İstiqlal aşiqi

 

Mətbuat günü ərəfəsində nədənsə tez-tez tələbəlik illərini, müəllimlərimi xatırlayıram. Aniolsa o illərə qayıdıram. Etiraf edim ki, bu gün mətbuatda çalışdığıma görə hörmətli müəllimim, professor Şirməmməd Hüseynova minnətdaram. Düz 40 il əvvəl universitetin jurnalistika fakültəsinə sənəd vermək istəyəndə dedilər ki, stajın yoxdur, ona görə də sənədini götürə bilmərik. Doğrusu, çox məyus oldum. Ancaq jurnalistika fakültəsinin dekanı Şirməmməd Hüseynovun sözlərindən sonra bir qədər toxtaqlıq tapdım. O dedi ki, gözləyin, Mərkəzi Komitəyə məktub göndərmişik, məktəbi bu il bitirənlərin sənədlərinin qəbuluna razılıq verilməlidir. Belə də oldu. Sənəd qəbulunun axırıncı günündə abituriyent adını qazandım. Şirməmməd müəllimlə tanışlığım beləcə sənəd qəbulundan başlandı. Elə tələbəlik illərinin ilk günlərindən hiss etdim ki, Şirməmməd müəllim çox ciddi və tələbkardır. Yaxşı oxuyan tələbələrə hörmətlə yanaşırdı, tənbəllərə isə heç vaxt güzəşt etməzdi. Onun mühazirələrini dinlədikcə, sanki qeyri-adi bir aləmə düşürdük. Dünya mətbuatı ilə bağlı o qədər maraqlı məlumatlar verirdi ki, vaxtın necə keçdiyini hiss etməzdik. Doğrusu, mən də başqaları kimi Şirməmməd müəllimdən çəkinirdim. Lap indinin özündə də telefonun dəstəyini Şirməmməd müəllim götürəndə, tələbəlikdə olduğu kimi özümü itirirəm. Bəzən artıq söz deməyə belə cürət etmirəm. Bir hadisəni isə həmişə xatırlayıram. 4-cü kursda oxuyurdum, Şirməmməd müəllim davamiyyəti yoxlayarkən, mənim adıma çatanda duruxdu və üzümə baxmadan dedi:

“- Çıx bayıra, mənim dərsimə kəsirlərini düzəldəndən sonra gələrsən.” Şirməmməd müəlimin bu sözlərindən sonra auditoriyaya bir sükut çökdü. Mən qulaqlarıma inanmadım. Özümü birtəhər toplayıb ayağa qalxdım və pıçıltılı səslə dedim.

 – Şirməmməd müəllim, axı mən bütün imtahanlardan əla qiymət almışam. Bu sözlərimdən sonra tələbə yoldaşlarım da səsimə səs verdilər. Sən demə, Şirməmməd müəllim aşağı kursda oxuyan adaşımla məni səhv salıbmış... Şirməmməd müəllim həmişə bizə deyirdi ki, hüquqlarınızı yaxşı öyrənməyə çalışın. Hüququmuzu bilmədiyimizə görə başımıza çox bəlalar gəlib. O vaxtlar bu sözlərin mənasını başa düşmürdüm. Zaman keçdikcə anladım ki, tarix boyu haqqı, hüququ tapdalanmış bir xalqın övladlarıyıq. Ona görə də Şirməmməd müəllim hüququmuzu öyrənməyi vacib sayır, istər insan kimi, istərsə də jurnalist kimi. Şirməmməd müəllim həmişə mənim üçün təmizlik, paklıq simvolu olub. O, ətrafında baş verən bütün hadisələrə bir vətəndaş yanğısı ilə yanaşıb, milli mənafeyi hər şeydən uca tutub. Ədalətsizliklə heç vaxt barışmayıb. Barışmaz mövqedə dayana-dayana, mənəvi saflığını qoruya-qoruya ixtiyar çağına – 85 yaşına gəlib çatıb. Onun yazdığı yüzlərlə məqaləni oxuduqca müəllimim barəsindəki fikirlərimə bir sıra əlavələr etməli oldum. Belə qərara gəldim ki, vətəni də, torpağı da, xalqı da Şirməmməd müəllim kimi sevmək lazımdır. Universiteti bitirsəm də, Azərbaycanın tarixində qırmızı xətlə yazılan Cümhuriyyət dövrü barədə məlumatım yox idi. Bu barədə nə kitablardan oxumuşdum, nə də böyüklərimizdən eşitmişdim. Yalnız müstəqillik qazandıqdan sonra müstəqil və parlamentli dövlətin fəaliyyətindən xəbər tutdum. Ş.Hüseynovun yazılarında o dövrün abı-havasını duyur, cümhuriyyətçilərin necə təmiz və saf qayəyə xidmət etdiklərinin şahidi oluruq. Nə qədər çətin və məsuliyyətli bir yükü çiyinlərində daşıdıqlarını dərk edirik. Bütün şüurlu ömrünü jurnalist kadrlarının yetişməsinə, xalqının maariflənməsinə həsr edən Şirməmməd Hüseynovu “istiqlal aşiqi” adlandırsaq yanılmarıq. O, Azərbaycanın mətbuat tarixini və Şərqdə ilk müstəqil dövləti yaradanların keçdiyi çətin yolu tədqiq edib. Şirməmməd müəllimin o dövrü əks etdirən yazılarını oxuduqca Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını daim təhlükə altına qoyan bu böyük şəxsiyyətlərin fəaliyyətləri barədə geniş məlumat toplayırıq. Onun yazdığı məqalələrin qəhrəmanları H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Ağayev, M.B.Məmmədzadə, C.Hacıbəyli, Ü.Hacıbəyli, F.X.Xoyski, Ə.Topçubaşov və başqalarıdır. O vaxtın dövri mətbuatını araşdıran tədqiqatçının ən böyük xidməti bugünkü oxuculara hadisələrə real qiymət vermək imkanı yaratmasıdır. Müstəqil Azərbaycan dövləti cəmi 23 ay yaşadı. Bu dövləti hər tərəfdən boğmağa can atan qara qüvvələr qalib gəlsə də, onun işartıları sönmədi.

