Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
Şirməmməd HÜSEYNOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Ordan-burdan
Rəvayət eliyorlar ki, “Qanuni
– əsasi” və “məşrutə” əhvalatından sonra
İranda yetmiş yeddi qəzetə
çıxırmış. Amma elə ki, Məhəmmədəli
şah “Qanuni – əsasi”nin əvəzinə “qanuni – tüfəngi”
və “məşrutə” əvəzinə “məxrubə”
qoyubdur – o halda bu qəzetələrin bir çoxu
özbaşına və bir çoxu da özgəbaşına
bağlanıb yox olubdurlar.
Özgəbaşına
bağlanan qəzetələrin macərasını biz bir qədər
bilirik. Ona binaən burda nəql edirik.
“Məclis” qəzetəsi – məclisi
topa tutandan sonra, onu da o günə salmaq istəyiblər, amma
sonra əqillərinə gəlibdir ki, kağızı topa
tutmaqdansa, cırmaq məsləhətdir. Odur ki, tutub
cırıq – cırıq edibdirlər.
“Nidayi-vətən” – yəni
vətənin səsi. Məlumdur ki, vətənin səsi Məhəmmədəli
şahın qulağını incidirmiş və gecələr
yatmağa qoymurmuş. Ona binaən haman qəzetəni tutub
boğubdurlar ki, bir də səsi çıxmasın.
“Mühakimat” – yəni məhkəmə
əhvalatı: sud, silistci və sairə deyibdirlər ki,
İran hara, sud hara? Burada işlər hamısı
şahın keyfinə baxar: keyfim istər öldürirəm,
keyfim istər öldürmərəm. Ona binaən “Mühakimət”i
bilamühakimə bağlıyıbdırlar.
“Həblülmətin” – yəni
bərk ip – baxıb görübdürlər ki, hərgah
şah milləti qan dəryasında qərq eləmək istəsə,
onda ola bilər ki, millət o bərk ipdən
yapışıb xilas ola. Ona binaən “Bərk ipi”
qırıq – qırıq eliyibdirlər.
“Subhi- sadiq” – fikir eliyibdirlər
ki, subhi – sadiqdən sonra “hürriyyət günəşi”
çıxa bilər. O səbəbə görə subhi –
sadiqin üzünü qaralayıb “şəbi – tari” edibdirlər.
“Fəvaidi – ammə” – yəni
ümumilik mənfəəti. Əmir Bahadir Gənc deyibdir ki,
ümumin mənafei xəlqi topa tutmaqdır və bunlardan
savayı ayrı bir mənfəət olmadığı
üçün o qəzetənin də ağzını
yumubdurlar.
“Kilidi – siyasi” – yəni
politika işlərinin kilidi. Görübdürlər ki, hərgah
bu kilid açılsa, İranda da politika aləmi əmələ
gələr, onun üçün tez ağzını
kilidliyibdirlər.
“Suri – İsrafil” – qorxubdurlar
ki, istibdad altında çoxdan bəri əzilib ölü
kimi olan adamları birdən dirildər. Ona görə qəzetəni
və müdirini öldürübdürlər ki, sur
çalmasın.
“Rəhnüma” – yəni yol
göstərən. Çünki, İran milləti vadeyi – cəhalətdə
sərgərdan qalıb, bir nicat yolu tapmıyordular, ona görə
şah və həşarati qorxubdurlar ki, “Rəhnüma” onlara
yol göstərə – binaənileyhə bir yol kəsən
göndərib yolunu kəsibdirlər.
“Əlcəmal” – yəni
kiçik şah deyibdir ki, canım, göyçək
uşaq olar, arvad olar, nəinki qəzetə, ona görə
bağlayıbdırlar.
“Zəbani – millət” – yəni
millətin dili, fikir edibdirlər ki, millət gərək
heyvan kimi lal ola, onun üçün o qəzetənin dilini kəsibdirlər.
“Təşviq” – yəni milləti
şövq və hərəkətə gətirmək.
Qorxubdurlar ki, millət şövqi – hərəkətə gəlsə
– dərbar həşəratının keyfi pozular, ona görə
şah özü şövqə gəlib qəzetəni
bağlıyıbdır.
“Qanun” – şah deyibdir ki,
xeyir.
“Keyf”: o səbəbə qəzet
bağlanıbdır.
“Müsavat” – yəni bərabərlik.
Xanlar deyibdirlər ki, biz heç vəqt hambal ilə bərabər
ola bilmərik. Qəzetə bağlanıbdır.
“Ayineyi – qeybnamə” – yəni
xəlvət işləri göstərən güzgü.
Çox qorxubdurlar ki, bu qəzet sarayın və dərbarın
xəlvət işlərini açıb xəlqə göstərə.
