“Sevgi gözəl bəladı”

 

XALQ ŞAİRİ FİKRƏT QOCANIN 75 İLLİK YUBİLEYİNƏ

 

“Qurani-Kərim”də insanlara üç kitabı oxumaq vacib buyurulur; bunlardan birincisi Allah, ikincisi Kainat, üçüncüsü isə İnsan Kitabıdır. Deməli, insan da qutsal bir kitabdır və bu kitabın Allah kitabıyla bir mərtəbədə tutulması xaliqin insan siyasətinin aliliyinə-xəlqinə sevgisinə dəlalətdir. İnsanın da Rəbbinə, ərşi-gürşü birləşdirən kainata və külli-Adəmə sevgisi ilahi sevgiyə tən gəlməlidir. Təəssüf ki, insan xəlq olunub yer üzünə göndəriləndən sonra başı nəfsinə, cahangirliyə, dünyanı qapsımağa qarışdığından əzəli missiyası olan Sevgi siyasətində tənəzzülə uğradı, uğradıqca da Allah bərabərindəki mərtəbəsindən pillə-pillə enməyə başladı. Ancaq bu tənəzzül cəmi insanlara aid deyil. Bir qütbdə maddiyyata uyub ilkinliyindən uzaqlaşan, qutsal idrakı öləziyən insan dayanırsa, digər qütbdə “beynimizin insan mərkəzini” oyaq saxlayan Ali İnsan dayanır. Deməli:

 

“İnsan ən uca zirvə-

Ucalmağa başlasa.

İnsan ən kiçik zərrə-

Kiçilməyə başlasa.

Bu fərqin arasında

İnsan, insan, insandı,

Ucalmaq da asandı,

Kiçilmək də asandı”.

 

lll

 

Ucalmaq da, kiçilmək də yoldu – yolçunun içindəki işıqdan asılı olaraq tərcih edilən yol. İşıqgələnə, ya ithürənə aparan yol. Zikrə, Tanrı eşqinə, ya şeytanla qardaşlığa aparan yol. Hər yol həm də səviyyədi; insan, ya şeytan səviyyəsi. Birinci səviyyə yüksəklikdi, ikinci alçaqlıq.

 

Bir yüksəklik var;

o da insan səviyyəsi.

Ordan aşağı

alçaqlığa gedir,

Ordan yuxarı

Allahlığa gedir.

Hamı o səviyyədə

dünyaya gəlir.

O səviyyədə yaşaya bilmək,

o səviyyədə yaşayıb ölmək

xoşbəxtlikdi”.

 

Azərbaycanın Xalq şairi, bu günlərdə 75 yaşı tamam olan Fikrət Qoca da xoşbəxtdi. Çünki o, həm öz ömrünü insan səviyyəsində yaşayıb, həm də “beynimizin insan mərkəzini oyandırmaqla kainatın və bəşərin nizamına xidmət edib.

 

lll

 

Modern-eksperimental milli şeirimizdə bu təmayülün banisi Rəsul Rzadan sonrakı ən mötəbər yerlərdən birini tutan Fikrət Qoca yaradıcılıqla məşğul olduğu 50 ildə zəngin poetik irs yaradıb. Və 50 ildir ki, bu irs çoxsaylı məqalələrdə, monoqrafiya və dissertasiyalarda müxtəlif cəhətlərdən təhlillərə cəlb edilməkdədir. Bu üzdən deyilənləri təkrar etməmək üçün (amma bu da var ki, həqiqət nə qədər təsdiq olunursa, bir o qədər mütləqləşir) yalnız zəruri hesab etdiyimiz bəzi məqamlar barədə qeydlərlə kifayətlənəcəyik.

 

lll

 

Türkiyə sərbəst şeirinin korifeyi Fazil Hüsnü Dağlarca şeirə təzə gələndə 50 dəftər alır. Hər dəftərin cildinə əruzun bir failinin, hecanın bir vəzninin adını qeyd edərək onları həmin failə, vəznə aid şeirlərlə doldurur. Sonra dəftərlərin hamısını yandırır və yalnız bundan sonra öz stixiyasına uyğun olaraq sərbəst vəzndə şeirlər yazmağa başlayır. Azərbaycan sərbəst şeir məktəbinin ilk yetirmələrindən olan Fikrət Qoca da müsahibələrindən birində şeirə əruzla başladığını, hecayla davam etdiyini, sonda isə sərbəstə keçdiyini açıqlayır. Türkdilli modern şeirin iki görkəmli simasının eyni yolu tutmasının bir səbəbi var idi; onlar sərbəst şeirin ritmik şeirdən daha çətin bir sistem olduğunu və bu sistemdə uğur qazanmağın klassik sistemlərə vaqiflikdən keçdiyini bilirdilər.

