İstərdim ki, mətbuatda təmiz
mühit yaransın”
İRADƏ TUNCAY: “ARXA PLAN OLMADAN İNSANLARIN SƏMİMİYYƏTİNİ
GÖRMƏK İSTƏYİRƏM”
Bu gün “Ədalət” qəzetinin 20 yaşı tamam olur. Azərbaycanın ilk müstəqil nəşrlərindən olan “Ədalət” qəzetinin mətbuat tariximizdə öz danılmaz yeri var. Bu gün Azərbaycan mətbuatının durumunu nəzərə alsaq, gündəlik qəzet çapının heç də asan başa gəlmədiyini bir daha yəqinləşdirmək olar. Bu yükü “Ədalət” qəzetinin yaradıcısı, yazıçı-publisist, millət vəkili Aqil Abbas qəzetin baş redaktoru, tanımış publisist, ömür-gün yoldaşı İradə Tuncay və qəzetin kollektivilə birgə çiyinlərində daşıyır. Bu yubiley ərəfəsində 20 yaşlı gəminin xanım kapitanı – İradə Tuncayla görüşüb “Ədalət”in keçdiyi yola nəzər salmaq istədik.
– Əslində, 20 yaş bir insanın araya-ərsəyə gəlməsi, yetkinləşməsi, normal cəmiyyətdə özünü göstərməsi üçün yetərli müddətdir. Amma bir yandan da baxanda görürsən ki, 20 il sanki bir göz qırpımında gəlib keçir. Bu 20 il necə gəlib-keçdi, bilmədim. Bu illər bir çox çətinliklərlə, ağrı-acılarla, həm də sevinci və dividentlərilə yadda qaldı. Amma elə şeylər var ki, o, nisbi yanaşma tələb edir. Vaxt da nisbi anlayışdır. Hər halda çətin şəraiti, sistem dəyişikliyini, qeyri-sabitliyi, zamanın diqtələrinin dəyişməsini nəzərə alsaq, qəzet üçün iyirmi il böyük müddətdir.
– İradə xanım, 20 il əvvəl qəzetə daha böyük maraq vardı. Sizcə, indi bu maraq niyə azalıb?
– Yəqin bu da şərtlərlə bağlıdır. Mənim qəzetlərə marağım azalmayıb. Yenə oxumaq istədiyim qəzetləri oxuyuram. Hər bir qəzetin fəaliyyəti dövründə enmələr, qalxmalar mümkündür. Bu, “Ədalət”də də olub və bunu normal qarşılamaq lazımdır.
– Siz qəzetə televiziyadan gəlmisiniz. Hansı daha asandır – qəzetlə televiziya jurnalistikasının fərqi nədədir?
– Heç birində işləmək
asan deyil. Əgər sən özünü həqiqətən
sözə, mətbuata, maarifçiliyə həsr edibsənsə,
heç birində işləmək asan deyil. Amma hər iki tərəfi
yaxşı tanıyan adam kimi deyə bilərəm ki,
televiziyada bu gün qəzetlərdə olduğu qədər
dərin adamlar yoxdur. Televiziyada hər şey çox
yüngülləşib, hər şey şouya, əyləncəyə
xidmət edir. Amma qəzetlər daha çox maarifçiliyə
xidmət edir. Bü günün şərtlərindən
danışıramsa, televiziyada zəhmət iki dəqiqədən,
yarım saatdan sonra uçub gedir. Amma qəzetlər qalır.
