Əsrin dahisi,
sənətin fədaisi
S.Bəhlulzadə
Azərbaycan incəsənət tarixində öz
yerini qazanmış fövqəladə
yaradıcılıq qabiliyyətinə malik
şəxsiyyətlərdəndir. Onun əsərləri
özündə milli və bəşəri
ənənələrin bütöv şəkildə
təcəssüm olunması ilə seçilir.
Ötən əsrin ortalarından musiqi
sahəsində Qara Qarayev,
rejissorluq sahəsində Mehdi
Məmmədov, ədəbiyyatda Rəsul Rza
yenilikçi, novator kimi qəbul olunursa, rəngkarlıq
sahəsində bu “titulun”
daşıyıcısı, şübhəsiz ki, Səttar Bəhlulzadədir.
S.Bəhlulzadə 15
dekabr 1909-cu ildə Bakının Əmircan kəndində-Abşeron
yarımadasında dünyaya göz açıb. Təbiidir
ki, balaca Səttarın yaşadığı mühit onun rəssamlıq
sənətini seçməsinə təsir etməyə bilməzdi.
Xəzərin çılpaq və şıltaq mənzərəsi,
coşqun dalğaların bir-birini əvəzləyən ritmi
(V.Mustafazadənin “Düşüncə” adlı
kompozisiyasının və S.Bəhlulzadənin əsərlərinin
insanda yaratdığı assosiasiya), Xəzərin qumlu sahili,
Abşeron bağları, Abşeron memarlığının sərt
və lakonik cizgiləri gələcəkdə rəssam Səttarın
yaradıcılığını təşkil edən əsərlərinin
ən populyar mövzusuna çevriləcəkdi.
O, 1927-1931-ci illərdə
Azərbaycan Rəssamlıq Məktəbində oxumuş, Ə.Əzimzadənin
təqdimatı ilə “Kommunist” qəzetində işləmişdi.
1933-1940-cı illərdə Surikov adına Moskva Dövlət
Rəssamlıq İnstitutunda təhsil almışdı.
V.Favorski, L.Bruni və Q.Şeqaldan dərs almışdır.
S.Bəhlulzadənin təhsil illəri – qürbət ölkə,
yad millətlərin nümayəndələri ilə
ünsiyyət onun yaradıcılıq yolunun müəyyənləşməsində,
həyat təcrübəsinin formalaşmasında müstəsna
rol oynamışdı.
Böyük Vətən
müharibəsi illərində S.Bəhlulzadə Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbində müəllimlik
etmişdi.
O, dövrlər
dünyada çox çətin proseslər baş verirdi. Müharibə
ölkəni iflic vəziyyətinə gətirmişdi.
Aclıq, səfalət, qorxu Səttargilin də ailəsində
ağır vəziyyət yaratmışdı. Ancaq,
bütün bunlara rəğmən xalqın əzmkarlıq
ruhu ölməmişdi. Həyatın bütün sahələrində
düşmən üzərində qələbə naminə
çox güclü şəkildə fəaliyyət göstərilirdi.
Bu mənada incəsənətin, o cümlədən də rəssamlığın
üzərinə böyük yük düşürdü.
Beləliklə S.Bəhlulzadə o zaman bir çoxları kimi
hansısa müasir hərbiçini, dövlət xadimini yox,
sırf xalqımızın keçmiş qəhrəmanlıq
ənənələrini, tarixi şəxsiyyətləri təsvir
etməklə həm özünün milli köklərə
sayğısını, həm də bu obrazlarla düşmənə
qalib gəlmək əzmini aşılayırdı. “Babək
üsyanı”, “Fətəli xan”, “Bəzz qalasının
müdafiəsi”, “Xəttat Mirəli Təbrizi” və s. əsərlərini
belə nümunələrdən saymaq olar. “Bəzz
qalasının müdafiəsi” adlı əsəri kolorit zənginliyi,
obrazların gözə çarpıcılığı
kompozisiyanın bitginliyi ilə diqqəti cəlb edir. Təəccüb
doğuran və diqqətçəkici məqamdır ki, rəssam
yaradıcılığının ilk dövrlərində
tarixi janra, gerçəkçi üsluba üstünlük
verib. Bunu tarixi şəraitin, dövrün hakim
qaydalarının təsiri kimi də izah etmək olar. Digər
tərəfdən yaradıcılığa yenicə
başlayan rəssamdan o vaxtlar başqa nə isə gözləmək
də düzgün deyildi.
S.Bəhlulzadə tezliklə bu
janrın ona uğur gətirməyəcəyini, rəssamın
yaradıcılıq dünyasının bədii estetik məziyyətlərinin
təzahüründə, bu janrın bədii
imkanlarının məhdudluğunu duyur və sadalanan cəhətlərin
açıqlanması istiqamətində işləmək
üçün və sonradan ona dünya şöhrəti
qazandıracaq mənzərə janrında ölməz əsərlərini
ərsəyə gətirir.
