım və səhər erkən oyandım.
Üzümü qırxanda gözlərimə fikir verdim,
onlarda uşaq marağına oxşar nəsə vardı...
Elçin HÜSEYNBƏYLİ
525-ci qəzet.- 2010.- 24 iyul.- S.28-29.