Bir de görüm A!
Elxan Qaraqanın “A” romanı, yeni nəsil yazarlar və
ümumən son dövr ədəbiyyatımız haqqında
qeydlər
I yazı:
A Elxan Qaraqanın “A” (Hələ
sən bir ada bax! Amma nə olsun ki, XIX əsrin məşhur
fransız şairi A.Rembo da sonetlərindən birinə “Saitlər”
adı verib, yaxud İsveçrənin çağdaş
avanqard bəstəkarlarından biri J.L.Darbelenin də əsərlərindən
biri “A” adlanır, və yaxud ən yeni rus nəsrinin ən
ünlü isimlərindən biri V.Pelevin də son
romanlarından birini “T” adıyla təqdim edib və s. Avropa, Amerika
nə edirsə, pis, yaxşı, fərqi yoxdur,
yaxşıdır və qanundur) romanı haqqında yazı
yazmaqla bağlı “Azadlıq.orq” saytının sifarişi,
düzünü deyim ki, ürəyimcə oldu. (Şərtə
görə, yazı on min kompyuter işarəsi həcmində
olmalıydı. Amma həmişə olduğu kimi bu dəfə
də elə ilk cümlələrdən hiss eləməyə
başladım ki, yazının həcmi tələb olunandan
xeyli çox olacaq və elə də oldu. Odur ki, oxuculardan
yazının saytda yerləşdirilmiş variantı ilə qəzet
variantı arasında əhəmiyyətli fərq olduğunu
nəzərə almalarını xahiş edirəm).
Çünki roman son aylar çayxana və kafelərdən
tutmuş ta ki internet saytları və mətbuat səhifələrinə
qədər doğrudan da geniş müzakirələrə, hətta
dartışmalara səbəb olub. Və bu
dartışmaların maraqlı cəhəti onların məhdud
ədəbi camiəni yarıb daha geniş oxucu kütləsinin
müzakirə konusuna çevrilməsiylə
bağlıdır. Məsələn, tələbə
auditoriyasından romana münasibətlə bağlı fərqli
mövqelərdən sualları tez-tez eşidirəm. Ən
azı gənclik bu romanı oxuyur və əksərən
müəllifi dəstəkləyərək, əsəri bəyənərək
oxuyur. Demək, ədəbiyyatın sadəcə söz
adamları tərəfindən oxunduğu 90-cı illər təkcə
tarix yox, artıq ədəbiyyatda da tarixə qovuşur. Əlbəttə
ki, konkret olaraq, “A” romanı ilə bağlı bu
populyarlıq faktına onun müəllifinin müəyyən
rəsmi və qeyri- rəsmi dairələr tərəfindən
özəl olaraq piarlanması amilinin də ciddi təsiri var.
Amma, məncə, bu, yeganə və həlledici şərt
deyil. Ona qalsa, piarı (teleekran və mətbuatda
ardıcıl qalstuklu çıxışlar, ildə bir
neçə kitab dərc etdirmək, dəyirmi masalarda
keçirilən və elə orda da qalan çoxsaylı
müzakirələr, oxucularla vaxtaşırı
görüşlər, müxtəlif müsabiqələrdə
verilən mükafatlar və s., və s., və s.) Elxandan
qat-qat güclü olan yeni nəsil yazarlar da var və kim nə
deyir desin, aramsız saxta reklam kampaniyalarının acizliyi
burda göz qabağındadır – oxunmurlar ki, oxunmurlar!