Ona görə aynanı sındırıbdırlar.
“Həqiqət” – yəni
doğru. Tərs kimi də saray həşəratının
çoxu oğru. Əlbəttə, qəzet diri qalmaz.
Filankəs
“İrşad”, 22 iyun 1908, ¹
93
məxrubə – xarab
edilmiş, xaraba qalmış
şəbi – tari – qəflət
gecəsi
Ordan – burdan
İranda mövcud olan tənbehlərdən
biri də indi odur ki, adamın başına pislik gətirirlər.
Və çün ki, İranda arvad ilə kişiyə təfavüt
qoyulmiyor, o səbəbə görə bu cürə tənbehlər,
həmi arvada və həmi də kişiyə olur. Məsələn,
Təbriz müctəhidi Hacı Mirzə Həsən bir cavan
oğlana o cürə tənbeh etdiribdir (İran
ixtişaşına bax). Görəsən müctəhid cənabları
o dünyada bu barədə nə cavab verəcəkdir?
Müctəhiddən
soruşacaqlar ki, ay dini- islamın yalançı pasibanı!
Sən müctəhid olmuşdun ki, islam balalarını pis
yoldan qaytarıb insaniyyət yoluna tuş edəsən, nəinki,
xəlqin başına pislik gətirdəsən, ver görək
cavabın nədir!
Əqlim kəsir ki, müctəhid
cənabları təqsirin hamısını yıxacaqdır
şahın üstünə, hərgah ondan əl çəkib
şahı yaxalasalar – şah bir qədər təəccüb
edib bilmiyəcəkdir ki, nə desin.
Şahdan soruşacaqlar:
– Hər gah bir nəfər
zalim sənin rəiyyətinə zülm etsə idi, o zalimi tənbeh
edərdinmi?
– Şah: Bəli edərdim.
– Bu sənin qanununda varmı
idi?
– Bəli var idi.
– Bəs nə
üçün Mirzə Həsən sənin rəiyyətinə
zülm etdi, sən onu tənbeh etmədin? Yoxsa onu sən
örgətmişdin?
– Xeyir mən onu örgətməmişdim.
– Bəs nə
üçün tənbeh etmədin?
Şah bir qədər duruxub
sonra özü soruşacaqdır ki:
– Mirzə Həsənin təqsiri
nə idi ki, mən də ona tənbeh edəydim?
Cavab verəcəklər ki,
Mirzə Həsən qırx lotu yığıb və bir
cavan oğlanı onların əlinə veribdir ki,
başına pislik gətirsinlər!
Şah genə təəccüb
edəcəkdir və dinməyəcəkdir və az
qalacaqdır ki, gülsün. Soruşacaqlar ki, nə
üçün dinmiyorsan?
Şah özünü
saxlaya bilmiyib güləcəkdir və deyəcəkdir ki:
– Başınıza
dönüm, məni niyə yaxalayıbsınız. Axı
adam başına pislik gətirmək nə zülmdür ki, mən
də durum zalimi tənbeh eləyim, sözün doğrusu
bizim qanunumuzda o cürə zülm barəsində heç zad
yoxdur!”
Onda bilmirəm ki, şaha nə
toy tutacaqlar.
Filankəs
“İrşad”, 24 iyun 1908, ¹
94
Ordan-burdan
Osmanlı qanuni-əsasisi
söz yoxdur ki, Osmanlının düşmənlərinə
xoş gələn şeylərdən ola bilməz.
Osmanlıda qanuni-əsasi-yəni Osmanlının dirilməsi,
Osmanlının dirilməməsi isə, onun məhv və
nabud olmağını arzu edənlərə əcəba
xoş gələrmi? Əlbəttə, gəlməz!
lll
“Novoye vremya” qəzetəsinin
xüsusi müxbiri belə yazır: “Avropa dövlətləri
Osmanlının qanuni-əsasisindən xristiyanlar
üçün bir xeyir gözləməməlidirlər ...
Çünki, Osmanlı qanuni-əsasisi türk olmayanları
cəbr ilə türk edəcəkdir”.
Bu sözlərin nə qəsd
və qərəz ilə deyilməsi oyanda dursun, ancaq əvvəl
burasına diqqət yetirək ki, “türk olmayanların cəbr
ilə türk edilmələri”- “Novoye vremya”ya xoş gəlmiyor,
doğrudan da, bir millətə mənsub olan adamı tutub cəbr
ilə özgə bir millətə mənsub etmək çox
pis şeydir. Öylə isə...
Bəs müsəlmanları
ruslaşdırmaq?? Gərək ki, “Novoye vremya”nın bundan acığı
gəlmiyor!...
