Sevgini yaşayanyazan şair

 

Qoy çəkilsin göy üzünə bu sevgi

onun yeri mələklərin sinəsi.

bu gözəli ürək dolu sən sev ki,

yer üzünə gəlməyibdi beləsi.

 

Bu misraların müəllifi sevgini yaşayanyazan şair Əbülfət Mədətoğludur. Ə. Mədətoğlu yaradıcılığına yenidən qayıdışım onun yazı üslubuna, yaradıcılıq manerasına, ideya rəngarəngliyinə və bu rəngarənglikdən doğan vəhdətə heyrətimdəndir.   Ə. Mədətoğlu sevgi şairidir. Sevgi Allahın insana bəxş etdiyi ilahi hissdir. İlahinin bəşəriyyətə əta etdiyi sevgi nuru hər kəsdə deyil, o yalnız seçilmiş insanlarda təcəllə tapır. Əbülfət Mədətoğlu Tanrının məhz belə seçilmişlərindən-cismində və ruhunda sevgi ziyası daşıyanlarından biridir. Ə. Mədətoğlu sevgisinin, məhəbbətinin təzahürü bir-birinin ardınca səf-səf düzülən yüzlərcə sevgi şeirləridir. Onun hər misrası böyük bir sevginin tarixçəsidir. Ə. Mədətoğlu poeziyasına bir nakamlıq, bədbinlik, dünyadan küskünlük xasdır. Bu şairin sevgi fəlsəfəsini səciyyələndirən başlıca nüanslardandır. Bu misralar qəlbi sevgiylə dolu nisgilli bir aşiqin halını ifadə edir:

 

mən səni

düşündükcə

ağrım-acım

bal olur

elə bil qorxusundan-

dərd susub

lal olur.

 

Sevən insan sevgilisinin yolunda hər cəfaya qatlaşır. Bir zamanlar gözəllik istinadgahları Ay, Günəş olan aşiq indi yalnız ona tapınır, pərvanə şamın eşqiylə yandığı kimi aşiq sevgilisinin yolunda əriyir. Bu bənzətmə obrazlı şəkildə şairin qələmində bax bu misralara çevrildi:

 

günəşə üz tutmuram

aya da biganəyəm

hər şeyi unuduram

tək sənə pərvanəyəm.

 

İlk baxışda dünyəvi sevgini andıran bu misraların mayasında əslində ilahi sevgi durur. Günəşi, Ayı unudaraq tək ona aşiq olan lirik mən(yəni Ə. Mədətoğlu) burada bəlkə İslamdan öncəki dövrlərdə mövcud olmuş inancları nəzərdə tuturdu ki, onun da mahiyyətində səma cisimlərinə-Günəşə, Aya tapınma durur. Günəşdən, Aydan üz çevirərəksənətapınma isə bir növ Həqqə qovuşma, Allahın yolunu tapmadır. Şair digər bir şeirində deyir:

 

canım, hər yerdə sənsən

hər an sənin nəfəsin

qismən canım ödəyər

verdiyinin əvəzin.

 

Bu misralarda ilk başda sufizmin işartıları özünü göstərir. Hər yerdə Həqqi bulmaq Hürufilikdən gəlmə bir şüardı ki, o daha öncə müxtəlif şəkillərdə müqəddəs dini kitabımız olanQurani-Kərim”də qeyd olunmuşdu. O, yəni Allah hər yerdə hər şeydə var. Eşqi Haqqın dərgahına yüksəldən şair ilahi sevgidən bəhs edərkən sanki lirik mən olaraq özü maddilikdən, dünyəvilikdən qoparaq Haqqa qovuşur. Bu an şairin yeganə umacağı da elə budur.

 

daş divara yazılası adım var

baş divardan asılası şəkilim

məni görmək istəməyən adam var

tilsim elə, Allah, göyə çəkilim.

 

 Əbülfət Mədətoğlu qədər reallıqlardan uzaq olsa da, xəyalın dibsiz ənginliklərində qanad çalsa da o həm əsl zəmanə şairi, yer oğludur.

 

...dinclik tapmaq istəyirsənsə

mesajla

ruhunu göndər mənə.

 

Sevdiyindən bu umacaq yalnız qəlbi bu günün nəbzi ilə vuran çağdaş zəmanə aşiqinin daxilindən gələ bilər. Mücərrədliklə reallığın vəhdətindən doğan bu istəkdə sivilizasiyanın bu günkü inkişaf həddi əks olunmuşdur. Bunu isə yalnız əsl qələm sahibi, sözün həqiqi mənasında sənətkar yarada bilərdi.

Əbülfət Mədətoğlunun sevgi lirizminə, məhəbbət fəlsəfəsinə bir dərd hakimdir. Sevgidən bəhs edərkən şair:

 

çətindi mənimlə danışıb, gülmək

ancaq dərd tökülür,

dərd yağır məndən.

əvvəldən deyəydim bu sözü gərək-

incimə, dünyaya qəm baxır məndən.