M.Ə.Rəsulzadə başda olmaqla bir çoxu canlarından əziz saydıqları vətənlərindən didərgin düşdü. Qəriblikdə başları çox müsibətlər çəkdi, lakin başladıqları işi davam etdirdilər. Bütün bunlar Ş.Hüseynovun məqalələrinin aparıcı mövzularıdır.

 Ş.Hüseynov məqalələrinin birində yazır: “Cümhuriyyətin varlığının 23 ayı ərzində cəmisi 1.952.200 nəfər əhalisi, 62 nəfər ali təhsilli mütəxəssisi, Qori müəllimlər seminariyasını bitirmiş 250 nəfər ibtidai sinif müəllimi, bir o qədər texniki məktəb məzunu, orta və ali məktəbsiz, barmaqla sayıla biləcək peşəkar siyasi xadimləri, dövləti idarə etmək təcrübəsi lazımınca olmayan məmurları və s. olan bir müstəqil cümhuriyyətin gördüyü işlər, həyata keçirdiyi islahatlar, yaratdığı dövlət atributları, Milli ordu quruculuğu, torpaqlarını qorumaq rəşadəti – bütün bunlar iftixar və heyranlıq hissi doğurmaya bilməz”.

 Şirməmməd müəllim başımıza gələn bir bəladan – Qarabağ problemindən ürək yanğısı ilə danışır. Ötən əsrin əvvəllərində ermənilərin törətdikləri vəhşiliklərlə bu gün düşdüyümüz vəziyyət arasında paralellər aparır. Belə məlum olur ki, dərd həmin dərddir, sadəcə zaman dəyişikliyi var. Ş.Hüseynov ərsəyə gətirdiyi bütün kitablarında – “M.Ə.Rəsulzadə” (2 cilddə), “Müstəqilliyin çətin yolu... biz hara gedirik?”, “Haqq və ədalət axtarışında”, “Mənəvi irsimiz və gerçəklik” və s. əsərlərində dönə-dönə Qarabağ mövzusuna müraciət edib. Şirməmməd müəllim bu gün də axtarışdadır, tariximizi araşdırdıqca yeni-yeni faktlar üzə çıxarır. Bu baxımdan müəllifi olduğu “Ü.Hacıbəylinin nəşrdən kənara qoyulmuş mətbu əsərləri” adlı kitabı (2 cilddə) təqdirəlayiqdir. Hörmətli professor dövrün salnaməsini əks etdirən, bu gün də öz əhəmiyyətini itirməyən Qarabağ mövzusu ilə bağlı dəyərli faktları oxucuların ixtiyarına verib. 135 il əvvəl Həsənbəy Zərdabinin başladığı işi davam etdirən Ş.Hüseynov ömrünün 60 ilini jurnalist kadrlarının yetişməsinə, bəşəri ideyaların təbliğinə, xalqının tərəqqisinə həsr edib. 1991-ci ildə müsahibələrinin birində müxbirin Məhəmməd Əmin Rəsulzadə barəsində indiyədək susmağının səbəbini soruşanda Şirməmməd müəllim belə cavab verib: “Son 70 ildə əsrin ilk iki onilliyində yetişmiş ictimai-siyasi xadimlərin, şəxsiyyətlərin – M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, Ə.Topçubaşov, F.X.Xoylu, N.Yusifbəyov, C.Hacıbəyli və b. Azərbaycanın “tarixi”ndən bu və ya başqa şəkildə çıxarılmaları üçün göstərilən səylər həqiqəti gizlətməyin bir forması idi... Mən 30 il müddətində bu görkəmli şəxsiyyətlərin mətbu irsi ilə tanış olmaq imkanından istifadə etmişəm...Onu deyim ki, M.Ə.Rəsulzadənin 200-ə yaxın məqaləsini müxtəlif mətbuat orqanlarından köçürmüşəm və indi də bu işi davam etdirirəm. Oxucular yaxın vaxtlarda onlarla tanış olacaqlar. Uzun müddət susmağımın xəcalət və ağrısından çıxmaq istəyirəm”.

Mən Şirməmməd müəllimə müraciət edərək deyirəm ki, Siz heç kəsin yanında xəcalətli deyilsiniz. Başınızı dik tutmağa hamıdan çox Sizin haqqınız var. Xalqımızın taleyi ilə bağlı “yeddi kilid arxasında” saxlanılan tarixi faktları üzə çıxardaraq bizlərə ərməğan etdiyiniz üçün çox sağ olun. Siz də bizim əsrin Zərdabisisiniz.

 

 

Mehparə AXUNDOVA

 

525-ci qəzet.- 2010.- 24 iyul.- S.25.