Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
(Əvvəli ötən
şənbə saylarımızda)
Buxara və Rusiya
Hələ moğol türklərindən
qabaq Rusiya Buxara ilə ticarət yolu ilə əlaqədə
idi. Lakin bu barədə tarixlərdə olan xəbərlər
çox azdır. Ancaq bu məlumdur ki, Pyotr Kəbirin atası
Aleks zamanında Buxaraya rus tərəfindən birinci dəfə
olaraq elçilər gönədirilibdir. Bu elçilərin
içində bir nəfər müsəlman dəxi
varmış, adı Məhəmməd Yusif Qasımov. Pyotr Kəbir
özü dəxi Buxara ilə ticarət etmək niyyətilə
oraya elçilər göndərdi. Buxarada Manğut
dövrü başlandıqda Rusiya ilə Buxaranın əlaqəsi
daha böyükləşməgə üz qoydu. 1820-də
Rusiya tərəfindən Buxaraya diplomasiya səfiri göndərildi.
O vəqtlər Buxara əmiri Nəsrullah xan idi. Nəsrullah
xan öz məmləkətini daha zəif saldı. Onun
oğlu Müzəffərədin xan zamanında isə Buxara
bilkülliyə öz istiqlanını itirib Rusiyanın təhti-himayəsinə
keçdi.
Müzəffər xan Xokand
ilə xüsumət etdigi zaman Rusiya onun toprağına daxil
olub Həzrəti-Türkistan, Çimkənd və Daşkənd
şəhərlərini aldı. Buxara əmiri tələb
etdi ki, ruslar işğal etdikləri yerdən
çıxsınlar. Özü də rus tacirlərinin
mallarını müsadirə etdirdi. Bu isə müharibəyə
səbəb oldu.
1866 sənə mayın
20-sində rus sərəskəri general Romanovski igirmi min
qoşun ilə Seyhun kənarında olan İrçarda Buxara
qoşununu basdı. Əmirin qoşunu qaçıb
dağıldı. Bu məğlubiyyət Buxara əhlinə
sui-təsir etdi. Əhali Əmirdən bərk incidi və onu
qorxaq və hətta xayin-deyə adlandırdılar. Ona binaən
əmir də özünü töhmətdən qurtarmaq
üçün müharibə dəvaminə məcbur oldu.
Bunun nəticəsi olaraq ruslar Buxaranın iki səngərini dəxi
aldılar. Bundan sonra Rusiyanın Türküstan general
qubernatoru Kaufman Əmir Buxaraya sülh təklif etdi. Lakin Əmir
özünə vəqt və fürsət bulmaq
üçün sülh işini uzadırdı və
özü də əlaltdan qoşun yığıb şəhri-səbzədə
olan Cavərbəyi cəngavər taifəsilə ittifaq
bağlıyırdı. Digər tərəfdən Buxara dəstələri
ruslar almış yerlərin üzərinə hücumlar edib
bir dəfə də rus qoşununun üstünə
tökülmüşdülər.
İş böylə olan
surətdə rus qoşununa əmr olundu ki, Səmərkənd
üstünə yerisin, müharibə başlanıb əmir
qoşunu təkrar basıldı. Ruslar Səmərkənd
şəhərini aldılar ki, bu dəfə imperator Aleksandr
Sani zamanında 1868-də vaqe buldu. Bundan sonra haman ildə
Zombulaq təpələri yandı. Əmir qəti surətdə
məğlub olub sülh təklif etdi. 1868-inci sənənin
23 iyununda sülh əqd olunub: Səmərqənd, Kütnə
Qurğan, Pəncəkənd və bir də İrğut bəylikləri
Rusiyaya keçdi. Bundan əlavə Əmiri-Buxara Rusiyaya
beş yüz min manat tənzimati- hərbiyə pulu verməgə
borclu oldu. Rus tacirlərinə izn verildi ki, Buxara
xanlığında sərbəst surətdə ticarət
etsinlər. Onların can və malları təmin edildi, hər
bir şəhərdə rus ticarət agentləri qoyulmağa
və tacirlərin də xanlığından keçib sair məmləkətə
keçmələrinə müsaidə verildi. Əmir bir də
borclu oldu ki, rus malından qiymətinin 1-2 prosenti qədər
gömrük pulu alınsın və bu təriqlə Buxara
xanlığı istiqlaliyyətini itirib Rusiyaya tabe oldu. Rusiya
dövləti də Buxara xanlığı şurişlərini
yatırtmaqda Əmirə kömək etməgi öhdəsinə
götürdü.