İndi keçək mətləbin
o biri tərəfinə: “Novoye vremya”nın müxbiri nədən
bildi ki, Osmanlı qanuni-əsasisi “türk olmayanları
türk edəcəkdir”?- ovcunu iyləmişdi?!
Osmanlı qanuni-əsasisi
elan olunan kimi Osmanlı xristiyanlarının qəzetələri
senzordan qurtuldu. Siyasi dusdaqları azad edildi və onlar da
türklər kimi xəfiyyələrdən xilas oldular.
Xristiyanlara olan bu yaxşılığı və xeyri
görüb də- “Osmanlı qanuni-əsasisindən
xristiyanlara bir xeyir olmaz”-demək, onu deyən adamın ürəgi
qurdlu olduğuna və qəlbi həsəd odu ilə
yandığına dəlalət edər, özgə bir
şey yoxdur və “Novoye vremya”nın xristiyanlara guya xeyirxah
çıxmağı məhz bir biclikdir!
lll
Osmanlı qanuni-əsasisindən
sonra ingilis məclisi-məbusanında sədri-əzəm
Kireydən soruşubdurlar ki, bəs Makedoniya məsələsi
necə oldu? Rəvayət ediyorlar ki, Kirey peysərini
qaşıyıb deyibdir ki, balam,
Osmanlıda qanuni-əsasi
olacaqmış
Nə biləydik
Xəlq öz yerinin sahibi
olacaqmış
Nə biləydik!
lll
Bizdən soruşurlar ki,
dünyada ən müstəbid və insanın azadlığına
bütün-bütünə zidd və müxalif olan nədir
və kimdir?
Cavab – pulsuzluq və bir də
Məhəmmədəli şahdır.
Filankəs
“Tərəqqi” qəzeti, 18
iyul 1908, ¹ 12
Ordan-burdan
Osmanlıda qanuni-əsasi
verildigi səbəbi ilə müxtəlif yerlərdən
İstanbula göndərilmiş teleqramlar:
“Əşi, əvvəldən
belə fikrin var idi-bizə də qandıra idin, məclisdi nə
zəhrimar idi, dağıtmaya idik də! İndi nə olsun? Sən
küçələrdə keyfin istəyən kimi gəzirsən,
amma mən günü qara dustaq kimi qalmışam burda, bilmirəm
ki, başıma nə çarə qılam...”
Məhəmmədəli”
lll
Eyib degilmi ki, bizim
yalanımızı çıxartdınız?! Biz Avropanı
lap aldatmışdıq ki, siz xristiyanları qırıb tələf
ediyorsunuz. Halbuki, Avropa görür ki, xristiyanları müsəlmanlar
ilə qardaş eləmisən və hətta ermənidən
və qrekdən vəzirlər qayırmısan! Neçün
bizi xəlq içində bədnam elədin?
“Novoye vremya”
lll
Cavan adamlara tənbih eləmək
üçün yaxşı lotularım var, istəsəniz
özüm də gələ bilərəm. Vaxtında mana məlum
elərsiniz.
Mirhaşim Təbrizi
lll
Fars və rus dili ilə bərabər,
hər bir cürə siyasi biclikləri mükəmməl surətdə
bilən bir yəhudi yersiz qalıb yer axtarır. Sizdə o
cürə yer varmı?
Şapşal
lll
Hərgah xahiş etsəniz,
əmr göndərim ki, cəmi qanuni-əsasi istəyən
babidirlər və hamısını bir gündə
qırarlar. Məxfi qalmasın ki, bu cürə işlərdə
çox ustalaşmışam.
Müctəhid Ağamir Həsən
Ağa
lll
Məclisi dağıtmaq istəsəniz,
teleqraf vurun, gəlim. Yol xərcim siz ilədir.
Lyaxov
lll
Birdən bizim padşaha
yazarsan ki, o da qanuni-əsasi versin ha!... Məbadə eləmiyəsən.
Yoxsa uşağı yoldan çıxardarsan!
Sipəhsalar Əmir
Bahadır cəng-kaftarülsəltənə
Teleqramların surətini
yazan Filankəs
“Tərəqqi” qəzeti, 29
iyul 1908, ¹ 18
Ordan-burdan
Adam üzünü şimal
tərəfə çevirdikdə ürəgi şad olur.
Amma qiblə tərəfə döndərdikdə ürəgi
xarab olur.
Buna səbəb odur ki, adam
üzünü şimal tərəfə döndərdikdə
ürəgi günbatan tərəfə düşür və
çünki günbatan tərəfədə
Osmanlıdır. Ona görə ürəgi şad olur. Amma
qiblə tərəfə çevirdikdə ürəgi
günçıxan tərəfə düşür və
çünki, o tərəf də İrandır. O səbəbə
ürəgi xarab olur.
lll
Quba meydanının
müxbiri yazır ki, hambal Səttar ilə İran barəsində
danışdım. Hambal dedi ki, İranın işini heç
kəs bilməz. Soruşdum ki, siz hansı tərəfdənsiniz?
