ƏBİLİNİN TÜTƏYİ
Hekayə
İstidən
nəfəs almaq olmurdu.
Belə bir vaxtda Əbili
bir manat əlli qəpik
verərək Qəzənfərin mini
marketindən (nədənsə təzə əmələ gələnlər
dükana market deməyi
çox xoşlayırlar)
aldığı arağı düt deyincə
vurandan sonra kəndin
ortasına çıxmışdı. Dodağının
altında da “siz ey ilk eşqimin
şahidi dağlar”ı zümzümə
edirdi. Əbilinin dünya
vecinə deyildi. Olan olmuşdu. Yenə həmişəki kimi Güllü arvad səhəng kürəyinin ortasında Qarabulaqdan su gətirirdi. Əbili
Güllü arvadın xətrini çox istəyirdi. Müharibədə üç igid oğul itirmişdi. İndi tək-tənha yaşayırdı. Daha doğrusu o əziz, o sevimli oğlanlarının ruhu
ilə, xatirələri ilə başbaşa
qalmışdı. Uğrunda üç övladını qurban
verdiyi sovet hökuməti
Güllü arvada yetmiş manat pensiya kəsmişdi. Vəssalam. Əbili Güllü arvadın tuşuna
çatanda onun
ağladığını gördü. Ona heç nə deyə
bilmədiyi üçün o da ağlamağa
başladı və öz özünə
zəmanəni qınadı. Belə də zəmanə olar? 1974-cü ilin
payızında Əbilini əsgərliyə aparanda
bu mahnı təzəcə
yaranmışdı və bəstəkarda elə bil həmin mahnını məhz onun üçün bəstələmişdi.
Onda Əbili sevirdi. Kəndlərindəki
o qarabuğdayı qızın dərdindən
dəli-divanə olmuşdu. Kənddə
də məmə yeyəndən pəpə deyənə kimi hamı ovucunun içi kimi bilirdi ki, Əbili o qızı sevir. Həmin
o qarabuğdayı qızın da Əbiliyə münasibəti pis deyildi. O ucqar, o gözəl, o qəşəng kənddə bir eşq tonqal
kimi alovlanırdı. Belə bir vaxtda, belə bir məsul ərəfədə, eşq tonqalının
çırtaçırt yandığı bir
məqamda sovet hökuməti Əbilini əsgərliyə
çağırdı. Əbili bir az dilxor olsada
o qarabuğdayı sevgilisinin
“əsgərliyi başa vur,
ondan sonra baxaq görək nə eliyə bilirik” sözləri ona əməlli
başlı toxdaqlıq vermişdi. Düz iki il
Rusiyanın ayı gəzən meşələrində Əbili
“siz ey ilk
eşqimin şahidi dağlar” oxuya-oxuya hərbi
xidməti başa vurmuşdu.
Əsgərliyə gedəndə Əbili o
qarabuğdayı sevgilisini
görüşə çağırmışdı və o da kişi
qızı kimi gəlmişdi və Əbiliyə
də demişdi ki, “qalsam sənin olacağam,
ölsəm də qara torpağın”. Əbilinin
bu sözlərdən sonra
qəlbi, ürəyi təlatümə gəlmiş və çox astaca o qarabuğdayı sevgilisinə müraciət
edərək bildirmişdi ki,
icazə ver əlindən tutum.
Qız isə Əbilinin sözlərinə təbəssümlə
cavab vermişdi ki, görüb eliyən olar, ayıbdı, inşallah
nişanlandıqdan sonra... Əbilinin
qolu-qanadı iraq olsun
elə bil qırılıb tökülmüşdü və ürəyində
sevgilisinə acığı tutmuşdu ki, gör heç
insafdırmı iki il
bərdən o yana
gedirəm, bilinmir öləjəm, qalajam, zalım qız əlindən tutmağa da icazə vermir.?! Bax elə ona görə də Əbili bir
balaca incik olduğu üçün
“siz ey ilk
eşqimin şahidi
dağlar”ı çox yanıqlı oxuyurdu və rus meşələrindəki
ağcaqayın ağacları onun təsirindən
“saçlarını yolaraq, göz yaşı axıdırdılar” Əbilinin
hərbi xidmətindən bir il keçəndən sonra
o sapsarı, cingöz
İvan da Krasnoyarsk vilayətində qalmış sevgilisi Valentinanın həsrətinə
dözməyərək “siz ey ilk eşqimin
şahidi dağlar”ını tərtəmiz
Azərbaycan dilində oxumağa
başlamışdı. Hərbi hissənin bir
başında Əbili oxuyurdu, o biri başında da İvan. Fərq təkcə
bir şeydə idi. Əbili
nə qədər yalvar-yaxar, xahiş etsədə o
qarabuğdayı sevgilisi onun
əlindən tutmağa icazə verməmişdi.
