Müdriklik zirvəsindən
süzülüb gələn hikmətlər
Bəşəriyyət tarixini onun içərisindən çıxmış on minlərlə, bəlkə də milyonlarla müdrik adamlar zinətləndirmiş, zənginləşdirmiş, onun tərəqqisinin, çiçəklənməsinin səbəbkarı olmuşlar. Belə adamların rəngarəngliyi isə bu tarixin bərbəzəyinə çevrilmişdir. Bunların içərisində müdrik kəlamları ilə cəmiyyətin mənəvi dünyasını yüksəldən yaradıcı adamların qoyub getdiyi irsin bir qismi ya dildən dilə keçməklə, ya da yazılı mənbələrlə gəlib bizə çatmış və elə nümunələr vardır ki, bu gün üçün də milli iftixarımıza çevrilmişdir.
Bu da danılmazdır ki, əgər bəşəriyyət müdrik kəlamlar toplusu ilə idarə olunsaydı onun tarixində baş verən saysız-hesabsız müharibələr, ixtilaflar olmazdı, qanlar da tökülməzdi. Bəşər övladı yarandığı gündən Böyük Yaradanın ona bəxş etdiyi ağıl və onun maddi mənbəyinin gücü-qüdrətilə sayı-hesabı bilinməyən hikmətlər söylənilmiş ki, bu sırada Ulu Peyğəmbərimizin adı ilə bağlı olub 6 böyük tədqiqatçı-Əl Buxari, Müslüm, Əbu Davud, Əl Tirmizi, Əl Nəvai və İbn Musa tərəfindən toplanıb 6 hədis kitabında cəmlənən 9500-dən çox hədisin təbliği üçün islam dünyasında yaradılmış hədis məktəblərinə uzaq məsafələri qət edib gələn minlərlə adam müdriklik zirvəsinə yüksəlmişdir. Bu kiçik müqəddimədən sonra diqqəti başqa bir mənbəyə-xalq yaradıcılığı və folklor adlanan bitməz-tükənməz bir xəzinəyə yönəltmək niyyətindəyəm. Bu xəzinə çox zaman adı-sanı bilinməyən xalq müdriklərinin yaradıcılıq qaynaqlarından süzülüb gələn bayatılar, atalar sözləri, zərb-məsəllər, nağıllar, əfsanələr, laylalar, tapmacalar, lətifələr və folklorun bir çox başqa nümunələrilə zənginləşmişdir. Bu janr rəngarəngliyi içərisində mən folklorun qızıl fondu kimi bayatıları önə çəkərdim. Buna səbəb isə bu janrın bədii gözəlliyi ilə yanaşı xalqın tarixi-ictimai həyatı ilə əlaqədar düşüncəsində cərəyan edən ən rəngarəng görüntüləri ilə əks etdirməsidir.
Bayatılar zaman-zaman çoxsaylı tədqiqatçılar tərəfindən toplanıb kitablara köçürülsə də akademik, tarix elmləri doktoru və görkəmli folklorşünas və şair Teymur Bünyatov qədər bu sahədə iş görmək heç kəsə nəsib olmamışdır. Onun bu əvəzsiz xidmətə necə başladığı haqqında dedikləri çox maraqlıdır: “20 yanvar dəhşətindən sonra yaman günə qaldım, sındım, sarsıldım. Çarəsiz, kimsəsiz, dəli-divanələr tək öz-özümlə danışdım. Dağlardan uçmaq, çöllərə qaçmaq, dəryalarda qərq olmaq, dünyayla vidalaşmaq istədim. Nagahan bayatılarım sinəmdə bulaq tək qaynadı, coşdu, çağladı. 1995-ci ildə “Öpdüm gözlərindən”, 1998-ci ildə “Bilsəydim ayrılıqdı”, 2000-ci ildə “Gül açılır, yaz olur” bayatı kitablarım işıq üzü gördü, şair oldum”. (Biz də bundan sonra ona həm də şair deyə müraciət edəcəyik). Və özünün dediyi kimi sonda iki cildlik bayatı kitabları ilə oxucuların görüşünə gəldi. Bu kitablarda verilən bir neçə min bayatının xalq yaradıcılığından bizə məlum olan dörd misralıq ənənəvi formasından fərqli tərəfi də vardır. Belə ki, bu bayatıda birinci misra əvəzinə bir söz və ya ifadə onun tematik məzmununu bildirir və sonrakı üç misra ilə müəllifin demək istədiyi mətləbə işıq salınır. Bu yeniliyə də onun akademik müdrikliyinin və yaradıcılıq təxəyyülünün nəticəsi kimi baxmaq olar.