Cavab verdi ki, biz o cürə işlərə
qarışmarıq, patcah ilə bizim nə alıb- verəcəyimiz
var.
lll
Tehrandan telefon ilə bizə
xəbər verdilər ki, Eynəlüddövlənin Təbrizdə
əsir düşməgini bilib şah adamlarını
başına yığdı və soruşdu ki, nə
qayıraq? Adamları cavab verdilər ki, bu işə Lyaxovdan
başqa heç kim çarə çəkə bilməz.
Amma Lyaxov da burada bir yana tərpənə
bilməz. Çünki, bura yiyəsiz qalar. Bəs nə
tövr olsun?... Qərar qoydular ki, borc da olsa, bir ayrı Lyaxov
tapsınlar.
lll
Osmanlı əhvalatı
şah hərəmxanəsinə təsir edibdir. Hərəmlər
azadlıq istiyorlar. Şah qorxudubdur ki, çox oyan- buyan eləsəniz,
Lyaxovu göndərrəm sizi topa tutar. Hərəmlərin bir
neçə yüzü “bəstə” girib, qalanları da
zabastovka eləyibdirlər. İş şuluxdur.
lll
Şah Abbas cənnətməkan
öz təbəəsinin diriliginə və nə tövr
gün keçirməginə bələd olmaq
üçün dərviş paltarı geyib şəhərdə
gəzirmiş.
Rəvayət edirlər ki,
bu şah da barı bir yaxşılıq eləmək
üçün istəyibdir ki, hambal paltarı geyib şəhəri
gəzsin. Amma yanının adamları məsləhət
görmüyub deyibdirlər ki, şəhərə dolmuş
kürdlər, bəxtiyarilər tanımıyıb səni
soyarlar.
lll
İnsan ömür elədikcə
elə bil ki, yol gedir...
Filankəs
“Tərəqqi” qəzeti, 10
avqust 1908, ¹ 27
O yan-bu yan
Kərbəlayi Cəfər!
Ay Kərbəlayi Cəfər!! Səndən təvəqqe
edirəm ki, bazardan evə qayıdıb namazını
qıldıqdan, öz bozbaşını yedikdən və
başqa hər nə işin var onu da gördükdən
sonra, yıxılıb yatmaqdan qabaq bir qədər otur
papağını qoy yerə dincini al. Və dincini ala-ala
özünə böylə bir sual ver:
“Nədəndir ki, mən
üç-dörd tabaq alma, armud alveri edirəm. Amma Arzuman
kirvə manfakturni mal satır?
Nədəndir? Mənim
Arzumandan nəyim əksikdir? Kor degiləm, şil degiləm,
buynuzum yoxdur. Başım öz yerində: bədənim
düz, bəs nədəndir?”
Bu sualı verdikdən sonra
dur soyun və soyuna-soyuna fikir elə ki, bu suala bir cavab tapa biləsən,
sonra yıxıl yat və yuxun gəlincə fikir elə, qərəz
o qədər fikir elə ki, bu sualın cavabını tapa biləsən.
Bu cür işin sirrini biləsən,-sonra bildigini mənə
söylərsən, qəzetə yazaram.
Göz ilə gördüklərim
Dəllək dükanında
H.M.-Allah sənə lənət
eləsin! Mən başımı qırxdırıram, amma o
üzünü qırxdırır!! Bu məlunlarda heç
dinpərəstlik yoxdur!
Küçədə
H.M-Allah sənə lənət
eləsin! Bu gözəl milli başmağı orada qoyub
ayağına rus çəkməsi geyib. Bu azmışlarda
heç millət təəssübü yoxdur!
Kitabfüruş
dükanında
H.M.-Mənim
üçün bir kalendar ver!-Buyur!
H.M.-O ha! Bu müsəlmancadır
ki?!
–Bəli, bəli!
H.M.-Xeyr! Sən mənə
rus kalendar ver! Müsəlmancasını kontordan asaram ruslardan
eyb olar!..
Kontorda
Cənab! Sizə bir buxalter
lazımdır, doğrudurmu?
H.M.-Bəli ... m ... m ...
Lazım kimidir.
–Onda burada bir nəfər
cavan müsəlman var ki, buxalteriya aləmini təmam-kəmal
oxuyubdur. Qəbul etsəniz gəlsin!
H.M.-Ağacan, mənə
müsəlman lazım dögül. Yəhudi olsa, rus olsa, qəbuldur.
lll
Qəm yemə, cənab, bu
saət bir keşiş tutaram, o müsəlmanı rus elər!