İvanın sevgilisi Valentina
isə İvandan uşaq
gözləyirdi... Kənd tər-təmiz və gözəliydi.
Payız bu yerlərə özgə bir gözəllik gətirmişdi. Və həmin
o qızıl payız günlərinin
birində kəndə hay düşdü
ki, Əbili əsgərlikdən
qayıdıb. O arıq, qarayanız Əbili bir
oğlan olmuşdu ki, baxdıqca baxmaq istəyirdin.
Hərbi forma ona çox yaraşırdı. Kitelninin
döşündə çoxlu nişan, medal var idi. Hərəsini də
bir əsgər dostundan
alıb döşünə taxmışdı. Belinə
bağladığı kəmərin üstündə ulduz şəkili olan sarı
dəmiri elə parıldıyırdı ki,
sanki Əbilinin belində iri
bir lampuçka
yanırdı. Əbilini kəndə girəndə bax belə görmüşdülər və Böyük Vətən müharibəsində
yeddi il nemesin əsirliyində qalmış İslam da şeytanın
qıçını sındıraraq demişdi
ki, ay camaat,
Əbili əsgərlikdə çox bayavoy olub. O, medalları hər
yetənə vermirlər. Kənd isə həyəcan
içində idi. Adamların
qulağı elə bil darı dəlirdi.
Hamı nə isə gözləyirdi. Çünki
Əbilinin o qarabuğdayı sevgilisi onu gözləmədən
bşqasına ərə getmişdi. Bu bəd acı, hönkürtü
dolu xəbəri Əbiliyə kimsə
deməli idi və deyildi
də. Həmin sözləri eşidəndə görənlər
danışırmış ki, Əbili ilan kimi qıvrılıb
açılıb, dili batıb və heç kəsə baxmadan
kəndin üst tərəfindəki təpələrə
sarı gedib. Bir qara tikan kolunun
dibində oturub lal-dinməz torpağa baxırmış. Kənd bir-birinə
dəymişdi ki, bəs Əbili niyə
məhz qaratikan kolunun
dibində oturub?! Ağzıgöyçəklər
çox şey
danışsalar da Əbili özü sonralar deyib ki, həmin o qaratikan kolunun
dibində o qarabuğda
sevgilisinə ilk sevgi
məktubu yazıbmış. Çünki
həmin vaxt Əbili həmin o təpələrin döşündə quzu otarırmış və təbiətin ona bəxş elədiyi fürsətdən
istifadə edərək o sevgi
məktubunu yazmışdı. Əbili kənddən perik düşmüşdü.
Onu harada axtarsaydın
Əzgilli meşəsinin ətəklərində tapa bilərdin. Günlər ötüb
keçirdi. Yavaş-yavaş
Əbilinin o nakam sevgi macərası unudulurdu.
O gözəl, o yaraşıqlı, o təmiz kənddə yeni
macəralar yaranırdı. Əbili Əzgilli meşəsinin
ətəklərində oturmaqdan bezməmişdi.