S.Bəhlulzadə bir rəssam
kimi özünü mənzərə janrında təsdiq
etmişdir. Hələ orta əsr Avropa incəsənətində
bu janr ciddi janr kimi qəbul olunmurdu. Biz Azərbaycan təsviri
sənətində müasir tipli ilk mənzərə
nümunələrinə Azərbaycan professional rəssamlıq
sənətinin banisi B.Kəngərlinin
yaradıcılığında rast gəlirik. Sənətkarın
hansı janrda, hansı üslubda işləməsindən
asılı olmayaraq, son nəticədə əsl sənət
əsəri yaradılacağı təqdirdə
tamaşaçı kütləsi tərəfindən müsbət
qarşılanacağı labüddür. Səttar öz
dövründə B.Kəngərli ənənələrinin
layiqli davamçısı olub. S.Bəhlulzadənin
yaradıcılığının 1950-ci illərin axırlarınadək
olan işləri –“Dənizkənarı bulvar”, “Xaçmaz
yolunda”, “Qudyalçay vadisi”, “Qudyalçay sahili”, “Qız bənövşəyə
gedən yol”, “Payız”, “Yaşıl xalı”,
“Bağlararası”, “Əmsar bağında”,
“Yuxarıdaşaltı”, “Çiçəklər” və s. əsərləridir.
Bu işlərdə hələ rəssam realistik ifadə vasitələrindən
uzaqlaşa bilməyib. Lakin, bu işlərin hər biri
müstəqil baxılır, diqqəti cəlb edir, insanı
düşündürür və sevilir. S.Bəhlulzadə təbiətin
vurğunu, sənətinin “dəlisi”, hisslərinin azad ifadəçisi,
düşüncələrini rənglərlə ifadə etməyi
bacaran rəssam-filosof olmuşdur. 50-ci illərdən sonra yəni,
60-cı illərdə artıq S.Bəhlulzadənin
axtarışlarla dolu yaradıcılığı yüksələn
xətlə inkişaf etmişdir. Bu dövrdə rəssam
artıq öz üslubunu, öz dəst-xəttini
yaratmışdır. Bu dövrdən etibarən rəssamın
əsərlərində kompozisiya, kolorit, işıq-kölgə,
perspektiva həlli tamamı ilə rəssamın daxili aləminin,
hisslərinin diktəsinə tabe etdirilmişdir. “Xəzər
üzərində axşam”(1959), “Xəzər gözəli”(1961),
“Torpağın arzusu”(1963), “Kəpəzin göz
yaşları”(1965), “Azərbaycan nağılı”(1970), “Corat
yemişləri”(1971), “Əfsanəvi torpaq”(1971),
“Naxçıvan dağları”(1973), “Naxçıvan”(1974),
“Axşamçağı Ordubad dağlarında”(1974) və s.
Rəssamın bütün əsərlərinin mövzusunu Azərbaycan
təbiəti təşkil edir. Meşələr, göllər,
dağlar, çaylar, çəmənliklər və Xəzər
dənizi görüntüyə gətirilən guşələrdir.
Rəssamın əsərlərinin
bir qismini isə Azərbaycan təbiətinin yetirdiyi nemətlər
təşkil edir. S.Bəhlulzadə real Azərbaycan təbiətini
təsvir edirdi. Konkret olaraq müşahidə etdiyi, gəzib-gördüyü,
təmas zamanı hiss edilən maddi materiyanı bədii
biçimdə kətanda yerləşdirirdi. Özü də
necə?! Hansı şəkildə?! Təbii ki, rəssam təxəyyülündən
süzərək (bədii obrazlar vasitəsilə),
özünəməxsus rəng effektləri yaratmaqla (kolorit,
işıq-kölgə vasitələri ilə). Çoxları
S.Bəhlulzadə yaradıcılığından söz
açarkən nədənsə Azərbaycan təbiətindən,
güldən, çiçəkdən və sair elementlərdən
danışmağa başlayırlar. Bu, Səttar
yaradıcılığının səciyyəvi xüsusiyyətləri
deyil. Rəssamın 60-cı illərdən sonra
yaratdığı hər hansı bir əsərinə
tamaşa etsək, orada real təbiət təsvirinə-materiyaya
rast gəlmək mümkünsüzdür. Çünki
mövzu hələ mahiyyət demək deyil. Düzdür rəssam
mövzu olaraq Azərbaycan təbiətini seçmişdir,
ancaq, mahiyyət etibarı ilə rəssamın
yaratdığı əsərlər Azərbaycan təbiətinin
zahiri mahiyyətindən qat-qat yüksəkdə dayanır.