Dörd
“Həqiqət” qəzeti, 13
yanvar 1910, ¹ 9
BUXARA HADİSƏSİ
Biz qafqazlılar
öz-özümüzü bizdən mədəniyyətli
olan sair taifələr ilə tutuşdurduqda əsəfamiz və
gərdavər nəticələr görürük. Biz onlara
nisbətən öz pis mədəniligimizi hiss edib
halımıza baxırıq. Əhvalımız bizi pərişan
edir, qəlbimizi yandırır.
Lakin hər halda bizim
üçün iki təsəlli vardır.
Əvvəla, hal-hazırda
bizim hər bir əfradımız, bilatəfriq məslək,
silk və sinif öz pəsməndəligimizi və bu pəsməndəlik
ucundan düçar olduğumuz sükunət və zilləti
etiraf və iqrar ediyor və əhvalımızı
yaxşılatmaq lüzumunu anlıyor və bu yolda hər kəs
çalışmağa amədədir və
çalışanlarımız da yox degildir. Ancaq iş
bundadır ki, hər kəs tərəqqi yolunu başqa bir mənada
anlıyor. Və ona görə də tərəqqiyə gedən
yollarımız müxtəlif və hələ ola bilsin ki,
biri-birinə zidd və müxalifdir. Lakin hər halda, hamımızın
qayeyi-amalı tərəqqiyə çatmaqdır.
Əlbəttə, bir gün
olar ki, hər kəs bu tərəqqi yollarının ən həqiqisini
tapıb hamı birlikdə o yol ilə gedərlər və
naili-məram olarlar.
İkinci təsəllimiz
budur ki, bizdən daha cahil, bizdən daha miskin və zəlil taifələr
vardır ki, onlara nisbətən biz mədəni qövmik.
Lakin bu taifələrin dəxi
müsəlman olduğunu xatirəmizə gətirdikdə
bizim bu təsəllimiz hüzn və kədərə mübəddəl
olur. O bədbəxt müsəlman taifələri-Orta Asiya
denilən yerdə sakin müxtəlifüəl-cins qövmlərdir
ki, onlardan biri də Buxara əhlidir.
Filhəqiqə, bu yerlərdə
avamlıq, cəhalət son payədədir! Halbuki, bir zaman
vardı ki, Buxara, Səmərkənd adı gəldikdə aləmi-islamiyyətin
və hətta aləmi-insaniyyətin fəxr etdigi şeylər
yadına düşürdü. O xoşbəxt və səadətli
zamanlarda bu yerlər mənbəi elm və sənaye idi. Həmin
bu yerlər indiki bütün aləmi-insaniyyətə xidmətlər
göstərən dahilər çıxardı. Buxarilər-İbni
Sinalar, Fərabilər, Uluğbəglər və bir çox
sairlərinin adı indiyə qədər diridir və ilələbəd
diri qalacaqdır.
Lakin o əsrlərdə, o
yerlərdə şəms kimi parıldayan mədəniyyət
yerində bu gün cəhalətin tamməsi hökmfərma
olub əhalisində zərrə qədər də meyli-tərəqqi
yoxdur.
Yirminci əsrin təcəddüd
və tərəqqiyə tərəf
çağırdığı sədalarına hər yerdən
“ləbbeyk” sədası gəldisə də, bu yerlərdən
gəlmədi. Bütün aləmi-islamiyyətə vaqe olan
hüryani-həvadis dəxi bunlara əsər etmədi.
Şübhəsizdir ki, cəhalətilə
məşhur olan yerlərdə də cahilanə və biədəbanə
işlər törəyəcəkdir.
Bu sözləri yazmaqdan məqsudim
Buxarada vaqe olan sünni və şiə hadiseyi-mövsufəsində-yalnız
bir Buxara əhlini ittiham etmək degildir. O vaqeələrdə
hankı tərəf layiqi-töhmət olduğu məlum
degildir və məlum olması da bəncə lüzumsuzdur. Mən
onu yetirmək istiyoram ki, bir yerdə ki, cəhalət oldu və
əqli-səlim kəsifi- həyat altında məğlub
qaldı, o yerdən yaxşılıq gözləmək məhaldır.
Gələn nömrəmizin birində Buxara tarixindən qarelərimizə
bir qədər məlumat verərik.
Ü (Üzeyir)
“Həqiqət” qəzeti, 17
yanvar 1910, ¹ 12
əsəfamiz-təəssüfləndirici
gərdavər-hüzünlü
payədə-mərtəbədə
tamməsi-tamamı
Felyeton
Buxara
xanlığının
müxtəsər tarixi
MÜQƏDDİMƏ
Keçmişi bilmək,
keçmişdəki insanların, millətlərin, dövlətlərin
əhvalından xəbər tutmaq və onların
keçirdikləri tərzi-məişətlərində icra
etdikləri yaxşı və yaman işlərdən bir dərsi-ibrət
almaq üçün əlimizdə bir “aləti-mazibin” varsa,
o da tarixdir.