50 ildən sonra bu gün ən zəif
saydığımız qəzetin də arxivində nəsə
qalacaq, yəni gedib arxivdən həmin dövrün tarixinə
aid nəsə tapıb çıxaracaqlar. Televiziyada isə
başqa cürdür – zəhmət çəkirsən, bir
filmin araya-ərsəyə gəlməsi üçün
aylarla vaxt sərf edirsən, səhər montaja girib gecəyarısı
çıxırsan, amma elə ki, film efirə getdi, hər
şey qurtardı, baxan baxdı, vəssalam. İndi elə
şərait yaradılıb ki, əgər vaxtilə işlədiyin
telekanalda rəhbərlik dəyişirsə, o elə bilir ki,
tarix onunla başlayır. Əslində, sən əziyyət
çəkmisən, işləmisən və orda filmlərin
var, amma yeni rəhbər özündən əvvəl çəkilmiş
hansısa filmi efirə vermir. Niyə vermir? Axı, mən bunu
atam üçün, özüm üçün çəkməmişəm,
bunlar cəmiyyətə xidmət üçün çəkilib.
– Sözlərinizdən belə
çıxdı ki, sizin üçün qəzetçilik
televiziyadan daha üstüdür. Amma bu gün televiziyalar
reytinq baxımından qəzetləri üstələyib. Sizcə,
buna səbəb nədir – insanların qəzet almaq
imkanları yoxdur?
– Niyə ala bilmirlər ki.
Hamının hər şeyə pulu çatır, amma qəzetə
20-30 qəpik verməyə pulu çatmır. Sadəcə,
insanların beyninin yüngülləşməsindən
söhbət gedir. Heç kim fikirləşmək istəmir.
Hamı bu gün özünü kefə qapadıb və elə
bilir ki, bu gün dünyanın axrıncı
günüdür, sabah heç nə olmayacaq, niyə zəhmət
çəkib qəzet oxusun. Cəmiyyət harınlaşanda
onun sonu yaxşı olmur. Tarix boyu belə prosesləri
çox izləmişik. Mən belə fikirləşirəm.
– 135 yaşlı Azərbaycan
mətbuatını necə görmək istəyirsiniz?
Bugünkü durum sizi qane edirmi?
– Baxır məsələyə
hansı tərəfdən yanaşırsan. Mən mətbuata
hər şeyin ən yaxşısını arzulayıram.
İstəyirəm ki, hər bir qəzetdə
ixtisaslaşmış jurnalistlər işləsin.
İqtisadiyyatı gözəl bilən iqtisadiyyatdan, siyasəti
gözəl bilən siyasətdən yazsın. Qəzetin
imkanı olsun ki, bölgələrdə müxbir postları
saxlayıb birbaşa reportajlar verə bilsin. Mətbuatda həm
iqtidar, həm müxalifət, həm də mərkəzçi
mətbuatda gözəl qələmlərimiz var. İstəyirəm
ki, bu qələmlərdən yaxşı istifadə olunsun,
onların potensialı açılsın. Maddi cəhətdən
jurnalist heç nədən asılı olmasın,
düşünməsin ki, bu gün ev kirayəsini necə verəcək.
Jurnalistlərin evi olsun. Bunlar hamısı arzulardır. Yəqin
mən utopik cəmiyyət arzulayıram, amma nə vaxtsa bunlar
ola da bilər.
– Baş
redaktor olaraq kollektivlə münasibətiniz necədir? Sizinlə işləmək
çətin deyil ki?
– Mənim üçün
kollektivlə işləmək asandır. Ümumiyyətlə,
rəhbərliyi kişiyə, qadına bölmürəm. Əksinə,
mənə elə gəlir ki, qadınla işləmək daha
rahatdır. Çünki qadın intizamlıdır, məsuliyyəti
daha çox olur, kefə çox vaxt ayırmır. Qadın hər
şeyi sonrakı addımlarında düşünə bilir.
Amma kişilər bunu düşünmürlər. İşçilərim
açıq demirlər mənimlə necə yola gedirlər,
mən də onların alt qatını bilmirəm.
– Aqil müəllimlə
işləmək asandır, yoxsa sizinlə?
– Təbii ki, mənimlə.
– Bunu özləri deyiblər?
– Bəli, mən bir gün
işə gəlməyəndə, bütün kollektiv narahat
olur. Məni axtarırlar.
– Aqil müəllimi
axtarmırlar?