Onun bayatıları barədə söhbət açmazdan əvvəl bu başdan demək istəyirəm ki, elə bir zəngin yaradıcılıqla, mənəvi gözəlliklə üzləşirik ki, əgər imkanım olsaydı qədim hədis məktəbləri ənənəsi əsasında bayatı məktəbləri açıb Teymur müəllimin beş bayatı kitabında səslənən mənəvi və bədii gözəllikləri gənc nəslə təlqin edər, onların beyninə, qəlbinə, psixoloji aləminə yeridərdim.
Onun özünün bayatıları dəyərləndirən fikirlərinin bir qisminə diqqət verək: “Bayatı ayrı-ayrı sinədəftərlərin sinəsindən qopan, dövrün, zamanın sınağından çıxan, könüllərdə yuvalanan, xalqlaşan, xalqın adından əbədiləşən mənəviyyat abidəsi, beşik nəğməsi, ana laylası, fikir dünyası, min arzu, min diləkdi, döyünən ürəkdi, hamıya gərəkdi bu hikmət.
Bayatı könül mülkünün taxtı-tacı, dərdlər əlacıdı. Sadədi, səmimidi, bitgin əsərdi, yetgin fikirdi, fəlsəfi ümumiləşdirmədi. Bənzərsiz lirikanın, möcüzəli musiqinin qoşa qanadıdı...”
Beləcə müəllifin sözləri baş alıb gedir, bayatıların saysız-hesabsız rəngarəngliklərindən, bitib-tükənməyən bənzətmələrlə onların gözəlliklərindən söhbət açır. Mən isə çalışacağam ki, konkret misallarla bu fikirlərə, gözəlliklərə işıq salam. Və bunu da qeyd etməmək olmaz ki, bu kitablara bir və ya bir neçə məqalə ilə şərh vermək, dediyim kimi işıq salmaq qeyri-mümkündür. Bunun üçün gərək cild-cild kitablar yazılsın, fəlsəfi, ədəbi-bədii, dilimizin böyük qüdrətinə məxsus araşdırmalar, etnoqrafik, linqvistiq tədqiqatlar əsasında vətənimizin və xalqımızın tarixi köklərinə gedib çıxan elmi əsərlər yazılsın, dissertasiyalar müdafiə olunsun.
Əziz oxucu! Əgər bu dediklərimə zərrə qədər şübhəniz yaranarsa, xahiş edirəm həmin kitabları arayıb tapın (bu yerdə çox təəssüflə qeyd etməmək olmaz ki, vaxtilə belə kitablar əlli, yüz min tirajla çap olunurdu, bunların tirajı isə min ədəddir). Nə olar, kitabxanalara, internet saytlarına müraciət edim.
Şübhə etmirəm ki, siz elə bir mənəvi sərvətlə üzləşəcəksiniz ki, əsla ayrıla bilməyəcək. Vətən, yurd, xalq, ana, övlad məhəbbətinin ülviyyətilə, insanın insana sevgisinin, düşmənə-düşmən münasibətinin bədii obrazları ilə üzləşib mənəvi zənginlik tapacaqsınız, yeniləşəcək, yaşamağın qədir-qiymətini yenidən kəşf edəcəksiniz.
Teymur müəllimin bayatılarının ən qiymətli cəhəti ondadır ki, bunlarda çox sərrast müasirlik vardır.
Bu
günkü dərdlərimiz onun bayatılarının ana xəttidir.