“Tarix tamaşa ki, ərbabi-nəzərdir”,
“Hər səfhəsi ayineyi-ətvari-bəşərdir”,
“Eylər o mərayada bu
gün dideyi-bina”,
“Beş min sənə əvvəl
keçən əqvami-tamaşa!”
Müəllim Naci həzrətlərinin
öz “Tarixi-mənzumi” başında yazmış olduqları
bu sətrlər tarixin mənasını gözəlcə
anladıyor.
Ələlümum tarix
oxumaqla məlumatımızı artırmaqdan başqa,
xüsusən din və yaxud milliyyətcə arkadaş
olduğumuz millətlərin tarixini bilmək bizə lazım
olan şeylərdəndir. O səbəbə görə, qarelərimizə
hərdəm bir tarixi-məlumati-tarixiyyəmizi Buxara
xanlığından başlamağa bizə bir vəsilə
oldu.
Buxara xanlığının müxtəsər tarixi
Buxara
xanlığının tarixi iki hissəyə münqismdir:
biri tarixi- qədim, biri də tarixi-cədid. Tarixi-qədim ərəbcə
“Mavəraünnəhr” və Avropa lisanıca “Transvaqsaniyə”
adlanan yerin tarixindən, tarixi-cədid isə indiki Buxara
xanlığının tarixindən bəhsdirlər.
Bizim Bakı dənizinin o
biri tərəfinə, şimala sarı bir dəryaça
mövcuddur ki, onun adı Aral gölüdür. Bu gölə
iki böyük çay tökülür: birinin adı Ceyhun,
o birinin də adı Seyhundur. Mavəraünnəhr adlanan yer
Ceyhun çayının sağ tərəfində kain idi. Bədə
bu yerin hakimləri haman çayın sol tərəfində
olan yerləri də zəbt və təsxir ilə Mavəraünnəhrə
daxil elədilər. Mavəraünnəhrin ibtidai nə vəqt
və nə tövr əmələ gəldigi məlum
degildir. Hekayət və rəvayətlərə
inanılırsa, bu yerin ən əvvəlki əhalisi
yanında, bu günki Buxara şəhri tikilmiş olan Zərəfşan
çayının sahilində sakin olan əhalidən ibarət
imiş. Böylə anlaşılır ki, Zərəfşan
dərəsində sakin olan bu əhali İran qövmindən
imiş və özləri də Zərdüşti məzhəb
imişlər. Lakin ən qədimlərdə bunların
içinə turanilərdən də bir çox taifələr
qatışıb bunlar da butpərəstlik nəşr edibdirlər.
O imiş ki, bir qədərdən sonra burada iranlılar ilə
turanilər arasında davavər düşübdür ki, bu
dava parslik və butpərəstlik davası imiş. O vəqtlər
hələ Buxara şəhri yox imiş, onun əvəzində
Bayqənd və Camqənd adlı qəsəbələr
varmış ki, Mavəraünnəhr hakimləri də
buralarda oturarmışlar. Mavəraünnəhr hakiminin adı
Bəndun imiş. Bunun səltənəti əsnasında Ərəbistanda
tarixi-hicrinin ibtidasi başlanıbdır.
Bəndundan sonra onun
Tuğşadə adlı oğlu xırda olduğuna görə
Mavəraünnəhr hakimligi onun Xatun adlı arvadına məhvəl
olunubdur. Xatunun səltənəti dövründə idi ərəblər
dini-mübini-islamı hər yerdə nəşr edə-edə
gəlib Mavəraünnəhrə dəxi
çıxdılar. Və sənəyi miladiyyənin 672-nci
tarixində Payqənd, Səmərqənd, Kiş və Kərəş
şəhərlərini almaqla Mavəraünnəhr hökumətini
özlərinə tabe etdilər. Bədə Buxara şəhri
tikildikdən sonra 759-da ərəblər Buxaranı dəxi zəbt
etdilər. Ərəblər bu yerləri aldıqdan sonra əhalisini
də müsəlman etməgə başladılar.
Ərəblər 165 il Mavəraünnəhrin
hakimi olub, o yeri Xorasan vilayətinin bir hissəsi etdilər. Bu
müddət ərzində Mavəraünnəhrdə əhalinin
Zərdüşti, butpərəst və müsəlman məzhəbləri
arasında bir çox qanlı müsadimələr və
ixtişaşlar baş verməkdə idi. Baxüsus 767 sənədə
burada Məhman adlı bir şəxs törəyib
özünə peyğəmbərlik isnad verməklə əhali
arasında dini şurişlər qovzadı. Bu şurişlər
tamam onbeş il sürdü və əhali üzərində əsrlərcə
böyük əsərlər buraxdı.