 

yaxud

 

əsir taleyimdə payız küləyi

hər gün həsrətinlə

mən baş-başayam.

üzülür canımdan Məcnun ürəyim-

buna çətin dözüb, çətin yaşaram

 

deyərək ah-fəğan edir.

Ə. Mədətoğlu poeziyasına özünəməxsus pafos verən maraqlı bir cəhət var ki, bu da şairin məhəbbət mövzulu şeirlərində konkret məzmunlu sevgilərlə bərabər həm sevginin bir necə qolunu çulğalaşmış şəkildə vəhdət halında verə bilmə məharətindədir.

 

daha çıxıb gedəcəm,

gedəcəm hara gəldi. . .

bütöv ürək vermişdim-

üstümə para gəldi. . .

getməyim bəs neyləyim?. .

 

dağılmış yurd yerimdə

qalıb ki, daşına?

dərdlərin sinəsində

dönüb bir baş daşına-

 bitməyim bəs neyləyim?. .

 

Eyni şeirdən alınmış bu parçalarda həm sevdiyin kəsə, həm vətənə olan sevginin təzahürlərini görmək mümkündür. Bu da şairin yaradıcılıq məharətindən doğur. Əbülfət Mədətoğlunun yazdığı şeirlərində olan çox güclü lirizm oxucuda elə bir təsəvvür yaradır ki, sanki qaynar bir bulaq ondan su götürməyə gələn gözəl qızlara öz bəstələdiyi nəğməsini oxuyur. Şairin bir-birinin ardınca düzdüyü misralar öz harmonikliyi ilə oxucuda dağdan axan şəlalə ahəngdarlığı kimi ruh oxşayacaq təsir gücündədir. Şair öz məkanını tapmayan, vaxtında, zamanında ülviyyətə qovuşmayan sevgini çox poetik ifadə etmişdir:

 

İçin-için inildər

Bir məhəbbət içimdə.

yaxud da:

Məndə həsrət alovlu,

Səndə sevgi paslanır.

 

Bəzən insan özü bilmədən, hiss etmədən məhəbbətə mübtəla olur, onun əsrarəngiz aurasına düşərək olduğu məkanı zamanı unudur. Bu vaxt insan elə ağılagəlməz fikirlər, ideyalar dilə gətirir ki, bunu ancaq ülvi hisslərlə sevənlər edə bilər. Ə. Mədətoğlu yaradıcılığı belə fikirlərlə zəngindir:

 

Qaş-gözünü oynatma.

Qoy ölüm öldüyüm yerdə.

Daşa, kəsəyə dönəydim

Kaş səni gördüyüm yerdə.

 

. . . . . . . . . . . . . . . . .

 

Ürəyim düşüb sınaydı-

Könül verdiyim yerdə.

 

Şair sevgisinin yolunda hətta cansız, ruhsuz, hissiz daşa, kəsəyə çevrilməyə razıdır. Bütöv olanda daha güclü məhəbbətlə döyünməyə qabil olan ürəyinin parçalanmasına, sınmasına da razıdır. Təki sevgi, məhəbbət yaşasın. Çünki insan yalnız sevgi ilə yüksəlir, dahi Nizaminin təbirincə desək mehrabı eşqdən olan uca göylərə, yəni Tanrı dərgahına qalxır. Hansı ki, bu məqam ən ali müqəddəsdir.

Sevgi cilalanaraq, təmizlənərək, şəffaflaşaraq ən yüksək mərtəbəsinə-ÜLVİLİYƏ çatır:

 

indiki anda

fərqinə varmıram

əslində

heç nəyin. . .

günün, saatın

çünki mən

mənasını

sənin sevgində

tapmışam

yaşadığım

həyatın.

 

Şair bunu elə əbülfətsayağı ifadə edib. Necə dərin fəlsəfə, necə mənən baxış?Yalnız sevdiyin insanın sevgisi qədər yaşamaq. Bunu ancaq Mədətoğlu yaşaya bilər yaza bilər. Çünki o sevgi ola bilsin ki, bir anlıqdır, elə ömür bu qədərdir. Bundan sonra yaşanan isə ömür deyil, sadəcə zamanın dövr etməsidir.

Əbülfət Mədətoğlunun məhəbbət lirikası haqqında çox danışmaq olar. Onun hər bir misrası böyük, yaşanmış (istər həyatda, istərsə xəyallarda) sevgilərdən soraq verir.

Məhəbbətçün, sevib-sevilməkçün yaşayır şair. Bu misralar Ə. Mədətoğlunun yaradıcılığından qırmızı həriflərlə keçib onun daxili dünyasını bütün incəlikləri ilə oxucuya təqdim edərək şairin həyat kredosuna çevrilir:

 

dəniz kimi ləpələnib

dərd ələnib təpələnib. . .

min Əbülfət qəlpələnib-

bir məhəbbət var olacaq.

 

 

Könül HEYDƏROVA

 

525-ci qəzet.- 2010.- 24 iyul.- S.26.