Bu dərdlərin ən böyüyü isə heç
şübhəsiz Qarabağ, Şuşa, Xocalı dərdidir,
düşmən caynağında qalmış
torpaqlarımızın hər parçası, hər rayonu, hər
kəndidir. Akademik-şair oxucunun diqqətini bunlara cəlb
edir. Mən də silsilə ola biləcək yazılarıma
elə bu səpgidən olan bayatılarla başlamaq istəyirəm.
“Çoxlu-çoxlu,
İtirdik çoxlu-çoxlu.
Dərdimiz Qarabağdı,
Yükləndik çoxlu-çoxlu.”
Diqqət Şuşaya, Azərbaycan adlı Vətənimizin brilyant qaşı olan Şuşa dərdinə cəlb edilir:
“Açılsın,
Yollar, izlər açılsın,
Şad xəbər ver Şuşadan,
Kor gözlərim açılsın”.
Qan sızlar,
Bağrım qandı, qan sızlar
Şuşa dağı dözülməz
Ağlar gözüm, qan sızlar.
Alınmayınca,
Qisas alınmayınca,
Məni qəbrə qoymayın
Şuşam alınmayınca.
Və digər çoxsaylı bayatılarla Qarabağ dərdi dilə gəlir:
Qarabağdı,
Şuşadı, Qarabağdı,
Xankəndi qan qoxulu,
Yaralı Qarabağdı.
Qarabağ dərdinin qan çağlayan Xocalı dərdi xatıra gətirilib bizi nikbinliyə səsləyir.
Alasıyıq,
Alışmışıq, alasıyıq
Xocalının qisasını,
Əzəl-axır
alasıyıq.
Başqa bir bayatısında
şair dünyanın nadir gözəllik məskənlərindən
olub, ən zəngin xançinar meşəsilə,
dünyanın ən yaşlı çinarı ilə
tanınan Zəngilana cəlb edir, bizi
düşündürür, bu dünya gözəlini
düşmən caynağından xilas etməyə səsləyir:
“Zəngilan,
Dağ-dərəli Zəngilan
Sözü bütöv, qəlb təmiz,
Ağır
eldi Zəngilan”.
Yadımıza Zəngilanın işğalqabağı vəziyyəti yada düşür. Vətən xainlərinin təqsiri üzündən bir sınıq-salxaq tankın ümidinə qalan Zəngilan özünün çox qəhrəman oğullarının fədakarlığı sayəsində uzun müddət mərdliklə vuruşdu, təslim olmadı, nəhayət özlərini Araza atır, boğulanı boğulur, taqəti çıxanı üzüb cənub qardaşlarına sığınır.
Diqqət
Ağdama cəlb edilir. Qarabağın ən qaynar
ocağı, xan qızı Natəvanın uyuduğu İmarət,
Qarabağ xanlarının buradakı məzarları
düşmən tapdağındadır, ağdamlılarla bərabər
dünyanın dilbər gözəllərindən olan
Qarabağ atları da didərgin düşüb, dünyada
ikinci, SSRİ İmperiyasında birinci olan məşhur
çörək muzeyi dağıdılıb, Ağdamın
adı gələndə tük salan erməni
dığalarının xəyanət qurbanı olan bu
diyarı da fəth etməsinə şair inana bilmir.
“Yalandı!
Hamı səhvdi, yalandı.
Dedilər Ağdam gedib
canımdan od qalandı” – deyir.
Laçın dərdi bayatıya köçürülür:
“Yadımdadı,
Sızıldayan yaramdı,
Şuşa mənə göz dağı,
Laçın
yaman yaramdı –
sözlərini oxuyub şairə
qoşulur və sızıldayırıq.
Mütəfəkkir akademik-şairimizin bayatılarında həyatımızın, xalqımızın, vətənimizin bütün sahələrinə işıq salınmış, ölkəmizin elə bir guşəsi, naz neməti yoxdur ki, ona bayatı gözəlliyilə bəzək verməsin. Ana məhəbbəti Vətən məhəbbətilə qoşalaşdırılıb onun füsunkarlığından, müqəddəsliyindən söz açmamış olsun.