Filhəqiqə 1868-də rus
qoşunu Əmirin ricasına görə Kərş bəyligində
Əmirə qarşı üsyan etmiş olan
buxaralıları məğlub edib Kərş şəhərini
aldı və genə Əmirə verdi. Kərş əhli
Müzəffər xandan narazi olub onun böyük oğlunu təxtdə
oturtmaq istiyordular. Bundan əlavə o biri sənələrdə
nərədə əhali Əmirə qarşı üsyan
edib inqilab qovzamaq istədilərsə, rus qoşunu köməgə
gəlib Əmiri xilas edirdi. Müzəffər xandan sonra onun o
biri oğlu Seyid Abduləhəd xan Əmiri- Buxara oldu.
İndiki Buxara
xanlığının əhalisi iki milyona qədər olar.
Bu əhali cinsiyyət cəhətinə iki hissəyə
münqismdirlər, bir hissəsi türk nəslidir, o biri hissəsi
fars. Türklərin başçıları özbəklərdir
ki, hökumət də bunların əlindədir. Özbəklər
mütəəddindirlər, cəsarət və bəsalət
sahibidirlər. Türkmanlar, qırğızlar və sartlar dəxi
türklərdəndir. Sartların sənəti ticarət və
əkinçilikdir. Farsların içində də məşhurları
tacirlərdir. Bunların da sənəti ticarətdir. Bunlardan
başqa Buxarada xırda bir qədər yəhudi, əfqan,
iranlı, ərəb, qaraçı (cingənə), erməni,
hind və sairləri dəxi vardır. Buxaradakı əhali həmişə
bir-birlərilə xüsumətdə dolanırlar. Əhalinin
hamısı islam olub, bir yarısı sünni, digər
yarısı da şiədir. Və əhalinin bir qismi ticarət,
bir qismi də köçərilik ilə məişət
sürürlər.
Buxaranın ümdə şəhərləri
bunlardır: Buxara, Kərş, Şəhr, Kinab, Çəraçi,
Güzar, Fəragil, Ziyaləddin, Xatərçi, Heysar,
Şirabad, Kərmina və sairələri. Söz yoxdur ki,
Buxara xanlığında fabrika, zavod yoxdur. Hər nə
qayrılırsa, əl ilədir. Əvvəldən burada
çox ipək olardı. Amma o da getdikcə azalır. Yerdə
qalan bir pambıqdır ki, hər il milyon yarım pud hasil olub
yarısı Rusiyada satılır.
Rusiya ilə Buxara ticarəti
Kazanlinsk ilə Orenburğdan gedən karvan yolu ilədir. Amma
malın bir çox hissəsi Uzun Ada və Həştərxan
vasitəsilə Zakaspi dəmir yolu ilə gedir. Rusiyaya hər
il Buxaradan külli mal pambuq, ipək, dəri, palaslar 12 milyon
manatlıqdır. Rusiyadan oraya gedən mal manufaktur malı, qənd,
qab-qacaq və sairələri, 10 milyon manatlıqdır. Buxara
Kiyev, Kabil: Herat və Məşhəd yolları ilə
Hindistan ilə də ticarət edir. Hindistandan gələn
ingilis çiti, kiseyi-çay, şal, tiryək və sairə
beş milyon yarım manatlıq, Buxaradan Hindistan və Əfqanıstana
gedən ipək dəri, rus malı yarıca milyon manatlıqdır.
Bir də Buxara Məşhəd yolu ilə İran ilə də
ticarət edir. İrandan gələn mal yarım milyon,
İrana gedən mal isə 2 milyon manatlıqdır.
Buxaranın xarici ticarəti 32 milyon manat daxilindədir. Daxil
olan malın qiyməti də xaric olan malınkından milyon
yarım artıqdır.