Bilaxirə, 9-cu əsrin o
axırında Mavəraünnəhrdə Samanilər sülaləsi
səltənət sürməgə başladı. Bunlar Bəlxdən
gəlmişlərdi! Samanilərin səltənəti 145 il
davam etdi. Bu sülalənin səltənəti dövründə
Mavəraünnəhr getdikcə kəsbi-qüvvət və
şövkət edib müəzzəm və mütərəqqi
bir dövlət oldu. Ərəblər Samanilərə daim
iltifat və himayət göstərdiklərindən dövlətin
içində vaqe olan hər bir ixtişaş və
şuriş qurtardı, əvəzində nizam və qaidə
hökmfərma olmağa başladı.
Baxüsus Samani sülaləsindən
892-dən 907-yə qədər hökumət sürən əmir
İsmayıl dövründə Mavəraünnəhr Xorasan
vilayətinin bir hissəsi olmaq qeydindən xilas olub ən əzəmətli
və qüvvətli müstəqil bir dövlət oldu və
getdikcə ayrılıb şimalda biyabanlarda, şərqdə
Tyan-Şan dağlarına, cənubda Xəlici-Farsa və qərbdə
də Bağdada qədər uzandı. Özünün də
Mərkəz və paytaxtı Buxara şəhri oldu. Bu şəhərdə
o əsnada sərvət və samana malik olub, zəngin bir
şəhər oldu. Bundan başqa burada elm və sənaye tərəqqi
edib, böyük alimlər, şairlər, ədib və hətta
filosoflar və müvərrixlər törəndi. Buxara şəhri
müsəlman üləmasının böyük bir mərkəzi
oldu, ərəb dili ilə bərabər fars dili və
İranın qədim mədəniyyəti burada təmim və
intişara yol tapdı.
Lakin heyflər olsun ki, Əmir
İsmayıldan sonra Samanilərin qüvvət və
şövkəti yavaş-yavaş inqraza üz qoymağa
başladı. Genə şuriş və ixtişaş
dövrü başlandı. Əvvəlki tənəzzülə
üz qoydu. Çünki, hakimlər tərəqqi və mədəniyyəti
mühafizə edə bilmədilər. Elm və ürfan
getdikcə söndü. Bilaxirə, 999-da Türkistandan
uyğur taifəsi zühur edib Buxaranı zəbt və təsxir
etdilər. Samani sülaləsi məhv oldu və ölkədə
hərc-mərc başlandı. Ticarət və sənətə
alışmış olan yerli əhali ilə cəng və
müharibədə bəslənmiş türklərin adətləri
biri-birinə əvvəl düz gəlmədi. Bu səfər
hökumət türklər əlinə keçdi.
Samanilərin inqrazından
sonra Orta Asiyada səlcuq türkləri hökmfərma oldular.
1004-dən 1133-ə qədər hökm sürüb,
bütün Şərqi-islama hakim oldular. Türk
soltanlarının təhti-himayəsində olan fars dili getdikcə
Mavəraünnəhrdə tərəqqi edib ərəb dilinə
bərabər olmaqdan başqa, bütün yazılar da fars
dilində yazılmağa başlandı. Türk dili isə əhali
arasında və hökumət dəvairində söylənilən
bir dil oldu.
Bədə səlcuqların
inqrazından başlayıb moğol türklərinin
zühuruna qədər Mavəraünnəhr uyğur Qurxani ilə
Xarəzm və yaxud indiki Xiyvə xanlığı hakimlərinin
arasında bir maddəyi- ixtilal və ixtilaf oldu.
1218-nci ildə cahan qəhrəmanlarının
ən məşhuri olan Çingiz xan öz oğlanları
olan (Cığatay) “Oqtay” və “Cuci” ilə altıyüz
minlik bir ləşkər başında olaraq Mavəraünnəhrdə
zühur edib “Əyli” və “Fərqanə” tərəfdən
Orta Asiyaya hücumavər oldu.
1220-nci sənədə
Buxara fəth və təsxir olunub qoşun tərəfindən
təxrib edildi. Onun bədində Səmərqənd dəxi fəth
olunub, bütün Mavəraünnəhr Çingiz xan əlinə
keçdi.