Biz isə çoxsaylı tematik rəngarənglikdən birinə, Qarabağ dərdilə əlaqədar bayatıları önə çəkdik. Çünki bu dərd öz müasirliyilə daha önəmli, daha xarakter olanıdır.
Bayatıxan şairin təkcə iki cildlik bayatı kitablarında 4000-dək bayatı toplanmışdır. Xalqımızın bu gün üçün çağlayan Qarabağ dərdinə həsr olunmuş bayatıları barədə qısaca dedik. Bayatıların ən geniş mövzu dairəsi isə vətən, torpaq, ana mövzusudur və bunlar birinci cildin adından da göründüyü kimi (“Anam birdi, Vətən tək...” ,ayrılmazdır.
Vətən, ana məhəbbətinin ülviyyəti üçün bu məhəbbəti mücərrəd, mənəvi dəyəri olmayan sözlərlə bəzəmək bu məhəbbətə ucuzluq gətirir. Teymur müəllimin müdrikliyi ondadır ki, hər bayatının, hər sözün və ifadənin məna çalarlarına diqqət verir, məhəbbətin qəlbdən gələn səslərini dilə gətirə bilir.
Ananı müqəddəsləşdirən əvəzsiz nemət an südüdür. İndi dünya alimlərinin yeni kəşflərindən xəbərlər yayılıb ki, bəs buqədər ana südü ilə qidalanıb böyüyən adamlarda hətta əsrin ən dəhşətli xəstəliyi olan xərçəng xəstəliyi belə özünə yer tapa bilmir. Hələ xalqımızın əzəli və ölməz dastanı olan “Kitabi-Dədə Qorqud”da ana südünün əvəzsiz məlhəm olduğundan bəhs olunmuşdur.
Bayatıda isə belə
deyilir:
Anadı,
Şam-çıraqdı
anadı,
Sağalmaz dərdə məlhəm
Ana südü, anadı.
Ana məhəbbətinin
kökündə dayanan digər amil anamızın qəlbindən
süzülüb gələn və dilimizin inciləri olan
sözlər, müqəddəs ana dilimizdir. Şair bu dili də
ana südü ilə qoşalaşdırıb bayatıya
köçürür.
Ana dili,
Ana südü, ana dili,
Anama qurban olum,
Verdi mənə ana dili.
Şair dilimizi vətən məhəbbətilə
də qoşa tutur. Ana dili səslənməyən torpağı
necə Vətən hesab edəsən. Bu qoşa məhəbbət
bayatıda belə səslənir:
Ana dili,
Anamın ana dili,
Gözün üstündə
saxla
Vətəni, ana dili.
Bu bayatıları oxuyub da
dilimizə xor baxan və özünü azərbaycanlı
adlandırıb bu torpağın naz-nemətindən gen-bol
harınlayan bəzi dövlət məmurlarına necə də
ar olsun deməyəsən.
Hər kəs
üçün başqa xalqların dilini bilmək müasir
insan üçün başıucalıqdır. Lakin ana dilinə
xor baxmaq, onu bilməmək ən böyük
nadanlıqdır.
Şair ana obrazının
füsunkarlığını nümayiş etdirən
ağbirçək anaları, nənələri yaddan
çıxarmır:
Ağbirçək,
Nənəm, anam
ağbirçək,
Baş qoyum dizin üstə
Laylanı çal
ağbirçək.
Teymur müəllim
qazaxlıdır, Şıxlı kəndində dünyaya
göz açıb və Vətən, torpaq məhəbbəti
də orada göyərib kök atıb, şaxələnib. Və
onun doğma kəndinə, rayonuna həsr olunmuş çoxlu
bayatıları vardır. Həm də şair
özünün böyük etroqnaf-tarixçi olduğunu da
yaddan çıxarmır. “Şıxlı” sözünün
etimologiyasına da işıq salır: –
Şıxlının şeyx etimologiyası qeyd olunmaqla həm
də şıxlıların bir qəbilə, tayfa kimi Azərbaycanın
bir çox rayonlarında da kök salmasından bəhs olunur.
“Şıxlı var,
Ana yurdum Şıxlı var,
Ağdamda Şıxlı
eli,
Göyçayda da
Şıxlı var.