Görünür, bir faktla hesablaşmamaq heç cür
mümkün deyil – maklaturanın reklamı nəticə
etibarilə onun doğrudan da maklatura olduğunu tirajlamaqla
sonuclanır. Axı reklam olunan əsərin özündə
də nəsə olmalıdır, Məşədinin
sözü olmasın, oxucu bilməlidir ki, mal necə
maldır, kitaba-jurnala verilən pula, mütaliəyə sərf
olunan vaxta və oxu prosesində milyonlarla beyin hüceyrələrini
itirməyinə dəyər, ya yox! S.Rüşdi, O.Pamuk,
X.Murakami, P.Koelyo, D.Braun, X.Hüseyni, Ə.Şəfəq və
digərlərini dünya çapında məşhurlaşdıran
reklam çarxını fırladanlar, yəqin ki, ilk öncə
bu amili nəzərə alır və nəticələrdən
də göründüyü kimi, zənlərində
yanılmırlar. Söhbət milli ədəbiyyatdan gedəndə
isə qoy lap reklam olsun, əsas odur ki, ədəbiyyat oxunsun,
söz az qala 20 ildən bəri düşdüyü
özündəşey labirintindən çıxsın. “A”
romanı göstərir ki, deyəsən, söz axır ki,
iyirmi ildən bəri düşdüyü labirintdən
çıxır. Bu anlamda romanın adının
çoxqatlı simvolikasına birini də əlavə etmək
olar: A əlifbanın ilk hərfi olduğu kimi, bu roman da hələ
yalnız ilkin konturları sezilən yeni ədəbi-bədii
meylin – alternativ nəsr düşüncəsinin ilk
işartılarının daşıyıcısıdır. Ədəbiyyatımızın
on ildən bəri yaşadığı postmodernistik mərhələdən
sonra alternativ nəsrə keçidi tamamilə təbii və
məntiqəuyğundur. Çünki dünya ədəbi-bədii
düşüncəsində də alternativ nəsr
postmodernizmi əvəzləmək iddiası ilə meydana
çıxan bir tendensiyadır. Bədii-estetik səviyyəsindən
asılı olmayaraq “A” romanının başlıca önəmi
də, məncə, elə bundadır. Və nəzərə
alanda ki, bu missiyanı vur-tut on doqquz yaşlı bir gənc
yerinə yetirir, onda bircə şey qalır – “A” müəllifini
alqışlamaq! Çünki ədəbiyyatın ən
başlıca xüsusiyyətlərindən biri daimi yeniləşmə
meylidir ki, bu haqda hələ 2500 il öncə antik yunan
filosofu Platon da yazırdı. “A” romanı ədəbiyyatımızda,
bədii nəsr düşüncəmizdə yeni mərhələ
əlifbasının ilk hərfidir. Elxan Minos labirintinə
girib minotavrı öldürən gənc Tezeyə bənzəyir.
Ona hansısa qüvvələrin göstərdiyi kömək
isə uzaqbaşı Ariadna sapıdır. Axı bu sap olmasa,
nə ora girmək, nə də ordan çıxmaq
mümkün olmazdı. Əsas odur ki, oxucu biganəliyi tilsimi
sınsın! Və sınır da... Burda bir ziddiyyətlə
üzləşirik və sözün ciddi mənasında məqalə
yazmaq özü də, əslində, ziddiyyətlər
labirintindən keçmək və minotavrı öldürmək
deməkdir. Nədir bu ziddiyyət? Axı 90-cı illər ədəbiyyatında
geniş oxucu kütləsi tərəfindən oxunan nümunələr
varıydı. Məsələn, poeziyadan söz gedəndə
R.Rövşən, yaxud Salamın şeirləri. Və bu
danılmaz faktlara belə yozum vermək olar: R.Rövşənin
yaradıcılığına olan maraq şairin 30 illik oxucu
“baqajına”, onillər boyu topladığı mənəvi
kapitala söykəndiyi, yəni inersiya qanunu üzrə meydana
çıxdığı kimi, kitabı ayrı-ayrı
oxucular tərəfindən az qala başdan-başa əzbərlənən
Salam sistemdənkənar hadisə, istisna haldır. Biz isə
hazırda istisnalar yox, ən ümumi durumdan
danışırıq. Elə isə niyə Salamın
oxunması məhz istisnanın, Elxanınkı isə tam əksinə,
ümumi durumun ayağına yazılır? Bunu hansısa məntiqə
bağlamaq olarmı? Cavab: olar! Çünki Salam ədəbiyyatın
getdikcə daha az oxunduğu, maraqdan düşdüyü,
düşüncənin ifrat dərəcədə siyasiləşdiyi
dövrün şairi, Elxan isə sözə, ədəbiyyata
marağın ildən-ilə artdığı bir
dövrün yazarıdır. Yəni Salam müəyyən
bir mərhələyə yekunun təzahürü idisə,
Elxan yeni mərhələnin başlanmasına işarədir.
