Nurlu, pak Rəşid müəllim

 

Rəşid Mahmudov ötən ilin noyabr ayında (2008) dünyasını dəyişdi. Lakin Rəşid İsmayıl oğlu həmişə yaşayan şəxsiyyətlərdəndir. Onu öz nəcib əməlləri yaşadacaq, minlərlə adamlara etdiyi xeyirxahlıqlar yaşadacaq. Millətimizə və tariximizə göstərdiyi xidmətləri yaşadacaq. Onu layiqli övladı Bəhruz, gözəl nəvələri Rəşid və Rüstəm, etibarlı qohumları yaşadacaq.

Bilal Mahmudov

Katibə makinada nəsə yazırdı. Mənim örtdüyüm qapının səsinə geriyə qanrıldı.

– Nə istəyirsən? – deyə sərt səslə soruşdu.

– Redaktorun yanına getmək istəyirəm.

– İş axtarırsan, özü çağırıb?

– Yox, – dedim, – nə iş axtarıram, nə də özü çağırmayıb. Yazı gətirmişəm.

– Yazı gətirmisən, apar ver şöbəyə, redaktor yazı qəbul eləmir, məşğuldur.

Bu vaxt redaktorun ikili qapısı açıldı. Qoltuğunda iri qovluq olan Rəşid müəllim göründü. Xoş və mehriban təbəssümlə:

– Hə, Kürdəmirin “İrəli”sindən qaçan oğlan, təzə nə gətirmisən? Yaxın gəl görüm...

– Rəşid müəllim, – dedim bir yazım var, istəyirəm ona baxasınız, yarıyarsa... Şöbədə dedilər ki, tarixi mövzulu yazılara özünüz baxırsınız.

O, dərhal geri qayıtdı. Kabinetinin qapısını açıq qoyub – Gəl görüm, dedi və dönüb divar saatına baxdı. O yerində yox, uzun stolun uc tərəfində oturub yazını istədi. Mən yazı ilə birgə foto şəkilləri də ona verdim. Onun diqqəti şəkillərdə bir xeyli qaldı.

 

– Nə maraqlı şəkillərdi, – dedi. – Bunları hardan tapmısan?

– İkisini arxivdən, birini isə Lənkərandan.

– Nəriman Nərimanov, Həmid Sultanov, Əliheydər Qarayev, İmran Sadıqov və başqaları. Çox gözəl, çox pakizə, nadir şəkillərdir.

Yazıya da ötəri baxdı, amma oxumadı. İndi MK-ya çağırıblar, vaxtım yoxdu oxumağa. Qalsın məndə. Sabah günün ikinci yarısı bir zəhmət çək gəl, ona kimi oxuyaram.

İntizarla ayrıldım. Səhərisi çox vacib işim olduğuna görə onun görüşünə gedə bilmədim. Həm də fikirləşdim ki, belə tezliklə yazını oxuya bilməz. Nə olsun ki, sabah gəl dedi, onun o qədər oxumalı yazısı, işi-gücü var ki... O birisi gün şənbə olduğu üçün heç getmədim.

Həftənin birinci günü işə çıxanda dostlarımdan birisi məni təbrik elədi ki, “Kommunist” qəzetində yazını oxudum. Dərhal kitabxanaya cumdum.

Qəzeti açanda sevincimin həddi-hüdudu olmadı. Axı, “Kommunist” kimi nüfuzlu qəzetdə bu mənim ilk sanballı yazım idi. “Bir şəklin izi ilə” yazım qəzetin üçüncü səhifəsində hər iki foto şəkillə birgə dərc olunmuşdur.

Bu, 1986-cı il mayın 21-də xeyirxah Rəşid Mahmudovun mənə ikinci qayğısı idi. Bundan xeyli əvvəl 1904-1905-ci illərdə Port-Artur döyüşlərinin qəhrəmanı “Sadıqov kimdir?” yazımı da dərc etmişdi.

1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndə müəllimimiz, professor Şirməmməd Hüseynov bizim hamımızı Mərkəzi Komitəyə apardı. Təyinat bölgüsünə. Rəşid müəllim bizi bir-bir qəbul elədi. Mənim təyinatımı Naxçıvana dedilər, etiraz elədim. Onda Kürdəmir rayonundakı “İrəli” qəzetinə yazdılar. Orda kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməli idim. Ürəyimdən olmasa da, bu təyinata dinə bilmədim. Düzü, sərt təbiətli Şirməmməd müəllimdən qorxdum, ehtiyat elədim. Fikirləşdim, deyəcək ki, nə naz eləyirsən, onu istəmirəm, bunu istəmirəm. Dur çıx bayıra...