Doğma rayon Qazax da
şairin dilindən düşmür, qəlbindən silinmir.
Qazaxda,
Gözüm-könlüm
Qazaxda
Anamın küskün qəbri,
Yurdum, yuvam Qazaxda.
Onun bayatıları doğma
yurdu, rayonu ilə kifayətlənsəydi, tarixçi akademik
kimi, böyük müdrikliyilə ad-san sahibi olan alim kimi ona
irad tutulardı. Onun böyüklüyü ondadır ki,
bayatıları Vətən torpağını el-el, oba-oba,
rayon-rayon gəzir, onun hər bir guşəsinə layiqli qiymətini
verir.
Şair türkün
qürur zirvəsi olan ağrı dağından söhbət
açır:
Ağrıdağ,
Ağrı babam,
Ağrıdağ
Türkün
başının tacı
Ağrıdağdı,
Ağrıdağ.
Bayatıları qanad
açıb Ağsu və Ağsuçay üzərində
dayanır:
Ağsuda,
Şux tərlanlar Ağsuda,
Bir gözələ
könül ver
Al da, qal da Ağsuda.
Şairin bayatısı pərvazlanıb
Beyləqanda qərar tutur:
Beyləqandı,
Beyrək el, Beyləqandı,
ceyran-cüyür
yığnağı
Mil-Muğan Beyləqanı
Tarixçi şair Bərdə
vüqarını yada salır:
Bərdədi,
İsti, sıcaq Bərdədi.
Arranın ilk paytaxtı
Şəhri-Bərdə, Bərdədi.
Təbriz xiffəti yada
düşür:
Təbrizdi,
Arzu yolum Təbrizdi
Hey gedirəm
çatmıram,
Bu nə uzaq Təbrizdi.
Təbrizdi,
Ana Vətən Təbrizdi.
Anamın südü kimi
Təbriz doğma, əzizdi.
Beləcə
bayatıların yurd, vətən dairəsinə nəzər
salsaq görərik ki, tarixçi alim bayatıxan kimi vətən
torpaqlarını qarış-qarış gəzib hər
birinə özünəməxsus bərbəzək vurur.
Şair bayatılarda
neçə-neçə tarixi qəhrəmanlarımızı
yad edir və diqqətimizi elm, ədəbiyyat, incəsənət
korifeylərinə çevirir.
BAYATILAR EŞQ, MƏHƏBBƏT TƏRANƏLƏRİDİR.
Teymur müəllim uca
Allahına bağlı mütəfəkkir alimdir, şairdir.
Hər zaman arzu-istəklərini ulu Yaradana bağlayır, ona
pənah aparır:
Ya Rəbbim,
Ya taleyim, ya Rəbbim.
Sən ümidim, pənahım,
Ya Allah, ya Rəbbim.
Yetir məni,
Yetirənim, yetir məni,
Yaradanım, ulu tanrım,
Mətləbinə yetir məni,
- deyən şair daha sonra
insanın mənəvi dünyasını zənginləşdirən
eşq, sevgi, məhəbbət təranələrinə
geniş yer verir. Onun son kitabı dahi Nizaminin
Mehrabı eşqdir uca
göylərin,
Eşqsiz ey dünya nədir
gərəyin?
Böyük Füzulinin:
Can vermə qəmi-eşqə
ki,
eşq afəti candır,
Eşq afəti can olduğu
məşhuri cahandır
və şairin sevimlisi Səməd
Vurğunun:
Hər bağın, hər
bağçanın
bir bülbülü
şevdası var,
Hər duyan qəlbin, əzizim
gizli bir şeydası var”
– beytlərinin epiqrafları
ilə başlayıb özünün yüksən pafoslu,
obrazlı geniş müqəddiməsi ilə davam etdirir:
“Məhəbbət, eşq,
sevgi! Doğan günəşdi, sayrışan ulduzdu, on
dörd gecəlik aydı. Dəryadı, ümmandı, təlatümdü,
fırtınadı, qasırğadı. Arxalı
dağdı, başı qarlı zirvədi...”