Dünyaca ünlü rəssam V.Qoq bir müddət Fransada –
Arlda yaşayıb yaratmışdır. Elə rəssamın
yaradıcılığının çiçəklənməsi
bu dövrü əhatə edir. Ancaq buna baxmayaraq heç zaman
V.Qoqu “təbiət, gül-çiçək rəssamı”
adlandırmırlar. Ömründə bircə dəfə də
olsun Fransada, Arlda olmayan tamaşaçı çox
rahatlıqla rəssamın yaratdığı
duyğulandırıcı əsəri seyr edir, onu
özünə doğma sayır. Əgər azərbaycanlı
rəssamın əsərləri bu cür yüksək bədii
dəyərli olmasaydı, S.Bəhlulzadəni dünya səviyyəsində
qəbul etməzdilər. Onun YUNESKO səviyyəsində əsərlərinin
sərgisinin təşkil olunması, ötən ilin “Səttar
Bəhlulzadə ili” elan edilməsi onunla bağlı ən
yüksək dəyərləndirmənin göstəricisidir.
Çox təəssüflər olsun ki, vaxtı ilə bəzi
obyektiv və subyektiv səbəblərdən sənətkara
və onun yaradıcılığına düzgün qiymət
verilməyib. Bu tarixin acı reallığıdır ki,
50-60-cı illərdə S.Bəhlulzadə sənətkarlığı
ilə müqayisə olunmaz dərəcədə
aşağı səviyyəyə malik olan bir sənətkarın
yaradıcılığına münasibət ustad rəssamımıza
münasibətdən qat-qat yüksək olub. S.Bəhlulzadə
yaradıcılığı onun əsərlərinin o,
zamankı şöhrətinə, populyarlığına və
müasirliyinə layiq şəkildə geniş
tamaşaçı auditoriyalarına
çatdırılmayıb və sərgi salonlarında
nümayiş olunmayıb. Nə yaxşı ki, bütün
bunlara baxmayaraq sözün əsl mənasında rəssam
heç zaman ruhdan düşməmiş, gərgin
yaradıcılıq axtarışlarından
uzaqlaşmamış, yaradıcılıq ideallarını
süni maneələrə və ucuz şöhrət naminə
qurban verməmiş və əsərlərinin əhvali-ruhiyyəsində
tamaşaçısına bunu hiss etdirməmişdi. Lakin
ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü
və göstərişi ilə S.Bəhlulzadə
yaradıcılığı diqqət mərkəzində
saxlanılmış və bunun nəticəsi olaraq rəssama
Dövlət mükafatı verilmişdi. Ümummilli lider bu
barədə 1994-cü ildə S.Bəhlulzadənin 85 illik
yubiley gecəsindəki çıxışı zamanı
deyib: “Mən onu yaxşı tanıyırdım. 60-cı illərin
əvvəllərində Səttar Bəhlulzadə ilə
şəxsi münasibətim var idi və mən Azərbaycana
rəhbərlik edərkən onun sənətini sevdiyimə və
bir insan kimi ona hörmət etdiyimə görə bu
böyük rəssamla təmaslarım olmuşdur. O, qeyri-adi
bir insan idi...” Müstəqillik illərində ümummilli
liderimiz Heydər Əliyev və onun siyasi kursunun layiqli
davamçısı prezident İlham Əliyev sənətkarın
həyat və fəaliyyətinin təbliği məqsədi
ilə bir neçə sərəncam imzalayıblar.
Həm YUNESKO-nun qərarı,
həm də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamından
sonra S.Bəhlulzadə yaradıcılığının təbliği
istiqamətində sözün əsl mənasında təqdirəlayiq
addımlar atıldı. Bütün bu sadalananlar əslində
indiki nəslin onun xatirəsi və sənətkarlığı
qarşısında hesabatı kimi də qiymətləndirilə
bilər. Yubileylə bağlı keçirilən ən
müxtəlif tədbirlər-sənətkar haqqında
çəkilən film, təşkil olunan elmi konfranslar, sərgilər
və çap olunan kitab həm də bütün mənəvi
irsimizin ən layiqli daşıyıcılarından biri olan Səttar
Bəhlulzadə adlı sənət zirvəsinə
ehtiramımızın ifadəsidir. İnanırıq ki,
bundan sonra, biz bildik-bilmədik, qədim Əmircan kəndinə
bu kəndin adını ömründə eşitməyən
adamlar gələcək. Hələ sağlığında Səttar
Bəhlulzadə bu haqqa layiq olub. Bənzərsiz sənəti
ilə xalqına baş ucalığı, özünə isə
ölməzlik qazanıb...
Əsəd QULİYEV,
sənətşünas,
Rəssamlar İttifaqının üzvü
525-ci qəzet.- 2010.- 31 iyul.- S.22.