Prosessual təcrübi keçidlərin effekti göz önündədir; modern şeirin total axına çevrildiyi çağda Dağlarca yenə ən əzəmətli zirvə olaraq qalmaqda, Fikrət Qoca da 50 il öncəki mötəbər mövqeyini saxlamaqdadır. Təbii ki, bu mövqedə ənənə yalnız əhəmiyyətli amillərdən biridir. Fikrət Qoca şeirinin sanbalını, eyni zamanda, poetik xassəsini təşkil edən digər amillər isə aşağıdakılardır:

Səbateir odasının bir divarını sözdən, bir divarını sözün elmindən hörməkndə vurğuladıq bu məqamı), sabit ritm (aritmiyadan, kəskin ziqzaqlardan, enerji itkisindən, ruhi qocalıqdan hifz olunmaq), səmimiyyət və təvazö (gözünün gördüyü, qəlbinin duyduğu qədər yazmaq), cəsarət və risk (dövrün kölgəsiylə deyil, özüylə döyüşmək, qələmini yeni tarixə özül etmək), sevgi (xaliqinə, xəlqinə, xatununa, ölkəsinə, qibləsinə...) və sədaqət (ustadına, yoluna, səmtinə)! Bir sözlə, sənətkar və şəxsiyyət ittifaqı. Məhz bu ittifaq sayəsində, öz sözləriylə desək,“sovet dövrünün Fikrət Qocaya ideoloji mənada heç bir dəxli olmayıb”. Baxmayaraq ki, 50 illik yaradıcılığının 30 ili həmin ideologiyanın basqıları altında keçib və disident ədəbiyyatın məşhur örnəklərindən olanRiski, “Kəndirbazlar”ı, “Qaragül dərili quzunu da, “Ərkəc”, “Quq-quq quşuvə digər üsyankar şeirlərini də o məlun rejimdə yazıb. Biz siyasətlə münasibətdə diplomatik təmkinini hər zaman qoruyub saxlayan (elə ədəbi mühitdə də Fikrət Qoca olduqca təmkinli- salğarlı sənətkarlarımızdandır) gerçək şəxsiyyətdən inqilabçı obrazı yaradıb belinə qılınc qurşamaq istəmirik. Milli yaddaş, məcazi dil yaddaşı və oyaq heysiyyət-diktatura dövrü Azərbaycan Vətəndaş şeiri bu cəbbəxana hesabına rişələnərək rejimin özülünə lağımlar atırdı və ilk sıradakı lağımçılardan biri də Fikrət Qoca idi.

Azərbaycan türkcəsi istər türk dilləri qrupunda, istərsə də dünya dilləri içində məcazi dili müstəqim dil sistemindən üstün olan nadir dillərdəndir. (Bu üstünlüyün tarixi səbəblərindən biri ədəbiyyatın uzun zamanlar poeziya müstəvisində inkişafı və dilin təbii ifadə imkanlarının genişliyindədirsə, digəri Ezop üslubunu inkişafa məcbur edən çoxəsrlik Şərq despotizmindədir!) Və Fikrət Qoca poeziyasını da təkrarsız edən mühüm faktorlardan biri sənətkar kimi zəngin məcazi dil potensialına malik olmasıdır. Onu da qeyd edək ki, bu potensial tipik alleqorik köçürmə (“Quq-quq quşu”, “Küçük”, “Ərkəc”... ), məkan transformasiyası (“Salam, Vyetnam”, “Amilkar Kabral”, “Ünvansız məktub”- bu poemalar həm də siyasi lirikanın gözəl örnəkləridir.),qrotesk (“Adəm və Həvva nağılı”, “Kəndirbazlar”...) və s. kimi müxtəlif ünsürlərdən oluşan çoxtərkibli bir məcaz potensialıdır.

Bədii mətnin dəyəri yalnız estetik funksiyasında deyil, həm də daşıdığı informasiya yükündədir. Informativlik sözün cəmiyyətə faydasını artırmaqla onu ictimai görəv daşıyıcısına çevirir. Fikrət Qoca poeziyasında estetik zövqlə ictimai görəv bir aradadır.