Müəllifin belə
metaforaları kitabın iki səhifəsini əhatə edərək
onun daxili obraz zənginliyindən xəbər verir. Kainatın
elə bir gözəllik nişanəsi yoxdur ki, müəllif
onu obrazlaşdırıb eşq-məhəbbət adlanan
sirli-sehrli insan duyğusuna yaraşdırmamış olsun. Və
bu uzun müqəddiməsini aşağıdakı sözlərlə
bitirir: “Dünya durduqca, insanlıq yaşadıqca məhəbbət
də, eşq də, sevgi də yaşayacaq, yaşadacaq.
Tanrı kimi, günəş kimi, ay kimi, ulduz kimi sönməz
məşəl kimi”.
Onun bayatılarında da
eşq, məhəbbət insan qəlbinə şəfəq,
nur çiləyir.
Bayatıları oxuyuruq:
– Oyandı,
Ay doğdu, ay oyandı,
Eşqinə çıraq
tutdu,
Yatmış bəxtim
oyandı.
Eşq, məhəbbət
insan qəlbini yandırıb yaxan, oda qalayan ilahi bir
duyğudur.
Bayatıda deyilir:
– Oda sal,
Atəşə sal, oda sal,
Ölgün qəlbim
oyansın,
Oda yandır, oda sal.
Eşq, məhəbbət,
sevgi fəlsəfəsindən bəhs edən bütün
mütəfəkkir yazıçılar və alimlər onun
təmizliyindən, ilqarın sarsılmazlığından bəhs
etmişlər. Teymur müəllimin də bayatı
misraları bu baxımdan xarakterdir:
Vəfalı yar sevənin,
Axırı
aydınlıqdı.
Biz birik, birlikdəyik,
Bizi qəbir ayırar.
Ey ilahi gözəlim,
Ləkəsizsən ay kimi,
- bənzətmələri
ilə bu təmizliyi tərənnüm etmişdir.
Bu da danılmazdır ki,
sevgidə, eşq-məhəbbətdə ehtiyatsızlıq
edənlərin arzuları bir qayda olaraq daşlara çırpınıb
məhvə uğrayır. Bayatıxan şair də bizi
ehtiyatlı, ayıq-sayıq olmağa səsləyir:
Hər ötənə qəlb
verib
Hər yetəni almazlar.
İki qəlb bir vurmasa,
Bəri başdan
ayrılsın.
Dildə sevmək yalandı,
Qəlbdən sevən
ayrılmaz.
Qədim dastanlardan, Nizami,
Füzuli poemalarından da bizə məlumdur ki, ilahi eşq
insan əqlini coşdurur, onu dəli-divanəyə
çevirir, çöllərə salır. Bu ovqat Teymur
müəllimin bayatılarından da yan keçməyib:
Gəzirəm,
Dərviş olub gəzirəm,
Dünyamı itirmişəm
Dünyaları gəzirəm.
Məcnundan betər canım,
Leylasızdı səhrada.
Şair bayatılarında
klassik dastanlarımızın qəhrəmanları olan
Leylini, Şirini, Əslini, Xançobanın Sarasını,
eləcə də mənəvi dünyası olan müasir
gözəlləri də dilə gətirib rövnəqləndirmişdir.
Bayatılarda eşq, sevgi, məhəbbətin
insan varlığına hakim kəsilmiş məziyyətləri
o qədər zəngin və rəngarəngdir ki, bunlar yəqin
ki, daha geniş yazılarda öz ifadəsini tapacaqdır.
Heç şübhəsiz,
bu qəzet məqaləsilə akademik, tarix elmləri doktoru
Teymur Bünyatovun beş kitabda toplanmış zəngin bədii
yaradıcılıq dünyasını əhatə etmək
qeyri mümkün idi. Məqsədim həm də oxucularla
yanaşı ədəbiyyatşünas alimlərimizin, tədqiqatçılarımızın,
müvafiq elmi-tədqiqat institutlarının diqqətini
bunlara cəlb etmək idi.
Sadıq MURTUZAYEV,
filologiya elmləri namizədi
525-ci qəzet.- 2010.- 24 iyul.- S.18.