Buxara
xanlığının içində yol çox azdır. Hər
nə varsa, o da araba yoludur. Buxaranın Ceyhun
çayındakı donanmasi: iki danə paraxod və iki danə
yük gəmisindən ibarətdir.
Buxara xanlığı
idareyi-müstəqilə tərzilə dolanır. Yəni məclisi-məbusan
filan yoxdur. Bütün xanlıq bir neçə bəyligə
bölünübdür. Başlar (qubernatorlar) məvacib
almayıb bəlkə özləri Əmirə vergi verirlər.
Əlbəttə, bu vergilər, bəglik xərci
hamısı əhalidən alınır. İllik büdcə
beş-altı milyondur.
Buxaranın bütün
qoşunu, atlı-piyadalı 15 min adamdan və 20 danə topdan
ibarətdir. Qoşun çaqmaqlı köhnə tüfənglər
ilə müsəlləhdir. Qoşunda intizam yoxdur. Buxara
xanlığının səngərləri palçıqdan
qurulmadır.
Buxara
xanlığının bütün mühakimə işləri
demək olar ki, Rusiya əlindədir.
Üzeyir
“Həqiqət” qəzeti, 19,
24 yanvar 1910, ¹ 14, 18.
BÖYÜK TƏHLÜKƏ İÇİNDƏYİK
Buxarada olan hadisəyi-əliməyi-mövsufənin
təfsilatını biz yazmadıq və yazmaq da istəmədik:
çünki, qarelərimizin könlünü xarab etmək,
yavaş-yavaş sağalan yaraların üstünü
açmaq və duz səpməgi rəva görmədik.
Yalnız bu xəbər ki-
“Buxarada sünni və şiə davası düşdü”-
kifayət idi: təfsilatına heç ehtiyac yoxdu.
Lakin bununla bərabər biz əhəmiyyət
verdigimiz nöqtə bu müqatilənin səbəbi və
baisi idi. Rus qəzetələri bu xüsusda
dürlü-dürlü səbəblər göstərib ən
ümdə səbəb Buxara hakimi Quşbəginin şiə
olduğunu və guya buna görə də sünni əhalisinə
xoş gəlmədigini yazıyordılar. Lakin əgər
filhəqiqə Quşbəginin şiəligi nəzərdə
tutulsa idi, əvvəldən onun hakim olmağına razı
olmazdılar. Və ona bu qədər zaman vəqt verməzdilər.
O halda, əcəba, bu bədbəxtligin səbəbi nə
ola?
Biz bu fikri və bu fikirdə
bizi təqib edərkən idarəmizə rəfiqimiz
“İdil” qəzetəsi gəldi. Bu qəzetəyi
açıb, Buxara müqatiləsi haqqında bir məqaləyə
təsadüf etdik ki, müqatilənin əsl səbəbini bəyan
ediyor. Məqalə bugünki nömrəmizdə “İslam mətbuatı”
sərlövhəli qitədə mündəricdir.
Məlum olur ki, Buxarada
düşən qırğın sünni və şiə
qırğını degilmiş! Bəs nə imiş??
Üsuli-cədid məktəbi üstündə bir dava
imiş ki, göz aldatmaq üçün adına şiə
və sünni qırğını deyibdirlər.
Anlaşıldığına
görə Buxara hakimi Quşbəgi tərəqqipərvər
bir zatdır. Bu zat əvvəllərdə darülfünun,
darülmüəllim adlanan Buxaranın indiki cəhalət və
zəlalətini görüb və iyirminci əsrdə
bütün kürreyi-ərzdə olan xəlqin həyati-cədidəyə
doğru üz çevirmələrini anlayıb, Buxaranı dəxi
cəngali-cəhalət və cahi-rəzalətdən qurtarmaq
üçün burada üsuli-cədid üzrə məktəblər
saldırmaq istiyormuş, bu barədə Əmiri-Buxaradan dəxi
izn almış imiş.
Lakin Buxaranın
başısarıqlıları bu işə razı olmazlar.