Əksinə bu yerə daha
çox bağlanırdı. Səbəbini
heç özü də
bilmirdi. O boyda sovet hökuməti yıxılanda Əbili hələ
də Əzgilli meşəsinin ətəklərində oturmuşdu. Nə yeyirdi,
nə içirdi heç
kəs bilmirdi. Tək bircə nəfərdən
başqa. Üzüntülü
və ağır günləri arxada qoyan Əbili kənddə tez-tez
görünürdü. Ən çox da dəmir
kraskası ilə dükanının qabağına “mini market” yazmış Qəzənfərin
kənddə yeganə olan
mağazasında Əbili mehrini arağa salmışdı. Özü
də dərindən hiss edirdi
ki, əsgərlikdən gəldiyi
vaxtın hörməti daha yoxdur və Əbilini tez-tez
iş dalınca göndərirdilər. Əbili
tez get dəhnəni bərkit,
arxı təmizlə, kol qır, odun doğra, ot çal və bir sözlə kəndin bütün
ağır işləri onun çiynində
idi. Gördüyü
işlərin əvəzini verən də var
idi, xəsislik edənlər də Əbili
heç kəsə fərq qoymurdu. Başını aşağı salaraq işləyirdi. Kənd camaatı bir gün Əbiliyə təklif
etdilər ki, gərək kəndin
naxırına gedəsən. Əbili bu təklifi
sözün düzü
gözləmirdi. Tərəddüd edəndə vaxtilə kəndin
ispolkomu olmuş İrşad kişi bildirdi ki, kənddə adam çoxdur. Ancaq Əbili bu işi sənə etibar edirik. Bu sözlərdən
sonra Əbili çomağını və
torbasını götürüb getdi naxırı otarmağa.
Naxır Şiş dağın
döşünə yayılmışdı. İnəklərin
kövşəyi Əbiliyə bir
rahatlıq gətirmişdi. Güney
daşını başının altına qoyaraq
uzanmışdı və arada bir mürgüləyirdi. Elə bu zaman Əbili gördü ki, naxıra tərəf
iki yad adam
yaxınlaşır. Əbili tez
çomağını əlinə alaraq
onlara yaxınlaşdı və baxıb gördü ki, həmin iki nəfər qonşu
Qazançı kəndində olan ermənilərdir.
Sureni tanıdı və tay-tuş
olduqları üçün Suren də Əbilini tanıdı. Gənclik
illərində Əbili Sureni
Xaçınçayın yatağında, Qazançı
bağlarında çox döymüşdü.
Həmin o dazbaş Suren Əbilinin əlinin duzuna
çox yaxşı bələd idi. Buna baxmayaraq
Suren çox amiranə
və ötkəm səslə Əbiliyə dedi:
– Ara, bir də naxırı buralara gətirmə,
bu torpaqlar bizimkidir. Əbili Surenin gözlərinin içinə
baxdı və açıq-aşkar gördü ki, onun
gözlərinin dərinliyində bir qorxu var və bu da daz
baş Suren öz sözünü demir?! Əbili erməniyə
çox qısa və kəsə cavab verdi:
– Naxırı hər gün burda otarajam. Ermənilər çıxıb getdilər. Əbili qarğıdan düzəltdiyi tütəyi torpasından çıxarıb çalmağa başladı. “Siz ey ilk eşqimin şahidi dağlar”. Adi qarğı parçası Əbilinin barmaqları altında elə bil od tutub yanırdı. Tütək neyləsin ey, alışıb yanan Əbilinin ürəyi idi. Bir neçə aydan sonra ermənilər dazbaş, Qazançılı Surenin dediyi sözləri xorla deməyə başladılar. Vəziyyət çox ağır bir həddə çatmışdı. Erməni silahlı dəstələri azərbaycanlılar yaşayaş kəndlərə hücum edir, ziyanlıq vurur, adamlara güllə atırdılar. Əbili hiss edirdi ki, bu xəmir çox su aparacaq və kəndin son günlərinə kimi elin naxırını göz bəbəyi kimi qorumuşdu. Kənd boşalırdı, bu da Əbiliyə çox pis təsir edirdi. Evlər elə bil yetim qalmışdı. Axşam düşəndə adamı vahimə basırdı. Əbilinin tütəyinin səsi gəlməsəydi burada yaşayışın olduğuna inanmaq çox