Hər yerdə seçilənlər
Qazi dostlarımdan birinin toyunda daha çox bələd olduğumu zənn etdiyim Qarabağ Qazilərinin oynamaları, rəqsləri məni dəhşətə gətirdi. Bir görəydiniz, necə rəqs edirdilər, “tək qıçı üstündə oynayan oğlanlar”. O gecə unudulmuşdu o biri qıçın yoxluğu. Bayaqdan onların ümumi davranışını görəndə baş qaldıran daxili bir məyusluq, artıq məni tərk etmişdi. Ağrı-acılar daha yox olmuşdu bu məclisdən. Bir xəyal qola qoşulub oynayırdı tək qol. Bu gecə başqa bir aləm idi. Əsl “Qazi toyu” idi. Adam elə o toydan çıxıb, bəy, toy paltarında döyüşə, səngərə getmək istəyirdi. O gecə tək ayaqlılar arxalarınca salıb aparırdı cüt ayaqlıları cəbhəyə sarı.
Qazi toyunda
olmamısınızsa, çalışın mütləq
olun. Fərqli bir mənzərə ilə
qarşılaşacaqsınız. Saqqallı gələni kim,
çəliyi çəliyə döyəni kim. Gətirilib
oturdulanı kim. Sakitcə oturub susanı kim...
* * *
Elə ilk görünüşdən adamın yadına o ağır, ölümlü-itimli müharibəni xatırladan, qışda qarda tamam fərqli izlər qoyan Qarabağ Qaziləri hər gün aram-aram, dirənə-dirənə, çəliyə, qoltuq ağacına söykənə-söykənə, özününkü sayılan özgə ayaqları yerə basa-basa, səs-küylə bu pilləkənləri qalxırlar. Bu günkü silahlarını otağın küncünə qoyub, hərə özünə münasib bir yer seçir. Bu başqa bir mənzərədi, başqa bir aləmdi. Bu aləmin özü kimi, söhbəti də başqadı.
Harda
tribunasız toplantı, zal görsəniz, etirazlara çəpik
yox, taqqıltı səsi eşitsəniz, bilin ki, o Qazilər
yığıncağıdı-
İclas gedir
hamı oturaraq
danışır
yerindən qalxan yox,
tribunaya çıxan yox.
Alovlu
çıxışlar,
etiraz dolu ittihamlar...
Döşəməni
döyəcləyən
tək ayaqlar
küncdə qoltuq
ağacları
qar üstünə
dağılır
rüzgarın
saçları...
... Körpəsini
qucağına götürə bilməyəni də var. Əlindən
tutub apara bilməyəni də. Yerindən qalxa bilməyəni
də. Amma hər birinin içində böyük bir ağrılı
həvəslə bütün bunları etmək istəyi var.
Edib və edə bilməyəcəyinin mümkün və
mümkünsüzlüyündən asılı olmayaraq. Bəlkə
də gündə neçə kərə gizlincə
öz-özünə buna cəhd edəni də var. Hətta
bunların nəticəsiz olacağını bilsələr
belə. İnsan həmişə hər şeyin ən
yaxşısını istəyir. İmkanın, gücün
olub-olmaması bunlardan sonra gəlir. Vaxtıilə
başqaları üçün çox şeylər
etmiş bu adamlar, hətta ən adi sayılan qəzeti
özü oxumaq, məktubu özü yazmaq istəyir...
Havanın dəyişəcəyini
sinoptik cihazlarından daha dəqiq bilən canlı sinoptiklərə-güdüllərə
sığal çəkən Qazilər, “yox baş
barmağım, ayağımın altı qaşınır,
çeçələ barmağım
ağrıyır,.....”-deyib, kəsik, yarımçıq əzələləri
ovuşdura-ovuşdura nələr düşünürlər,
nələri xatırlayırlar...
Qazilərin
duyğularını anlamaq, başa düşmək
üçün təkcə ürəyi, hissiyyatı olmaq gərəkdi.
Bir də insan sevgisi.
lll
Hamı kimi onların da
arzuları vardı. Gəncliyin xoş, ümid dolu
arzuları. Oxumaq, işləmək, ailə qurmaq, xöşbəxt
həyat sürmək istəyirdilər.
Qayğısız, dinc həyat
arzusundaydılar.
İstəmədikləri
müharibəyə çəkdilər onları.
Bu gün tez-tez bir yerə
yığılan bu insanların içərisində o vaxtlar
subayı da vardı, nişanlısı da, evli olanı da.
Oğlu boyca özündən böyük olanı da,
bığ yeri tərləməyəni də. Biri-birini
tanıyanı da, bəlkə ömrü boyu eyni ölkədə,
eyni şəhərdə heç vaxt rastlaşmayacaq kəsləri
də.