Müqayisələrin şair və nasir arasında
aparılması da sizə qəribə gəlməsin. Bizi
ilgiləndirən janr mənsubiyyəti yox, geniş oxucu
kütləsi arasında oxunmaq faizidir. Bundan əlavə, Salam
tipik yekunlaşdırıcı imza kimi özünü təsdiq
etdiyi halda, Elxan da yeni mərhələnin başlanmasından
xəbər verən səciyyəvi imzadır. Bu müqayisə
bədii düşüncənin ən ümumi gedişi ilə
də şərtlənir: şeir getdikcə və getdikcə
daha çox öz mövqeyini nəsrə verir. İyirmi, on
il əvvəl ədəbiyyata şair kimi gəlmiş cavanların
mühüm bir qisminin kütləvi surətdə nəsrə
meyllənməsi də (E.Başkeçid, Aqşin və s.)
bunu təsdiq edir. Bunların arasında özünü
artıq nasir kimi təsdiq edən (İ.Fəhmi) və daha
ciddi nasir potensialından xəbər verənlər də
(Ş.Ağayar) var. 90-cı illərdən bəri ədəbiyyata
üç dalğa yeni yazar nəsli gəlib: birincisi 80-ci illərin
sonu və 90-cı illərin əvvəlləri, ikincisi 90-cu
illərin sonu, üçüncüsü isə son bir
neçə ildə, yəni təxminən hər on ilə
bir nəsil düşür. Elxan bunlardan
üşüncüsünə mənsubdur. İstər birinci,
istərsə də ikinci dalğa mənsublarının fəaliyyəti
daha çox qarşıdurma enerjisi ilə müəyyənləşirdi.
Qarşı duran tərəflərdən birincisi
(H.Herisçi, M.Köhnəqala, R.Qaraca, A.Yaşar və s.)
bir qayda olaraq AYB-yə qarşı radikal mübarizə
mövqeyində durur, ikincilər (Q.Nəcəfzadə,
S.Hüseynoğlu, D.Sevgin, S.Babullaoğlu və s.) isə bunun
tam əksinə özlərini, təbiri caizsə, ədəbi
iqtidarın təmsilçiləri kimi aparırdılar (Əlbəttə,
fərdi utilitar məqsədlərinə müvafiq olaraq,
nala-mıxa vuran, gah o, gah bu tərəfdə peyda olan, gah
AYB-nin əleyhinə verilən bəyanatlarda adı
görünən, gah AYB-nin ən alovlu “patriotları” kimi
çıxış edənlər də varıydı. Təəccüblü
deyil ki, eyni durumu onların siyasi mövqe dəyişkənliklərində
də müşahidə etdik.) Fikir vermisinizsə, bu
qarşıdurma son bir neçə ildə səngiyib, on il əvvəlki
tempini itirib. Niyə? Çünki ədəbiyyatda gedən
bütün proseslər sosial-siyasi olaylara uyğundur. Biz
bununla ədəbiyyatın siyasətdən
asılılığını vurğulamır, bu iki fərqli
düşüncə və fəaliyyət sahəsinin vahid
bir prosesin tərkib hissəsi, riyazi dillə desək, eyni bir
sistemin altçoxluqları olduğunu demək istəyirik.