Biz bir dəfə üsuli-cədidi həram deyə fitva
vermişik, necə ola bilər ki, indi onun
halallığına riza verək. Halbu ki, riza versək, bizim
nüfuzumuz, şanımız, xəlq arasında itər-batar
deyibdirlər. Quşbəgi isə: öz məramını
yeritmək istiyormuş. Bu isə mollaları ona düşmən
edib, mollalar cəmaəti Quşbəgiyə qarşı
qızışdırmaq xəyalına
düşübdürlər və əllərində bir bəhanə
olmaq üzrə Quşbəginin şiə olduğunu vəsilə
tutubdurlar. Bilaxirə ortaya şiə və sünni
qırğını salıbdırlar.
İndi o şəxslər
ki, molla-molla deyib qoyun kimi hər başısarıqlının
dalına düşür, baxsınlar da, görsünlər. Əgər
gözləri varsa, fikir etsinlər ki, bir neçə nəfər
molla öz şan və nüfuzlarını cəmaət
arasında itirməmək və bununla cəmaətin
sorduqları qanından məhrum olmamaq üçün əvvəla
babi-tərəqqi və mədəniyyət olan üsuli-cədid
məktəblərinin tərtibinə razı olmuyorlar. Bundan
başqa öz inadlıqlarında davam etmək
üçün bütün aləmi-islamı qan dəryasına
çalxıyıb da məhv və müzməhil edə bilən
sünni-şiə qırğınını salırlar. Əcəba,
bu gunə mollalar-biz dini-islamın mühafiziyik dedikdə,
dini-islamı təhqir etmiyorlarmı-insaf edin, məgər
dini-islam tərəqqiyə manedir, məgər dini-islam
müsəlmanların cəhalət və rəzalət
içində yaşamaqlarını əmr edibdir. Məgər
dini-islam öz şiələrinin məhv və nabud
olmasını buyurur. Məgər dini-islam müsəlmanların
bir-birini qırmağına əmr və fitva verir?? Öylə
isə o cürə din yerli-dibli bizə lazım degildir!
Çünki, biz insanıq, heyvan degilik!
Xeyr, xeyr! Dini-islamda böylə
əmrlər ola bilməz. Dini-islam insanların nicat və səadəti
üçün nazil olubdur. Dini-islam cümlə müsəlmanlar
qardaşdır- buyurubdur. Cümlə müslüm və
müsliməyə elm vacibdir-buyurubdur. Çində də
olsa, elmin dalınca gediniz-buyurubdur. Yoxsa müsəlmanları
cəhalət və rəzalətə salanlar, qardaşı
qardaşa qırdıranlar isə imam və pişrovlar məsnədini
qəsb edən cahil, tamahkar, mühil və fitnəkar
sarıqlılardır! İştə haman sarıqlılar
bütün islam məmləkətlərini xar, zəlil və
zəbun etdikləri meydanda: bu gün qardaşı-qardaşa
qırdırdıqları meydanda. Əlhəq bunu görmək
üzrədir. Görüb də islamın nə böyük
bir təhlükə içində olduğunu mülahizəyə
almaq lazımdır-vəssəlam!
Üzeyir
“Həqiqət” qəzeti, 28 yanvar 1910,
¹ 22
məsnəd-mənsəb,
taxt
mühil-hiyləgər
əlhəqq-həqiqətən
Felyeton
Tarixi məlumat
Keçən səfər məlumati-tarixiyyəmizi Asiyanın bir dövləti
tarixindən başladıq ki, cəhalət və avamlıq
sayəsində öz şövkət və əzəmətini
itirib axırda özgənin təhti-himayəsinə
sığılıbdır. Bu səfər isə genə
Asiyanın başqa bir dövləti tarixini yazırıq ki,
bu dövlət əvvəldə cahil, ufaq və zəif bir
dövlət olmuşkən bədə elm və mədəniyyət
sayəsində əzəmətli və qüvvətli bir
dövlət olubdur. Bu dövlət Yaponiya dövlətidir.
Yaponiyanın müxtəsər tarixi
Yaponiyanın ən qədim
tarixi öz qədim kitablarında yazılıbsa da, amma hələ
hamısı bir yerə yığılmıyıbdır.
Ancaq bu yaxın zamanlarda Yaponiya alimləri Avropa üləması
kimi öz qədim tarixlərinə mənsub olan hər bir nəql,
hekayət və rəvayətləri yığıb, qədim
tarixlərini yazmaq istiyorlar. Zənn edilir ki, bu tarix
üç yüz cilddən əmələ gələcəkdir.