Bu cəmiyyətə hər yöndən impuls verən çoxfunksiyalı, mütəhərrik, canlı poeziyadır və onun canlılığını təmin edən əsas faktorlardan biri zəngin informasiya yüküdür.

 

“Argentinada doğuldu,

Meksikada yaşadı,

Kubada inqilab elədi.

Boliviyada həlak oldu.

Bunlar hamısı cəmi

Otuz doqquz illik yoldu”.

 

Əfsanəvi Amerika inqilabçısı Çe Gevaraya həsr olunmuş “Ünvansız məktub” adlı poemadakı bu beş sətirdə Çenin bütün həyatı kodlaşdırılıb. Mündəricə vəzifəsi daşıdığından burada informasiya xəbər agentliyinin mətnləri kimi dəqiq, qısa və şərhsiz təqdim olunur.

İndi də başqa bir nümunəyə diqqət edək;

 

“Deyirlər,

dünyada bir Adəm olub,

bir də Həvva.

Demək, hamı bacı-qardaşdı.

Üç milyard bacı-qardaşın

hələ də yarısı gözü yaşlı.

Mehriban dolanır bacı-qardaşlar

kəsə-kəsə,

asa-asa.

Adəm-Həvva nağılı əladır,

Habil-Qabil əhvalatı olmasa”.

 

Bəşərin başlanğıcına işarə edən teoloji mif, dünyanın iqtisadi durumu, gücün və nəfsin hegemonluğu kimi müxtəlif informasiyaların ehtiva olunduğu bu mətn həm də dürüst, lakonik şərhləri ilə seçilir. Lakin şərhlər aşırı təhlil xarakteri daşımır. Çünki şeirdə hamının əvəzinə düşünmək məqsədi güdülmür, müəllif , ictimai düşüncəyə impuls verməklə onu sükunət halından tərpədib hərəkətə gətirmək istəyir və görəvini uğurla yerinə yetirir.

 

lll

 

Fikrət Qoca bədii-estetik siqlət baxımından mütəfəkkir şairdir. Onun poeziyasında fikir bir çox hallarda lirikanı, duyğu və hissləri üstələyir. Kiçik həcmli şeirlərində bu məziyyət daha qabarıqdır və virtual genişlik, fəlsəfi-psixoloji intonasiya, müdriklik bu cür şeirlərin əsas atributu kimi çıxış edir:

 

“Gülün gözəlliyi öz qatilidi,

Bülbülün qəfəsi şirin dilidi”.

“Qorxmuram ölməkdən,

Qorxuram ki, mən

Ölmək lazım gəlsə

Ölə bilməyəm”.

“Öldü varlı ata,

qaldı varisi.

Dedi ki, mənimdir

torpaq, xaniman.

Bu vaxt eşidildi

torpağın səsi:

Görək kim kimindir,

ey cavan oğlan!”

 

“Mənimdir” adlı sonuncu şeir Şərqin böyük mütəfəkkir şairləri Ömər Xəyyamın, Sədi və Hafizin rübailərini yada salır. Amma Fikrət Qoca rübai şairi deyil. (Hərçənd ki, müasir şeirimizdə, məsələn, Xalq şairi Qabilin, Oqtay Rzanın yaradıcılığında maraqlı rübai nümunələrinə rast gəlinir, bununla belə, rübai yeni çağ üçün aktual əhəmiyyət kəsb etmir.) Mətnin formatı və didaktik yükü klassik şeirlə assosiativ bağlantı yaratsa da, vəzn sərbəstdir. Fikrət Qocanın Azərbaycan şeirinə verdiyi töhfələrdən biri də məhz bunda- qədim ənənələri olan miniatür şeiri verlibrə gətirməsindədir. Əlbəttə, bu həm də verlibrdə müşahidə olunan ortaq meyllərdən biri idi və biz bu yazıda ilk nümunəni kimin yaratmasını araşdırmaq niyyətində deyilik. Sadəcə, bunu deməklə kifayətlənirik ki, klassik miniatür şeirin sərbəst vəzndə zühuru bu məktəbin təbiətindən doğan novatorluq axtarışlarının və mətnin vizual effektiylə bərabər, virtual çəkisinə həssaslıqla yanaşmanın təzahürü idi. Axtarışlarda ustad Rəsul Rza başda olmaqla, onun yetirmələri olan digər şairlər də iştirak edirdi. Lakin sərbəst miniatürlər iki adaş həmkarın – Fikrət Sadıqla Fikrət Qocanın yaradıcılığı üçün daha çox tipikləşdi və hətta Fikrət Sadığın əsas yaradıcılıq istiqamətinə çevrildi. Getdikcə tendensiya xarakteri alan miniatür şeirə lakonik və aktual bir forma kimi müasir poeziyamızda da tez-tez müraciət olunmaqdadır. Və hesab edirəm ki, “birlər”, “ikilər” ... adlandırdıqları mini şeir mətnlərini məhz özlərinin kəşfi hesab edən cavan yazarlarımız ənənənin uzaqdan gəldiyini unutmamalıdırlar.