Onları bir yerə
yığan Vətənə, elə, torpağa sevgiləriydi.
Aralarında ömründə
Qarabağda olmayan, Vətənin dar gündə olduğunu
eşidib, uzaqdan gələni də oldu, Qarabağda
doğulanı da, yaşayanı da. O füsunkar yerdə bircə
dəfə olanı da.
Bu sayılıb-seçilənlər
könüllü getdilər mübaribəyə, Qarabağ
savaşına.
“Hər döyüş qələbə
döyüşü. Hər atılan güllə sonuncu
güllədi”-deyib, döyüşə atılmış bu
döyüşçülərin girdikləri sonuncu
döyüş, özləri üçün sonuncu oldu.
Çox arzularını yarımçıq qoydu, o, sonuncu
döyüş.
Yaralandıqlarına
peşmançılıq hissi keçirdilər. “Dostlar orda
qaldı, döyüş qaldı”, deyib, yenidən
döyüşə atılmaq istəyindəydilər.
“İndi torpaqlar qaldı” – deyən, Qazilər.
... Bəzisi sevgilisinə
daha məktub yaza bilmədi. Bəzisi görüşünə
gedə bilmədi, apardılar. Bəzisi səsini eşidə
bildi, üzünü görə bilmədi. Eləsi oldu
gördü, o xoş sözləri eşidə bilmədi.
Amma sevgini, məhəbbəti indi daha həssas olan qəlbləriylə
duydular.
lll
Hamı qüsursuz olmaq istəyir.
Onlar da bütün sağlam insanlar kimi yerimək, istədiklərini
özləri etmək istəyirlər. Ancaq neyləsinlər
ki, bu mümkünsüzdü. İlk günlər
utanıblar. Uyğunlaşa bilməyiblər. Çəliyi
necə tutmağı bacarmayıblar. Tutmaq istəməyiblər.
Əzab çəkmək,
başqasına əzab çəkdirmək. Bu yaşda yenidən
uşaqlaşmaq. Bütün bunlar çox ağır,
çətin olub onlar üçün. Aradan neçə illər
keçməsinə baxmayaraq, hələ də pilləkəni
görəndə dizlər əsir. Hərdən ayağın
yoxluğu yaddan çıxır. Addım atıb
yıxılırlar. Yoxluğu tam şəkildə qəbul
edə bilmirlər. Deməli, hələ də tərəddüd,
hələ də yoxluğa daxildə bir inkar var. Yaşlı
qazilər cavan dərddaşlarına baxıb, “bunlar hələ
nə qədər bu cür yaşamalırdılar”-deyib,
köks ötürərək başlarını
bulayırlar. “Dərdi, dərd çəkəndən
yaxşı heç kəs bilməz”, deyiblər.
Bir yerə getmək
üçün hər dəfə protezi, corabı geyin, sonra
da soyun. Hər dəfə ayağını çıxart.
Geyin. Bəzisi əziyyətdən qaçıb geyinmir o,
özgə ayağı. Bəzisi yox görüntüdən
daha çox utandığından əziyyətə
qatlaşmalı olur. Hər dəfə geyinib soyunur. Yox
ayağına bir daha baxmaq məcburiyyətində qalır. Bu
ağrını yenidən yaşayır. Ölümlə həyat
arasındakı məsafəni yaşamış, yaşayan bu
insanlar.
Yaşamaq da
ağırdı, yaşamaq üçün mübarizə
aparmaq da.
Əli, ayağı sağ
olanların ailəsini dolandıra bilmədiyi bu zamanda
görün onlar nələr cəkirlər. Bir tərəfdən
də evdə, ailədə istədiyini edə bilməmək.
Etmək imkanında olmamaq. Gizli, daxili bir utanc.
Yaranışından əksiklərə
vərdiş etmişlərlə, sonradan, qəfildən, məcburiyyətdən
yaranan çatışmamazlıqlarla üzləşənlərin
daxili, mənəvi, psixoloji ağrıları tamam fərqlidı.
Özünü bu məhrumiyyətlərlə
barışdırmaq, yoxluğa məcburi alışdırmaq
çox çətindi. Ancaq mümkünsüz deyil.
Qazilər fiziki cəhətdən
sağlam cəmiyyətə çıxmaqdan çəkinirlər.
Utanırlar. Özlərini pis hiss edirlər. Onlara elə gəlir
ki, hamı onlara yazıq kimi baxır. Bunların belə
olmadığını özləri də bilirlər. Ancaq bu
hissi özlərindən qova bilmirlər. Ona görə də
hamıdan uzaqda olmağa çalışırlar. Yalnız
özləriylə söhbətləşirlər, dərdləşirlər.