Rayona getməyə heç cür imkanım yox idi. Əvvəla anamı Bakıda tək-tənha qoyum hara gedim. Getsəm də orada alacağım maaşla dolana biləcəyəmmi? Bakıda isə kim mənə iş verəcəkdi? Beləcə fikri-fikrə calayıb dəryada gəmisi batmış tacir kimi özümə yer, dinclik tapa bilmirdim.

Aradan on-on beş gün keçmişdi. Fikir-xəyal içində indiki Neft-Kimya Akademiyasının yanından keçib evə gəlirdim. Həmyerlim, həmin akademiyanın professoru Abbas Əsgər oğlu Abbasovla üz-üzə gəldik. Abbas əmi kəndi, qohumları soruşub hal-əhval tutdu. Universiteti qurtardığıma görə məni təbrik elədi.

– Anan necədi, Güllü xala burdadı, kənddə?

– Burdadı – dedim.

– Ayə, Güllü xalam yanındadırsa niyə bikefsən, mısmırığını niyə sallamısan?

– Abbas əmi, bir çətinə düşmüşəm. Təyinatımı Kürdəmirə veriblər, anamı tək qoyub necə gedim?

– Nədi, təyinatdan qaçmaq istəyirsən? Elə şey eləmə, bu saat təyinat məsələsi çox ciddidir.

– Lap qaçsam da kimdi mənə Bakıda iş verən.

– Sən ərizə yaz get rektorun qəbuluna. Deynən vəziyyətim belədir. Danış bəlkə kömək oldu...

– Abbas əmi, bizim qrupun təyinatını MK-da verdilər, burda rektorluq iş yoxdu.

– Dayan, görüm, – dedi, əlini çiynimə qoyub – mənim MK-da bir yaxın dostum var – Rəşid Mahmudov. Görəsən o kömək eləyə bilərmi?

– Elə bizim təyinatı da Rəşid müəllim verib – dedim.

– Gəl çıxaq kafedraya, ordan Rəşidə zəng edim. Görüm kömək eləyə bilərmi?

Rəşid müəllimlə xoş-beşdən sonra Abbas əmi mətləbə gəlib mənim məsələmi açdı. Rəşid müəllim “sabah gəlsin yanıma, bir çarə eləyərik” –cavabını verdi.

Səhərisi zəng edib Rəşid müəllimin qəbuluna getdim.

– Kürdəmirə gedib təyinat yerinlə maraqlanmısanmı?

– Yox, – dedim. Getməmişəm, amma qrup yoldaşım Tofiq Abdullayevdən öyrənmişəm ki, mənim işləyəcəyim kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində bir zootexnik işləyir.

– Biz də ona görə həmin vəzifəyə sənin kimi jurnalist göndəririk. Sən də ki... Hə, Abbas müəllim hər şeyi mənə deyib, sənin də vəziyyətini başa düşürəm. Ananı tək qoymaq istəmirsən. Qoy bir görüm... – deyib telefon dəstəyini götürdü.

Kürdəmir rayon təbliğat şöbəsi ilə danışdı. Dedi ki, o zootexnikə toxunmayın, əgər yaxşı işçidirsə qoyun öz yerində işləsin. Amma bir məsələdə mənə kömək edin. Biz bir nəfər Universitetin jurnalistika fakültəsinin məzunun təyinatını sizin rayon qəzetinə vermişik. Ona burda daha məsul iş tapıldı. Ya qəzet redaktorunun, ya da öz şöbəsinin adından bizə məktub göndər ki, məzun filankəsi yerləşdirməyə nə şəraitimiz, nə də ştatımız yoxdur. Sonra məndən soruşdu:

– Televiziya Komitəsində işləyə bilərsənmi?

– Əgər götürsələr, əlbəttə. Mən üç ildən çoxdur kənar müəllif kimi radio və televiziyada əməkdaşlıq edirəm. Anam qocadır, işləmir. Nə atam var, nə də böyük qardaşım. Anamın təqaüdü və mənim stipendiya pulumla dolanmaq çətindi. Kənar müəllif kimi televiziya və sizin qəzetə xəbərlər yazıram, qonorarla birtəhər dolanırıq.