 

lll

 

Azərbaycan sərbəst şeirində ilk mötəbər yerlərdən birini tutan Fikrət Qocanın milli mədəniyyətimizin 60-cı illər intibahında, xüsusən, musiqimizin xəlqiləşərək öz təbii ritminə qayıtmasında da böyük xidməti vardır. Əliağa Vahidin muğam üstündə oxunan qəzəlləri ilə Fikrət Qocanın vokal- estrada janrında oxunan şeirləri bəlkə də sayca bərabərdir. Poeziyamızın iki fərqli janrında yazıb-yaradan bu görkəmli sənətkarlar musiqimizin iki fərqli janrında da mahiyyətcə oxşar işləri görüblər. Vahidin qəzəlləri əruzdakı mürəkkəb ərəb, fars leksikasını türkləşdirib sadələşdirdiyi kimi, Fikrət Qocanın heca və sərbəst vəzndəki mahnı mətnləri də sovet dövrü Azərbaycan musiqisindəki sərt realizmin lirizmlə, pafosun təbiiliklə əvəzlənməsində əhəmiyyətli rol oynadı. Təbii ki, prosesdə Rəfiq Zəka, Cabir Novruz, Adil Bəbirov kimi digər sənətkarlarımız da iştirak edirdi və onların birgə fəaliyyəti ümumi musiqiyə və repertuar siyasətinə ciddi təsir göstərdi.

Fikrət Qocanın efirdə 400-dən çox mahnısı səslənib. Hələ biz film və tamaşalar üçün yazdığı mahnıları bu sıraya qatmırıq. Əgər onları da əlavə etsək (təkcə “Qaynana” tamaşasında şairin 12 mahnı mətni səslənib), daha sanballı rəqəm alınar.

Ramiz Mirişli, Tofiq Quliyev, Emin Sabitoğlu, Ağabacı Rzayeva, Oqtay Kazımov, Vaqif Mustafazadə, Polad Bülbüloğlu, Telman Hacıyev, Ruhəngiz Qasımova, Mehriban Əhmədova, Firəngiz Babayeva... 60-cı illərdən başlayaraq milli musiqimizin inkişafında parlaq dəst-xəttləri olan bu bəstəkarların hamısı Fikrət Qoca ilə məmnuniyyətlə əməkdaşlıq etmişlər. Və bu işbirliyinin məhsulu olan gözəl mahnıları (“Anacan, dostum evlənir”, “Ey xəyal”, “Gülüm, sən nə yaman gözəlləşmisən”, “Bir xumar baxışla”, “Ay da pəncərəmizdə yandı, alışdı” , “Gecə yaman uzundur”, “Ay şöhrətim, şanım mənim”, “Ay gözümün nuru”, “Gəl ey səhər”, “Burdan sizin qapıyacan”, “Çiçək tapa bilmədim” , “Bir baxmısan, bir də bax”, “Yada salma ”, “Qaytar eşqimi”, “Ana” və s. ) Rəşid Behbudov, Şövkət Ələkbərova, Polad Bülbüloğlu, Oqtay Ağayev, İlhamə Qasımova, Azər Zeynalov kimi ünlü müğənnilər sevə-sevə oxuyublar.