Vaxtıilə cəmiyyətin
önündə gedən bu kəslər bu gün tədric
olunmuş kimidilər.
Xüsusi münasibət,
sayğı, qiymət, yetərincə qayğı,
qarşılıqlı münasibət görmədiklərindən
incikdilər. Onları əzalarının yoxluğundan
çox ağrıdan biganəlikdi.
Qarabağ Qazilərinin
baxışlarında, onlar haqqında deyilən ən adi bir
xoş sözü eşitməyə daxili ehtiyacın, həsrətin
cizgiləri duyulur.
lll
Hər gün
görüşdüyüm, ünsiyyətdə olduğum,
hissləri və duyğuları mənə daha doğma olan
bu insanlarla söhbətlər özləri qədər
maraqlıdı. Başqalarının təəccübünə
səbəb olacaq, özlərinə məxsus qəribə
zarafatları da var. Qarabağ Qaziləri həyata nikbin, gələcəyə
çox böyük ümidlə baxırlar. Sabahkı
müharibəyə mənəvi cəhətdən bəlkə
də hamıdan daha çox hazırdırlar. Hər biri
öz fiziki imkanı daxilində lazımi köməklik
göstərməyə, yardım etməyə, təcrübələrini
bölüşməyə.
Tək onu bilirəm ki,
adamları düşmənin qabağına çıxaracaq,
insanları səfərbər edə biləcək, yeganə
qüvvədi Qazilər. Kimi onlara qoşulacaq, kiminə qalmaq
ayıb gələcək, kimi də utandığından
arxalarınca gedəcək.
Torpaqları işğaldan
azad etməyə can atan, itirdiklərini, qoyub gəldiklərini
görmək istəyiylə yaşayan bu məmləkətin ən
hörmət olunası, xoş günlərin əsl layiqliləri-Qarabağ
Qaziləri
Haqqınız mübarək.
Qazi toyu
Bu gün toy qurulub,
toy, Qarabağda,
Qol-qıçlar
qışqırır,
oy, Qarabağda.
Bu qazi toyunda,
bu ər toyunda,
rəqs meydanına nidalar
qoyan
tək qıçı
üstündə
oynayan oğlan,
bu gecə tək qalan
qıçın oynayır.
Oturub ortada qara ciyər bəy,
sağdişi ayaqdı,
soldişi qoldu,
dağlara dırmanan uzanan
yoldu,
sürünə-sürünə
barmaqlar gəlir,
atlana-atlana pəncələr
gəlir,
qollar rəqs eləyir,
qıç təpik çalır,
oynayıb yorulan əl
çəpik çalır.
Hərdən halay vurub
yallı gedirlər,
bir pəncə ortadan
çıxmaq istəmir
qalan barmağından
süzülür təri,
sevinc tər içində
boğur kədəri...
Şəhid Qarabağda toydu
bu gecə .
Bu qazi toyunda, bu ər toyunda,
yerində oynayan süzənindən
çox,
yerdən təbrik edən gəzənindən
çox,
saqqallı gələni
bəzənəndən
çox.
Bu qazi toyunda, bu ər toyunda,
tək əl ovcun
döyür çəpik yerinə,
çəliklər səs
salır təpik yerinə.
Qazilər oynayır, qazilər
indi-
başları üstündə
qoltuq ağacı,
yellənir boş,
qıçsız şalvar balağı.
Bu qazi toyunda, bu ər toyunda.
Bu gün bəy oturub
bayrağın altda
bu qazi toyunda, bu ər toyunda.
Bu qazi toyunda, bu ər toyunda
qol qalxır, qıç
qalxmır oynaya o da,
ötən günlərini
sala bir yada.
Dolaşan ruhlar da
oynayır bu gün,
itən arzular da oynayır bu
gün,
bu qazi toyunda, bu ər toyunda.
Bu qazi toyunda, bu ər toyunda,
çəngəllər,
bıçaqlar əllərdən artıq,
susanı danışan dillərdən
artıq. . .
Göylərə ucalan tək
qol oynayır
yanında oynayan bir xəyal
qolla,
yol gedir, yol gedir
bir kölgə yolla.
Ananın yol çəkən
gözləridi bu,
oğluna söz qoşan
sözləridi bu.
Səngərdən
dağlara
uzanan ağ yol,
sonunda qaliblər dayanan
ağ yol,
bu gecə yol gedən tək
ayaqlılar
döyüşə səsləyir
ayaqlıları
bu qazi toyundan,
bu ər toyundan .
Bu gün toy qurulub,
toy, Qarabağda,
qol-qıçlar
qışqırır,
oy, Qarabağda.
Rəfail TAĞIZADƏ
525-ci qəzet.- 2010.- 24 iyul.- S.16.