Rəşad müəllim yenidən dəstəyi götürüb harasa zəng vurdu:

 – Ay Qurban müəllim, professor, salam. Yeni maarifçilik baş redaksiyasının vəziyyəti nə yerdədir? Ştat məsələsi açılıb, amma çalışın oraya ali təhsilli jurnalistlər götürülsün, daha yaxşı olar ki, jurnalistika fakültəsini yeni qurtaranlardan çox olsun. Yox, çətin olmaz... Elə biri məndə. Yaxşı, göndərərəm. – Qarşısındakı stolüstü təqvimi vərəqləyə-vərəqləyə – ayın 10-da günün ikinci yarısında mənim adımdan gələr qəbulunuza...

1973-cü il iyunun 28-də Rəşid müəllimin bircə zəngi ilə məni Dövlət Televiziya Komitəsində “Elm və həyat” redaksiyasına işə qəbul etdilər.

1986-cı il sentyabr ayında “Kommunist” qəzetinə general-leytenant Balakişi bəy Əlibəy oğlu Ərəblinski (1828-1902) haqqında yazı aparmışdım.

Şöbənin əməkdaşı generalın təvəllüd tarixi və “çar generalı” sözlərini bərkdən oxuyub üzümə təfərünc və təəccüblə elə baxdı ki, mən öz-özümə vahimələndim. Hələ ironiya ilə mızıldana-mızıldana onu da əlavə elədi ki, sənin başına soyuq dəyib nədi. Bir özünü həkimə göstər.

– Niyə, nə olub ki, nəyimdən şübhələnirsiniz?

– Adə nə vaxtdan ölkənin bir nömrəli partiya qəzeti çap generalı barədə yazı dərc etməyə qərar verir. Hələ bil yazmısan ki, general-mayoru Hacı Zeynalabdin Tağıyevin qayınatasıdır. Sən Kommunist Partiyasının üzvüsən, neçənci ildən?

– Mən partiyaçı deyiləm.

– O daha pis, sənin bizim qəzetdə xəbərlərin getməyinə baxma, bu çox şipitilni yazıdı. Özünü də, bizi də işə salarsan... At, getsin belə yazını...

Doğru deyiblər ki, fələk bir yandan bağlayanda, o biri yandan açır. Əziyyətlə yazdığım yazı əlimdə, qəm-qüssə ilə pillələri geri düşürəm. O qədər taqətsiz və fikirliyəm ki, ağır çöl qapısını itələyib açmağa da gücüm çatmır. Sağ çiynimlə qapını hirslə elə itələyirəm ki, qəfil açılan enli qapıda az qalıram özüm də yıxılam. Bir ayağım çöldə, digəri içəridə olduğundan büdrəyirəm.

– Yavaş ay yoldaş, yıxılmışdın – deyib kimsə sağ dirsəyimdən yapışır. Dönüb baxıram. Rəşid müəllimlə üzbəüz durmuşam. Üzr istəyirəm. O təsəlli verir, ehtiyatlı olmağı tapşırır.

– Bura bax, nə yaxşı gəlmişdin biz tərəfə, Abbas müəllim necədir?

– Yaxşıdı, sizə salamı var. Yazı gətirmişdim.

– Hansı şöbəyə, kimə təqdim elədin?

– Heç birinə, filankəs baxdı, amma qaytardı, heç oxumadı da.

– Niyə?

– Dedi biz çar generalı haqqında yazı vermirik. Bizim qəzet partiyalı qəzetdir. Mənim yazım da general-leytenant Balakişi bəy Ərəblinski haqqındadır.

– Ver məndə qalsın, sonra gələrsən cavabını verərik.

Məzuniyyətdə olduğuma görə axtarışlarımla bağlı Rusiya arxivlərində işləməyə getdim. Fikirləşdim ki, kişini gedib narahat eləməyim. Məsləhət bilsə verəcək. Amma evdə tapşırdım ki, “Kommunist” qəzeti alıb baxsınlar. Bəlkə orda yazım çıxdı. İyirmi gündən sonra qayıdanda 1986-cı il 9 oktyabr tarixli “Kommunist” qəzetini yazı stolumun üstündə görüb sevindim. Bu, mənim aprel çevrilişindən əvvəl yaşayıb xidmət edən general haqqında ilk yazım idi.

Gözəl insan, xeyirxah ziyalı Rəşid Mahmudovun daha bir yaxşılığını heç vaxt unutmuram və unuda da bilmərəm. Buna haqqım da yoxdur.