Azərbaycan efirində ciddi mahnı siyasəti yeridildiyi dövrlərdə (1960-1990) Fikrət Qoca şeirlərinə ən çox mahnı bəstələnən şairlər arasında liderlik edib. Ola bilsin, bunun bir səbəbi Ramiz Mirişli, Oqtay Kazımov, Emin Sabitoğlu, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla isti münasibətlərdə idi. Və ünsiyyətin özü də səbəbsiz deyildi. Fikrət Qoca adıçıkilən musiqi korifeyləri ilə eyni nəslə mənsub idi və bu həm də içində olduqları milli mədəni prosesin yükünü birgə çəkmək demək idi. Stalin dövründən sonra musiqi siyasətində siyasi lirikanın hegemon mövqeyinin tədricən liberallaşmasında bu sənətkarların mətn-musiqi tandeminin böyük rolu oldu. Nəticədə, balans təbii mahnının, lirizmin, emosional ovqatın xeyrinə dəyişdi. Ümumiyyətlə, 60-cı illər milli intibahı mədəniyyət və incəsənətin bütün sahələrinin bir-biri ilə üzvi vəhdəti şəraitində inkişaf edirdi və bu inkişafda aparıcı missiyanı ədəbiyyat daşıyırdı. “Dəli Kür” monumental romanından sonra milli kinonun şedevrlərindən olan eyniadlı film, “Məhşər”dən sonra “Nəsimi”, “Axırıncı aşırım”, “Dədə Qorqud” yarandığı kimi, şeirimizdəki yeniləşmə də incəsənətin mahnı janrına ciddi təsir göstərirdi. Bir sözlə, ideoloji platformalı sovet mahnısı (zərbəçi çoban, zərbəçi pambıqçı, qəhrəman neftçi və s.) xalq mahnısı ənənələrinə qayıtmağa, milli özgürlüyünü, daxili azadlıq hissini, ruhsal, məhrəm duyğularını ifadə etməyə başladı.

 

“Gözümün işığına

hər kiprik bir yük olur,

Bəzən bir ömürdən də

Bir gecə böyük olur,

Gecə yaman uzundur.

Xəyallar şirin-şirin,

Xəyallar acı-acı,

Qəlb vüsalın möhtacı,

Göz yuxunun möhtacı,

Gecə yaman uzundur”.

 

Yəni, mahnı beyində yox, özünün əzəli beşiyində- ürəkdə oxunmağa başlayaraq sevib-sevilən, nifrət edən, iztirab çəkən “insan səviyyəsi”nə qayıtdı. Azərbaycan mahnısına stereotipləri dəyişdirən, daim axtaran, döyüşən, sevib-sevilən, unudulub atılan, iztirab çəkib qəmə batan (“O, hər gün axtarır, hər gün döyüşür, gah sevinc tapır, gah da ki qəmə batır, yaşayır, yaradır, sevilir insan”- Rəşid Behbudovun unikal ifasını yəqin ki, xatırladınız) canlı insan obrazı gəldi. Qəhrəmanın iç dünyasının, hiss və duyğularının tərənnümü qabardı, lirizm, sentimentalizm çalarları gücləndi. Hətta şairin ruhundakı incə yumor mahnılara da sirayət etdi və beləliklə, “məzəli mahnılar” adıyla təqdim olunan duzlu, yumorlu nəğmələr efirə yol açdı:

 

“Özü yazın ilk çiçəyi,

Dodaqları gül ləçəyi,

Tay eləmə hər göyçəyi,

Göz-qaşından aman-aman!

Baxar ürək tel-tel olar,

Dəli könül bülbül olar,

Xoş sözündən daş gül olar,

Söz daşından aman-aman!”

 

lll

 

Həyat, ölüm, məhəbbət, varlıq fəlsəfəsi (fəlsəfə şairin son dövr yaradıcılığının əsas leytmotividir), siyasi lirika, vətəndaş patriotizmi... Rəngarəng mövzular və rəngarəng emosiyalar. Ustad Rəsul Rza gənc cığırdaşının şeirlərindəki bu emosional əlvanlığı yüksək dəyərləndirərək yazırdı: “Bu şeirləri oxuduqca insan hisslərinin qamma müxtəlifliyinin nəhayətsizliyi barədə düşünməyə bilmirsən.” (“Fikrət Qoca haqqında”- R. Rza, Seçilmiş əsərləri, beşinci cild) Bu sözlərin deyildiyi zamandan yarım əsr ötməsinə baxmayaraq, Fikrət Qoca poeziyası yenə də emosional təravətini, energetik gücünü saxlamaqdadır. Və bu gücün tükənməz mənbəyi tükənməz Sevgidir.

 

“Sevgi gözəl bəladı,

Bəlası mənə gəlsin.

Onsuz həyat zülmətdi,

Zülmətli günə gəlsin.

...Ən qədim dindi sevgi.

Bu dünya dinə gəlsin”.

 

 

Bəsti ƏLİBƏYLİ

 

525-ci qəzet.- 2010.- 31 iyul.- S.24.