Və hər bir cilddə də min səhifə olacaqdır.
Haman kitablarda
yazılmış olan qədim tarix zatən mifolojiyadan ibarətdir.
Mifolojiya o hekayətlərə deyirlər ki, məzmunu xəyalatdır,
vaqedə olan şey degildir. Lakin yapon qədim raviləri bu xəyalatdan
ibarət olan rəvayətlərin axırını öz
tarixlərinə mülhəq edirlər.
Haman rəvayətlər bu
növ yazılıbdır:
Ən əvvəldə
bütün aləm, bütün kövnü məkan
qatma-qarışıq bir şey idi. Lakin bədə buraya
Allahlar gəldikdən sonra aləm qaidəyə
düşdü. Və Allahlardan ruhlar selləri əmələ
gəldi. Bu ruhların səyi sayəsində yeri və
göyü bir-birindən ayırmaq mümkün oldu. Bədə
ənasiri-ərbəə də əmələ gəldi.
Allahlar nəslinin ən axırıncısı bir qardaş
ilə bacı idi. Qardaş hava Allahı olub adı İz Ənain
idi, bacı isə dəniz ləpəsi (mövci) Allahı
olub adı da İz Ənami idi. İz Ənain- (qədim
yunanların “Orfey” adlı Allahı)-bir gün yer
altındakı aləmə səfər edir ki, orada
özünə arvad tapsın. Arvad tapılır və bu
dünyayə gəlməgə razı olur. Amma izn istiyor ki,
qayıdıb öz Allahları ilə məsləhətləşsin.
Hövsələsiz İz Ənain səbr edə bilmiyib yer
altındakı aləmin lap içinə girir. Lakin orada
palçığa rast gəlir. Bu palçıq üzərində
də səkkiz nəfər göy gurultusu Allahı
varmış. Palçığa batmış İz Ənain
tez oradan çıxıb yerə gəlir və burada Yaponiya
yanındakı dənizdə çimir ki, özünü təmizləsin.
Bu soyunduqca bunun əzalarında və bədənində sair
Allahlar törəyirlər. Böylə ki, bunun sol
gözündən gün Allahı (Amatrasu), sağ
gözündən ay Allahı və burnundan da dəniz
Allahı olan (Susa-Nu-O) törəyirlər. İz Ənain isə
bütün yeri bu üç Allahın arasında
böldü. Lakin Amatrasu ilə Susa–Nu-O arasında
böyük ixtilaf əmələ gəldi. Susa-Nu-O öz
bacısı Amatrasu ilə ləc düşdükdən sonra
bacısı yerdə hər nə əmələ gətirdisə,
Susa-Nu-O vurub darbadağın elədi. Gün Allahı Amatrasu
qardaşının böylə hərəkətlərindən
bərk inciyib küsdü və getdi bir kahada gizləndi. O
biri Allahlar əhvaldan xəbərdar olub gəldilər və
Amatrasunu bir çox nəsihətdən sonra kahadan
çıxarda bildilər və Amatrasunu qovdular.
Bədə nəqlin
burası çox qat-qarışıqdır.
Rəvayətlərdən
böylə anlaşılır ki, guya axırda Amatrasu öz
oğlu olan Osi-Xumi-Nu Miqutunu yerə göndərir ki, orada
nizam və qaidə qoysun. Bundan sonra nəql Allahlardan
qurtarıb padşahlara keçir. Böylə
Usu-Xumi-Bu-Miqutonun nəvəsi Kamu-Yamato-İvaro-Biqu
Yaponiyanın birinci padşahı hesab olunur. Bunun ləqəbi
Dzyomimo-Tənnino olur. Bu gündən etibarən Yamato cəzirəsi
Yaponiyanın mərkəzi olur. Dzyomimodan başlamış ta
Qudzilski padşaha qədər yüz il keçir. Bədə
Yaponiyanın padşahı Sudzina olur. Bunun dövründə
yaponlar quldurlar ilə böyük dava edib indiki Yaponiyanın
şərq və qərb hissələri təsxir olunur. Sonra
gələn padşah Kiyo Sio cəzirəsində olmağa
başlıyor. Bu padşahın arvadı Dizniqo eşidir ki,
Koreya adlı bir məmləkət vardır. Bunu ərinə
xəbər verir. Lakin əri bu sözə inanmıyor. Ona
görə cəza edilib ölür. Dizniqo isə əyanlar
ilə məşvərət edib ayini-ruhani icra qılırlar
və gəmilərə minib qoşun ilə Koreyaya gedir.