1224-nci sənədə
Çingiz xanın təşkil etdigi vəsi dövlət,
onun oğlanları arasında təqsim edilib Mavəraünnəhr
və Türkistan Cığatayın payı olub, bir çox
vəqt adı da Cığatay xanlığı ilə təsmiyə
edildi. Bir zamandan sonra Cığatayın nəsli də
dini-islamı qəbul edib islam dinini nəşrə və
keçmiş tərəqqi və mədəniyyəti təkrar
iadəyə səy etməklə illərcə davam edən
ixtişaş və şurişdən cana gəlmiş
ölkəni tazədən diriltməgə başladılar.
lll
Moğol türklərinin Mavəraünnəhr
hücumlarının nəticəsi olaraq bura əhalisi cins cəhətincə
bəzi təğyiratə uğradı. Türk
ünsürü hər yerdə iranilərə nisbətən
çoxalmağa başladı.
Nə qədər ki
Çingiz xan sülaləsi öz qüvvətini qeyb etməmişdi,
onlar ilə həmcins olan uyğurlar o sülalənin mətyiyi
idilər. Lakin bu sülalənin inqrazi başladıqca uyğurlar
onların yerini tutmağa çalışırdılar. Bu əhvaldan
naşi Bərlas nəslindən olan məşhur türk və
cavan qəhrəmanı Teymurləng Mavəraünnəhri fəth
bulanda çox böyük müvəffəqiyyətlərə
nail oldu və burada qəvi və müəzzəm bir dövlət
təşkil etdi (1363-dən 1455). Bu səfər Mavəraünnəhrin
mərkəzi və paytaxtı Səmərqənd şəhəri
oldu. Bu şəhər genə tazədən ümumşərq
müsəlmanlarının ən baş şəhəri
yerini tutdu.
Teymurləngin dövlətinin
böyük və genişligi bundan məlumdur ki, onun yeri Hubi
çölündən başlayıb ta İstanbula yaxın
olan Mərmərə dənizinə qədər və ən
şimalda olan İrtış çayından başlayıb
Hidistandakı Hanq nəhrinə qədər
uzanmışdı. Paytaxt şəhəri Səmərqənd
isə elm, maarif və sənaye mərkəzi oldu. Bu şəhərin
sərvət və samani, geniş bağları, əzəmətli
imarətləri, məscidləri, ən qızğın ticarəti
bilümum mədəniyyət və tərəqqisi bu şəhəri
ən birinci şəhər edib, əvvəlki paytaxt olan
Buxaranın mənasını itirdi.
1455-dən 1555-ə qədər
davam edən Teymur nəsli dövründə genə tazədən
Mavəraünnəhrdə ixtişaş və şurişlər
başlayıb bilaxirə Teymurun təşkil etdigi o qəvi
dövlət xırda-xırda parçalara bölündü.
Teymurun vəfatından yüz il keçmişdən sonra onun
nəsli əlində yalnız bir Mavəraünnəhr
qaldı.
Təqribən 1555-nci ildə
Mavəraünnəhrin üzərinə şimal tərəfdən
başqa bir taifə hücum etdi. Bu taifə dəxi
türk-moğol qövmindən olub Özbək qəbiləsindən
idilər. Bunların başçıları olan Şeybani
yerli hakimlərin bir-birləri ilə etdigləri düşmənçilikdən
istifadə edib Mavəraünnəhri təsxir etdi, bədə
bütün Xorasanı da aldı.
Ali-Teymurun iqrazi və özbəgilərin
təsxirindən sonra Mavəraünnəhr öz əhəmiyyəti-siyasiyyəsini
bilkülliyə itirdi və getdikcə inqraza uğrayıb, bədə
kiçik bir Buxara xanlığından ibarət qaldı.
Şeybanilər
dövründən sonra Buxara xanlığında Həştərxanilər
səltənəti başladı. Bu iki dövrdə Buxara daim
İran və Xarəzm ilə müharibə etməgə məşğul
idi. Şeybani hakimlərindən ən məşhuri Abdullahxan
cənablarıdır. Bu zat öz cəmaətinin tərəqqi
və təalisi yolunda çox çalışdı. Öz
qırx illik dövründə Buxarada mütəəddid mədrəsələr,
məscidlər, körpülər, karvansaralar tikdirib,
bağlar saldırdı: şəhərlər arasında yol
açdı, poçta yolları saldırdı və əlhasil
əhalisinin maarif, ticarət və sənətcə tərəqqisi
yolunda əlindən gələni müzaiqə etmədi və
öz adını daimi surətdə baqi qoydu, şöhrətləndirdi.
Bunun əsrində çox alimlər, ədiblər, sənətkarlar
zühur etdi ki, həm öz millətlərinə və həm
də bütün insaniyyətə xidmətlər göstərdilər.
Həştərxanilərdən
sonra Çingiz xanın arvad nəslindən əmələ gələn
Manğut sülaləsi dövrü başlandı ki, indi də
o sülalə davam etməkdədir.
Üzeyir HACIBƏYLİ
Hüseynov Şirməmməd
525-ci qəzet.- 2010.- 24 iyul.- S.20-21.