– Yox... axtarmırlar.
– İradə xanım, bəs,
publisist kimi Azərbaycanda bu sahəni necə qiymətləndirirsiniz?
– Mənə elə gəlir
ki, Azərbaycan mətbuatında publisistika ilə bağlı
problem yoxdur. Bizim çox gözəl publisistlərimiz var. Məhz
bu sahədə problem görmürəm.
– Hansı publisistləri
oxuyursunuz?
– “525-ci qəzet”də gəncləri
həvəslə oxuyuram. Tanınmış
yazıçıları da oxuyuram. Eyni zamanda, “Ayna” qəzetində
bu sahəyə daha çox diqqət ayrılıb. Orada
ixtsaslaşma var. “Azadlıq”, “Yeni Azərbaycan”, “Şərq”
qəzetlərində də publisistik yazıları izləyirəm.
Həm iqtidar, həm müxalifət mətbuatında gözəl
publisistlər var. İstəyirəm düzgün
anlaşılsın, iqtidar mətbuatı bu sahədə bir qədər
müxalifət mətbuatına uduzur. Müxalifətdə
publisistika sahəsində daha parlaq simalar var.
– Sizcə, burda siyasi amillər
rol oynayır?
– Güman etmirəm ki, bu,
siyasətlə bağlıdır. Sadəcə, burada bir məsələ
var: ağıllı adamları dövlətin siyasətinə
cəlb etməyə bacarmaq.
– Siz əvəzolunmaz
şairimiz Məmməd Arazın qızı,
yazıçı-publisist Aqil Abbasın həyat
yoldaşısınız. Həyatda hansı missiyanı
daşımaq sizə daha çox məsuliyyət gətirib?
– Mənim üçün həyatda
hər şey çətin olub. Asan heç nə olmayıb.
– Çətinliklərlə
çox qarşılaşmısınız?
– Çox.
– Bu şəxsi həyatda
olub, yoxsa iş həyatında?
– Hər ikisində çətinliklərim
olub.
– İndi də çətinlikləriniz
var?
– Bəli, hamı kimi mənim
də çətinliklərim var. Mən göydəndüşmə,
fövqəl insan deyiləm ki. Bütün insanlar kimi mənim
də dərdim var.
– Mətbuatda qadın jurnalistlər
çoxdur, amma baş redaktorlar çox azdır. Sizcə, bu
nə ilə bağlıdır?
– Mən mətbuatda orda-burda
sülənən hər adama jurnalist demirəm. Onlar
hansısa şəxsi məqsədlə mətbuata gəlirlər.
Çoxlarına tanışlıq lazımdır. Jurnalistika
isə tanışlıq yaratmaq üçün uyğun sahədir.
Özlərinə müştəri axtarırlar, ona görə
gəlirlər. Jurnalistika çox ağır missiya
daşıyan, ağır yükü olan sahədir. Hər
adama jurnalist demək düzgün deyil. İkincisi, rəhbərlikdən
danışırıqsa, əgər qadının içində
bu potensial yoxdursa, onu zorla rəhbər etmək mümkün
deyil. Bunu kvota ilə də, siyahı ilə də etmək
mümkün deyil. Qadının təşkilatçılıq
qabiliyyəti, bacarığı olmalıdır. Amma onu da deməliyik
ki, bizim qoçaq qadınlarımız var, kənarda
qalıblar. Ümumiyyətlə, rəhbər işində
cinsiyyət ayrımı düzgün deyil. Kimin
bacarığı varsa, o da işləməlidir.
–İşə çox vaxt
ayırırsınız, yoxsa özünüzə?
– Demək olar ki, işə.
Övadlarım böyüyüb, özlərinin ailələri
var. Ona görə işlə məşğul oluram.
– Bəs, işin
yorğunluğunu necə çıxarırsınız?
– Təbiətdə
olmağı, meşəyə gedib çay sahilində
oturmağı xoşlayıram.