Oranı təsxir edir. Bu vəqəə tarixi miladinin 200-nci sənəsində
vaqe olur. Koreyadan qayıtdıqdan sonra Dizniqo Bamato cəzirəsi
üzərinə gedib və oranın hakimlərini
özünə tabe qılır. Bundan sonra yenə Yamato mərkəz
olur.
Bu əhvalatlar dəxi bir
çox qatmaqarışıq nəqllər ilə doludur. Ona
görə Yaponiyanın səhih tarixini burada Budda məzhəbi
nəşrindən sonra hesab etmək olar.
Budda məzhəbi
üçüncü qərineyi-miladidə Çin tərəfindən
Yaponiyaya keçibdir. Çin misyonerləri bu məzhəblə
bərabər Çin mədəniyyətini dəxi burada nəşrə
başladılar. Bu isə vəhşi halda olan yaponlara
yaxşı təsir etdi. Bu vəqtdən bəri
Yaponiyanın tərzi-idarəsi də düzəlməgə
başladı. O zaman yaponların paytaxtı Kioto şəhəri
oldu. Yaponiyanın sair yerlərində isə “xarici”lər
olurmuşlar ki, onlar ilə bunların arasında böyük
davalar əmələ gəlirmiş. Padşah özü də
davaya gedirmiş və öz tərəfindən bir adam təyin
edirmiş. Böyük-böyük məsələləri həll
edən də padşah özü olarmış. Yaponlar padşaha
Mikado deyirlərmiş. Lakin burada Çin mədəniyyəti
nəşr edildikdən sonra yavaş-yavaş vəkil-vüzəra
əmələ gəlib bütün idareyi-dövlət Syequn
deyilən baş vəzir, baş sərəskər öhdəsinə
verilir. Mikado özü isə işdən əl çəkib
kənarda rahət yaşıyor. Bu isə ittifaqlarda
olurmuş ki, padşahlar qocaldıqda təxt və tacdan bilmərrə
əl çəkib ibadətlə məşğul
olarmışlar.
* * *
Çin mədəniyyəti
sayəsində padşahların saraylarında cəlal,
şövkət və rəsmiyyət artdı. Sənayei-nəfisədən
ədəbiyyat tərəqqiyə başladı. Xaricilər
ilə olunan davalar isə getdikcə artırdı. Ona binaən
Yaponiyada əskəri bir sinif əmələ gəlməgə
başladı və bu sinif getdikcə hörmət sahibi oldu.
Mikadolar işdən əl çəkdikləri zaman sərəskərlərin
nüfuzu artardı. Bu vəqtlərdə Yaponiyada Fudər-Bəvara
familyası kəsbi-qüvvət edib padşah ilə də
qövm və əqrabalıq əqdi bağladı. Bu famil
yavaş-yavaş bütün hökuməti ələ
alıb 67-dən 1050-yə qədər məmləkəti
dolandırdı. Lakin bu nəslin bu qədər zaman hakimiyyəti
ələ alması Yaponiyanın əskər sinfinə
xoş gəlmədi, narazılıq peyda oldu.
Onuncu qərndə bu sinif
içindən Məzaira və Mitayuto adlı iki nəsl əmələ
gəlib hökumət və idarə işlərini Fudzyura nəsli
əlindən almağa şüru etdilər. 11-ci qərndə
bu nəslə tamam qalib gəldilər. Lakin bədə
hökumət işlərini ələ almaq üstündə
öz-özlərində münaziə başladı. Bu
münaziə axırda müharibəyə mübəddəl
oldu. Əvvəl dəfə Naabira nəsli müzəffər
çıxdı. Bu nəslin başçısı olan
Kiyomuri öz məqsədini ələ gətirmək
üçün heç bir şeydən çəkinmiyib
Minamuno nəslinin bütün başçılarını
qırdırdı. Kiyomuri hökumətin ən ali əyanından
olub böyük ehtiram qazandı və qızını
imperatora verdi. Fəqət 1181-də Kiyomuri öldü. Bunun vəfatından
sonra Minamuto nəsli baş qaldırıb genə Taira nəsli
ilə dava başladı və 1185-nci sənədə Taira nəslinə
bir zərbə vurdu ki, daha onlarda baş qovzamaq məcalı
qalmadı. O halda Minamuto nəslinin başçısı olan
İvritumo hökumət işlərini öz əlinə
saldı və padşah tərəfindən ona Syequnluq mənsəbi
verildi.