Tbilisidəki Gürcüstan Dövlət Maarif arxivində araşdırmalar aparıb keçmiş Qori və Qazax Seminariyasının hələ sağ olan məzunları ilə görüşüb bir sənədli povest yazmışdım. Əsərinin qəhrəmanı uzun illər Qori Müəllimlər Seminariyasında müəllim işləmiş, görkəmli ədəbiyyatşünas-alim Firidun bəy Köçərli və azərbaycanlı seminaristlər idi. Məni ən çox maraqlandıran və ömür yolunu təfsilatı ilə tarixi sənədlər əsasında öyrəndiyim, 1920-ci il iyunun 5-də daşnak-bolşeviklər tərəfindən haqsız güllələnən Firidun bəy Köçərli idi.

Əsərdə bu böyük şəxsiyyətin acı taleyi ön planda verilmişdi. On iki çap vərəqli həcmində olan kitabımı 1982-ci ildə “Azərnəşr”ə təqdim etmişdim. Əsəri gizli rəyə göndərdilər. Əvvəlcə xalq yazıçısı İsmayıl Şıxlı, sonra professor Abbas Zamanov, sonra da şair Vilayət Rüstəmzadə müsbət rəy verib əsərin nəşr olunmasını məsləhət biliblər. Amma bu başı bəlalı povestin çapı ildən-ilə keçirilirdi.

1990-cı ilin iyun ayı gəlib çatdı. Səkkiz il idi “Azərnəşr”ə ayaq döyürdüm. Həmişə də eyni sözləri, eyni vədləri eşidirdim: “Bu ilin planında olacaq”, “Gələn il mütləq çap edəcəyik”, “Tirajı da həll olunub, narahat olma”. Bezmişdim bu yalan vədlərdən, cana doymuşdum get-gəllərdən...

Bu gəlişdə də “şirin vədlər” oldu. Qayıdığ gedirdim. Arxadan mərhum yazıçı Əmir Mustafayev məni geri çağırdı. Qolumdan tutub ikinci mərtəbədəki pəncərənin qabağına tərəf apardı.

– Şəmistan, – dedi, – sənin “Qoridən gələn qatar” sənədli povestini mənə də oxutdular. Şöbə müdiri kimi mən də öz müsbət rəyimi bildirmişəm. Povesti çox böyük yanğı ilə yazmısan, çox sağ ol! Xüsusilə Firidun bəy Köçərlinin taleyini. Amma qardaş, bil və eşit, bunlar səni aldadırlar. Əsər heç bir ilin planında yoxdu. Sən belə elə, bir ərizə ilə get Mətbuat komitəsinin sədri Rəşid Mahmudovun yanına, dərdini de. İnanıram ki, o kişi sənə kömək edəcək.

Rəhmətlik Əmir müəllim məni bərk həvəsləndirdi: elə indi get, get, bir yerdə otur ərizəni yaz get! – deyə təkidlə bildirdi.

Ərizəni yazıb Rəşid müəllimin qəbuluna getdim. Alıb oxudu, təəccüblə başını buladı. Böyük qardaş ərki ilə məni danladı:

 – Bəs harda itib-batmısan, – dedi, – indiyə kimi niyə gəlib mənə deməmisən bu barədə?!

Nəşriyyata zəng edib onları da danladı. İndi də özümdə yadigar saxladığım ərizənin kserosurətində Rəşid müəllim qara mürəkkəblə dərkənar qoyub: “yol. Q.Məmmədov, yol. A.Hüseynzadə. nə üçün bu qədər gecikdirilib? Əgər əsər bəyənilibsə, 1991-ci il planına daxil edin!.. İmza R.Mahmudov. 2.07.1990-cı il”.

“Qoridən gələn qatar” kitabım Rəşid müəllimin köməyi ilə yüksək tirajla nəşr olundu. Pak və nurlu Rəşid Mahmudovun ömür yolumda təmənnasız qayğısı məni həyatda büdrəməyə, ruhdan düşməyə qoymadı. Düşünürəm ki, kaş xalqımızın bəzi ziyalıları Rəşid müəllim kimi arxasıza arxa durmaq qabiliyyətinə malik olaydılar. Aradan on illər keçir, bu gün haqq dünyasında olan saflıq mücəssəməsi Rəşid Mahmudov kimi ziyalını mən unuda bilmirəm.

Yenə deyirəm, unutmağa haqqım da yoxdur. Yəqin ki, mənim kimi çox arxasızlara dayaq olan Rəşid müəllimi unutmayanlar, saf və xoş xatirələrlə yada salanlar çoxdur. Allah ona min rəhmət eləsin. Qoy haqq dünyasında ana torpaq ona qu quşunun tükü qədər yumşaq və rahat olsun! Amin!

 

 

Şəmistan NƏZİRLİ

 

525-ci qəzet.- 2010.- 24 iyul.- S.24.