– 135 yaşlı Azərbaycan
mətbuatında nəyi görmək istəyirsiniz?
– Təmiz mühitin
yaranmasını. Ümumiyyətə, ən böyük arzum
cəmiyyətdə təmiz mühit içərisində
yaşamaqdır. Arxa plan olmadan insanların səmimiyyətini
görmək istəyirəm. İstəyirəm ki, təmənnasız
insanlar çox olsun. Amma bunlar xülyadır,
görünür, heç vaxt olmayacaq.
– Ətrafınızda təmiz
insanlar azdır?
– Bəli, çox azdır.
Təmiz insanların azlığı insan xisləti ilə
bağlıdır.
–Onda yəqin
dostlarınız da azdır. Dostluq edəndə nəyə
fikir verirsiniz?
– Dostum azdır, bir neçə
nəfərlə dostluq edirəm. Uzaqdan adamayovuşmaz, soyuq,
yekəxana görünürəm. Amma elə deyiləm. Məni
tanıyanlar bunu bilirlər. Radionun tezlikləri var ha, insanlar
da elədir. Mənim tezliyim kiminləsə uyğun gəlmirsə,
o adamla münasibət qura bilmirəm. O insan da həmin an bunu
hiss edir. Mənim cəmiyyətin içində mövcud
olmağımın özü çox çətindir.
İnsanlardan nə istəyirəm? Yalan danışa bilmirəm,
qarşımdakından da onu gözləyirəm. Qoy
düzünü desin, onu həzm edib-etməmək artıq mənim
problemimdir. Mənə yalançı məhəbbət,
sevgi, tərif, məddahlıq lazım deyil. Mən həmişə
real hadisələri, gerçəkliyi görməyi bacaran
adamam və onu həzm edə bilirəm. Ətrafımdakılardan
da istədiyim səmimiyyətdir. Mətbuat aləmi
üçün bu nə dərəcədə məqbuldur
deyə bilmərəm, amma əslində, bu belədir.
– Mətbuat aləmi
üçün səmimiyyət məqbul deyil?
– Yox, mətbuatın bir funksiyası
da yalan danışmaqdır də.
– Mətbuat günü
birinci Aqil müəllim sizi təbrik edir, yoxsa siz onu?
– Vallah, heç fikir verməmişəm,
amma hər halda bir-birmizi təbrik edirik. Hər ikimiz mətbuata
xidmət edən adamlarıq.
– Xüsusi günlərdə
hansı hədiyyəni almaq istəyirsiniz?
– Ümumiyyətlə,
heç bir bayramda Aqil mənə hədiyyə almır.
– Niyə, hədiyyədən
xoşunuz gəlmir?
– Yox, hədiyyədən
ötrü ölürəm, amma almır də, bu adamın
xasiyyəti belədir. Mənim ən böyük
nöqsanım budur ki, tələbkar deyiləm. Həmişə
güzəştə gedirəm və ona görə də
uduzuram.
– “Ədalət”in 20
yaşını necə qeyd etməyə
hazırlaşırsınız?
– Bir məkanda kollektivlə,
dostlarımızla qeyd etmək istəyirik. Məbuata aid olan nə
varsa, millətin bayramıdır və bunu qeyd etmək
lazımdır. Çünki mətbuat bizim hər birimizə
aiddir. Nə qədər biz ondan yan keçmək istəsək
də, bacarmırıq. Mətbuat bizim hər birimizin həyatında
keçir və bu bizə hava-su kimi lazımdır.
REDAKSİYADAN: Biz “525-ci qəzet”
olaraq 20 yaşı tamam olması münasibətilə “Ədalət”
qəzetinin bütün kollektivini təbrik edir, həmkarlarımıza
yaradıcılıq uğurları və hər bir
istedadlı söz adamının layiq olduğu
qayğısız, sıxıntısız ömür yaşamağı
arzu edirik.
P.SULTANOVA
525-ci qəzet.- 2010.- 24 iyul.- S.15.