Bu zamandan etibarən, yəni
1190-dan 1878-ə kimi bütün məmləkəti
dolandıranlar Syequnlar oldu. Mikado padşah özü isə
gün Allahının nəsli hesab olduğuna görə əlini
daha ağdan-qaraya vurmuyub ömrünü tənhalıqda
keçirirdi. Xəlq də onların ancaq adına itaət
edirdilər, hərçəndi Syequnlar Mikadonun
padşahlıq haqqına heç bir vəqt təcavüz etmədilər.
Amma hər halda səy edirdilər ki, Mikado da bunların
ixtiyaratını ala da bilməsin. Mikadolar həmişə
Kioto şəhərində sakin olub heç bir yerə tərpənməzdilər.
Onları xidmətçilərdən başqa görən
olmazdı. Syequnluq mənsəbi də atadan oğula
keçirdi. Ona görə Syequn nəsli əmələ gəldi.
Birinci Syequn fövqəlzikr İvritumo şəhərlərdən
Qanfurani özünə məqərr seçdi və
Yaponiyanın sərhəddini şimala tərəf bir xeyli
uzatdı. 1219-nci sənədə Mitamuto nəsli qət oldu.
Syequnluq mənsəbi bu səfər də qədimki Fudzyura nəslinə
keçdi. Lakin əsil hökumət Hudzu nəsli əlində
qaldı. Bunlar naiblik ləqəbi ilə bütün qoşun
sərkərdəsi oldular və 1255-dən 1333-ə qədər
hökmran oldular.
Bu dövrdə Yaponiyada
calibi-diqqət bir vaqeə oldu. O vaqeə Moğollar
hücumunun dəfi idi. Moğol padşahlarından məşhuru
olan Xubilay Çin və Koreya dövlətlərini təsxir
etdikdən sonra Yaponiyanı dəxi təhti-təsrüfə
almaq istədi. Əvvəlcə bir-iki dəfə oraya
elçilər göndərildi. Lakin bir müvəffəqiyyət
hasil olmadı, bilaxirə 1274 sənədə Susima və Oki
cəzirələri üzərinə hücum olundu. Lakin bu
hücumlar yaponlar tərəfindən dəf edildi. O halda
Xubilay padşah yüz min nəfərdən ibarət
böyük bir qoşun düzəldib Yaponiyanın üzərinə
göndərdi. Lakin qoşun gedib Kio-Siyo cəzirəsinə
düşdükdən sonra dəryada böyük bir
fırtına əmələ gəlib Moğolların
dönməsi zamanı qərq və məhv oldu. Cəzirəyə
düşmüş qoşun isə məmləkətlərindən
üzülmüş qalıb yaponlar tərəfindən
öldürüldülər. Onlardan ancaq üç nəfəri
bir növ ilə xilas olub özlərini Çin məmləkətinə
yetirdilər və əhvalatı Xubilayə xəbər verdilər.