çətin idi. Kənddə iki nəfər qalmışdı. Əbili və birdə Güllü arvad. Əbili gecə bir yuxu gördü. O qarabuğdayı sevgisi onun əlindən tutaraq Əbiliyə deyirdi ki, bu tütək sənə çox yaraşır. Allah haqqı elə bilirəm ki, mənim ürəyimin damarlarını əllərinlə oxşayıb onları sim kimi dindirirsən. Ancaq çox yanıqlı çalırsan, dözə bilmirəm, elə çalma, qadan alım, neynəyim gücüm göz yaşlarıma çatır. Ağlamaqdan gözlərimdə nur da qalmayıb. Əbili, bil və agah ol ki, məni zorla, zülümlə başqasına ərə verdilər. Getmirdim. Bir gün rəhmətlik ananla yolda qarşılaşdıq və o mənə dedi ki, a bala, özünü yorub Əbilini gözləmə. Əbiliyə başqasını gözaltı etmişəm. Ürəyim qırılıb düşdü yerə. Taqətim kəsildi. Əlim də sənə çatmadı. Qəfil bir səs Əbilini şirin və kədərli yuxudan oyatdı. Əbili baxıb gördü ki, başının üstündə bir dəstə hərbi formalı, saqqalı və sarısifət adamlar dayanıb. Bir nəfər avtomatın lüləyini Əbilinin kürəyinə dirəmişdi. Qanrılıb baxdı ki, Qazançılı dazbaş Surendir. Bir cantaraq rus isə Əbiliyə baxıb gülürdu. Əbili heç nə anlaya bilmirdi. Dazbaş Suren isə həmin o cantaraq rusa yalvarırdı ki, qoy bunu güllələyim. Həmin o cantaraq rus, deyəsən polkovnik idi. Düz Əbilinin gözlərinə baxa-baxa “siz ey ilk eşqimin şahidi dağlar” oxumağa başladı. Əbili onu tanıdı. Əsgərlik yoldaşı, sapsarı, cingöz İvan idi. İvan onu qucaqlayıb sinəsinə sıxdı və sol əlinin arxası ilə dazbaş Surenin ağzına tərs bir şapalax vurdu. Ağzı-burnu qana batan Suren quyruğunu qısıb büzüşən it kimi bir kənara qısıldı. Əbili də oxuyurdu, İvanda “siz ey ilk eşqimin şahidi dağlar”. Ermənilər kəndə od vurmuşdular. Evlər yanırdı. İvan Əbilinin nigaran baxışlarına və səssiz sualına belə cavab verdi: Prikaz, iz verxu – deyərək şəhadət barmağını dikəldib uzaqları göstərdi. İvanın kefli olduğu açıq-aydın bilinirdi. Burada İvandan başqa da çoxlu rus hərbiçisi var idi. Onlar deyib-gülürdülər. İvan baxdı ki, Əbili çox pis olur. O dəqiqə prikaz verdi: prekratit smex! Əbilinin doğulub boya-başa çatdığı ev də yanırdı. Göz yaşlarını düşmənə göstərməyən Əbilinin içində elə bil tonqal qalamışdılar. İçi oyur-oyur yanırdı. Əbili hər tərəfə baxırdı. Olanları gözlərinə köçürürdü. Ürəyinə dammışdı ki, bir daha Xaçınçayını, Şişdağı, Çinarlı bulağını, Əzgilli meşəsini, Daşlı təpəni, bağ-baxçanı görə bilməyəcək. Həyəcandan qurumuş, dodaqlarının arasında son dəfə “siz ey ilk eşqimin şahidi dağlar” süzüldü. Axşamüstü şər qarışanda cingöz, sapsarı, polkovnik İvanın başı Surenin qızına qarışanda dazbaş Suren Əbilini güllələdi. Bir saat əvvəl isə ermənilər Güllü arvadı öldürmüşdülər. Üç oğul dağı görmüş Güllü arvadın əlləri Əbiliyə tərəf uzanılı qalmışdı. Ermənilər hər tərəfə od vuraraq yandırdılar. İşğalçılar tək bircə bu ilahi səsin qarşısını ala bilmirdilər. “Siz ey ilk eşqimin şahidi dağlar” qayalarda əks-səda verərək hər tərəfə yayılırdı...
Salman Alıoğlu
525-ci qəzet.- 2010.- 31 iyul.- S.29.