90-cı illər üçün səciyyəvi olan radikal
müxalifət-iqtidar qarşıdurması bugünkü
sosial-siyasi həyatda öz önəmini itirdiyi, ikinci plana
keçdiyi kimi, anoloji vəziyyət ədəbi-bədii
düşüncə sahəsində də müşahidə
olunur. Cəmiyyətdə ildən-ilə daha qabarıq
görünən siyasi, iqtisadi, mənəvi stabilləşmə
ədəbiyyatda da əks olunur. İnqilablar
dövrünü daha sivil, daha elitar islahatlar dönəmi əvəzləyir.
Elxanın da mənsub olduğu müstəqillik dövrü
üçüncü nəsil yeni yazarların əsas təmsilçilərində
(Qismət, Z.Quluzadə, O.Muxtarlı, Ə.Əlioğlu,
E.Bakirğolu və s.) davranışlarından tutmuş
yazı-pozularına qədər bir fərqləndirici cəhəti
qabarıq hiss edirəm: sözügedən
qarşıdurmanın fövqünə qalxmaq: bu
qarşıdurmanın lokal milli, məhdud ədəbi-bədii
çərçivələrindən çıxaraq daha
geniş miqyasda düşünmək cəhdi! Üstəgəl
həm hər cür saxta millilik, məqsədyönlü
konservatizm, həm də hər dürlü
inqilabçılıq, vulqar radikalizmdən uzaq
ziyalılıq, elitarlıq. Və bunu üçüncü
nəsil yeni yazarların birbaşa qəhrəmanlığı
saymadığım kimi, onların ayağına günah kimi
yazmaq fikrim də yoxdur. Şübhəsiz ki, bu da ilk öncə
yuxarıda göstərdiyimiz zaman, dövr məsələsiylə
bağlıdır. İnsanlar valideynlərindən çox zəmanələrinin
övladları olur. Estetik zövqü,
dünyagörüşü milli ədəbi-bədii ənənələrdən
daha çox ən yeni dünya ədəbiyyatı, xüsusən
də Hollivud filmləri, ən son dünya musiqisi əsasında
formalaşan bu gənclərin bəziləri üçün
çağdaş milli ədəbi proses və bu prosesdəki
qarşıdurmalar ikinci dərəcəli fakta çevrilir, bəziləri
üçün isə sadəcə öz önəmini
tamamilə itirir. Onların ən tipik təmsilçiləri
dünya ədəbiyyatı və mədəniyyəti ilə
sadəcə rus dili yox, həm də ingilis dili və ya
Türkiyə türkcəsi tanış olan qloballaşma
dönəmi cocuqlarıdır. Burda daha bir ziddiyyəti həll
etmək, daha bir minotavrı öldürmək zərurəti
ilə üzləşirik. Axı bundan əvvəlki nəsillərin
nümayəndələri arasında da bu
qarşıdurmanın fövqündə duran cavanlar
(Yaşar, F.Uğurlu, Q.Ağsəs, K.Hacı, Ə.Qurbanlı,
Ə.Cabbarlı və s.) varıydı. Amma onların üzə
çıxdığı illərdə, yəni təxminən
iyirmi, on il öncə bu mövqe hələ ədəbiyyatın
aparıcı meyli deyildi. Bu mənada yuxarıda sözügedən
cavanlar Elxanın mənsub olduğu ədəbi nəslə məxsus
bir sıra xüsusiyyətlərin ilkin daşıyıcılarıdır.
Onları birinci və ikinci nəsil yazarlarla,
üçüncü nəsil arasında bir körpü də
saymaq olar. Onlar daha çox milli ədəbi köklərə
bağlılıqları ilə əvvəlkilərə,
ziyalı etikası, ən ümumi davranış
baxımından isə sonrakılara uyğun gəlirlər.
(ardı var)
Əsəd Cahangir
525-ci qəzet.- 2010.- 31 iyul.- S.26.