Bu vəqtdən etibarən
Yaponiyaya xaricdən hücum edənlər olmadı. 140 il ərzində
aram və asayiş ilə yaşayan Yaponiya 1331 sənədə
Xudzu hökuməti inqrazına bir qədər qalmış
genə tazədən şuluqluğa üz qoydu. Böylə
ki, padşah nəslinin iki şaxəsi arasında tac və təxt
üstündə qovğa və münazeə qalxdı, bir tərəfin
adına Xuquçu-yəni “Şimali saray” və o biri tərəfin
də adına Nançu-yəni “Cənubi saray” deyildi. Bu
münazeə və mübarizədə bütün yapon xəlqi
bir-birinə qarışıb məmləkət hərc-mərc
oldu. Axırda 1392-nci sənədə “Şimal saray”ı qalib
gəlib hərc-mərcə yenə xitam qoyuldu. “Şimal
saray”nı müdafiə edən qüvvət və
şövkətə malik olan Asiqağa nəsli idi. O idi ki,
Syequnluq mənsəbi də bu nəslə keçib 1573-nci sənəyə
qədər dəvam etdi. Asiqağa nəslinin “Syequn”ları
Yaponiyada sənayei-nəfisənin (yəni ədəbiyyat, rəssamlıq,
nəqqaşlıq və musiqi) tərəqqisi yolunda çox
çalışıyorlardı. Zəmanənin böyük
şair, rəssam və nəqqaşları üçün
“Syequn”ların-bir mərkəzi olmuşdu ki, buraya cəm
olardılar.
Lakin bir qədərdən
sonra burada əxlaq pozğunluğu nəşvü-nüma
edib “Syequn”ların nüfuzları azalmağa üz qoydu. Qəbilə
başçıları itaətdən çıxdılar.
Buna görə Yaponiya tazədən hərc-mərc oldu. Qəbilələr
arasında davalar başlayıb məmləkəti istaətdən
saldı. Bundan əlavə avropalılardan Portəgiz əhalisinin
adamları 1542-nci sənəsində gəlib Yaponiyanı kəşf
etdilər. Yaponiyaya İspaniya və Portəgiz misyonerləri
gəlib aranı daha da qarışdırdılar. Bilaxirə
on altıncı əsrin yarısında yaponlardan biri-birinin
ardınca üç nəfər müqtədir adamlar meydanə
zühur edib öz vətənlərini hərc-mərc və
inqrazdan xilas edə bildilər. Bunların biri Utanabunaza, digəri
isə “müstəşari kəbir” və yaponca Tanqu ləqəbini
almış Tayqo- Xido-Yuos, üçüncü də İyə-
Nasu-idilər.
Bunların birincisi məşhur
sərkərdə olub Yaponiya hökumətini bir adamın əlində
saxlamağa təşəbbüs etdi.
Bədə ikinci zat general
Xido-İyos öz sələfinin fikrini gözəl surətdə
yürütdü. Bu zatə yapon Napalyonu diyorlar. Mumiileyhə
Tuqoğava nəslindən fövqəlzikr İyə-Nasuni də
özünə köməkçi seçdi. Bu isə Eddo
şəhərini özünə qərərgah təyin
etdi. Xido-İyosnin məşhur işlərindən biri də
odur ki, 1592 sənədə Koreya üzərinə qoşun
göndərdi. Amma müvəffəqiyyətə nail ola bilmədi!
Çünki, koreyalılara Çin tərəfindən
kömək gəldi. O halda Xido-İyos Çinə
qarşı silahcu vermək istədi. Lakin 1598 sənədəki
vəfatı bu işi yarımçıq qoydu.
Xido- İyosdan sonra onun sərkərdəlik
yerini İye-Nasu tutdu və 1603-nci sənədə “Syequn”luq mənsəbinə
keçdi. Bu zamandan etibarən Tuqoğava nəslinin
“Syequn”luğu başlıyıb iki əsr yarım Yaponiyada
davam etdi. Ta o vəqtə qədər ki, Yaponiyada “Syequn”luq mənsəbi
bilmərrə fəsx və ləğv edildi.
İyə-Nasu sərkərdə
və sərəskərlik məharətindən başqa
diplomatiya qabiliyyətinə dəxi malik idi. Özü də
yaxşı hakim və adminstrator idi. Yaponiyanın hərc-mərci
əsnasında ayrılan müstəqil surətdə
hökmran xan və bəgləri kəmali-məharət ilə
hökuməti-mərkəziyyəyə tabe edə bildi.
Mühüm və məsuliyyətli qulluqları və mənsəbləri
öz qövm və əqrabasından ən sadiq adamlara
tapşırdı və bu yol ilə öz-özünü də
möhkəmlətdi.
Üzeyir HACIBƏYLİ
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2010.- 31 iyul.- S.20.